“Musiqi dünyası ”. 2010.№1 S. 152-156. Kulturologiya elmi VƏ onun tariXİ KÖKLƏRİ İlqar HÜseynov



Yüklə 215,36 Kb.
Pdf görüntüsü
tarix17.11.2018
ölçüsü215,36 Kb.
#80426


“Musiqi dünyası ”.-2010.-№1-2.-S.152-156.

KULTUROLOGİYA ELMİ VƏ ONUN TARİXİ KÖKLƏRİ

İlqar HÜSEYNOV

Cəmiyyətimizin  müasir  inkişaf  mərhələsində  dünya  mədəniyyətinin  kulturoloji  fikir  tarixi  kontekstində

öyrənilməsi və tədqiqi mövcud sivilizasiyalar və insan cəmiyyətləri üçün aktuallıq kəsb edir. Bu baxımdan qədim

dünya  mədəniyyətinin  kulturologiya  tarixinin  tədqiqat  obyekti  kimi  ön  plana  çəkilməsi  məhz  dövrün  zəruri  tələbi

kimi  əsas  prioritetə  çevrilir.  Müasir  cəmiyyətin  inkişafında  insanın  hərtərəfli  və  kamil  bir  şəxsiyyət  kimi

formalaşmasında kulturologiya elminin çox böyük tarixi əhəmiyyəti vardır.

Kulturologiya  tarixi  və  nəzəriyyəsinin  araşdırılması  bu  gün  bəşəriyyətin  min  illərlə  yığıb  saxladığı,

zənginləşdirdiyi, bir-birinə ötürdüyü və gələcək nəsillərə çatdırdığı mənəvi sərvətlərin və əxlaqi dəyərlərin vahid bir

toplum  şəklində  öyrənilməsi  üçün  əlverişli  zəmin  yaradır.  Dünya  xalqlarının  öz  milli  adət  və  ənənələrinə,

soy-kökünə,  mənəvi  əxlaqi  dəyərlərinə  qayıdış  meylinin  güclənməsi  kulturologiya  elmi  qarşısında  yeni  vəzifələr

müəyyənləşdirir.

Bu gün Azərbaycan xalqı məhz özünün milli oyanış, milli özünüdərk dövrünü yaşayır. Bu dövr hər bir kəsin

öz milli  mənsubiyyətini  dərk  etməsi,  soy-kökünə  qayıdış, keçmişin ibrət  dərslərindən  nəticə  çıxarmaq,  kulturoloji

fikir  tariximizi  böyüməkdə  olan  nəsillərə  hərtərəfli  və  düzgün  çatdırmaq  və  s.  məsələlərlə  səciyyələnir.  Belə  ki,

başımıza  gələn  bəlaların  əsas  səbəbi  də  məhz  elə  öz  tariximizə,  dilimizə,  soy-kökümüzə  olan  etinasız  və  biganə

münasibətimiz və bir də unutqanlığımız olubdur. Görkəmli Azərbaycan maarifçisi Həsən bəy Zərdabinin sözləri ilə

desək:  "Bir  xalq  ki,  öz  dilini,  tarixini,  adət  və  ənənəsini  unudursa,  bu  həmin  xalqın  "belinin  sındırılması"

deməkdir".  Mustafa  Kamal  Atatürkün  (1881-1938)  sözləri  ilə  desək,  "Öz  milli  mənliyini  dərk  etməyən  bir  xalq,

başqa bir xalqın şikarına, ovuna çevrilir".

Kulturologiya tarixi onu yaradan xalqın özü qədər qədimdir. Minilliklər boyu yaşayan xalqlar zaman-zaman

nəsildən-nəslə  ötürülən  böyük  bir  ədəbi  xəzinə,  zəngin  bir  kulturoloji  dəyərlər  toplusu  yarada  bilmişlər.  Bu

kulturoloji dəyərlər isə bu gün yetişməkdə olan gənc nəslin formalaşmasında önəmli rol oynayır.

Kulturologiya - ümumbəşəri və milli mədəni proseslərin obyektiv qanunauyğunluqlarını, insanların maddi

və  mənəvi  həyatının  mühüm  hadisələrini  özündə  ehtiva  edir.  Bu  elm  insanların  maddi  maraq  və  tələbatlarının

yaranıb formalaşdığı ilkin şərtləri və amilləri  öyrənir, mədəni dəyərlərin yaradılması, artırılması, qorunub gələcək

nəsillərə  ötürülməsini  həyata  keçirir.  Bu  elmi  zamanın  özü  yaratmışdır.  Tarix,  fəlsəfə,  sosiologiya,  etnoqrafiya,

arxeologiya,  etika,  estetika  kimi  bir  çox  dünyəvi  elmləri  özündə  birləşdirən  kulturologiya  təbii  ki,  bu  elmləri

zaman-zaman öz "süzgəcindən" keçirmiş və onlardan lazımınca faydalanmışdır.

Kulturologiya özündə çox mühüm olan həyat layihələrini açıqlayan, eyni zamanda mədəni cəmiyyətin əsas

komponentlərini özündə əks etdirən və insanşünaslığa xidmət edən nəhəng bir elmdir. Bu elm öz predmeti, məqsəd

və  vəzifəsinə,  spesifik  xüsusiyyətlərinə  görə  cəmiyyəti  öyrənən  digər  sosial-humanitar  elmlərdən  əsaslı  şəkildə

fərqlənir.

Kulturologiya elminə həm dünyəvi, həm də Azərbaycanlılıq məfkurəsi kontekstində yanaşılmalıdır. Bu elm

cəmiyyətdə  daim  inkişafda  və  gündəmdə  olan  bir  elmdir.  Bu  elmin  inkişafının  yekununa  "1  nöqtə  yox,  3  nöqtə

qoyulmalıdır".

Dünya sivilizasiya tarixinin müasir mərhələsində insan və şəxsiyyət, cəmiyyət və dövlətin mənəvi həyatında

məhz  insanşünaslığa  xidmət  edən  kulturologiya  elminin  əhəmiyyəti  və  rolu  durmadan  artmaqdadır.  Bu  gün

kulturologiyanın cəmiyyət həyatında yazılmış və yazılmamış qanunları mövcuddur.

Kulturologiya ideyaların, baxışların, abstrakt nəzəriyyələrin, həqiqətlərin, təhrif və mübahisələrin görünən

və  görünməyən  tərəflərinin  mücərrəd  bir  toplusudur.  Bu  toplum  isə  layiqincə  qorunmalı və  mənəvi  irs  şəklində

gələcək nəsillərə düzgün və obyektiv gerçəklikdə, real həqiqətlər kontekstində ötürülməlidir.

Kulturologiya elmi mədəniyyət nəzəriyyəsindən daha geniş və əhatəli  bir elmdir. Bu elmin subyekti insan

və şəxsiyyət, obyekti isə cəmiyyət, müxtəlif ictimai-iqtisadi formasiyalar və sivilizasiyalardır.  Daha geniş  mənada

götürsək,  kulturologiya  insan  və  bəşəriyyət  haqqında  elmdir.  Azərbaycan  Milli  Ensiklopediyasının  ilk

"Azərbaycan" cildində deyilir: "Kulturologiya bir elm kimi humanitar elmlər və biliklər bölməsinə daxil edilmişdir.

Kulturologiya  insanın  və  bəşəriyyətin  qurucu  həyatı  və  fəaliyyəti  haqqında  elmdir".  insanın  həyat

fəaliyyətinin  təkmilləşməsi,  qloballaşma  və  mədəni  inteqrasiya  proseslərindən  yaranan  yeni  tələblər,  dövlət  və

cəmiyyətin  texnogen  inkişafı,  yeni  rəqəmsal  texnologiyalardan  düzgün  istifadə  üçün  şəxsiyyət  və  liderlərin

hazırlanmasına  olan  ehtiyac  siyasi,  sosial-iqtisadi  və  beynəlxalq  mədəni  proseslərin  sistemli  kulturoloji  təhlilinə

xüsusi  maraq  yaratmış,  bu  da  ilk  növbədə  humanitar  elmlərin  qovşağında  yaranan  kulturologiya  elminin

əhəmiyyətinin xeyli dərəcədə artmasına və formalaşmasına səbəb olmuşdur.

Bu  gün  dünyada  kulturologiya  elmi  haqqında  olan  fikirlər  və  nəzəriyyələr  olduqca  mübahisəli  və

ziddiyyətlidir.  İstər  Şərqdə,  istərsə  də  Qərbdə  müxtəlif  alim  və  tədqiqatçılar  arasında  bu  elm  haqqında  yekdil  bir

fikir və ideya mövcud deyil. Mübahisəli və müqayisəli nəzəriyyələr və kulturoloji baxışlar bu elmi daha dərindən və

hərtərəfli anlamağa imkan yaradır.



Kulturologiyada xalqın etnik, mifoloji, dini və elmi dünyagörüşü, mənəvi-əxlaqi təsəvvürləri, adət-ənənələri

daha əhatəli şəkildə qorunaraq gələcək nəsillərə layiqincə ötürülür.

Kulturologiya tarixi nə qədər millidirsə, bir o qədər də bəşəri və beynəlmiləldir. Müxtəlif xalqların özlərinə

məxsus  həyat  tərzi,  etnoqrafiyası,  psixologiyası  geniş  bir  şəkildə  əks  olunmaqla  yanaşı,  dünyanın,  bəşəriyyətin,

milli varlığın sərhəd tanımayan ideyaları da kulturologiya tarixində bir mənəvi irs toplusu kimi öz ifadəsini və həlli

yollarını tapır.

Kulturologiya  onu  yaradan  xalqın  tarixini,  keçdiyi  inkişaf  dövrlərini  və  mərhələlərini  hərtərəfli  şəkildə

öyrənən bir elmdir. Məhz qədim mifoloji əfsanələr, xalqın əski dünyagörüşü, düşüncə tərzi, arzu və istəkləri, həyat

və məişəti də bu elmdə öz dərin ifadəsini tapır.

Üst  paleolit  dövründən  yəni,  "homo  sapiyens"  in  ("ağıllı  insan"ın)  meydana  gəlməsindən  başlayaraq,  ta

bugünkü günə qədər insanlar böyük bir kulturoloji mənəvi-əxlaqi dəyərlər məcmusu yaratmış və bu toplum mənəvi

irs şəklində nəsildən nəslə ötürülərək kulturologiya tarixini  daha  da  zənginləşdirmişdir.  İbtidai dövrü  psixoloji  və

fəlsəfi  baxımdan  hərtərəfli  xarakterizə  edən  görkəmli  Avstriya  alimi  Ziqmund  Freyd  (1856-1939)  əqli-insanın

xilaskarı, kütləni isə ibtidai cəmiyyətin ordusu adlandırırdı.

Şifahi  ənənədən  gələn  qədim  türk  mif,  əfsanə,  rəvayət  və  nağılları,  dastanları,  mövsüm  və  mərasim

nəğmələri, "Oğuznamə"lər,  "Kitabi-Dədə  Qorqud",  "Manas",  "Gilqameş", "Altunyarıq", "Maday  Kara"  sırasından

olan  bahadırlıq  dastanları;  həmçinin,  "Tomiris",  "Astiaq",  "Günəşlə  Ay",  "Apardı  sellər  Saranı",  "Turac",  "Qız

qalası", "Oğuz", "Bayat", "Xatın arxı", "Qarı dağı", "Məlikməmməd", "Şahzadə Mütalib" və s. kimi əfsanə, nağıl və

rəvayətlər; habelə yazılı təcrübənin "Divani lüğatit-turk" (Mahmud Qaşğarlı), "Qutadğu bilik" (Balasaqunlu Yusif

Has  Xacib),  "Ətabətül-həqayir"  (Əhməd  Yuğnəki),  "Divani-Hikmət"  (Əhməd  Yəsəvi)  və  s.  kimi  mükəmməl

örnəkləri  kulturologiya  elminin  zəngin  ənənəyə  və  tarixi  köklərə  malik  olmasını bir  daha  təsdiqləyir.  Bu  janrlar

xalqın əski dünyagörüşü, düşüncə tərzi, arzu və istəkləri ilə bağlı olaraq yaranmışdır. Həmçinin, bu janrlarda həm

real zəmin, həm də real zəmindən kənar, müasir ağlın, düşüncənin uydurma, fantastika kimi qəbul etdiyi qeyri-adi,

fövqəltəbii əhvalat və hadisələr üstünlük təşkil etmişdir.

Homer,  Firdovsi,  Nizami,  Füzuli,  Nəvai,  Şekspir,  Molyer,  Höte,  Rembrand,  L.Tolstoy,  N.  Hikmət,

M.F.Axundov, H.Cavid, C.Cabbarlı, İ.Əfəndiyev, Ü.Hacıbəyov, S.Bəhlulzadə və sairlərin yaratdıqları əsərlər yalnız

mənsub olduğu xalqların deyil, əsrlər boyu yaşayan və yaşayacaq xalqların böyük  bir  mənəvi  irs  toplusudur.  "Ən

qiymətli  milli  sərvət  olan  istedadla  yaradılmış  sənət  əsəri  yalnız  bir  millətə  yox,  bütün  millətlərə  məxsusdur.

Homer,  Firdovsi,  Nizami,  Şekspir,  Bethoven,  Bax,  Ü.Hacıbəyov,  Mikelancelo  hər  biri  öz  millətlərinin  və  bütün

bəşəriyyətindir".

Hər bir xalq dünya kulturoloji irsinə böyük töhfələr vermişdir. Dünya kulturoloji irsin ən gözəl nümunələri

zaman-zaman tərcümə edilərək, müxtəlif millətlərin, ümumilikdə bəşəriyyətin mənəvi inkişafına güclü təkan vermiş

və onların mədəni sərvətinə çevrilmişdir.

Mifoloji  dünyadan  mədəni  dünyaya  - yazı mədəniyyətinin  çiçəkləndiyi  zamana  keçid  qədim  dünya  insanı

üçün  təbii  inkişaf  idi  -  sadədən  mürəkkəbə,  yekrənglikdən  çoxrəngliliyə,  psixoloji  yüklənmələrə  doğru  gedən  bir

inkişaf!  Amma bu keçid prosesini bir nöqtə kimi qəbul etmək da doğru deyil, yəni mif qurtardı, avtomatik şəkildə

mədəniyyət başladı... Mif və yazı arasındakı münasibətlər təkcə şifahi və yazılı başlanğıclar arasındakı münasibətlər

deyildi. Bu münasibətlər insan ağzı ilə insan beyni arasındakı münasibətlər, deyim və düşüncə, seyrçilik və analiz,

kortəbii inam və təcrübədən gələn şübhə arasındakı münasibətlər idi.

Qeyd  edək  ki,  yer  üzündə  yaşayan  insanlar  zaman-zaman  müxtəlif  ictimai  -  iqtisadi  formasiyalarda  öz

həyat,  məişət  və  davranış  tərzləri  ilə  bağlı  olaraq  zəngin  bir  tarixi  -  kulturoloji  irs  qoyub  getmişlər.  Tarixi

keçmişimizi  əks  etdirən  məhz  bu  maddi  mənbələr  və  yazılı qaynaqlar  vahid  bir  küll  halında  cəmləşərək  mədəni

sərvət  toplusu  kimi  tariximizi  kulturoloji  baxımdan  öyrənməyə  və  dərk  etməyə  əsas  verir.  Bizə  miras  qalan

kitabələr,  yazılı qaynaqlar,  qayalar,  daşlar, sümük  və  gil  lövhələr  və  s.  məhz  bu  gün  tarixi  -  kulturoloji  mənbələr

kimi xüsusi əhəmiyyətə malikdir.

Maddi  mədəniyyət  abidələri  (yaşayış  yerləri,  qəbir  abidələri,  qayaüstü  təsvirlər  və  s.)  və  elmi  tədqiqat

nəticəsində əldə edilmiş materiallar (əmək alətləri, silahlar, bəzək əşyaları və s.) məhz qədim keçmişimizi öyrənmək

üçün son dərəcə əhəmiyyətli tarixi-kulturoloji yazılı mənbələr hesab edilir. Bu abidələr vasitəsilə qədim insanların

yaşayış tərzi, istifadə etdikləri əmək alətləri, adət-ənənələri, dini görüşləri haqqında məlumatlar əldə edilir, onların

davranış  və  məişət  həyatı,  məşğuliyyəti  və  ictimai  münasibətləri  kulturoloji  baxımdan  öyrənilir  və  tədqiqat

obyektinə çevrilir.

Müxtəlif  tipli  qəbir  abidələri:  daş  qutu  qəbirlər,  torpaq  qəbirlər,  kurqanlar,  küp  qəbirlər,  taxta  qutu,

katakomba  və  onlardan  əldə  edilmiş  materiallar  məhz  bizə  qədim  insanların  adət  və  ənənələri,  etiqadları,

dünyagörüşləri,  dini  inancları  və  s.  haqqında  geniş  kulturoloji  bilgilər  verir.  "Doğru  deyiblər  ki,  "keçmişini

bilməyən, bu gününü başa düşməz".

Milyon  il  əvvəl  ölkəmizin  ərazisində  hansı  tayfanın,  hansı  qövmün,  hansı  xalqın  yaşaması  Adəmin  və

Həvvanın  hansı  millətdən  olması  əbədi  bir  mübahisədir.  Amma  mübahisəsizi  budur  ki,  o  zaman  da,  indi  də

yaşadığımız  torpaq-Vətən-Azərbaycan  olub.  Bu  mənada  Azərbaycançılıq  türkçülükdən  də,  şumerçilikdən  də,

millilik və islamçılıqdan da qədim və əzəli fikir formasıdır. 

Görəsən  dünyanın  ən  qədim  yaşayış  məskəni-Azıx  mağarasından  tapılan  çənə  sümüyünün  sahibi  hansı




millətdən  olub?!  Bu  sual  gülməlidir.  Amma  "Azıx  mağarası  harada  yerləşir?"  -  bu  isə  ciddi  və  həqiqi  sualdır.

Cavabı isə dünyanın bütün dillərində birdir: Azərbaycanda!

Bu  gün  qədim  insanların həyat  izlərini  tapmaq  bir  o  qədər  də  asan  məsələ  deyildir.  Min  il  ərzində  qədim

insanların qoyub getdiyi əşyaların, sümüklərin, yaşayış yerlərinin, müdafiə divarlarının, qalaların, qəbir abidələrinin

və  s.  izlərin  üzərini  qalın torpaq,  qum  təbəqəsi  örtmüşdür.  Qədim  abidələri  örtən  qalın  torpaq  təbəqə  üzərində  ot

bitmiş, meşə əmələ gəlmiş, kənd və şəhərlər salınmışdır.

Maraqlıdır ki, qədim daş dövründə meydana gəlmiş ənənəvi xüsusiyyətlər bütün sonrakı dövrlərdə də bu və

ya  digər  formada  özünü  büruzə  vermişdir. Bu  da  ondan  irəli  gəlir  ki,  insan  heç  zaman  öz  yaratdığını unutmamış,

onun  qayğısına  qalaraq  yaratdığını yaşatmaq  və  gələcək  nəsillərə  çatdırmaq  üçün  layiqli  varislər  yetişdirmişdir.

Xüsusilə, mənəvi sərvətlərin qorunmasında tarixi varislik prinsipi daha böyük rol oynamışdır. Məsələn, xalqımızın

ən qədim və zəngin, möhtəşəm kulturoloji abidələrindən sayılan Qobustan qaya abidəsi üzərindəki təsvirlərin çoxu,

eramızın əvvəlki dövrlərinə (e.ə.XII-VIII əsrlər) aiddir. Bu abidə üzərində qədim tariximizi əks etdirən və yaşadan

çoxlu  sayda  şəkillər  və  kulturoloji  əhəmiyyət  kəsb  edən  təsvirlər  vardır.  1947-ci  ildə  arxeoloq  İshaq  Cəfərzadə

Qobustanda ilk dəfə olaraq 10-12 min il bundan əvvəl, mezolit dövrünə (orta daş  dövrü) aid real həyat tərzini əks

etdirən  qayaüstü  rəsmlər  aşkar  etmişdir.  Daş  dövrünün  bu  təcrübəsindən  isə  bütün  dövrün  insanları  lazımınca

bəhrələnmiş, bu sərvətləri  layiqincə nəsildən nəslə ötürərək zəngin bir kulturoloji  irs  toplumunu  yarada  bilmişlər.

Bu toplum isə bizə bu gün kulturologiya tarixini daha dərindən dərk etməyə və əsaslandırmağa imkan verir.

Kulturologiya  tarixi  müxtəlif  cəmiyyətlərdə  və  ictimai  -  iqtisadi  formasiyalarda  mədəni  həyatı öyrənir  və

bununla da əsas mədəni-tarixi tiplərin nailiyyətlərini və xüsusiyyətlərini aydınlaşdırmağa  səy edir. Kulturoloqların

mühüm  vəzifəsi  isə  ən  uzaq  keçmişdə  yaşamış  insanların  mədəni  həyatını  və  qloballaşan  müasir  dövrün

sosial-mədəni  tendensiya  və  proseslərini  düzgün  və  hərtərəfli  təhlil  etməkdir.  Qeyd  edək  ki,  kulturologiyanın

obyektləri canlı insanlar, mədəniyyətin yaradıcı və daşıyıcıları, həmçinin mədəni hadisələr, proseslər, münasibətlər

və müəssisələrdir.

Kulturologiya  -  mədəniyyəti,  sivilizasiyanı,  onun  tarixini,  insanla  mədəniyyətin  qarşılıqlı  əlaqəsini  və

qarşılıqlı  təsirini  öyrənir,  insanın  həyatda  öz  yerini  tapmasında  səmərəli  rol  oynayır.  Kulturologiya  bir  tərəfdən

mədəniyyəti, mədəniyyət tarixini, insanla mədəniyyətin qarşılıqlı əlaqəsini, digər tərəfdən isə insanın ona təsirini və

 əks-təsirini öyrənir.

Məşhur  alman  filosofu  Hegel  (1770-1831)  qeyd  etmişdir  ki,  "Ən  mühüm  tələbat  həqiqəti  dərk  etmək

tələbatıdır".  Həqiqətən  də  insan  yaranışından  dünyasını dəyişənədək  həmin  həqiqətin  axtarışında  olur,  dünyanın,

təbiətin, cəmiyyətin sirlərini açır, bəşəriyyətin, insanlığın inkişaf qanunlarını kəşf edir. İnsan daim axtaran varlıqdır.

O, axtarışları dayandıran kimi sanki sahib olduğu ülviliklər zirvəsindən aşağı, adi canlıqlar səviyyəsinə doğru enir.

Tapanda  da  axtarmaq,  tapmayanda  da  axtarmaq,  getdikcə  daha  dərinliklərə  enmək,  öz  zəka  nuru  ilə  zülməti

işıqlandırmaq - insana nəsib olan yeganə yol budur. Bu təbiidir. Bəşəriyyət durduqca onun varlığı ilə əlaqədar olan

bəzi  problemlər  də  öz  aktuallığını  saxlayır  və  zaman  keçdikcə  yenidən  dəyişilmiş  şəraitə  uyğun  surətdə  həll

olunması tələb olunur. Bu cəhət isə kulturoloji proseslərdən heç də yan keçmir. Kulturologiya insan mənəviyyatını

və əxlaqını, şəxsiyyətin mənəvi keyfiyyətlərini əsas götürərək, dövrün çoxlu açılmamış qaranlıq tərəflərinə aydınlıq

gətirir.

Kulturologiya  bir  elm  kimi  XX  əsrin  əvvəllərində  meydana  gəlmişdir.  Oksford  lüğətində  qeyd  edilir  ki,

"kulturologiya" sözündən ilk dəfə alman alimi, Nobel mükafatı laureatı Vilhelm Ostvald (1853-1932) 1913-cü ildə

istifadə  etmişdir.  "Elmlər  sistemi"  və  "Təhsil  nəzəriyyəsi  prinsipləri"  məqalələrində  o,  kulturologiyanı

"sivilizasiyalar  haqqında  elm"  adlandırmışdır.  Oksford  lüğətində  eyni  zamanda  göstərilir  ki,  "kulturologiya"

terminini  ilk  dəfə  tam  əsaslandırılmış  şəkildə  1949-cu  ildə  (tam  əsaslandırılmamış  şəkildə  isə  1937-ci  ildə

işlətmişdir)  Amerika  kulturantropoloqu  və  kulturoloqu  Lesli  Alvin  Uayt  (1900-1975)  elmə  tətbiq  etmişdir.  O,

kulturologiyanı  sərbəst  bir  elm  sahəsi  kimi  təqdim  etmiş,  elmin  əsas  problemlərini,  qanunlarını,  mahiyyətini,

metodlarını, məqsəd və vəzifələrini inkişaf dinamikasını və sosial funksiyalarını müəyyənləşdirmişdir.

Lesli  Alvin  Uayt  öz  nəzəriyyəsini  "Kulturologiya"  adlandırmışdır.  Lesli  Alvin  Uaytın  bu  elmi  tədqiqatı

"insan və kulturologiya" anlayışlarını əhatə etdiyindən kulturologiya elmi dünya ictimaiyyətinin diqqət  mərkəzinə

çevrilmişdir

Lesli Alvin Uayt eyni zamanda, mədəniyyəti də rəmzlərin cəmi kimi müəyyən edirdi. O, ideyaları, hissləri,

hərəkətləri,  inancları,  münasibətləri,  davranış  normalarını,  qanunları,  təsisatları,  incəsənət  əsərlərini,  dili,  əmək

alətlərini,  hətta  naxış  və  bütləri  də  rəmzlər  siyahısına  daxil  edərək,  onları  kulturoloji  dəyərlər  kontekstində

qiymətləndirirdi.

Lesli Alvin Uaytın öz əsərlərində iºlətdiyi "kulturologiya" termini o vaxtlar həmkarları arasında çox böyük

mübahisələrə  səbəb  olmuşdu.  Müasirləri  Lesli  Alvin  Uaytın  bu  yeni  terminini  hətta  "barbarlıq"  adlandırırdılar.

Çünki bu söz latın və yunan sözlərinin birləşməsindən əmələ gəlmişdi. L.A.Uaytın həmkarları iddia edirdilər ki, bu

termin elmə heç bir yenilik gətirməyəcəkdir. L A. Uayt isə sübut edirdi ki, kulturologiya real gerçəkliyi özündə əks

etdirməklə bərabər, yeni və insanşünaslığa xidmət edən mütərəqqi bir elmi müəyyənləşdirir.

Lesli  Alvin  Uayt  hesab  edirdi  ki,  kulturologiya  sosiologiya  və  psixologiyanın  başlıca  hüquqlarına  qəsd

edərək,  onları  mənimsəyir.  O,  deyirdi  ki,  insanla  bağlı  olan  problemlər  öz  əməli  həlli  yollarını  sosiologiya  və

psixologiya sahəsində yox, məhz kulturoloji çərçivədə tapmalıdır. Bu mənada L.A.Uayt bu yolla yeni terminə olan




iradları dəf  edir  və  onun  cəmiyyətdə  yaşamaq  hüququnu  müdafiə  edirdi.  O,  qeyd  edirdi  ki,  əgər  yeni  keyfiyyətin

aşkar edilməsi üçün yeni söz yaratmaq lazım gələrsə,  bu  yaradıcı söz  olmalıdır.  "Kulturologiya"  sözü  də  yaradıcı

sözdür və tarixi reallıqları özündə təcəssüm etdirir. Bu mənada Lesli Alvin Uayt kulturologiya elminin inkişafına və

gələcəyinə tam əmin idi.

Kulturologiya  dünyaya,  sosial  reallığa,  mədəni-mənəvi  aləmə,  insanın  oradakı  yeri  və  roluna  bir  küll

halında baxır. Bu elm eyni zamanda universal dəyərləri, keçmişin mənəvi irsini, cəmiyyətin mövcud bədii-mənəvi

komponentlərini  real  gerçəklik  baxımından  təhlil  edir.  Kulturologiyanın  elmi  mənası  bundan  ibarətdir  ki,  o,

mədəniyyətləri və sivilizasiyaları dərindən və hərtərəfli şəkildə öyrənır,  onun məzmun və mahiyyətini üzə çıxarır,

hansı səviyyələrdə və formalarda mövcud olduğunu müəyyən edir.

Kulturologiya  dünyada  gedən  qlobal  prosesləri,  həm  də  xalqımızın  mənəvi-əxlaqi  dəyərlərinin  qorunub

saxlanılmasını,  inkişaf  etdirilməsini  və  gələcək  nəsillərə  çatdırılmasını  öz  qarşısına  bir  məqsəd  və  vəzifə  kimi

qoyur. Kulturologiya həm də müxtəlif sivilizasiyaların biri-birinə münasibətini, insan faktorunun təbiətə, istehsala,

ətraf  mühitə  və  s.  amillərlə  qarşılıqlı  əlaqəsini  araşdırır  və  onun  inkişaf  meyllərini  öyrənir.  Bu  baxımdan

informasiya-kommunikasiya  və  rəqəmsal  texnologiyaların  tətbiqi,  iqtisadi  cəhətdən  inkişaf  etmiş  ölkələrdəki

mədəniyyət  sənayesinin  təşəkkülü  kulturoloji  prosesləri  qloballaşan  dünyada  ön  plana  çəkir.  Dünyada  gedən  bu

tendensiyalardan  və  mürəkkəb  qlobal  proseslərdən  baş  çıxara  bilən  kulturoloq  kadrların  hazırlanması isə  bu  gün

ölkəmiz üçün böyük əhəmiyyətə malikdir.

Tanınmış kulturoloq alim, professor Timuçin Əfəndiyev yazır: "Bu gün qloballaşan  dünyada milli mənəvi

dəyərlərimizin mühafizəsi, mədəni inteqrasiyanın optimal yollarının aranması və müəyyənləşdirilməsi baxımından

mövcud baxışların konseptual bir şəklə gətirilməsinə, xalqlarımızın mənəvi ünsiyyətinin intensivləşməsinə, mənəvi

yaxınlaşma  prosesinin  sürətlənməsinə  və  nəticədə  mükəmməl  bir  birliyə  qovuşmasına  böyük  ehtiyac

duyulmaqdadır.  Mədəni  müxtəlifliyə  tərəfdar  olan  müasir  dünya  artıq  çoxdan  dərk  etmişdir  ki,  texnogen  inkişaf

mənəvi  inkişafla  vəhdət  təşkil  etməyəndə,  harmonik  tamlıq  pozulur.  Bu  səbəbdən  də  gələcəyə  milli-mənəvi

bütövlük  halında  getmək  üçün  keçmişin,  milli-tarixi  təcrübənin  nailiyyətlərinin  bir  araya  gətirilməsi,  elmi

süzgəcdən  keçirilməsi  və  gələcək  nəsillərə  transformasiyası  biz  nəsillər  qarşısında  duran  ən  müqəddəs

vəzifələrdəndir".

Kulturologiya insanın ictimai şüuru və yaradıcılığı əsasında formalaşan bir anlam olsa da o, həm də hər bir

yaradıcı fərdin meydana gətirdiyi yenilikləri, oxşar  yaradıcılıqların daima təkrarlanan mənəvi mühitidir. Bu mühit

həm yaradıcılığa, həm də milli mentalitetin inkişafına təsir edən müxtəlif amillərlə zəngindir. Məhz bu zənginliklər

isə bu gün cəmiyyətdə mübahisə doğuran "mədəniyyətşünaslıq" və ya "kulturologiya" kimi anlamların yaranmasına,

onların ictimai şüurda möhkəm yer tutmasına zəmin yaradır.

"Mədəniyyət"  və  "kültür"  anlayışlarına  tarixən  cəmiyyətlərdə  müxtəlif  mövqelərdən  yanaşılmışdır.  XX

əsrin əvvəllərində yaşamış türk alimi Ziya Göyalpa (1876-1924) görə "kültürlə mədəniyyət" bir-biri ilə tam şəkildə

fərqlənən

 anlayışlardandır.

 Ziya


 Göyalpın

 fikrincə

 "kültür

 milli


 olduğu

 halda,


 mədəniyyət

uluslararasıdır-beynəlmiləldir. Kültür yalnız bir millətin din, əxlaq, hüquq, ağıl, estetik, dil, iqtisadiyyat və texnika

ilə  bağlı  yaşayışlarının  duyumlu-ahəngdar  bir  bütündür.  Mədəniyyət  isə  eyni  inkişaf  səviyyəsində  olan  bir  çox

millətlərin toplumsal ictimai həyatlarının ortaq bir bütündür"...

Ziya Göyalp XX əsrin əvvəllərində yaşamasına baxmayaraq kültür anlamını izah edərkən kulturologiyanın

əhatə  dairəsinin  rəngarəng  olması  arzusunda  da  olmuşdur.  O,  qeyd  edirdi  ki,  Avropa  və  Amerika  mədəniyyət

dairəsində  bütün  Avropada  yaşayan  millətlərin  ortaq  bir  Qərb  mədəniyyəti  vardır.  Bu  mədəniyyətin  içində

bir-birindən ayrı və baxımsız-müstəqil bir ingilis kültürü, bir alman kültürü, bir fransız kültürü və s. mövcuddur.

XX əsrin böyük kulturoloq alimi Əhməd bəy Ağaoğlunun (1869-1939) yaradıcılığında məxsusi əhəmiyyətə

malik  olan  "Üç  mədəniyyət"  əsəri  də  bu  gün  kulturologiya  tarixinin  və  türk  kulturoloji  fikrinin  və  ümum-türk

məfkurəsinin  öyrənilməsində  xüsusi  önəm  kəsb  edir.  Əhməd  bəy  Ağaoğlu  "kültür"  və  "mədəniyyət"  anlamlarını

fərqləndirərək onları daha geniş və müqayisəli mənaları özündə əks etdirən real "həyat tərzi" kimi təqdim edirdi.

"Kultura" sözünün ilk dəfə kimin işlətməsi mübahisəlidir. Bu termini ilk dəfə Roma senatının sədri tarixçi,

yazar  Mark  Porsi  Katon  (e.ə.  234-149)  işlətmişdir.  Mark  Tilli  Siseron  (e.ə.  106-43)  isə  bu  istilahı insanların  əqli

fəaliyyətinə şamil etmişdir.

Romalı  filosof,  natiq,  yazar  və  görkəmli  dövlət  xadimi  Mark  Tulli  Siseron  b.e.ə.  45-ci  ildə  "Tuskulan

disputları"  əsərində  "kultura"  sözünün  etimoloji  mənasını  "becərmək",  "torpağı  hazırlamaq"  kimi  izah  etmişdir.

Digər  yayılmış  variant  "kult"  sözünün  etimoloji  tarixi  ilə  bağlıdır  ki,  bu  söz  latın  dilindən  "kult"  -  "sitayiş",

"pərəstiş", "ehtiram" kimi tərcümə olunur. Əlbəttə ki, burada söhbət dini sitayiş və pərəstişdən gedir ki, bu da ilahi

qüvvələrin  diqqətini  cəlb  etmək  məqsədini  daşıyırdı.  Daha  sonrakı dövrlərdə  isə  latın  sözü  olan  "kultura"  sözü,

məhz XVIII əsrdən etibarən Avropa məkanına geniş şəkildə daxil olmuşdur.

"Kultura"  sözünün  tarixi  mənşəyinə  dair  digər  mübahisəli  ehtimallar,  baxışlar  və  yanaşmalar  da  mövcud

olmuşdur. Belə fərziyyələrdən biri "kultura" sözü, "kult" sözünə latın "ur" şəkilçisinin birləşməsi nəticəsində əmələ

gəlməsidir.  Digər  ehtimala  görə  "kultura"  sözü  qədim  Mesopotamiyanın  Şumer  şəhəri  olan  Ura  sitayişlə  bağlı

olmuşdur.  Yüksək  səviyyədə  inkişaf  edən  Ur  şəhərinə  çox  güman  ki,  qədim  Şumerlər  hörmət  edib,  ehtiramla

yanaşırdılar. "Kultura" sözünün digər, bizə daha yaxın olan mənası tərbiyə və təhsildir. Aydındır ki, tərbiyəli, ağıllı

insan  mədəni  olur  və  bu  dəyərlər  mədəniyyətin  məzmununu  təşkil  edir.  Qədim  Yunanıstanda  "kultura"ya  yaxın



termin  və  həmin  mənanı verən  "paydeye"  (pis-uşaq)  istilalı mövcud  idi.  Çin  dilində  "jen",  hind  dilində  "dharma"

anlayışlarına  müvafiq  olan  "cultura"  məfhumu  ellinlərdə  «paydeye»  kimi  səslənirdi.  "Paydeye"  təkcə  tərbiyə  və

təhsil yox, həmçinin, təlim, maariflənmə, mədəni olmaq mənalarını da birləşdirirdi. Qədim polislərdə isə, "kultura"

bu  sözün  üç  əsas  mənasını-becərmə".  "dini  kult"  və  "tərbiyə"ni  ifadə  edirdi.  Əbəs  yerə  deyil  ki,  məşhur  ellinist

Maks  Polens  zahidliklə  polis  (şəhər-dövlət)  təəssübçülüyünü  eyniləşdirirdi.  Lakin  zaman  keçdikcə  "kultura"

sözünün mənası dəyişmiş, ictimai-sosial və mədəni həyatın bir çox sahələrinə şamil edilmişdir.

Belə ki, "kultura" sözü daha çox yeni məzmun və etimoloji mənalar kəsb etməyə başladı. Bu söz keyfiyyət

baxımından  cəmiyyətdə  "təbiətin  fövqündə  duran",  "insanın  yaratdığı mənəvi  məhsul",  "insan  əxlaqı və  davranış

tərzi",  "insan  mənəviyyatı  "  və  s.  kimi  dərk  edilməyə  başladı.  Yəni  allahın  yaratdıqları  yox,  məhz  insanların

fəaliyyət  məhsulu  kimi  başa  düşülürdü.  Buna  müvafiq  olaraq  insanın  özü  də  müəyyən  dərəcədə  özü-özünün

yaradıcısı,  allahın  verdiyi  təbiət  materialından  yaranan  bir  varlıq  kimi  kultur  dairəsinə  daxil  olur  və  "təhsil",

"tərbiyə" mənalarını özündə əks etdirirdi. Lakin qeyd etmək lazımdır ki, qədim romalıların işlətdiyi "kultura" sözü

elə bir hadisəni ifadə edirdi ki, bəşəriyyət bununla çoxdan tanış idi. Qədim yunanların "texne" sözü (sənət, ustalıq,

incəsənət, daha sonralar isə texnika və s. mənalarda dərk olunmuşdur) romalıların "kultura" sözünün ümumiləşdirici

funksiyasına malik olmasa da, bu söz bəzən elə həmin mənada da dərk edilirdi. "Kultura", yaxud "texne" dedikdə

maddi dünyanı dəyişən, təbii predmetliyin formasını dəyişdirən insan fəaliyyəti  nəzərdə tutulurdu.  Bunun  da  əsas

mənası insanın  dünyada  fəal  iştirakı, insanın  təbii  dünyaya  müdaxiləsi,  nəhayət,  mədəni  olanı naturadan  ayırmaq

demək  idi.  Bu  baxımdan  natura  və  kulturanın  bir-birindən  fərqləndirilməsi  bəşəriyyətin  özünüdərki,  özünü

qiymətləndirmə  yolunda  atılmış  birinci  addımı  hesab  olunmalıdır.  Həqiqətən,  kulturologiya  insanın  mədəni

mövcudluğunun müxtəlif formalarını əsaslı şəkildə əlaqələndirən və cəmiyyətdə şəxsiyyətin əxlaqi keyfiyyətlərini

hərtərəfli tədqiq edib öyrənən bir elmdir. insanın mədəni mövcudluq formalarının nəzərdən keçirilməsinin tarixi və

nəzəri üsulları kulturologiyada özünün əməli həlli yollarını tapır.

Kulturoloji  problemlərin  tədqiqində  ilk  yanaşmalardan  biri  məhz  kulturantropoloji  yanaşma  olmuşdur.

Onun formalaşması Q.Spenser, E.Taylor, D.Morqan kimi ilk təkamülçülərin nəzəriyyələri ilə başlanmışdır.  Həmin

nəzəriyyələrdə tarixi prosesin fasiləsizliyi prinsipinin mütləqləşdirilməsi aparıcı yer tuturdu. Lakin sonralar zaman

keçdikcə mənəvi kulturantropoloji yanaşma metodları formalaşmağa və təkmilləşməyə başladı. Bu kulturantropoloji

yanaşmalar V.Malinovski, K.Levi-Stross, E.Fromm, A.Kreber, F.KIakhon və başqalarının əsərlərində geniş səpkidə

öz əməli həlli yolunu tapdı.  Yanaşmalar çərçivəsində bir çox əhəmiyyətli kulturoloji məktəblər və maraq doğuran

müqayisəli  və  mübahisəli  nəzəriyyələr  və  baxışlar  sistemi  yaranmağa  başladı.  (Məsələn,  funksionalizm,

strukturalizm  və  s.)  V.Malinovski  Radkliff-Braun  ilə  birlikdə  funksionalizmi,  kulturoloji  fikirdə  strukturalist

yanaşmanı isə K.Levi-Stross və M.Fuko inkişaf  etdirdilər. Onlar eyni zamanda funksionalizmin də 3 əsas cəhətini

aşağıdakı şəkildə göstərirdilər:

I. Hər bir mədəniyyət bütövdür, tamdır;

2.  Hər  bir  cəmiyyət,  yaxud  sivilizasiya  tipi,  hər  bir  adət,  ənənə,  yaxud  mərasim,  sitayiş  və  yaxud  etiqad

mədəniyyət üçün müəyyən həyati cəhətdən vacib tarixi funksiyanı yerinə yetirir;

3. Mədəniyyətin bütövlüyünün saxlanılmasında, onun hər bir elementi əvəzedilməzdir.

Müasir Qərb kulturologiyasında insanların maraq və həyat tərzlərinin öyrənilməsində sosioloji yanaşma və

sosioloji  tədqiqat  metodları daha  geniş  yayılmışdır.  Görkəmli  alimlərdən  P.Sorokin,  M.Horkheymer,  Q.  Adorno,

Q.Markuze, Y.Habermas və s. mədəni-tarixi prosesə dair çox mühüm kulturoloji konsepsiyalar irəli sürmüşlər. Bu

cur  yanaşmalar  sonrakı  dövrlərdə  də  müxtəlif  kulturoloq  alimlər  tərəfindən  geniş  şəkildə  işıqlandırılmış  və

kulturologiya elminə yeni-yeni töhfələr vermişdir.

Məlumdur  ki,  bəşər  tarixinin  hər  bir  əsri  özünəməxsus,  xarakterik  və  spesifik  xüsusiyyətləri  ilə

fərqlənmişdir. Bu cəhətlər isə kulturologiya elminə yeni prizmadan və yeni bir müstəvidə baxmağı tələb edir.

İbtidai  mədəniyyətin  tədqiqatçısı,  etnologiyada  təkamül  cərəyanının  banisi,  ingilis  kulturantropoloqu

Eduard  Taylor  (1832-1917)  öz  apardığı  sosioloji  tədqiqatlarını  insan,  cəmiyyət  və  sivilizasiya  problemlərinin

öyrənilməsinə  həsr  etmişdir.  Digər  xalqların  həyatını  tədqiq  edərkən,  o,  ilk  dəfə  olaraq,  vəhşilik,  barbarlıq  və

sivilizasiya  pillələri  ilə  irəliləyən  insan  mədəniyyətinin  obyektiv  tarixi  inkişaf  qanunauyğunluqlarını  dərk  edib

araşdırmağa  çalışmışdır.  E. Taylor tarixi prosesin təhlili üçün tipoloji müqayisə və "qalıqlar metodun"dan istifadə

edərək, kulturoloji fikrin inkişafında səbəb və nəticə əlaqələrinin qarşılıqlı təsirini aşkar etmişdir.

Eduard  Bernet  Taylor  öz  elmi  tədqiqatlarında  qeyd  edirdi  ki,  "Mədəniyyətin  müxtəlif  pillələri  tədrici

təkamülün  mərhələləri  hesab  edilə  bilər.  Onların  hər  biri  keçmişin  bəhrəsi  olduğu  kimi,  həm  də  gələcəyin

formalaşmasında  mühüm  rol  oynayır".  E.B.Taylorun  bu  fikirləri  sonralar  kulturoloji  fikrin  inkişafında  çox

əhəmiyyətli və önəmli rol oynamışdır.

E.  B.  Taylor  özünün  "ibtidai  mədəniyyət"  (1871)  əsərində  bəşəriyyətin  ilk  pillələrində  mədəni  inkişafı

izləmiş, əldə etdiyi külli miqdarda sənədlər vasitəsi ilə bir çox xalqların mənşəyi, oyun və mərasimləri və bədii xalq

yaradıcılığı elementlərindən  geniş  istifadə  edərək,  belə  bir  məntiqi  nəticəyə  gəlmişdir  ki,  bütün  xalqlar  məişətdə,

adət və ənənədə, dini və poetik yaradıcılıqlarında bir-birlərinə daha çox bənzəyirlər.

Kulturologiya yeni mütərəqqi norma və dəyərlərin formalaşmasına, mədəni varisliyin, mədəni irsin qorunub

saxlanmasına,  siyasi  plüralizm,  fikir  azadlığı,  hüquqi  dövlət  və  demokratik  vətəndaş  cəmiyyətinin  qurulmasına

kömək  edir.  Bu  elm  insanın  həyat  və  fəaliyyətinin  təşəkkül  tapmasının,  inkişafının  və  qanunauyğunluqlarının




təcrübəsini,  onun  ideologiyasını vəhşilik,  barbarlıq  və  sivilizasiya  dövrlərini  keçən,  minilliklər  boyu  insanın  əldə

etdikləri  nailiyyətləri  əks  etdirən  müxtəlif  xüsusi,  tarixi  və  nəzəri  biliklərin  məcmusudur.  Bu  gün  kulturologiya

elminin ən mühüm problemlərindən biri məhz dünya kulturoloji fikrinin öyrənilməsi, tədqiqi və tətbiqi məsələsidir.

Tarixi  tiplər,  qanunauyğunluqlar,  funksiyalar,  nəzəriyyələr,  baxışlar  və  müqayisəli  yanaşmalar,  sivilizasiya  və

mentalitet haqqında məlumatlar kulturologiya elminin əsas istiqamətlərini müəyyənləşdirir. Lakin kulturologiya bu

sosial  elmlərdən  əsaslı  şəkildə  fərqli  olaraq  -  insanın  və  şəxsiyyətin  mənəvi  tərəflərinin  öyrənilməsinə,  eyni

zamanda bədii dəyərlərlə elmi təfəkkürün qarşılıqlı əlaqəsinə üstünlük verir, problemin əməli həlli yollarını konkret

olaraq  göstərir  və  cəmiyyətin  həyatına  tətbiq  edir.  Bu  baxımdan  kulturologiya  insanın  mədəni  həyatının  və

mövcudluğunun müxtəlif formalarını öyrənən və əlaqələndirən mürəkkəb biliklər sistemidir.

Kulturologiya  insanın və  bəşəri  biliklərin  tarixi  mövcudluğunun müxtəlif  mərhələlərində  mədəni  davranış

və baxışları öyrənən bütöv elmlər sistemini əhatə edir.

Kulturologiya insanşünaslığa xidmət edən və qloballaşan dünyada cəmiyyətimizin gələcək inkişafı üçün son

dərəcə  aktual  olan  sosial-humanitar  elmlərdən  ən  vacibidir.  Bu  elm  bəşəriyyətin  min  illərlə  yığıb  saxladığı,

zənginləşdirdiyi, bir-birinə  verdiyi  və  gələcək nəsillərə  çatdırdığı mənəvi  sərvətlərin  və  dəyərlərin  öyrənilməsi  və

mənimsənilməsi üsulları haqqında bir elm olub, bu mənəvi dəyərlərin quruluşu, ondan istifadə olunması, inkişafı,

fəaliyyəti  və  s.  məsələləri  öyrənir.  Bu  gün  insan  tərəfindən  mədəniyyət  fenomeninin  kəşfi,  onun  mexanizminin

açılması,  cəmiyyətin  intellektual  səviyyəsinin  daima  yüksəldilməsini  tələb  edir.  Bu  həm  də  insanın  özünün

cəmiyyətdəki yerinin və rolunun müəyyən edilməsinə, bir mədəniyyətin digərindən fərqlənməsinə kömək edir.

Kulturologiya  insanın  mənəvi  aləmini,  şəxsiyyətin  müəyyən  sosio-kultur  rolunu,  insanın  mədəni

təkmilləşməsi,  həyat  tərzini,  mentalitetini,  əxlaqi-mənəvi  keyfiyyətlərini  və  dəyərlərini,  insanla  elmin  qarşılıqlı

münasibətini  və  s.  öyrənir.  Bu  elm  həm  də,  insanın  mədəni  varlığı  çərçivəsində  insan  mənəviyyatını öyrənir,  bu

aləmin insan üçün hansı rol oynadığını və hansı mahiyyət və məzmun daşıdığını üzə çıxarır. Bu mənada qloballaşan

dünyada kulturologiya Azərbaycan cəmiyyəti üçün olduqca vacibli və zəruri bir elmdir. Bu elm mövcud cəmiyyətdə

yeridilən  mədəniyyət  siyasətinin  əsas  prioritetlərini  müəyyən  edir.  Mədəniyyət  üçün  prioritet  olan  kulturologiya

elmi  bu  gün  bəşəriyyətin  min  illərlə  yığıb  saxladığı,  zənginləşdirdiyi  və  gələcək  nəsillərə  layiqli  səviyyədə

çatdırdığı elə bir mənəvi sərvətlər toplusudur ki, bu toplunu qorumağa isə biz hamımız borcluyuq.



Yüklə 215,36 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə