1
NƏSR
İsa Muğanna
CƏHƏNNƏM
(ƏsƏr)
Roman
1. Fantastikasız fantastika
"Cəhənnəm" deyilən doğrudan da varmı, ya yoxdur? Varsa, ömrü onsuz da işgəncələr içində
keçən insanı bir daha, özü də daimi əzaba salmağa hansı vicdansız yaradıcıya lazım olub? Və ya
cəhənnəm yoxdursa, bir para adamın dediyi kimi, "insanı bəd əməldən çəkindirmək, qorxutmaq
üçün Din uydurmasıdır. Elə isə bir ağıllı və məntiqi sual da doğur ki, əgər bu "qır qazan"lı,
"Odabaşı"lı dəhşət həqiqətən uydurulmuş yalandırsa, "Mif"dirsə artıq iyirmi ikinci əsrə qədəm
qoymuş "sivilizasiya"lı bəşəriyyətdə bircə nəfər alim-filan tapılmayıb ki, "Cəhənnəmin doğrudan
da varlığını və ya "mif"liyini sübut etsin?! Bu qəbildən sual axtarsan yenə tapılar. Mən isə,
Cəhənnəmin varlığı, yoxluğu və sairə suallar üzərində düşünməkdən canımı çoxdan qurtarmışam
və birbaşa deyirəm, var Cəhənnəm! Vaxtilə mərhum Muğannalardan eşitdiyim,
sonra özümün,
necə deyərlər, öz gözümlə gördüyüm əzab-işgəncə məkanını bütün təfsilatı ilə yazmağa hazıram.
Və yazıram, oxuyun. Şübhə yoxdur ki, Cəhənnəm haqqında həqiqət hamıya lazımdır.
Bünyad bəyin gözlərini əvvəlcə nazik yapışqanlı "leykoplastr"la, sonra qara lentlə niyə
bağladılar? Maşında biri sağında, biri solunda ötürüb, neçə saatlıq yolda bir kəlmə də
danışmadan gedib sərhədi necə keçdilər? - Bunlar Mazandaran meşəsində məlum oldu. Hadisə
2
də, əslində, elə orada - meşədə başlandı: Bünyad bəy lap çoxdan görmədiyi agenti Qumralın
səsini eşitdi:
- İqamətgaha gözü bağlı gətirildiyinə görə bizi bağışla, Bəy. Sənin istəkli "Bakirələr”iyin hamısı,
o cümlədən mən, gözübağlı gətirilmişik buraya, getmək lazım gələndə də gözübağlı aparılmışıq.
Parisə, Moskvaya İmamımızla görüşməyə aparılanda pəncərəsiz kupelərdə, ya da lap dar
arakəsməli təyyarələrdə İmamızın özü ilə birlikdə o
yan-bu yana getmişik, hardansa vertolyotla
gətirilmişik bu meşə içinə. İmamımızın məlumatlarını haradan-haraya, kimdən kimə
apardığımızı bilməmişik. Yalnız gecələr İmamımıza qulluq göstərmək lazım gələndə gözlərimiz
işıq görüb. İnan! İncimə!.. Bizim hətta "İmam" kəlməsini dilimizə gətirməyə də ixtiyarımız yox
idi, "Sahibimiz" deyirdik "İmam" əvəzinə. Sahibimizin eyş-işrət iqamətgahı idi bu yeraltı ev.
Hərdən vertolyotdan düşəndə bizə deyirdilər: "Moskva altı" meşədəsiniz. Sonra ağaclardan
tanıyırdıq, bilirdik ki, yox, Mazandarandayıq. Deyirdilər: "Fransada meşədəsiniz", tək onda
çaşırdıq. Sən daha belə çaşqın yaşamayacaqsan, Bəy. Sahibimiz
rəhmətə gedəndən sonra mənə
dedilər: "Bundan sonra qonağın Bünyad bəy olacaq". Açığı, sevinmədim, Bəy. Çünki səndə çox
qəddarlıq görmüşəm. Əmma indi daha "ixtiyar"ın məndədi. Görürsənmi, necə sərbəstəm, hətta
gülürəm. Çünki "ispolnitel" mənəm daha, Bəy. Əmma qəddar olmuyacam mən. Əksinə,
qulluğunda duracam, açığı, cavanlaşdıracam səni.
Arxadan kiminsə soyuq əli uzanıb, bəyin başının dövrəsindən qara, enli, qalın lenti çıxartdı. Eyni
anda yenə Qumralın səsi gəldi:
- İncimə, bəy, incimə. Hara gətirildiyini dedim. Nə üçün gətirildiyini bil: yaxşıca
cavanlaşdıracam səni burda ki, yüz on üç yaşdan sonra da işə yarıyasan.
Sən yeganə müsafirsən
ki, yüz on üç yaşında da kəşfiyyatçısan. Çünki çox təcrübəli adamsan. Yer üzündə ikinci belə
adam yoxdu, ola da bilməz... Sahibimiz səksən yaşında qocaldı. Çox intizar çəkirdi, heç bilmirdi
Moskvada hazırlanır, yoxsa Parisdə. İllər keçirdi, hakimiyyətə gəlməyə şərait yaranmırdı, lap
partlayırdı kişi. Bir də, açığı, Bakirələrlə ünsiyyətə dözmədi. Sənə heç altmış, yetmiş yaş da
vermək olmaz. Bu sirri-xudanı açmaq mənə tapşırılıb. Sənin adi, sadə agent kimi tanıdığın bu
alim zənən bu yüz on üç - yetmiş yaşlı adamın hissiyyatını qurdalamalıdı bir az. Gəl görək niyə
bu qədər şəhvətlisən, gəl. Deyirlər itdə olur belə şəhvət.
- Nə?! Ay qız, sən nə danışırsan! - Bünyad bəy nədənsə qızarıb titrədi.
Qumral isə, əksinə,
asta-asta gülüb, əlini qocanın üzünə çəkdi.
- Hirslənmə, Bəy. "İt" kəlməsi sənin bioqrafiyanla bağlıdır. Əmma açmıram o sirri, qorxma...
Türkiyədən Azərbaycana gedən "Boz qurd" batalyonları da "it" deyirdilər sənə, əmma heç
incimirdin onlardan, çiyinlərindən düşməyən Kalaşnkov avtomatından qorxurdun, sonra tez-tez
qonaqlıq verdin onlara, adını "Bəy" elədilər. O vaxt necə sevindiyin yadındıdımı? Axı, sən
3
doğrudan da Bəysən. Adın da Bəydi, özün də. Bəlkə elə köhnə bəyliyindədi şəhvətin sirri?
Qarayazı meşəsində, Qarasu deyilən yerdə qunduzlara -
itlərə arpa yedirdə - yedirdə, hər gün
gecə gedirdin Muğanlı kəndinə, hansı Muğanna haradadır, nə işlə məşğuldur, necə öldürmək olar
ki, səsi çıxmasın?
Bəy qıza çəpəki baxırdı.
- Sən bunları hardan bilirsən, ay qız?!
- Vaxtı çatanda biləcəksən, Bəy. Tələsmə. Sən, necə deyərlər, ovcumun içindəsən, Bəy.
Bakirələrdən hərəsindən bir az-bir az eyş-işrətdən başqa heç nə görməmisən sən bu həyatda.
Düzdü? Ömrün kəşfiyyatda keçməyibmi, yazıq Bəyimiz! Deyirsən bəlkə kəşfiyyatçı həyatının
mərhumiyyətləri
hərisləşdirib səni, bu sinnində bakirələrlə bir yerdə olmaq keçib könlündən?
Sahibimizin canı üçün lap yazığım gəldi sənə. Mənim təklifimdi bu - bakirələrlə birgə olmaq,
hüceyrələrini diriltmək. Hə! Elə bilirsən dirilməz? - Qumral elə gülürdü: - Özüm dirildəcəm
ölmüş hüceyrələrini! İndiki şəhvətin birə-beş artacaq!
Bayaqkı soyuq əl yenə arxadan uzanıb Bünyad bəyin gözlərinin üstündən ikinci qara, zərif
"leykoplastr"ları qopartdı, kandarın arxasındakı qara pərdəni kənara çəkdi və Bəy, Sahibinin
iqamətgahını gördü və heyrətdən qurudu. Sahibinin bu gizlin eyş-işrət iqamətgahı onun - Bünyad
bəyin min doqquz yüz iyirmi üçüncü ildə "İran"la "Rusiya" (daha doğrusu, Şimali Azərbaycan)
arasında sərhəd bağlananda tərk etməyə məcbur olduğu batin İsmaili iqamətgahının bir hücrəsi
idi.
Vaxtilə "verbovat" olunanda bakirələrdən qaradinməzliyi ilə seçilən
Qumral indi heyrətli dilli-
dilavər, həm də bir növ mədəni və qəribə gənc olmuşdu.
Qumral elə bil onun fikrini duydu.
- Təəccüblənmə, bəy. İyirmi üçüncü ildən indiyə qədər Bakının məscidlərindən, Lənkərandan,
Astaradan, Cəfəri müridlərinin əllərilə yığıb göndərdiyin qızıl, bu hücrədə hər şey, olduğu kimi
durur, mən özüm də! Bəli! Özüm də! Bunun sirrini də sonra biləcəksən... qızıllardan lap az bir
qismi inqilaba xərclənib. İslam inqilabını əslində SSRİ öz xərcinə elədimi?! Şimali Azərbaycanla
Cənubi Azərbaycanın arasını həmişəlik kəsmək, Bakı, Xəzər neftinə sahib olmaq üçün SSRİ
qızılı təyyarəylə daşıyırdı. Sahibimiz buradakı qızıldan lap cüzi
qismini bakirələrə verirdi,
vəssalam. Bakirələrdən hamısı elə məntək kübarlaşmışdı. Gördüyün kimi, əşyalardan da kübarlıq
yağır. Nə istəsən, verəcəm. Sən Sərvinazı Muğanlının o Türmən deyilən yerində tutub o dünyaya
göndərmisən. Bəli, bilirəm, Bəy! Bakirələrin səni yaxşıca cavanlaşdıracaqlar. Çünki hamısı bax