N. A. Nekrasov rus qadinlari



Yüklə 263,73 Kb.
səhifə1/3
tarix30.12.2017
ölçüsü263,73 Kb.
#18837
  1   2   3

N.A.NEKRASOV

RUS QADINLARI

Knyagina M.N.Volkonskaya

NƏNƏMİN DEDİKLƏRİ
(1826-1827-ci illər)

        I FƏSİL

Mənim dəcəl nəvələrim bayırdan
Yenə qaçıb toplandılar qarşıma:
“Ay nənəcan, darıxırıq biz yaman.
Bir zamanlar yığılardıq başına,
Bizə nağıl danışardın maraqla
Necə gözəl nağıllardı, nənəcan.
Bir də, bir də o günləri varaqla...
Danışmasan, əl çəkmərik yaxandan”.
Əyləşdilər hərəsi bir tərəfdə,
Dedim: “Hələ vaxtım yoxdu, sonralar
Danışaram: nağıl qaçmır, qurtarmır...
Təzə nağıl neçə-neçə cild olar.
Siz hələlik anlamazsız onları...
Vaxt gələr ki, anlayarsız həyatı,
Eh, indidən qüssə-kədər duymayın,
Hamınızın olsun nağıl qanadı,
İsti gündür, qaçın çöldə oynayın!”

Nəvələrin arzuları naminə


Ötən gündən xatirələr yazıram.
Özü qalxıb taleyindən söz açsın
Mən şəklini çəkəcəyim hər adam.
Mən onlara Muravyova bacının1
Gül-çiçəkli məzarını göstərim,
O Çitanın şaxta, ayaz tacını,
Göy meşəli baharını göstərim.
Dəmir qolbağ bağışlayım onlara,
Bir təbərrik sayılsın qoy bu qolbaq,
Babam onu töhfə verib nənəmə
Öz xüsusi qandalından yonaraq...
Kiyevin lap yanındaydı kəndimiz,
Mən o kənddə bu dünyaya gəlmişəm.
Göz açmışam əziz-xələf qız kimi,
Evimizi varlı-karlı görmüşəm.
Atam2 özü ucaltmışdı bu adı
Qəhrəmanlıq şöhrətiylə əzəldən
Döyüşçütək rahatlığı olmadı
Canından da əziz idi bu vətən.
Hünəriylə o, on doqquz yaşında
Bir alayın komandiri olmuşdu,
Şan-şöhrəti hey yağırdı başından,
Sinəsi də təltiflərlə dolmuşdu.
İran, İsveç yürüşüylə dil açdı
Onun hərbi şöhrətinin əzəli.
On ikinci ildə böyük yol açdı-
Hünərinə əbədiyyət gözədi.
___________
1.Muravyova A.Q.- Dekabrist Nikita Muravyovun arvadı ərinin dalınca Sibirə gedib çıxıb. 1832-ci ildə orada vəfat etmişdir.
2.Rayevski N.N.-General. 1812-ci il Vətən müharibəsinin qəhrəmanı.
Ömrü nədi, günü nədi? Döyüşdü,
Bu döyüşü biz də evdə yaşadıq.
Ay bilmədi, gün bilmədi, döyüşdü,
Əzabını biz də evdə daşıdıq.
“Smolensk igidi”- ad aldı belə,
Ağır döyüşlərdə düşdü qabağa.
Leypsiq1 altında köksündə güllə
Dikəlib əl atdı yenə yarağa...
Tarixə həkk edib onu həyatı:
Rusiyanın sərkərdə oğullarının
Adıyla yanaşı onun da adı,
Yaşayıb duracaq, durduqca vətən.
Neçə şairin də şerlərində
Atamın şəninə təriflər yağıb,
Onun hünərinə ölməz deyiblər.
Ondan Jukovski söz açıb hətta2,
Rusiyanın sərkərdə oğullarını
Vəsf edib, atamın Daşkova altda
Gedən döyüşlərdə alovdan, oddan,
Keçən hünərləri çıxarmı yaddan?!
Onu öz canından keçə bilən bir
Vətəndaş kimi də vəsf eləyibdir.
O hərbi istedad müharibənin
Qələbə yolunu bilirdi yalnız.
Düşmənə tək güclə qalib gəlməzdi,
_______________
1. 1913-cü ildə Leypsiq ətrafında gedən döyüşlərdə Napoleonun ordusu tam məğlubiyyətə uğradı.
2.”Nəğməkar rus döyüşçüsü” şerində V.A.Jukovski general Rayevskinin 1812-ci il döyüşündəki şücaətlərindən birini təsvir edir.
Hərbi cəsarətlə hərbi ağılı
Birləşdirə bilib sizin babanız.
Hərbi qayğılarla yüklənmiş atam
Evdə çox az şeylə maraqlanardı.
Arabir fikirli, tutqun olsa da
Anamız onu bir Allah sanardı.
Anama bağlıydı ürəkdən o da,
Sevirdik qəhrəman bir atanı biz.
Keçirib ömrünü alovdan, oddan,
İndi bir guşədə səssiz-səmirsiz
Mülkündə rahatlıq tapmışdı qoca.
Müəllim tutmuşdu, öz yanındaca
Bizə dərs deyirdi ingilis qadın.
Varlı bir mülkədar qızına gərək
Nə varsa-oxudum, öyrənib aldım.
Dərsimi öyrənib bağ-bağçada mən
Gəzib şənlənirdim, nə qəmim vardı.
Səsim də yaxşıydı. Deyirlər hərdən
Atam çox maraqla qulaq asardı.
Xatirə yazardı ötən illərdən,
Dostuydu həmişə qəzet-jurnallar,
Məclis də qurardı, qonaq gələrdi
Elə öz yaşıdı çox generallar.
Məclis-müzakirə çox idi o vaxt...
Balı sevərdilər cavanlar ancaq.
Düzünü deyimmi? Baxardı hamı
Mənim rəqslərimə heyran olaraq.
Ballar çariçası idim o zaman,
Qara gözlərimdə mavi bir işıq...
Qara saç qırmızı yanaqlarıma,
Əsmər sifətimə ayrı yaraşıq!
Boyum uca idi, gərdənim incə,
Məğrur baxışımdan çox donardılar,
Qusarlar, ulanlar məni görüncə
Qarşımda farağat dayanardılar.
Çox qulaq verməzdim atmacalara,
Atam narahatdı taleyim üçün.
Söz salıb açıqca dedi bir ara:
-Ərə getməyəsən vaxtında neyçün?
Ər də var! Leypsiq vuruşlarından
Atamız çar özü sevib bu adı,
General rütbəsi veribdir ona.
Səndən yaşlısa da, hələ cavandı.
Volkonski! Onu görmüsən ki, sən
Çar ziyafətində. Bizdə də olub.
Parkda gözlərini çəkmirdi səndən.
-Tanıdım! General- o ucaboylu...
-Elə odur ki, var!- Sevinir qoca.
-Ata, o mənimlə çox az danışdı,
Nə isə hiss etdim... Qızardım ancaq...
-Sən xoşbəxt olarsan onunla, qızım!-
Qəti qərarını söylədi atam.
Etiraz eləyə bilmədim artıq...

İki həftə sonra əklillər altda


Volkonski ilə qoşa dayandıq...
Onu az tanıdım nişanlı kimi,
Onu ər kimi da az gördüm elə.
Bir damın altında bircanlı kimi
İsinə bilmədik nəfəsimizlə.
Uzaq kənd-şəhər qışın qarında
Onun briqadası tez-tez gedərdi,
Sergey bu həsrətin daş yollarından
Dönüncə üzülüb xəstələnərdim.
Sonra həkimlərin məsləhətiylə
Bir yay Odessada çimib dincəldim.
Yaşadım bir fəslin həsrəti ilə,
Qışda bir həftəlik yanıma gəldi...
Bir gün qapımızı dərd açdı yenə,
Mən gecə bir dərin yuxuda ikən
Səksənib oyandım onun səsinə.
-Dur!- dedi. “Nə olub bu gecə vaxtı?”
-Dur!- dedi.- Tap görüm hardadır açar,
Buxarını qala.- Qalxdım yerimdən,
Gördüm təlaşlıdı, rəngi də qaçıb,
Tələsik odladım buxarını mən.
Yeşikdən bir topa kağızı ərim
Çıxarıb tələsik tulladı oda.
Bəzi varaqlarda gəzdi gözləri,
Bəzi varaqlara heç baxmadı da.
Mən də əsə-əsə kömək elədim,
Verdik kağızları oda ikimiz.
Saçımı yavaşca oxşayıb dedi:
-Bu saat yığışıb getməliyik biz...
Tələsik yır-yığış elədik səhər
Çıxdıq...heç kimlə də vidalaşmadıq.
Üç gündə yollara yüklü fikirlər...
Üç gün meşə keçdik, təpələr aşdıq.
Sergey fikirliydi, tələsirdi bərk,
O dəmlər ötəri gülüşdü...getdi.
Atamın mülkünə biz yetişən tək
O saat mənimlə görüşdü getdi...
II FƏSİL

“Getdi!.. Niyə elə qaçmışdı qanı,


Nəydi bu əhvalat o gecə vaxtı?
Baxtına yönələn qəfil tufanı
Niyə arvadından gizlətdi axı!
O getdi, o getdi! Tək qaldım yenə!”
Diddi ürəyimi qara şübhələr,
Narahat, yuxusuz qovruldum yenə...
Təsəlli verdilər:- Qəm yemə, gələr...
Atam söylədi ki, tələsib gedib
Hansı bir işisə qoysun yoluna.
Yəqin imperator özü göndərib,
Məxfi bir tapşırıq veribdir ona.
Ağlama! Bilirsən hərbi iş nədir,
Bir vaxt sən mənimlə həmdərd olardın...
Ərin tez gələcək, gələcək-dedi-
İndi bir ürək də, bir can da vardır
Sinənin altında. Bir həyat-bala!
Hər şey düzələcək. Sönməz bu ocaq!
Qızım öz ərini tək yola salıb,
Dönəndə nəvəmlə qarşılayacaq!..

Əfsus! Nağıllarla elə sevindim...


Bu həsrət ötəri həsrət olmadı.
Oğlunu-ilkini doğma evində
Atanın görməyi-qismət olmadı.
Canımdan can aldı gözümün ilki,
İki ay ağrıdan qıvrıldım, yandım.
Ürəyi ağrılı, bədəni əzgin,
Nəhayət, ilk dəfə dayə tanıdım.
Ərimi soruşdu.
-Ərim uzaqda...
-Məktub yollayırmı?
-Məktub hardadı!
-Bəs atan hardadı?
-Peterburqda!
-Bəs qardaşı necə?
-O da ordadı!
-Ərimdən xəbər yox, məktubu gəlmir,
Atam, qardaşım da gediblər ora.-
Anama söylədim:- Dözə bilmirəm.
Nə qədər gözümü dikim yollara?
Mən də gedəcəyəm!- Çırpındı qarı,
Məni dilə tutdu.- Yox!- dedim ona...
Həmin son gecəki əhvalatları
Bir daha gətirdim göz qabağına,
Mən indi anladım həmin gecəni,
Anladım ərimin iş var başında.
Sandım sel ağzına atmışlar məni
Bir qara daş kimi qaya qaşından.
Mən ora yarıcan gedib yetişdim,
Soruşdum atamdan:- Hardadır ərim?
-Ərin Moldaviyada vuruşur,-dedi,
Sonra da dikildi yerə gözləri...
O çıxdı bayıra. Qardaşım pərtdi.
Qulluqçu baxırdı ah çəkə-çəkə.
Məni aldadıblar- anladım qəsdən:
“Qəlbi bu ağrıya dözmədi bəlkə...”
Dedilər ki, mənə sakitlik gərək.
Yanıma heç kəsi buraxmadılar.
Hətta qoymadılar qəzet də görəm,
Dost olduq- bir qadın, bir də dörd divar...
Düşündüm: ərimin qohumu çoxdur,
Yazıb yalvararam, bir xəbər allam!
Həftələr ötüşür, bir səda yoxdur,
Yenə də göz yaşı, üzüldüm, vallah!

Çətindi daşımaq düyünlü dərdi,


Birtəhər mən dilə tutdum atamı:
-Gözüm də yaşarmaz, ağlamaq nədi...
Gördüm ki, kövrəlib, susubdu hamı.
Dərdimi azaltmaq dərdindən kişi
Gizlədib, əzabım ikiqat artıb.
Nəhayət, öyrənib bildim hər işi,
Hökmlə tanış oldum: anladım artıq
Sui-qəsdçi olub zavallı Sergey:
Qoşun hazır imiş-əldə silahı-
Hazırmış devirə hakimiyyəti.
Onun da bu işdə varmış günahı,
Çünki o...İtirdi huşum az qala...
Özümə inana bilmədim əvvəl,
Ağlıma sığmadı-bu necə olar?-
Sergey və pis əməl! Şərəfsiz əməl!
Hökmü varaqladım yüz yol diqqətlə,
Hər sətrin mənası: keçilməz divar!
Atamın yanına qaçdım: söhbəti
Bir az sakit etdi məni, balalar!
Elə bil qəlbimə daş dəydi mənim,
Bir bunda acığım tutdu Sergeyə-
Düşünüb, onu da bağışladım ki,
O məndən sirrini gizlədib niyə?
“Ağzımdan qaçardı, mən cavan idim”.
Axı biz görüşüb ayrılan zaman
Arvadı canında can gəzdirirdi,
“Qıymayıb anaya, qorxub uşaqdan...”
Bu necə əzabdı, bu necə dağdı...
-Yox,- dedim-qəlbimdə güman yaşayır!
Sibir dəhşətlidir, Sibir uzaqdır,
Nə olar, orda da insan yaşayır!
Başımda Sibirə getmək xəyalı,
Gecə yarıyacan qovrulub yandım.
Səhərə az qalmış yuxuya dalıb,
Lakin oyananda gümrah oyandım.
İndi düzəlirdi daha səhhətim,
Tanış qadınları, görürdüm hərdən.
Bacımla görüşdüm, könül möhnətim,
Bir az da çoxaldı bu bəd xəbərdən:
-Eh, yazıq adamlar! Sergey bütün gün
Məhbəsdə saxlanır, heç kəslə görüş...
Qohumdan, tanışdan görüşmək üçün-
Bir atamla olar və bir də ki, sən
Onun görüşünə gedə bilərsən.
Verdilər onlara görüş hüququ
Hökmü dünənləri oxuyan zaman.
Dünən cırım-cındır paltar geydirib,
Xaçı da açdılar boyunlarından!

Demədim burada hər təfsilatı,


Qaldı ürəyimdə çox xatirə-iz.
Onsuz da əzabı boldur həyatın,
Yaxşıdı: balalar, az eşidin siz...

Ərimin yanına qalaya getdik,


Bacımla yanaşdıq bir “generala”.
Dinləyib o qoca general bizi,
Apardı bir geniş, qaranlıq zala:
-Gözləyin, xanımlar, bu saat!-dedi.
Bizə baş əyərək ehtiram ilə,
Getdi. Qapılara gözüm dikildi,
“Bu saat”- bir saat döndü bir ilə.
Birdən eşidildi ayaq səsləri,
Fikrimdə səs gələn səmtə yüyürdüm,
Açar cınqıltısı paslı qapını
Sanki cırmaqladı, açdı: nə gördüm:
Dəmir pəncərəli dar kameradan
Gözü işıldadı əzgin dustağın.
- Arvadın gəlibdir... - Sanki bir adam
Silkinib altından çıxdı bir dağın...
- Arvadım? - dəhlizlə yüyürdü bəri,
Elə bil bu sözü ilk dəfə deyir...

General dilləndi: - Bu sənin ərin...


Doğrudan qarşımda gördüm Sergeyi...

Başından tufanlar keçməmiş nahaq...


Alnına qırışlar yazılıb necə!
Sifəti nə ölgün, bənizi nə ağ...
Gözünün işığı azalıb necə!
Artıb baxışının qəmi nə qədər,
Əvvəlki o gizli, mənə tanış qəm,
Məni görən kimi o dərd, o kədər,
Necə sevinc oldu - deyə bilmirəm...
Əyilib qəlbimə baxırdı sanki,
Onun sinəsinə sıxdım özümü,
Ağladım, gizlicə pıçıldadı ki:
-Burda yad adam var... - Yığdım özümü.
Sonra söylədi ki, gərəkdir ona
Yaxşı söz eşitmək, xoş söz eşitmək,
Dözür qazamatın əzablarına,
İnsan çətinlikdə bərkisin gərək...
Təskinlik, təsəlli... Nəzarətçi də
Gəzirdi otaqda, çətindi belə
Hər şeyi söyləmək: üstünü birdən
Göstərdi: -Maşacan, bax, təbrik elə!
Yavaşca dilləndi: “Əfv et, duy məni!
Sonra gözlərində yaş gilələndi.
Bu zaman xəfiyyə nəzərlərini
Bizə yönəldərək astaca dindi...
Ucadan söylədim: - heç gözləmirdim
Belə bir libasda mən görən səni.
Mən səni anladım, olsa da dərdim,
Əvvəlkindən artıq sevirəm səni!
Neynək! Bu sürgünü mən də yaşaram,
(Həyat dərdlə məni doyura bilməz,
Sən gümrah olduqca gümrahlaşaram,
Yox bizi sürgün də ayıra bilməz!)
-Qəribə aləmsən! -Dilləndi Sergey,
Duydum bu nidada xoş əhvalını:
Sonra o çıxardıb cib dəsmalını
Qoydu pəncərəyə. Mən də çıxardıb
Onun dəsmalının yanına qoydum:
Beləcə dəyişdik dəsmalımızı,
O məni apardı, mən onu sanki...
Sorğular, suallar qaldı yarımçıq,
Vaxt sona yetirdi: vaxt demə, an de!
Orda başqaları növbə gözləyir:
General ötürüb məni faytona,
-Oturun, salamat gedin, -söyləyir.

Necə bir sevincə bələndi qəlbim-


Onun dəsmalına baxıb öpürkən,
Dəsmalın küncündə bir neçə kəlmə
Yazını oxudum əsə-əsə mən:
“Gülüm, sən azadsan! Məni sal yada!
Mən qəlbən gümraham, səni də belə,
Belə istəyirəm görəm... Əlvida!
O körpə balama bax gözlərimlə...”
Peterburqda çoxlu qohumu vardı,
Dedim ki, onları axtarım barı,
Üç gün əldən düşdüm: tapıb yalvardım:
-Bir çarə axtarın, onu qurtarın...

Atam söylədi ki, əlləşmə nahaq,


Fərqi yox- çalışdım, əl atdın hara,
Kimsə qohumlardan bir yol taparaq
Yalvarıb-yaxardı imperatora.
Heç nə kar etmədi onun qəlbinə...
Vaxt alıb, ərimlə görüşdüm bir də.
Özümlə tək qaldım, tək qaldım yenə,
Onu apardılar. Onu Sibirdə
Görməyə tələsdim, sinəmdə ürək
Çırpındı: “Dayanma, yola düş!- dedi.
Məni ata evi sıxdı məhbəstək,
Ürəyim Sergeylə görüş istədi.

Öz qələbə faciəmi, dostlarım,


Qoy danışım indi yerli-yataqlı.
Mən təkidlə - Gedəcəyəm - deyəndə
Bütün ailəmiz ayağa qalxdı.
Necə durdum inadımda-bilmirəm.
Aman, Allah! Əsəblərim tarımda...
Çağırdılar, anam gəldi Kiyevdən,
Yığılıb gəldilər qardaşlarım da.
Atam: -Buna ağıl verin!- söylədi.
Eh, nə qədər inandırma, yalvarış...
İradənin bir ilahi gücünü
Söz-söhbətlə çətin qırmaq olarmış!
Sonra durub cəmləndilər nahara,
Süfrəmizdə yeməkdən çox kədər, qəm...
Atam dindi bir yanakı nəzərlə:
-Hə, nə oldu son qərarın?
            -Gedirəm!
Atam susdu, susdu bütün ailə...
Axşam düşdü...Fikrim tutqun, köçəri...
Tək-tənhaca tərpədirəm beşiyi...
Birdən gördüm: atam girdi içəri.
Diksinirəm...Yəqin yenə qəzəbli...
O, mehriban, həm də sakit, mükəddər:
-Niyə bizi tapdayırsan, ay bala?
Neyləyəcək bəs bu yetim-bixəbər?
Taleyini düşün onun, axı bir,
Gərək deyil qadın gücü orada.
Sən bu böyük fədakarlıq haqqına
Tapacaqsan qəbir küncü orada!
Cavabını...baxışımdan anlayır,
Gəlib məni qucaqlayıb öpərək
Deyir: -Səni məhv elədim mən zalım,
O addımı atmayaydım mən gərək.
Harda idi ağlım, huşum, kor gözüm...
Bütün ordu əhvalatdan halıymış...
Ağ saçını yolub tökür, hönkürür.
-Əfv et, Maşa! -Bu bir qoca ağlıymış,
Getmə, qızım! - Yalvarmağa başladı:
-Allah bilir necə yorğun, bihalam.
Mən başımı sıxdım onun döşünə
Dedim yavaş: - Gedəcəyəm, vəssalam!

Birdən qoca dindi bərkdən-Baxarıq!


Gözlər sanki alışırdı qəzəbdən:
-Axmaq dilin elə bircə söz bilir:
“Gedəcəyəm!” Olmazmı ki, bir desən:
Hara, niyə, fikirləş bir, düşün bir:
Dediyini anlayırsan, qanırsan?
Başına vur, işləyirmi gör hələ?
Bəlkə elə bizi düşmən sanırsan?
Ata, ana ağılsızdı yoxsa ki?..
Onlar deyir: Sən deyirsən-nə işdi?
Ürəyinə bir də əyil, bir də bax,
Bəlkə rəyin durulaşıb dəyişdi,
Yaxşı düşün, sabah tezdən gələrəm...

Deyib getdi, qəzəbi də, hirsi də


Güllə kimi varlığıma sıxıldı.
Durub getdim əsə-əsə, müqəddəs
İkonanın qabağına yıxıldım.

III FƏSİL

“Yaxşı düşün!” Bütün gecə yatmadım.
Dua etdim, çox ağladım bir daha...
Harayladım o müqəddəs Məryəmi,
Əl uzatdım, ha yalvardım Allaha.
Mən düşünmək bacarmıram, düşünmək...
Atam elə əmr eləyir: “Düşün bir!”
O düşünüb bu həyatı qurmuşdu,
İndi mənim taleyimi düşünmür?

Mən çox yaxşı oxumuşdum, üç dildə


Danışırdım, fərqlənirdim hər zaman
Dəbdəbəli məclislərdə, ballarda
Az olmazdı rəqslərimdən məst olan.
Hərtərəfli dünyagörüş, baş-bilik...
Çox gözəl də oxuyardım, çalardım.
Hətta əla at çapardım. Düşünmək...
Düşüncədən bəlkə də pis alardım.

Mən ömrümün iyirminci ilində


Anladım ki, həyat deyil oyuncaq.
Uşaqlığın uşaq dəmi əlimdən
Uçub getdi, oynamadım doyunca...
Həyatımız firavandı: atam da
Mənimlə sərt danışmazdı heç vədə.
On səkkizdə başıma gül taxdılar,
Düşünmədim, nə düşüncə, nə kədər...
Son zamanlar başım yaman işləyir,
Düşünürdü, fırlanırdı gümanlı.
Əzəl məni əridirdi, üzürdü-
Xəbərlər də çox dolaşıq, dumanlı...
Fəlakəti düşünəndə, duyanda
Sergey gəlib gözlərimdə dayandı:
Üzü solğun, saçları da ağarmış...
Onda bildim düşüncənin dadını,
Onda duydum ürəkdə dərd olarmış...

Çox şeylər öyrəndim: ağırdı duymaq


İnsan təkliyini, gücsüzlüyünü.
Göylərə əl açdım hər şeydən qabaq,
İmdada çağırdım bu yer üzünü.
Nahaqmış! Beynimi diddi qəzəblər,
Qəlbimdə aramsız bir narahatlıq,
Çırpındım, qarğıdım son günə qədər,
Sakit düşünməyə vaxt yoxdu artıq.

Düşünüb-daşınmaq vaxtıydı indi-


Atam belə deyir,- qoy olsun belə.
Mənim inadlarım iradəmindir,-
Bunsuz düşüncələr yem olsun yelə.
Atamın əmrini, əzizlərim, mən
Dedim ki, yerinə yetirəcəyəm...

Qoca deyirdi ki, - Bizi də düşün.


Biz sənə yad-yağı deyilik axı.
Atanı, ananı, körpə uşağı
Atıb, dər-didərgin çöllərə düşdün
Axı nəyə görə? De, nəyə görə?..
-Bu mənim vəzifəm, borcumdur, ata!
-Nə üçün özünü salıb çöllərə,
Əzaba dözəsən?
-Əzabsız olacaq mənə orada!
Burada fəlakət gözləyir məni.
Sizin sözünüzə baxıb mən, əgər
Qəlbimə fikrimdən gəlib keçəni
Yükləsəm, qəlbimi qəm didə bilər.
Gecəli-gündüzlü bir yetim ilə
Ağlayıb sızlaram, aram bilmərəm.

Mən hara tək getsəm adamlar gülər, 


İttiham eləyər dedi-qodular,
Adıma quyruqlu böhtan qoşular.
İndi məni çəkən gur ballar deyil,
Fikirli səhralar, tufanlı yollar...
Bir nəm bucaqda ki, ürək əriyir...
Mən ora yollanım, ora xoş olar.
Beynimə yüklənən ağır fikirlər
Bir ora dartınır, bir ora sarı,
Mən yalnız orada azad olaram,
Sevinci bölmüşəm onunla birgə,
Bölüm dərdini də...mən şad olaram.
Yox, mən...Allaha da belə xoş gedər!

Məni bağışlayın, ey əzizlərim!


Könlümün qərarı qətidir daha.
Bilirəm, ovutmaz sizi sözlərim.
Fəqət, bu xoş olar böyük Allaha.
İki yol kimidir indi qərarım,
Biri doğma balam, biri ərimdi.
Gedirəm zülmətdə olana sarı,
Mən orda daha çox gərəyəm indi.
Bu ata yuvası oğlumu saxlar...
Sonra o çıxarar məni yadından.
Baba nəvəsinin atası olar,
Bacım doğma olar doğma anadan...
O hələ körpədir! Böyüyən zaman
Bu sirri dərk edib, alqışlar məni.
Ana ürəyini anlayan, duyan
Bir övlad ürəyi bağışlar məni.

Ərimi tullayıb onunla qalsam,


Bir gün həqiqəti öyrənsə əgər,-
“Niyə deməmisən hardadır atam?”
Bəs onda cavabım nə ola bilər.
Məzara qoyulum mən diri-diri
Ərimin gözləri yolda qalınca.
Qohum tənələri, yad tənələri...
Tənəsiz gedirəm onun dalınca...

Dilim var gəlməyir söyləyim bunu-


Birinci ərimi unutsam artıq,
Yeni ailənin yeni qanunu
Deyəcək: öz doğma oğlunu atıb,
Ögey ana ol sən! - Mənə ar olsun!
Sən məni bağışla, zavallı dustaq,
Səni unutmaqmı? Dünyalar olsun,
Sən mənim könlümün ilkisən ancaq.

O mənə əzizdir, əzizdir, ata!


Heç çıxmaz yadımdan, hələ o zaman
Polkun qabağında səyriyən ata
Yaraşıq olardı...Doymazdım ondan.
Onun həyatının döyüş yolundan
Dostları deyərdi ürək dolusu,
Dinlərdim həvəslə. Bir mərd qəhrəman
Kimi də sevərdim onu, doğrusu.

Sonra da oğlumun atası kimi


Sevdim, sevgimizin üstündə əsdik.
Ayrılıq bir düşmən qisası kimi
Qəfil başımızın üstünü kəsdi.
Bilirsən, harada görüşdük bir də,
Taleyin bəxşişi bizə qəm oldu!
Qəlbimin son andı ona türmədə
Mənim bir sonuncu hədiyyəm oldu.
Nahaq qaraladı böhtanlar onu,
O ki, təmiz idi qarlı dağ kimi.
Dustaq geyimində olsa da, yenə
Mən onu sevirəm bir Allah kimi!
Dustaq geyimində qarşımda durub,
Elə bil gözündə yox əvvəlki nur.
Onun duruşunda insan qüruru,
Gözündə sozalan sevgi oxunur...

Atacan! Dözmürəm onsuz mən indi!


Qovurub yandırır məni öz ahım...
Sən məqsəd yolunda candan keçəndin,
Belə öyrətmişdin bizi də axı.
Bir zaman öz doğma oğullarını
Odlu döyüşlərə atan qəhrəman,
Duyub öz qızının əzablarını,
Döndərməz onu da öz qərarından.

Mən fikir elədim bütün gecəni,


O isə, atamla dil tapdım deyən...
Yavaşca söylədi: - Ay dəli qızım!..
Və çıxdı, bilmirəm hirsdən, ya dərddən.
Anam, qardaşlarım susub durmuşdu:
Günlərim beləcə, günlərim ağır...
Atam bulud kimi elə dolmuşdu...
Qaşqabaq sallayıb hamı, qəm yağır,
Kömək eləmirlər işlə, əməllə.
Qəlbimin səsinə çox qulaq asdım...
Axırda qələmdən yapışdı əlim,
Oturub padşaha ərizə yazdım...
(O zaman belə bir xəbər gəzirdi:
“Trubetskayaya icazə verib,
Çar, sonra əmr edib qaytarıb geri...”
Qorxdum, bu, mənim də başıma gələ.
Amma yaman idi.) məktubu bacım-
Katya Orlovanın özü apardı.
Çardan cavab aldım. Xoş sözlü cavab.
Nikolayın zərif ürəyi vardı.
(Məktub fransızca yazılmışdı) O,
Yazırdı: elə bir uzaq diyara
Arzu etməzdi ki, gedəm...tuş olam
Orda pis mühitə, pis adamlara...
Onun eyhamını sonra anladım:
Bu yaşda çox zərif, incə bir cavan
O qədər əzabı, ağrını dadıb,
Salamat dönər geriyə ordan...
Sonra da özünə borc bilir: mənə
Deyə ki: bəyənir qətiyyətimi.
Ancaq ki, vəzifə, qanun naminə
Ərimi əfv etmir bir cani kimi...
Bu yüksək istəyin əksinə getmək
İstəmir: özünə borc bilir deyə:
Yaxşıdır, oğluna analıq etmək,
Gedirsə, etiraz etmir getməyə...
Ürəyim çırpındı: gedirəm demək!
Belə sevinməmiş qəlbim heç zaman...
Gedirəm - qərarlar qətidir demək,
Ağladım: ilahi, keç günahımdan!..

Yır-yığış elədim üç günə tamam,


Qiymətli nəyim var büküb qatladım.
Yaxşı pal-paltarım, yaxşı da şubam,
Nəyim var. Sadə bir fayton da aldım.
Baxıb evdəkilər yığ-yığışıma,
Duruxub qaldılar. Doğrudanmı mən...
Bu ağıl haradan girdi başıma...
Son gecəm oğlumla keçdi sübhəcən,
Üzündən, gözündən öpüb, o günü
Dedim: ürəyimi mən yara biləm,
Onun süd qoxulu təbəssümünü
Özümlə əbədi apara biləm...
Oynayır, əlimdən məktubu qapır,
Fəlakət məktubu...möhrünə baxır,
Oynayır, sevinir, bilmir ki, sabah
Durub görəcəkdir anası yoxdur.
Ayıra bilmirəm gözümü ondan,
Üzümə sürtürəm süd əllərini.
“Bağışla, zavallım! Bağışla, anan
Atanın xətrinə tərk edir səni!”
Uşaq-dəcəl uşaq yatmaq istəmir.
Nazik zərfi elə çevirir, baxır.
Nədənsə deyirəm, qırmızı möhür
Onu əyləndirir...Səhərə yaxın

Yüklə 263,73 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə