Nahid – 35 yaşlı psixoloq Sabir – onun dostu Nərminə 25 yaşlı gənc müğənni Zərifə Nahidi sevən qadın



Yüklə 154,06 Kb.
tarix26.09.2017
ölçüsü154,06 Kb.
#1951

ORXAN

BAHADIRSOY

MƏNİM

QADINLARIM



İştrak edirlər:

Nahid – 35 yaşlı psixoloq

Sabir – onun dostu

Nərminə - 25 yaşlı gənc müğənni

Zərifə - Nahidi sevən qadın

Gülay – Nahidi sevən qadın

Aytac – Nahidi sevən qadın

Taksi sürücüsü və iki şəx.

2 hissəli faciə…

1-ci hissə

Balaca və işıqlı bir gecə klubunun önü. Nahid əlləri ilə özünü qucaqlayıb üzünü örtən dağınıq saçlarını arxaya verir. Sonra titrəməyə başlayır soyuqdan. İşıq yalnız onun üzərinə düşür.

Nahid: Bu nədir belə? Hə? İndi bu niyə görünür mənim gözümə? Yox! Mən yanılmamışdım. O həqiqətən psixoloji sarsıntı keçirmişdi. Özünü belə tanımırdı o. Müalicə olunmalı idi. Amma istəmədi. Buna görə də həyatın imtahanına dözməyib intəhar elədi. İntəhar? (qəh-qəhə çəkir) İntəhar! Hə! O intəhar elədi. Axmaq qadın! Gicbəsər! Sən gözəl, cazibədar, ehtiraslı, seksual ədalara sahib olan mükəmməl bir qadın idin... (Qışqırır) Gicbəsər!...

O sevişmələr, o ehtiras, insanın qanını coşduran o dəli baxışlar, o çılğın öpüşlər, bitməsini istəmədiyin macəralı gecələr... Ah! Hardadır indi onlar? Nə qədər ki, mən var idim, şan-şöhrətim, var-dövlətim var idi, onlar da var idi! İndi nə var-dövlət, şan-şöhrət nə də mən varam! Onlar da yoxdur! (qışqırır) Yoxdur!...



Hər gün səhər saat 9-dan qapına düzülən xəstə sırası... Hərəsi də bir cür xəstə. Hərəsinin bir ayrı dərdi var. Ən böyük həyat məktəbi idi o müayinə otağı. Mənim heç kəs üçün dəyəri olmayan amma mənim üçün bu dünyanın ən böyük səadəti olan çürük çəkicim! Ağ xalatım, iri gözlü eynəyim... (bərkdən) Tfu!...

Ögüyərək çıxır səhnədən. Bir az sonra işıq çox kasıb və uçuq bir daxmanın üzərinə düşür. Nərminə və taksi sürücüsü taksi sürücüsü hərəsi bir qolundan tutaraq Nahidi bu daxmaya salır. O isə heç kəsə əhəmiyyət vermədən sayıqlayır.

Taksi sürücüsü: Bu yazığı hər gecə o klubun qabağından tapıram. Bax, elə bu gün gördüyünüz kimi yıxılıb qalır o taxtanın üstündə. Mən də savabdır deyirəm götürüb gətirirəm bura. O burda qalır deyəsən.

Nərminə: Burda? Bəs bunun ailəsi yoxdur?

Nahid: Ailə? (ayılırmış kimi) Ailə!... (gülür)

Taksi sürücüsü: Baxın, bu belədir. Onunla dəfələrlə söhbət etmək istəmişəm. Deyirəm bəlkə bir kömək edə bildim bu yazığa. Amma hər sözümə belə əndrabadi formada lağ eləyir.

Nərminə: (Nahidə) Bağışlayın, siz burda qalırsız?

Nahid: (diskinir) Hə? (dizləri üstdə oturub qadına baxır) Sarı saçlar, gömgöy gözlər, mənalı baxışlar, incə bədən, ağ və zərif qadın dərisi... Offf! (diqqətlə baxır) Zor şeysən ki!

Nərminə: Necə? (məətəl)

Nahid: Heç deyirəm kaş bu kişi burda olmayaydı. Sən olaydın bir də mən. (sürücüyə) İblis! Qoymazsan... (yenidən sayıqlayır)

Nərminə: Bu kişi nə demək istəyir?

Taksi sürücüsü: Xanım, siz buna fikir verməyin. Bu dəlidir. Gəlin gedək.

Nahid: Dəli? (gülür) Dəli!...

Nərminə: (sürücüyəə əhəmiyyət vermir. Nahidə) Bağışlayın, adınızı bilmək olar?

Nahid: (yenidən diskinir və dizləri üstdə oturur) Adım? Nədir mənim adım? Bağışlayın, xanım, mən xatırlamıram. Siz bilirsiz adımı?

Taksi sürücüsü: Ay xanım, mənim işim gücüm var. Gəlin gedək, məni də özünüzü də nahaqdan yoldan saxlayırsız.

Nərminə: Gözləyin, mən haqqınızı artıqlaması ilə verəcəyəm. (Nahidə) Adınızı məndən niyə soruşursuz?

Nahid: Yox! Yooooooooooox! Axı mənim heç vaxt sarışın qadınım olmayıb. Mən qaraları xoşlamışam həmişə. Sən mənim qadınım deyilsən!

Nərminə: Mən? (sürücüyə baxır) O məni deyir?

Taksi sürücüsü: Day məni deməyəcək ki? Mən qadına oxşayıram? Sizi deyir.

Nahid: (sürücüyə baxır) Sən!

Taksi sürücüsü: Mən? Əəə, bəsdir gic-gic danışma yekə kişisən.

Nahid: Sən! Bu qadını tanıyırsan?

Taksi sürücüsü: Bəli. Nərminə xanımı tanımayan var?

Nahid: Mənsə tanımıram. (Nərminəyə) Mənim heç vaxt sarışın qadınım olmayıb. Yox, sən mənim qadınım deyilsən. Özünü mənə sırımaq istəyirsən? Utanmırsan?

Nərminə: (donub qalıb) Mən?

Nahid: (sürücüyə) Sən!

Taksi sürücüsü: Əstəğfurullah! Zibilə düşmüşük e. Ay xanım, gəlin gedək xahiş edirəm.

Bu vaxt Nərminənin telefonuna zəng gəlir.

Nərminə: Alo!... Bəli, eşidirəm... Aha... Yaxşı, bir saata ordayam... (telefonu çantasına qoyur. Sürücüyə) Gəlin gedək. Maraqlı insandır. (diqqətlə Nahidə baxır o isə sayıqlayır.)

Taksi sürücüsü: Dəlidir o. Gedək. (çıxırlar)

Onlar çıxırlar. Nahid onların dalıyca baxıb ayağa qalxır.

Nahid: Bir gecə evimdə divanda oturub şərab içirdim. Bir qadının yolunu gözləyirdim. Həmin gecədən iki gün əvvəl mənim yanıma gəlmişdi. Ərim mənə xəyanət edir, övladımız olmur deyə münasibətimiz soyuyub. Mən gecələr yata bilmirəm, mənə kömək edin dedi. Onu iki gün müalicə etdim və artıq üçüncü gün onu gözləyirdim gecə paltarında, öz dəbdəbəli evimdə. (Bu vaxt arxadan Zərifə daxil olur) Yaxşı insan idi. Həm də gözəl qadın idi. Qaraqaş, qaragöz, arıq, uzun saçlı, incə-mincə bir qadın idi. Çox gözəl seks oldu aramızda. (Arxasına baxanda Zərifəni görür) Zərifə?

Zərifə: Salam.

Nahid: Xoş gəlmisən. Elə indicə səndən danışırdım. Yaman yadıma düşmüşdün. (yaxınlaşıb onu qucaqlayır) Yadındadır? Necə tanış olmuşduq? Sən həmin gecə necə həyəcanla gəldin mənim evimə. Səninlə öpüşdük. Qol boyun yatağa uzandıq. Dəli kimi idik. Maraqlı idi hər şey. Sonra mən sənə aşiq oldum.

Zərifə: Hə. Mən də sənə aşiq oldum Nahid. Özümü sənə həvalə etmişdim. Sənin yanında xoşbəxt idim mən. Ərimin mənə vurduğu yaraları sağaltdın sən öz məhəbbətinlə. Səni öpəndə, sənə sarılanda, sənin qollarının arasında olanda mən bu dünyanın ən xoşbəxt qadını bilirdim özümü. (Zərifə özünü onun qolları arasında itirir amma sonra özünə gəlib çıxır onun qolları arasından) Mən bu məhəbbətə görə ərimdən boşandım. Amma mənim məhəbbətimin sonu sənin xəyanətinin başladığı gün çatdı. Nifrət etdim sənə.

Nahid: Yalan deyirsən!

Zərifə: Yox! Səni bir dəfə də olsun sevə bilmədim əvvəlki kimi. Nifrət etdim sənə.

Nahid: Yalan deyirsən! Sən məni indi də sevirsən!

Zərifə: (ona bir şillə çəkir) Sevmirəm!

Nahid: Sevirsən!

Zərifə: (Bir daha şillə çəkir) Sevmirəm!

Nahid: Sevirsən!

Zərifə: (yenidən şillə çəkir) Sevmirəm!

Nahid: (qışqırır) Qancıq!

Zərifə: (ağlayıb qucaqlayır onu) Sevirəm! Unuda bilmirəm ki səni. Dəli kimi sevirəm. Bacarmıram. (dodaqlarından öpür)

Nahid: Əvvəlki kimi ehtiraslısan! Nəfəsin adamı yandırır.

Zərifə: (ayrılır ondan) Sən də əvvəlki kimi ancaq yatağı düşünürsən.

Nahid: Adama qalan odur da...

Zərifə: Adam olmayacaqsan sən! (düşünür) Mən bura gələndə burdan bir qadınla bir kişi çıxdı. Kim idi onlar?

Nahid: Bilmirəm!

Zərifə: Yalan danışma mənə. Yoxsa yenə içmisən sən, hə? Üfunət iyi gəlir yenə.

Nahid: Kişidən iy gələr də.

Zərifə tərs-tərs baxır ona. Ətrafı toplamağa başlayır.

Zərifə: Yenə dağınıqdır hər yer.

Nahid: Zərifə, yadına gəlir, bir dəfə necə içmişdiksə ikimiz də lül pian idik. Gecə yarısı idi, dəniz qırağında öpüşürdük. Sən elə bilirdin ki, mən səni sevirəm. Mən də sənin kimi neçə-neçə qadını özümə aşiq edib kef eləməyimlə fəxr edirdim.

Zərifə: Ay axmaq, indi hanı onlar? Hə? Sənə qalan yenə mən oldum!

Nahid onun bu sözünü eşidib bərk və ürəkdən gülməyə başlayır. Bu Zərifəyə pis təsir edir. Rəngi qızarır. Tərs-tərs baxır Nahidə.

Nahid: Elə bilirsən sən təksən? Bu uçuq daxma qadın əlindən bezib e. Yazıq divarlar burda lüt qadın görə-görə əriyib uçurlar. Siz hamınız elə bilirsiz ki, sizdən başqası yoxdur. Amma sənə bir etiraf edim? (Zərifə cavab vermədən nifrətlə seyr edir) O qadınların içində ən ağıllısı sənsən. Mən də təkcə sənin yanında ağıllı oluram. Uşaq oluram. (yaxınlaşıb Zərifəni yerə oturdur, başını onun dizinə qoyur) Səndən qayğı gözləyirəm. Sən o qadınların ən xoşbəxtisən. (gülür)

Zərifə: Sən alçaqsan! (yaxınlaşıb Nahidin köynəyinin yaxasından tutub onu divara çırpır, ona bir şillə vurur) Sən oğraşsan! Murdarsan! Axı mən sənə necə aşiq olmuşam? Necə? (bir daha çırpır və üzünə tüpürüb onu buraxır)

Nahid: (halsız yerə sərilir) Ölürəm də kişi kimi qadınlar üçün. Vuran əllərinə qurban. (onun önündə dayanır) Yenə vur! Vur! Vur dedim sənə!

Zərifə: (Təpiklə sinəsinə vurub yıxıdır onu) Dəli! Sən dəlisən.

Nahid: Bəsdir bu sözü dedin mənə. Mən dəli deyiləm. Dəlilərin həkimiyəm.

Zərifə: (ehtirasla onu qucaqlayır) Onda müalicə elə mən xəstəni. Mən sənin dəlinəm.

Nahid: Offffff! (ehtirasla) Oxxxayyy...!

Zərifə: (ayrılır ondan) Axı niyə heç vaxt arzulamadığım şeyi yaşayıram mən. Mən xoşbəxtlik, ailə, övlad arzulamışam həmişə. Amma gör nə qismət olub mənə - bədbəxtlik dolu bir sevgi.

Nahid: Elə bir sevgi ki, bu hamımızın içində yatar bir ilan kimi. Kim onun quyruğunu tapdalayarsa zəhərliyər onu.

Zərifə: Məni zəhərlədi. Sən mənim zəhərim oldun. İndi insan içinə çıxmağa üzüm yoxdur. Gör bir məni nə hala saldın? Bilirsən, səni sevdiyim qədər irgənirəm səndən!

Nahid: Bu belə də olmalıdır. Axı insan ömrü boyu bir nəfərlə qane olmaz. Sevsə belə hərdən könlünə yenilər düşər.

Zərifə: Sən dediyin fahişəlikdir.

Nahid: Məgər sən fahişə deyilsən?

Zərifə: Alçaq! (bir şillə çəkir ona, sonra tərs-tərs baxır və ağlayaraq qaçıb çıxır)

Nahid: Getdin? Eh! Getmə də! (arxasıyca qışqırır) Heeeeeeey.... Getmə də... (ağlayır)

Hönkür-hönkür ağlayır. Sonra qalxıb qutulara yığılan kitabları dağıdır... Ağlayaraq onlardan birini götürüb oxumağa başlayır.

Nahid: İnsanlar hər gün yenidən doğulur. Hər gün ölür, hər gün doğulur bir insan. Hər gün arzu edir, xəyal qurur, ümid edir, sevinir, kədərlənir, ağlayır, gülür – bir ömürə sığmayan neçə taleyi bir gün ərzində yaşayır insan.

Hər insan baxa bilir amma hər insan görə bilmir. Hər insan dinləyə bilir amma hər insan eşidə bilmir. Görməyi və eşitməyi öyrətməliyik özümüzə. Yalnız onda insanları görməyi və ağlımızı eşitməyi bacararıq.

10 il əvvəl yazdığım psixologiya kitabıdır. Həmin illərdə ən çox satılan psixologiya kitabı məhz mənim kitabım idi. İnsanlar iki qat düzüldülər otağımın qapısında bu kitabdan sonra. Bir-birinin saçını yolurdular növbə götürmək üstdə. Bir-birlərinə ağızlarından çıxanı deyirdilər... Biri digərindən tez girmək istəyirdi. Ah! Hanı o pərəstiş? Dağıldı getdi! Onda mən itaətə layiq olan canlı bir büt idim, indi isə cansız bir bütə sitayiş edən axmağam. Cansız bir bütə? Nə büt? Hansı büt? Özü də cansız? Bu hansı bütdür? (düşünür və birdən duruxur) Hə! Güzgü! Hanı mənim güzgüm? (ətrafa boylanıb axtarmağa başlayır) Hanı mənim güzgüm? (tapır) Ah! Burdadır! Burdasan mənim əzizim! Mənim Tanrım! (öpür və qucağına sıxır) Mən səni sevirəm... Mən səni sevirəm... (bu vaxt Aytac daxil olur və qapının ağzında durub ona tamaşa edir. Nahid isə “Mən səni sevirəm” –deyə qışqıraraq fırlanır və birdən Aytacı görüb durur sonra isə yıxılır) Yenə gəldin?

Aytac: Neyləyim? Mən də bir cür bədbəxtəm. Sənsiz bacarmıram.



Nahid: Səni sürüyüb gətirirəm bura?

Aytac: Sənsən günahkar.

Nahid: Neyləmişəm yenə mən?

Aytac: Məni özünə aşiq etmisən. (əlindəki güzgüyə baxır) Bu onun güzgüsüdür? Nə verir bu güzgü sənə?

Nahid: Axı sən heç kəsin bilmədiyini sən bilirsən Aytac! Sən bilirsən mən yalnız onu sevirəm, onu. Bu güzgünü onun çantasından oğurlayıb yadigar saxlamışam. Onun ətrini alıram bu güzgüdən.

Aytac: Yenə o? Yenə o? (ağlayır) Yenə o? Bəsdir. Axı niyə anlamırsan ki, o ölüb! O intəhar etdi. Asdı özünü asdı.

Nahid: İntəhar? (qəh-qəhə çəkir) İntəhar!... Yox! O ölməyib, o yaşayır, mən bilirəm. Mən onun nəfəsini hiss edirəm. Hər gün səhər mehi bu daxmaya onun ətrini hədiyyə gətirir.

Aytac: Tfu! Lənət sənə, alçaq! Axı niyə məni anlamırsan? Mən səni sevirəm!

Nahid: Sən mənim nəyimi sevirsən ay bədbəxt? Mən səndən yaşlıyam, bu gün sabah ölüb gedəcəyəm. İşsiz, gücsüz, axmaq bir yaramazam mən.

Aytac: Anlamırsan. Həm də axı o mənim sevdiyim qədər sevmirdi səni. Yooooox! O heç sevmirdi səni. Amma mən səni çox sevirəm. Yadına gəlir mənim sənin yanına ilk gəlişim?

Nahid: Yox, o qədər adam gəlib gedib ki mənim yanıma. Hamısını necə yadımda saxlayım mən? Təkcə onun gəlişi yadımdadır.

Aytac: Yenə o! (gülür) Bax sənin onu sevdiyindən də çox sevirəm səni. Bir ölünün nəyini sevirsən axı sən?

Nahid: Mənim yadımdan çıxmır. O necə həyəcanla, məsumluqla gəlmişdi mənim yanıma. Sən gətirmişdin onu. Rəfiqəmdir dedin. Kömək istəyir dedin. Mən də ona kömək etdim, yaxşı bir plan qurduq ona. Amma o neylədi?

Aytac: Çünki o aciz idi. Gücsüz, zəif idi. Yaşamağındansa ölməyi məsləhət idi onun. Axı o bilirdi mən səni sevirəm. O mənə - öz ən yaxın rəfiqəsinə xəyanət etdi.

Nahid: Yox! O sənə xəyanət etmədi. Heç vaxt. Mənim ona əlim belə dəyməyib. Bir gün gəldi yanıma. Dərdini danışdı. Qulaq asdım. Bir az söhbət etdik. Əlini tutmaq istədim mənə tərs-tərs baxıb əlini çəkdi. Məni ona aşiq edən bu idi.

Aytac: O səninlə heç vaxt yaxınlıq etməyib?

Nahid: Yox. Çünki o bilirdi ki, sən məni sevirsən.

Aytac: Bəs sən mənə dedin ki, onunla yatmısan.

Nahid: Səni özümdən uzaqlaşdırmaq üçün dedim. İstədim ki, unudasan məni. Onu əldə etməyim üçün ən böyük maneə idin mənim üçün.

Aytac: (gözlərini bərəldib və donub qalıb) Yağışlı bir payız axşamı idi. Mən öz ən gözəl paltarımı geyindim, saçlarımı darayıb yana tökdüm, biraz makyaj etdim. Sonra evdən çıxıb sənin yanına gəldim. Ürəyimdə bir həyəcan var idi. Gözləyirdim sən həmin gecə mənə evlilik təklif edəcəksən. Mən qəbul edəcəyəm. Biz evlənəcəyik, şirin-şəkər körpələrimiz olacaq. Mən qayğıkəş bir ana, sənsə əzmli bir ailə başçısı. Qapının ağzında durub yenə üst-başıma əl gəzdirdim. Qüsursuz olmalı idim, axı sənin üçün hazırlanmışdım. Qapını döydüm. O açdı. Donub qaldım. Gözlərimdən yaş süzüldü. Geri döndüm. Onu səndən ayırmalı idim.

Nahid: Gicbəsər! Axı həmin gecə onu evdən qovmuşdular. Getməyə yeri yox idi.

Aytac: Mənim evimə gələ bilərdi.

Nahid: Gəlmək istədi. Mən qoymadım. Evdən qaçandan sonra birinci mənim yanıma gəldi, biraz əsəblərini sakitləşdirib sənə gələcəkdi. Onunla bir damın altında yatmağın özü ən böyük xoşbəxtlik idi.

Aytac: Bəs sən məni necə unudub onu sevə bildin? Necə tez unutdun məni.

Nahid:(gülür) Səni? Sən gözəl qadınsan əzizim. Amma mən səninlə əylənmək üçün və səni əldə saxlamaq üçün bir məhəbbət oyunu oynamışam.

Aytac: (duruxur) Necə? Bütün o güllər, o xoş sözlər, heç kəsdən görmədiyim o isti öpüşlər, o qüvvəli əllərin məni bərk-bərk sıxması. Bunların hamısı bir oyun idi?

Nahid: Hə! Oyun idi. Bitdi. Anlayırsan, bitdi.

Aytac yerə oturub dizlərini qucaqlayıb ağlayır. Nahid yastığının altından bir içki şüşəsi götürüb içməyə başlayır. Sonra bir siqaret yandırıb çəkir.

Nahid: Bir dəfə bir riyaziyyatçı alim gəldi yanıma. Rus idi. Azərbaycana məhz mənimlə görüşmək üçün gəlmişdi. Deyirdi düsturlar mənim yaşadığım günlərdir. Hər düstur bir günümdür. Funksiyalar qohum əqrabalarımdır. Triqonometriya mənim arvadımdır. Törəmələr də övladlarımdır. (Aytac gülümsəyir) Görürsən necə giclər var? Hələ ümumiyyətlə riyaziyyata Allah deyirdi. Ateist idi o. (özü də gülür) Mən onu müailcə etdim. O yenidən kəşflər etdi. Gözəl kəşfləri var idi, dünya şöhrəti qazanmışdı. Amma ruhu xəstə idi onun. Sağalmayacaqdı. Ona görə də bir düsturun əlində aciz qalıb özünü 16-cı mərtəbədən atdı. İşə bax da. Düsturu tapmışdı. Düsturun doğru olduğuna əmin idi, çünki məsələni həll edib lazım olan nəticəni almaq olurdu. Amma isbatını çıxara bilmirdi bədbəxt. Nüfuzunun itəcəyindən qorxub öldürdü özünü.

Aytac: Elə ən yaxşısını o edib. Mən də özümü öldürəcəyəm.

Nahid: Doğrudan? Haçan?

Aytac: (tüpürür onun üzünə) Alçaq! Elə bilirsən öldürmərəm. Hə?

Nahid: Nə bilim e... Məsləhət sənindir.

Aytac qalxıb daxmanın küncündə yerə qoyulan kəndiri götürür və bir dəmir vedrəni ayağının altına qoyub onun üstünə çıxır. Kəndiri yuxarı atıb düyünləyir. Bir ucunu da öz boğazına salır.

Aytac: Bax. Mən də onun kimi. Öldürüm özümü qurtulum da. Amma mən sənin ucbatından öldürürəm özümü.

Nahid: Mənim axmaq başımı biraz da axmaq eləmə. Sən özünü öldürən deyilsən. Gic-gic sözlər danışıb adamın fikrini dağıdırsan.

Aytac: İnanmırsan hə? Deyirsən yəqin çərənləyirəm də.

Nahid: (köynəyinin düymələrini açıb ehtirasla ona baxır) Bura gəl.

Aytac: Niyə?

Nahid: (düymələri göstərir) Görmürsən niyə?

Aytac: Yox istəmirəm.

Nahid: (köynəyi soyunur) Axı mən istəyirəm. Sən mənim ən gözəl qadınımsan. Sən mənim ədalı sevgilimsən. Mən səni necə sevirəm bilirsən?

Aytac boğazından kəndiri çıxarıb tullayır və vedrənin üstündən düşüb ona tərf qaçır. O isə köynəyini götürüb ayağa qalxır.

Nahid: Nə oldu? Ölmək yaddan çıxdı? Hə mənim qucağım daha xoşbəxt yerdir məgər? Yox. Sən o dünyada daha da bəxtiyar ola bilərdin. Səhv seçim etdin.

Aytac: (ağlayır) Bəsdir mənə əzab verdin.

Nahid: Mən sənə əzab verirəm? Ay yazıq, mən səni bu zülümdən xilas etmək istəyirəm. Gözlərini açıram ki, biləsən, bizim aramızda ehtirasdan başqa heç nə yoxdur və ola da bilməz.

Aytac: Əgər məni anlamırsansa deməli bunu yalnız qadınlar anlayar!

Nahid: Səhv edirsən. Yaxşı anlayıram səni. Əgər mənim dediyim həqiqət deyilsə onda niyə mən qucağımı açan kimi atıldın qucağıma? (Aytac susur) Görürsən, cavab verə bilmirsən? Bax buna görə mən heç vaxt səni və sənin kimi o birilərini sevməmişəm. Çünki sizə qucaq açan kimi özünüzü atırsız o qucağa. Təki pullu və yaraşıqlı olsun. Ya gözəllik sizi məst edər ya da pul gözünüzü bağlayar. Heç vaxt insanlığa məhəbbətə önəm verməmisiz siz. Amma o belə deyildi. O məhəbbəti, sevgini, vicdanı, insanlığı gözəllikdən də, puldan da üstün tuturdu. İndi bildin mən onu niyə sevirəm?

Nahid köynəyini geyinib çıxır. Aytac hönkür-hönkür ağlayır. Səhnə qaranlıqlaşır.

2-ci hissə

İşıq yanır. Daxmada. Aytac uzanıb soyuqdan tir-tir əsir. Bu vaxt Sabir daxil olur. Aytaca baxır. Aytac ona baxır və əhəmiyyət vermədən yenidən başını qoyub titrəyir.

Sabir: İndi də sən burdasan?

Aytac: (titrəyərək) Hər dəfə bir qadın görürsən burda?

Sabir: Artıq vərdiş etmişəm. Bəs Nahid hanı?

Aytac: Bilmirəm. Harasa getdi.

Sabir: Niyə buraxdın? Yəqin yenə içməyə gedib. Bu insanı başa sala bilmədim də mən.

Aytac: Cəhənnəmə içsin. Elə nifrət edirəm ki, ona ölümünə belə sevinərəm.

Sabir: Ona görə ev-eşiyini atıb gəlib burda onun bu köhnə daxmasında soyuqdan dona-dona ac-susuz uzanmısan.

Aytac: Məhəbbətin üzü qara olsun Sabir. Neyləyim? Ondan ayrı qala bilmirəm. Nə qədər istəyirəm unudum, silim, atım amma bacarmıram.

Sabir: Yazıq sizin halınıza. Gec gələcək görəsən?

Aytac: Sən də sevirsən onu? Niyə gəlmisən?

Sabir: Mənim sevgim sənin sevgindən deyil. Nahid mənim on illik dostumdur. Ən az mənim qədər tanıyırsan onu. İndi o çox pis vəziyyətdədir. Mənim borcumdur ona kömək etmək.

Aytac: (oturur) Bilirsən, bütün günahlar özündə oldu. Onun hər şeyi var idi. Sənəti, şöhrəti, vəzifəsi, elmi dərəcəsi, pulu. Ona başqa nə lazım idi axı?

Sabir: Bir şeyi unutdun.

Aytac: Nəyi?

Sabir: Başına pərvanə kimi dolanan qadınları.

Aytac: Bunu mənim üzümə çırpma Sabir.

Sabir: Aytac, savadlı və istedadlı insanlar özündən razı olur həmişə. Onlar öz bildiklərini təbliğ eləməyə can atır. Mən də psixologiyanı bitirdim. Nahidin qrup yoldaşı olmuşam. Amma sonra gördüm ki, yox, həqiqət eybəcərdir. Mən bunu car çəkməyə qadir deyiləm. Mən ailəmi, məni sevənləri, öz sevdiklərimi ata bilmərəm. Amma Nahid bunu bacardı. O hər şeyin üstündən xətt çəkib öz axmaq idealarını təbliğ etdi.

Nahid: (taksi sürücüsü qoluna girib gətirir) Mənim idealarım axmaq deyil və heç vaxt da olmayıb.

Sabir: (diskinir) Sən hardasan yenə? (sürücüyə) Yenə küçədən tapdınız bunu?

Taksi sürücüsü: Bəli. Yenə o kulubun önündə uzanmışdı.

Sabir: Ay axmaq, sən niyə belə edirsən? Axı bilmirsən ki, səni öldürəcəklər?

Nahid: (əlini onun ağzına qoyub qapayır) Sus!

Aytac: Necə? Sən nə dedin Sabir?

Taksi sürücüsü: Bu kimdir axı? Mənə deyin də. Hər dəfə orda görəndə ürəyim dözmür, yazıqdır deyirəm, insanlıq naminə kömək edib bura gətirirəm. Amma hər dəfə bu elə sözlər danışır ki qorxuram. İndi də siz deyirsiz ki, bunu öldürəcəklər. Mənim ailəm, uşaqlarım var.

Nahid: Bizim heç kimimiz yoxdur da. Göydən gəlmişik bu xarabaya. (gülür)

Taksi sürücüsü: Siz mənə deyin mən də bilim öz işimi.

Sabir: Köməyinizə görə çox sağolun. Bu adam haqqında heç vaxt heç yerdə danışmayın. Haçan orda görsəniz kömək edin. Narahat olmayın, sizə heç kim heç nə etməyəcək.

Aytac: Sabir, sən bayaq nə dedin? Onu kim öldürəcək? Niyə öldürəcəklər?

Sabir: Özü yaxşı bilir.

Aytac: (Nahidə yaxınlaşır) Neyləmisən?

Taksi sürücüsü: Mən gedirəm. Sağolun.

Sabir: Siz sağolun. Minnətdarıq.

Taksi sürücüsü çıxır. Sabir yerdə oturub Nahidə baxır. Aytac da ondan cavab gözləyir. Nahid ona baxdıqlarını görüb səhnənin önünə gəlir. Uzanıb mahnı oxumağa başlayır.

Sabir: Vaxtilə Nahiddən acığı gələn rəqibi müsahibə verib Nahidin itmədiyini, gecə klublarında içki içib əyyaş kimi yaşadığını dedi. İndi də düşmənləri bütün gecə klublarında onu axtarırlar.

Aytac: İlahi, bu necə işdir? Sən burdan getməlisən Nahid!

Nahid: Yox! Getməyəcəyəm. Mənə burda yaxşıdır. Axı niyə gedim hə? Mən qorxağam məgər?

Sabir: Onda get, çıx onların önünə, qoy bir gülləylə canını alsınlar sənin. Niyə eləmirsən? Çünki sən yolunu gözləyən yazıq atandan və anandan nigaransan. Qorxursan ki, birdən onlara da nəsə edərlər. Elə ona görə də onlardan uzaqlaşdın. Bax, elə onlara görə çıxıb getməlisən burdan.

Nahid: Mənim burda xatirəm var. Mənim sevgilim bu torpaqda yatır. Sabircan, sən anlamazsan! Bəlkə də sən hələ bakirsən?! Amma mənim qadınlarım var. Onları qoyub gedə bilmərəm.

Sabir: Orda da qadınların olacaq.

Nahid: Mənə lazım deyil onlar.

Bu vaxt Gülay daxil olur. Nahid ona baxıb gülümsəyir. Aytac təəccüblə baxır.

Gülay: Deyəsən qonağın var?

Nahid: Gəl, gəl Gülay. Mənim əziz qadınım.

Aytac: Bu da sənin qadınındır?

Nahid: Hə. Səndən yaxşı olmasın amma çox yaxşı qadındır.

Aytac: Utanmaz! (qəzəblə ona baxır və sonra daxmadan çıxır)

Sabir: Mən də gedirəm. Düşün Nahid düşün. (çıxır)

Gülay: İclas idi burda?

Nahid: Ona oxşar bir şey. Nə isə yaxın gəl.

Gülay: (çantasını bir kənara qoyub yaxınlaşır və onun yanında oturur) O qız kim idi?

Nahid: Onlar haqqında soruşma da. Çoxdandır görmürəm səni. Darıxmışam. (onu qucaqlayıb öpür)

Gülay: Mən də darıxmışam. (susur) Nahid, sən niyə belə çox yalan danışırsan?

Nahid: Yalan? (qəh-qəhə çəkir) Yalan!...

Gülay: Yenə belə etmə xahiş edirəm. Axı niyə aldadırsan məni?

Nahid: Gülay, sən özün də özünü aldadırsan. Məni niyə qısqanırsan?

Gülay: Mən özümü nə ilə aldadıram?

Nahid: Məni sevməklə. Yaxşı bilirsən ki, mən səni sevmirəm. Sevə də bilmərəm. Çünki mənim sevdiyim bircə qadın var. Amma sən yenə də səni sevdiyimi uydurub inandırırsan özünü.

Gülay: (gözündən yaş axır) Məni sevməyini istəyirəm. Axı mənim nəyim başqasından əskikdir? Gözələm, baxımlıyam.

Nahid: Ağıllısan, ehtiraslısan. Bu siz qadınların hamısında var. Amma onda... Onda o qədər fərqli xüsüsiyyətlər var ki...

Gülay: İlk dəfə səni görəndə ağlıma da gəlməzdi ki, sənə aşiq olaram. Mən iştəhadan kəsilmişdim, yata bilmirdim, tez əsəbləşirdim. Mütləq psixoloqa getməli idim. Sən məşhur psixoloq idin. Sənin yanına gəldim. Kömək istədim. Mənə bir ay hər gün müalicə etdin. İçimdə sənə qarşı böyük bir ehtiras yaranmışdı. Bir gecə öpdün məni. O öpüş məni dəli etdi. Sarıldım sənə. Yatdım səninlə.

Nahid: Bax, sizin hamınızı mənim bir öpüşüm dəli etdi. Amma o heç əlinə toxunmağa icazə vermədi.

Gülay: Mən ailəli idim. Hamı gülürdü mənə. Hamı fahişə damğası vurdu adıma. Ailəmi atdım. Bir övladıma həm ana həm ata olub mən səni sevdim. Hüç kəsi sevə bilmədiyim qədər sevdim səni.

Nahid: Mən isə yalnız onu sevirəm heç kəsi sevə bilmədiyim qədər.

Gülay: Bəs indi o hardadır?

Nahid: Öldürdü özünü. Mən də indi ancaq ona qovuşmağı xəyal edirəm. O dünyadakı vüsalımızı düşünürəm.

Gülay: Görürsən, heç kim mənim qədər sevə bilməz səni.

Nahid: (gülür) Siz hamınız belə düşünürsüz. Axı niyə bu qədər xamxəyalsız siz?

Gülay: Mən xamxəyal qadın deyiləm. Sadəcə ürəkdən sevirəm sevəndə.

Bu vaxt Zərifə daxil olur. Gülaya baxıb durur və təəccüblə Nahidə baxır.

Zərifə: Bu burda neyləyir?

Gülay: Bəs bu burda neyləyir?

Zərifə: Mən həmişə gəlirəm bura.

Gülay: Mən də həmişə gəlirəm bura.

Zərifə: Niyə gəlirsən? Nə istəyirsən ondan?

Gülay: (gülür) Sən nə istəyirsənsə mən də onu.

Zərifə: İlan! Ağzının danışığına fikir ver. Mən onu sevirəm.

Gülay: Mən onu sevirəm.

Zərifə: Mən onu sevəndə sən hələ onu tanımırdın.

Nahid: (hirslə) Bəsdirin! Bir görün mən sizin hansınızı sevirəm? Heç birinizi. Əlbəttə heç birinizi. Dünyada başınıza kişi qəbahətdir? Əl çəkin də məndən.

Bu vaxt Aytac və ardıyca Sabir daxil olur.

Aytac: Mən bezdim artıq. Biri gəlir o biri gedir. Elə bil fahişəxanadır bu xaraba. (yaxınlaşıb Gülayın və Zərifənin saçından tutur) Sizin ağzınızın payını vermək bu günə qismət imiş. Rədd olun gedin burdan.

Gülay və Zərifə onun saçından tutur. O qışqırır.

Gülay: Sən özünü nə sayırsan? Ən birinci səni edam etmək lazımdır.

Zərifə: Sən o intəhar edən qancıq müğəniyə aşiq etmisən bu kişini.

Gülay: (Aytacın saçını buraxıb Zərifənin saçından yapışır) Sən elə danışırsan ki, guya səni sevməli idi?

Zərifə: (Gülayın saçından yapışır) Bəs necə? Səni sevməli idi?

Sonra Aytac yenidən onların saçından yapışır. Onlar qışqırmağa başlayır. Sabir qəh-qəhə çəkib ürəkdən gülür. Nahid isə bir kənarda durub səssizcə seyr edir. Qadınlar bir-birinin saçını yolarkən Nərminə və taksi sürücüsü daxil olur. Qadınlar halsızca yerə yıxılıb heyrətlə Nərminəyə baxırlar. Nahid və Sabir də məətəlliklə seyr edir.

Taksi sürücüsü: Bu xanım Nərminə xanımdır. (Aytac üzünü tamaşaçılara tutur. Böyük bir təlaş var simasında.) Keçən dəfə o mənim taksimə mindi. Sonra bu kişini klubun önündə görəndə Nərminə xanımdan xahiş etdim ki, onu bu daxmaya qoymağıma icazə versin. Sağolsun, o da mənə kömək etdi. Burdan çıxandan sonra o mənim nömrəmi götürdü. Bu gün zəng edib onu bura gətirməyimi xahiş etdi. Mən də gətirdim.

Sabir: Sizə kim lazımdır xanım?

Nərminə: (sürücüyə) Çox sağolun. Getmək lazım olanda zəng vuracağam.

Taksi sürücüsü: Dəyməz. Gözləyəcəyəm. (çıxır)

Nərminə: (diqqətlə Aytaca baxır və ona tərəf yaxınlaşır) Bağışlayın, üzünüzü görmək olar?

Aytacı tər basır. O üzünü çevirmir. Nərminə yaxınlaşıb onun önünə keçir və ona baxır.

Nərminə: Aytac? Sən burda neyləyirsən? Deyəsən... Mən yanılmamışam deyəsən.

Aytac: Mən...

Nərminə: Sus... (Nahidə yaxınlaşır) Sən kimsən?

Hamı heyrətlə baxır. Nahid də təəccüb içində Nərminəni seyr edir. Zərifə və Gülay da həm yorğun həm də heyrətlə Nərminəyə baxırlar. Aytac ayağa qalxıb qapıya tərəf gedir.

Nərminə: (qışqırır) Aytac! Dayan! (Aytac dayanır) Mənə bir açıqlama etməyəcəksən?

Sabir: Aytac, bu qadın kimdir?

Aytac: (kəkələyir) Bbb... Bu Nərminə xanımdır.

Sabir: Adını taksi sürücüsü də dedi. Bu səni hardan tanıyır?

Nərminə: Mən təkcə onu yox, səni də tanıyıram Sabir. (Nahidə) Sən də Nahidsən hə? (Gülay və Zərifəyə) Bağışlayın, sizi tanıya bilmədim. Nahidin qadınları haqqında heç nə bilmirəm. Təkcə Aytac... O mənim köməkçim və ən yaxın rəfiqəmdir.

Nahid: (rəngi qızarır. Donub qalır. Ondan tər axır. Ağır-ağır udqunur) Sən... Sən... O müğənni olmaq istəyən qadınsan...? Hə?

Nərminə: Hə. Mən o qadınam. (Nahidə baxır və Nahid sevinclə onu qucaqlayır)

Nahid: Axı sən ölmüşdün?

Nərminə: Bunu sənə Aytac deyib?

Nahid: Hə.

Nərminə: Yox, mən heç vaxt ölməmişəm. O vaxt sənin yanına gəlib kömək istədim. Ailəm məni müğənni olmağa qoymur amma mən bu arzu ilə nəfəs alıram dedim. Səndən kömək istədim. Sən də mənə iki məsləhət verdin. Ya onları atıb müğənni olmalı idim ya da bu arzumdan dönməli idim. Mən qərar verdim. Ailəmi atıb bu sənətin ardıyca getdim. Evdən gizli bir müsabiqəyə qatıldım. Orda qalib oldum. Pul qazandım. Sonra gözlərimi, saçlarımı, bədən formamı, dodaqlarımı dəyişdirib tamam başqa bir sima aldım. İndi gördüyün kimi əvvəlki qız deyiləm mən.

Nahid: Bəs axı mən səni sevirdim. Sən də bunu bilirdin.

Nərminə: Doğrusu mən də səni sevirdim, həmişə də sevmişəm. Amma səni mənim ən yaxın rəfiqəm də sevirdi. Ona görə unutmağa qərar verdim səni. Axtardım səni. Dəyişilindən sonra maraqlandım. Vəzifədən çıxarıldığını, ölkədən çıxdığını dedilər. Tapa bilmədim səni.

Nahid: Bəs Aytacdan soruşmadın məni?

Nərminə: Yox, ondan soruşmağa cürət etmirdim. Düşünürdüm ki, birdən qısqanar səni, inciyər məndən. Axı o da sənin məni sevdiyini bilirdi.

Nahid: (Aytaca qəzəblə baxır) Sən məni bu qədər vaxt aldatmısan? Niyə? Axı sən mənim necə əzab çəkdiyimi görürdün.

Aytac: (ağlayır) Mən səni sevdiyimdən edirdim. Ona gedəcəyini, məni atacağını düşünürdüm.

Nahid: Mən sizi onu itirdiyim gündən atmışam. Əl çəkin bu axmaq xəyallardan. Mən sizin heç birinizi heç vaxt sevməmişəm. Siz mənim üçün bir saatlıq əyləncədən qeyri bir şey deyilsiniz. Mən ilk dəfə və son dəfə baxın çoxdan öldüyünü bilib onun yasını saxladığım bu qadını sevmişəm. Çünki o mənim üçün əlçatmaz olub, dəyərli olub. Pak və təmiz olub. Siz isə mənim üçün əhəmiyyətsiz, özünü mənə sahib bilən bir sürü axmaqdan başqa heç nə olmamısız.

Aytac: (ağlayır) Yox. Bu idi sənə olan sevgimin əvəzi? Məni bu qədər alçaltma xahiş edirəm.

Gülay: (ağlayır) Bəs sənə xərclədiyim illər? Onlar sənin üçün əyləncə ola bilər amma mən onları unuda bilmərəm.

Zərifə: (ağlayır) Mən sənsiz bacarmaram Nahid. Mən ölərəm. Yaşaya bilmərəm.

Onların üçünü də itələyib daxmadan çıxarır və qapını bağlayır. Onların üçünün də ağlamaq səsi eşidilir.

Nahid: (qulaqlarını tutur ) Sabir, dur rədd elə onları qapıdan.

Sabir çıxır. Nahid yerə dizs çöküb ağlayır. Nərminə yaxınlaşıb onun yanında oturur və dizlərini qucaqlayıb ona baxır.

Nərminə: Mənə görə öz dəyərli qadınlarından imtina etmə. Axı onlar səni sevirlər. Özü də mənim sevmədiyim qədər.

Nahid: Ürək lənətə gəlsin. Bir dəfə də məni dinləsəydi indi mən bu günə qalmazdım. Sən bilirsən də mən necə yaşayırdım. Amma gör indi nə gündəyəm?!

Nərminə: Nə oldu hə? Niyə belə oldu?

Nahid: Başıma çox oyunlar gəldi. Mən işləyəndə bir vəzifəli adam tərəfindən mənə tapşırıq verildi. Əmr böyük yerdən idi. Ya etməli idim ya da doğmalarımı öldürəcəkdilər. Mən də etdim. Tapşırıqla bir adamı müayinə edib qəsdən ruhi xəstə dioqnozu verib dəlixanaya saldırdım. Sonralar mən çox böyük bir elmi araşdırmaya başladım. Bütün nəticələrim şübhələrimi doğrultdu. Sonra da bir kitab yazıb siyasi liderləri ruhi xəstə adlandırdım. Bu haqda dəfələrlə mətbuatda məqaləm yayımlandı. Sonra məni vəzifədən çıxardılar. Az sonra göstəriş gəldi ki, mən mütləq umumiyyətlə cəmiyyətdən, işimdən, bu ölkədən, doğmalarımdan uzaqlaşmalıyam. Mən də vaxtilə tapşırığını yerinə yetirdiyim adamlardan kömək istədim. Onlar da mənim əleyhimə çıxış etdilər. Mən yenidən müsahibə verib o adamın günahsız olduğunu dedim. Tapşırıq aldığım adamın adını çəkdim məqalədə. Bu məqalədən sonra o adamı vəzifədən uzaqlaşdırdılar, nüfuzu yerə dəydi. O biri adamı da dəlixanadan çıxardılar. İndi onların ikisi də öz intiqamını almaq üçün məni axtarır.

Nərminə: Vay vay! Mən sənin halına acıdım lap. Amma mən səndə də günah görürəm. Nəyinə lazım idi axı bütün bunlar? Sakitcə öz işini görməli idin.

Nahid: Anlamazsan. Bunu düşünmə sən. Danış görüm sən neylədin.

Nərminə: Həyat nə qəribədir Nahid. 2 il əvvəl mən sənin yanına gələn yazıq qızcığaz idim. Sənə sığınırdım. İmdad umurdum.

Nahid: İndi də mən sənə sığınan yazığam. Səndən imdad umuram. (əllərini ovucuna alıb öpür)

Nərminə: Amma gör nələr etdim. Necə dəyişildim mən. Heç vaxt etmərəm dediklərimi etdim. Şöhrət, istək, arzular, xəyallar qapadı gözlərimi. İndi atam elə inciyib ki məndən heç yadına da salmır məni. Bəlkə də salır amma bunu bildirmir. Adım da gəlmir yadına. Anam hərdənbir danışır, yanıma da gəlir. Amma peşman deyiləm mən.

Nahid: Niyə peşman olmalısan ki... Xoşbəxt o insandır ki, arzusuna çatır. Çünki o həm güclüdür, həm də şanslı. Sən həm güclü, həm də şanslı bir xoşbəxtsən. Həyatdan daha nə istəyirsən. O özündə olan bütün gözəlliklərdən pay verib sənə.

Nərminə: Sən məni çox sevirsən hə?

Nahid: Bunu hiss etmirsən?

Nərminə: Hiss edirəm. Bunu anlamaq üçün təkcə gözlərinə baxmaq kifayətdir. Amma istəmirəm sevəsən məni.

Nahid: Niyə? Axı niyə sevgiyə layiq olan ən münasib insan sən ola-ola bundan qaçırsan?

Nərminə: Sən qadınsız yaşaya bilməzsən, bilirəm. Amma mən o qadınların sənin üçün etdiklərini edə bilmərəm.

Nahid: Nərminə, sən yanımda ol yetər mənə. Sənə baxmaq kifayətdir. Səni hiss etmək, görmək hədiyyədir mənim üçün.

Nərminə: Yox. Bunları indi sadəcə deyirsən. Zaman-zaman ehtiras elə işləyəcək ki, damarlarına, elə qapayacaq ki, gözlərini bu sevgi yadından çıxacaq. Onda məni yanında yox qucağında görmək istəyərsən. Bax mən onu bacarmaram.

Nahid: Sən anlayırsan bu sevginin gücünü? İki il səni həsrətlə öldüyünü bilə-bilə gözləmək bilirsən nə deməkdir? Mən çoxdan intəhar edərdim. Öldürərdim özümü. Axı niyə yaşamalı idim. Sənətim, ailəm, pulum, ev-eşiyim – hamısı çıxıb əlimdən. Nə üçün? Kimin üçün yaşamalı idim mən? Amma yaşadım. Təkcə sənin üçün Nərminə, təkcə sənin üçün yaşadım mən.

Nərminə: Bəlkə də yaşamağın lazım imiş. Çünki mən sənin önünə çıxmalı idim. Səni də məni də eyni zamanda aldadan Aytacın yalanı açılmalı idi. Mən vaxtilə məni sevən adamın indi nə halda olduğunu bilməli idim, nə qədər sevildiyimi, unudulmadığımı görməli idim. Sən mənə danışıb boşaltmalı idin ürəyindəkilərini. Cənab psixoloq axı sən məndən yaxşı bilirsən həyatda heç bir şey öz-özünə baş vermir.

Nahid: Bunların hamısı doğrudur. Amma hər bir halda bu həsrətin bir sonu olmalıdır. Məni yenə bu həsrət içində atıb gedəcəksən?

Nərminə: Bəlkə də. Nə bilmək olar? Ataram. Elə bilirsən acıyaram sənə? Rəhmim gələr? Axı sən özün ürəksiz, rəhmsiz birisən. Bu qədər qadının hisləri ilə oynayıb, onlarla əylənib, aldadıb, alçaldıb zibil kimi tullamısan. Bunun intiqamını həyat almalıdır səndən. Mütləq almalıdır.

Nahid: Mən onlarla oynamamışam. Mən onlara heçnə vəd etməmişəm.

Nərminə: Amma onların həyatına girmisən. Bağlamısan özünə.

Nahid: Mən bağlamamışam. Bağlanıblar. Məndə nə qəbahət var ki? Mən güclü kişiyəm. Onlar məni arzulayıb həmişə.

Nərminə: (gülür) Sən güclü kişisən. (taburatkanı çəkib oturur və ayağını ayağının üstünə aşırır) Yox əzizim, sən güclü deyilsən. Sən yalançı kişisən. Güclü hiyləgərsən. Oynamısan onlar üçün. Aşiq etmisən özünə. İndi də bu oyunu mənim üçün oynamaq istəyirsən? Elə bilirsən mən də onlar kimi axmağam? Elə bilirsən inanaram sənə?

Nahid: Nərminə, mən səni bütün qəlbimlə həqiqətən sevirəm.

Nərminə: Bağışla, amma mən bu sevgini qəbul edə bilmərəm. Əslində mənim sevgiyə ehtiyacım da yoxdur. (qalxır) Təəccüblənirsən hə? 2 il əvvəl görüb aşiq olduğun yazıq, məsum qızcığaz indi necə də təhlükəli danışır. Cənab, psixoloq, sən insanların fikirlərini oxuya bilərsən. Amma ürəklərini əsla! Sən onlar üçün oynamısan. Bəs qorxmurdun ki, bir gün sənin üçün də oynayarlar?

Nahid: Mənim üçün oynamaq olmaz. Mən bunu hiss edərəm. Anlayaram. Güclü psixoloqam mən.

Nərminə: (qəh-qəhə çəkir) Sən? Yox! Sən psixoloji xəstəsən xəstə.

Nahid: Sus! Səni də mənim müalicələrim sağaltdı. Məhv olurdun sən.

Nərminə: (hirsli) Nə idi sənin müalicən? Hə, Nə idi axı? Yanında oturanda əlli dəfə baxışlarınla soyundurub geyindirirdin məni? Axırda guya məni müalicə etdin. Mən də bax, sənin kimi dəli oldum. Her şeyi atıb öz axmaq arzularımın arxasıyca qaçdım! (qışqırır) Amma nə oldu hə? Nə oldu? Tək-tənha qaldım. Xoşbəxtliyim konsertlərdəki on dəqiqəlik ifamda idi ancaq. O səhnədən enən kimi insanlardan qaçaraq dörd divar arasında gizlənib təkliyin ağrısından için-için ağlamaq idimi o müalicənin nəticəsi? (ağlayır)

Nahid: Sən də bunu arzulayırdın. Əzab çəkməyi sevirdin sən?

Nahidə: (qışqırır) Yooooooooox! (onun yaxasından tutub silkələyir) Hansı əzab hə? Bircə mənim həsrətimlə iki il yanıb kül olmağı arzulayırdın sən? Kim sevir əzab çəkməyi? Mən də sənə əzab çəkdirəcəyəm. İndi bu qapını açıb çıxacağam burdan. Bir də dönməyəcəm bura. Əsla görməyəcəksən məni. Sən də çəkərsən o əzabı. Görüm necə sevirsən?

Nahid: Yooox... (qaçıb qapını kilidləyir, sonra yerdən kəndiri götürüb Nərminəyə dolyır)

Nərminə: Neyləyirsən sən?

Nahid: Mən oynaya bilərəm... Mən oynaya bilərəm... Mən əzabı sevmirəm. Axı mənim nə günahım var? Mən onların heç birinə evlilik təklif etməmişəm. (kəndiri onun boğazına sürüşdürüb bərk-bərk dolamağa başlayır, Nərminə boğuq səslər çıxarır, rəngi qızarır) Mən oynaya bilərəm... (qəh-qəhə çəkir) Mən oynaya bilərəm... (şiddətli qəh-qəhə çəkir) Sənin üçün də oynamışam... (ağlayır) Sənin üçün də oynamışam... (ağlayır)

Nahid onun üzünə baxanda artıq boğulub öldüyünü görür və onu qucaqlayıb qışqırır...

Nahid: Yoooooox! Sənin üçün oynamamışam. Bu dünyada yeganə insan idin ki, sənin üçün heç vaxt oynamamışdım mən. Sənin üçün səmimi, sadəlövh, pak bir uşaq idim. Sənin paklığında təmizlənmək istəyirdim mən. Sən doğru dedin mələyim, doğru dedin. Həyat məndən intiqam aldı. Səninlə intiqam aldı. Sən bütün günahlarıma görə çəkdiyim cəza idin. Razıyam səninlə. Razıyam... Məni gözlə, gözlə gəlirəm mən də.

Onu astaca yerə qoyub boynundan kəndiri açır. Sonra köhnə taburetkanın üstünə çıxıb şalbana bağlayır kəndiri. Bir ucunu da boynuna asır və ağlayaraq Nərminə baxır. Bu vaxt Sabir qapını döyür.

Sabirin səsi: Nahid, qapını aç, onlar səni tapıblar. Onlar bura gəlir. Sən qaçmalısan. Aç qapını.

Nahid gülür. Taburetkanı itələyib asılır. Boğulub can verirkən Sabir özünü qapıya çırpıb qapını qırır və içəri girib onu asılı görür. Nahidin gözləri son dəfə Sabirə baxıb əbədi bağlanır. Sabir dostunun asılı qalan meydini qucaqlayıb ağlayır. Bu vaxt iki silahlı şəxs içəri girib olanlara heyrətlə baxır.

1-ci şəxs: Bu ölüb ki.

2-ci şəxs: Allahın bizə yazığı gəldi. Kim bilir bunun zibilindən necə çıxardıq.

1-ci şəxs: Mənə bax, şefə deyərik ki, biz öldürdük. Pulu alıb bölərik.

2-ci şəxs: Birdən üstü açılsa neyləyərik?

1-ci şəxs: Qoyun, üstü necə açılacaq? Görmürsən asıb özünü. Sübut edəcəklər ki, biz öldürmüşük?

2-ci şəxs: Hə düz deyirsən! Əla! (əl-ələ vurub çıxırlar)

Səhnə qaranlıqlaşır. Pərdə enir.
Yüklə 154,06 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə