Mövzu. QƏDİm yaxin şƏrq siVİLİzasiyalarinda qender münasiBƏTLƏRİNİN İNKİŞafi



Yüklə 288,08 Kb.
Pdf görüntüsü
tarix28.08.2018
ölçüsü288,08 Kb.
#65014


 

 

MÖVZU. 



QƏDİM YAXIN ŞƏRQ SİVİLİZASİYALARINDA  

 QENDER MÜNASİBƏTLƏRİNİN İNKİŞAFI 

 

• 



Qədim Misirin dini inancları, ictimai və ailə həyatında qadın statusu 

• 

Babilistan və  qədim yəhudilərdə qender münasibətlərinin xüsusiyyətləri Hammurapi qanunları 



qadınların istismarında hüquqi əsas kimi 

• 

Qədim Yaxın Şərq sivilizasiyalarında poliqamiyaya münasibət 



 

Qədim Misirin dini inancları, ictimai və ailə həyatında qadının statusu 

Erkən sivilizasiyalar dövründə Yaxın Şərq xalqları, sosial münasibətlər baxımından daha əlverişli 

olan həyat tərzini formalaşdıraraq, kişilərin qadınlar üzərində hökmran olmaq imkanları üçün mümkün 

qədər münbit şərait yaramışdılar. 

Hətta şumer dilinin strukturu belə bu vəziyyəti özündə əks etdirirdi: ictimai münasibətlərini ifadə 

etmək üçün zəngin imkanlara malik olan bu dil, kişilərin üstünlüyünü də  təsdiqləyirdi.  Şumer dilində 

ana, ata, qardaş sözləri ilə yanaşı allah («dingir»), ilahə («dingir-ama» yəni ilahə-ana) sözləri də 

işlədilirdi. Oğul «diti», qız – «diti mi» qadın cinsindəki oğul kimi səslənirdi. Allah və oğul sözləri, əslində 

abbreviatura (qısaldılmış söz) ola bilərdi. Nə vaxtsa «Allah-ata», «Allah-anaya», «kişi cinsindən oğul» isə 

– «qadın cinsindən oğula» qarşı qoyula bilərdi. Məsələ ondadır ki, şumer dili dünyada tanınan ən qədim 

yazı dilidir; ola bilsin ki, bu dilin imkanlarını gildən hazırlanmış löhvəciklər məhdudlaşdırıırdı. Onlar 

dar, ağır, quru idi, yazan adam üçün əsas şərt – qısa şəkildə fikri ifadə etmək idi. Buna baxmayaraq qadın 

cinsini bildirmək üçün əlavə işarələr istifadə olunurdu. 

Şumerlərin qonşusu olan akkadların dili azərbaycan dili kimi flektiv, (yəni, yeni sözlər yaxud 

qrammatik formalar sözün kökünə müxtəlif fleksiyaların (affiks, prefiks və s.) əlavə edilməklə  əmələ 

gəlirdi.) idi. Oğul mar-u, qız-mar-t-u, qardaş a-hu, bacı isə ah-atu adlandırılırdı. Ümumiyyətlə qadını 

bildirən sözün kökünə qadın cinsini göstərən t səsi əlavə edilirdi; akkadilər qadına sinmish-t deyirdilər. 

Ümumiyyətlə, akkad dilinin leksik tərkibi müasir fransız dilinə  bənzər iki cinsə bölünürdü: kişi cinsini 

bildirən sözlərdə əlavə, cinsi göstərən hərf verilmirdi, qadın cinsini bildirənlərdə isə verilirdi. Şübhəsiz, 

dil mövcud şəraiti, adətləri, qanunları işarələr vasitəsilə qeydə alır. Dil – cəmiyyətdə yaşayan, onu inkişaf 

etdirən insanlar tərəfindən yaradılır.  Şumerdə, Misirdə, daha sonra qədim yəhudi xalqında insan 

cəmiyyətini məhz kişilər formalaşdırmışdır. 

İnsanların təsnifata, sistemləşdirməyə meylin çox güclü olduğu üçün, insan sivilizasiyası bu sahədə 

çoxlu kəşflər və nailiyyətlər əldə etdi. Bu, xüsusilə elm və texnologiyalar sahəsinə aiddir; bu inkişaf sosial 

münasibətlərə  həm də ciddi ziyan vurdu: insanlar cinsi, irqi və milli əlamətlərinə görə bir-birindən 

uzaqlaşdırıldılar. Siyasi cəhətdən bu hal əl versə  də, bu zaman insanların fərdi keyfiyyətləri nəzərə 

alınmırdı: axı onların yaşamagı, ölməyi, sevmək və ya nifrət etmək, hökmran olmaq ya da ki, kiminsə 

tabeliyində olmaq hərəkətləri təkrarolunmaz,  şəxsi xarakter daşıyır. Digər tərəfdən, heç bir iqtidar 

idarəetmədə öz vətəndaşlarının fərdi maraqlarının bütün zənginliyini nəzərə ala bilməz; eynilə, bu sözü 

alim haqqında da demək olar: cəmiyyəti öyrənən tədqiqatçı iki fərdin emosional qarşıdurmasını 

öyrənmək uçun mütləq ümumiləşdirmələrə müraciət etməlidir.  Əgər qədim cəmiyyətlərin 

əksəriyyətində yazı yaranan dövrdə kişi cinsinin stereotipləri üstünlük təşkil etməyə başlayıbsa, onda 

cinslər arasındakı münasibətlərində normadan ayrı düşməsinin, yəni fərqlənməsinin, istənilən halı 

nəzərə alınmamalı idi. 

Yaxın  Şərqin qədim sivilizasiyalarında qadınların  əsarətə salınması, xüsusi ab-havanın, sosial 

mühitin yaradılması ilə müşaiyət olunurdu: o dövrün sosial münasibətləri qadının evdə qalmasını, onun 

ünsiyyətdə olduğu adamların ancaq öz ailəsindən olması, tanımadığı adamların qarşısına çıxmamasını 

nəzərdə tuturdu. Qadın həm cismani, həm də  mənəvi mənada  əsarət altında idi. Sonrakı dövrlərdə 

olduğu kimi, iradəsi və xasiyyəti güclü olan qadınlar öz enercisi, şöhrət pərəstliyi və arzularını ərləri və 

uşaqlarında sınayardılar. 

Qədim Misirdə çox az qadın öz adını qoyub getmişdi. Məs, e.ə. 3 mininci ilə yaxın yaşayan Misir 

çariçəsi, I sülalənin nümayəndəsi Merietnit, Şimali və  Cənubi Misirin birləşdirilməsi kimi vacib siyasi 

aksiyanı  həyata keçirməyə  cəhd etmişdir. On beş  əsr keçəndən sonra daha bir çariçə Hadşepsut, dul 

qadın olaraq, e.ə.  1505-1483–cü illərdə padşahlıq edərkən, Misirin ticarət  əlaqələrinin genişləndirilməsi 

işlərini xeyli qabağa salmışdı. XVIII sülalənin rəssamlarına məlum siyasi səbəblərə görə onu, lövhələrdə 



 

 

kişi paltarında, kişilərə xas olan oturma tərzində  təsvir edirdilər; hətta sifətində çar hakimiyyətinin 



simvolu olan saqqalı da çəkirdilər. Qədim Misirin tarixində bir neçə  məhşur qadın olub: Nefertiti, 

Arsinoya, Berenika, Kleopatra. Assuriya tarixindən bizə  gəlib çatan Sennaheribin arvadı Nakvi və 

Şammuramatın (Semiramid) adları olub. Sonuncunu Herodot şərq çariçələri sırasında  ən gözəl, qəddar 

və qüdrətli olduğunu qeyd etmişdir. Yəhudilərdə qadına olan münasibət köçəri maldar tayfalardan 

qaldığı üçün (yəni qadınlar dövlətin idarə olunmasında iştirak etmirdilər) çariçə  vəzifəsi ümumiyyətlə 

yox idi. Mənbələrdə yalnız çarların arvadları, anaları və qızlarının adları çəkilir. Görkəmli şəxsiyyət olan 

qadınlar  İyezavel, Famar, Avigeya və  qəhrəman qadın Gevara öz müstəsna xidmətləri ilə seçilərək 

Müqəddəs Yazı olan İncildə özünəməxsus yer tutdular. Qədim Misirdə insan cəmiyyətinə dini ideyaların 

təsiri, dünyəvi qanunlara nisbətən daha güclü və uzunmüddətli olub. Qədim Misirin əhalisi 

mühafizəkar,  ənənələrinə sadiq, qanunlara tabe olan bir xalq idi; bu xalq qədim, hələ matriarxat 

dövründən yaşamaqda olan dini qaydalar əsasında yaşayırdı. 

Herodot (e.ə. 490-425-ci illər) Nil vadisində səyahətindən yazarkən, qeyd edirdi ki, Misir qadınları 

öz cəmiyyətində çox böyük və ehtiramlı yer tutur; oğulları atasının yox, anasının adını özünə götürürlər. 

Ən qədim dövrdə Misirin maddi və mənəvi mədəniyyətinin əsasını məhz qadınlar yaratmışdılar. Misir 

cəmiyyətində yayılmış dini inanclarda, qadın ilahələri və qadın qüvvələrinin olduğu qədər heç bir dində 

yoxdur. Misirlilərin yaşaması, Nilin suyundan, bir də çayın daşması  nəticəsində  əmələ  gələn münbit 

lildən asılı idi. Nə vaxtsa misirlilər təbiətin bu nemətlərinin qadın ilahələr olduğunu hesab edirdilər. 

Bolluq yaradan suya görə Heket ilahəsinə minnətdarlıq bildirilirdi, şeh və yağışı (Misirdə yağışlar çox az 

yağırdı) Tefnut ilahəsinin göz yaşı adlandırırdılar. Nehbet ilahəsi Nilin, həyatı dirçəldən, daşması 

prosesini idarə edirdi; o özü möcüzəli Nil lilindən ilk insanı yaratmışdır. 

Təxminən, e.ə. 4 mininci ilə aid olan Yuxarı Misirdə, Marmariqdə yerləşən sülalələr dövründən 

əvvəlki qəbirstanlıqda rənglənmiş hildən çox qədim və çox gözəl qadın heykəli tapılmışdır. Bu heykəl 

ilahəni təsvir edir;onun geniş budları, çox incə beli, xeyir-dua vermək üçün yuxarı qaldırılmış əlləri var. 

Başı,  şumer ilahələrinin daha erkən dövrünə xas olan təsvirlərdə olduğu kimi, çox zəif cizgiləri olan 

quşun başı kimi düzəldilib. Ayaqları uçuş üçün hazırlığını bildirir. Bu çox qədim, böyük bacarıqla 

düzəldilmiş qadın silueti (bədəni) sanki insanın vəhşi, yarıheyvan vəziyyətindən çıxması  rəmzidir. 

Heykəlin müəllifi,  şübhəsiz, oturaq həyat sürən  əkinçilərin matriarxat münasibətləri  əsasında qurulan 

icmasının nümayəndəsi idi. 

Misir mifologiyasına görə qadınlar nəinki  əkinçilik, bütövlükdə  mədəniyyətin formalaşmasının 

əsasında durmuşdular. Qeyd edilən regionda misirlilər şumerlərlə yanaşı qədim mədəniyyətə malik olan 

xalq idi. Seşat ilahəsi guya insanları saymağa və yazmağa öyrətdi. Onu, məhz bu xidmətə görə kitablar 

və fərmanların xanımı, zamanın hesabdarı adlandırırdılar. Hər dəfə yeni məbəd və ya çar sarayının özülü 

qurulanda, Seşat faraonla bərabər ölçü sapını uzadır, onların çertyojlarını çəkir və hesablamaları aparırdı. 

Mədəniyyət sahəsində Seşatın bütün xidmətlərini onun əri Totunun adına yazırdılar. 

Dünyanı qoruyan və geniş nur saçan göyün gümbəzi qadın ilahəsi kimi qavranılırdı; torpaq isə 

digər xalqlardan fərqli olaraq, tozlanmış və natəmiz kişi allahı olduğu qeyd edilirdi. Qadın ilahəsinin Adı 

Nut idi. Onun Yer üzərinə əyilmiş bədəni üfüqü təşkil edir, iki gözü – Günəş və Ay – növbə ilə gündüz 

və gecə göylərdən baxırlar ki, onların qəyyumluğu altında adamlar heç vaxt nəzərlərindən qaçmasınlar. 

Sonradan, hər bu gün Günəş doğan ilahəsini, Faraon dövrləri zamanı ən ali Allah sayılan Ra adlı Günəş 

Allahının anası kimi tanımağa başladılar. Bir müddət sonra, hava Allahı Şu, Yer Allahı Qebin arvadı olan 

Nuş adlı İlahə anasını ondan ayıraraq, bu yolla iki hissəyə parçalanmış dünyanı yaratdı. 

Xoşbəxtlik və  səadət ilahəsi olan Hatxor başında tac kimi buynuzları daşıyırdı. Onu bəzən səma 

inəyi kimi təsvir edirdilər – ayaqlarını çoxlu digər Allahlar saxlayır. Serket ilahəsi, başında zəhər saçan 

əqrəb gəzdirirdi; o, bütün cadugarlar və türkəçarəlik edənlərə qüvvə verirdi – əqrəbin zəhərindən isə ilk 

dərmanlar hazırlanmışdı. Maat ilahəsi öz başında dəvəquşunun lələyini gəzdirirdi, həqiqət və 

ədalətliliyin təcəssümü idi. Ölümün simvolu, şirin başını  gəzdirən Sehmet ilahəsi idi. Onun kahinləri

qədim həkimlər və baytar həkimlərin birliyini təşkil edirdi. 

Misir dinin inkişafının təzahürü Neyt ilahəsinin yeni mahiyyəti idi. Əvvəllər o, müharibə ilahəsi 

olub, atributları isə (göstəriciləri) – ox və kaman idi. Sonralar XXVI sülalə dövründə o, baş ilahəyə 

çevrildi. Həmin dövrdə toxuculuq geniş yayılmışdı. Jəngavər ilahə qadın sənətkarlığının himayəçisi, 

atributları isə toxucu dəzgahı olmuşdur. 



 

 

Nisbətən  əlverişli  şəraitdə yaşayan misirlilər qədim dövrün ən tolerant (dözümlü) xalq sayıla 



bilərdi.  İbtidai dövrün saysız-hesabsız matriarxat ilahələri məhv edilmədən, kişi səcdəgahlarla yanaşı 

yaşayırdı; sülalələr dövründə onlar ümumdövlət səviyyəsində qəbul olunmuş Allahların anaları, bacıları 

və yaxud qızları olmuşdur. Qədim zamanlarda hər ərazidə öz səcdəgahı vardı. Misir, mərkəzləşdirilmiş 

dövlət olandan sonra yerli Allahlar ümummisir məbədə daxil edilirdilər. 

Misirlilər, tarix boyunca , digər xalqlarla ünsiyyətə girərək, bu məbədlərə getdikçə daha çox yeni-

yeni Allahları daxil edirdilər.Digər dinin nümayəndələri bəzən bu zəngin məbədə istehza ilə baxırdılar. 

Yalnız bir qədim ilahə, neçə minilliklər keçsə  də, bütün ictimai və siyasi dəyişikliklərə baxmayaraq, bu 

məbəddə öz hakim mövqeyini saxlamağa nail oldu, öz simasını  və funksiyalarını  dəyişilməz saxladı 

(bəlkə daha da saflaşdırdı). Bu – Qorun anası  İsidadır.  İsida hər bir faraonun anası sayılır. Geniş Misir 

məbədində Günəş Allahı Ra hakim mövqe saxlayırdı, o, bütün Allahların atası, idarə edən sayılsa da, 

xalq daha çox Osirisin sadiq arvadını, Qorun mehriban anası, İsidaya daha çox səcdə edirdi. İsida Misir 

məbədində  ən populyar ilahə idi. O, sədaqətli, ölümə baxmayaraq, ərini istəyən arvad, özünü qurban 

verməyə hazır olan ana idi. Onun xeyirxahlığında, məhəbbət və ümid verməsində özünə dayaq nöqtəsini 

axtaran tərəfdaşlarının sayı durmadan artırdı. Ehramların tikintisi dövründə, e.ə III minilliyindən 

başlayaraq, e.ə V əsrə  qədər bu proses davam edirdi; nəhayət, bütün bu inanclar dövlət səviyyəsində 

qəbul edilmiş xristian dinin tərəfindən rədd edilmişlər. İsida ilahəsinə yaranan bu münasibət (yəni onun 

belə uzun müddətli olması) onunla bağlı idi ki, onun haqqındakı  təsəvvürlər daima dəyişirdi. Burada 

uyğunlaşma, yeni xüsusiyyətlərin yaranması prosesi gedirdi. İsida özünə yerli səcdəgahların 

xüsusiyyətlərini daxil edirdi, nəticədə qədim dövrün ən böyük ana ilahəsinə çevrilmişdi. Onun əri Osiris 

öluləri dirildirdi. «İlahi körpə» Qorla yanaşı  İsida, Misir ilahələri sırasında hümanist xarakterli ilahə, 

yunan-roma mədəniyyəti tarixində  ən populyar ilahələrdən biri olmuşdur.  İsida və Osiris haqqındakı 

əfsanədə qeyd edilir ki, yalnız qadın, dirçəlməni, intibahı və əbədi həyatı təmin edə bilər. 

İsida, universal ana ilahəsi, insan həyatını bir çox sahələrində özünü ifadə edirdi. O, qadınlara ev 

işləri öyrədirdi, xəstələri sağaltmağa kömək edən ilahi qüvvəyə malik idi, öz xeyirxahlığından irəli 

gələrək o, insanlara həkimliyi öyrədirdi. Onun əri Osiris xəyanətkarcasına öldürüləndən sonra o, ilk dəfə 

olaraq, dul qadın paltarını geyindi; bu yolla o, bütün dərdi-qəmi olanlara, tənha qalanlara ürək-dirək 

verir, dirçəlməyə inamı isə insanlardan ölü qorxusunu uzaqlaşdırdı. Daha çox onun ana olmasına 

(körpəsi Qor ilə yanaşı) səcdə edirdilər. 

Qədim Misirdə yayılmış dini təsəvvürlərə görə, indiki həyat qısa, ölümdən sonrakı həyat isə həqiqi 

və əbədidir. Hər bir misirli bu dünyada xoşbəxt ailə qurubsa, o dünyada da əbədi həyatını öz xanımı ilə 

davam etdirmək istəyirdi. Bu istəyin ifadəsini biz bir çox qəbirüstü  şəkillər və heykəlciklərdə görürük 

(onları ölənlərin yanına qoyurdular). Çox vaxt burda yan-yana oturan kişi və qadın təsvir olunurdu. 

Bəzən onlar əl-ələ verir, yaxud biri digərinin çiyninə əlini qoyur – sakitcə əbədiyyətə baxırlar, çünki orda 

da bir-birindən ayrılmaq istəmirlər. Bəzən onlar bir-biri ilə üz-üzə sakral (müqəddəs), üzərində ehsan 

olan masa arxasında, bəzən  şüşəbənddə  əyləşib bir-birinə tamaşa edirdilər. Nəzərə almaq lazımdır ki, 

Yaxın və Orta Şərqin digər ölkələrində yaşayan insanlar heç vaxt qadınlarla bir yerdə  əyləşib yemək 

yemirdilər, böyük ziyafətdə yalnız kişilər iştirak edirdi, onlar həm də insanların arasında öz arvadları ilə 

görünmürdü. Qəbirüstü abidə, nə qədər qəribə olsa da, hamının göz qabağında idi. Misirdə tapılan digər 

qəbir daşlarında qadın və kişinin bir yerdə torpağı  şumlaması prosesi təsvir edilib: onlar toxum səpir, 

şumlayır, biçin biçirlər, sanki bu işləri o dünyada da davam etdirmək istəyirdilər. Misirin dini qanunları 

yazılı olmasalar da, min illər ərzində insanların birgəyaşayış qaydalarını müəyyən edib, o cümlədən kişi 

və qadın münasibətlərində bir-birinə həm bu, həm də o dünyada sədaqətli olması fikrini ifadə etmişdilər. 

Ehnaton faraonunun üçüncü qızının adı Anhesenamon idi. O, təxminən e.ə. XIV əsrin ortalarında 

yaşayırdı. On bir yaşında dul qalaraq o, Tutanxamona ərə getdi. Çox cavan ikən ömrünü tamamlayan 

Tutanxamon üçün o, təmtəraqlı  sərdabə ucaltdı. Bu sərdabənin otaqlarının birində bir çox qızıl, zinət 

əşyaları var idi, faraonun üzü qızıl maskalı idi, özü çox gözəl sarkofaqda (daş  qəbir) yerləşdirilmişdi, 

sarkofaqın üzərinə daş-qaş, bəzək  əşyaları, bir də dualar yerləşdirilmişdi. Amma ən gözəl bəzək-

Anhesenamonun buraya gətirdiyi gül dəstəsi idi – zeytun ağacının budaqları,  şanagüllələr və 

peyğəmbərçiçəyi gülləri. Sarkofaqın üzərindəki işarələr kimi bu gül dəstəsinin də  mənası – o dünyada 

xoşbəxt birgə həyat sürmək və yeni doğuluşda əri ilə «əbədi» olaraq qovuşmaq idi. 

Misir qanunlarına görə qadınlar və kişilər  əslində  bərabər idilər, bunula belə, qadınlara verilən 

azadlıqlar əslində formal xarakter daşıyırdı. Onda da, indi olduğu kimi, insanı müstəqil yalnız pul edə 




 

 

bilərdi, var-dövlətə isə yalnız varis olmaqla yiyələnmək olurdı. Qadın özünə çörək pulunu bir çox 



yollarla qazana bilirdi. O, musiqiçi, rəssam olmasaydı, onda kiminsə arvadı yada ki qulu olmalı idi. Evin 

yiyəsindən, yəni kişidən, onun həyatının acısı-şirinliyi asılı idi. Arxeoloji qazıntılar zamanı tapılan insan 

sümükləri göstərir ki, aşağı  təbəqələrdən olan qadınları  ağır fiziki əməyə  cəlb edirdilər,  ər tərəfindən 

arvadın müntəzəm döyülməsi Qədim Misirdə adi bir hal idi. Antropoloq-həkimlər qadınların oynaqlarını 

tədqiq edərkən, belə bir qənaətə  gəliblər ki, əl oynaqlarının  şişməsi və ya formasının dəyişməsi, başa 

vurulan zaman əlləri ilə özünü müdafiə edilməsi ilə bağlıdır.  Ər, cinayət işini törədəndə, bütün ailəsi 

cəzalandırılırdı, adətən onları qul edirdilər (Mərkəzi Amerikada orta əsrlərin sonunda maya 

hindularında da belə bir adət var idi). 

 

Babilistan və  qədim yəhudilərdə Qender münasibətlərinin xüsusiy-yətləri. Hammurap qanunları-

qadınların istismarında hüqüqi əsas kimi 

Qədim Babilistanda Qender münasibətlərinin xüsusiyyətləri Hammurap çarının (e.ə. XVIII əsr) 

qanunlarında açıq şəkildə ifadə olunur.Qadın şəksiz-şəriksiz kişiyə itaət etməli idi. Tabe olmadığı halda 

onu aşağıdakı  şəkildə  cəzalandırmaq olardı:saçını  qırxmaq, qulaqları  və burunu kəsmək və yaxud 

deşmək, rüsvayçılıq ağacına (şəhər darvazasının önündə) bağlamaq, alnına qul damğasını vurmaq və 

yaxud evdən qovmaq. İstənilən ev mübahisəsi zamanı  və yaxud mənasız yerdə göstərilən qəddarlığa 

görə kişini, nə qadın, nə də ki, onun atası, kişini cinayət məsuliyyətinə cəlb edə bilməzdilər. 

Əgər qadın kişidən bezib, ata evinə pənah aparıb, orada dörd gündən artıq qalırdısa, əri onu zorla 

geri qaytarıb allahın qabağında namuslu və  sədaqətli olmasını sübüt etməyə  məcbur edirdi. «Onu 

bağlayıb suya atmaq lazımdır,  əgər o, canını qurtara bilərsə, deməli, günahsızdır,  əri də  məhkəmə 

xərclərini ödəməlidir». Çarəsiz olaraq qaçan qadını öldürə də bilərdilər, kişi isə yalnız cərimələnə bilərdi. 

Xəyanət etməkdə suçlanan qadın, bunun sübut olunması təqdirdə hökmən həyatı ilə vidalaşmalı idi. 

Hammurap qanunları hər bir mənada qadını hüquqlarından məhrum edirdi. O, müqavilə bağlaya, 

pul ilə bağlı olan işləri aparmağa, öz qolunu çəkə bilməzdi. Bütün bu işləri o, yalnız qəyyumun 

vasitəçiliyi ilə apara bilərdi. Qadın əslində öz ailəsində qul idi. Əri onu işçi qüvvə əvəzinə istismar edirdi: 

başqasına verib onu qoşqu heyvan və yaxud torpağı becərən bir alət kimi istifadə etmək olardı. Əgər kişi 

maddi cəhətdən ehtiyac çəkirdisə, o, arvad-uşaqlarını girov qoya bilərdi,  əslində bu satmaq demək idi. 

Hammurap qanunlarına görə belə girova qoyulmuş insanları üç ildən artıq burada saxlamaq olmazdı, 

girov götürmüş adam qadını hədsiz dərəcədə istismar etməməli idi. Sonrakı qanuna verilən düzəlişdə bu 

məhdudiyyət götürüldü. O, (kişi) qadını onun razılığı olmadan belə girov verə bilər, qadını versə  də, 

onun mülkiyyəti girov götürənin əlinə keçmir. 

Qadınlar məhkəmədə  nə iddiaçı, nə  də  şahid kimi çıxış edə bilməzdilər. Hətta  əri ruhi xəstə  və 

yaxud zorakılığa meylli olsa belə, qadın onunla boşana bilməzdi. O, heç bir mirasa varis ola bilməzdi, 

vəfat etmiş atası və yaxud ərinin mülkiyyəti oğulların adına keçirdi. Dul qadın yalnız onların mərhəmətli 

olmasına ümid bağlayırdı. 

Qadınlar ictimai həyatda iştirak etmirdilər. Onlar, öz pəncərəsi olmayan otaqlarını  tərk edə, 

küçəyə, hətta dükana belə çıxa bilməzdilər. Kişilərin söhbətində iştirak etməyə onların ixtiyarı yox idi, əri 

və ya oğlu ilə bir masada əyləşib yeməyini də yeyə bilməzdilər. Onlara qulluq etdiyi zaman ancaq ayaq 

üstə qalmalı idi. 

Qəribədir ki, Hammurapi qanunları digər qədim  Şərq sivilizasiyalarında işlədilən qanunvericilik 

aktlarla müqayisədə bir qədər mədəni irəliləyiş kimi qiymətləndirilə bilərdi. Qanunların  148-ci 

paraqrafında bəyan edilirdi: «Əgər biri evlənibsə  və onun arvadı cüzam xəstəliyinə tutulubsa və o, 

başqasını almaq istəsə ala bilər, amma əvvəlki arvadını  gərək saxlamasın, bu arvad onun evində ayrı 

yaşamalı, ölənə kimi ona qulluq edilməlidir». 

Babilistanda qadının sosial statusu (vəziyyəti) kişinin statusundan aşağı olsa da, qadınlar işlə təmin 

olunurdular. Artıq e.ə. III minillikdə Babilistanda mirzə (yazar) qadınlar stenoqrafiya (danışılan sözləri 

xüsusi işarələrlə cəld yazma üsulu) üsulundan dünyada ilk dəfə olaraq istifadə etmişdilər. Babilistanda 

qadınlar gələcəyi xəbər verən, cadugar, «müdrik qadın» və  kəniz vəzifələrində  işləyirdilər. Qadınlar 

bərbərxanada usta, dükanda satıcı, müğənni. aşpaz, pivə bişirən, dayə, su daşıyan, toxucu, məbədlərdə 

işığın qoruyucusu kimi çalışırdılar. Belə  işdə çalışması qadınlara ev işinin ağır yükündən boyun 

qaçırmağa imkan verirdi. Bəzi qadınlar kahin olmaq arzısını ifadə edərək, bakirəlik andını verib əvəzinə 

fikir azadlığını qazanırdılar. Naditu məbədinin qadın kahinləri kişilərlə bərabər ticarət və alverlə məşğul 

olurdu, bəzən kişiləri bu işlərdə  hətta üstələyirdilər. Onlar torpağın, mülkiyyətin alqısı-satqısı-kirayəsi, 



 

 

sələmçiliklə (pulu və buğdanı borc verməklə) məşğul olur, malı aparıb-gətirir, qulları alıb-satır, torpaqları 



və insanları idarə edirdilər, ümumiyyətlə, dövlətin iqtisadiyyatının genişləndirilməsi və 

möhkəmləndirilməsi işində mühüm rol oynayırdı. 

Yəhudi qadınlarının imkanları Babilistan qadınlarına nisbətən bir qədər məhdud idi, lakin Misirlə 

müqayisədə onlar daha mütərəqqi xarakter daşıyırdı. Burada qadınlar nadir hallarda mülkiyyət sahibi 

ola bilərdi. Öz arzusu ilə onlar kəniz, bərbər, aşpaz, çörəkçi işləyə bilərdilər. Lakin ailəsində onlar qat-qat 

çox işləyirdilər. İbrətlər kitabında (Tövrat) xeyirxah arvadın keyfiyyətlərinin uzun siyahısı verilir: o, yun 

və  kətanı  əyirməli, yeməyi hazırlamalı, sübh tezdən ayılmalıdır ki, ailəsinin qayğısına qalsın və 

qulluqçulara vəzifələri paylasın, o, torpağı becərməli və üzümlükləri salmalıdır, pul hesablarını aparmalı, 

axşamacan işləməlidir. Qadınlar cəhrəni və mili işlətməyi bacarmalı, kasıblara kömək etməli, ailə 

üzvlərinə  və özünə  fırfır (alqırmızı  rəngdə) və visson parçalarından paltar geyindirməli, xalçaları 

toxuyub satmalı, gələcəyə ümid və nikbinliklə baxmalı, müdrik, ağıllı və xeyirxah ev xanımı olmalıdırlar. 

Jazibədarlıq və gözəlliyin burada əhəmiyyəti yox idi – cazibədarlıq aldadır, gözəllik isə faydasızdır. 

Əvəzinə  yəhudinin arvadı digər arvadlar və  aşnaları ilə  ərinin xoş üzünü bölməli idi. Əri ondan 

incisəydi, boşamağa imkanı var idi, ərinə xəyanət edən qadını daş-qalaq edib öldürürdülər. Ola bilsin ki, 

Babilistan və Misirdəki qadınlara nisbətən onun vəziyyəti (bu mənada) bir qədər ağır idi, Çünki 

Babilistanda  ər öz arvadına xəyanəti bağışlayıb ömrünə  qəsd etmirdi, Misirdə isə qadın xəyanət etdiyi 

zaman tutulurdusa, and içməklə adını təmizə çıxarırdı. 

Misirdə  də qadın  ərindən boşana bilərdi, Babilistanda və  Qədim  İudeyada bu mümkün deyildi. 

Onu da qeyd edək ki, Avropada XIX əsrə qədər əksər hallarda boşanma mümkün deyildi. Bunun üçün 

ən vacib əsas qadının sonsuzluğu idi, babilistanlı kişi də çox əliaçıq,ya pulgir arvadı ilə boşana, ya da ki, 

onu qul vəziyyətinə endirə bilərdi. 

 

Qədim Yaxın Şərq sivilizasiyalarında poliqamiyaya münasibət 

E.ə. 2350-ci illərə yaxın  Şumer hökmranı Urukagina poliandriya (çoxkişililik)  ənənəsinə son 

qoymaq üçün xüsusi fərman imzalamışdır, tarixçilər isə poliandriya hallarını  təsdiqləyən faktı  hələ ki, 

tapmayıblar. Təbii ki, Babilistanda, ümumiyyətlə Yaxın  Şərqdə olduğu kimi, qadında bir neçə  ər ola 

bilməzdi. Poliqamiyaya münasibət başqa idi. Qədim Yaxın Şərqdə imkanlı adam özünə bir neçə arvad ala 

bilərdi – bu onun dövlətli olmasına işarə idi. Bunun üçün o, hər arvadı üçün ya ayrı ev, ya da ki, ayrı 

mərtəbə, ya heç olmasa, ayrıca bir otaq tikməli idi. Bəzi tədqiqatçıların fikrincə, poliqamiya o xalqlarda 

yarandı ki, burada əlavə  işçi qüvvəyə ehtiyac duyulurdu (tarla əkinlərinə qulluq etmək üçün), 

maldarlıqla məşğul olan tayfalarda isə belə tələbat onların digər tayfalarla müharibə aparıb onları qarət 

etmək məqsədilə yaranmışdı. Məhz Yaxın  Şərqdə poliqamiya adəti geniş yayılmış  və öz zirvəsinə 

çatmışdı.  

E.ə. III minillik dövründə Misirdə poliqamiya adi bir hal idi, sonralar onu monoqamiya əvəz 

etmişdi. Burada əsas rolu iqtisadi amil oynayırdı. Faraonlarda bu amili əsas götürmək olmaz. III 

Amenxotep (e.ə.  1408-1372-ci illər) öz cazibədarlığı ilə öyünməyi çox sevirmiş, Teya adlı arvadını çox 

sevən Amenxotep digər arvadı Mittaniya şahzadəsi Taduxepadan külli miqdarda cehizlə yanaşı qadın 

evinə 317 qulluqçu-qızı da almışdır. 

Poliqamiya adəti ən çox qədim yəhudilərdə yayılmışdı. Hətta eramızın I əsrində yaşayıb yaradan 

İudeya tarixçisi Yusif Flavi qeyd edirdi ki, bir neçə arvad almaq bizim qədim adətimizdir. Hesab edilir ki, 

e.ə. 955-935-ci illərdə hakimlik edən Süleymanın müxtəlif ölkələrdən 700 arvadı  və 300 aşnası vardı. 

Onların sırasında «siyasi səbəblər» üzündən kəbin kəsdiyi Misir şahzadəsi də var idi. Bu sülhsevər çar, 

hər hansı bir qonşu dövləti ilə ittifaq bağlamalı olanda, hər dəfə o ölkənin padşahının qızını özü üçün 

arvad alırdı. Sülhün bağlanması  və  kəbin kəsilməsini  əlaqələndirmək adəti qədim zamanlardan Asiya 

ölkələrində də yayılmışdı. 

Babilistanda məhz monoqamiya kişilərə çoxlu məşuqə, kəniz saxlamağa imkan verirdi. Kişilər bir 

arvaddan artıq arvad saxlaya bilməzdilər, lakin məşuqə, kənizlərin sayı  məhdudlaşdırılmırdı. Onları 

yalnız ailədə  əmin-amanlığı, harmoniyanı qoruyub saxlamaq mənasında məhdudlaşdıra bilərdilər. 

Babilistanda əlavə arvadın adı «ashshetu», yaxud «esirtu», tərcümədə bu rəqib kimi səslənir. Yəhudilərdə 

də belə problemlər yaranırdı. Bunu, ruhani yəhudilərin bu arvadlara verdiyi adlardan da başa düşmək 

olur: «sarot» yəni «paxıl rəqib» Babilistan qanunlarında belə bir qeyri-adi bənd var idi: əgər kişinin 

qanuni arvadı sonsuz idisə o, əvəzinə dünyaya uşaq gətirə biləcək məşuqəni tapıb gətirməli idi. 



 

 

Ümumiyyətlə, qeyd olunan regionların azad qadınları(qul qadınların vəziyyəti qat-qat ağır idi) 



uşaqlıqda atasının, yetkinlikdə isə  ərinin mülkiyyəti idi. Ola bilsin ki, sevgi münasibətləri də yaransın, 

amma  əksər hallarda qadın öz uşaqları üçün ana, bir növ kəniz və qulluqçuların başçısı olub, əks 

təqdirdə onu şəraitdən asılı olaraq qovurdular, ya da ki, müəyyən pul təminatını ödəməklə evlərinə 

qaytarırdılar. Qadın öz cehizinə yiyə dururdu, hətta ərinin var-dövlətinə varis ola bilərdi, bununla belə 

maliyyə qanunları onun qarşısında çox ciddi məhdudiyyətlər qoyurdu. Mülkiyyət və pul oğullar üçün 

qalırdı. 

Yaxın  Şərqdə üç min il əvvəl  əmələ  gəlmiş ailə-nigah münasibətlərinin modeli nəinki Avropada, 

eyni zamanda, Asiya, Afrika, Şimali və Cənubi Amerikada (müxtəlif variantlarda, vaxtından və yerindən 

asılı olaraq) XIX əsrin ortalarınadək olduğu kimi qalırdı. 

 

ƏDƏBİYYAT 

 

 

Fərəcova F. Qender və mədəniyyət. Qender: tarix, cəmiyyət, mədəniyyət. Mühazirə kursu – B., 2002 



Məmmədova F. Azərbaycan tarixində qender aspekti. Qender: tarix, cəmiyyət, mədəniyyət. Mühazirə 

kursu – B., 2002 



Бердяев Н.А. Эрос и личность. Философия пола и любви. – М., 1989 

Бок Г. История: история женщин, история полов // THESIS, 1994, № 6 

Брандт Г.А. Какого пола был человек, природу которого изучала европейская философия / Женщина и 

культура. Альманах. Вып. 14. – М., 1998 



Брандт  Г.А.  Природа  женщины  как  философская  проблема // Общественные  науки  и  современность, 

1998, № 2 



Брюнинг  В.  Философская  антропология.  Исторические  предпосылки  и  современное  состояние / 

Западная философия: итоги тысячелетия. – Екатеринбург, Бишкек, 1997 



Вардыман Э.Э. Женщина в Древнем мире. – М., 1990 

Власова М.А. Адам и Ева. Альманах гендерной истории. – СПб., 2003 

Гоббс Т. Человеческая природа /Мир философии: книга для чтения. – М., 1991 

Гуревич П.С. Философская антропология. Учеб. пособ. – М., 1997 

Липовецкий Ж. Третья женщина. – СПб., 2003 

Мирча Элиаде. Мефистофель и андрогин. Перевод с франц. – СПб., 1998 

Мифология  и  повседневность.  Гендерный  подход  в  антропологических  дисциплинах / Материалы 

научной конференции 19 – 21 февраля 2001 г. – СПб., 2001 



Хук С.Г. Мифология Ближнего Востока. – М., 1991 

Юлиус Эвола. Метафизика пола. – М., 1996 

Юнг К.Г. Архетип и символ. – М., 1991 

 

 



 

Yüklə 288,08 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə