Mühazirələr konspekti dos. Rzayeva S. M



Yüklə 407,09 Kb.
səhifə1/7
tarix23.01.2018
ölçüsü407,09 Kb.
#22400
növüMühazirə
  1   2   3   4   5   6   7

.

Fayıdalın qazıntı yataqlarının geologiyası

fənnindən

mühazirələr konspekti

dos. Rzayeva S.M.

Azərbaycan, Bakı öz nefti ilə dünyanın şirkətlərini, iş adamlarını XIX əsrin 
ikinci yarısından, XX əsrin əvvəllərindən cəlb etmiş və bir çox xarici şirkətlər
burada uğurlu fəaliyyət göstərmiş, neft hasilatını təmin etmişlər.
Heydər Əliyev

Azərbaycan neftinin tarixi kökləri çox qədim dövrlərə gedib çıxır. Ərəb tarixçiləri, coğrafiyaşünasları və səyyahlarından Əhməd Əl-Bəlaruri (IX əsr) Abşerondakı iqtisadi həyatın qədimdən neftlə bağlı olduğunu göstərmiş, Əbu-İshaq İstəxri (XI-X əsrlər), Əbu-d-Həsən Əli Məsudi (X əsr) Bakının neftli torpağı, Abşeronun "ağ" və "qara" nefti haqqında məlumat vermişdir. İtalyan səyyəhı Marko Polo (XIII-XIV əsrlər) Bakı neftinin yaxın Şərq ölkələrinə aparılması, alman diplomatı və səyyahı Adam Oleari (XVII əsr) Bakıdakı neft quyuları, türk səyyahı Evliya Çələbi (XVII əsr) neft mədənləri, neftin İrana, Orta Asiyaya, Türkiyəyə və Hindistana aparılması və neftin gətirdiyi illik gəlir haqqında məlumat vermişdir. Balaxanıdakı neft quyularından birində aşkar edilmiş daş üzərindəki yazı quyunun (35 m dərinliyində) hələ 1594-cü ildə usta Allahyar Məmmədnur oğlu tərəfindən qazılıb istifadəyə verildiyi göstərilir. Əmin Əhməd Razinin (İran, 1601) məlumatına görə XVI əsrin əvvəllərində Bakı ətrafında 500-ə qədər belə neft çalaları və quyusu mövcud idi ki, bunlardan da həm "qara", həm də "ağ" neft çıxarılırdı. Alman səyyahı, həkim və təbiətşünası Engelbert Kempfer İsveç səfirliyinin katibi kimi 1683-cü ildə Abşeron yarımadasında Balaxanı, Binəqədi, Suraxanı yataqlarında olmuş, neftin Abşeron yarımadasından İrana, Orta Asiyaya və Şimali Qafqaza aparılmasını təsvir etmişdir. 1803-cü (1798) ildə Bakı sakini Qasımbəy Mənsurbəyov Bibiheybət yaxınlığında, dənizdə, sahildən 18 m və 30 m aralı iki neft quyusu qazdırmışdır.

Azərbaycan neft sənayesinin inkişaf tarixində bir neçə mərhələlər ayrılır ki, bunların da hər birinin özünəməxsus nailiyyətləri olmuşdur.

I mərhələ 1847-ci ildən neftin mexaniki üsulla qazılmış quyulardan hasil edilməsi ilə başlanır və 1920-ci ilə kimi davam edir. 1847-1848-ci illərdə ilk dəfə Bibiheybət və sonra Balaxanı yataqlarında mexaniki üsulla qazılmış quyulardan sənaye əhəmiyyətli neft alınmış və həmin ildən də Azərbaycanın neft sənayesinin inkişafı başlanır.

XIX əsrin əvvəllərində dünyada ilk dəfə olaraq Bibiheybətdə sahildən 30 m aralı dənizdə qazılmış əl quyusundan neft hasil edilmişdir.

1859-cu ildə Bakıda ilk neftayırma zavodu (qurğusu) tikilir. 1863-cü ildə Cavad Məlikov Bakıda kerosin zavodu tikdirdi və dünyada ilk dəfə neftayırma prosesində soyuduculardan istifadə etdi. 1867-ci ildə 15 neftayırma qurğusu fəaliyyət göstərirdi.

Mexaniki üsulla quyuların qazılmasının texnika-texnologiyası inkişaf etdikcə bir sıra yeni neft yataqları aşkar edilir (Binəqədi, Pirallahı a., Suraxanı və s.), neft hasilatı artır, neft sənayesinin infrastrukturu və neftin emalı inkişaf etməyə başlayır, neftin hasilatı, emalı və satışı üzrə yüzlərlə firmalar yaradılır. Azərbaycanda milli burjuaziya formalaşır, Bakı şəhəri dünyanın sənaye mərkəzlərindən birinə çevrilir. İlk dəfə Abşeron yarımadasında 1871-ci ildə Balaxanı-Sabunçu-Ramanı yatağı sənaye üsulu ilə işlənilməyə başlandı. 1872-ci ildə neft sənayesində münasibətləri tənzimləmək məqsədilə iki qanun qəbul edilir: "Neft mədənləri və neft məhsullarından aksiz vergisi haqqında" və "İcarədarların əlində olan neftli səhələrin hərracla fiziki şəxslərə satılması". 31 dekabr 1872-ci ildə neftli sahələrin ilk satışında Balaxanıda 15 sahə, Bibiheybətdə 2 sahə hərraca qoyulur.

O dövrdə dövlətə mənsub olan istifadəsiz torpaqlar neft axtarışı və aşkar edilmiş neftli sahələrin istismarı üçün 24 il müddətinə icarəyə verilirdi. İcarədar hasil etdiyi nefti ixrac etmək və onun satış qiymətini təyin etmək hüququna malik idi. İcarədarın satılan neftdən əldə etdiyi təmiz gəlir 14-15% təşkil edirdi. XIX əsrin 70-ci illərində neft sənayesinə təmiz milli kapital qoyuluşi cəmi 4% təşkil edirdi. Milli kapitalın iştirakı ilə qarışıq kapitalın həcmi isə 10%-ə yaxın idi. XIX əsrin sonunda neft sənayesində fəaliyyət göstərən 167 sahibkarın 49-u (24,8%) azərbaycanlı olmuşdur. O dövrdə neft sənayesinin inkişafında milli "neft milyonçuları"nın (Hacı Zeynalabdin Tağıyev, İsa bəy Hacınski, Murtuz Muxtarov, Şəmsi Əsədullayev, Seyid Mirbabayev və b.) böyük fəaliyyətləri olmuşdur. 1874-cü ildə Bakıda ilk səhmdar neft şirkəti - "Bakı neft cəmiyyəti" yaradılır. 1873-cü ildə milliyətcə isveç olan Robert Nobel Bakıya gəlir, neftlə əlaqədar iqtisadi yüksəlişin şahidi olur. 1876-cı ildə Nobel qardaşları Bakıda neft hasilatı və emalı üzrə neft şirkəti yaradırlar. O vaxtlar Azərbaycanda bir sıra neft mədənləri, neft emalı zavodları, ilk dəfə Xəzər dənizində quraşdırılmış neftdaşıyan tanker, barjlar, dəmir yolları, mehmanxanalar və s. Nobel qardaşlarına məxsus idi. 1876-cı ildə neft məhsullarına aksiz verqisi ləğv edildikdən sonra yeni neftayırma zavodları tikilib istismara verildi.

1878-ci ildə Balaxanı yatağı ilə Bakı neftayırma zavodunu birləşdirən 12 km uzunluğunda Rusiyada ilk neft kəməri inşa edilir.1898-ci ildə neft mədənləri ilə Bakı neftayırma zavodlarını birləşdirən neft kəmərlərinin ümumi uzunluğu 230 km idi. Bu kəmərlərdə ildə 1mln. t neft nəql edilirdi.

1883-cü ildə Bakı-Batum dəmir yolu tikilib istifadəyə verilir ki, bu da neft və neft məhsullarının Avropa ölkələrinə ixrac edilməsində mühüm əhəmiyyətə malik idi. 1883-cü ildən Rotşild Bakıda maliyyə-kredit əməliyyatlarına başlayır və neftin satışı ilə məşğul olmağa başlayır. 1886-cı ildə Rotşildin Xəzər-Qara dəniz neft şirkəti yaradıldı. 1890-cı ildə Rotşildin bankı Bakı neftinin ixracının 42%-nə nəzarət edirdi. 1901-ci ildə Azərbaycanda 11 mln. t neft hasil edilmişdir ki, bu da dünya neft hasilatının 50%-dən çoxunu təşkil edirdi. 1880-ci ildə məşhur kimyaçı-alim D.İ.Mendeleyev Bakı neftinin dünya bazarlarına çıxarılmasını təmin etmək üçün Bakı-Batum neft kəmərinin çəkilməsini təklif edir. Bu kəmərin uzunluğu 833 km, d.-200 mm olub tikintisi 1897-ci ildə başlanır və 1907-cı ildə başa çatdırılır.

Azərbaycanda neft sənayesi milliləşdirilənədək 109 səhmdar cəmiyyəti fəaliyyət göstərirdi. Onlardan 72-si rus kapitalına (240 mln. rubl) və 37-si isə ingilis kapitalına (100 mln. funt-sterlinq) məxsus idi. Nobel qardaşlarının neft sənayesinə qoyduqları kapital 30 mln. rubl təşkil edirdi. O dövrün ən varlı neft sənayesi sahibkarlarından olan mesenat İsa bəy Hacinskinin "Hacı-Çeleken" neft şirkətinin neft sənayesinə kapital qoyuluşu 1,25 mln. funt-sterlinq təşkil edirdi. Neft sənayesinin milliləşdirilməsi ərəfəsində Azərbaycanda 270 neft istehsal edən müəssisə, neft quyuların qazılması ilə məşğul olan 49 orta və kiçik firmalar, neftin emalı ilə məşğul olan 25 firma, 100-dən artıq mexaniki sexlər, təmir emalatxanaları və s. fəaliyyət göstərirdilər. Bu mərhələnin sonuncu illərində neft sənayesində ağır vəziyyət yaranmışdı (müharibə, inqilabi hərəkat və s. nəticəsində) və neft hasilatı kəskin surətdə azalmışdır.



II mərhələ 1920-ci ildə Azərbaycanda neft sənayesinin milliləşdirilməsindən sonra başlayır və 1949-cu ildə açıq dənizdə "Neft Daşları" yatağının kəşfi dövrünü əhatə edir. 1921-ci ildə neft hasilatı azalaraq 2,4 mln. tona enir. II mərhələdə axtarış-kəşviyyat işlərinin genişləndirilməsi ilə əlaqədar Azərbaycanda bir sıra yeni neft yataqları (xüsusilə Qala, Buzovna-Maştağa və s.) aşkar edilib istismara verilir və neft hasilatı 1941-ci ildə 23,6 mln. tona çatdırılır ki, bu da o dövrdə SSRİ-nin neft hasilatının 76%-ni təşkil edir. Bununla əlaqədar S.A.Vəzirov "Azneftkombinatın" rəisi, R.H.İsmayılov ("Azneftzavodlar" birliyinin rəisi), B.Q.Baba-zadə ("Əzizbəyovneftin" baş geoloqu), R.Rəhimov (qazma ustası) Sosialist Əməyi Qəhrəmanı adına layiq görülən ilk neftçilər olmuşlar. 1941-1945-ci illərdə müharibə dövründə neft avadanlıqlarının və neftçi mütəxəssislərin SSRİ-nin şərq rayonlarına (Tatarıstan, Türkmənistan, Başqırdıstan və s.) köçürülməsi ilə əlaqədar Azərbaycanda neft hasilatı 11,1 mln. tona düşür.

7 noyabr 1949-cu ildə Neft Daşlarında 942 m dərinlikli 1№-li quyu (Qala lay dəstəsindən) gündə 100 t hasilatla istismara daxil oldu və dənizdə neftçıxarmanın əsasını qoydu. Yataq üzrə ilk geoloq Ağa Qurban Əliyev olmuşdur.



III mərhələ 1950-ci ildə "Neft Daşları" yatağının istismara verilməsi ilə Azərbaycanda dəniz neft sənayesinin inkişafı ilə başlanır və bu 1969-cu ilə kimi davam edir. Bu mərhələdə dəniz geoloji-kəşfiyyat işləri genişlənir, bir sıra neft və qaz yataqları aşkar edilib istismara verilir (Qum-dəniz, Səngəçal-Divannı-dəniz-Xərə-Zirə a.-sı, Bahar, Bulla-dəniz, Darvin küpəsi, Palçıq pilpiləsi və s.), dəniz qazma işlərinin (o cümlədən axtarış - kəşfiyyat qazmasının), hidrotexniki neft qurğularının tikilməsinin texnika və texnologiyası, dənizdə neftçıxarmanın infrastrukturu inkişaf etdirilir.

Bu mərhələdə quru sahələrində də bir sıra yeni neft və qaz-kondensat yataqları aşkar edilib istismara verilmişdir (Kürovdaq, Mişovdaq, Kürsəngə, Qarabağlı, Qalmaz, Qaradağ və s.). Bu dövrdə əsasən "Neft Daşları"nın və digər yataqların intensiv surətdə işlənilməsi və istismarı həyata keçirilmişdir. Dünya təcrübəsində ilk dəfə açıq dənizdə estakada dirəkləri üzərində dəniz mədəni tikildi. Burada kompleks mühəndis və elmi-texniki tədbirlərin tətbiqi nəticəsində külli miqdarda kapital qoyuluşuna, metala qənaət edilərək yüksək əmək məhsuldarlığına, neftin hər bir tonunun maya dəyərinin aşağı düşməsinə nail olunmuşdur.



IV mərhələ 1969-cu ildən başlayaraq Azərbaycanın xalq təsərrüfatının bütün sahələri kimi neft və qaz sənayesinin də yüksək dinamik inkişaf mərhələsinə qədəm qoyması ilə səciyyələnir və bu da ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrünə təsadüf edir. Bu dövrdə Azərbaycanın neft və qaz sənayesinin xüsusilə dəniz neftinin hasilatının inkişaf tarixində yeni mərhələ başlayır. 1970-ci ildə "Xəzərdənizneft" İstehsalat Birliyi (İB) yarandı və SSRİ Neft Sənayesi Nazirliyi Xəzərdə Azərbaycan neftçilərinin dəniz şəraitində iş aparmaq təcrübəsini nəzərə alaraq Xəzərin bütün sektorlarında (həmin ildən Xəzər sektorlara bölündü) geoloji-kəşfiyyat, qazma, işlənmə, istismar və digər işlərin aparılmasını Azərbaycan neftçilərinə həvalə etdi.

Bu tarixə kimi Xəzər dənizində istifadə olunan texniki vəsait yalnız dənizin dərinlikləri 40 m-ə qədər olan sahələrdə işləməyə imkan verirdi. Həmin dövrdə Xəzərin Azərbaycan sektorunda 40 m-ədək dərinlikdəki perspektivli sahələrdə demək olar ki, bütün neft-qaz yataqlarının hamısı aşkar olunmuşdu. Dənizdə neft və qazın hasilatının artırılması daha böyük dərinliklərdə yatan neft və qaz yataqları ilə bağlı idi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və səyi nəticəsində 70-80-ci illərdə Azərbaycana 75 növdə 400-dən çox ağır yük qaldıran kran gəmisi, boruçəkən gəmilər, seysmik, sərnişin və s. gəmi növləri gətirildi. Xəzərdə 2500 t gücündə "Azərbaycan" kran gəmisi işə başladı. Bundan başqa ilk vaxtlarda dənizin 70 m dərinliyində olan sahələrdə geoloji-kəşfiyyat işləri aparmaq üçün "Xəzər" tipli özüqalxan, sonralar isə dənizin 200 m dərinliyindəki sahələrdə işləməyə imkan verən "Şelf" tipli yarımdalma üzən qazma qurğularının alınması nəticəsində dənizin daha dərin sahələrində zəngin neft və qaz yataqlarının kəşf olunmasına imkan yarandı. Nəticədə 60-cı illərin sonu ilə müqayisədə yeni 8 neft və qaz yataqları kəşf edildi, neft ehtiyatları iki, qaz ehtiyatları isə üç dəfə artırıldı. 1975-ci ildə neft və qazın ümumi hasilatı 27,1 mln. t-a (şərti yanacaq) çatdırıldı. 80-ci illərdə üzən qazma qurğularının sayı 11-ə çatdı və onlardan istifadə nəticəsində, indi Azərbaycan neftinin əsas hissəsini təşkil edən dənizin 80-350 m dərinlkdə yatan zəngin neft ehtiyatlarına malik olan yataqlar kəşf olundu (Günəşli, Çıraq, Azəri və b.).

Bu dövrdə dünyada analoqu olmayan Dərin Dəniz Özülləri zavodunun Azərbaycanda, Bakıda tiklməsi üçün o zaman Sovetlər məkanında 450 mln. ABŞ dollarının ayrılması, bunun üçün belə bir icazəni alınmasına nail olunması (bu zavodun Həştərxanda tikilməsi nəzərdə tutulmuşdu) cənab Heydər Əliyevin möhkəm iradəsinin və cəsarətinin nəticəsi idi.

V mərhələ SSRİ-nin dağılması, müstəqillik dövrün və Azərbaycanın yeni tarixini əhatə etməklə "Yeni neft strategiyası"nın yaranması ilə səciyyələnir.

AZƏRBAYCANIN NEFTLİ-QAZLI ƏRAZİLƏRİNİN GEOMORFOLOGİYASI

Azərbaycan ərazisində aşağıdakı xarakterik geomorfoloji elementlər ayrılır: 1. Böyük Qafqazın cənub-şərq batımı; 2. Kür-Araz ovalığı; 3. Kiçik Qafqaz dağlıq sistemi; 4. Naxçıvan Dağlıq sistemi; 5. Talış dağlıq sistemi; 6. Xəzərin Qərb akvatorial hissəsi (Orta və Cənubi Xəzər); Böyük Qafqazın cənub-şərq batımında aşağıdakı geomorfoloji elementlər ayrılır: 1. Mərkəzi hissə; 2. Cənub yamac; 3. Şərq hissə; 4. Cənubi-şərq davamı; Böyük Qafqazın mərkəzi hissəsi yüksək dağlıq silsilələrindən təşkil olunmuşdur. Şərq istiqamətdə getdikcə dağ silsilələrinin yüksəklikləri azalır. Sitalçay və Yaşma çaylarından keçərək, yüksəkliklər düzənliyə çevrilirlər. Mərkəzi hissədə ən böyük dağ Bazardüzü hesab olunur (4460 m). Şərq istiqamətə getdikcə Babadağ, Dibrar, Gədi və s. dağları misal göstərmək olar.



Böyük Qafqazın şimal yamacında mövcud olan dağlıq sistemləri şərqdə özünü davam etdirir və bu dağlıq sistemlərin içərisində Şahdağ, Mıxtökən, Kilit, Beşbarmaq və s. misal göstərmək olar. Şimal yamacdan şərqə doğru keçdikcə yüksəkliklər azalaraq düzənliyə çevrilir və Xəzər dənizinə açılır. Böyük Qafqazın cənub yamacında isə Niyaldağ-Şamaxı dağlıq silsilələri ayrılır. Bu dağlıq silsilələri Niyaldağ və Lahıc dağları ilə müşahidə olunur. Cənub yamacdan şərq istiqamətdə Qobustan və Abşeron əraziləri qeydə alınır. Qobustanda yüksəklik 200 m, Abşeronda isə 400-100 m-ə yüksəklik qeydə alınır. Yuxarıda qeyd etdiyimiz yüksəkliklərdən əlavə, Qobustan və Abşeronda palçıq vulkanlarının əmələ gətirdikləri təpəciklər də müşahidə olunur. Belə yüksəkliklərə misal olaraq Otman, Bozdağ, Lökbatan, Qoturtəpə, Torağay və s. misal göstərmək olar. Yuxarıda qeyd etdiyimiz yüksəkliklər çay dərələri vasitəsi ilə kəsilmişlər, bu çaylara Alazan-Əyriçay, Türyan çay, Pirsəhhət çay, Qozluçay və s. misal göstərmək olar. Kür-Araz ovalığı Böyük və Kiçik Qafqaz dağlar arasında yerləşir. Şimal-qərb və cənub-şərq istiqamətində öz ölçülərini genişləndirir. Kür ovalığında Qarabağ, Mil, Muğan düzənlikləri qeyd olunur. Kiçik Qafqaz dağlıq sistemi şimal-qərb və cənub-şərq istiqamətində uzanaraq çoxlu sayda dağ silsilələri ilə mürəkkəbləşmişdir. Bu dağ silsilələrinə Murovdağ, Şahdağ, Kəpəz və Zəngəzur dağlıq sistemləri aiddir. Talış dağlıq sistemi Azərbaycanın cənub-şərq qurtaracağında yerləşir. Bir neçə yüksəkliklərlə xarakterizə olunur. Bunlar Qızyurdu, Gömrükgöy və digər yüksəkliklərə ayrılır. Bu yüksəkliklər həmçinin çay dərələri ilə mürəkkəbləşmişlər. Naxçıvan dağlıq sistemi Kiçik Qafqazın cənub-qərb hissəsində yerləşir və əsasən dağ silsilələrindən ibarətdir. Burada Şərur dağlıq sistemi və Ordubad sinklinoriumu ayrılır. Cənub-qərbdən Araz çayı boyunca ovalıq qeydə alınır. Azərbaycan ərazisinin 35000 km2 sahəsini Xəzər dənizi hövzəsi təşkil edir. Burada suyun dərinliyi şərq istiqamətə getdikcə 100-150 m-ə qədər artır. Dəniz dibinin relyefi çox da hamar deyildir.

Azərbaycan ərazisinin tektonik quruluşu

Böyük Qafqaz meqantiklinoriumu Azərbaycanın ərazisinə Böyük Qafqaz meqantiklinoriumunun cənub-şərq batımı, Kiçik Qafqaz meqaantiklinorimunun böyük hissəsi, böyük Kür çökəkliyi, Orta və Cənubi Xəzər çökəklikləri daxildir. Böyük Qafqazın cənub-şərq batımına aşağıdakı geotektonik elementlər daxildir: 1. Tfan antiklinoriumu və ya mərkəzi hissə; 2. Şahdağ-Xızı sinklinoriumu; 3. Təngi-Beşbarmaq antiklinoriumu; 4. Qusar-Dəvəçi muldası; Axırınıcı üç geotektonik element Böyük Qafqazın şimal yamacını təşkil edir. Böyük Qafqazın cənub yamacına aşağıdakılar aiddir: 1. Zaqatala-Qovdağ sinklinoriumu; 2. Altıağac-Kürkəçidağ antiklinoriumu; 3. Dübrar-Yaşma sinklinoriumu; 4. Vəndam antiklinoriumu; Xəzəryanı-Quba neftli-qazlı vilayəti tektonik cəhətdən iki müxtəlif struktur elementdən - Böyük Qafqaz meqantiklinoriumunun cənub-şərq batımının şimal qanadından və Qusar-Dəvəçi sinklinoriumundan ibarətdir. Birinci element mezozoy çöküntülərinin yayıldığı dağlıq zonaya uyğun gəlir; ikinci element isə kaynozoy çöküntüləri kompleksindən təşkil olunmuş dağ ətəyini, mail düzənliyi və sahil düzənliyini əhatə edir. Vilayətin cənub-şərqində alt və orta yuranın şiddətli metamorfizmə uğramış qatlarından əmələ gələn intensiv qırışıqlı Baş sıra dağlar (Tfan) antiklinoriumu ayrılır. Tfan antiklinoriumu ( Böyük Qafqazın mərkəzi hissəsi) ərazisində iştirak edən çöküntülərdən ən qədimi leyas yaşlı çöküntülərdir. Tfan antiklinoriumunda iştirak edən strukturlar sadə quruluşa malik olub, şimal-qərb, cənub-şərq istiqamətində uzanaraq, Xəzər dənizi sahillərinə, yəni, Sital çayına qədər uzanırlar. Tfan antiklinoriumunun cənub-şərq davamını Qaytar-Qaca qalxımı təşkil edir. Şimal tərəfdə Şahdağ sinklinoriumu yerləşir ki, o da cənu-şərqdə Xızı sinklinoriumu ilə birləşir. Xızı sinklinoriumu, öz növbəsində Xaltan-Germian pozğunluğu boyunca cənubdan Dübrar-Yaşma sinklinoriumu ilə hüdudla-nır. Beləliklə, əmələ gəlmiş Şahdağ-Xızı sinklinoriumunun quruluşunda əsas etibarı ilə yura və təbaşir çöküntüləri iştirak edir. Bu sinklinorium bir sıra dar və dik, adətən cənuba aşırılmış və üstəgəlmələrlə parçalanmış antiklinallar və yastı sinklinallardan təşkil olunmuşdur. Şahdağ və Xızı sinklinoriumlarının kəsilişlərinin litofasial tərkibindəki əhəmiyyətli fərq, tektonik vahid olan Şahdağ-Xızı sinklinal zonası daxilində iki struktur element ayırmağa vadar edir. Xızı sinklinoriumu bir sıra sinklinal və antiklinal zolaqlardan təşkil edilmişdir ki, bunlardan da bəziləri sinklinoriumun sərhəddinə nisbətən bir qədər çəp yerləşmiş, digərləri isə bu sinklinoriumun daxilindən başlayaraq Təngi-Beşbarmaq antiklinoriumuna qədər uzanır. Xızı sinklinoriumu şimalda Qaraçaydan Giləzi burnuna qədər uzanan dar və dik yelpikvari Təngi-Beşbarmaq antiklinoriumu ilə hüdudlanır. Təngi-Beşbarmaq antiklinoriumu sinklinalla ayrılmış iki antiklinaldan təşkil olunan uzun (100 km-ə qədər) və dar (8 km-ə qədər) qalxımdan ibarətdir. Antiklinorium hər iki tərəfdən pozğunluqlarla hüdudlanır. Antiklinalların nüvəsində Aalen-Bayos çöküntüləri üzə çıxır, onların qanadları və aralıq sinklinal isə əsasən təbaşir çöküntülərindən təşkil olunmuşdur. Qaraçaydan şərq tərəfdə antiklinorium iki antiklinaldan və onların arasında yerləşən, Aalen-Bayos çöküntülərindən təşkil olunan sinklinaldan ibarətdir. Qusar-Dəvəçi sinklinoriumu Qafqazqabağı ön çökəkliyinin qoluna müvafiq gəlir. Sinklinoriumun sərhəddini şimal-qərbdə Samur çayı, cənub-qərb hissədə isə cənub-şərqi Qafqazın mezozoy çöküntülərinin yayılmış olduğu sahə əhatə edir. Şimal-şərqdə sinklinorium Xəzər dənizinə tərəf açılır. Sinklinoriumun cənub-qərb sərhəddi boyunca dəniz sahilindən Qaraçaya qədər böyük Siyəzən pozğunluğu uzanır; sonra şimal-qərb istiqamətində sərhəd üçüncü dövr və mezozoy çöküntülərinin transqressiv kontaktı üzərinə düşür. Belə transqressiv kontakt sinklinoriumun ən qərb küncündən şimala doğru Samur hövzəsinə qədər izlənilir. Qusar-Dəvəçi sinklinoriumu qalın kaynozoy çöküntüləri qatından təşkil olunmuşdur. Kaynozoy çöküntülərinin müxtəlif horizontları mezozoy üzərində transqressiv yatır. Bunun nəticəsində də üçüncü dövr çöküntüləri kompleksinin, xüsusən onun yuxarı hissəsinin tektonikası mezozoyun strukturunu əks etdirmir. Böyük Qafqaz meqantiklinoriumunun cənub yamacı Zaqatala-Qovdağ sinklinoriumu ilə başlayır. Onun şimal yamacı Tfan antiklinoriumundan şərqə doğru uzanır. Zaqatala-Qovdağ sinklinoriumu – bu sinklinoriumun quruluşunda alt təbaşir və yura çöküntüləri iştirak edir. Zaqatala-Qovdağ sinklinoriumunun şimal-şərqində Altıağac-Kürkəçidağ qalxımlarını əhatə edir və Xəzər dənizinə qədər uzanır. Altıağac-Kürkəçidağ antiklinoriumu – Şimali Qobustanda olduqca geniş yer tutan bu antiklinorium şimal-qərb cənub-şərq istiqamətində uzanaraq, təxminən bir zolaq üzərində yerləşən Altıağac, şimali Kürkəçidağ, cənubi Kürkəçidağ və şərqi Kürkəçidağ antiklinal qırışıqlarını əhatə edir. Bu qırışıqların tağ hissələrində açılmış Apt və Alb mərtəbələrinin çöküntüləri kəskin deformasiyaya uğramışdır. Qırışıqların hamısı tektonik cəhətdən bir-birinə çox oxşayır. Onların tağ hissəsində yayılmış alt təbaşir çöküntüləri nisbətən böyük yatım bucaqları ilə səciy- yələndirilirlər. Qanadlarda isə üst təbaşir layları az meyilli olub, 15-200 bucaq əmələ gətirərək yatırlar. Bu antiklinallar bir-birindən çökəkliyi müxtəlif olan yəhər və yaxud dar sinklinal qırışıqla ayrılır. Dübrar-Yaşma sinklinoriumu Altıağac-Kürkəçidağ antiklinoriumu ilə Tfan antiklinoriumu arasında çox nazik zolaq şəklində uzanır. Vəndam antiklinoriumu Zaqatala-Qovdağ sinklinoriumunun cənubunda yerləşir. Bu antiklinorium Alazan-Əyriçay depressiyasından Lahıc dağlarına qədər uzanır. Şamaxı rayonunda Vəndam antiklinoriumu sönür. Cənubi-Xəzər meqaçökəkliyi Qərbi-Xəzər tektonik yarığından şərq hissədə yerləşir və Qərbi Türkmənistana qədər ərazini əhatə edir. Cənubi-Xəzər meqaçö- kəkliyində aşağıdakı ikinci və üçüncü dərəcəli meqaçökəkliklər ayrılır: 1. Abşeron-Balxanyanı qalxımlar sistemi; 2. Şamaxı-Qobustan çökəkliyi; 3. Abşeron çökəkliyi; 4. Yavandağ-Sənqəçal çökəkliyi; Kür çökəkliyi - Böyük və Kiçik Qafqaz meqantiklinoriumlarının arasında yerləşir. Kür çökəkliyi üç hissədən ibarətdir: yuxarı Kür, orta Kür, aşağı Kür. Yuxarı Kür çökəkliyi - Dzirul massivindən Tbilisidən keçən meridiana qədər olan ərazini əhatə edir. Kartali depressiyasına uyğun gələn bu hissə Böyük Qafqaz zəncirvari ön qalxımları və Acar-Trialet qırışıqlıq zonası arasında yerləşir. Assimetrik quruluşa malik olan bu sinklinoriumun mərkəzi hissəsində intensiv qırışıqlığa malik üst Miosen çöküntüləri toplanmışdır. Üst Miosen çöküntülərinin altında az qalınlığa malik olan orta Miosen və üst Təbaşir, intensiv dislokasiyaya məruz qalmış vulkanogen Bayos çöküntüləri yatır. Bundan fərqli olaraq, Kartali depressiyasının ətraf hissələrində Oliqosen, alt və orta Miosen çöküntüləri böyük qalınlığa malikdir. Bu mərhələdə burada kənar çökəkliklər inkişaf etmişlər. Kartali depressiyasının ox hissəsində üst Miosen yaşlı sinklinal çökəklik əmələ gətirir. Orta Kür çökəkliyi Yuxarı Kürün şərqində, Gürcüstan və Göyçay meridianları arası ərazini əhatə edir. Bu çökəkliyin Azərbaycan ərazisində yerləşən hissəsində Daşüz-Əmirvan antiklinoriumu, Qanıx (Alazan)-Əyriçay törəmə çökəkliyi, Acınohur qalxımı, Çatma-Göyçay antiklinoriumu, Ceyrançöl sink-linoriumu ayrılır. Aşağı-Kür (Kür-Araz) çökəkliyi – şimalda Ləngəbiz-Ələt antiklinoriumu, cənubda Talışın Burovar antiklinoriumunun şimal qanadı, şərqdən isə Xəzər dənizi ilə sərhədlənir və cənub qərbdə dağarası Araz eninə çökəkliyinin şərq hissəsi ilə qovuşur. Bu çökəkliyin daxilində Pliosen-Dördüncü dövr çöküntülərindən təşkil olunmuş bir sıra antiklinal qurşaqlar ayrılır: Kəlaməddin-Bəndovan, Kürsəngə, Padar - Neftçala, Carlı-Saatlı. Ümumiyyətlə, Aşağı Küryanı depressiyasında iki tektonik vahid: cənub-şərqi Şirvan və Şərqi Muğan – qərbi Salyan ovalığı əsas yer tutur. Birinci iki antiklinal zona arasında Pirsəhhət çayı dərəsindəki sinklinal, ikinci ilə üçüncü zona arasında cənub-şərqi Şirvan sinklinalının şimal-şərq hissəsi və nəhayət, üçüncü və dördüncü zonalar arasında isə cənub-şərqi Şirvanın cənub-qərb hissəsi yerləşmişdir. Kəlaməddin-Bəndovan antiklinal zonası - bu antiklinal zona öz başlanğıcını depressiyanın şimal-qərbində yerləşən Kəlaməddin sahəsindən götürür. Geniş məsafədə uzanan bu zona şimal-qərb və cənub-şərq istiqamətinə malikdir. Kəlaməddin sahəsində Kiçik Hərəmiyə qədər antiklinal zona meridiana yaxın istiqamətdə meyl edir. Sonradan isə cənub-şərqə doğru əyilərək Mişovdağ sahəsinə uzanır. Mişovdağdan sonra bu zona ilə ardıcıl surətdə Qalmaz, Xıdırlı və Bəndovan qırışıqları əlaqədardır. Bu qırışıqların əksəriyyətində palçıq vulkanları vardır. Kəlaməddin-Bəndovan antiklinal zonası dənizdə bir sıra qalxımların yaranmasına səbəb olmuşdur. Bunlardan Bəndovan-dəniz və Gümani qırışıqları daha maraqlıdır. Kəlaməddin-Bəndovan antiklinal zonası üzərindəki strukturlar özlərinin şarniri boyunca və ya ona paralel istiqamətdə uzanan pozğunluqlar vasitəsi ilə mürəkkəbləşmişdir. Kürsəngə antiklinal zonası - bu antiklinal zona Kəlaməddin-Bəndovan və Padar-Neftçala antiklinal zonaları arasında yerləşmişdir. Bu zona ilə yer səthində yalnız bir vulkan qeyd olunduğundan o, depressiyada xüsusiyyət təşkil edir. Palçıq vulkanı burada Kürsəngə braxiantiklinalının varlığına dəlalət edən mühüm şərtdir. Mişovdağın cənub qanadından ayrılan bu qalxım Qədim Xəzər çöküntüləri altında gizlənmişdir. Bütün antiklinal zonalar kimi, Kürsəngə zonası da şimal-qərb – cənub-şərq istiqamətinə malikdir. Padar-Neftçala antiklinal zonası – bu antiklinal zonaının uzunluğu 100 km-dən artıqdır. Şimal-şimal-qərb – cənub-cənub-şər q istiqamətli Padar-Qırovdağ-Neftçala antiklinal zonası uzanma istiqaməti boyunca undulyasiyaya uğrayaraq, bir sıra struktur qalxımları, o cümlədən, Padar-Qırovdağ, Babazənan-Durovdağ, Xıllı-Duzdağ, Neftçala və dənizdə “Kür daşı” adası qalxımlarını əmələ gətirir. Aşağı Küryanı depressiyasının şimal-qərb hissəsində aparılmış seysmik tədqiqat işləri Padar və Hacıyev stansiyaları arasında yeni bir qırışığın tağ hissəsinin yerləşdiyini göstərmişdir. Bu qırışıq geoloji ədəbiyyatda Padar qalxımı adı ilə məlumdur. Uzun zaman geoloji ədəbiyyatda işlədilən Qırovdağ-Neftçala antiklinal zonası əvəzinə, hazırda Padar-Neftçala zonası adının işlədilməsi daha münasibdir. Padar-Neftçala antiklinal zonası ilə dənizdə palçıq vulkanı fəaliyyəti nəticəsində yaranmış “Kür daşı” adası əlaqədardır. Ümumiyyətlə Aşağı Küryanı depressiyasının tektonikasını nəzərdən keçirərək, aşağıdakı nəticələri çıxarmaq mümkündür: 1. Depressiyadakı antiklinal zonalar bir-birinə paralel şimal-şimal-qərb və cənub-cənub-şərq istiqamətində uzanırlar; 2. Öz tektonik xüsusiyyətlərinə görə burada keçid tipli qırışıqların yerləşdiyi görünür. Belə ki, geniş sinklinal sahələr ensiz antiklinallarla növbələşir; 3. Bütün qapalı və açıq qırışıqların əksəriyyəti öz oxuna paralel gedən pozğunluqlarla mürəkkəbləşmişdir; 4. Abşeron yarımadası və qismən də Qobustandan fərqli olaraq pozğunluqların qırışıqların qərb qanadlarından keçməsilə əlaqədar olaraq, palçıq vulkanlarının konuslarını antiklinalların tağ hissəsində deyil, bir qayda üzrə qərb qanadda və ya da periklinal hissədə yerləşdiyi görünür. 5. Bütün antiklinallar əsas pozğunluqlardan əlavə çoxlu miqdarda və müxtəlif istiqamətlərdə keçən pozğunluqlarla mürəkkəbləşmişdir. Kiçik Qafqaz meqantiklinoriumu Azərbaycana cənub-şərq hissəsi ilə daxildir. Kiçik Qafqaz meqantiklinoriumunun Azərbaycana daxil olan hissəsində Samxet-Qarabağ antiklinoriumu, Göyçə-Əkərə sinklinoriumu, Misxan-Zəngəzur antiklinoriumu daxildir. Samxet-Qarabağ antiklinoriumunun şimal-şərq qanadında Kür çökəkliyinin qərb hissəsi ilə təmasda olan Naftalan qırışıqlar sistemi inkişaf etmişdir. Samxet-Qarabağ antiklinoriumu Kiçik Qafqazın oxyanı zonasına daxil olur, burada Şəmkir, Murovdağ, Ağdam, Qarabağ kimi strukturlar inkişaf etmişdir. Göyçə-Əkərə sinklinoriumu Samxet-Qarabağ antiklinoriumunun cənub-qərbində yerləşir və mürəkkəb tektonikası ilə fərqlənir. Misxan-Zəngəzur antiklinoriumu Zəngilan, Qubadlı və Ordubad rayonlarını əhatə edir. Bu antiklinorium daha sadə quruluşa malik olub, üst Təbaşir və Eosen çöküntülərinə görə monoklinal quruluşa malikdir. Kiçik Qafqaz meqaantiklinoriumunun cənub qanadında Misxan-Zəngəzur antiklinoriumundan başqa daha iki tektonik element ayrılır: Şərur-Culfa antiklinoriumu və Ordubad sinklinoriumu. Şərur-Culfa antiklinoriumu əsasən Şərur və Culfa antiklinallarından təşkil olunmuşdur. Burada əsasən paleozoy yaşlı çöküntülər, qismən də Mezozoy yaşlı çöküntülər qeyd olunmuşdur. Ordubad sinklinoriumu əsasən Yura, Təbaşir, Paleosen, Eosen və həmçinin Pliosen və Oliqosen yaşlı çöküntülərdən təşkil olnuşdur. Talış meqantiklinoriumu – bu meqantiklinoriumun ən qədim çöküntüləri paleosen yaşlıdır. Burada həmçinin Eosen, Oliqosen və Pliosen çöküntülər də müşayət olunur. Talış meqantiklinoriumu həmçinin ikinci dərəcəli struktur elementlərdən təşkil olunmuşdur: cənubda Astara antiklinoriumu, mərkəzi hissədə Yardımlı sinklinoriumu, şimalda isə Burovar antiklinoriumu daxildir.


Yüklə 407,09 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə