Naxçivanda iCTİMAİ VƏZİYYƏT (Səfəvilər dövrü)



Yüklə 47,9 Kb.

tarix03.08.2018
ölçüsü47,9 Kb.


«Xəbərlər» - İctimai və humanitar elmlər seriyası.-2009.-№1.-S.85-91.

NAXÇIVANDA İCTİMAİ VƏZİYYƏT 

(Səfəvilər dövrü)

İLHAMİ ƏLİYEV

AMEA Naxçıvan Bölməsi

1501-ci ildə tarix səhnəsinə çıxmış Səfəvilər dövləti Azərbaycan xalqının ictimai-siyasi həyatında mühüm rol

oynamışdır.  Tarixi  torpaqlarının  vahid  türk-islam  dövlətinin  bayrağı  altında  birləşdirilməsi  milli  mədəniyyətin

inkişafına  və  ölkə  iqtisadiyyatının  yüksəlişinə  təkan  vermişdir.  Təbii  ki,  Səfəvilərin  hakimiyyəti  illərində  ölkədə

tərəqqi dövrü ilə yanaşı tənəzzül illəri də yaşanmışdır. Bu dövlət tərəqqi illərində Azərbaycan bölgələrinin inkişaf

etməsinə geniş  imkanlar yaratmışdır.  Bu dövrdə ölkənin əhəmiyyətli  bölgələrindən biri də qədim  Naxçıvan diyarı

olmuşdur.

Səfəvilər  dövründə  Azərbaycan  ərazisi  inzibati  cəhətdən  4  iri  vilayətdən,  yəni  bəylərbəyilikləri  ibarət

olmuşdur: Təbriz, Çuxursəd, Qarabağ və Şirvan bəylərbəyilikləri. Şah tərəfindən təyin edilən bəylərbəyilər hər biri

öz vilayətinin qanuni hakimi sayılırdı.  Onların inzibati hakimiyyətdən başqa həm də orduya, yaxud feodal dəstəsi

"çerik"ə  rəhbərlik  etmək  hüququ  var  idi  (7,  s. 11).  Bu  dövrdə  Naxçıvan  mahalı əvvəlcə  Təbriz,  sonra  Çuxursəd

bəylərbəyliyinin  tərkibində  fəaliyyət  göstərmişdir.  Tabe  olduğu  bəylərbəyiliyin  tərkibində  Naxçıvan  "mahal"  və

yaxud  da  "ölkə"  adlandırılırdı.  Görkəmli  şərqşünas-alim  İ.P. Petruşevskiy  öz  əsərində  göstərmişdir  ki,  "ölkə"

inzibati-ərazi termini Azərbaycanda hələ Teymurilər dövründən mövcud olmuşdur (17, s. 102). Ölkə və ya o zaman

deyildiyi kimi mahalların idarə edilməsində çox vaxt hakimlər yerli tayfaların nümayəndələrindən seçilirdi. Əksər

hallarda  hərbi  şücaətinə  görə  fərqlənən  şəxslərə  üstünlük  verilirdi.  Bu  hakimlər  isə  sultan  və  yaxud  da  xan  titulu

daşıyırdı.  Səfəvilər  dövründə  Naxçıvan  ölkəsi  irsi  olaraq  Ustaclı-Kəngərli  tayfalarının  nümayəndələri  tərəfindən

idarə  olunmuşdur  (7,  s. 113).  1603-cü  ildə  Osmanlı  işğalından  azad  edildikdən  sonra  I  şah  Abbas  tərəfindən

Maqsud  Sultan  Kəngərli  Naxçıvan  hakimi  təyin  edilmişdi  (12,  s. 68-69).  Buradan  görünür  ki,  Kəngərli  tayfa

nümayəndələri şahın istəyi ilə seçilirdi. I şah Abbasın xələfləri dövründə Nadir bəy Rzaəddin xan (1647), Əliqulu

xan  (1668),  Murad  xan  (1668-1669),  Şərəf  xan  (1669-1678),  Məhəmməd  Rza  xan  (1678-1691)  Kəngərlilər

Naxçıvana  hakimlik  etmişdirlər  (11,  s. 93).  Yuxarıda  qeyd  etdik  ki,  ölkə  hakimləri  xan  və  yaxud  sultan

adlandırılırdı.  Səfəvilər  dövrünün  əvvəllərində  mahal  hakimləri  üçün  bu  adların  heç  bir  fərqi  olmamışdır.  Lakin

XVI  əsrin  ikinci  yarısından  sonra  xan  sultan  titulundan  üstün  hesab  olunmağa  başladı (7,  s. 114).  Həmçinin,  bu

vəzifələr Səfəvilər dövründə irsi deyildi.

Bir  sıra  tədqiqatçıların  əsərlərindən  və  tarixi  mənbələrdən  aydın  olur  ki,  Naxçıvan  mahalı əhalisi,  əsasən,

azərbaycanlılardan  ibarət  olmuşdur  (9,  s. 51;  13,  s. 49).  Bundan  əlavə  müxtəlif  ölkələrdən  (Orta  Asiya,  İran,

Əfqanistan və s.)  gələnlər  isə  əhalinin  çox  az  bir  qismini  təşkil etmişdir.  Onlar  müxtəlif  peşə  sahibləri-səyyahlar,

tacirlər,  sənətkarlar,  alimlər  və  s.  ibarət  olmuşdur.  Məhz  buna  görə  E. Çələbi  göstərir  ki,  Naxçıvanda  müxtəlif

dillərdə danışan adamlara rast gəlmək olur (2, s. 232). 

Səfəvilər dövründə Naxçıvan əhalisinin etnik tərkibi haqqında dəqiq məlumat verən mənbələrdən biri İrəvan

əyalətinin  "icmal  dəftəri"  (1590-cı  il)  və  Naxçıvan  sancağının  "müfəssəl  dəftəri"  (1727-ci  il)  sənədləridir  (10,

s. 37-360; 6, s. 276-393). Vergilərin toplanması məqsədilə Osmanlı idarəçiliyi zamanı tərtib edilmiş  bu sənədlərdə

ərazidə  yaşayan  əhali  milli  tərkibinə  görə  yox,  dini  mənsubiyyətinə  görə  bölünmüşdür.  Hər  iki  mənbədən  aydın

şəkildə görünür ki, müsəlmanlar qeyri-müsəlmanlardan xeyli dərəcədə çox olmuşdur.  Bu da, yuxarıda göstərildiyi

kimi,  "əhalinin  əksəriyyətini  azərbaycanlılar  təşkil edirdi"  fikrinə  əsaslansaq,  dəftərdəki  müsəlman  əhalinin  əksər

hissəsinin  Azərbaycan  türkü  olduğunu  göstərir.  Həmçinin,  həmin  sənədlərdə  kənd,  şəhər  və  s.  yaşayış  yerlərinin

sakinləri adbaad siyahıya alınmışdır. Həmin sənədlərdən aydın olur ki, XVI əsrin sonunda qeyri-müsəlmanların sayı

XVIII  əsrin  əvvəllərindəki  ilə  müqayisədə  xeyli  az  idi.  Bu  artımın  bir  səbəbi  də  XVI-XVIII  əsrlərdə  baş  vermiş

Səfəvi-Osmanlı müharibələri olmuşdur. 

Səfəvilər dövründə Naxçıvan mahalında yaşayan əhalinin ictimai tərkibi də müxtəlif idi. Belə ki,  feodalizm

quruluşunun hökm sürdüyü bu tutu dövrdə yerli əhali əsasən  bir  neçə  kateqoriyaya  bölünmüşdür:  1.  Feodallar,  2.

Ruhanilər, 3. Tacirlər, 4. Sənətkarlar, 5. Kəndlilər, 6. Şəhər yoxsulları (7, s. 114). 

Bu  zaman  feodalların  əsas  mülkiyyəti  onların  ixtiyarında  olan  geniş  torpaq  sahələri  idi.  Həmin  torpaqlarda

taxıl  bitkiləri,  bostan-tərəvəz  məhsulları,  müxtəlif  pambıq  növləri  və  s.  yetişdirilirdi.  Həmçinin  yerli  feodalların

böyük  meyvə  bağları  və  üzümlükləri  o  dövr  tarixçilərinin,  səyyahlarının  diqqətini  çox  cəlb  etmişdir  (8,  s.  20).

Feodalların torpaq sahibliyindən başqa, həm də əhali arasında güclü iqtisadi və siyasi nüfuzları var idi. 

Yuxarıda  qeyd  etdiyimiz  kimi,  Səfəvilər  dövründə  Naxçıvan  mahalının  idarə  olunmasında  şah  tərəfindən

seçilmiş  hakimlər  yerli  tayfa  nümayəndələrindən,  əsasən  də,  Kəngərli  tayfasından  olurdu.  Mənbələrin  verdiyi

məlumatlarda  göstərilir  ki,  feodallar  arasında  da  bu  tayfanın  nümayəndələri  üstünlük  təşkil  etmişdi.  Lakin

R. Məmmədov  göstərir  ki,  XVII  əsrin  ortalarında  daha  böyük  torpaq  sahələri  Kəngərli  feodallarının  deyil,  digər

nəslə mənsub feodalların əlində idi (7, s. 115). Ş. Fərzəlibəyli bu fikrə belə aydınlıq gətirmişdir: "24 saylı sənəddən

məlum  olur  ki,  o  vaxtlar  (sənəd  1648-ci  ilə  aiddir)  Naxçıvanda  məhşur  Kəngərli  mülkədarlarından  başqa  digər




nəslin  nümayəndələrindən  olan  mülkədarlar  da  olmuşdur,  məsələn,  Beyləqani,  Zikri,  Məfruzi  və  b."  (5,  s. 92).

Deməli,  buradan  aydın  olur  ki,  həmin  dövrdə  Naxçıvan  mahalında  feodallar  Kəngərli  tayfaları  və  digər  yerli

tayfaların nümayəndələrindən olmuşdur.

Səfəvilər dövründə feodal torpaq mülkiyyəti formasına əsasən "mülk" və "tiyul" torpaq sahibliyi daxil idi. Bu

zaman  feodalların  əllərində  olan  torpaqların çox  hissəsi  mülk  kateqoriyasına  aid  idi.  Mülk  irsi  torpaq  mülkiyyəti

olub  nəsildən-nəsilə  keçir,  sərbəst  surətdə  satılır,  dəyişdirilir  və  vəqfə  verilirdi  (17,  s. 237).  Bütöv  kəndlər,

dəyirmanlar, suvarma mənbələri, evlər, dükanlar və s. mülk ola bilərdi. Yəni, torpaq sahələri həm də üzərlərindəki

əmlakla bir yerdə mülkə aid edilirdi (7, s. 115).

Xüsusi  mülkiyyət  forması  olan  mülk  XVII  əsrdə  yeni  inkişaf  mərhələsinə  daxil  olmuşdur.  Belə  ki,  bu

torpaqlar  əvvəlki  kimi  azad  alış  və  satış  obyekti  idi.  Həmçinin,  onların  sahibləri  mülkünü  dini  idarələrə  vəsiyyət

edə,  yaxud  öz  xələflərinə  verə  bilərdi.  İkinci  halda  vəsiyyət  etmiş  şəxsin  xələfləri  vəqf  olunmuş  torpaqları

(əvvəlkindən  fərqli  olaraq)  satmaq  və  ya  bağışlamaq  hüququna  malik  deyildi.  Onlar  yalnız  torpaqlardan  əldə

olunmuş  gəlirdən faydalana bilərdilər (1, s. 274). Deməli, mülk bu dövrdə də feodallara məxsus xüsusi mülkiyyət

olmuşdur.

Tiyul  torpaq  mülkiyyəti  orta  əsrlərdə  Azərbaycanda,  xüsusilə  də  Naxçıvanda  geniş  yayılmışdır.  Bu

kateqoriyadan  olan  torpaqlar  istər  mülki,  istərsə  də  hərbi  xidmətdə  seçilən  dövlət  qulluqçularına  göstərdikləri  əla

xidmət  müqabilində  verilirdi.  Lakin  onlar  irsi  deyildi,  satıla  bilməzdi.  Şahın  xüsusi  fərmanı  ilə  tiyuldar  (tiyul

sahibi)  onu  sata  bilərdi.  Mənbələrdən  bu  da  aydın  olur  ki,  Səfəvilər  dövründə  Naxçıvan  ölkəsində  tiyul  feodal

institutu  geniş  yayılmışdır  (7,  s. 115).  Səbəbi  Səfəvi  hökmdarlarının  mərkəzləşdirmə  siyasətinə  uyğun  olaraq

dövlətin sosial-iqtisadi dayaqlarını möhkəmləndirmək üçün tiyul torpaq institutundan geniş  istifadə etməsi idi (15,

s. 74).  Bu  bir  qayda  olaraq  dövlət  qulluqçularının  mərkəzi  hakimiyyət  orqanlarından  asılılığını  təmin  edirdi.

Tiyuldar kəndlilərdən bəhrə olaraq məhsulun onda üç hissəsini alırdı (5, s. 90).

Bu  dövrdə  əhalinin  müəyyən  qisminin  daxil  olduğu  əsas  kateqoriyalardan  birini  təşkil  edən  ruhanilər  sinfi

tutduqları  vəzifələrə  və  daşıdıqları  titullara  görə  bir  neçə  yerə  bölünürdülər.  Bunlar  şeyxül-islam,  seyid,  axund,

üləma,  qazi,  molla,  cümə  məscidlərinin  imamları,  vaiz,  müdərris,  xanəgah  və  zaviyə  (yəni  ziyarətgah)  şeyxləri,

dərvişlər və b. idi (7, s. 115). Kəndlərdə məscid axundları və mollalar fəaliyyət göstərirdilər. Məscidlərdə ibadətdən

başqa  bir  sıra  şəriət  məsələlərin  həlli  işlərinə  baxılırdı.  Bununla  bağlı H.F. Səfərli  göstərir  ki,  orta  əsrlər  zamanı

Müsəlman  Şərqində  əhalinin  toplaşdığı əsas  sosial-siyasi  ideoloji  mərkəzlərdən  biri  də  məscidlər  idi  (14,  s. 247).

Cinayət  və  mülki  məsələlərin  həll  edilməsi  işinə  üç  növ  məhkəmələrdə  baxılırdı:  məhkəmeyi-ali,

məhkəmeyi-şəriyyə və əsnaf məhkəmələri. Məhkəmeyi-şəriyyə daha çox fəaliyyət göstərirdi (3, s. 60). Çünki İslam

dini qanunlarının hökm sürdüyü ölkədə şəriət məhkəməsi daha üstün tutulurdu. Səfəvilər dövründə, əsasən, şiəliyin

Cəfəri məzhəbinə üstünlük verilirdi. Bu zaman Naxçıvan ərazisində şiə təriqəti və onun Cəfəri, Heydəri məzhəbləri

geniş  yayılmışdı.  Ruhanilərə  "vəqf"  torpaq  mülkiyyəti  verilirdi,  yəni  həmin  torpaq  aid  olduğu  dini  müəssisənin

ixtiyarında olurdu. Bundan əlavə Şah Təhmasib və onun varisləri dövründə ruhanilərə "soyurqal" torpaq mülkiyyəti

də paylanırdı (15, s. 69). Vəqf torpaqları irsi deyildi.

Səfəvilər dövründə Naxçıvanda əhalinin müəyyən bir qismini də tacirlər zümrəsi təşkil edirdi. Tacirlər ölkədə

hakim  mövqe  tutan  feodallardan  fərqli  olaraq,  aşağı təbəqənin  istismarında  vasitəli  şəkildə  iştirak  etməklə  ticarət

kapitalının artmasına xidmət edirdi. Həmçinin onlar feodallar sinfi və feodal istehsal üsulu ilə sıx bağlı idilər. Belə

ki,  satdıqları yerli  məhsulların  əsas  istehsalçıları feodallar  idi  və  istifadə  etdikləri  satış mərkəzləri  də  onlara  tabe

ərazilərdə yerləşirdi. Bu dövrdə Naxçıvan tacirləri Yaxın və Orta Şərqin, həmçinin Avropanın bir sıra  ölkələri ilə

ticarət  əlaqələri saxlayırdılar  (7, s. 117). Bu fikri Əylisli Zəkəriyyə  1647  və  1664-cü  illərdə  getmiş  olduğu ticarət

səfərləri haqqında yazdığı "Gündəlik"də təsdiq edir. Əsərdə göstərilir ki, o, ticarət məsələləri ilə əlaqədar Osmanlı

dövləti  Venesiya,  Amsterdam,  Frankfurt,  Hollandiya,  Portuqaliya,  İspaniya,  İtaliya,  Yunanıstan  kimi  bir  çox

Avropa  ölkələrində  olmuşdur  (16,  s. 7).  Tacirlər  Rusiya  ilə  də  ticarət  əlaqələri  qurmuşdular.  Belə  ki,  rus

hökumətinin  özü  Səfəvilərlə  ticarətə  daha  çox  üstünlük  verirdi.  1667-ci  ildə  rus  iş  adamlarının  Culfa  tacirləri  ilə

bağladığı  müqavilə  onların  buradan  xam  ipəyi  alıb  Moskvaya  aparmasına  rahat  imkan  yaradırdı  (18,  s.  185).

Ümumiyyətlə,  tacirlər  Rusiya  ilə  ticarət  əlaqələrini  daha  çox  Həştərxan  Moskva  istiqamətində,  digər  Avropa

ölkələrilə isə Osmanlı dövlətinin ərazisindən keçməklə edirdilər. Bu işdə onlara İstanbul liman şəhəri və dəniz yolu

kömək  edirdi.  Səfəvilər  dövründə  Naxçıvanda  olmuş  əcnəbi  səyyahların  verdikləri  məlumatlardan  aydın  olur  ki,

burada  ticarət  üçün  geniş  və  zəngin  satış  bazarları olmuşdur.  Həmin  bazarlarda  yerli  və  xarici  tacirlər  alış-veriş

edirdilər.

Bu dövrdə Naxçıvanda tacirlər zümrəsi ilə yanaşı, orta təbəqədən olan əhalinin müəyyən hissəsini sənətkarlar

təşkil edirdi. Sənətkarlar daha çox şəhərlərdə-insanların sıx yaşadığı yerlərdə fəaliyyət göstərirdilər. Şəhərlərin əsas

istehsaledici  qüvvəsi  də  məhz  onlara  məxsus  idi.  Ustalar  müxtəlif  peşələr  üzrə  bir  neçə  qrupa  bölünürdülər.

Məsələn, toxucular, dərzilər memarlar, məişət əşyaları hazırlayanlar, silah düzəldənlər və b. Sənətkarlar da orta və

aşağı təbəqənin  nümayəndələri  kimi  vergilər  verirdilər.  Bu  baxımdan  onlar,  əsasən,  üç  qrupa  bölünürdü:  1)  fərdi

fəaliyyət  göstərənlər;  2)  xüsusi  təşkilatlarda  (əsnaflarda)  birləşənlər;  3)  iri  feodal  emalatxanalarına  (karxanalara)

mənsub olanlar (1, s. 282). Birinci və ikinci qrupda olan sənət sahibləri feodallardan hüquqi və şəxsi baxımdan asılı

deyildilər.  Sənətkarların  hüquq  və  vəzifələri  dövlət  tərəfindən  şəriət  qanunları əsasında  müəyyən  edilirdi.  Həmin

qanunlar  sənətkar  təşkilatlarının  hüquqlarını  tənzimləyən  risalələr  şəklində  hazırlanırdı.  Şərqdə  sexlərin  yazılı




nizamnamələrini əvəz edən "risalə" əslində islam əxlaqı normaları çərçivəsində aşağı rütbəlilərin yuxarı rütbəlilərə

tabe  olması  qaydası əsasında  nəqib,  ustabaşı,  usta,  şagird  arasındakı  işgüzar  münasibətləri  tənzimləyirdi  (15,  s.

119). Sənətkarlıq sahəsində qəbul edilmiş qanunlar bir növ istehsal münasibətlərini rəsmi şəkildə nizama salırdı.

Həmin  dövrdə  əhalinin  əksər  hissəsini  təşkil  edən  aşağı təbəqələr  haqqında  mənbələrdə  çox  az  bəhs  edilir.

Bunun səbəbi isə heç şübhəsiz ki, o dövrün tarixi hadisələrini qələmə alan tarixçilərin şah sarayına mənsub olması

və  hakimiyyəti  vəsf  etməsidir.  Bu  sahədə  dövlət  banisinin  tədbirləri  haqqında  yalnız  ümumi  formada  qızılbaş

hökmdarlarının "fəzilətlərini" təriflərkən, onun "adiliyindən", "rəiyyət haqqında qayğısından" bəhs edərkən danışılır

(4, s. 198). Yəni, aşağı təbəqələr haqqında məlumat onların hakim dairələrlə münasibətlərinə görə verilmişdir.

Bu dövrdə aşağı təbəqəyə aid olan kəndlilər rəiyyət, rəncbər və elatlara bölünürdü. Onlar əsasən əkinçilik və

heyvandarlıqla  məşğul  olurdular.  Rəiyyətlər  icma  torpaqlarından  götürdükləri  payı  əkib-becərir,  əldə  etdikləri

məhsulun  onda  birindən  beşdə  birinə  qədərini  vergi  verirdilər.  Torpağı  və  əmək  alətləri  olmayan  rəncbərlər  isə

feodal  təsərrüfatlarında  çalışaraq  qazanclarının  üçdə  birini  vergi  şəklində  sahibkara  ödəyirdilər.  Heyvandarlıqla

məşğul  olan  yarımköçəri  elatlar  isə  yaylaq-qışlaq  mövsümü  ilə  əlaqədar  olaraq  öz  yerlərini  dəyişməli  olurdular.

Kəndlilər əldə etdikləri məhsula görə bir çox vergilər verirdilər.

Sadalananlardan  aydın  olur  ki,  Səfəvilər  dövründə  Naxçıvan  əhalisi,  əsasən,  müsəlman  türklərindən  ibarət

olmuş və bir neçə təbəqəyə bölünmüşdür.



ƏDƏBİYYAT

1. Azərbaycan tarixi (XIII-XVIII əsrlər). 7 cilddə, III c. Bakı: Elm, 1999, 584 s.

2. Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı: Azərbaycan Universiteti, 1989, s. 230-238.

3. Əliyev F.M. XVIII əsrin ikinci yarısında Şimali Azərbaycan şəhərləri. Bakı: Azərnəşr, 1960, 136 s.

4. Əfəndiyev O.Ə. Azərbaycan Səfəvilər dövləti. Bakı: Azərnəşr, 1993, 301 s.

5.  Fərzəlibəyli  Ş.F.  Naxçıvanın  XVII-XIX  əsrlər  tarixinə  dair  qiymətli  sənədlər  /  Naxçıvan  Muxtar

Respublikası (məqalələr toplusu). Bakı: Elm, 1999, s. 79-94

6. İrəvan əyalətinin icmal dəftəri. Araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri akademik Z. Bünyadov

və t.e.n. H. Məmmədov. Bakı: Elm, 1996, 184 s.

7. Məmmədov R.A. Naxçıvan şəhərinin tarixi oçerki. Bakı: Elm, 1977, 158 s.

8. Məmmədov R.A. Yaxın Şərq və Qərbi Avropa səyyahları Naxçıvan şəhərinin orta əsrlər tarixi haqqında //

Azərbaycan SSR EA xəbərləri, 1962, №4, s. 11-22

9. Mustafazadə T.T. Naxçıvan vilayəti XVIII yüzillikdə / Naxçıvan Muxtar Respublikası (məqalələr toplusu).

Bakı: Elm, 1999, s. 38-62

10. Naxçıvan sancağının müfəssəl dəftəri. Giriş və tərcümənin müəllifləri akademik Z. Bünyadov və t.e.n. H.

Məmmədov. Bakı: Elm, 2001, 376 s.

11. Nəcəfli T.H. Naxçıvan XVI-XVII əsrlərdə. Naxçıvan bu gün: İslahatlar perspektivlər / Naxçıvan, 2008, s.

86-95


12.  Nəcəfov  T.T.  Səfəvi-Osmanlı  müharibələri  və  Naxçıvan  (XVI  əsr  XVII  əsrin  əvvəlləri)  /  Naxçıvan

Muxtar Respublikası (məqalələr toplusu). Bakı: Elm, 1999, s. 62-72

13. Piriyev V.Z. Naxçıvan tarixindən səhifələr (XIII-XIV əsrlər). Bakı: Müəllim, 2004, 126 s.

14. Səfərli F.Y. Naxçıvanda sosial-siyasi və ideoloji mərkəzlər. Bakı: Elm, 2003, 392 s.

15. Süleymanov N.M. Səfəvi dövlətinin təsərrüfat həyatı. Bakı: Elm, 20061 400 s.

16. Дневник Закария Акулисского. АРМФАН, Ереван, 1939, 139 с.

17. Петрушевский И.П. Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI

- начале XIX вв. Л.: Изд.-во ЛГУ, 1949, 384с.



18. Рахмани А.А. Азебайджан в конце XVI и в XVII веке. Баку: Элм, 1981240 с.



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə