Mövzu: 13. NƏQLİyyat logiSTİkasi plan: logiSTİkanin nəQLİyyata təSİRİ NƏQLİyyat nöVLƏRİNİn təSNİfati



Yüklə 498,83 Kb.
səhifə1/3
tarix01.02.2018
ölçüsü498,83 Kb.
#22982
  1   2   3

Mövzu: 13. NƏQLİYYAT LOGİSTİKASI
Plan:

1.LOGİSTİKANIN NƏQLİYYATA TƏSİRİ

2.NƏQLİYYAT NÖVLƏRİNİN TƏSNİFATI

3.MƏHSULGÖNDƏRMƏNİN BAZİS ŞƏRTLƏRİ

4.LOGİSTİK SİSTEMLƏRDƏ NƏQLİYYAT TARİFLƏRİ
1.LOGİSTİKANIN NƏQLİYYATA TƏSİRİ

milli iqtisadiyyatın və ictimai istehsalın müstəqil sahəsi olub sərnişinlərin və logistik yüklərin daşınmasını həyata keçirir.



Nəqliyyat ictimai istehsal prosesinin davamı olaraq məhsulları istehsal yerlərindən son təyinat məntəqələrinə çatdırmaqla məhsulların dəyərinin formalaşmasında bilavasitə iştirak edir. O, məhsulların istehsalı prosesini davam etdirir və onu tədavül prosesi çərçivəsində başa çatdırır. Deməli, nəqliyyat, cəmiyyətin maddi - texniki bazasının mühüm tərkib hissəsi və ən mühüm maddi istehsal sahələrindən biri olub maddi xidmətlər göstərməklə məşğuldur.

Bununla belə nəqliyyat bir sıra xüsusiyyətləri ilə başqa maddi istehsal sahələrindən fərqlənir. Əvvəla, nəqliyyatdan istifadə prosesində yeni məhsul yaranmır, nəqletmə prosesində məhsulun xassə və formasında heç bir dəyişiklik (normal şəraitdə) baş vermir. İctimai istehsalın strukturuna görə nəqliyyat istehsal sferasına aid edilir:







Şəkil 13.1. İctimai istehsalın strukturunda nəqliyyatın yeri
Material axınlarının ilkin yaranma mənbəyindən son istehlak yerlərinə qədər hərəkəti zamanı logistik əməliyyatların böyük əksər hissəsi məhz müxtəlif nəqliyyat növlərinin iştirakı ilə həyata keçirilir. Bu baxımdan nəqliyyat logistikanın funksional sahələri arasında əlaqələndirici rol oynayır.

Sərt dövlət tənzimlənməsindən qeyri - tarif tənzimlənməsinə keçid 1970 – ci illərin sonlarından başlandı. Bu sahədə əsaslı keyfiyyət dəyişiklikləri ABŞ – da xüsusi müşahidə olundu. Əvvəlcə 1977 - ci ildə hava nəqliyyatı, 1980 – ci ildə avtomobil və dəmir yolu nəqliyyatı və nəhayət 1984 – cü ildə isə su nəqliyyatı qeyri - tarif tənzimlənməsinə keçdi. Qəbul edilən qanunlar və normativ hüquqi sənədlərdə bütün növ nəqliyyat vasitələri üzrə yeni kompaniyaların yaradılması şərtləri nəzərdə tutuldu. Təbii ki, bu nəqliyyat şirkətləri təklif etdikləri xidmət növlərinə bazar tələbindən asılı olaraq müstəqil formada tariflər müəyyənləşdirdilər. Bundan başqa hava nəqliyyatında aviasiya ekspeditor agentlərinə xüsusi mülkiyyətçi kimi hava gəmiləri saxlamaq və onu istismar etmək hüququ verildi. Avtomobil nəqliyyatı agentləri üçün ümumi istifadədə olan nəqliyyat şirkətlərilə birgə iş birliyi qurmaq, onlarla müştərək fəaliyyət göstərmək imkanları yarandı. Ekspeditor agentləri və nəqliyyat şirkətlərinin xarici ticarət sahəsində ixtisaslaşmış firmalarla birgə müəssisələr yaratmaq üçün fəaliyyət imkanları genişləndi. Yaponiyada nəqliyyat sferasında rəqabəti daha da gücləndirmək məqsədilə dəmir yolunun tam formada özəlləşdirilməsi həyata keçirildi. Böyük Britaniyada həm ayrı-ayrı nomenk­laturalar, həm də qurşaqlar üzrə məhsuldaşımalarını yerinə yetirən avtomobil­lərdən istifadəni məhdudlaşdıran lisenziyalar ləğv edildi.

Respublikamızın malik olduğu nəqliyyat parkı, nəqliyyat təsərrüfatı sahəsində ləng olsa da bazar iqtisadiyyatının tələblərindən irəli gələn islahatlar aparılır və bu sahədə yerinə yetirilən işlər beynəlxalq təcrübədəki mütərəqqi meyllərə uyğunlaşdırılır.

Müasir iqtisadi şəraitdə nəqliyyat xidmətləri təkcə məhsulların istehsalçılardan (məhsulgöndərən-lərdən) istehlakçılara zəruri kəmiyyətdə və vaxtda daşınmasını deyil, eyni zamanda çoxlu sayda ekspeditor, informasiya və transsaksiyon əməliyyatların yerinə yetirilməsini, yüklərin emalı üzrə xidmətlərin göstərilməsini, sığorta əməliyyatlarının aparılmasını və yüklərin nəqletmə zamanı mühafizə olunmasını da nəzərdə tutur.

M
əhsulların bölüşdürülməsi prosesində iştirak edən nəqliyyat müəssisələri və firmaları nəqletmə prosesinə çəkilən vaxtın azaldılmasını və servis xidmətinin səviyyəsinin yüksəldilməsini strateji məqsəd seçirlər. Bu hər şeydən əvvəl istehlakçılara ənənəvi olmayan nəqliyyat xidmətinin göstərilməsi üçün onları qabaqlamaq və ya onlara tərəf getmək deməkdir. Belə bir hal konkret olaraq kommunikasiya və informasiya texnologiyaları sahəsində yeni nailiyyətlərin geniş miqyasda istifadə olunmasında təzahür edir. Buna görə də bazar iqtisadiyyatı şəraitində logistik sistemlərin tələbləri baxımından nəqliyyat firmaları və müəssisələri özlərinin yeni strategiyalarını işləyib hazırlamalıdırlar. Buna nümunə olaraq şəkil 10.3-də verilən strategiyanı göstərmək olar.
Şəkil13.2. Nəqliyyat xidmətinin yeni strateci komponentləri
Strategiyanın işlənib hazırlanması zamanı əsas diqqət əlavə və qeyri - ənənəvi xidmətlərin göstərilməsinə yönəldilir. Kommunikasiya və informasiya texnologiyaları sahəsində nəqliyyat firmalarının yeni strategiyası yeni sifarişlərin meydana gəlməsinə, yorucu və təkrarlanan işlərin aradan qaldırılmasına, yeni sənəd dövriyyəsinin gündəlik praktikada tətbiqinə, uçot məlumatlarının düzgün yığılmaması və təhlili ilə əlaqədar səhvlərin ləğv edilməsinə imkan yaradır.

Son nəticədə nəqliyyat firmalarının strategiyasında sadalanan bu iki yeni istiqamət göstərilən xidmətlərdən istifadə edən firma və şirkətlərin bütün istehsal – satış fəaliyyətinin iqtisadi səmərəliliyinin yüksəldilməsinə obyektiv şərait formalaşdırır.

Mövcud vəziyyətə uyğun olaraq nəqliyyat xidməti üzrə strategiyanın işlənməsi və hər bir nəqliyyat növünün yerinə yetirdiyi işlərin iqtisadi səmərəliliyini müəyyənləşdirmək üçün yük vahidlərini ilkin mənbədən son təyinat məntəqəsinə qədər daşınmasını həyata keçirən hər bir nəqliyyat növünün spesifik xüsusiyyətlərinə (məsələn, bir dəmir yolu stansiyasından digərinə, limandan limana, terminaldan terminala və s.) xüsusi diqqət yönəldilməlidir.

Beləliklə, nəqliyyatın logistikada rolu təkcə ümumlogistik xərclərin tərkibində nəqliyyat xərclərinin xüsusi çəkisinin yüksək olması ilə deyil, ən başlıcası logistikanın bu alt sistemindən istifadə etmədən beynəlxalq əmək bölgüsünün mövcud olduğu indiki şəraitdə material axınlarının hərəkətini təşkil etməyin qeyri - mümkünlüyü ilə müəyyənləşir. Təsadüfi deyil ki, əksər qərb nəqliyyat - ekspedisiya firmaları özlərini logistik firmalar adlandırılar.

Logistik yük vahidlərinin daşınmasında nəqliyyatın rolu çox böyük olduğundan açar xarakterli kompleks logis­tik aktivliyə aid edilən məsələlərin əhatə dairəsi nəqliyyat logistikasının öyrənilməsini daha da aktuallaşdırır.

Logistik sistemin təsnifatına görə daxili (istehsaldaxili, texnoloji) və xarici (təchizat – satışla bağlı logistik kanallarda) nəqletməni fərqləndirirlər.

Firmanın idarəetmə aparatı yük axınlarının nəqli ilə əlaqədar proseslərə logistik metod və prinsiplərin tətbiq edilməsi haqqında qərarlar qəbul edən zaman ilk növbədə firmanın nəqliyyat «şəbəkəsini» yaratmaq zəruriyyəti ilə qarşılaşır.

Praktika göstərir ki, bütün çətinliklərə baxmayaraq logistik təfəkkür inkişaf etdikcə logistik metod və prinsiplərin material axınlarının nəql edilməsi prosesinə tətbiqi daha da intensiv xarakter alır. Bu isə öz növbəsində:



  • yük axınlarının nəqliyyat vasitələri ilə hərəkəti haqqında operativ informasiyaları qəbul və emal edən elektron hesablama maşınlarının (EHM ) lokal şəbəkələrindən istifadəni;

  • material qiymətlilərinin analitik və sintetik uçotunun aparılması üçün mühasibat uçotunda yeni metodların tətbiqini;

  • qəbul olunan optimal qərarların keyfiyyətinin yüksəldilməsi üzrə tədbirlər paketinin işlənib hazırlanmasını;

  • nəqliyyat yük axınları və onların fəaliyyət prosesinə uyğun gələn çoxlu sayda informasiya axınlarının yaradılmasını nəzərdə tutur.

Yüklərin nəql edilməsilə əlaqədar olan iqtisadi proseslərə logistikanın tətbiqi nəticəsində əldə olunan bu pozitiv irəliləyişlər son illərdə respub­likamızda bazar iqtisadiyyatının tələbləri baxımından aparılan əsaslı struktur siyasəti ilə möhkəmlənir. Nəqliyyat logistikası sahəsində bu o demək­dir ki, bazar iqtisadi təfəkkürünə sahib olmaq, özlərinin fəaliyyət strategi­yalarını məhz bu istiqamətdə qurmaq, logistik sistemlərin üstünlük­lərindən praktiki baxımdan bəhrələnmək ixtisaslaşmış nəqliyyat müəssisələri və departamentləri üçün olduqca çətindir. Təbii ki, bu da ətalətli nəqliyyat müəssisələrinin təsərrüfat fəaliyyətində neqativ hallar yaradır, yəni yük vahidlərinin daşınması üçün çevik nəqliyyat parkına malik olmaq, istehlakçı sifarişlərini vaxtında qəbul etmək və onun dolğun ödənilməsi üçün işgüzar səylərin göstərilməsini tələb edir.

Beləliklə, firmaların logistik menecerləri səviyyəsində material resurslarının nəql edilməsi prosesinin idarə edilməsi bir sıra mərhələlərdən ibarətdir:



  • nəqletmə metodları və ya üsullarının seçilməsi;

  • nəqliyyat növlərinin seçilməsi;

  • nəqliyyat vasitəsinin seçilməsi;

  • nəqletmə üzrə logistik tərəfdaşların və yükdaşıyanların seçilməsi;

  • nəqletmə prosesini xarakterizə edən parametrlərin optimallaşdırıl­ması.


2. NƏQLİYYAT NÖVLƏRİNİN TƏSNİFATI

Logistik yük vahidlərinin daşınmasında istifadə olunan nəqliyyat vasitələri bir sıra əlamətlərə: təyinatı, növləri, əhatə və miqyasına görə qruplaşdırılır.

Növlərinə görə nəqliyyat əsasən aşağıdakılara bölünür:


  • dəmir yolu;

  • dəniz;

  • avtomobil;

  • hava;

  • su;

  • boru kəmər.

Sadalanan bu nəqliyyat növlərinin hər biri özünün yaranma və inkişaf tarixi, tətbiq miqyası və logistik yük vahidlərinin daşınması üzrə texnologiyaya malikdir.

Müxtəlif nəqliyyat növləri nəqliyyat kompleksini təşkil edir. Azərbaycan Respublikasının nəqliyyat kompleksi bütün növ nəqliyyat vasitələrində daşıma, nəqletmə və nəqliyyat-ekspedisiya fəaliyyətini həyata keçirən, avtomobil və dəmir yolları, eləcə də onlara xidmət edən qurğuların layihələşdirilməsi, tikilməsi, təmiri və saxlanması ilə məşğul olan; boru kəməri və su nəqliyyatı üzrə hidrotexniki qurğulara xidmət göstərilməsi ilə əlaqədar işləri yerinə yetirən; nəqliyyat vasitələri istehsal edən, nəqliyyat müəssisələri sistemində ilkin və peşəkar kadrlar hazırlayan və elmi – tədqiqat işləri aparan, habelə nəqliyyat prosesi ilə bağlı sair işlərin yerinə yetirilməsini təşkil edən sahibkarlardan - bu ərazidə qeydiyyata alınmış, fiziki və hüquqi şəxslərdən ibarətdir.

Bundan başqa iqtisadiyyatda nəqliyyat sektoru anlayışından da istifadə olunur. Respublika Statistika Komitəsinin müəyyən etdiyi təsnifat əlamətinə uyğun olaraq nəqliyyat sektoru adı altında - mülkiyyət və təşkilati – hüquqi formasından asılı olmayaraq əsas fəaliyyət növü nəqliyyat işi olan hüquqi şəxslərin – müəssisələrin, habelə avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslərin fəaliyyəti başa düşülür.

Azərbaycan Respublikasında iqtisadi reformaların aparılması, əmtəə bazarının aktiv formalaşması, iqtisadiyyatın yenidən qurulması və özəlləşdirmə prosesinin həyata keçirilməsi, habelə ölkəmizin tranzit potensialının verdiyi imkanlardan istifadə edilməsi, yeni, müasir ipək yolunun bərpası nəqliyyat xidməti bazarının formalaşmasına, nəqliyyat sferasında qarşılıqlı fəaliyyətə yeni keyfiyyət xarakteristikalarının verilməsinə, nəqliyyatda əmək bölgüsü sahəsində dəyişikliklərin əmələ gəlməsinə və tarif siyasətinin əsaslı şəkildə yenidən qurulmasına gətirib çıxardı.

Bir sistem kimi nəqliyyat iki alt sistemdən: ümumi istifadədə olanümumi istifadədə olmayan nəqliyyat sistemlərinə bölünür.

Ümumi istifadədə olan nəqliyyat – milli iqtisadiyyatın müstəqil sahəsi olmaqla ayrı - ayrı təsərrüfat sahələrinin və əhalinin yük və sərnişin daşımalarla bağlı tələbatının dolğun ödənilməsinə xidmət göstərir. Bu alt sistemə məxsus olan nəqliyyat vasitələri mübadilə sferasına və əhaliyə xidmət gös­tərir. Bu xarakterik xüsusiyyətinə görə onu əksər hallarda magistral nəqliyyatda adlandırırlar. Magistral nəqliyyat anlayışı dəmir yolu, su (dəniz və çay), avtomobil, hava və boru kəmər nəqliyyatını əhatə edir.

Yüklərin ümumi istifadədə olan nəqliyyatla daşınmasının təşkili ilə bağlı məsələlər nəqliyyat logistikasının predmetidir. Onun başlıca vəzifəsinə:



  • nəqliyyat növünün və hərəkət vasitələrinin seçilməsi;

  • istehsal, nəqliyyat və anbar logistik proseslərin kompleks formada ayrı – ayrı nəqliyyat növlərinin vahid məqsəd baxımından əlaqəli fəaliyyətinin planlaşdırılması;

  • nəqliyyat – anbar işlərinin yerinə yetirilməsinin vahid texnoloji layihəsinin hazırlanması;

  • səmərəli daşıma marşrutlarının təyin edilməsi və seçilməsindən ibarətdir.

Bu baxımdan hər bir nəqliyyat növünün iqtisadi cəhətdən səmərəli fəaliyyət sferasını təyin etmək üçün həm ümummilli iqtisadi amilləri, həm də nəqliyyatla bağlı spesifik faktorları nəzərə almaq tələb olunur. Bu amillər ayrı-ayrılıqda nəqliyyat növlərinin texniki – iqtisadi parametrlərinə, ilk növbədə: daşınmanın maya dəyərinə, əmək məhsuldar­lığının səviyyəsinə, əsaslı vəsait qoyuluşunun həcminə təsir göstərir.

Ümumi istifadədə olmayan nəqliyyat sisteminə - ixtiyari istehsal prosesinin tərkib hissəsi hesab edilən istehsaldaxili nəqliyyat vasitələri və nəqliyyat müəssisələrinə mənsub olmayan bütün növ nəqliyyat vasitələri daxil edilir. Bu və ya digər əlamətlərə görə qruplaşdırılan nəqliyyat növlərinin vəhdət təşkil etməsi onların qarşısında duran başlıca vacib vəzifədir və milli iqtisadiyyatın, habelə ölkə əhalisinin yükdaşımalarla bağlı cari və potensial tələbini vaxtında tam və az məsrəflər hesabına ödəməkdən ibarətdir.

Müxtəlif nəqliyyat növlərinin yük və sərnişin daşımalarda iştirakı bir – birindən kəskin surətdə fərqlənir. Bu ayrı – ayrı nəqliyyat növlərinin texniki - iqtisadi xüsusiyyətlərindən, həm də yük alan və göndərən müəssisə və təşkilatların ərazicə yerləşdirilməsindən, daşıma prosesinin təşkili qaydasından, iş şəraitindən və s. asılıdır.

Hər bir nəqliyyat növü çoxsahəli mürəkkəb təsərrüfat olmaqla yanaşı özünün ərazi üzrə yerləşmə xüsusiyyətlərinə, texniki səviyyəsinə, spesifik istismar şərtlərinə malikdir. Bunların hamısı yükdaşıma-ların həyata keçirilməsinə sərf edilən əmək məsrəflərinin həcmini müəyyənləşdirir. Daha doğrusu, hər bir nəqliyyat növünün bu məsrəflərlə müəyyənləşdirilən səmərəli istifadə sferası mövcuddur. Material axın-larının ilkin xammal mənbəyindən son istehlak yerlərinə qədər hərəkəti boyu aparılan logistik əməliyyatların əksəriyyəti sadalanan nəqliyyat növlərinin iştirakı ilə həyata keçirilir və əvvəl qeyd olunduğu kimi bu əməliyyatların həyata keçirilməsinə çəkilən xərclər ümumi logistik xərclərin 50% - ni təşkil edir. Lakin bu xərclərin hansı hissəsinin istehsaldaxili logistikada istifadə olunan nəqliyyat vasitələrinə və qalan digər hissəsinin isə magistral nəqliyyata aid olmasını müəyyənləşdirmək xüsusi hesablama işlərinin aparılmasını tələb edir.

Dəmir yolu nəqliyyatı. Dəmir yolu nəqliyyatı ümumi yük dövriyyəsinin yerinə yetirilməsində həlledici rol oynayır. Təkcə 2003 – cü ildə ümumi yük dövriyyəsinin 28,5% - i məhz bu nəqliyyat növünün payına düşmüşdür və o, əsasən aşağıdakı texniki – iqtisadi üstünlüklərə malikdir:


  • bir çox təsərrüfat subyektlərinin iri həcmli yüklərin qəbul edilməsi və ya göndərilməsi üçün özlərinin giriş - çıxış dəmir yolları vasitəsilə magistral dəmir yolu şəbəkələrinə birləşmək imkanının mövcudluğu;

  • yüklərin kütləvi şəkildə daşınması;

  • coğrafi relyefin (şəraitin) imkan verdiyi ərazilərdə dəmir yolunun salınması mümkünlüyü;

  • böyük buraxılıcılıq qabiliyyətinə malik olması və s.

Qeyd etmək lazımdır ki, hər bir vaqonun minimum yükgötürmə qabiliyyəti 40 - 60 ton, hər bir qatarın brutto çəkisi isə 3 ton, qatarların orta texniki sürəti isə 45 – 50 km / saatdır.

Dəmir yolu nəqliyyatının mühüm üstünlüklərindən biri də hərəkətin müntəzəm olması və ilin bütün fəsillərində daşımanın əsasən bir qərarda həyata keçirilməsidir. Bu nəqliyyat növü yüklərin orta və uzaq məsafələrə daşınması üçün əlverişlidir.

Dəmir yolu nəqliyyatının vaqon parkı sərnişin yük vaqonlarından ibarətdir. Yük vaqonları öz növbəsində universal (bağlı, yarımvaqon, platforma, sisterna) və konkret növ məhsulların daşınması üçün nəzərdə tutulan xüsusi vaqonlara (izotermik, sement və neft məhsulları, müxtəlif turşu və turşu birləşmələrini və s.-ni daşıyan) bölünür.

Bağlı vaqonlardan qiymətli və atmosfer təsirlərindən qorunan yüklərin, yarımvaqonlardan – meşə materialları və qabsız yüklənən məhsulların, sisternalardan isə maye formalı məhsulların (benzin, kerosin, süd və s.) daşınması üçün istifadə olunur.

Ağır çəkili və iri qabaritli yüklər yükgötürmə qabiliyyəti 400 ton olan transporterlərdə daşınır. Qeyd olunan hər bir vaqon özünün yükgötürmə qabiliyyəti, tutumu, vaqon tarasının çəkisi və digər göstəricilərlə xarakterizə olunur. Vaqonun yükgötürmə qabiliyyəti bu vaqonun tutumuna əsasən hesablanır.



Dəniz çay nəqliyyatı. Respublikamızda yük dövriyyəsinin həcminə gö­rə dəniz nəqliyyatı dəmir yolu və boru kəmər nəqliyyatından sonra üçüncü yeri tutur.

Dəniz nəqliyyatı ilə yüklərin daşınması zamanı daxili və beynəlxalq su nəqliyyatı ilə yüklərin daşınması qaydalarından və bu sahədə mövcud olan əsasnamələrdən istifadə olunur.

Dəniz nəqliyyatının inkişafında sahil hövzəsinin uzunluğu 7 min kilometr olan Xəzər dənizi böyük rol oynayır.

Bu nəqliyyat növü ilə daşımaların aşağıdakı növləri mövcuddur:



  • portlararası daşıma - kiçik kabotaj. Bir dənizin iki portu arasında həyata keçirilən daşımalar portlararası daşımalar hesab olunur. Məsələn, Bakı – Türkmənbaşı , Bakı - Mahaçqala və Bakı - Həştərxan;

  • birbaşa daşıma – böyük kabotaj. Müxtəlif dənizlərlə respublika limanları arasındakı daşımalar birbaşa daşımalar adlanır. Məsələn, Bakı - Həştərxan - Volqoqrad - Rostov - Novorossiysk;

  • qarışıq daşımalar. Dəniz – çay - dəmir yolu – avtomobil nəqliyyatı ilə daşımalara qarışıq daşımalar deyilir. Məsələn, Rostov - Bakı (Volqa çayı) – Türkmənbaşı (Xəzər dənizi);

  • xarici daşımalar. Xəzər dənizinin sahilindəki limanlarla xarici ölkələrin dəniz limanları arasındakı yükdaşımalar xarici yükdaşımalar adlanır.

Dəniz nəqliyyatı bir sıra üstünlüklərə malikdir. Bu nəqliyyat növü nisbətən az vəsait tutumludur. Yüklərin daşınması üçün təbii yollardan istifadə olunması əlavə istismar xərcləri tələb etmir. Dəniz nəqliyyatı yollarının buraxıcılıq qabiliyyəti, demək olar ki, tükənməzdir, xüsusi yanacaq və enerji sərfi azlıq təşkil edir. Bunun əsas səbəbi dəniz yollarının maneəsiz olması nəticəsində gəminin yükgötürmə qabiliyyətinin də yüksək olmasıdır.

Dəniz nəqliyyatı bir sıra nöqsan cəhətlərə malikdir. Bu hər şeydən əvvəl dəniz sahilində böyük liman təsərrüfatının (infrastrukturun) yaradılması ilə bağlıdır. Dəniz nəqliyyatı vasitəsilə yüklərin daşınması zamanı bu yüklərin limana gətirilməsi və ya limandan təyinat məntəqəsinə nəql edilməsi kimi ilkin və son əməliyyatlar avtomobil nəqliyyatı vasitəsi ilə yerinə yetirilir və onun digər nəqliyyat növləri ilə müqayisədə istismar sürəti çox aşağıdır (təqribən saatda orta hesabla 22 – 23 km/saat).

Göründüyü kimi dəniz nəqliyyatı daşımanın maya dəyərinin aşağı, yükgötürmə qabiliyyətinin yüksək və yolların isə maneəsiz, keçilən olmasına görə üstün cəhətlərə malikdirsə, məhsulların «dəqiq vaxtında», «kanban» metodu ilə təyinat məntəqələrinə çatdırılmaması və yük daşımaların məhdudluğu kimi mənfi cəhətlərlə də xarakterizə edilir. Odur ki, bu nəqliyyat vasitələrindən istifadə edən zaman logistik sistemin iştirakçıları bu və ya digər cəhətlərə görə onlar üçün əlverişli variantları müəyyən-ləşdirir və seçirlər. Daha doğrusu, bunun üçün müvafiq texniki – iqtisadi əsaslandırmalar aparmaqla yüklərin hərəkəti boyu iqtisadi qazanclar və ziyanlar müqayisəli təhlil olunur və iqtisadi kompromislər əsasında dəniz nəqliyyatından istifadənin əlverişliliyi haqqında logistik qərarlar qəbul edilir.

Dəniz nəqliyyatının maddi – texniki bazasını donanma, liman və körpülər təşkil edir. Dəniz donanması müxtəlif növ, ölçü və təyinatlı gəmilərdən ibarətdir. Bu nəqliyyat növünü xarakterizə etmək üçün gəminin subasımı, yükgö­türmə qabiliyyəti, tutumu, ölçüsü (uzunluğu, eni , bortunun hündürlüyü), yüksüz və yüklü suya oturma dərinliyi kimi əsas göstəricilərdən istifadə olunur. Bəzi su və dəniz nəqliyyatı növlərindən daha geniş istifadə olunur.

Gəminin subasımı onun suda olan hissəsinin (su xəttinə qədər) sıxışdırıb çıxardığı mayenin (suyun) kütləsinə bərabərdir.

Yükləmə - boşaltma əməliyyatlarının yerinə yetirilməsi, habelə yük­daşı- maların təşkili və donanmaya xidmət göstərilməsi üçün mövcud dəniz və çay limanlarından (körpülərindən) istifadə olunur.



Liman dedikdə - gəminin yaxınlaşması üçün əlverişli su girişinə malik, sahil əraziləri dəmir yolu və avtomobil nəqliyyatı vasitələrilə əlaqədar olan, gəmilər, vaqonlar və avtomobillərdə yükləmə – boşaltma işlərinin operativ yerinə yetirilməsini təmin edən, gəmilərə texniki və mədəni xidmət göstərən müvafiq qurğu və avadanlıqlarla təchiz edilmiş məntəqə başa düşülür.

Limanların tələb olunan səviyyədə quraşdırılması və təchiz edilməsi dəniz və su nəqliyyatı ilə yükdaşımaların keyfiyyətini yüksəldir. Bazar iqtisadiyyatına keçidlə əlaqədar milli sahibkarların beynəlxalq bazarlara çıxışı, bu bazarlarda tədarükat işlərinin həyata keçirilməsi mexanizmi dəniz və su nəqliyyatından istifadənin intensivliyini artırır və bu nəqliyyat vasitələrinə xidmət göstərən infrastruktur sahələrinin yeni tələblər baxımından formalaşması zəruriyyətini yaradır.



Hava nəqliyyatı. Respublikamızda hava nəqliyyatı ümumi yük dövriyyə­sinin 0,5%-ni təşkil edir. Ölkə iqtisadiyyatının hava nəqliyyatı - mülki aviasiya ilə əlaqədar olmayan sahəsi yoxdur. Bu nəqliyyat növü ilə müxtəlif tə­sərrüfat subyektlərinə məxsus olan yüklər, sərnişin baratları və poçt yazışmaları göndə­rilir. Son dövrlərdə sərnişin və yük qaldırma qabiliyyəti daha yüksək olan hava gəmilərindən istehlak malları və kənd təsərrüfatı məhsullarının daşın­masında intensiv istifadə olunur.

Hava nəqliyyatının əsas məqsədi sərnişin daşımaların həyata keçiril­məsindən ibarətdir. Yüklərin daşınması bu nəqliyyat növü üçün əlavə iş hesab olunur. Məsələn, təkcə 2003 – cü ildə ümumi yük dövriyyəsi 102 min.ton/km təşkil edən hava gəmiləri ilə 37 min ton müxtəlif təyinatlı məhsul daşındığı halda, həmin ildə 701 min sərnişin hava nəqliyyatından istifadə etmiş və sərnişin dövriyyəsi 798 mil­yon.sərnişin/km olmuşdur. Lakin müntəzəm reyslər həyata keçirən bir sıra avia şirkətlər konkret bazarlar üçün bütün növ yüklərin daşınmasına imkan verən hava gəmilərinə malikdir.

Ümumiyyətlə, hava nəqliyyatı ilə yükdaşımalar xarakterinə görə :


  • çarter reysləri;

  • cədvəllər üzrə reyslər;

  • müvafiq məhsul partiyalarının daşınması üzrə ixtisaslaşmış kompleks reyslərlə (məhsullar üzrə differensiasiya) daşımalara bölünür.

Çarter reysləri xərc tutumlu olduqlarından məhsul­göndərənlər üçün olduqca baha başa gəlir. Praktik təcrübə göstərir ki, bu xərclər adətən daşımalara sərf edilən vaxt baxımından özünü ödəyir. Çarter reyslərindən bir qayda olaraq seleksiya məqsədilə iri buynuzlu mal – qaranın, neft yataqlarının emalı üçün böyük ölçülü və dəyərli avadanlıqların, Afrika ölkələrində aclıqdan əziyyət çəkənlərə ərzaq məhsullarının, kvota müddəti qurtaran məhsulların beynəlxalq səviyyədə daşınması zamanı istifadə olunur.

Beynəlxalq hava məkanında yükdaşımaları həyata keçirən reyslər üçün cədvəllərin və hərəkət marşrutlarının müəyyənləşdirilməsi iştirakçı ölkələr tərəfindən yerinə yetirilir. Bu daşımalara görə tarifləri əsasən beynəlxalq hava nəqliyyatı assosiasiyası (IATA) təyin edir. Assosiasiyaya üzv olan hava nəq­liy­yatı şirkətləri onlar üçün müəyyən edilmiş cədvəllər üzrə müntəzəm fəaliyyət göstərirlər. Beynəlxalq hava nəqliyyatı şirkətlərinin əsas funksiyası sərnişin daşımaqdan ibarətdir. Burada da yüklərin daşınması onlar üçün əlavə iş hesab olunur.

İlk dəfə dünya praktikasında Almaniyaya məxsus Lufthansa avia şirkəti Boinq – 747 hava gəmisindən ixtiyarı yüklərin daşınması üçün istifadə etmişdir. Bu hava gəmisi Almaniyanı ABŞ – ın şimal – qərbi ilə birləşdirən transatlantik reyslərin həyata keçirilməsi üçün tətbiq edilirdi.

Hal-hazırda şirkət bu hava gəmilərindən başqa müxtəlif təyinatlı yüklərin daşınması üçün Boinq – 737 s yük və sərnişin daşıyan Aerobus – 320, 321, habelə Boinq - 747 tipli hava gəmisinin dörd müxtəlif modifikasiyasından istifadə edir. Şəkildə yüklərin daşınmasına xidmət edən bir neçə növ hava gəmisində artıq respublikamızda istifadə olunmuşdur.

Respublikamızla MBD ölkələrinin hava məkanı arasında Rusiya Federasi­ya­sı­na məxsus olan TU – 144; TU – 154; TU – 134; İL – 86; AN – 10; AN – 22; AN – 28; YAK – 42; Mİ – 6; Mİ – 8 və s. hava gəmilərindən istifadə olunur.

Coğrafi baxımdan əlverişli hesab edilməyən yerlərin, məsələn, Uzaq Sibirdə yaşayan əhalinin ərzaq təminatı məhz hava nəqliyyatı hesabına ödənilir.

Beynəlxalq hava nəqliyyatı ilə yükdaşımaların 3/4 hissəsi on ən iri dövlətlərin (məsələn, Almaniya – 2,69; ABŞ – 2,22; Fransa – 1,83; İtaliya – 1,76; Böyük Britaniya – 1,39; Niderland – 1,15; Honkonq – 1,15; Yapo­niya – 0,50; İspaniya – 0,41 və Çin – 0,41 milyon ton) payına düşür.

Beynəlxalq yükdaşımaların inkişafında yeni mərhələ ABŞ – a məxsus olan URS, FEDEX, EMERY, WORLDWIDE, BURLINGTON AIR EXPRESS, AIRBOME EXPRESS DHL və INTERNATIONAL adlı iri yük- göndərən firmaların parsel (kiçik) daşımalar üzrə beynəlxalq xidmətlər təklif etməsi mərhələsi hesab olunur. Baş qərargahı (ştab kvartirası) Avstraliyada yerləşən daha iri bir TNT EXPRESS firması da bu sahədə fəaliyyət göstərməklə sənəd­lərin daşınması və böyük olmayan yük bağlamalarının - bandrolların göndə­rilməsini həyata keçirir. Bu firmalar bütün zəruri nəqliyyat vasitələrinə, yüklərin boşaldılması və ya yüklənməsi üçün müvafiq infrastruktur obyekt­lərinə malik olduqlarından onları kompleks yükgöndərənlər adlandırırlar. Qeyd edilən firmalar tərəfindən göstərilən xidmətlər beynəlxalq logistikanın pred­metini təşkil edir. Daha doğrusu, onlar beynəlxalq bazarlara çıxarılan məh­sulları müşahidə edən sənədlərin daşınması ilə məşğuldurlar.

Hava nəqliyyatı da digər nəqliyyat növləri kimi bir sıra üstünlüklərə və çatışmazlıqlara malikdir. Yüklərin tez çatdırılması və nəqletmənin etibarlılığı bu nəqliyyat növünün üstünlüyü hesab edilsə də, daşımaların maya dəyəri və yüklərin istənilən yerə çatdırılması imkanlarının məhdudluğu onun çatış-mayan cəhətləri sayıla bilər. Hava nəqliyyatı yeganə nəqliyyat növüdür ki, yüklərin daşınmasına çəkilən məsrəflər avtomobil nəqliyyatı ilə müqayisədə 2-3 dəfə baha başa gəlir.

Avtomobil nəqliyyatı. Avtomobil nəqliyyatı mütərəqqi nəqliyyat növ­lərindən biridir. Bu nəqliyyat növü həm ayrı-ayrı nəqliyyat növləri ilə daşı­nan yüklərin ilkin və son əməliyyatlarını, həm də yüklərin yaxın məsafəyə kütləvi surətdə daşınmasını həyata keçirdiyindən yükdaşımalarda həlledici rol oynayır. Avtomobil nəqliyyatı bir tərəfdən əlverişliliyi və operativliyi baxımından, digər tərəfdən isə avtomobil yollarının, xüsusilə bərk örtüklü yolların uzunluğunun getdikcə artması ilə əlaqədar olaraq surətlə inkişaf edir. Bu nəqliyyat növü digər nəqliyyat növlərinə nisbətən yüksək səfərbər və çevikdir, yəni yükləri istə-nilən vaxt, istənilən istiqamətə 15 tondan artıq olmamaqla daşınmasını həyata keçirir. Daha doğrusu, avtomobil nəqliyyatı yükləri satıcı müəssisə və ya firmanın anbarından son təyinat məntəqəsinə, yəni «qapıdan qapıya» apar­maq imkanlarına malikdir.

Avtomobil nəqliyyatının mühüm üstün cəhətlərindən biri məhz kiçik partiyalı yüklərin yaxın məsa-fələrə yüksək sürətlə daşınması üçün əlverişli olmasından ibarətdir. Lakin bu nəqliyyat növünün nöqsan cəhətləri də az deyil.Yükgötürmə qabiliyyətinin zəif olması nəticəsində daşıma xərclərinin artması və ətraf mühiti digər nəqliyyat növləri ilə müqayisədə daha çox çirkləndirməsi onun nöqsan cəhətlərin-dəndir.

Avtomobil nəqliyyatının maddi-texniki bazası avtomobil nəqliyyatı va­sitələrindən (avtomobillər, qoşqular,yarımqoşqular,yedək və yəhər dartıcıları) avtomobil müəssisələri (firmaları) və avtomobil yollarından ibarətdir.

Dəmir yolu nəqliyyatı kimi avtomobil nəqliyyatı da sərnişin və yük avto­mobillərinə bölünür. Yük avtomobillərini yükgötürmə qabiliyyətinə və yük banlarının quruluşuna görə fərqləndirirlər.

Dartıcı avtomobillər qoşquları yedəyə almaq məqsədi daşıyır. Təsərrüfat hə­­yatında istifadə olunan bəzi avtomobillərin tipik nümunəsiə respublikamızda tez-tez rast gəlmək mümkündür.

Yük avtomobilləri yükgötürmə qabiliyyətinə görə aşağıdakı kimi təsnif olunur:




Şəkil 13.4. Avtomobil yükdaşımalarının təsnifatı

Yük banlarının quruluşuna görə avtomobillər yanlı (bortlu), özüboşaldan, konteyner daşıyan, sistern, furqon, refrijerator və s. bölünür.

Avtomobil nəqliyyatı vasitələrindən məqsədəuyğun istifadə olunması onların istismarının texniki keyfiyyətləri və istismarın konkret şərtləri ilə müəyyənləşir. Avtomobilin istismarının texniki keyfiyyət-lərinə onun qabarit ölçüləri və kütləsi, manevrliliyi və əlverişliliyi, dinamik keyfiyyəti və qənaətçiliyi, möhkəm və dayanıqlığı, yol maneələrini aşma qabiliyyəti aid edilir.

Maya dəyəri, məhsuldarlıq, enerji və material tutumu kimi göstəricilər avto­mobil nəqliyyatından istifadənin iqtisadi baxımdan xarakterizə edən göstə­ricilər hesab olunur.

Avtomobil nəqliyyatı ilə yükdaşımaların strategiyasını müəyyənləşdirmək üçün nəqliyyat növləri haqqında məlumatlardan əlavə material axınlarını əmələ gətirən və nəqletməyə məruz qalan yük növlə-rini təhlil etmək lazımdır.

Belə bir təhlilin aparılması bölgü kanallarında material axınlarını yaradan yük­lərin sistemləş-dirilməsi və təsnifatını aparmaq zəruriyyətini meydana çıxa­rır.

Nəqletmə baxımından yük-nəqliyyat vasitələri tərəfindən daşınmaq üçün qəbul edilən bu və ya digər məmulatdır (xammal, material və hazır məhsul).

Yüklərin istənilən şəraitdə daşınmasına qoyulan tələbləri müəyyən­ləşdirən göstəricilər məcmusu yüklərin nəqliyyat xarakteristikası adlanır.

Hal-hazırda yüklərin müxtəlif nəqliyyat vasitələrində daşınması məqsədilə daşınan yüklərin təsnif edilməsi üçün müvafiq prinsiplərdən istifadə olunur. Avtomobil nəqliyyatı ilə daşınan yüklər özlərinin təyinatına görə aşağıdakı kimi təsnif edilir (şəkil 10.5).

Avtomobil nəqliyyatı vasitələrinin işi yerinə yetirilən işlərin kəmiyyət və keyfiyyətini xarakterizə edən texniki – istimar göstəriciləri sistemi ilə xarakterizə olunur.

Texniki – istismar göstəriciləri iki kateqoriyaya – qrupa bölünür.

Birinji qrupa yük avtomobil nəqliyyatı vasitələrindən istifadə dərəcəsini xarakterizə edən göstəricilər aid edilir:


  • texniki hazırlıq əmsalları;

  • nəqliyyat vasitələrindən istifadə əmsalları;

  • yükgötürmə qabiliyyətindən istifadə əmsalı;

  • texniki istismar sürəti;

  • yükləmə – boşaltma işlərinin yerinə yetirilməsi zamanı avtomobillərin boş dayanması müddəti;

  • yükdaşımaların orta məsafəsi;

  • yüklə avtomobillərin orta yürüş sürəti və s.

İkinji qrupa isə nəqliyyat vasitələrinin yerinə yetirdikləri işlərin nəticəsini xarakterizə edən göstəricilər:

  • yürüşlərin sayı;

  • ümumi yükdaşıma məsafələri;

  • yükdaşımaların ümumi həcmi;

  • avtomobillərin dövriyyəsi aid olunur.


Yüklə 498,83 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə