Mövzu 28. İşgüzar və akademik kommunikasiyada danışmaq və dinləmək mədəniyyəti



Yüklə 19,46 Kb.
tarix31.12.2021
ölçüsü19,46 Kb.
#81973
Az. dili mövzu 28


Mövzu 28. İşgüzar və akademik kommunikasiyada danışmaq və dinləmək mədəniyyəti
İnsan bir fikri başqasına çatdırmaq, hər hamsı bir fikrə münasibət bildirmək və ya münasibəti öyrənmək üçün ünsiyyətə girir, dolayısı ilə özünü ifadə etməyə, aktuallaşdırmağa çalışır. Bu səbəbdən ünsiyyət bizim cəmiyyətdə mövqeyimizi təyin edən ən mühüm faktordur.

Ünsiyyət dedikdə nitq və nitqdən kənar təsirin köməyi ilə həyata keçirilən qarşılıqlı münasibəti nəzərdə tuturuq. Ünsiyyət insanlar arasında təmasın yaranması və inkişafı prosesi kimi meydana çıxır. Heç bir insan qrup üzvləri arasında təmas yaradılmadan birgə fəaliyyəti həyata keçirə bilməz və qrupda qarşılıqlı anlaşma baş verməz.

Ünsiyyət insanlar arasında birgə fəaliyyət tələbatından doğan təmasın çoxplanlı inkişaf prosesidir.


  • Ünsiyyət iki növə ayrılır. Bura vasitəli və vasitəsiz ünsiyyət daxildir. Elmi, texniki tərəqqi nəticəsində meydana çıxmış mükəmməl texniki vasitələr insanlar arasında yeni ünsiyyət tərzinin yaranmasına səbəb olmuşdur. Belə ünsiyyət vasitəli ünsiyyət adlanır.

  • Vasitəsiz ünsiyyət həm verbal, həm də qeyri-verbal ola bilir. Vasitəsiz ünsiyyətin verbal formasında nitq mühüm rol oynayır. İnsan istər onu əhatə edən mühit, istərsə də keçmiş və gələcək barədə hər cür məlumatı əsasən, yazılı və şifahi nitq vasitəsilə alır.

  • Qeyri-verbal ünsiyyət vasitələri dedikdə biz hisslərimizi, emolsiyalarımızı, fikirlərimizi sözlər olmadan müxtəlif yollarla ötürməti və qəbul etməyi nəzərdə tuturuq. Belə ünsiyyət ixtiyarı və ya qeyri-ixtiyarı ola bilər. Əksər hallarda qeyri-dil ünsiyyət vasitələrini insanın duyğu üzvlərinə uyğun olaraq təsnif edirlər. Səsin tonu vaditəsilə fikrin müsbət və ya mənfi məna kəsb etdiyini asanlıqla duymaq olur. Üzdəki ifadələr sözlərin, fikirlərin, bəyənilib-bəyənilmədiyini tutmağa kömək edir.

Bu baxımdan aşağıdakıları bilmək vacibdir:

  1. Mimika sifət əzlələrinin dinamik ifadəsi kimi özünü göstərir. Qaş, göz, yanaq, dodaqlar və s. sifətin (üzün) bu və ya digər dərəcədə lokal mimika sahələridir. Son zamanlar vizual ünsiyyət – “gözlərin təması” problemi diqqəti daha çox cəlb edir. Gözlər nə qədər müxtəlif olsa da, baxışlar natiqlə təmas qura bilir.

  2. İntonasiya ünsiyyətin başlıca akustik vasitəsidir.

  3. Kinetika – bədən hərəkətlərinin dili kimi meydana çıxır.

  4. Proksimika insanın şəxsi məkanıdır. Ünsiyyət prosesində kimisə özümüzə yaxın buraxır, kimisə buraxmırıq.

Qədim Çin filosofu Konfutsi (551-479 b.e.ə) davranış qaydalarını inkaredici formada ifadə edən ilk təfəkkür sahiblərindən biridir. İndi hamının bildiyi “özünə rəva görmədiyini başqalarına da rəva bilmə” ifadəsi məhz onun təlimindən götürülmüşdür.

Nitq - ən mühüm ünsiyyət vasitəsi olan dilin şifahi və yazılı formasıdır. Nitq prosesində danışmaq və dinləmək mədəniyyəti əsasdır.

Filosof Plutarx demişdir: “Dinləməyi öyrənsən, istənilən həmsöhbətdən fayda götürə bilərsən”.

İşgüzar kommunikasiyada insanları özünüzə tabe etməyə çalışmayın. Yetkin insanlar ehtiyac duyduqları şeyi edəcəklər. Müdrik görünməyə deyil, bələdçi olmağa çalışın. Düşüncəli və mehriban olun. Mövzu barədə istirakçıların suallarını öyrənin.

Nitqin ilkin şərti yaxşı dinləməyi bacarmaqdır. Əgər ətrafımızdakı insanların söhbətlərinə diqqət yetirsək, orda göstərir ki, bir çox həmsöhbətlər sanki bir-birini eşitmir, öz sözünü demək və rəyini bildirmək, başına gələn hadisəni nəql etmək, malik olduğu informasiyanı çatdırmaq üçün pauzanı gözləyirlər. Ümumi halda həmsöhbətlər informasiyalarını bölüşür, ya da bir-birini tənqid edirlər.

Nitq səmərəli ünsiyyət formasıdır. İşgüzar kommunikasiyada dialoq zamanı psixoloji və emosional üsullardan geniş istifadə etməyi bacarmaq vacibdir. Ünsiyyətdə tolerantlıq prinsipi (başqalarının fikirlərinə və rəylərinə dözümlülük) insanı öz nitqi barədə düşünməyə, onu təkmilləşdirməyə vadar edir. Bu, öz növbəsində insanlar arasında qarşılıqlı anlaşmanı xeyli yaxşılaşdırır.

Nitq ünsiyyəti şüurlu nitq və qeyri-nitq davranışları sistemidir. Müasir şəraitdə nitqin təsirinin 2 əsas növünü qeyd etmək olar: inandırma və təlqinetmə.

İnsanlar onlara maraqlı olan nitqi – informasiyanı dinləyirlər. Çünki nitqin səmərəliyi onun qarşı tərəfdə oyatdığı marağın dərəcəsi ilə bilavasitə bağlıdır. İstər işgüzar, istərsə də akademik kommunikasiyada işgüzar və etibarlı münasibətlərin yaranmasına ciddi maneə yarada bilən hallar bunlardır:



  • Kobudluq;

  • Nitqin qurulmasında qeyri-peşakarlıq;

  • Qeyri-səmimilik;

  • Səsləndirilən sözlərə görə məsuliyyətsizlik;

  • Öyrədici səs tonu ilə danışmaq;

  • Qərəzli münasibət;

  • Qarşı tərəf üzərində üstünlüyün nümayiş etdirilməsi və s.

Ünsiyyətdə belə halların aradan qaldırılması səmərəli dinləmənin əsas qaydalarını öyrənmədən mümkün deyil. Dinləmə qabiliyyəti insana düşdüyü şəraitə uyğunlaşmağa, nitqi idarə etməyə və fərdi davranış kompleksini formalaşdırmağa imkan verir. Dinləməyi bacaran insan qarşı tərəfdə mədəni və mötəbər, hörmətli şəxs kimi qəbul olunur.

Kommunikativ uyğunsuzluğun yaranmaması üçün dialoqa girən insan həm davranışını, həm də, nitqini daim nəzarət altında saxlamalıdır. İnsanın davranışı onun özünəinamı ilə sıx bağlıdır.

Dinləmək və duymaq tərəflərin əsas qabiliyyətlərindən hesab olunur. Belə bir fikir mövcuddur ki, ünsiyyət zamanı təşəbbüs danışanın tərəfində dur, danışan dialoqu idarə edir, yəni danışmaq hakimiyyətə nail olmağın yoludur. Dinləmək isə, zəiflik, iradəsizlik, təşəbbüskar olmamaqla eyniləşdirir. Əsl həqiqətdə isə, dinləməyi bacaran insanlar ünsiyyət zamanı həmişə hakim mövqedə olurlar. Məhz dinləməyi bacaran insan qarşı tərəfin nitqində özünə lazım olan informasiyanı tapa bilir. Belə informasiya ünsiyyət iştirakçısına böyük üstünlük verir. Hər bir insan dinləməyi bacaran həmsöhbətlə qarşılaşanda özünə inamı artır və buna görə də onda qarşı tərəfə minnətdarlıq hissi yaranır.

Dinləmə həmsöhbətin sizə olan inamını artıran vasitədir. Bir çox hallarda heç bir söz demədən həmsöhbətdə yaxşı təəsürat yaratmaq olur. Həmsöhbətin sözünü kəsəndə və ya onun hər bir fikrinə tələsik reaksiya verəndə aşağıdakı mənfi nəticələr baş verir:



  • İnformasiyanı tam şəkildə çatdıra bilmir;

  • əks tərəfi qıcıqlandırır;

  • özünə qarşı mənfi təəsürat yaradır (belə münasibəti yaxşı tərəfə dəyişmək isə çox çətindir).

Yaxşı dinləmənin əsas üsulları bunlardır:

  1. Diqqəti eşitdiyinizin üzərində cəmləmək;

  2. Mövzunun məznunundan uzaqlaşmayın;

  3. İnsanın psixikasına mənfi təsir edən sözlərə reaksiya verməyin. Çünki bu zaman əks tərəfdə qeyri-ixtiyarı olaraq etiraz etmək istəyi yaranır və bu anda danışılan mövzudan kənarlaşma baş verir;

  4. Həmsöhbətin sözünü kəsməyin. Qarşı tərəfin nitqini danışma və şəhretmə ilə eyni zamanda dinləmək çətin olduğu üçün susmaq daha yaxşıdır (Əlbəttə, bu zaman hörmətsizlik kimi qəbul edilən saata baxma və digər bu cür hərəkətlərə yol vermək olmaz).

  5. Danışanın nöqsanlı hesab etdiyiniz xüsusiyyətlərinə fikir verməmək;

  6. Həmsöhbətinizə fikrini axıra kimi çatdırmaq imkanı verin. Çünki qarşı tərəfin axıra kimi dinləməməsi qarşılıqlı anlaşmanın pozulmasına və münasibətlərin yaranmasına səbəb ola bilər.

Peşakarcasına, səbrlə dinləmə bacarığı maraqlarınızı qorumağa və məqsədə nail olmağınıza kömək edər.

Uğurlu ünsiyyət dinləmək və eşitmək bacarığında özünü göstərir. “Susmaq qızıldır” – atalar sözümüz insanın dinləmənin əhəmiyyətini çox qədim zamanlardan dərk etdiyinin göstəricisidir. İnsan mötəbər dinləyici ilə qarşılaşdıqda onda dinləyiciyə qarşı minnətdarlıq hissi və özünə inam yaranır.

Dinləmə ünsiyyətdə daha məhsuldar üsuldur. Belə bir rəvayət çox maraqlıdır:

İki bacı arasında bir portağala görə dava düşür. Uzun mübahisələrdən sonra onlar portağalı yarı bölməyə razılaşırlar. Sonra məlum olur ki, onlardan birinə portağalın qabığı – tort üçün, o birinə isə yemək üçün içi lazım imiş. Lakin dinləmə olmadığı üçün hər iki tərəf öz məqsədinə tam nail ola bilmir. Əgər tərəflərdən biri digərini axıra kimi dinləsəydi və onun bu portağalla bağlı istəyini öyrənsəydi hər iki tərəf məqsədinə çatmış olardı.

Passiv dinləmə yalnız susmaq deyil, həmsöhbətin sözlərinə diqqətlə qulaq asmanın göstəricisidir. Söhbət əsnasında siz diqqətinizi başınızı tərpətməklə, baxışlarınızla və digər qeyri-verbal üsullarla həmsöhbətə göstərə bilərsiniz. Eyni zamanda, həmsöhbəti ünsiyyətə həvəsləndirən səmimi replikalardan da istifadə etmək olar: “Bəli, razıyam”, “Elədir ki, var”, “Anlayıram” və s.

Kütləvi işgüzar söhbətlərdə (danışıqlar, müzakirələr) həmsöhbətə diqqət baxışlarla bildirilir, sual və qeydlər həmsöhbətin istədiyi anda səsləndirilir.

Fəal dinləmənin 3 üsulu var:


  • Təkraretmə;

  • Emosional dinləmə;

  • İnterpretasiya.

Həmsöhbətin sözünün ya təstiqedici, ya da sualedici intonasiya vasitəsilə təkrar edilməsi onun sözlərinə diqqətin zərif şəkildə qeyd edilməsidir. Məsələn, müəllim ilə dialoq:

  • Mövzuları ikinci gün ala bilərsiniz.

  • İkinci gün?

  • Bəli, ikinci gün.

Emosional dinləmə - həmsöhbətin sözlərinin emosiyalarla (fərəh, təəcüb, ironiya, etinazlılıq və s.) bəzədilməsidir. Məsələn:

  • Mənə üçüncü günə kimi sənədləri hazırlamaq tapşırılıb.

  • Üçüncü günə kimi (sual, təəcüb)?! Sən axı çatdırmazsan!

İnterpretasiya fəal dinləyicinin yüksək ustalığıdır. Həmsöhbətin sözlərini qəbul edərkən passiv dinləmədən istifadə olunur. Həmsöhbət sözünü bitirdikdən sonra siz ondan eşitdiklərinizi qısa şəkildə nəql edirsiniz. Bu üsuldan uşaqlar daha çox istifadə edirlər.

İnterpretasiyanın tətbiqi zamanı “başqa sözlə siz hesab edirsiniz ki...”, “sizin fikrinizcə...”, “deməli düşünürsünüz ki...” ifadələri geniş istifadə olunur.

Həmsöhbətin fikrini daha qısa şəkildə ifadə etmək və yeri gəldikdə özünü mövzu barədə mülahizəsini onun diqqətinə çatdırmaq olar. Bu halda aşağıdakı ifadələr istifadə olunur:


  • Sizin dediklərinizi ümumiləşdirsək, belə deyə bilərik ki...

  • Əgərmən sizi düz anladımsa...

  • Demək, sizin əsas fikriniz ondan ibarətdir ki...

Beləliklə, peşakar dinləmənin interpretasiya metodundan istifadə etməklə həmsöhbətə fikrini daha dəqiq və yığcam şəkildə ifadə etməkdə, vəziyyətdən çıxış yolunu tapmaqda kömək etmək olar. Beləliklə, dinləmə mədəniyyəti idarəetmə mədəniyyətinə çevrilər.

Nitq mədəniyyətinin aşağıdakı qaydaları vacibdir:



  • Həmsöhbəti dinləməyi bacarmaq (bir çox hallarda dinləmək bacarığı danışmaq bacarığından daha qiymətlidir).

  • Biz insanı dinləməklə daha çox bilik əldə edir, danışarkən isə yalnız öz bildiklərimizi söyləyirik.

  • İnsanın rəğbətini qazanmaq istəyirsənsə, özün haqqında danışma və həmsöhbətə onun barəsində suallar ver.

Yüklə 19,46 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə