MüNDƏRİcat fond haqqinda əsas göSTƏRİCİLƏR İdarəetmə VƏ ŞƏffafliq



Yüklə 470,91 Kb.
səhifə1/5
tarix04.02.2018
ölçüsü470,91 Kb.
#23641
  1   2   3   4   5

MÜNDƏRİCAT
1. FOND HAQQINDA

2. ƏSAS GÖSTƏRİCİLƏR

3. İDARƏETMƏ VƏ ŞƏFFAFLIQ

3.1. Neft Fondunun idarə edilməsi

3.2. Şəffaflıq və hesabatlılıq

4. ÖLKƏ İQTİSADİYYATI VƏ NEFT FONDU

4.1. Makroiqtisadi inkişaf

4.2. Neft Fondunun gəlirləri

4.3. Neft Fondunun xərcləri

5. İNVESTİSİYALAR

5.1. İnvestisiya strategiyası

5.2. Neft Fondunun investisiya portfeli

5.3. Neft Fondunun gəlirliliyi

5.4. Risklərin idarə edilməsi

6. NEFT FONDUNUN 2014-CÜ İL BÜDCƏSİNİN İCRASI

7. NEFT FONDUNUN KONSOLİDASİYA EDİLMİŞ MALİYYƏ HESABATLARI

ƏLAVƏ


  1. FOND HAQQINDA


Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ümummilli lider Heydər Əliyevin 29 dekabr 1999-cu il tarixli 240 nömrəli Fərmanı ilə təsis edilmişdir. Neft Fondu neft və qaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının əldə etdiyi gəlirlərin toplanmasını, səmərəli idarə edilməsini, gələcək nəsillər üçün saxlanmasını təmin edən xüsusi qurumdur.
Neft Fondu ayrıca idarəetmə strukturuna malik hüquqi şəxs qismində yaradılmış xüsusi məqsədli dövlət qurumudur. Neft Fondunun Əsasnaməsi 2000-ci ildə təsdiq edilmişdir.
Neft Fondunun yaradılması fəlsəfəsinin əsasını neft sərvətlərinin nəsillər arasında ədalətli bölüşdürülməsinin təmin edilməsi təşkil edir.
Fondun missiyası
Neft Fondunun missiyası tükənən təbii sərvətlərdən əldə olunan gəlirlərin toplanması və Azərbaycan xalqının bugünkü və gələcək nəsillərinin daimi gəlir mənbəyinə çevrilməsi, ümummilli əhəmiyyətli layihələrin birbaşa maliyyələşdirilməsi və təbii sərvətlərin birgə istismarına dair beynəlxalq statuslu müqavilələrdə təmsilçiliyin təmin edilməsindən ibarətdir.
Fondun vəzifələri
Neft Fondunun fəaliyyəti ölkə qarşısında aşağıdakı mühüm vəzifələrin həllinə yönəlmişdir:

  1. Ölkədə makroiqtisadi sabitliyin qorunması, maliyyə-vergi intizamının təmin edilməsi, neft gəlirlərindən asılılığın azaldılması və qeyri-neft sektorunun inkişafının təmin edilməsi;

  2. Ölkənin sosial-iqtisadi tərəqqisi naminə mühüm ümummilli layihələrin maliyyələşdirilməsi;

  3. Neft və qazın bərpa edilməyən təbii ehtiyat olduğunu nəzərə alaraq, onlardan əldə edilən gəlirin nəsillər arasında bərabər bölüşdürülməsi və gələcək nəsillər üçün ehtiyat vəsaitin toplanması.


Fondun hüquqi əsasları
Neft Fondunun hüquqi fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamları, Azərbaycan Respublikası Dövlət Neft Fondunun Əsasnaməsi və daxili prosedur qaydalarına əsaslanır.
Fondun maliyyələşmə və vəsaitlərinin xərclənməsinə dair prosedur qaydaları Azərbaycan Respublikası Dövlət Neft Fondunun Əsasnaməsi və “Azərbaycan Respublikası Dövlət Neft Fondunun (büdcə) gəlir və xərclər proqramının tərtibi və icrası qaydaları”nda aydın şəkildə müəyyən olunmuşdur. “Azərbaycan Respublikasının Büdcə Sistemi haqqında” Qanunda nəzərdə tutulduğu kimi, Neft Fondunun xərcləri icmal dövlət büdcəsinin, yəni dövlət büdcəsinə daxil olan və dövlət büdcəsindən kənar fondların birgə büdcəsinin tərkib hissəsidir. İcmal dövlət büdcəsinin xərcləri isə hər il ölkə parlamenti tərəfindən baxılaraq təsdiq edilir. Beləliklə, hər bir vətəndaş öz seçdiyi millət vəkili vasitəsilə Neft Fondunun büdcəsinin müzakirəsində iştirak edir. Bu Qanuna uyğun olaraq, Fond yalnız öz büdcəsi ilə nəzərdə tutulan xərcləri həyata keçirə bilər.
Fondun investisiya və risklərin idarə olunması siyasəti “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”a (İnvestisiya Qaydaları) və hər il Müşahidə Şurası tərəfindən baxıldıqdan sonra Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq olunan “İnvestisiya Siyasəti”nə əsaslanır. ARDNF-nin “İnvestisiya Siyasəti”nə əsasən investisiya qərarları risklər nəzərə alınmaqla gəlirliliyin maksimumlaşdırılması məqsədinə əsaslanır. “İnvestisiya Qaydaları”na əsasən Neft Fondu öz investisiya qərarlarını tam müstəqil şəkildə qəbul edir.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2004-cü ildə təsdiq edilmiş “Neft və qaz gəlirlərinin istifadə olunması üzrə uzunmüddətli Strategiya”da vəsaitlərin aktiv şəkildə, o cümlədən iqtisadiyyatın qeyri-neft sektorunda, “insan kapitalı”nın inkişafında, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və digər bu kimi istiqamətlərdə istifadə olunması nəzərdə tutulur. Neft Fondu bu Strategiyanın həyata keçirilməsində əsas aparıcı rollardan birini daşıyır.




Bizim dəyərlərimiz: Hörmət, kollektiv iş, inam, şəffaflıq
Yarandığı gündən etibarən Dövlət Neft Fondu Azərbaycanın, eləcə də dünyanın bir çox təşkilatları, maliyyə qurumları, bankları ilə sıx əməkdaşlıq edir. Fond əməkdaşlıq etdiyi bütün təşkilatlarla münasibətlərini hörmət, kollektiv iş, qarşılıqlı inam, şəffaflıq prinsipləri əsasında qurur.
Sxem 1.1. Neft Fondunun dəyərləri



  1. ƏSAS GÖSTƏRİCİLƏR


\\redirect\folderredirect$\si1823\desktop\graphs az\screen shot 2015-07-27 at 3.17.30 pm.png

\\redirect\folderredirect$\si1823\desktop\graphs az\screen shot 2015-07-27 at 3.17.40 pm.png

\\redirect\folderredirect$\si1823\desktop\graphs az\screen shot 2015-07-27 at 3.17.47 pm.png

\\redirect\folderredirect$\si1823\desktop\graphs az\screen shot 2015-07-27 at 3.18.07 pm.png


  1. İDARƏETMƏ VƏ ŞƏFFAFLIQ


3.1. Fondun idarə edilməsi
Müşahidə Şurası
Dövlət Neft Fondunun fəaliyyətinə ümumi nəzarət dövlət orqanlarının və ictimai təşkilatların nümayəndələrindən təşkil edilmiş Müşahidə Şurası tərəfindən həyata keçirilir. Şura Fondun illik büdcə layihəsini, illik hesabat və maliyyə hesabatını auditor rəyi ilə birlikdə nəzərdən keçirir və rəy verir. Müşahidə Şurasının üzvləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunur. Müşahidə Şurasının fəaliyyəti ictimai (əvəzi ödənilmədən) əsaslarla həyata keçirilir.
Müşahidə Şurasının tərkibi aşağıdakı üzvlərdən ibarətdir:
Artur Rasi-Zadə

Azərbaycan Respublikasının Baş naziri



Valeh Ələsgərov

Azərbaycan Respublikasının Milli Məclis sədrinin müavini



Vahid Axundov

Azərbaycan Respublikasının İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri



Samir Şərifov

Azərbaycan Respublikasının Maliyyə naziri



Şahin Mustafayev

Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye naziri



Elman Rüstəmov

Azərbaycan Respublikasının Mərkəzi Bankının sədri


28 mart 2014-cü il tarixində Müşahidə Şurası tərəfindən iclas keçirilmədən sorğu yolu ilə Neft Fondunun 2014-cü il büdcəsinə dəyişikliklər barədə qərar qəbul edilmişdir.
24 aprel 2014-cü il tarixində Müşahidə Şurasının iclası keçirilmişdir. İclasda Müşahidə Şurasının sədrinin seçilməsi müzakirə edilmiş və Müşahidə Şurasının üzvü və Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə növbəti müddətə Müşahidə Şurasının fəaliyyətdə olan sədri seçilmişdir. Eyni zamanda iclasda Fondun 2013-cü ildə fəaliyyəti haqqında illik hesabat və maliyyə fəaliyyətinin auditinin nəticələri, Neft Fondunun büdcəsinin icrası baradə hesabat müzakirə edilərək məqbul hesab edilmiş və müvafiq qərar qəbul edilmişdir.
İcraçı direktor
Neft Fondunun fəaliyyətinə operativ rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən İcraçı direktor həyata keçirir.
Neft Fondunun İcraçı direktoruna Fondu qanuni olaraq təmsil etmək, işçiləri vəzifəyə təyin etmək və vəzifədən azad etmək, Fondun işini təşkil etmək, Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq olunmuş Qaydalara uyğun olaraq Fondun vəsaitlərinin idarə edilməsi və yerləşdirilməsi üzrə sərəncam vermək səlahiyyətləri verilmişdir. İcraçı direktor Neft Fondunun illik büdcəsini, Neft Fondunun vəsaitinin istifadə edilməsinə dair illik proqramını hazırlayır və təsdiq olunmaq üçün Azərbaycan Respublikası Prezidentinə təqdim edir.

İcraçı direktorun müavini
İcraçı direktorun müavini Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir. İcraçı direktorun müavini İcraçı direktorun həvalə etdiyi vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 iyul 2013-cü il tarixli 3014 nömrəli Sərəncamı ilə İsrafil Məmmədov Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktorunun müavini vəzifəsinə təyin edilmişdir.
Fondun təşkilati strukturu
Neft Fondu tərəfindən həyata keçirilən xarici maliyyə bazarlarında investisiya fəaliyyəti Fondun tərkibində fəaliyyət göstərən üç ofis – Ön, Orta və Arxa ofislər vasitəsilə aparılır. Ön və Orta ofislərin funksiyalarını İnvestisiya və Risklərin idarə edilməsi departamentləri həyata keçirir.
İnvestisiya departamenti (Ön ofis)
İnvestisiya departamenti maliyyə bazarlarındakı vəziyyəti təhlil edərək investisiya strategiyasının hazırlanmasını və mövcud strategiyaya uyğun olaraq sabit gəlirli qiymətli kağızlar, pul bazarı alətləri, səhmlər, daşınmaz əmlak, qızıl və müxtəlif valyutaların alqı-satqısını həyata keçirir. Departamentdə 3 şöbə fəaliyyət göstərir:

  •   Sabit gəlirli qiymətli kağızlar və pul bazarları üzrə şöbə;

  •   Səhmlər və alternativ investisiyalar üzrə şöbə;

  •   Daşınmaz əmlak üzrə şöbə.


Risklərin idarə edilməsi departamenti (Orta ofis)
Risklərin idarə edilməsi departamenti Fondun investisiya siyasəti və vəsaitlərin strateji bölüşdürülməsi (VSB) ilə əlaqədar təhlil və təkliflərin hazırlanması, seçilmiş VSB-yə uyğun bençmarkın seçilməsi və ya kompozit bençmarkın qurulması, “risk büdcəsi” - bençmarkdan mümkün kənarlaşmalar üzrə təkliflərin hazırlanması işini həyata keçirir. Eyni zamanda, risklərin ölçülməsi və idarə edilməsi, gəlirliliyin hesablanması və gəlirlilik maddələrinə görə bölüşdürülməsi, İnvestisiya departamenti tərəfindən həyata keçirilən investisiya fəaliyyətinin və Fondun investisiya portfelinin müvafiq qaydalara uyğun olmasına nəzarət, hesablamalar və araşdırmaların həyata keçirilməsi, modelləşdirmə və xarici menecerlərin fəaliyyətinə nəzarət funksiyaları da bu departamentdə həyata keçirilir. Departamentdə 2 şöbə fəaliyyət göstərir:

• Risklərin və gəlirliliyin ölçülməsi şöbəsi;

• Xarici menecerlərə nəzarət / Təhlil şöbəsi.
Hesablaşmalar departamenti (Arxa ofis)

Arxa ofisin funksiyalarını Fondun Maliyyə və əməliyyatlar müdiriyyəti nəzdində fəaliyyət göstərən Hesablaşmalar departamenti həyata keçirir.


Hesablaşmalar departamentində əqdlərin müəyyən edilmiş norma və qaydalara uyğunluğu yoxlanılır, əqdlərin verifikasiyası və icrası təmin edilir, eləcə də hesabların açılmasına dair sənədləşmə işləri həyata keçirilir, nağd vəsaitlər və əqdlər bank çıxarışları ilə, xarici menecerlərin əməliyyatları kastodial bankın məlumatları ilə gündəlik və aylıq olaraq tutuşdurulur.

Büdcə proqnozlaşdırma və layihələr departamenti
Büdcə proqnozlaşdırma və layihələr departamenti Fondun gəlir və xərcləri haqqında proqnozların hazırlanması, Fondun büdcə fəaliyyətinin təşkili, iqtisadi təhlil, strateji araşdırma və makroiqtisadi modelləşdirmənin aparılması, Fondun Müşahidə Şurasının fəaliyyətinin təşkili və Fondun vəsaiti hesabına həyata keçirilən layihələrin maliyyələşdirilməsinin təşkili istiqamətində fəaliyyəti həyata keçirir. Büdcə proqnozlaşdırma və layihələr departamentinin tərkibində Büdcə və proqnozlaşdırma şöbəsi və layihələr şöbəsi fəaliyyət göstərir.


Etik davranış qaydaları

2013-cü ilin dekabr ayında qüvvəyə minmiş və özündə bir çox peşəkar biznes qaydalarını (Konfidensial informasiya ilə iş qaydaları, korrupsiyanın qarşısının alınması, korporativ dəyərlər, ətraf mühit və s.) birləşdirən Etik davranış qaydaları hər təşkilatda olduğu kimi Neft Fondunda da mühüm əhəmiyyət kəsb edir.


Fondun yüksək ixtisaslı kadrlardan formalaşmış kollektivi komandada işləmək, təşəbbüskar və yeni ideyalar üçün açıq olmaq, gənc, yeni kadrlara kömək etmək və təcrübəsini onlarla bölüşmək və s. peşəkar keyfiyyətlərə malikdir, hansı ki, bu məqamlar da etik davranış qaydalarının ayrılmaz tərkib hissəsidir. Bunlar da Neft Fondunun həm Azərbaycanda, həm də Azərbaycandan kənarda uğur əldə etməsinə təkan verən əsas amillərdəndir.
3.2. Şəffaflıq və hesabatlılıq
Yaradıldığı gündən etibarən şəffaflıq və hesabatlılıq Neft Fondunun fəaliyyətinin əsas prinsiplərindən birini təşkil edir. Neft Fondu tərəfindən şəffaflığın təmin edilməsi ilk növbədə Fondun maliyyə fəaliyyəti haqqında hesabatının müstəqil beynəlxalq nüfuzlu auditor tərəfindən yoxlanılması vasitəsilə həyata keçirilir. Neft Fondunun 2014-cü il üzrə maliyyə fəaliyyətinin auditi “Prays Voter Haus Kupers” şirkəti tərəfindən keçirilmişdir.
Dövlət Neft Fondunun ictimaiyyətlə əlaqələri 2007-ci ildə qəbul edilmiş Neft Fondunun İnformasiya Siyasətinə uyğun olaraq qurulur. Neft Fondunun İnformasiya siyasəti “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Fondun ictimaiyyətlə əlaqələrinin düzgün koordinasiya edilməsini, effektli idarə edilməsini, ictimaiyyətin Fondla bağlı informasiya ehtiyaclarının ödənilməsini və Fondun şəffaf dövlət təşkilatı imicinin qorunmasını və inkişaf etdirilməsini təmin etmək məqsədi ilə hazırlanmışdır.
İctimaiyyət Neft Fondunun aktivləri, həyata keçirilən layihələr, gəlirlər və xərcləri, investisiya fəaliyyəti, Fondun İcraçı direktorunun işgüzar səfərləri, Fondda keçirilən müxtəlif tədbir və görüşlər barədə pres-relizlər vasitəsilə məlumatlandırılır.
Neft Fondu şəffaflığın təmin olunması məqsədilə gəlir və xərcləri haqqında rüblük məlumatları, fəaliyyəti barədə illik hesabatları, Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün tətbiqi barədə məlumatları mətbuatda və Neft Fondunun internet səhifəsində (www.oilfund.az) mütəmadi olaraq dərc etdirir.
Neft Fondunun fəaliyyəti ilə bağlı ictimaiyyətə dəqiq məlumatların çatdırılması məqsədi ilə media nümayəndələri üçün mətbuat konfransları təşkil edilir. Fondun İcraçı direktorunun bir çox nüfuzlu yerli və beynəlxalq KİV-ə müsahibələri təşkil edilir.
Neft Fonduna daxil olan müxtəlif şifahi və yazılı sorğular “İnformasiya əldə etmək” haqqında Qanunda nəzərdə tutulmuş vaxt çərçivəsində və sahibi olduğu informasiyanın təmin edilməsi şərtilə cavablandırılır.
Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü sahəsində fəaliyyət
Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) hasilat sənayesində şəffaflığın və hesabatlılığın təmin edilməsinə yönəldilmiş bir təşəbbüsdür. Təşəbbüs 2002-ci ilin sentyabrında Yohannesburqda Böyük Britaniyanın baş naziri Toni Bleyer tərəfindən bəyan edilib. 2003-cü il iyunun 17-də Londonda keçirilmiş MHŞT üzrə I beynəlxalq konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan hökumətinin MHŞT-yə qoşulması qərarını və hasilat sənayesində şəffaflığın təmin olunmasına yönəldilmiş beynəlxalq səyləri dəstəklədiyini bəyan etmişdir. Azərbaycan MHŞT-nin tətbiqində pilot ölkə olmağı könüllü olaraq öz üzərinə götürmüşdür.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 noyabr 2003-cü il tarixli Sərəncamı ilə MHŞT üzrə Komissiya yaradılmışdır. Neft Fondunun İcraçı direktorunun sədrlik etdiyi Komissiyanın tərkibinə Xarici İşlər, İqtisadiyyat və Sənaye, Energetika, Maliyyə, Vergilər, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Statistika Komitəsinin, Dövlət Neft Şirkətinin nümayəndələri, eləcə də Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfiri daxil edilmişdir.


MHŞT şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. Dövlətlərin MHŞT-yə qoşulması və şirkətlərin bu prosesdə iştirakı ictimai həyatda, dövlət idarəçiliyində və biznes mühitində yerli və beynəlxalq səviyyədə şəffaflıq standartları və hesabatlılığa riayət olunmasını təmin edir. MHŞT hesabatlılığın genişlənməsinə, yüksək templi iqtisadiyyat və siyasi sabitlik ilə təmin edilmiş dövlət idarəçiliyinin formalaşmasına təkan verir. Bu da öz növbəsində neft, qaz və digər mədən sənayesi sektorları sahəsində gəlirlər ətrafında olan mübahisələrin qarşısını almağa köməklik edir.
2004-cü il noyabrın 24-də MHŞT üzrə Komissiya, yerli və xarici neft və qaz şirkətləri və qeyri-hökumət təşkilatlarının Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası arasında MHŞT-nin Azərbaycanda tətbiqinə dair Qarşılıqlı Anlaşma Memorandumu imzalanmışdır. Memorandumda nəzərdə tutulmuş mexanizmə uyğun olaraq Azərbaycan hökuməti Təşəbbüs üzrə hesabatlarını açıqlayır. Memoranduma əsasən hökumətin və şirkətlərin hesabatlarını təhlil edərək tutuşdurmaq üçün beynəlxalq nüfuzlu audit şirkəti seçilir. Audit şirkətinin seçilməsi məqsədilə müsabiqə keçirilir və onun qalibi Memorandum tərəflərinin nümayəndələrindən ibarət MHŞT üzrə Çoxtərəfli Qrup (ÇQ) tərəfindən müəyyən edilir.
Azərbaycanın hasilat sənayesində fəaliyyət göstərən bütün yerli və xarici şirkətlər, o cümlədən dövlət müəssisələri MHŞT-nin tətbiqi prosesinə qatılmışdır. Hökumət MHŞT-nin tətbiqi prosesinin işlənib hazırlanması, monitorinqi və qiymətləndirilməsində vətəndaş cəmiyyətinin də fəal iştirakını təmin etmişdir.
2014-cü ildə Neft Fondu MHŞT-nin həyata keçirilməsi istiqamətində fəaliyyətini davam etdirmişdir.
2014-cü ildə MHŞT-nin Azərbaycanda tətbiqinə dair Çoxtərəfli Qrupun (ÇQ) 8 iclası keçirilmişdir.
2014-cü il 18-19 mart tarixlərində Norveçin paytaxtı Oslo şəhərində MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin 26-cı iclası keçirilmişdir. MHŞT üzrə hökumət Komissiyasının sədri, İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru Şahmar Mövsümovun başçılıq etdiyi nümayəndə heyəti iclasda iştirak etmişdir.
10 iyun 2014-cü il tarixində MHŞT üzrə Komissiya, ölkədə hasilat sənayesində fəaliyyət göstərən xarici və yerli şirkətlər, "Mədən Sənayesində Şəffaflığın Artırılması" QHT Koalisiyası arasında MHŞT üzrə yeni Standarta uyğun hazırlanmış "Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün Azərbaycan Respublikasında tətbiqinə dair qarşılıqlı anlaşma haqqında" Memorandum imzalanmışdır.
29 iyun 2014-cü il tarixində MHŞT-nin Azərbaycanda tətbiqi üzrə 2013-cü ili əhatə edən hesabat açıqlanmışdır.
2014-cü il 1-2 iyul tarixlərində Meksikanın paytaxtı Mexiko şəhərində MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin 27-ci iclası keçirilmişdir. Ş. Mövsümovun başçılıq etdiyi nümayəndə heyəti iclasda iştirak etmişdir.
3 oktyabr 2014-cü il tarixində “Mur Stefens” audit şirkəti 2013-cü ili əhatə edən Hökumətin Hesabatı və Auditor hesabatının yekun layihəsini ÇQ-yə təqdim etmişdir.
2014-cü il 14-15 oktyabr tarixlərində Myanmanın paytaxtı Naypyido şəhərində MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin 28-ci iclası keçirilmişdir. MHŞT üzrə yerli Katibliyin nümayəndələri iclasda iştirak etmişdir.
3 dekabr 2014-cü il tarixində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində “Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün biznesin idarə edilməsi mühitinə təsiri: beynəlxalq təcrübə” mövzusunda Beynəlxalq Konfrans keçirilmişdir. Ş. Mövsümovun başçılıq etdiyi nümayəndə heyəti konfransda iştirak etmişdir.
24 dekabr 2014-cü il tarixində MHŞT tərəflərinə Dövlət Neft Fondunda MHŞT üzrə “Qiymətləndirmə öncəsi seminar” keçirilmişdir.
Suveren Fondların Beynəlxalq Forumu
Suveren Fondların Beynəlxalq Forumu (SFBF və ya Forum) Suveren Fondların Beynəlxalq İşçi Qrupunun 2009-cu il aprelin 5-6-da Əl-Küveyt şəhərində keçirilmiş iclasında yaradılmışdır. SFBF könüllü qrup olub, əsas məqsədi Suveren Fondların ümumi maraqlarına dair məsələlər ətrafında fikir mübadiləsi aparmaq və Santyaqo Prinsipləri və Suveren Fondların fəaliyyətinin anlaşılmasını asanlaşdırmaqdır.
Azərbaycan Respublikası Dövlət Neft Fondu SFBF-nin aktiv üzvüdür və davamlı olaraq Forumun iclaslarında iştirak edir. Təsadüfi deyil ki, SFBF-nin ilk görüşü 2009-cu il 8-9 oktyabr tarixlərində Azərbaycan hökuməti və Neft Fondunun təşkilatçılığı ilə Bakı şəhərində keçirilmişdir.
SFBF-nin altıncı illik iclası 2014-cü ilin 19-20 noyabr tarixlərində Qətərin Doha şəhərində keçirilmişdir. Forum, Qətər İnvestisiya Fondunun təşkilatçılığı ilə keçirilən görüşdə 2013-cü ilin oktyabr ayında Oslo şəhərində üzərinə götürdüyü öhdəliklərlə bağlı irəliləyiş əldə etmişdir. Forum uzunmüddətli və qlobal kapitalın azad hərəkətinə dəstək vermək məqsədi ilə Santyaqo Prinsiplərini ön plana çıxaran üç illik strateji plan qəbul etmişdir. SFBF üzvləri Foruma üzv olan 15 fond tərəfindən Santyaqo Prinsiplərinin tətbiqi ilə bağlı öz təcrübələrini əks etdirən hesabatın nəşr olunmasına razılaşmış, eləcə də suveren fondların ölkədaxili və beynəlxalq rolu ətrafında müzakirələr aparmışlar.
Santyaqo Prinsiplərinin 24-cü prinsipinə əsasən Neft Fondu bu prinsiplərin tətbiqi ilə bağlı ilk hesabatını 2011-ci ilin may ayında ictimaiyyətə açıqlamışdır və hesabat illik əsasda nəzərdən keçirilir. Hesabat ilə ətraflı şəkildə Əlavədə tanış olmaq olar.

4. ÖLKƏ İQTİSADİYYATI VƏ NEFT FONDU
4.1. Makroiqtisadi inkişaf
2014-cü il dünyada baş verən iqtisadi və siyasi dəyişikliklər fonunda enerji daşıyıcılarının qiymətlərində kəskin enmələrin müşahidə edildiyi il kimi yadda qalmışdır. Dünya iqtisadiyyatında, o cümlədən yüksək gəlirli ölkələrin hökumətləri tərəfindən həyata keçirilən böhrana qarşı monetar və fiskal siyasət tədbirlərinə baxmayaraq, qlobal maliyyə böhranının yaratmış olduğu fəsadlar iqtisadiyyatda bərpa proseslərini zəiflətmişdir. Beynəlxalq Valyuta Fondunun (BVF) 2014-cü il üçün verdiyi 3,7%-lik qlobal iqtisadi artım proqnozu gözləniləndən daha aşağı 3,3% səviyyəsində yerinə yetirilmişdir. Eyni göstərici inkişaf etmiş (İEÖ) və inkişaf etməkdə olan ölkələrdə (İEOÖ) müvafiq olaraq 1,8% və 4,4% təşkil etmişdir. 2014-cü ildə baş verən iqtisadi dinamika BVF və Dünya Bankını (DB) 2015-ci il üçün verdikləri pronqozlarını bir daha yeniləməyə məcbur etmişdir. BVF 2015-ci ildə dünya iqtisadiyyatında artımın 3,5%, DB isə daha pessimist yanaşaraq bu rəqəmin 3,0% olacağını proqnozlaşdırır.
2014-cü ilin ikinci yarısından başlayaraq dünya bazarlarında enerji daşıyıcılarının qiymətləri sürətlə azalmağa başlamışdır. Belə ki, 2014-cü ilin iyun ayından etibarən ilin sonuna kimi neftin qiyməti 55% ucuzlaşmışdır. Bu ucuzlaşmaya baxmayaraq, ilin əvvəlində neftin satış qiymətinin yuxarı olması hesabına Brent markalı mənfəət neftinin 1 barelinin orta satış qiyməti 104,3 ABŞ dolları təşkil etmişdir.
2014-cü ildə iqtisadi artımın aşağı olması ilə bağlı qlobal tendensiya Azərbaycan iqtisadiyyatından da yan keçməmişdir. Belə ki, 2014-cü ildə ümumi daxili məhsulun (ÜDM) artım səviyyəsi 2013-cü il (5,8%) ilə müqayisədə aşağı 2,8% səviyyəsində olmuşdur. 2014-cü ildə ÜDM istehsalı 59 milyard manat təşkil etmişdir. 2013-cü il ilə müqayisədə adambaşına düşən ÜDM-in həcmi 0,9% artaraq 6 264,1 manat (7 985,9 ABŞ dolları) təşkil etmişdir. Əvvəlki il ilə müqayisədə əhalinin pul gəlirləri 4,8% artaraq 39,4 milyard manat və adambaşına düşən məbləğ isə 3,5% artaraq 4 180,5 manat və orta aylıq nominal əmək haqqı 444,3 manata çatmışdır. Gəlirlərin 68,8%-i son istehlak xərclərinə, 8,7%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 20%-i yığıma və 2,5%-i isə kreditlər üzrə faizlərin ödənilməsinə yönəldilmişdir.
\\redirect\folderredirect$\si1823\desktop\graphs az\screen shot 2015-07-27 at 3.18.31 pm.png

Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 35,9 milyard manat həcmində vəsait qalmışdır ki, bu da əvvəlki il ilə müqayisədə 5,1% çox olmuşdur. 2014-cü ildə Azərbaycan Respublikası Mərkəzi Bankının məlumatlarına əsasən inflyasiya 1,4% səviyyəsində olmuşdur. Yoxsulluq səviyyəsi 5% təşkil etmişdir. Ölkədə istehsal olunan ümumi daxili məhsulun 61%-i qeyri-neft sektorunun payına düşmüşdür.



\\redirect\folderredirect$\si1823\desktop\graphs az\screen shot 2015-07-27 at 3.18.39 pm.png

2013-cü il ilə müqayisədə 2014-cü ildə ÜDM-in strukturunda məhsul, xidmət və məhsula və idxala xalis vergilər arasındakı nisbətdə ciddi dəyişiklik hiss edilməmişdir. Ümumi həcmi 58 977,8 milyon manat təşkil edən ÜDM-in 59,3%-i malların istehsalı, 33,4%-i xidmətlərin və həmçinin 7,3%-i məhsula və idxala xalis vergilərin hesabına formalaşmışdır. Əvvəlki il ilə müqayisədə qeyri-neft sektorunda əlavə dəyər istehsalı 7% artmış, neft sektorunda isə 2,9% azalmışdır. 2014-cü ildə malların istehsalında əsas payı sənaye məhsulları istehsalının təşkil etməsinə baxmayaraq, 2013-cü il ilə müqayisədə sənayenin istehsalı 1,7% azalmışdır. Qrafik 4.1.3. və 4.1.4.-də istehsal sahələrinin ÜDM-də çəkisi və onların artım dinamikaları verilmişdir.



\\redirect\folderredirect$\si1823\desktop\graphs az\screen shot 2015-07-27 at 3.18.45 pm.png



\\redirect\folderredirect$\si1823\desktop\graphs az\screen shot 2015-07-27 at 3.18.52 pm.png

2014-cü ilin əvvəlində ABŞ-ın Enerji İnformasiya Agentliyi, Neft İxrac Edən Ölkələr Birliyi və digər beynəlxalq təşkilatlar tərəfindən Brent markalı neftin 2015-ci il üçün bir barelinin satış qiymətinin təxminən 100 ABŞ dolları səviyyəsində proqnozlaşdırılmasına baxmayaraq, 2014-cü ilin ikinci yarım illiyində neftin qiymətindəki azalma beynəlxalq təşkilatların öz proqnozlarını yenidən nəzərdən keçirmələrinə səbəb olmuşdur. Belə ki, ABŞ-ın Enerji İnformasiya Agentliyi 2015-ci il üçün bir barel Brent markalı neftin dünya bazarlarındakı qiymətinin ortalama olaraq 58 ABŞ dolları olacağını proqnozlaşdırır.


Strateji valyuta ehtiyatları
2014-cü ildə ölkənin strateji valyuta ehtiyatları 50 862,4 milyon ABŞ dolları təşkil etmişdir. İl ərzində strateji valyuta ehtiyatlarının həcmində 832,9 milyon ABŞ dolları və ya 1,7% artım müşahidə edilmişdir. Strateji valyuta ehtiyatlarının 72,9%-i və ya 37,1 milyard ABŞ dolları Dövlət Neft Fondunun vəsaitləri hesabına formalaşmışdır.
\\redirect\folderredirect$\si1823\desktop\graphs az\screen shot 2015-07-27 at 3.19.27 pm.png

Hesabat ilində Dövlət Neft Fondunun strateji valyuta ehtiyatları dollar ifadəsi ilə 3,4% və ya 1,2 milyard ABŞ dolları həcmində artaraq ilin sonuna 37,1 milyard ABŞ dollarına çatmışdır. 2014-cü ildə gəlirlərin nəzərdə tutulandan yuxarı və bəzi xərc maddələrinin gözləniləndən aşağı səviyyədə icra edilməsi Dövlət Neft Fondunun vəsaitinin 3,4% artmasına şərait yaratmışdır. Belə ki, 2014-cü ildə Dövlət Neft Fondunun büdcə xərcləri 10 117,2 milyon manat, gəlirləri isə 12 731,0 milyon manat təşkil etmişdir. Neft Fondunun vəsaitlərinin illər üzrə artım dinamikası Qrafik 4.1.6.-da təqdim edilmişdir.


\\redirect\folderredirect$\si1823\desktop\graphs az\screen shot 2015-07-27 at 3.19.37 pm.png

Son illərdə Neft Fondunun vəsaitinin ÜDM-də payında artım müşahidə edilmişdir. 2014-cü ildə Dövlət Neft Fondunun vəsaitinin ÜDM-ə nisbəti 49,4% təşkil etmişdir.



2014-cü ildə yığıma yönəldilən vəsait (1 226,6 milyon ABŞ dolları) Neft Fondunun daxilolmalarının 7,6%-ni təşkil etmişdir. 2001-2014-cü illər ərzində Neft Fondunun daxilolmaları 117,2 milyard ABŞ dolları səviyyəsində olmuş və bu vəsaitin 37,1 milyard ABŞ dolları (31,7%-i) yığıma yönəldilmişdir.



Fiskal dayanıqlığın təmin edilməsi
2014-cü ildə dövlət büdcəsinin gəlirləri 18 400,5 milyon manat olmuş və bu vəsaitin 9 337,0 milyon manatı və ya 50,7%-i Dövlət Neft Fondundan olan transfertin hesabına formalaşmışdır. Qrafik 4.1.9.-dan da göründüyü kimi son beş ildə dövlət büdcəsinin gəlirlərinin 50%-dən çoxu məhz transfertlər hesabına formalaşmışdır. 2003-2014-cü illərdə Dövlət Neft Fondu tərəfindən dövlət büdcəsinə ümumilikdə 55,8 milyard manat vəsait transfert edilmişdir.

\\redirect\folderredirect$\si1823\desktop\graphs az\screen shot 2015-07-27 at 3.20.15 pm.png
Xarici ticarət
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin statistik məlumatlarına əsasən hesabat ilində xarici ticarət əməliyyatlarının həcmi 31 milyard ABŞ dolları təşkil etmiş və bunun 21,8 milyard ABŞ dolları ixracın, 9,2 milyard ABŞ dolları isə idxalın payına düşmüşdür. Hesabat ilində xarici ticarət əməliyyatlarının həcmində 2013-cü il ilə müqayisədə 10,6% azalma müşahidə edilmişdir. O cümlədən ixrac əməliyyatlarının həcmi 9,0%, idxal əməliyyatlarının həcmi isə 14,2% azalmışdır. İxracın həcminin azalması ilə yanaşı mal çeşidlərinin sayında da azalma qeydə alınmışdır.
Qrafik 4.1.10 2008-2014-cü illərdə Azərbaycanın xarici ticarət dövriyyəsinin dinamikası (milyard ABŞ dolları ilə)

Yüklə 470,91 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə