Mövzu. MÜNaqiŞƏLƏRİn tipologiyasi, onlarin qender xüsusiYYƏTLƏRİ



Yüklə 123,21 Kb.
Pdf görüntüsü
tarix26.09.2017
ölçüsü123,21 Kb.
#1446


 

 

MÖVZU. MÜNAQİŞƏLƏRİN TİPOLOGİYASI, ONLARIN QENDER  



    XÜSUSİYYƏTLƏRİ 

 

Köstəbəyin torpaqda eşələnmək 



tələbatı olduğu kimi insanın da tələbatı 

çalışmaq, fəaliyyətdə olmaq və 

maneələri aradan qaldırmaqdır 

A.Şopenhauer 

 

Qadın azad və kişi ilə bərabər hüquqlu doğulur 

Olimpiya de Quj 

 

• 



Müxtəlif əsaslara görə münaqişələrin təsnifatı 

• 

Münaqişə subyektlərin sosial qarşılıqlı fəaliyyəti kimi 

• 

Qender münaqişələrinin növləri və ifadəolunma sahələri 

 

Müxtəlif əsaslara görə münaqişələrin təsnifatı 

Müxtəlif obyektlər çoxluğuna əsaslanan bütün elmlərdə tipologiya problemi ortaya çıxır. Sosial və 

humanitar elmlərdə bu məsələ olduqca mürəkkəbdir, çünki: 1. faktiki olaraq xalis eksperimenti keçirmək 

çox çətindir (təbiətşünaslıq elmlərindən fərqli olaraq); 2.metodoloji xarakterli çətinliklər mövcuddur. 

Buna baxmayaraq, bir çox tədqiqatçılar münaqişələrin təsnifatını yaratmağa cəhd göstəriblər. 

Onların baxışlarını təhlil etdikcə, belə bir qəti qənaətə gəlmək olar ki, istənilən münaqişəni birmənalı və 

tam  şəkildə özündə  əks etdirən vahid tipologiyanı  tərtib etməkdən imtina ediblər; bir neçə  təsnifatın 

mümkünlüyü ideyası qəbul olunub.  

Hər bir münaqişə, yetişəndən, açıq toqquşma  şəklinə düşəndən sonra onlar öz qanunları üzrə 

inkişaf etməyə başlayırlar. Münaqişələrin dinamikası və inkişaf tendensiyaları (meylləri) bir sıra amillərlə 

müəyyən olunur: onları yaradan səbəb və  şəraitin mürəkkəbliyi dərəcəsi, iştirakçıların emosional 

təəssüratlanma dərəcəsi; öz məqsədlərinə nail olma tələblərinin ödənilməsi üçün real imkanlar, tərəflərdə 

maddi, maliyyə, təşkilati vasitələrin olması; tərəflərin qarşılıqlı güzəştlərə getmək hazırlığı; xarici 

amillərin təsiri və s.(1). 

Münaqişələrin təsnifatı ona görə vacibdir ki, o, özünəməxsus ifadə-olunma formalarını tapmaq və 

həllolunma yollarının mümkün variantını qiymətləndirməyə imkan yaradır.  

Tədqiqatçılar  münaqişələrin təsnifatında müxtəlif yanaşmaları  təklif edirlər. Məs., sosioloqlar 

münaqişələrin makro və yaxud mikro səviyyələrinə, sosial-iqtisadi, milli-etnik və siyasi formalarına daha 

çox diqqət yetirirlər. Hüquqşünaslar sistemdaxili və sistemdən kənarda olan münaqişələri və onların 

ifadəolunma sahələrini fərqləndirirlər, o cümlədən ailə-məişət, mədəni, sosial-əmək, bunlarla yanaşı, 

bazar iqtisadiyyatı  şəraitində yaranan təsərrüfat, maliyyə  və  əmlak münaqişələrini  İdarəetmə 

konfliktologiyasının da öz yanaşması var. Burada münaqişələrin  əsas elementləri, onların ifadəolunma, 

inkişafı və idarəolunması üsullarının müxtəlifliyini daha aydın təsəvvrür etmək lazımdır və s. 

Bir çox alimlər münaqişələrin təsnifatında sistemli yanaşmadan istifadə edirlər. Bu yanaşmaya 

görə, sistemdə  məqsədə nail olmaq üçün müəyyən vasitələr istifadə olunur, yəni sistemin elementləri 

müəyyən funksiyaları icra etməklə, sistemli məqsədlərə nail olmağa çalışırlar.  

Struktur-funksional təhlil nəzəriyyəsinin nümayəndələri (T.Parsons, R.Merton, K.Devis və s.) sosial 

sistemin sabitliyini təmin edən strukturlar və mexanizmləri öyrənərkən, sistemlərdə, az ya çox dərəcədə 

münaqişələrlə bağlı olan struktur və funksiyaların tipologiyasını yaratdılar. T.Parsons sistemə dörd 

labüd tələbi irəli sürür: xarici obyektlərə adaptasiya (uyğunlaşma), qarşıya məqsəd qoymaq, sistemin 

elementləri arasında münaqişəsiz vəziyyəti qoruyub saxlamaq (inteqrasiya), institusional (sosial 

institutların normlara riayət olunma), normativ göstərişlərin yerinə yetirilməsi.  

T.Parsonsdan fərqli olaraq, R.Merton öz diqqətini funksiyaların pozulması hallarına yönəldib; 

pozulmasının səbəbini o, sosial strukturlarda yaranan ziddiyyətlər və gərginliklərdə görürdü. Öz «Sosial 

struktur və anomiya» əsərində o, fərdlərin cəmiyyətə uyğunlaşmasının beş növünü qeyd edir: konforizm 

(tam uyğunlaşmaq, öz formasını itirmək), innovasiya (yeniliyi axtarmaq), ritualizm (adət-ənənəyə riayət 

etmək), retrizm (köhnəyə qayıtmaq) və qiyam. Hər bir qeyd edilən, növündən kənarlaşmaq – ya 




 

 

hakimiyyət, ya da reprezentativ adlanan (yəni nümayəndəsi olduğu) qrupla münaqişənin qaçılmazlığını 



təsdiqləmək deməkdir.  

Münaqişələrin sistemdaxili və sistemdən kənardakılarla bölgüsünün həm idraki, həm də praktiki 

əhəmiyyəti var. Xüsusilə sistemdaxili sosial ziddiyyətlər üzərində qurulan münaqişələr vacibdir. L.Kozer 

hesab edirdi ki, cəmiyyəti «rigidli» (qapalı) və plyuralist (açıq) növlərə bölmək olar. Rigidli cəmiyyətlərdə 

böyük qruplar öz maraqlarını inqilabı zorakılıq, plyüralizm cəmiyyətlərdə isə – müxtəlif sosial institutlar 

vasitəsilə ələ keçirirlər.  

E.Giddinsin mövqeyi də bu mənada müəyyən maraq kəsb edir. Onun fikrincə, cəmiyyətin hər bir 

ayrılıqda götürülmüş növündə, hökmranlıq və istismar formalar plyüralizmi (müxtəlifliyi) ilə 

səciyyələnir; burada vahid empirik prinsip mümkün deyil, sinfi istismarla yanaşı, digər istismarçı 

münasibətlər növləri də var: dövlətlər, etnik qrurlar, qadın və kişilər arasındakı cinsi əlamətə görə 

istismar və s. 

Beləlilkə, sistemdaxili ziddiyyətlər münaqişələrin tipologiyasının əsasında dura bilər.  

K.Bouldinqin münaqişələrin ümumi nəzəriyyəsinə görə, ictimai münaqişələr, tərəflərin 

təşkilolunma səviyyələrinə görə üç böyük qrupa bölünür. Bu səviyyələrə uyğun təsnifat da verilir: fərdlər 

arasında münaqişələr; məkanda müəyyən  ərazidə yerləşən qruplar arasında sərhədyanı münaqişələr; 

məkanda toqquşan qruplar arasında ekoloji münaqişələr; fərdlər və  təşkilatlar, fərdlər və qruplar 

arasındakı münaqişələr və s.  

A.Rapoportun ümumi münaqişələr nəzəriyyəsində üç başlıca növ və eyni zamanda münaqişələrin 

üç səviyyəsi göstərilir: müharibə, oyun və mübahisə. Müharibə – axıra qədər, qələbəyəcən aparılan, 

istənilən, o cümlədən zorakılı vasitələrin itsifadəsinə yol verən güzəştsiz mübarizədir. Oyun – 

qabaqcadan müəyyən edilmiş qaydalar üzrə münaqişənin həlli üçün görülən tədbirlərdir; nəticədə qalib 

gələn tərəf, mühüm, lakin həyati  əhəmiyyətli olmayan üstünlükləri qazanır. Mübahisə zamanı yalnız 

dinc vasitələr istifadə olunur; məqsəd - digər tərəfin razılığının qazanılmasıdır.  

İyel universitetinin professoru Robert Dall (1915-ci il) da münaqişələrin maraqlı tipologiyasını 

tərtib edib. Onun fikrincə, münaqişələr:  

-  ikiqütblü və çoxqütblü (münaqişənin iştirakçılarının sayına görə) münaqişələr;  

-  kumulyativ (güclənən) və çarpazlaşan (münaqişə  iştirakçılarının tərkibində oxşar və ya fərqli 

cəhətlərin olub-olmamasından asılı olaraq) münaqişələr;  

-  iştirakçılar arasında ziddiyyətlərin  şiddətliyinə görə qütbləşməyə  və bölünməyə  gətirib çıxaran 

münaqişələr.  

Qütbləşmə dedikdə, cəmiyyətin iki bir-birinə zidd olan qruplara dərindən parçalanması  nəzərdə 

tutulur; bu zaman ziddiyyətin dinc vasitələrlə  həlli artıq mümkün deyil. Bölünmə (seqmentləşmə) – 

cəmiyyətin, müxtəlif mənafe və  dəyərlərə görə  fərqlənən qruplara bölünmə müşahidə edilir, bununla 

belə  cəmiyyətdə stabillik qarşılıqlı güzəştlər, danışıqlar və  məsləhətləşmələr sistemi vasitəsilə  təmin 

olunur.  

Cəmiyyətin ictimai-siyasi əsaslarını laxlatmayan münaqişələrin inkişafı mövcud siyasi sistemin 

institutlar həddlərində gedə bilər.  Əslində belə münaqişələr tərəflərin müəyyən razılığı  əsasında 

kompromisə, yəni xüsusi razılaşmaya çevrilə bilər.  

Ümumiyyətlə, münaqişələri müxtəlif  əsaslara görə  fərqləndirmək olar, məs., səbəbə, tərəflərin 

tərkibi, inkişaf dinamikası, tərəflərin fəaliyyət formalarına, sosial məqsədlər və nəticələrə görə və s. 

Münaqişələr daha çox aşağıdakı meyarlar əsasında qiymətləndirilir: münaqişənin tərəfləri, 

münaqişəyə  gətirib çıxaran tələbatların məhdudlaşdırılması; münaqişənin istiqaməti, yönümü; 

münaqişənin zaman həddləri. Tərəflərdən asılı olaraq, münaqişələr  şəxsiyyətdaxili,  şəxsiyyətlərarası, 

qrupdaxili (şəxsiyyət və qrup arasında) qruplararası, beynəlxalq və s. münaqişələrə bölünür. Hansısa 

məhdudlaşdırılan tələbatı üzündən  əmələ  gələn münaqişələri maddi, status və rolla bağlı olan, mənəvi 

növlərə bölmək olar. Münaqişələrin istiqamətlənməsinə görə onlar üfüqi (partnyorlar, həmkarlar 

arasındakı) və şaquli (tabeçilikdə olanlar və müdiriyyət arasında) olanlara bölünür.  

Zaman həddlərinə görə münaqişələr qısamüddətli, ötkəm, uzunmüddətli (məs., dövlət, milli, dini) 

olur.  

Nəticə etibarilə ölçülən meyara münaqişələr iki yerə bölünür: 



1. düşünülmüş, normal, müsbət nəticələr; bu zaman qruplar öz bütövlüyünü saxlayır, qruplararası 

münasibətlər əməkdaşlıq və kooperasiya xarakteri daşıyır; 




 

 

2. dağıdıcı, patoloji (xəstəliyə  bənzər), neqativ (mənfi) xarakter daşıyan nəticələr; burada insanlar 



arasında qarşılıqlı münasibətlər qeyri-sivil (qeyri-normal, qeyri-insani) xarakter alır, qarşıdurma və 

mübarizə ilə nəticələnir. (2) 

Münaqişələr həm də mövcudluq formasına görə  də (açıq və gizli (latent), inkişafın istiqamətinə 

(məqsəd və subyektlərlə bağlı olaraq), sürətinə görə (koqnitiv mübahisə doğuran) və motivasion 

(motivlərə əsaslanan), həllolunma mexanizminə görə, mürəkkəbliyi və vacibliyinə görə. 

Koqnitiv o münaqişələrə deyilir ki, onlar əks motivləri və yaxud ziddiyyətli nöqteyi-nəzərləri əks 

etdirirlər. Onlar mətbuat səhifələrində diskussiya, mübahisə, polemika şəklində aparılır. Əgər diskussiya 

mədəni, sivil şəkildə aparılırsa, adətən o, motivasion mərhələyə keçmir; sonuncunun əsasında tərəflərin 

köklü maraq və mənafeləri durur.  

İntensivliyindən (sürəkliliyindən) asılı olaraq münaqişəli tərəflər arasında ziddiyyətin 

kəskinləşməsi iki cürə ola bilər: radikalcasına (əsaslı  şəkildə) münaqişəli (əgər hər hansı bir ümumi 

maraq yoxdursa) bir də qismən münaqişəli münasibətlər; sonuncuda tərəflərin hansısa ümumi maraqları 

var. 

Münaqişələrin təhlili və qiymətləndirilməsi onların qruplaşdırılması, sistemləşdirilməsi, səciyyəvi 



əlamətlərə, növlərə  və tiplərə görə bölünməsini nəzərdə tutur. Belə  təsnifatın köməyilə predmeti, onun 

bütövlüyünü nəzərə alaraq, öyrənmək olur; münaqişə ifadələrinin bütün çalarları burada gözə çarpır; 

buna vahid metodologiya olan təsnifat köməklik edir. 

Münaqişələr,  əsas cəhətlərini xarakterizə edərkən, qeyd etdiyimiz kimi, nəinki qaçılmaz və  hər 

yerdə olan, həm də çox rəngarəngdir. Hər bir münaqişəli qarşıdurma özünəməxsus unikallığa, 

təkrarsızlığa malikdir; bunun səbəbi – iki və  ya  daha  çox  tərəflərin qarşılıqlı  əlaqəsi formaları  və 

nəticələrinin olmasıdır. 

 

Münaqişə subyektlərin sosial qarşılıqlı fəaliyyəti kimi 

Qədim dövrdən başlayaraq, insanlar öz aralarında  əməkdaşlıq etmək məcbuiyyətində olublar. 

Sosial  əlaqələr mürəkkəb olduqca, fərdlərin qarşılıqlı münasibətlərində  əməkdaşlıqla yanaşı, rəqabət, 

psixoloji qarşıdurma, mənafelərin  əksliyi və  məqsədə nail olmaq yollarının müxtəlifliyi də ifadə 

olunmağa başlandı. Bu kimi ziddiyyətlərin kəskinləşməsi, onların intensivləşməsi son nəticədə  fəal 

qarşıdurmaya, münaqişələrə gətirib çıxarırdı.  

Münaqişəli qarşıdurmanın  əsas keyfiyyətləri aşağıdakılardır: münaqişə, konsensusla yanaşı, 

ictimai münasibətlərin  əsas keyfiyyətlərindən biridir; münaqişə, çox kəskin gərginlik və digər patoloji 

hadisələrlə səciyyələnən insanın daxili durumudur; münaqişə insanın daxili vəziyyəti, həm də verbal və 

qeyri-verbal  şəkildə ifadə ollunan insan davranışının formasıdır; münaqişə – nəinki psixi gərgiqlik, o, 

həm də xüsusi emosional vəziyyətdir; burada mənfi emosiyalar həm psixikanı, həm də münaqişə 

tərəflərini bürüyür. Münaqişə  məhz qeyd edilən  əlamətləri ilə, özünə formasına görə yaxın, lakin 

mahiyyətinə görə fərqlənən sosial qarşıdurma növlərindən fərqlənir (məs., yarış, rəqabət, idman yarışları 

və s.). 

Bütövlükdə münaqişə bu və ya digər sosial münasibətlərin müəyyən durumudur; belə durum 

onun ümumi əsası kimi çıxış edir. Münaqişələr çox geniş yayılsa da, müvəqqəti hadisədir. Nəzərə almaq 

lazımdır ki, cəmiyyətin daimi xassələri – razılıq,  əməkdaşlıq, partnyorluq, dostluq və sevgi 

münasibətləridir. 

Qeyd olunmalıdır ki, münaqişə  nəinki məqsədə nail olmaq üçün bir vasitədir, həm də «özü-

özlüyündə  məqsəd və  məzmun» daşıya bilər.  İlk dəfə olaraq, buna G.Zimmel diqqət yetirmişdir. Məs., 

müxtəlif milli hərəkatların nümayəndələri, panklar, fanatlar və digər qruplar etiraz nümayişi keçirərək, 

xuliqanlığa yol verirlər, deviant (normadan kənar) (köhnə latın sözü olan deviatio – «kənaraçıxma» 

sözündən) davranışı nümayiş etdirirlər. Deviant davranışa nəinki mənfi davranış halları daxildir, 

həmçinin, buraya yeniliyə meylilik, mühafizəkar  ənənələrin aradan qaldırılmasında cəsarətlilik, elmi-

texniki və bədii yaradıcılığın müxtəlif növlərini də aid edirlər. Nəticədə yeniliçilik hamı tərəfindən eyni 

şəkildə qəbul olunmadığı üçün münaqişə yaranır. 

Münaqişənin vəzifəsi – həddindən artıq kəskinləşmiş ziddiyyətlərin fəth edilməsi, sosial əlaqələrin 

sübyektlərinin maraqlar, qiymətvermələr və  məqsədlərin ciddi şəkildə  fərqlənməsi  şəraitində yaranmış 

qarşıdurmadan optimal çıxış yolunun tapılmasıdır.  Əsrlər boyu «qızıl qayda» tapılmışdır: insan, digər 

insanlarla münasibətlərində loyallığı (başqasının mövqeyinə hörmət), dözümlülüyü, xoş  məramını, 



 

 

ədalətliliyi ifadə etməlidir; ümumiyyətlə insanlar öz münasibətlərini qarşılıqlı etibarlılıqda, sözdə və işdə 



bütöv olmasında qurmalıdırlar.  

Məlumdur ki, insanlar istər işgüzar, istər  şəxsi müstəvidə olan münasibətləri yalnız tərəflərin 

qarşılıqlı güzəştlər və  səbrlilik,  əməkdaşlıq, münaqişə  və ziddiyyətlərin həllinə meyllilik əsasında 

qurmalıdırlar. Lakin insanlar həm də digərləri ilə qarşılıqlı fəaliyyət zamanı elə bir münasibət qurur ki, 

nəticədə ziddiyyət və gərginlik, barışmazlıq və düşmənçilik yaranır.  

Yuxarıda qeyd edildiyi kimi, münaqişəli vəziyyətin tərəflərinin keyfiyyət tərkibindən asılı olaraq, 

dörd  əsas münaqişə tipi müəyyən edilir: şəxsiyyətdaxili,  şəxsiyyətlərarası, qrupdaxili və qruplararası 

münaqişələr. 



Şəxsiyyətdaxili münaqişə – insanın daxili aləmində  əmələ  gələn  ən mürəkkəb psixoloji 

münaqişələrdən biridir. Şəxsiyyətdaxili münaqişə – şəxsiyyətin daxili aləmində bir-birinə zidd olan 

motivlərin (tələbatlar, maraqlar, dəyərlər, məqsəd və ideallar) toqquşması deməkdir.  

Şəxsiyyətdaxili münaqişənin bir sıra xüsusiyyətləri var: münaqişənin strukturu baxımından 

özünəməxsusluq (münaqişənin tərəfləri yoxdur), ifadəolunma və keçirilmə formalarını 

özünəməxsusluğu (ağır dərd halına düşür), latentlik (gizli şəkildə olur, hər vaxt müşahidə olunmur). 

Şəxsiyyətdaxili münaqişə o zaman yaranır ki, insana qarşı müxtəlif xarakterli, çox vaxt ziddiyyətli 

tələblər irəli sürülür, bu tələblər isə onun şəxsi tələbatlar və yaxud dəyərləri ilə uzlaşmır. 

Şəxsiyyətdaxili münaqişənin səbəbləri iki növ olur: daxili (şəxsiyyətin özündə mövcud olan 

ziddiyyətlər); xarici (sosial qrupda və cəmiyyətdə şəxsiyyətin mövqeyi). 

Şəxsiyyətdaxili münaqişəni yaradan əsas ziddiyyətlər aşağıdakılardır: ziddiyyət və sosial normalar 

arasında; motivlər, maraqlar və tələbatlar arasında (məs., teatra getmək istəyi ilə vacib işi tamamlamaq 

zərurəti arasnıda); sosial rollarda (istehsalatda əlavə  iş vaxtı  sərf etmək; digər tərəfdən, uşağı  gəzintiyə 

çıxarmaq); sosial dəyərlər və normalar arasında ümumbəşəri dəyər olan «öldürmə» ehkamı  və döyüş 

meydanında cəmiyyətin müdafiəsi arasındakı ziddiyyət). 

Şəxsiyyətdaxili münaqişənin xarici səbəbləri aşağıdakı amillərlə müəyyən edilə bilər:  şəxsiyyətin 

qrupda vəziyyəti; şəxsiyyətin təşkilatda vəziyyəti; cəmiyyətdə şəxsiyyətin vəziyyəti. 

Şəxsiyyətin qrupda vəziyyəti ilə müəyyən edilmiş xarici amillər müxtəlif ola bilər. Onların ümumi 

əlaməti ondan ibarətdir ki, şəxsiyyət üçün müəyyən bir şəraitdə çox dərin məna kəsb edən, əhəmiyyətli 

tələbatlar və motivlərin ödənilməsi mümkün deyil.  

Təşkilat səviyyəsində  şəxsiyyətdaxili münaqişəyə  gətirib çıxaran səbəblər, məsuliyyət və 

məhdudlaşdırılmış hüquqlar, tələbatlar və  əmək  şəraitinin qənaətbəxş olması, qarşıya qoyulmuş  vəzifə 

və onun yerinə yetirilməsi mexanizminin dəqiq müəyyənləşdirilməməsi və s. sahələrdə yaranan 

ziddiyyətlər ola bilər.  

Şəxsiyyətin cəmiyyətdə  vəziyyəti ilə  əlaqəli olan xarici səbəblər, sosial makrosistem səviyyəsində 

yaranan və  cəmiyyətin ictimai quruluşunun xarakteri, onun sosial strukturundan irəli gələn 

ziddiyyətlərlə bağlıdır. 

Z.Freydin psixoanaliz nəzəriyyəsində  şəxsiyyətdaxili ziddiyyət, «O» və «Fövqəl-Mən» (yəni 

instinktiv yönümlər və  əxlaqi duyğular və  tələbatlar) arasında mövcud olan zidiyyətin nəticəsində 

yaranır. Psixoanaliz nəzəriyyəsinin həddlərində şəxsiyyətdaxili münaqişə nəzəriyyəsi üzərində K.Yunq, 

A.Adler, K.Horni və digərləri işləyib hazırlamışdılar. Münaqişə şəxsiyyətin kəskin mənfi təəssüratlarında 

ifadə olunur. 

Şəxsiyyətdaxili nəzəriyyəsinin tədqiqini Amerika psixoloqu Karl Rocers (1909-1982-ci illər) öz 

yaradıcılığında davam etdirdi. O, hesab edirdi ki, şəxsiyyətin strukturunun fundamental komponenti 

«Mən-konsepsiya»dır; buraya şəxsiyyətin özü haqqında təsəvvürlər daxildir. Öz «Mən»in obrazı, 

şəxsiyyətin ətraf mühitlə qarşılıqlı əlaqəsi zamanı formalaşır. 

Digər Amerika psixoloqu Abraham Maslou (1908-1968-ci illər) da böyük populyarlıq qazanan bir 

konsepsiyanı yratamıdır. A.Maslounun fikrincə, şəxsiyyətin motivasiyalar strukturunun əsasında bir sıra 

təşkilati tələbatlar durur. Onların sırasında fizioloji, təhlükəsizliyə, sevgiyə, hörmətə, özünüifadə 

olunmaya olan tələbatları qeyd etmək olar. Ən alisi – sonuncudur, çünki burada insanın imkanları, 

qabiliyyət və talantları realizə olunur. Özünüifadəetmə – çox adamlarda var, lakin yalnız bəzilərində o, 

reallaşır və həqiqətə çevrilir. 




 

 

Konfliktoloji konsepsiyalarda şəxsiyyətdaxili münaqişələri növlərə böləndə, bir neçə  əsası  nəzərə 



alırlar. «Fərdin və qrupun psixologiyası»  əsərinin müəllifləri üç cürə belə münaqişəni fərqləndirirlər: 

tələbatlar münaqişəsi; tələbatlar və sosial normalar arasında münaqişə; sosial normaların münaqişəsi. (3) 

Şəxsiyyətdaxili münaqişələrinin daha dolğun təsnifatı A.Y.Antsupov və A.İ.Şipilov tərəfindən 

verilir: onlar belə təsnifatın əsasını şəxsiyyətin dəyərlər – motivasiyalar sahəsində görürlər. Münaqişəyə 

girən tərəflərdən asılı olaraq, onun əsas növləri göstərilir: motivasiyalarla bağlı olan, əxlaqi, 

gerçəkləşdirilmiş arzularla bağlı olan, rol, adaptasiya münaqişələri, qeyri-adekvat (uyğun olmayan), bir 

də nevrotik (əsəb sistemi ilə bağlı olan) münaqişələr. (4) 

Şəxsiyyətdaxili münaqişələr öz nəticələrinə görə konstruktiv (funksional, səmərəli), ya da ki, 

destruktiv (dağıdıcı, səmərəsiz) ola bilər. Konstruktiv xarakterli münaqişələr  şəxsiyyətin inkişafı üçün 

zəruridir. Destruktivlər isə şəxsiyyət üçün müəyyən təhlükə törədir: burada ağır təəssüratlanmalar stress 

vəziyyətinə  gətirib çıxarır, bunların da ən ağır forması – intihardır.  Şəxsiyyətdaxili münaqişə – 

şəxsiyyətin elə bir vəziyyətidir ki, eyni zamanda ziddiyyətli və bir-birini inkar edən motivlər, dəyərlər 

yönümü və məqsədlər yaranır və insan həmin anda onların öhdəsindən gələ bilmir. 

Ümumi  şəkildə  şəxsiyyətdaxili münaqişəni subyektiv mövcud durumu və arzuolunan durumu, 

imkan və gerçəklik, aktual və potensialın arasındakı münaqişə kimi xarakterizə etmək olar.  

Ən geniş yayılmış psixoloji münaqişələr sırasında  şəxsiyytələrarası münaqişələri göstərmək olar. 

Onlar əslində cəmiyyətdə bütün fəaliyyət sahələrini əhatə edir.  

Alimlər haqlı olaraq qeyd edirlər ki, şəxsiyyətlərarası münaqişə – insan nəslinə xas olan ən qədim 

fəaliyyət üsullarından biridir. Bəziləri hesab edirlər ki, münaqişənin bu növü şəxsiyyətin daxilində gedən 

mübarizədən əvvəl yaranıb, çünki insanlar öz daxili aləmini araşdırmazdan əvvəl fərdlərarası ünsiyyətdə 

iştirak edirlər. 

Şəxsiyyətlərarası münaqişələr - ayrı-ayrı fərdlərin sosial və psixoloji qarşılıqlı təsirinin nəticəsində 

öz aralarında toqquşması deməkdir. Bu – qarşılıqlı  fəaliyyət quran subyektlərin açıq qarşıdurmasıdır; 

burada ziddiyyətlər, konkret şəraitdə üst-üstə düşməyən  əksməqsədlər kimi çıxış edir. Ziddiyyətlər 

ictimai həyatın müxtəlif sahələrində yarana bilər – məişət, iqtisadi, siyasi və s. Fərdlərarası ziddiyyətlər 

mülkiyyət üstündə, xasiyyətləri bir-birinə uyğun gəlməyəndə, xırda hərc-mərclik üstündə yaranır. 

Müxtəlif xasiyyətli, temperamentli insanlar, bir-birilə heç cürə yola gedə bilmirlər.  

Şəxsiyyətlərarası münaqişələr özünəməxsusluğa malikdir: insanların ziddiyyətləri, şəxsi motivlərin 

toqquşması  nəticəsində  dərhal, yerindəcə baş verir; burada bütün məlum olan ümumi və xüsusi, 

obyektiv və subyektiv səbəblər ifadə olunur; burada xasiyyət, temperamentin yoxlanılması meydanıdır, 

belə demək olar ki, «poliqondur», qabiliyyətlər, intellekt, iradə  və digər keyfiyyətlərin ifadə olunması 

vasitəsidir; yüksək emosionallıq müşahidə edilir; nəinki münaqişədə olan, həm də onlarla birbaşa əlaqəli 

olan maraqlarına toxunur. 

Şəxsiyyətlərarası münaqişənin yaranması  işində  əsas rolu ziddiyyətlər oynayır. Hər hansı bir 

hadisəyə olan baxışlar, qiymətvermələr üst-üstə düşməyəndə, ziddiyyətlər yaranır, mübahisə doğurur. 

Əgər belə vəziyyət iştirakçıların birinə təhlükəli görünərsə, onda münaqişəli vəziyyət yaranır. Münaqişəli 

vəziyyət zamanı  tərəflərdə, hər hansı bir obyekti ələ keçirmək işində  əksmövqe və  məqsədlər yaranır. 

Məs., tədris qrupunda tələbələr arasında lider olmaq arzusu yaranır. Münaqişənin yaranması üçün 

burada istənilən bəhanə, yəni hər hansı bir hadisə, hətta üçüncü tərəfin iştirakı da ola bilər. Burada belə 

bir bəhanə hər hansı bir tələbənin, lider olmaq istəyinin haqqında rəyin yayılması ola bilər. 

Münaqişəli vzəiyyətdə onun sübyekti və obyekti aşkarlanır.  Şəxsiyyətlərarası subyektlər – öz 

maraqlarını müdafiə edən, məqsədlərinə nail olmağa çalışan iştirakçılardır. Münaqişənin obyekti – onun 

iştirakçılarının meyl saldıqları bir şeydir. Bu, həmin məqsəddir ki, qarşıdurma iştirakçılarının hər biri ona 

nail olmağa çalışır. Belə vəziyyətdə münaqişənin predmeti isə – subyektlərin əks maraqlarını ifadə edən 

ziddiyyətlərdir. 

Şəxsiyyətlərarası münaqişələrin səbəbləri müxtəlif ola bilər, çünki onlar həyat fəaliyyətinin bütün 

sahələrində mövcuddur. Məs., təşkilatda münaqişələr ehtiyatların bölünməsi sahəsində, kommunikasiya 

vasitələrində nasazlıq üzərində məqsədlərdə olan fərqlərdən, fərdi-psixoloji xüsusiyyətlərindən, bir sıra 

(status, rol, mövqe və s.) sosial-psixoloji hadisələr üzündən baş verə bilər. 



Qrup münaqişələri - qarşıdurma tərəflərindən heç olmasa biri kiçik qrup olduğu təqdirdə, qrup 

münaqişəsi yaranır. Belə qarşıdurma bir-birinə zidd mövqeli qrup motivlərin  əsasında yaranır. Qrup 




 

 

münaqişələrin iki əsas növünü göstərmək olar: qrupdaxili («şəxsiyyət-qrup» münaqişəsi); qruplararası 



(«qrup-qrup» münaqişəsi). 

Qrupdaxili münaqişənin 

«şəxsiyyət-qrup» növündə durur. Münaqişənin bu növü 

şəxsiyyətlərarası münaqişədən  əsaslı  şəkildə  fərqlənmir, burada fərq onun çoxölçülülü olmasındadır. 

Qrupa bir çox münasibətlər daxildir, o, müəyyən şəkildə təşkili olunub, burada formal və/yaxud qeyri-

formal lider var və s. Münaqişənin  şəxsiyyətdaxili və  şəxsiyyətlərarası  səbəblərinə qrup təşkilatı ilə 

müəyyən edilən səbəblər də əlavə olunur.  

Şəxsiyyət və qrup arasında münaqişələr qrupunun daxilidə mövcud olan qarşılıqlı münasibətlərin 

inkişafı  nəticəsində yaranır; bəzən burada özünəməxsus xüsusiyyətlər də yaranır. Birinci xüsusiyyət 

münaqişənin strukturu ilə bağlıdır; münaqişə ilə bağlı  fəaliyyət  şəxsi və qrup motivlərinin toqquşması 

əsasında aparılır. İkinci xüsusiyyət – nəzərdə tutulan munaqişənin səbəblərinin mahiyyətini özündə əks 

etdirir. Səbəblər isə bilavasitə  fərdin qrupda mövqeyi ilə bağlıdır; bu mövqeyi «vəziyyət», «status», 

«daxili ustanovka», «rol», «qrup normaları» kimi anlayışlar xarakterizə edir. şəxsiyyət və qrup arasında 

yaranan münaqişələrin səbəbləri birbaşa rol gözlmələri ilə bağlıdır;  şəxsiyyətin statusuna daxili 

ustanovka («gözləmə») uyğun gəlməyəndə, rol gözdəmələri pozulanda münaqişə baş verir. Üçüncü 

xüsusiyyət – öz əksini hər hansı bir münaqişənin ifadəolunması formalarında tapır; məs., qrup tərəfindən 

sanksiyalar (cəza tədbirləri) tədbiq olunur, qrupun üzvləri münaqişədə olanla qeyriformal ünsiyyəti 

kəsirlər; münaqişə edəni kəskin  şəkildə  tənqid edirlər, bəzən onda eyforiya (yüksək  əhval-ruhiyyə) 

yaranır və s. 



Qruplararası münaqişə – əks mövqeli qrup motivlərin, maraqların, dəyərlər və  məqsədlərin 

toqquşması  nəticəsində yaranır. Belə münaqişələrin səciyyəvi cəhəti məhz qeyd edilən xüsusiyytədir. 

Münaqişələrin belə növü müxtəlif ölçüdə (kiçik, orta, iri) qruplar arasında ola bilər.  

Kiçik sosial qrup (KSQ) – bilavasitə ünsiyytdə olan, ümumi məqsəd və  vəzifələri həyata keçirən 

(ailə, briqada, qrup) insan birliyidir. Orta sosial qrup (OSQ) – nisbətən müstəqil, ictimai əmək bölgüsü 

sistemində öz statusuna və funksiyalarına malik olan təşkilatdır (müəssisə, tədris ocağın, hərbi hissənin 

kollektivi). Böyük sosial qrup (BSQ) – bütün üzvləri üçün ümumi olan iqtisadi, siyasi, dini və s. əlamətlər 

əsasında formalaşan insan qrupudur (sosial sinif, siyasi partiya, laylar, etnik birliklər, milli qurumlar, iri 

dini birləşmələr). 

Sosial qrupların müxtəlif səviyyələri münaqişələrin yarışması  və  həllolunma üsullarında öz 

xüsusiyyətlərinə malikdir. Məs., kiçik qrup səviyyələrində qruplararası münaqişələrin yaranmasında 

qrupların sosial identifikasiyası amili böyük rol oynayır. O, qrupa aidolma duyğusunun 

formalaşdırılmasında, özünü digər üzvləri ilə eyniləşdirilməsində «onlar» və yaxud «bizimki 

olmayanlar» mövcudluğundan fərqli olan «biz» mövhumunun yaradılmasında istifadə olunur.  

 

Qender münaqişələrinin növləri və ifadəolunma sahələri 

Müasir dünyada baş verən sosial-iqtisadi və siyasi dəyişikliklər, ictimai həyatın sərt templəri qadın 

və kişilərdən bir sıra  şəxsi keyfiyyətlərinin səfərbər olunmasını  tələb edir, məs., «Mən» obrazının çevik 

şəkildə uyğunlaşdırılması, öz hiss və duyğularının digər insanların motiv və  hərəkətlərinin düzgün 

qiymətləndirilməsi. 

Qenderin çoxtərəfli quruluşu dörd qrup keyifyytələrlə xarakterizə olunur: bioloji cins, qender 

stereotipləri, qender normaları və qender identikliyi (bənzədilməsi). (5) 

Əvvəlki mühazirələrdə qeyd edildiyi kimi, qender identikliyi – özündəşüurun bir aspektidir 

(cəhəti). Burada insan özünü müəyyən cinsin nümayəndəsi olduğunu dərk edir. Bu xüsusiyyət şəxsiyyəti 

müəyyən edən başlıcasıdır; o, kişi və ya qadın cizgilərinin psixoloji interiorizasiya (mənimsəmə) 

nəticəsində yaranır, sosiallaşma prosesi, «Mən»in digər insanlarla ünsiyyəti zamanı əmələ gəlir.  

İnsanın sosiallaşmanın istiqamətlərindən biri – onun öz cinsi mənsubiyyətinin dərki və qender 

identikliyinin formalaşmasıdır. 

Qender sosiallaşması prosesi müxtəlif sosial və  mədəni vasitələrlə müəyyən olunur və 

istiqamətləndirilir. Bunun üçün hər bir cəmiyyətdə müəyyən qender rolları mövcuddur (6). 

Amerikalı sosial psixoloqlar M.Doyç və R.Krauss qeyd edirlər ki, «rol» anlayışının çox əhatəli 

tərifini axtarmaq məqsədəuyğun deyil; burada, müəlliflərin  əksəriyətinin nəzərdə tutduqları sosial 

davranışın müəyyən aspektlərinin qeyd edilməsi kifayətdir. Bu aspektlər aşağıdakılardır:  




 

 



cəmiyyətdə mövcud olan, fərdin davranışına və digər fərdlərlə qarqılıqlı fəaliyyətinə aid gözləmələr 

sistemi kimi başa düşülən rol; 

fərdin özünə aid olan spesifik gözləmələr sistemi olan rol, yəni digərləri ilə münasibətləri qurarkən, 



o, öz davranış modelini necə təsəvvür etməsi ilə bağlı olan rol; 

müəyyən mövqe tutan fərdin açıq, müşahidə edilə biləcək davranış tərzini bildirən rol (7). 



Sözün geniş mənasında rol, şəxsiyyətlərarası sistemdə insanların davranış tərzini bildirir; davranış 

tərzi isə öz növbəsində mövcud cəmiyyətdə qəbul olunmuş normalar, qaydalar və gözləmələr toplusuna 

uyğundur və insanların cəmiyyətdə tutduqları mövqedən asılı olur. Qender rolu dedikdə, insanın, kişi və 

ya qadın statusuna aidiyyatını bildirən sosial standartlar və stereotiplər sisteminə uyğunluğu nəzərdə 

tuturlar.  

Stereotip – qrupdakı insanların  şəxsi keyfiyyətləri haqqında rəydir; bu rəy qeyri-dəqiq və 

həddindən artıq ümumiləşdirilmiş ola bilər. Stereo-tiplər (o cümlədən qender) tez-tez insanlar haqqında 

həddindən artıq  şərti və sadələşdirilmiş  təsəvvürləri yaradır, digər insanlar haqqında gözləmə  və 

mövqelərı (müəyyən edilmə) formalaşdırırlar. Hətta  şəxsiyyətin özü haqqındakı  təsəvvürlər də 

stereotiplərlə sıx əlaqədə ola bilər.  

Öz bacarıqlarını  aşkarlyan qadın, imkanlarını realizə etmək yolunda tez-tez, qadının cəmiyyətdə 

yeri və rolu haqqındakı təsəvvürlərlə toqquşur və münaqişəli vəziyyətə düşür; ola bilsin ki, burada özü 

bir  şəxsiyyət olaraq, özü-özü ilə  də qarşıdurmaya çıxır. Qadınlar özünə qarşı  hədsiz tələbkarlıqla, işə 

qəbul zamanı işdə vəzifə paylananda hüquqların pozulması ilə rastlaşırlar; bütün bunlar qadınları özünü 

ifadə etmək imkanından məhrum edir, müxtəlif münaqişələrə gətirib çıxarır.  

Qender steteotipləri kişilərə  də  mənfi təsir göstərir. Onlarda da çoxu müvəffəqiyyətin rəmzləri 

sayılan normalara (status, fiziki, zehni sabitlik, antiqadınlıq) uyğun gəlmir, nəticədə stress əmələ  gəlir, 

əvəzi çıxmaq arzusu irəli sürülür: onlar çalışır ki, emosiyalara varmasınlar, öz cinsindən olanlara fabiya 

göstərirlər (qorxu), rəqabətə, müvəffəqiyyətə nail olma meylini beynindən çıxara bilmirlər.  

Qender reallarının sosial-psixoloji təhlili,  şəxsiyyətlərarası,  şəxsiyyətdaxili rollarla bağlı 

münaqişələr kimi psixoloji problemlər haqqında düşünməsinə imkan verir.  

Hər hansı bir sosial rolunu yerinə yetirən fərdin davranışı gözlənilən nümunəyə uyğun gəlirsə, o 

uğurlu sayılır. Fərd vəzifələri (rolları) lazımi qaydada yerinə yetirmək üçün bir sıra amilləri nəzərə 

almalıdır: öz rolunun bilməsi; yerinə yetirilən rolunun əhəmiyyətli olması; üzərinə aldığı rolunun 

öhdəsindən gəlmək, öz real davranışını düşünüb təhlil etmək bacarıqları.  

Rolun yerinə yetirilməsində yaranan qüsurlar münaqişəni yarada bilər. Rol münaqişəsi dedikdə, 

müəyyən statusa malik olan fərdin, özünə uyğun olmayan gözləmələri ilə qarşı-qarşıya çıxmaq 

məcburiyyətində qalması  nəzərdə tutulur. İki cürə rol münaqişəli olur: rollararası  və rolun daxilindəki 

münaqişələr. Rollararası münaqişə o zaman yaranır ki, fərd, eyni zamanda bir neçə rolu yerinə yetirdiyi 

üçün onların öhdəsindən gələ bilmir, keyfiyyəti itir, münaqişəli vəziyyət yaranır. Roldaxili münaqişə, 

müəyyən bir rolu yerinə yetirən adama, ona əhəmiyyətli olan adamlar ya müxtəlif sosial qruplar 

tərəfindən irəli sürülən ziddiyyətli tələblərin üzündən yaranır.  

Müəyyən bir cinsin nümayəndələri, sosial rollarında qender stereotipləri qazanaraq, həm də 

qender münaqişələrinin yaranmasına zəmanət alırlar (ilk növbədə  şəxsiyyətdaxili səviyyədə).  İnsan, 

müxtəlif bir-birinə zidd olan təsəvvürlər, motivlər, davranış modellərilə üzləşərək, öz daxilində müəyyən 

bir vəziyyətə düşür. (8) Qadınların rol davranışına olan ənənəvi normativ tələblər və onların həyat 

fəaliyyətində yaranan real situasiyanın qarşıdurmasının  ən parlaq ifadəsi – sosial-psixoloji ədəbiyyatda 

«işləyən qadının rol münaqişəsi» adlanan fenomendir. Bu münaqişə qadının böyük miqdarda sosial-

rolların yerinə yetirməsi ilə bağlıdır; onun nə vaxtı, nə gücü bu rolların mükəmməl yerinə yetirilməsi 

üçün çatışmır.  İşləyən qadının rol münaqişəsi – onun, peşəkar və ailə sahələrində rolların öhdəsindən 

gəlməsinə mənfi qiymət verilərkən yaranan subyektiv mənfi təəssüratlar kompleksidir.  

Rol münaqişəsinin ən ifadəli, dağıdıcı təsirə malik olan göstəricisi – qadında, öz rollarını qavramaq 

tərzindən irəli gələn günahkarlıq hissinin yaranmasıdır. Günahkarlıq hissi çox sabit, davamlı  və ifadəli 

olur – qadının uşaqlara,  ərinə, işə, özünə olan münasibətlərində bu hiss özünü büruzə verir. 

Şəxsiyyətdaxili qender münaqişələrinin ehtimalı o zaman artır ki, insan, öz arzu və istəklərinin  əksinə 

olaraq, müəyyən sosiomədəni göstərişlərə əməl edir («kişi belə özünü aparmaz», «qadın belə etməz»). 

Şəxsiyyətdaxili münaqişəsinin daha bir ifadəsi – ekzistensial (köhnə lt. exsistentia – insan 

mövcudluğu) böhran vəziyyətidir. Burada insanın yaşaması belə sual işarəsi altına alınır, dünyaya 




 

 

münasibəti və öz varlığının mənasının axtarışı problemi ön plana çəkilir. Belə münaqişə, müəyyən bir 



səbəblər üzündən yarana bilər: insan qəflətən öz həyatının fundamental, yəni ölüm-dirim məsələləri ilə 

üzləşə bilər, məs., vacib bir məsələnin həllində qərarın qəbul olunması, davranışında, yəni müəyyən bir 

məsələyə münasibətində dəyişiklik etmək, digər adamlarla yeni münasibətlərin qurulması zərurəti və s. 

Kişilər öz həyatında yeganə  və  ən  əsas meyarı peşəkarlıq fəaliyyəti mənsəbinə çatmağını  nəzərdə 

tutduqları üçün, işi itirəndə  və yaxud təqaüdə  çıxanda ekzistensial münaqişəsi vəziyyətinə düşürlər. 

Qadınlar isə, sırf qadın vəzifəsini, yəni ana olmaq, evin ocağını qorumaq vəzifəsini reallaşdırarkən, artıq 

böyümüş  uşaqların, ailəsindən psixoloji cəhətdən ayrılan zaman ekzistensial böhran vəziyyətinə 

düşürlər. Ekzistensial münaqişə, həyatın adi axarını pozaraq, insanı öz ömrünə yenidən qiymət verməyə 

vadar edir. Belə münaqişənin fəth edilməsi onun üçün həyati əhəmiyyət kəsb edir; nəticədə isə həyatda 

hansısa yeni keyfiyyətlər, yeni şərait meydana gəlir. 

Gündəlik həyatda bu və ya digər münasibətlər modelinin (məs., partnyorluq və yaxud asılılıq 

münasibətlərinin) çəciyyəvi cəhətlərini üzə  çıxarmaq bir o qədər asan iş deyil. Psixoloji ədəbiyyatda 

münaqişəli vəziyyətdə  səmərəli və  səmərəsiz davranış üsulları  təsvir edilib. Səmərəli üsullara – 

əməkdaşlıq, kompromis (qarşılıqlı güzəşt), səmərəsizlərə isə – rəqabət, düşmənçilik, uyğunlaşma və 

boyunqaçırma kimi üsulları aid etmək olar. Burada yaranan hər hansı bir ziddiyyət kişi və qadın 

arasında gedən mübarizənin təzahürü kimi qiymətləndirilir; nəticədə kimsə (ehtimal ki, kişi) mütləq 

qalib gəlməlidir. Münaqişə  iştirakçısı bütün mümkün vasitələrdən istifadə edir ki, öz istədiyinə nail 

olsun, maksimum dərəcədə arzuladığını  əldə etsin, partnyorun üzərində üstünlüyə malik olsun. Əksər 

kişilər daha çox üstünlük etməyə meyllidir, qadınlar isə – daha çox asılılıq və tabeçilik sistemindən irəli 

gəlirlər. 

İndiki psixoloqlar insan gələcəyini, qarşılıqlı fəaliyyətdə partnyorluq əlaqələrin bərqərar olması ilə 

bağlayırlar. Jəmiyyət, hökmranlıq, hakimiyyət, vəzifə, mövqe uğrunda mübarizənin üzündən məhv ola 

bilər. Qender yanaşması mütərəqqi tərzdə düşünən psixoloqlara mütərəqqi imkan verir ki, onlar, 

bərabərhüquqlu, qarşılıqlı partnyorlu fəaliyyət dəst-xəttiiləə  əsasslanan universal insan psixologiyasını 

yaratmış olsunlar. 

Azərbaycanda hüquqi dövlətin qurulması  və  vətəndaş  cəmiyyətinin yaradılması  məsələsi bizdən 

istər nəzəriyyə, istərsə də praktikada qender yanaşması ilə bağlı olan bir çox sosial problemlərin həllini 

tələb edir. Kəskin sosial ziddiyyətlər belə bir qənaətə gətirib çıxarır ki, qender iyerarxiyası zorən təkrar 

istehsal olunur – söhbət birinci növbədə hakimiyyətdə qalmaq və özünəməxsus olan sosial rollarını 

qoruyub saxlamaqdan gedir. 

Qender iyerarxiyası problemi müasir Azərbaycan cəmiyyətində  də münaqişə üçün imkanlar 

yaradır. Azərbaycan Respublikasının Konstitusiyası  və  qəbul olunan çoxsaylı qanunvericilik aktları 

qadın və kişi bərabərliyini bəyan edirlər. Məs., Azərbaycan Konstitusiyasının 25-ci maddəsində qadın və 

kişilərə  bərabər hüquq və azadlıqların, irqindən, millətindən, dinindən, dilindən, cinsi 

mənsubiyyətindən, vəzifə  və maliyyə  vəziyyətindən asılı olmayaraq verilir və müdafiə olunur. (9) 

Əslində isə ölkədə istər açıq, istər qapalı şəkildə diskriminasiya dərinləşir.  

Bir sıra hallar, o cümlədən şəxsi və ictimai həyat sahələri arasında, kişi və qadınların gəlirlərində 

böyük fərqlər, işsizliyin yüksək həddi, qərarların qəbul olunmasında qadınların az təmsil olunması, ana 

və  uşaqların mühafizəsi üzrə  zəif maddi təminatı – hələ bu siyahı tam deyil – respublikada qender 

münaqişələrinə gətirib çıxarır.  

Respublikada keçirilmiş tədqiqatlar göstərir ki, qadınlar öz hüquqlarına tam çatmaq işində bir sıra 

əngəllərlə rastlaşırlar: mövcud qanunvericilik və icraedicilik mexanizmləri arasında uyğunsuzluq; 

əhalinin hüquqi savadlılığının aşağı səviyyədə olması, hüquqi prosedurlarla az tanış olması; qadınların 

qanunverici, icraedici və məhkəmə orqanlarında az təmsil olunması; qadın və kişilərin mövcud hüquq və 

azadlıqlar haqqında kifayət qədər məlumatın olmaması. (10) 

 

MÜZAKİRƏ ÜÇÜN SUALLAR VƏ TAPŞIRIQLAR 

 

1. Münaqişələrin təsnifatının mümkünliyinin əsaslarını göstərin? 



2.  Şəxsiyyətdaxili və şəxsiyyətlərarası qender münaqişələrin səbəbləri nədədir? 

3. Azərbaycanda qender münaqişələrin əsas səbəblərini sadalayın? 

 



 

 

İş üsulları  – diskussiya, münaqişələrin müxtəlif psixoloji kosnepsiyaların təhlili; «Şəxsiyyətdə 

təcavüzkarlıq meyllərinin qiymətləndirilməsi» testi 

 

TEST 

 

«Şəxsiyyətin təcavüzkarlıq meyllərinin qiymətləndirilməsi» 

 

Təlimat.  Hər bir sualda cavabın variantını seçin. Əgər hansısa sualın cavabını tapa bilməsəniz, 

balları toplayanda onu 2 balla qiymətləndirin. 

 

1. Münaqişədən sonra barışmaq yolunu axtarırsınızmı? 



a. həmişə 

b. bəzən 

c. heç  vaxt 

2. Tənqidi situasiyada özünüzü necə aparırsınız? 

a. daxildə coşub–daşıram 

b. tam  sakitəm 

c. hövsələdən çıxıram 

3. Həmkarlar sizin necə olduğunuzu deyir: 

a. özündən razı 

b. yaxşı dost 

c. sakit 

4. Sizə məsul, amma riskli vəzifəni təklif etsələr nə edərsiz? 

a. qəbul edərəm, amma həm də bir qədər çəkinərəm 

b. şübhə etmədən razılaşaram 

c. öz  qulağımın dincliyi mənə hər şeydən artıqdır. 

5.  Əməkdaşlardan biri sizin masadan, icazə almadan, bir sənəd götürsə, onda: 

a. ona  «yaxşıca» cavab verərəm 

b. qaytarmasını istəyəcəm 

c. məhəl qoymayacağam. 

6. Ömür 


yoldaşınız işdən həmişəkindən gec qayıtdı. Ona nə deyəcəksiniz? 

a. Niyə gejikmisən? 

b. «İndiyə qədər haralardasan?» 

c. «Mən nigaranam» (Subaylar üçün variant: Görüşə gejikəndə nə deyəcəksiniz?) 

7. Minik 

avtomobilində (özünün və ya avtodromda uşaqla bir yerdə) özünüzü necə apararsınız? 

a. sizi  ötməyə heç kəsi qoymursunuz 

b. neçəsi ötürsə ötsün, fərqi yoxdur 

c. elə sürəcəksiniz ki, heç kəs sizə çatmasın (avtodromda başqa maşınları əzəcəksiniz) 

8. Dünya 

baxışlarınız: 

a. təmkinliyəm 

b. tez  dəyişənəm 

c. sabitəm 

9. Bir 

iş baş tutmursa, onda: 



a. günahkarı tapıram, yanımdakılardan 

b. bununla  barışıram 

c. bir  qədər də ehtiyatlı oluram 

10. Müasir gənclərin pozulması haqqında fikirləri necə qəbul edirsiniz? 

a. onları cəza məqsədilə həbs etmək lazımdır 

b. görünür ki, möminlik dünyada qalmayıb 

c. əxlaqi polisi yaratmaq, günahkarı cərimələndirmək lazımdır 

11.  Əgər arzuladığınız vəzifəni başqasına versələr, ürəyinizdən hansı duyğu keçəcək? 

a. «Nahaq  yerə bu qədər həyəcanlanıram» 

b. «Görünür ki, müdirin ürəyinə yatıb!» 




 

 

c. «Bəlkə gələn dəfə alındı» 



12. Qorxulu kinoya baxanda: 

a. qorxuram 

b. darıxıram 

c. əsil həzz alıram 

13. Oyuna, rəqabətə münasibətiniz: 

a. çalışıram qalib gəlim 

b. olimpiyaçılar kimi «əsas-qalib gəlmək yox, iştirak etməkdir» düşünürəm 

c. uduzanda  çox  heyfslənirəm 

14. Birdən yolda gərgin vəziyyət yarandığından vacib müşavirəyə gejikirsəniz onda: 

a. iclas  zamanı çox həyəcanlı olaram 

b. çalışaram özümə bəraət qazandıram 

c. məyus olacağam  

15.  Kafe, restoranda Sizə pis qulluq etsələr, nə edəcəksiniz? 

a. davadan  qaçacağam, susaram 

b. inzibati  işçini çağıraram 

c. restoranın ( kafenin) müdürünə şikayət edərəm 

16. Uşağı ( kiçik bacını, qardaşı) məktəbdə incitsələr , onda  

a. müəllimlə söhbət edəcəyəm 

b. «cinayətkar»ın valideynləri ilə dalaşacağam 

c. uşağa deyərəm ki, «cavabını» versin 

17. Siz necə adamsınız? 

a. özündən bir o qədər əmin olmayan 

b. özümdən əminəm 

c. Mənə inadlı, bəziləri isə «bəxti gətirən» deyirlər 

18. Qapıda ya özündən yaşca kiçik, ya vəzifədə asılı olan adamla toqquşsanız, o da sizdən üzr istəsə, siz 

deyəcəksiniz: 

a. «Üzr  istəyirəm, günah məndədir» 

b. «Nə olar, boş şeydir» 

c. «Bir az diqqətli olun!»  

19. Yeniyetmələr arasında xuliqanlıq halları haqqında qəzetdən eşitcək nə deyəcəksiniz?  

a. «Niyə bunlara məhəl qoyan yoxdur?»  

b. «Əzişdirmək, sonra da kalona yollamaq» 

c. «Günahı həm də onlara tərbiyə verənlərdə axtarmaq lazımdır» 

20. Yenidən dünyaya gəlsəydiniz, özü də heyvan sifətində, hansı heyvan olmaq istərdiniz? 

a. pələng 

b. pişik 

c. ayı 

 

NƏTİCƏLƏRİN YEKUNLAŞDIRILMASI: 

 

Cavab Suallar 



 

2  3 4 5 6 7 8 9 10 

11 

12 


13 

14 


15 

16 


17 

18 


19 20 

2  3 2 3 2 2 2 3  3  1 3 3 1 





1 2 3 

1  2 3 2 3 1 

1 2  1 3 1 

1 2 2 3 2 2 3 1 





1 2 2 1 2 2 2 2 3 3 2 3 3 1 2 



 

5-44 xal. Sizdə təcavüzkarlıq mülayimlik dərəcəsindədir, amma həyatda kifayət qədər sağlam əzm və 

şöhrətpərəstliyin hesabına öz yolunuzu qətiyyətlə fəth edirsiniz. 



45 və daha artıq xal. Siz çox təcavüzkarsınız, başqa insanlarla qəddar olursunuz, təmkinli deyilsiniz. 

Vəzifəyə can atırsınız, müvəffəqiyyəti başqaların maraqlarını qurban verib qazanmaq istəyirsiniz, ona 

görə  də  iş yoldaşlarınızın sizə olan qərəzli münasibəti də sizi düşündürmür, fürsət düşən kimi əvəzini 

çıxırsınız. 




 

 

34 və daha az xal. Siz çox mülayimsiniz, ola bilsin ki, öz qüvvə və imkanlarınızda bir o qədər əmin 

deyilsiniz.  Şübhəsiz, iş elə yerə çatmayıb ki, sizi hər bir zərbə sarsıtsın. Amma bir az cəsarəti artırmaq 

yerinə düşər. 

Yeddi və  daha  çox  sual  üzrə üç xal, yeddidən az sual üzrə isə – bir xaldan toplamısınızsa, Sizin 

təcavüzkar, dəliqanlı olmağınız xeyrinə yox, zərərinizə işləyir. Siz düşünmədən qərarı qəbul etməyə, söz 

güləşdirməyə can atırsınız. İnsanları saymırsınız, yerli – yersiz gərginlik yaratmaq xasiyyətiniz var. 

Yeddi və daha çox sual üzrə bir xal, yeddidən az sual üzrə 3 xaldan toplamısınızsa, Siz həddindən 

artın qaraqabaqsınız. Yəni sizdə  təcavüzetmə meylləri var, amma onları  aşkarlamaqdan çox 

qorxursunuz.  



 

ƏDƏBİYYAT 

 

1.  Мельник В.А. Политология. Учеб. 2-е изд. – Минск, 1997 



2.  Конфликтология / Под ред. В.П.Ратникова. – М., 2001 

3.  Робер М.-А., Тильман Ф. Психология индивида и группы. – М., 1988 

4.  Анцупов А.Я., Шипилов А.И. Конфликтология. – М., 1999 

5.  Майерс Д. Социальная психология. – СПб., 1997 

6.  Хрестоматия к курсу «Основы гендерных исследований» / Отв.ред. О.А.Воронина и др. – М., 2000 

7.  Андреева Г.М. и др. Зарубежная социальная психология XX столетия. Теорет. подходы: учеб.пособ. 

для вузов. – М., 2001 

8.  Клецина  И.С.  Гендерный  подход  и  внутриличностные  конфликты / Женщина.  Образование. 

Демократия.  Материлаы  второй  международной  междисциплинарной  научно-практической 

конференции. - Минск, М., 2000 

9. Azərbaycan Respublikasının Konstitusiyası. – B., 2003 

10.  Нахичеванлы А.Г. Этика и политика: история и современность. – Б., 2000 



 

Yüklə 123,21 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə