Muxtar respublikanın enerji
təhlükəsizliyi təmin edilmişdir
Elektrik enerjisi cəmiyyətin, hər hansı bir ölkənin tərəqqisində,
sosial-iqtisadi inkişafında mühərrik rolunu oynayan mühüm amildir. Naxçıvan
Muxtar Respublikasında da bu sahənin inkişafı üzrə ardıcıl tədbirlər həyata
keçirilir, müasir elektrik stansiyaları yaradılır, maddi-texniki baza gücləndirilir.
Bu istiqamətdə 2006-cı ildə Naxçıvan Qaz-Turbin Elektrik Stansiyasında dizel
yanacağı ilə işləyən enerji turbinləri təbii qazla işləmə rejiminə keçirilmiş, ümumi
gücü 87 meqavat olan Naxçıvan Modul Elektrik Stansiyası tikilib istismara
verilmişdir.
Muxtar respublikanın əlverişli iqlim şəraiti və coğrafi mövqeyi ekoloji
cəhətdən təmiz, alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə geniş
imkanlar açmış, 2006-cı ildə Şahbuz rayonunda Heydər Əliyev Su Anbarı
üzərində 4,5 meqavat gücündə su elektrik stansiyası, 2010-cu ildə Ordubad
rayonunda Gilançay üzərində 22 meqavat gücündə Biləv Su Elektrik Stansiyası,
2014-cü ildə Şərur rayonunda 20,5 meqavat gücündə “Arpaçay-1” və 1,4 meqavat
gücündə “Arpaçay-2” su elektrik stansiyaları, 2015-ci ildə Babək rayonunda
20 meqavat gücündə Naxçıvan Günəş Elektrik Stansiyası istifadəyə verilmişdir.
Əgər 1995-ci ildə muxtar respublikada 1 elektrik enerjisi istehsal edən müəssisə
fəaliyyət göstərirdisə, hazırda bu müəssisələrin sayı 8-ə çatdırılmışdır. 1995-ci
ildə muxtar respublikada 111 milyon 500 min kilovat-saat elektrik enerjisi istehsal
olunmuşdursa, 2016-cı ildə bu göstərici 4 dəfə artaraq 437 milyon 917 min
kilovat-saata çatdırılmışdır. Yeni yaradılmış güclər daxili istehlakı tam ödəməklə
yanaşı, muxtar respublikanı enerji ixrac edən regiona çevirmişdir.
2016-cı ildə muxtar respublikada istehsal olunan elektrik enerjisinin
204 milyon 321 min kilovat-saatı və ya 46,6 faizi su elektrik stansiyalarında,
203 milyon 939 min kilovat-saatı və ya 46,6 faizi istilik elektrik stansiyalarında,
29 milyon 657 min kilovat-saatı və ya 6,8 faizi isə Günəş Elektrik Stansiyasında
istehsal edilmişdir. Alternativ və bərpa olunan elektrik stansiyalarında elektrik
enerjisi istehsalının həcmi ümumi istehsalın 53,4 faizini təşkil etmişdir.
Muxtar respublikada enerji təhlükəsizliyi ilə bağlı həyata keçirilən tədbirləri
yüksək qiymətləndirən ölkə başçısı cənab İlham Əliyev demişdir: “Elektrik
enerjisi ilə problem yoxdur. Hesab edirəm, gün gələcək ki, Naxçıvan bütün
enerji tələbatını bərpa olunan enerji növləri hesabına təmin edəcək”. Ölkə
başçısının qeyd etdiyi kimi hazırda Ordubad rayonunda 36 meqavat gücündə su
elektrik stansiyasının tikintisi, Naxçıvan Günəş Elektrik Stansiyasının gücünün
artırılması və digər bu kimi mühüm tədbirlər muxtar respublikanın gələcəkdə
enerji təhlükəsizliyinin tamamilə alternativ və bərpa olunan enerji mənbələri
hesabına təmin olunmasına geniş imkanlar yaradacaqdır.