169
Öz məzmununa görə cəza çox sərt olmaqla, təqsirli şəxsin hüquqlarının iri
miqyasda məhdudlaşdırılmasında ifadə olunur. Onun mahiyyəti cinayət törətmiş
şəxslərin mənəvi, siyasi, fiziki və əmlak xarakterli məhrumiyyətlərə məruz qoymaqla,
onları tənbeh etməkdən ibarətdir. Tənbehsiz cəza öz mənasını itirmiş olardı və
cinayətkarlıqla mübarizədə məcbur etmə vasitəsi hesab olunmazdı.
Cəzanın məqsədi Cinayət Məcəlləsinin 41.2.- ci maddəsinə müvafiq olaraq,
cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də
başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının almaq məqsədi ilə
tətbiq edilir.
Cəza törədilmiş cinayətə görə yalnız tənbeh deyildir, o, məhkumu əməyə
düzgün münasibət, qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət
ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəza insan ləyaqətini
alçaltma və yaxud fiziki əzab vermə məqsədi daşımır.
Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə anlayışları ilə sıx
əlaqədə, olmaqla, cinayətkarın şüurunda neqativ əhəmiyyətli oriyentasiyanı (səmti)
dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində
dövlətin səylərini əks etdirir.
Cinayət hüquq nəzəriyyəsində cəzanın xüsusi və ümumi xəbərdarlıq məqsədi
fərqləndirilir.
Xüsusi xəbərdarlıq cinayətkara göstərilən elə təsir vasitəsidir ki, onun
nəticəsində cinayətkar gələcəkdə yeni cinayətlər törətmir.
Ümumi xəbərdarlıq - ictimai cəhətdən möhkəm olmayan (qeyri-sabit olan)
şəxsləri cinayətkar əməllərdən saxlamaq məqsədi ilə göstərilən cəza təsiridir.
8. Cəzanın sistemi və növləri
Cəzanın sistemi - cinayət törədilməsində təqsirli sayılan şəxslərə tətbiq olunan,
məhkəmələr üçün məcburi olan, ağırlığından asılı olaraq qanunla müəyyən edilən
qaydada düzülmüş cəza növlərinin qəti siyahısıdır.
Cinayət Məcəlləsinin 42 - cinayət maddəsinə əsasən cəzanın növləri
aşağıdakılardır:
1. cərimə
2. nəqliyyat vasitəsini idarəetmə
hüququndan məhrum etmə;
3. müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan
məhrum etmə;
4. ictimai işlər;
5. xüsusi və
ya hərbi rütbədən, fəxri addan və
dövlət təltifindən məhrum etmə;
6. islah işləri;
7. hərbi xidmət üzrə məhdudlaşdırma;
8. əmlak müsadirəsi;
9. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma;
10. Azadlığın məhdudlaşdırılması;
11. İntizam xarakterli hərbi hissədə saxlama;
12. Müəyyən müddətə azadlıqdan məhrum etmə;
13. Ömürlük azadlıqdan məhrum etmə.
Cinayət qanunvericiliyində nəzərdə tutulan bütün bu cəza növləri üç qrupa
bölünür: əsas cəzalar;
əlavə cəzalar; əsas və əlavə cəza - cəzalar.
Yalnız əsas cəza kimi tətbiq edilən cəzalara - ictimai işlər, islah işləri, hərbi
170
xidmət üzrə məhdudlaşdırma; intizam xarakterli hərbi hissədə saxlama, azadlığın
məhdudlaşdırılması, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük
azadlıqdan məhrum etmə kimi cəza növləri aiddir. Bunlar, müstəqil tətbiq edilən, hər
hansı bir cəza növünə qoşula bilməyən cəzalardır.
Müstəqil tətbiq edilə bilməyən, yalnız əsas cəzalara qoşulan cəzalar əlavə
cəzalar hesab olunur. Cəzanın məqsədinin təmin edilməsində köməkçi xarakter
daşıyan bu cəza növlərinə - xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət
təltifindən məhrum etmə, nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum etmə,
əmlak müsadirəsi və Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi
çıxarma kimi cəzalar aiddir.
Cərimə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum etmə cəza növləri isə, həm əsas, həm də əlavə cəza kimi tətbiq
edilir.
Cinayət Məcəlləsinin 44-57-ci maddələrində ayrı - ayrılıqda
bu cəza növlərindən
bəhs olunur.
1. Cərimə cinayət qanunu (Cinayət Məcəlləsi) ilə müəyyən edilmiş hallarda və
məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. O həm əsas, həm
də əlavə cəza kimi tətbiq edilən cəza növüdür.
Cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə
alınmaqla Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş minimum
əmək haqqı məbləğinin yüz mislindən beş min mislinədək miqdarda müəyyən olunur.
Cəriməni ödəməkdən boyun qaçıran şəxslərə bu cəza növü ictimai işlər, islah
işləri və ya müəyyən müddətə azadlıqdan məhrum etmə ilə əvəz oluna bilər.
2. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü
Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə
tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin
digər halları nəzərə alınmaqla bir ildən beş ilədək müddətə təyin edilə bilər.
Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzası
məhkəmələr tərəfindən yalnız əlavə cəza kimi tətbiq edilir.
3. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan
məhrum etmə dövlət orqanlarında, yerli özünü idarə orqanlarında konkret
vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın
qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş
ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir.
4. İctimai işlər məhkumun əsas işindən və ya təhsilindən asudə vaxtlarında
haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə
yetirməsindən ibarətdir. Belə işlərin növləri müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
İctimai işlər altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün
ərzində saatdan çox ola bilməz. Şəxs həmin işlərin yerinə yetirilməsindən qərəzli
boyun qaçırdıqda, ictimai işlər azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə
azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilir.
İctimai işlər birinci və ikinci qrup əlillərə, hamilə qadınlara, himayəsində səkkiz
yaşınadək uşağı olan qadınlara, pensiya yaşına çatmış qadın və kişilərə, hərbi
xidmətə çağırış üzrə müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara tətbiq
oluna bilməz.
Qanunvericiliyə əsasən, ictimai işlər yalnız əsas cəza kimi tətbiq edilir.
5. Cinayət Məcəlləsinin 48-ci maddəsinə müvafiq olaraq, ağır və ya xüsusilə
ağır cinayət törətmiş şəxsin məhkum olunması zamanı məhkəmə cinayətin