Mövzu qenderdə AİLƏ MÜhafiZƏSİ MƏSƏLƏLƏRİ



Yüklə 193,06 Kb.
Pdf görüntüsü
tarix06.10.2018
ölçüsü193,06 Kb.
#72943


Mövzu 7.

  QENDERDƏ  AİLƏ  MÜHAFİZƏSİ  MƏSƏLƏLƏRİ 

 

1. Ailə qanunvericiliyinin inkişaf mərhələləri 

2. Ailənin sosioloji və hüquqi təyini 

3.  Ər-arvad arasında əmlak münasibətləri və bərabərlik problemləri 

4.  Nigah müqaviləsi ər-arvad əmlakının müdafiəsinin əlavə qarantı kimi 

 

 

1. Ailə qanunvericiliyinin inkişaf mərhələləri 



Müxtəlif ictimai-iqtisadi formasiyadada, müxtəlif xalqlarda və siniflərdə ailə 

əlamətləri, onun formaları  və funksiyaları, cinslərarpası münasibətlərin xarakteri, 

cəmiyyətdə qadına və  uşaqlara olan münasibət nəinki bir-birindən fərqlənir, hətta 

kökündən ziddiyyət təşkil edirdilər. İctimai icma quruluşu, quldarlıq, feodal, sosialist və 

müasir cəmiyyətlərdəki ailələr arasında böyük fərq vardır.  İctimai həyat  şəraiti ailə 

münasibətlərinin, ailə formasının müvafiq strukturunu irəlicədən təyin edir. 

Ailə münasibətləri ictimai münasibətlər dəyişdikcə  dəyişir. F.Engels özünün 

«Ailənin, xüsusi mülkiyyətin və dövlətin  əmələ  gəlməsi»  əsərində Morqandan belə bir 

sitat gətirir: «Ailə – aktiv başlanğıcdır, o, heç vaxt bir yerdə dayanmır, cəmiyyət aşağı 

inkişaf pillləsindən yüksək pilləyə adladıqca, ailə  də  aşağı formadan yüksək formaya 

keçir… «Görəsən, gələcəkdə bu forma (ailə  nəzərdə tutulur) çoxmu ömür sürəcək? 

Buna yalnız bir cavab ola bilər:  əvvəllər olduğu kimi, cəmiyyət öz formalarını yenə  də 

dəyişəcək, buna uyğun olaraq ailə  də dəyişəcəkdir. İctimai quruluşun məhsulu olaraq, 

ailə bu quruluşun mədəni inkişaf səviyyəsini əks etdirməlidir». 

Sinfi cəmiyyətdə nigahın qrup halından cütlüyə, ata xətti ilə cütlükdən 

poliqamiyadan monoqamiyaya keçmə məsələlərini tədqiq edən F.Engels nəticəyə gəlir 

ki, ailə münasibətlərinin inkişafı tamamilə maddi nemətlərin istehsalından asılıdır. 

İctimai icma qurulunun inkişafı prosesində patriarxat matriarxatı əvəz etdi və kişi 

iqtisadi inkişaf və ictimai həyatda hakim mövqe tutdu. F.Engelsin sözlərinə görə, sinfi 

cəmiyyətdə monoqam ailə «kişinin hökmü üzərində qurulur, bu isə  uşağın törəməsinə 

heç bir şübhə yeri qoymur, konkret olaraq müəyyən məqsəd daşıyır. Uşağın  əmələ 

gəlməsinin şübhəsizliyi isə ona görə lazımdır ki, müəyyən dövr keçdikdən sonra uşaqlar 

varis kimi atalarının mirasına sahib olsunlar.» 

Elə bu aspektdə də ailə qanunvericiliyi qadına insan nəslinin davamçısı rolunu 

ayıraraq inkişaf edirdi. 

İndi də ailə-nigah münasibətlərinin və bu sahədə qanunvericiliyin inkişaf 

mərhələlərini nəzərdən keçirək. 

Uzun müddət ailə münasibətləri adi hüquq normaları ilə  tənzimlənirdi. Müxtəlif 

mənbələrdə nigah bağlanmasının bir neçə üsuluna istinad edilir. Onların arasında  ən 

qədimi – bəyin qızı onun razılığı olmadan oğurlamasıdır, lakin tədricən gəlinin 

qaçırılması onunla əvavəlcədən gizli sövdələşməyə  əsasən edilir. Çoxsaylı sübutlar 

mövcuddur ki, qədim zamanlarda nigah bağlamanın belə bir növü də var idi ki, gəlin 

onun qohumlarından satın alınırdı. Bu zaman gəlinin razı olub-olmamasının heç bir 

əhəmiyyəti yox idi. 

Ər-arvad münasibətləri bir çox hallarda nigahın formasından asılı olurdu. 

Qaçırıldıqda gəlin  ərinin xüsusi mülkiyyətinə çevrilirdi, buna görə  də ona aid hüquqi 

məsələlər bir şəxsiyyətə görə yox, daha çox cismə aid xarakter daşıyırdı. Gəlin satğın 

alındıqda, ələlxüsus da bəylə gəlin qohumları arasında cehizlə bağlı razılaşma olduqda 

bu hal, əvvəl  ərin hökmünü bir qədər məhdudlaşdırırdı.  İkincisi isə bu zaman arvada 

müəyyən hüquqlar verilməsi əlamətləri meydana gəlirdi. Nigahın bu formasında da ərin 

hökmü çox böyük idi, lakin intaharsız deyildi. 

Rusiyada, görünür, qanuna görə ər heç vaxt arvadın həyatı və ölümü üzərində 

hüquqa malik olmayıb. Lakin ər onun azadlığı ilə bildiyi kimi rəftar edə bilərdi. Nestorun 



1022-ci ilə aid olan əsarətində belə bir şəhadət var ki, knyaz Mstislav və Kisojski 

Rededya döyüşə girdikdə  şərt kəsirlər ki, qalib gələnə  məğlub olanın malikanəsi, 

xəzinəsi, arvadı və uşaqları çatacaqdır. 

O dövrlərdə boşanma sərbəst baş verirdi, özü də hesab etməyə əsas vardır ki, 

cehizli nigahın pozulmasının səbəbkarı qadın da ola bilərdi. 

Ailə qanunvericiliyinin ilk mənbələrinə kilsə qanunlarından və vizantiya 

imperatorlarının kübar qərarlarından ibarət olan vizantiya ailə hüququnun Nomokanon 

toplusu aiddir. Sonralar Nomokanon rus knyazlarının qərarları da əlavə olundu və toplu 

rus tərcüməsində «Kormçaya kniqa» adını aldı. 

«Kormçaya kniqa»nın normalarına görə nigahdan qabaq nişanlanma gəlirdi ki, 

bu özü də nigah sayılırdı; nişanlısına xəyanət zinakarlıq sayılır və qanunla 

cəzalandırılırdı; ilk dəfə olaraq nigaha girmə yaşı  oğlan üçün 15 yaş, qız üçün 13 yaş 

müəyyən edilirdi. Evlənmək üçün yuxarı yaş  həddi müəyyən olunmamışdı, lakin ona 

diqqət yetirilirdi ki, yaşda böyük fərqlər olmasın; yaxın qohumlar arasında nigahlar 

qadağan edilirdi; evli olduqda ikinci nigaha girmək olmazdı; dördüncü kəbin qadağan idi. 

1551-ci ilin «Kononiçeskoe pravo» məcəlləsində bu halda Qriqori  Velikidən bu sözlər 

iqtibas gətirildir: «Birinci nigah – qanundur, ikinci – bağışlamaqdır, üçüncü – qanuni 

cinayətdir, dördüncü – murdarlıq, donuz həyatıdır.» 

Getdikcə  nigahın pozulması çətinləşirdi. Boşanmanın qanuniləşdirilmiş əsasları 

da mövcud idi, bunlardan başlıcası  xəyanət sayılırdı. Lakin o dövrün qanunvericiliyi ər 

və arvadın vəfasızlığına müxtəlif yanaşmalardan baxırdı. Ər o zaman arvadına xəyanət 

etmiş sayılırdı ki, digər  ərli qadınla  əlaqəyə girirdi. O dövrdə  ərin öz arvadına xəyanət 

etməsinə görə məsuliyyəti tanınmırdısa, onun bu xəyanəti qanunvericilikdə digər kişiyə 

– oynaşının ərinə qarşı etdiyi cinayət kimi baxılırdı. 

Xristianlığı  qəbul etməklə  ər-arvad arasındakı  şəxsi münasibətlər dəyişməyə 

başladı. Ərli qadın artıq əşya kimi yox, nisbətən sərbəst şəxs kimi çıxış edir. 

Moskva dövrünə qədər ərli qadınlar nisbi sərbəstliyə malik idilərsə, sonra, belə 

desək, «terem dövrü» gəlir ki, bu zaman cəmiyyətin yuxarı təbəqələrindən olan qadınlar 

öz yaxın qohumlarından başqa kimsə ilə ünsiyyət saxlamırdılar. 

Baxmayaraq ki, qanuna görə  ər öz arvadını öldürmək və ya başını  qırxdırıb 

rahibə etmək hüququna malik deyildi, lakin bununla belə, bu növ hallar yer alırdı. 

Arvadını öldürən kişi yüngül cəzaya məruz qalırdı ərini öldürən qadınsa diri-diri torpağa 

basdırıldı.  Ər arvadını girov qoya və ya girovu saxlayana girov predmetindən istifadə 

etməyə haqq verə bilərdi. O dövrün ailəsi öz başçısı və açıq şəxsi hakimiyyəti olan kiçik 

ölkəni xatırlayırdı, ailə sosial təşkilat idi. Ailə başçısına mənsub olan hökmranlıq hüququ 

heç bir iddia və rəsmi hakimiyyətə müraciət tələb etmədən bilavasitə məcbur etmə yolu 

ilə icra olunurdu. «Domostroy» bu barədə kişiləri arvadlarını necə döyüb-döyməmək 

qaydaları ilə ətraflı təlimalandırırdı. 

Rusiyanın o dövrdəki ailə  tərzi Qərbi Avropa cəmiyyətinin kübar təbəqələrində 

təzahür tapan, hüquqi şüurun inkişafına və Madonnaya sitayişə əsaslanan gözəl qadına 

pərəstişkarlıq tərzindən fərqlənirdi. Bununla bağlı  təsəvvürlər qadına qarşı zorakılığı 

cəngavər  şərəfi ilə bir araya sığmayan hal sayırdı. Rusiyada isə huquqi şüur 

qanunvericilikdən daha aşağı səviyyədə inkişaf etmişdi. Odur ki, formal olaraq qadağan 

edilmiş qadının qətli və ya hüquqlarından məhrum edilməsi həyatda tez-tez baş versə 

də, bu heç mənəvi məzəmmətə belə səbəb olmurdu. 

Əksinə olaraq, Rusiyada ər-arvad arasındakı  əmlak münasibətləri Qərbi 

Avropadakından daha çox müstəqilliyi ilə fərqlənirdi. Lakin qız valideynlərinin əmlakına 

varis ola bilməzdi. Ona yalnız cehiz verilmirdi ki, ərə gedəndən sonra ondan öz bildiyi 

kimi istifadə etsin. Valideynlər öldükdə onların varisləri qızı cehizlə təmin etməyə borclu 

idilər.  Əgər varislər yox idisə, qalan miras xəzinəyə verilir, ondansa qızlara cehiz 

ayrılırdı. 



Ailə-nigah qanunvericiliyinin inkişafındakı sonrakı  mərhələ qanunvericilikdə 

dünyəviliyin güclənməsi, müxtəlif dinlərə  mənsub olan adamların nigahına icazə 

verilməsidir. Qanun məcəlləsində (Vətəndaşlıq Qanunları – f.2 mad. 12) deyilir ki, nigah 

vətəndaş – hüquq sövdələşməsinin predmeti ola bilməz, buna görə  də nigaha girmək 

haqqında verilən vəd onu verən tərəfdən pozularsa, bu heç bir iddialara səbəb ola 

bilməz. 


1830-cu ildə nigah bağlamağa görə yaş  həddi artırılaraq, kişilər üçün 18, 

qadınlar üçün 16 il müəyyən edilir. Bəy və  gəlinin yaşından asılı olmayaraq, nigaha 

onların valideynlərinin icazəsi tələb olunurdu. Onların razılığı olmadan nigah 

bağlanırdısa, bu qanuni sayılırdı, lakin övladlar bağışlanmırdılarsa, valideyn əmlakından 

məhrum olurdular. Vətəndaş  və ya hərbi xidmətdə olan şəxslər nigaha inzibati cəza 

qorxusu altında öz rəislərindən icazə almalı idilər. Nigah bağlanmasının son həddi 80 

yaş müəyyən edilir. Sinodun 1744-cü il fərmanına  əsasən «Nigah insan nəslinin 

artırılması üçün Allah tərəfindən müəyyən edilir, bunu 80 yaşlı olanlardan gözləmək 

müşkül işdir.» 

Boşanma xeyli çətinləşdirilir. Boşanma proseduru olduqca qəliz idi. Boşanma 

prosesi Duxovnı Konsistoriya məhkəmələri tərəfindən icra olunurdu. Prosesin özü 

qarışıq yarış-axtarış xarakteri daşıyırdı. Qərar mövcud sübutlara formal qiymət verilməsi 

əsasında çıxarılırdı, yəni burada qəti olaraq müəyyən edilmiş sübutların olması həlledici 

rol oynayırdı, məsələn,  ər-arvad arasında xəyanət olduqda iki-üç şahidin ifadəsi buna 

sübut kimi kifayət idi. Xəyanət etmiş tərəf günahını boynuna alsa belə, formal sübutlarla 

təsdiqini tapmırdısa, bu özü-özlüyündə günah kimi nəzərə alınmırdı. Xəyanət eyni 

zamanda cinayət hərəkəti sayılırdı  və  tərəflərdən birinin iddiası  əsasında cinayət 

məhkəməsi tərəfindən baxıla bilərdi. Məhkəmənin hüququ var idi ki, günahkar əri 

(arvadı) 3 aydan 8 ay müddətinə  qədər həbs  cəzasına məhkum etsin, onunla əlbir 

olana 2 aydan  4 aya, evlidirsə – 4 aydan 8 aya kimi cəza təyin etsin. 

İnqilaba qədərki Rusiya bütün təbəqələri üçün eyni olan vahid nigah 

qanunvericiliyinin yaradılmasına axır ki gəlib çata bilmədi.  Rusiyanın  istər dünyəvi, 

istərsə  də kilsə nigah qanunvericiliyi dini qaydalar üzərində qurulurdu. Buna görə  də 

müxtəlif məzhəb və konfessiyalara mənsub olan şəxslər öz dinlərinin qaydalarından 

asılı olaraq müxtəlif qanunların təsirinə  məruz qalırdılar. Bir tərəfdən bu dini 

dözümlülüyün təzahürü idi; digər tərəfdən XIX-XX əsrlərin keçidində alternativ olaraq 

vahid dünyəvi nigah qanunvericiliyinin yaradılmasına təkidli ehtiyac hiss olunurdu ki, 

bununla da müxtəlif dinlərə  mənsub olan insanlara qarşılıqlı razılığa  əsasən dünyəvi 

orqanda nigah və ya boşanma aktlarını icra edə bilsinlər və s. 

Müsəlmanlara poliqam nigah bağlamağa icazə verilirdi. Müsəlmanlarda 

boşanma  Şəriət qanunları ilə nizamlanırdı, bu zaman boşanma tərəflərin qarşılıqlı 

razılığı əsasında ya da kişinin iradəsindən asılı olaraq birtərəfli qaydada icra edilirdi. 

Katoliklər arasında nigah pozulmaz idi, yalnız separasiya – məhkəmə vasitəsilə 

ər-arvadı bir-birindən məcburi yolla ayırmaq olardı. Separasiya haqqında qərar almış ər-

arvad yeni nigaha girə bilməzdilər. 

Protestant kilsəsi boşanmalara, o cümlədən  ər-arvadda evliliyə nifrət 

yarandıqda, böyük imkanlar yaradırdı. 

Yəhudi qanunlarına görə kişi istənilən ciddi səbəb olduqda arvadından 

boşanmaq hüququna malik idi. Arvad isə yalnız müəyyən olunmuş qaydalarda boşanma 

tələb edə bilərdi. 

İmperiya dövründə ər və arvadın şəxsi hüquq və vəzifələri də ciddi dəyişikliklərə 

məruz qalmışdı.  İlk növbədə Avropa həyat tərzi dəyərlərinə keçiddə qadınların 

cəmiyyətdəki vəziyyəti ciddi dəyişdi. 1917-ci ilə qədər formal olaraq qorunub saxlanılmış 

kişini ailə üzərindəki hökmü nisbətən sivil formalar aldı.  1845-ci ildən sonra ər öz 

arvadına fiziki cəza verə bilməzdi. 



Qanunverici bu dövrdə ər-arvad münasibətlərini aktiv olaraq nigah daxilində həll 

etməyə çalışırdı. Vətəndaşlıq  Qanunlarının 106-cı maddəsində deyilir: «Ər arvadını öz 

bədənitək sevməli, onunla razılıqda yaşamalı, hörmət etməli, müdafiə etməli, onun 

çatışmamazlıqlarını bağışlamalı, xəstəliyini yüngülləşdirməlidir». 

107-ci maddə arvadın vəzifələrini belə şərh edir: «Arvad ərinə ailə başçısı kimi 

itaət etməli, ona qarşı  məhəbbət və tükənməz sözə baxımlılıq göstərməli, evin xanımı 

kimi ona hər cür qulluq və bağlılıqda bulunmalıdır». 

Ər-arvadın yaşayış yeri kişinin yaşadığı yerlə müəyyən edilirdi. Kişi haraya 

gedirsə, qadın onunla getməli idi, əks halda arvad zorla ərinin evinə salınırdı. Yalnız 

sürgün qadını bu vəzifədən azad edə bilərdi. Arvad ərinin adını daşımaq hüququna 

malik idi və ya daşımağa borclu idi. Bu qaydadan istisna üstünlüyü zadəgan 

olmayanlara  ərə gedən və zatən zadəgan olan qadınlara verilirdi, onlara ərinə 

bildirmədən zadəganlığını saxlamaq icazəsi verilirdi. Ər-arvadın əmlak münasibətləri də 

dəyişikliklərə  uğradı: arvadın  əmlakı onun ayrıca  əmlakı kimi baxılırdı  və kişi bu 

əmlakdan heç istifadə də edə bilməzdi. 

Vətəndaşlıq Qanunlarının  10-cu məddəsində deyilir ki, «nigah ər və arvada 

əmlaka birgə sahib olmaq haqqı verilir, onlardan hər birisi ayrıca əmlak ala və ona sahib 

ola bilər. »   

İnqilaba qədərki dövrdə Rusiyanın ailə qanunvericiliyi bir çox Avropa ölkələrinin 

qanunvericiliyi ilə təxminən eyni səviyyədə idi. 

1917-ci il Oktyabr inqilabından sonra ilk çap olunmuş qanunvericilik aktı 

«Vətəndaş nigahı, uşaqlar və vətəndaşlıq aktların kitablarının tətbiqi haqqında» dekret 

idi. Bu dekretə görə, dinində  asılı olmayaraq, bütün Rusiya vətəndaşları üçün yeganə ç 

nigah forması nigahın dövlət orqanlarında bağlanması oldu. 

Bu dekretin vacib müddəalarından biri o idi ki, bununla qanuni və qanunsuz 

uşaqların hüquqları  bərabərləşdirilir, atanın kimliyi məhkəmə qaydasında təyin edilə 

bilərdi. 

19 dekabr 1917-ci ildə «Nigahın pozulması haqqında» dekret qəbul olundu. 

Dekretə əsasən boşanma işləri Duxovnı konsistoriyaların ixtiyarından çıxarılırdı. 

22 oktyabr 1918-ci ildə ilk xüsusi kodlaşdırılmış ailə-hüquq aktı olan 

«Vətəndaşlıq vəziyyəti aktları, nigah, ailə  və hamimilik hüquqları haqqında qanunlar 

Məcəlləsi» qəbul olundu. 

Bu məcəllənin normalları ər və arvadı həyatı məsələlərinin həllində və yaşayış 

yerinin seçimində  bərabərləşdirdi.  Ər-arvad eyni zamanda hər ikisinin familiyasından 

birini özlərinin ümumi familiyası kimi seçə bilmək, yaxud da onları birləşdirib qoşa 

familiya daşımaq imkanı əldə etdilər. 

Ər-arvadın  əmlakına gəlincə  əvvəlki ayrı-ayrılıq rejimi qüvvəsini saxladı, lakin 

indiki qanunda (mad. 105) yeni imperativ norma qüvvəyə  mindi: burada deyilirdi ki,  

nigah  ər-arvadın  əmlak birliyini yaratmır,  ər arvadın  əmlakından istifadə etmək və onu 

idarə etmək hüququna malikdir, lakin belə hüquqa nigah müqaviləsinə görə sahib ola 

bilməz. Nəzərə alınsa ki, əmlakın bölünməsi rejimi evdən kənarda işləməyən qadına 

ailə əmlakı üzərində heç bir hüquq vermirdi, bu vəziyyəti nigah müqaviləsi bağlamaqla 

dəyişmək cəhdinə qoyulan qadağa qadınların maraqlarına daha ciddi pozuntular gətirdi. 

Əmlak münasibətlərinin nigah müqaviləsi vasitəsilə  tənzimlənməsinin 

mümkünlüyü haqqında müddəa 2000-ci ilə kimi qüvvədə qalırdı. 

Məcəllənin 63-cü maddəsinə uyğun olaraq ər və arvad himayəçilik hüququna 

malik idilər. Himayədə saxlamaq hüququ ömürlük olaraq keçmiş  ərə  şamil edilirdi. 

Himayə haqqını ödəyən  ər/arvad öldükdə alimentlər ondan sonra miras qalmış  əmlak 

hesabına ödənirdi. 

133-cü maddə qanuni və qanundankənar uşaqların hüquqlarını tam 

bərabərləşdirirdi. Uşaq anadan olmazdan üç ay qabaq atanın kimliyini təyin etmək üçün 

ana müvafiq ərizə ilə müraciət etmək hüququna malik idi, güman edilən ata isə bundan 




sonrakı iki həftə ərzində atalıqla bağlı etirazını məhkəmə qaydasında verə bilərdi. Əgər  

ananın  ərizəsi mübahisə doğurmurdusa, atalıq təyin olunmuş sayılırdı. Hətta  əgər 

cavabdeh şahidlər gətirib onlardan dəstək alsaydı ki, döl vaxtı qadın onların hər biri ilə 

cinsi  əlaqədə olub və atanın kim olduğunu təyin etmək mümkün deyil, bu zaman 

məhkəmə bu adamların hər birisindən  pay hesabı ilə aliment alınması haqqında qərar 

verə bilərdi. 

İmperiya dövründə Rusiya ucqarlarında yaşayan müsəlmanların vəziyyəti 

hamıya yaxşı  bəllidir. Xüsusən də bu özünü Şəriət normaları ilə nizamlanan ailə 

hüququnda göstərirdi. Türkmənistanda belə bir atalar sözü işlədilirdi: «Kişiyə qızının göz 

yaşlarını əldə rəhbər tutmaq yaraşmaz». Ailədə  qızın doğulması – valideynlərin günahı, 

Allahın cəzası sayılırdı.  İlk doğulan qızı «Oğulgərək», ikincisini – «Doyduq», 

üçüncüsünü – «Bəsdi» çağırardılar. 

Azərbaycanlı qadının vəziyyətini dahi şair M.Ə.Sabir öz şerlərində çox yaxşı 

göstərir. Şerlərinin birində o, yazır ki, «Əgər qıza nəyi isə bilmək lazımdırsa, bu ev işi, 

tikiş, yamaq vurmaq, sap əyirmək, paltar yumaq, yığışdırmaq, küftə  və dolma 

hazırlamaq, vəssəlam». O dövrdə  hələ  də çoxarvadlılıq, erkən nigahlar, qocalarla 

evlənmək qalmaqda idi. 

1926-cı ildə «Ailə, nigah və hamilik haqqında Məcəllə» (ANHM) qəbul olundu. 

Məcəllənin qəbulu ilə faktiki nigah münasibətlərinə hüquqi məna verilir. İkinci  vacib 

yenilik – ayrı-ayrılıq rejimində olmuş ər-arvad əmlakının birgə rejimə keçirilməsi oldu. Bu 

qaydanın qanuniləşdirilməsinin vacibliyi ondan irəli gəlirdi ki, bölünən  əmlak rejimində 

müstəqil gəlir qazanmayan qadın ailə əmlakı üzərində hüquqsuz idi. Belə ki, bu əmlak 

kişinin gəliri hesabına əldə edildiyindən elə onun da ixtiyarında idi, qadınlarınsa çoxu o 

dövrdə  işləmədiklərinə görə heç nəsiz qalırdılar. Bir qüsur qalırdı ki, ər-arvad 

ixtiyarlarında olan əmlakın hüquqi rejimini müqavilə əsasında həll edə bilmirdilər. 

Əmək qabiliyyətini itirmiş və ehtiyacı olan ər/arvada müavinat verilməsi onların 

boşanmasından sonra yalnız bir il müddəti ilə məhdudlaşırdı: qanunvericilik çalışırdı ki, 

ər-arvad arasındakı münasibətlər mümkün qədər tez kəsilsin. 

Qadın və kişiyə nigaha girmək üçün vahid yaş  həddi  18 yaş müəyyən edildi. 

Məcəllə  tərəflərə evlənmədən qabaqkı familiyilarını saxlamaq hüququnu təsbit etdi. 

Nigahdan kənar doğulan uşaqların atalarının kimliyi haqqında qeyd uşaq doğulandan 

sonra ananın  ərizəsi  əsasında edilirdi. Heç bir sübut tələb olunmurdu. Ataya yalnız 

qeydin aparıldığı barədə  məlumat verilirdi və ona bu haqda bir il müddətində 

məhkəməyə  şikayət etmək hüququ verilirdi. Lakin bu növ işlər, demək olar ki, həmişə 

qadınların xeyrinə  həll olunurdu. Məhkəmə «Xarici oxşarlıq ekspertizası» və «qanın 

ekspertizası» kimi dəlilləri qəbul edirdi. Cavabdeh üçün atalıqdan qaçınmanın yeganə 

şansı – uşağın həqiqi atasını tapmaqda idi. Uşağın maraqlarının qorunmasının 

üstünlüyünü rəhbər tutaraq, o zaman güman edilən atanın hüquqlarının qorunmasının 

vacibliyi tamamilə unudulurdu. 

1926-cı ildə  Məcəllənin qəbul olunması ilə ailə – nigah qanunvericiliyində 

müəyyən sabitlik yaranır və  1968-ci ilə  qədər yalnız iki Fərman qəbul olunur. 27 iyun 

1936-cı ildə  MİK və XKS «Abortların qadağan olunması, doğan analara yardımın 

artırılması, çoxailəlilərə dövlət yardımının təyin olunması, doğum evi və uşaq baxçaları 

şəbəkələrinin artırılması, aliment ödəməsindən yayınanlar barəsində cinayət 

məsulliyyətinin gücləndirilməsi və ailə  və nigah qanunvericiliyində  bəzi dəyişikliklərin 

edilməsi haqqında» qərar qəbul edirlər. Bu qərar dövlətin ailənin daxili işlərinə necə 

qarışdığının bariz nümunəsidir. 

Abortların icra edənlərə və aborta gedən qadınlara qarşı  cinayət məsuliyyətinin 

nəzərdə tutulması  və qanunvericiliklə abortların qadağan edilməsi nəticə etibarilə bu 

halın qarşısını almağa yox, kütləvi kriminal xarakterli abortların artmasına səbəb oldu, 

cəza qorxusu qarşısında qalan qadınları isə tibbi yardıma müraciət etməkdən 

daşındırmaqla bəzi hallarda ölümlərin sayını artırdı. 




8 iyul 1944-cü ildə daha bir hüquqi akt – mövcud ailə-nigah qanunvericiliyini yüz 

il geri atan yeni Fərman qəbul olundu. Bu Fərmanla nigahdan kənar doğulan uşaqların 

məcburi yaxud könüllü qaydada atalarının kimliyini müəyyən etməyə qadağa qoyulurdu. 

Boşanmalar, hər iki tərəf buna razılıq versə belə, praktiki olaraq qadağan edilirdi. 

15 fevral 1947-ci ilin Fərmanı ilə SSRİ  vətəndaşlarının xarici vətəndaşlarla 

nigah bağlaması qadağan olundu. 

1968-ci ildə SSR İttifaqı və müttəfiq respublikaları ailə və nigah qanunvericilikləri 

qəbul olundu və bunların əsasında 1969 və 1979-cu illərdə müttəfiq respublikaların ailə 

məcəllələri işlənib hazırlandı. 

1995-ci ildə Azərbpaycan Respublikası Konstitutsiyasının qəbulu ilə 

respublikanın yeni ailə qanunvericiliyinin formalaşması başladı. 

 

2.Ailənin sosioloji və hüquqi təyinatı 

Müasir  şəraitdə ailəyə üç aspektdən baxılır. Cəmiyyət səviyyəsində ailə ona 

məxsus yeri və rolu ilə sosial institut kimi çıxış edir, bir sıra funksiyaları, o cümlədən 

uşaqları tərbiyələndirmək funksiyasını, icra edir. Digər tərəfdən ailə – özünün daxilində 

həmrəydiyi, ailə üzvlərinin birliyi, qarşılıqlı münasibətləri və  ənənələri olan kiçik sosial 

qrupdur. Və, nəhayət, ailə – fəaliyyət və insanın müəyyən tələbatlarını ödəyən həyat 

sferasıdır. 

Nigah – qadınlar və kişilər arasında tarixən yaranmış sosial münasibətlər 

formasıdır ki, onun vasitəsilə  cəmiyyət kişilərlə qadınlar arasındakı münasibətləri 

tənzimləyir və sanksiyalaşdırır. Ailə isə – nigah və qohumluğa  əsaslanan, üzvlərinin 

birgə yaşayışda marağı olan sosial birlikdir. O, uşaqların doğulması  və  tərbiyə 

olunmasına, məişət və büdcə birliyinə  əsaslanan,  ər-arvad arasında tarixən təşəkkül 

tapmış qarşılıqlı münasibəilər sistemidir. 

Respublikamızda ailə-nigah məsələləri 01.06.2000-ci ildə qüvvəyə minmiş 

Azərbaycan Respublikasının Ailə Məcəlləsi (AM) ilə tənzimlənir. 

Bu Məcəllənin 2-ci maddəsinin 2.3 bəndi nigahı kişi və qadın arasında müvafiq 

icra hakimiyyəti orqanında bağlanmış könüllü ittifaq kimi müəyyən edir. Həmin maddə 

(2.2.b) ər-arvadın bərabərliyini təsbit edir. 

Müvafiq icra hakimiyyəti orqanından kənarda bağlanmış nigah (yəni dini kəbin) 

hüquqi  əsası olmayan və heç bir hüquqi nəticəyə  səbəb ola bilməyən akt sayılır 

(Azərbaycan Respublikasının AM m.2, b. 1.5). 

Azərbaycanda evlənmə yaş  həddi kişilər üçün 18, qadınlar üçün 17 yaş 

müəyyən edilmişdir (m. 10, AM) . Nigah bağlamağın şərtləri – tərəflərin yazılı razılığı və 

qanunla müəyyən edilmiş yaş həddidir. Son vaxtlarda daha çox ikinci şərt pozulur: 15-

16 yaşlı  qızlarla nigaha girmə halları artmışdır, hərçənd AR Ailə  Məcəlləsinin  10-cu 

maddəsinin 2 bəndi müvafiq icra hakimiyyəti orqanına üzürlü səbəblər olduqda evlənmə 

yaşını bir il aşağı salmağa icazə vermişdir. Nigaha girməyə maneələr bunlardır: yaxın 

qohumluq (valideynlər və  uşaqlar, baba-nənə  və  nəvələr, doğma və ögəy qardaş  və 

bacılar); oğulluğa götürənlər və  oğulluğa götürülənlər; ikinci nigahın olması; məhkəmə 

qaydasında iş bacarığı olmayan (hesab edilən) şəxslərlə (şəxslə) nigah bağlamaq (AR 

AM m. 12). 

Məcəllənin 4-cü fəsli nigahın pozulması ilə bağlı məsələləri tənzimlənir. 

Azərbaycan Respublikası AM-nin 14 m. 2 b. Əsasən nigah ikitərəfli razılığa və 

ya tərəflərin birinin tələbinə görə pozula bilər. Qanunverici kişilərin arvadın hamilə 

olduğu dövrdə və uşaq doğulandan bir ilə qədərki müddətdə boşanma haqqında iddia 

qaldırmaq hüququnu məhdudlaşdırır (m.15 AM). Bu norma ilə ailə hüququnda qender 

assimmetriyası təsbit edilir. Həmin maddə qadının hamiləlik dövründə və doğuşdan bir il 

sonra sağlamlığının qorunmasına yönəlmişdir. Lakin qanunvericilik uşağın bir yaşa 

çatmayıb öldüyü yaxud ölü doğulduğu, həmçinin ərin uşağın atası olmadığı hallar üçün 

istisnalar edir. Bundan başqa bu qayda o hallarda da tətbiq olunur ki, uşaq bir yaşına 



çatanadək ananın yox atasının yanında yaşasın, yaxud kimsə başqa birisi ona  qayğı 

göstərsin. Ailənin könüllü ittifaq, ər və arvadına bərabərhüquqlu olduqlarını təsbit edən 

məcəllə maddələrindən irəli gəlsək, onda bu qanunun 15-ci maddəsi həmin prinsipləri 

pozur. 


Məsələyə digər tərəfdən yanaşaq. Əgər qanunverici qadını hamiləlik dövründə 

və  uşaq doğulandan bir il sonrakı müddətdə lazımsız həyəcan və  təəssüratlardan 

qorumağa cəhd göstərirsə, onda ailədə hansı sakitlikdən söz gedə bilər ki, əgər kişi 

orada «dəyənək altında» yaşamış olsun? 

Rusiya Federasiyasının ailə qanunvericiliyində atalığı  təyin etmə 

məsələlərində indiyə kimi  qender assimmetriyası qanuni qüvvədə qalır (RF AM 1 h. 3 b. 

Və AR AM m. 187). 

RF qanunvericiliyinə görə, nigah qeydə alınmayıbsa və ata uşağını 

qeydiyyatdan keçirdiyi zaman ananın razılığını almaq mümkün deyilsə yaxud o, doğuş 

zamanı tələb olubsa, onda atalığı təyin etmək üçün hami və ya qəyyumluq təşkilatının 

razılığı olmalıdır. Azərbaycan Respublikasının ailə qanunvericiliyi bu praktikadan imtina 

etmişdir; bu halda özünü uşağın atası kimi qeydiyyatdan keçirmək üçün atanın  ərizəsi 

kifayətdir. 

Azərbaycan Respublikasının Ailə  Məcəlləsinin 84 və 85-ci maddələri  ər və 

arvadın bir-birlərini saxlamaq borcunu təsbit edir. 84-cü maddənin 2-ci bəndinin 2-ci 

hissəsi hamiləlik dövründə  və bircə  uşaq 3 yaşına çatana qədər nigah pozulduqda 

qadına aliment almaq hüququnu qanuniləşdirir. 

Hazırki işə aidiyyatda götürəndə (Ailə münasibətlərində  ər və arvadın hüquq 

bərabərliyi və imkan bərabərlliyi) AM-nin təhlil olunan maddəsi tamamilə müxtəlif olan iki 

situasiyanı əhatə edir ki, bunlar arasında əvvəllər heç vaxt fərq qoyulmamışdı. Burada 

da qender bərabərliyinə «avtomatizm» yanaşması özünü göstərir. Birinci situasiya 

qadının hamiləlik və uşaq doğulandan sonrakı dövrü (bir yaşa qədər) əhatə edir, yəni bu 

dövrdə o, hələ işləyə bilmir və fiziki cəhətdən tam bərkiməyib. İkinci situasiyada qadın 

artıq tam iş qabiliyyətidir, lakin o, uşaq üç yaşına çatana qədər işləməmək və ona qulluq 

göstərmək hüququndan istifadə etməyi qərara alır ki, onu bağçaya verməsin. Uşağın 

maraqlarını  nəzərə alsaq, ailə qanunvericiliyinin bu müddəası  təqdir olunmalıdır.  Əgər 

birinci hissəni (hamiləlik dövrünün və  uşaq bir yaşa çatanadək aliment ödənişi) biz bir 

mövcudluq kimi qəbul ediriksə, onda digər situasiya uşaq doğulandan sonrakı üçillik 

dövrə aid olur. 

Qanunun bu hissəsində söhbət uşağın valideynlərdən hansı birisi ilə 

qalmasından asılı olaraq onların aliment alma hüququndan getməlidir. 

Qanunun hərfinə görə, qadın uşaq onunla yaşamasa da aliment tələb etmək 

hüququna malikdir. Bu normanın haqsızlığı göz qabağındadır: ana öz ailəsini atıb ata 

isə ailənin bütün qayğısını öz üzərinə götürməyə  məcburdur. Bu vəziyyətə düşməklə 

bərabər o, uşaq  1 yaşına çatana kimi qadınla nəinki boşana bilməz, üstəlik uşaq 3 

yaşına çatanadək qanunla ona aliment də ödəməlidir, çünki qanunvericilik ayrı heç bir 

istisna nəzərdə tutmur. Buna görə  də  əmlak hüququnda və sosial təminat hüququnda 

işlədilən «uşağa faktiki qulluq göstərən  şəxs» termini ailə qanunvericiliyinə daxil 

edilməlidir ki, bu norma kişi və qadının formal bərabərliyi prinsipinə uyğun gəlsin və 

cinsindən asılı olmayaraq hər bir valideynə öz valideynlik hüquqlarının icrasında 

bərabər imkanlar yaratmış olsun. 

 



Ər-arvad arasında əmlak münasibətləri və bərabərlik problemləri 

Ər-arvad arasındakı əmlak münasibətləri şəxsi (qeyri-əmlak) münasibətlərindən 

hüquqi cəhətdən daha yaxşı tənzimlənir. Buna görədir ki, həyati münasibətlərə nisbətən 

ər-arvad münasibətlərində daha az yer tutan əmlak münasibətləri hüquqi tənzimləmədə 

daha çox yer tuturlar. Ər və arvadın  əmlak münasibətləri daima hüquqi tənzimləmə 

tələb edir, çünki, əvvəla,  əmlak hüquqları  həmişə  məcburi qaydada həyata keçirilir və  




əmlak öhdəliklərinin yerinə yetirilməsi müvafiq sanksiyaların tətbiqinə  səbəb olur. 

İkincisi, əmlak münasibətlərində müəyyənlik lazımdır, belə ki, bunda həm ər-arvad, həm 

də üçüncü şəxslər – varislər, kreditorlar, kontragentlər – maraqlıdırlar. 

Ailə münasibətlərini tənzimləyən normalar yeni Ailə  Məcəlləsində (AM) xeyli 

dəyişikliyə  məruz qalıblar.  Əmlak münasibətlərini tənzimləyən normaların prinsipləri 

belə dəyişdirilib. 

Ər-arvadın qanuni əmlak rejimi ailə qanunvericiliyinin diopozitiv normaları ilə 

müəyyən edilmiş birgə əmlak rejimi adlanır. 

Azərbaycan qanunvericiliyinə görə,  ər-arvad  əmlakının qanuni rejimi onların 

birgə mülkiyyət rejimi sayılır (Azərbaycan Respublikasının AM, m. 31.1).  Ər və arvad 

üçün qanuni əmlak rejimi təyin etdikdə qanunverici ilk növbədə qadının maraqlarından 

çıxış etmişdir. 

Bu norma ilk dəfə olaraq qanunvericilikdə  1926-cı ildə  təsbit olunmuşdur (Bu 

mövzunun 1-ci  sualına bax). 

Birgə  əmlak (mülkiyyət) rejimi o deməkdir ki, ər və arvad, ailə büdcəsinə 

gətirdikləri gəlirdən asılı olmayaraq, birgə yaşayış dövründə qazandıqları  əmlakda 

bərabər pay hüququna malikdirlər. Birgə mülkiyyət  əvvəlki tək  əksər ailə cütlüklərinin 

maraqlarına cavab verir. Son illərdəki ciddi dəyişikliklərə baxmayaraq, qadınların çox 

hissəsinin gəliri kişilərin gəlirlərindən aşağıdır. Bu onunla bağlıdır ki, qadınlar öz 

professional karyeralarını ev təsərrüfatını aparmaq və  uşaqların təcrübəsi ilə  məşğul 

olmaq işini bir-biri ilə uyğunlaşdırmaq məcburiyyətindədirlər. Bununla belə, çətinliklərə 

baxmayaraq, bir çox qadınlara ərlərinə nisbətən daha çox qazanmaq nəsib oldur. Onlar 

üçün ümumi mülkiyyət rejimi sərfəli deyildir, belə ki, həm evdə, həm də  işdə ikiqat 

zəhmətə qatlaşaraq, onlar ərlərinə nisbətən daha çox əmək və vaxt sərf edir, əmlak 

bölgüsündə isə yalnız onun yarısına sahib ola bilirlər. Yeni ailə qanunvericiliyi onlara bu 

haqsızlıqdan yaxa qurtarmaq imkanı verir, bunun yolu isə – kəbin kontraktı bağlamaqla 

özünə digər ər-arvadlılıq əmlak rejimi yaratmaqdır. 

Ər-arvd ümumi birgə əmlak hüququ, onların çəkdikləri zəhmətin həcmindən və 

gəlirlərindən asılı olmayaraq bərabər ölçülüdür. Hətta o halda ki, əgər  ər-arvadın 

ikisindən biri ümumiyyətlə  gəlir  əldə etməkdə  və ümumi əmlakın artırılmasında iştirak 

etməyibsə  və bu üzürlü səbəblərdən baş veribsə heç də onun hüquqlarını azaltmır 

(Azərbaycan Respublikasının AM, m.32, b.2.2). 

Ər-arvad arasında  əmlak münasibətlərini iki qrup münasibətlərə bölmək olar – 

ər-arvad mülkiyyəti münasibətləri və ər-arvad mükiyyəti arasında aliment münasibətləri. 

 

1. Nigvah kontraktı ər-arvad əmlakının əlavə müdafiə təminatı kimi 

Ailə  məcəlləsinin  ən  əhəmiyyətli novellarından biri nigah kontraktı (müqaviləsi) 

institutunun təsbitidir. Nigah kontraktının ilk dəfə bağlanması 2000-ci ildə Azərbaycan 

Respublikasının Mülki Məcəlləsinin qəbulu ilə mümkün oldu. Bu qanunda göstərilirdi ki, 

«ər və arvadın birgə həyat dövründə qazandıqları əmlak tərəflər arasındakı müqavilə ilə 

ər-arvad  əmlakının özgə rejimi nəzərdə tutulmayıbsa, onların birgə mülkiyyətidir». 

Əmlaka dair ər-arvad münasibətlərinin imperativ həlli diapozitiv forma ilə əvəz olunub və 

bununla  ər-arvad  əmlaklarının hüquqi rejimini özlərinin müəyyən etmək imkanlarının 

əldə etdilər. 

Azərbaycan Respublikasının AM 31.1 maddəsi nigah müqaviləsinin ər və arvad 

arasında nigah dövründə  və ya nigah pozulduqda onların  əmlak hüquqlarını  və 

vəzifələrini müəyyən edən razılaşma kimi müəyyən edir. Nigah kontraktının 

(müqaviləsinin) əsas hüquqi məqsədi – ər-arvad əmlakının hüquqi rejimini və gələcəkdə 

yarana biləcək digər əmlak münasibətlərini müəyyən etməkdir. 

Nigah müqaviləsi həm nigaha qədərki dövrdə  həm də nigah bağlandıqdan 

sonrakı istənilən məqamda bağlana bilər. Əgər müqavilə bağlanıbsa, bu halda o, nigah 

qeyd olunanadək qüvvəyə minə bilməz. Nigahın etibarsız sayılması avtomatik olaraq 



nigah kontraktının da etibarsız sayılmasına səbəb olur. Nigah kontraktı mütləq yazılı 

surətdə bağlanmalı  və notarial qaydada təsdiq olunmalıdır. Nigah kontraktının  əsas 

elementi  ər-arvad  əmlakının hüquqi rejiminin təyin olunmasıdır. Nigah müqaviləsi ilə 

müəyyən edilən bu rejim ər-arvad əmlakının müqavilə rejimi adlanır. Ər ya arvad nigah 

müqaviləsinin qüvvəsinə ümumi əmlakın yalnız öz hissəsini sala bilərlər. Ər və arvadın 

ixtiyarları var ki, nigah müqaviləsində  tərəflərin bir-birini qarşılıqlı olaraq və ya birinin 

digərini saxlamaq haqqında öhdəliklər nəzərdə tutsunlar. Nigah müqaviləsində nəzərdə 

tutulan hüquq və vəzifələr müəyyən müddələrlə məhdudlaşdırıla bilər. Nigah müqaviləsi 

ər-arvad cütlüyündən hər hansısını pis vəziyyətdə saxlaya bilməz; müqavilə ailə 

qanunvericiliyinin özəl meyarlarına zidd olmamalıdır.  Əgər nigah müqaviləsi 

pozulmayıbsa, nigah dayandırıla qədər o, qüvvədə qala bilməz. 

Nigah müqaviləsi  ər-arvad arasında  əmlak münasibətləri rejiminin qarantı 

olmaqla, bu növ münasibətlərin nizamlanmasına dair məhkəmələrə edilən müraciətlərin 

azalmasına yardım edir. 

Formal-hüquqi baxımdan  ər-arvad arasında bərabərlik prinsipinin ailə 

qanunvericiliyində  təsbiti – Konstitusiyada əksini tapmış kişi və qadın bərabərliyin 

prinsipinə ciddi əməl olunduğuna əsaslanır. 

 

Ədəbiyyat 

 

1. Azərbaycan Respublikasının Konstitusiyası, B. 1995. 



2. Azərbaycan Respublikasının Ailə Məcəlləsi. B. 2000. 

3. Q.İ.Manayev. «Sovet ailə hüququ». B., 1989. 

4.  М.В.Антокольская. «Семейное право». М., 1997. 

5.  Мусульманское право. 



6.  Е.М.Зуйкова, Ф.И. Ергуланова. «Феминология». М., 2001. 

 

Document Outline

  • ?r-arvad aras?nda ?mlak munasib?tl?ri v? b?rab?rlik probleml?ri
    • ?d?biyyat

Yüklə 193,06 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə