2
BBK 9 (C.42)
C 77
Rəyçi tarix elmləri namizədi
Nəsib Nəsibzadə
Redaktoru
Sədaqət Cabbarova
Rəssamı
Kirman Abdinov
Cəfərov N.
C 77 Milli – ictimai fikir tariximizdən (1914- fevral 1917) B.: Azərnəşr,
1993. 80 səh.
Kitabda qaldırılan məsələlərə indiyədək elmi ədəbiyyatda istənilən
səviyyədə yer verilməmişdir. Burada M.Ə.Rəsulzadə, Y.Vəzirov, Ö.Faiq və o
dövrün bir çox görkəmli şəxsiyyətlərinin ictimai – siyasi görüşləri araşdırılır.
Ümumiyyətlə, 1914 – 1917-ci illərdə Azərbaycan ictimai fikrində hökm sürən ayrı
– ayrı cərəyanlar bütün rəngarəngliyi və ziddiyyəti ilə əsərdə öz əksini tapmışdır.
C 0301040200 – 116 22 – 93 BBK 9 (C. 42)
M – 651 (07) - 93
ISBN 5 – 552 – 01323 – 9 Azərnəşr, 1993.
3
Ö N S Ö Z
Birinci dünya müharibəsi illərində Azərbaycanda ictimai-siyasi mühit
ziddiyyətli idi. Çarizmin 1905-1907-ci illərdə xalq kütlələrinin inqilabi
çıxışlarından sonra islahatlar keçirəcəyi, xalqa demokratik azadlıqlar verəcəyi
barədə elan etmiş olduğu vədlər kağız üzərində qaldı. Bundan başqa, müharibə
əhalinin güzəranını daha da pisləşdirdi. Əhalinin əksəriyyəti yarıac, yarıtox dolanır,
ərzaq qıtlığı və bahalıq getdikcə fəlakətli hal alırdı.
Azərbaycanda yerli camaat yalnız maddi çətinliklərlə üzləşmir, həm də
çarizmin müstəmləkəçilik siyasəti nəticəsində təqiblərə, milli və dini ayrı-seçkiliyə
məruz qalırdı. Bu cür mürəkkəb və ziddiyyətli şərait Azərbaycanda milli-ictimai
fikrin fəallaşmasına güclü təsir göstərirdi. Azərbaycan ziyalılarında milliazadlıq
ideyaları formalaşır, onların çarizmin müstəmləkəçilik siyasətinə qarşı etirazları
gündən-günə güclənirdi.
Azərbaycan ziyalıları ilk növbədə qarşılarına xalqın gözünü açmaq, onda
milli mənlik şüurunu formalaşdırmaq məqsədini qoymuşdular. Onlar çarizmin
güzəştlərindən istifadə edərək qəzetlər və jurnallar çap etməyə, zəhmətkeş
kütlələrin savadını artırmağa, dünyagörüşünü genişləndirməyə çalışırdılar.
Mətbuatın bu işdə müstəsna əhəmiyyəti vardı və xalqın ictimai həyatında böyük rol
oynayırdı. Mətbuat hər şeydən əvvəl o dövrdə ictimai rəyi formalaşdıran yeganə
kütləvi informasiya vasitəsi idi. Məlum olduğu kimi Azərbaycan mətbuatının
əsasını Həsən bəy Zərdabi hələ 1875-ci ildə qoymuşdu. Lakin çarizm
azərbaycanlıların, daha dəqiq ifadə ilə desək, Qafqaz türklərinin oyanmasından,
maariflənməsindən qorxuya düşmüş və müxtəlif yollara əl ataraq Həsən bəy
Zərdabinin açdığı ―Əkinçi‖ qəzetini tezliklə qapatmışdı. Nəhayət, 1905-ci ildə,
Rusiya-Yaponiya müharibəsində çarizm məğlubiyyətə uğrayandan sonra
azərbaycanlılar mətbuat üzü görmüşdülər. Mütləqiyyətin zəifləməsi, ictimai-siyasi
həyatdakı bəzi güzəştlər mətbuatın gur inkişafına səbəb olmuşdu.
Azərbaycan Respublikası Siyasi partiyalar və ictimai hərəkatlar Mərkəzi
Dövlət Arxivində, Azərbaycan Respublikası Elmlər Akademiyası Əlyazmalar
İnstitutunun və M. F. Axundov adına Dövlət Kitabxanasının arxivlərində
çalışarkən, tədqiq etdiyimiz dövrdə Azərbaycanda çıxmış aşağıdakı qəzet və
jurnalların saylarına rast gəldik: ―Açıq söz‖, ―İqbal‖, ―Yeni iqbal‖, ―Bəsirət‖
qəzetləri, ―Dirilik‖, ―Şəlalə‖, ―Qurtuluş‖, ―Babayi-Əmir‖, ―Molla Nəsrəddin‖,
―Ləklək‖ jurnalları. Yeri gəlmişkən qeyd edək ki, təqdim etdiyimiz siyahını tam
hesab etmək fikrindən uzağıq.
Adını sadaladığımız mətbu orqanlarını öz fikirlərini oxucuya çatdırmaq
tərzinə görə iki qrupa ayırmaq olar: ciddi və məzhəkəçi. Yusif Vəzirov (Yusif
Vəzir Çəmənzəminli) birinciləri tikən, ikinciləri isə dağıdan mətbuat adlandırırdı.
O, bu iki mətbuat orqanı arasındakı nisbətin bərabər olmasına xüsusi əhəmiyyət
verirdi. Əks halda mətbuatdan kömək ummaq faydasız olardı.
―Molla Nəsrəddin‖, ―Babayi - Əmir‖ və ―Ləklək‖ məzhəkə jurnalları idi.