«MÜHARİBƏ» ROMANI HAQQINDA
Soyuq bir dekabr gecəsi azərbaycanlılardan ibarət böyük bir bolük Sevastopola doğru üzür.
Leytenant Hacıyev əsəbi bir həyəcan keçirir. Bölük komandirliyində özünü doğrultmayan,
komandanlığın etimadını qazana bilməyən Cümə İmanzadə vəzifəsinden kənarlaşdırılmışdır.
Onun yerinə Kəyan Hacıyev təyin edilmişdir. Kəyan buna etiraz edərək; - İstəmirəm! Mən bölük
komandiri olmaq istəmirəm! - deyə bir neçə gün əvvəl qeyzlə kapitan Çernışevin kayutundan
çıxmışdı.
Bu etirazın başlıca səbəbi ondan ibarətdir ki, yaxın zamanlara qədər «hörmətli bir sovxoz
direktoru» olan və cəmi üçaylıq hərbi kurs keçən leytenant Hacıyev məsuliyyətdən qorxur. O,
əsəbi bir həyəcan keçirərək, ürəyində Çernışevə xitabən deyir: «Yoldaş kapitan, biz cəbhəyə
gedirik. Birdən elə gəmidən düşən kimi düşmənlə üz-üzə gəlməli olduq. Mən nə edəcəyəm?
Nə?»
Hər şeyə dərin bir məsuliyyət hissilə yanaşmağa adət etmiş sovxoz direktorunu birdən-birə bir
neçə yüz adamın taleyinə cavabdeh olmaq fikri vahimələndirir.
Lakin təcrübəli bir hərbiyyəçi olan Çernışev Kəyandakı təşvişin səbəbini anladığı üçün onun
etirazına əhəmiyyət vermir. Leytenantı bölüyün qabaqcıl adamları ilə tanış edir. Leytenant
Hacıyev bölüyün sadə, zarafatcıl, səmimi üzvləri ilə tanış olduqca, onun qəlbindəki şübhə və
tərəddüd hissləri geri çəkilir.
Leytenant mühit və hadisələrin hökmü altında sürətlə bölüyə isinişir və isinişdikcə, o, sovxoz
direktorluğunun dinc əhvali-ruhiyyəsindən çıxaraq, müharibə dövrü hərbiyyəlisinin əhvali-
ruhiyyəsinə malik olmağa başlayır. Müəllif bu dəyişməni çox doğru təsvir edir.
Leytenant Hacıyev az zaman içində yalnız özünü deyil, bütün bölüyü ələ alır. Bölük Sevastopola
daxil olur. «Şəhər öz böyük dərdi, cihada çıxanların boynuna taxdığı kəfən kimi geydiyi hərbi
qiyafəsi, həzin ciddiyyəti, qəhrəman işgüzarlığı, təmkini və mətanəti ilə tamam bir əzəmət
heykəli idi. Bu heykəlin vüqarı bölüyə qəribə təsir edirdi. Demək, bomba altında, top atəşi
qabağında da şəhər böyüklü-kiçikli, qocalı-cavanlı, kişili-arvadlı, işləyə bilərmiş...»
Sevastopolu birinci dəfə görən Mahmud, Tapdıq və başqaları onu öz vətənləri kimi sevməyə
başlayır. Bu qəhrəman şəhəri müdafiə etmək fıkri leytenant Hacıyevi vəcdə gətirir, onun qəlbini
nəcib hisslərlə çırpındırır: «Sevastopol onun bəxtinə çıxmışdı... Bu onun xoşbəxtliyi idi...» O, bir
komandir olaraq, belə düşünür və bu düşüncəsində möhkəm dayanır. Qəti və amansız hərəkət
edir. İlk bombardman zamanı özlərini bir qədər itirmiş əsgərlərini otuz beş dəqiqə şiddətli ton
atəşi altında saxlayır. Leytenant bilir ki, bu dəhşətli sınaqdan o və yoldaşları sağ çıxmaya da
bilərlər... Lakin o, keçib gəldiyi həyat yollarında sürünməyə adət etmədiyi üçün, müharibənin
dəhşətli alovları içinə cəsarət və qətiyyətlə daxil olmaq istəyirdi.
O, ilk addımı cəsur bir komandir kimi atdı.
Kapitan Çernışev:
- Sən, leytenant Hacıyev nahaq bölüyə komanda edə bilməyəcəyini düşünürdün. Sən yaxşı
komandirsən. Qərarın da cürətli və çox xeyirli qərardı. Əlbəttə, mən gəlib dəstəni
dağıtmasaydım, bu, bəlkə də, böyük tələfatla nəticələnə bilərdi. Xoşbəxtlikdən, vaxtında gəlib
çıxdım. Ancaq sən lazımi nəticə əldə etdin... Əsgər indi səni sayacaq... Bəli! İndi mən səndən də,
bölüyündən də arxayın ola bilərəm.
Beləliklə, cəmi üç ay hərbi təlim keçmiş «hörmətli sovxoz direktoru» ay yarımlıq cəbhə
həyatında cəsur bir komandirə çevrilir, Böyük Vətən müharibəsinin nə demək olduğunu dərindən
dərk edir. Buna görə də, qələbə üçün, lazım gələrsə, öz canından belə keçmək kimi ali bir şüur
onda getdikcə qüvvətlənməyə başlayır. Leytenant qabaqda ölüm-dirim vuruşmaları durduğunu
hiss edərək, öz bölüyünü yalmz silaha yiyələnməklə deyil, eyni zamanda daxilən, ruhən, qəlbən
də vuruşmalara hazırlayır.
Cəbhəyə gəldiyi ay yarım müddətində biz Kəyanda elə bir fövqəladə qəhrəmanlıq görməsək də,
onun buna artıq hazır olduğunu hiss edirik. Bu isə, heç şübhəsiz, yazıçının müvəffəqiyyətidir. O,
həqiqi bir realist kimi hərəkət edir. Qəhrəmanlığı «göydən düşdü» kimi hazır şəkildə vermir.
Onun necə yarandığını, necə inkişaf etdiyini doğruluqla təsvir edir. O, hər yerdə şablondan
qaçaraq, canlı insan verməyə cəhd edir. Biz eyni halı Mahmud və Tapdıq surətlərinin də
təsvirində görürük. İntizamlı, zirək və cəsur bir döyüşçü olan Mahmud tipik bir azərbaycanlı
balasıdır.
O, cəbhə həyatının hər cür çətinliklərinə sürətlə alışır. Onun qəlbi fövqəladə qəhrəmanlıqlar üçün
çırpınır. O, kədər və iztirab içində daha da əzəmətli, daha da qəzəbli görünən Sevastopolu lap ilk
gündən öz doğma şəhəri kimi sevir. Biz onun bu səmimi məhəbbətinə ürəkdən inanırıq.
O, həyatını təhlükəyə ataraq, öz komandiri Xolmoqorsovu ölümdən qurtarır. Müəllif tərəfındən
məharətlə təsvir edilmiş bu səhnə öz təbiiliyi ilə uzun zaman oxucunun xəyalından silinmir.
Müəllifın öz qəhrəmanlarını (Kəyanı, Mahmudu, Tapdığı, İsa kişini, Qara kişini, Dursun arvadı,
Maral və Züleyxanı ) sevdiyi, onları oxucuya sevdirmək istədiyi romanda dərhal hiss olunur.
Romanda qüsurlar da vardır - realizmin ayrılmaz bir üzvü olan romantika hiss olunmur. Müəllif
hadisələri həyatda olduğu kimi, tam bir doğruluqla təsvir etməkdən irəli getmir. Onları romantik
yüksəkliyə qaldırmır. Bəzən olur ki, biz onun əsərində tənqidi realizm elementlərinə rast
gəlirik... Əsərdəki Qulam və Gəray surətlərinin gələcək taleləri bizə məlum deyil. Lakin indiki
halında onlar (xüsusən Qulam) bədii surət deyildir. Ümumiyyətlə, müəllifin təsvir etdiyi mənfı
adamlar bədii təfəkkür dərəcəsinə kölgə kimi çıxmışlar.
Bunun səbəbi odur ki, Qulam kimi adamlar fədakar insanların apardığı Böyük Vətən
müharibəsinin sənətə diktə etdiyi adamlardan deyil. Buna görə də, elə rəzilləri xalqın ayağına
bağlamağa, onların üstündə baş sındırmağa dəyməzdi. Bunun üçün ictimai bir zəruriyyət yox idi.
Yalnız buna görədir ki, müəllif, Qulamı əlinə keçmiş lazımsız bir şey kimi hara qoymağı bilmir.
M.Arif demişkən o, gah qəribə bir halda almanların əlinə düşür... Gah da qəribə bir halda
onlardan qaçaraq öz hissəsinə gəlir. Niyə getdi? Niyə gəldi? Məlum olmur! Həqiqət təhrif olunan
yerdə müəllifın müvəffəqiyyətsizliyi başlayır. Heç bir ictimai zəmini olmayan Qulamlar onu
arzuolunmaz vəziyyətdə qoyur.
Qulam, zükam Əhəd, gicbəsər Abbas və Gəray müəllifin müvəffəqiyyətsizliyi olub, haradansa
«Müharibə»yə düşmüş təsadüfı adamlardır. Bunlar romana uyuşmurlar. Ona vurulmuş yekə bir
yamaq kimi görünürlər.
Cümə İmanzadə haqqında isə ayrıca danışmaq olar. Bu «Müharibə»dəki mənfı surətlərin
nisbətən mürəkkəb və qüvvətli olanıdır.
Cümə, yeni iqtisadi siyasət vaxtı hərbi işi buraxaraq, atasının yolu ilə gedir - tacir olur. «Dövlət
qazanmaq», «gözəl həyat» keçirmək üçün şirin xəyallara qapılır. Lakin çox keçmir ki, iflasa
uğrayır. Bundan sonra onunku «gətirməməyə» başlayır. Bir-birinin ardınca
müvəffəqiyyətsizliklərə rast gəlir. Çünki onun tutduğu yol yanlış idi. Bu yol onu başqa bir yerə
aparıb çıxara bilməzdi. Bunu dərk edə bilməyən Cüməni onun həyatdakı müvəffəqiyyətsizlikləri
kinli və xəbis edir. Fərsiz oğul təqsiri ata-anasında görən kimi, o da öz xalqına hirslənir. Ona
istehza edir. Onun qəhrəmanlıqla vuruşmağına inanmır.
Cümə İmanzadə müharibəyə bu cür gəlib çıxıb. Sonra nə olacaq? Ayn-ayrı xalqların və o
cümlədən azərbaycanlıların Böyük Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlıqlar ona
necə təsir edəcək? Təbiətində tez-tez parlayıb yox olan cəsarət qığılcımı, nəhayət, qüvvətli bir
alova çevrilərək, onun yolunu işıqlandıracaqmı? Yoxsa, o, öz daxili qaranlığında xudpəsənd,
kinli bir xəbis kimi məhv olacaq? Hələlik, bu barədə bir söz demək çətindir.
Müəllif arxa cəbhəni də təsvir edir. Lakin cəbhəyə nisbətən zəif şəkildə. İsa, Qara, Məsmə,
Maral, Züleyxa, Dursun, Güllü... bunların hamısı, hələlik, müharibəyə gedən adamları haqqında
düşünməkdən, kədər ve iztirab çəkməkdən başqa ayrı bir iş görmürlər. Arxa cəbhəni göstərərkən,
müəllif xırda və lazımsız təfərrüatla həddindən artıq məşğul olaraq, böyük ictimai məsələləri
nəzərdən qaçırmışdır.
Lakin bununla bərabər, onun arxada təsvir etdiyi adamlar içində yaddaqalan və gələcəkdə (yəni,
romanın ikinci hissəsində) mühüm işlər görəcəklərini vəd edən surətlər vardır. Qocaman neft
ustası İsa kişi, Kəyanın arvadı Maral, Qara kişi və onun gəlini, Mahmudun anası Dursun belə
surətlərdəndir.
Gödək boynu, əlində demi, başında şələ papaq (indiki kəndlərdə şələ papağı çox az qoyurlar)
olan Qara kişi xalqımızın müharibədən qalib çıxacağına inanır. Düşmənə sonsuz nifrət bəsləyir.
Lakin birdən cinli kimi atılıb ortalığa düşür ki, mən qız, gəlini işə buraxmıram. Çünki kolxoz
sədri Sarı onlara baxır... Nazirlikdə məsul vəzifə daşıyan, ziyalı bir qadın olan Maral, əri
Kəyanın indi qarda-çovğunda vuruşduğunu düşünərək, kobudcasına qayınanasının üstünə
qışqırıb deyir: «Arvad, heç utanmırsan, oğlun orda yer altında, od içində, ölüm qabağında, amma
sən... Qaz bəs deyilmi, maşınka da yandırırsan...» Bu, mədəni qadının rəftar və psixologiyası
deyil. Keçmiş baqqal arvadlarının psixologiyasıdır. Başqa misallar da gətirmək olar. Göründüyü
kimi, müəllif qaş qayırmaq istədiyi yerdə vurub gözünü çıxarır. Guya, sxematizmdən çıxır.
Yaratmaq istədiyi yaxşı insan surətlərini iki-üç kəlmə ilə ləkələyir... Onların təbiətinə uymayan
halları zorla onlara calayır.
Əsərde Gəray ilə Züleyxanın sevgisi də bədii təfəkkür dərəcəsinə qaldırılmamışdır. Onların sevgi
və izdivacında bir qəribəlik, bir uyğunsuzluq vardır. Qulamın ayrı bir variantı olan Gəray son
dərəcə qorxaq, başqalarına həsəd aparan, paxıl, dar düşüncəli, xudpəsənd bir adamdır. (Oxucu
İsa kimi kişinin ailəsində belə bir oğulun böyüməsinə inana bilmir.) Orta məktəbdə müəllim olan
Züleyxa onun qorxaqlığını dərk edir, hətta, bunu onun üzünə çırparaq çıxıb gedir.
Lakin sonradan necə olursa, yenə də belə bir adamın arvadı olmağa razı olur.
İstər-istəməz, qarşıya belə bir sual çıxır: «gənc, gözəl və ziyalı bir qız olan Züleyxa Gərayın
nəyini sevir? Niyə, «gərək hökmən məni alasan» deyə onun boynundan asılır. Onu Gəray kimi
acizə bağlayan nədir?» Əbülhəsən qüvvətli, bişkin bir yazıçıdır. Onun əsərində təsadüfı, havadan
asılı məsələ olmamalıdır. Lakin Züleyxanın Gəraya olan sevgisi havadan asılı qalır. Bu sevgi
Züleyxanı alçaldır, onu oxucunun gözündən salır.
Analar içində yadda qalan, bizə dağ ürəkli Azərbaycan analarını xatırladan Dursun xaladır.
Dursun xala qüvvətli anadır. O hər cür ah-zarın, qəm-qüssənin fövqündə dayanmağı bacaran, hər
nə olursa-olsun, oğlunun qalib gələcəyinə, qəhrəman olacağına inanan dağ ürəkli analardandır.
«Müharibə» romanının başlıca nöqsanlarından biri də böyük ictimai məsələlərin zəif əks
etdirilməsidir. Bəlkə gələcək hissələrdə biz bu məsələləri görəcəyik. Lakin romanın birinci
hissəsində bunun üçün zəmin hazırlanmamışdır.
Müəllif cəbhədəki hadisələri bir bölüyün simasında verir. Bu isə, romanı olduqca
məhdudlaşdırır. Yazıçının qol-qanad açmasına mane olur.
Müəllif çox zaman hadisə və hərəkətləri seçməkdə zövqsüzlük göstərir, diqqətsiz hərəkət edir.
Bu isə, ciddi bir əsər üçün nöqsandır. Yalnız istedad sahibi olmaq kifayət deyil, əlavə bir də zövq
lazımdır.
Unutmaq lazım deyil ki, realist bir yazıçı üçün gözəl zövq sahibi olmaq ən mühüm cəhətlərdən
biridir.
Tolstoy həqiqi istedadın birinci əlamətini yazıçının nəyin yaxşı, nəyin pis olduğunu seçə
bilməsində görürdü.
Əbülhəsəndə belə bir istedad vardır. Biz bunu, onun qabaqkı əsərlərində olduğu kimi,
«Müharibə» romanında da görürük. Lakin o, öz diqqətsizliyi ucundan bəzən uyğunsuzluqlara yol
verir ki, biz bunu yuxarıdakı misallarda göstərdik.
«Ədəbiyyat» qəzeti, 16 fevral 1948-ci il
Dostları ilə paylaş: |