Nitqin zənginliyi bütün üslublar üçün səciyyəvidir. Lakin bədii və publisistik üslublarda nitq zəngin, elmi üslubda isə zəifdir



Yüklə 18,31 Kb.
tarix31.12.2021
ölçüsü18,31 Kb.
#82490

Nitqin zənginliyi dil və nitq əlaqəsi əsasında meydana gəlir. Nitqdə müxtəlif və təkrarlanmayan dil vahidlərinin işlədilməsi nitqi zənginləşdirir. Nitqdə eyni işarələr və işarələr həlqəsi nə qədər az təkrarlanarsa, nitq o qədər qazanar, zəngin olar. Bu, o deməkdir ki, dil strukturu nə qədər zəngin olarsa, nitq də o qədər zəngin olacaq. Nitqdə eyni dil ünsürlərinin yersiz təkrarlanması, eyni konstruksiya və formaların dalbadal verilməsi, düzülməsi, şablon ifadə vasitələrinə tez-tez müraciət nitqi zənginləşdirmir. Əksinə, bu, nitqin yoxsulluğu, kasıblığı deməkdir. Eyni cür danışıq tərzi, monoton intonasiya dinləyiciləri yorur, nitqi korlayır.

Nitqin zənginliyini və ya kasıblığını obyektiv mühakimə etmək üçün mətnin statistik təhlili, eyni üslubda yazan müxtəlif müəlliflərdən götürülmüş mətnlərin müqayisəsi aparılmalıdır.

Nitqin zənginliyi bütün üslublar üçün səciyyəvidir. Lakin bədii və publisistik üslublarda nitq zəngin, elmi üslubda isə zəifdir.

Nitqin zənginliyi üçün başlıca meyar danışanın (yazanın) geniş söz ehtiyatına malik olmasıdır. İnsan təfəkkürünün hüdudu sonsuzdur, dildə sözlərin miqdarı bununla nisbətdə məhduddur. Natiq bu cəhəti nəzərə almalı, hər hansı bir mətləbi aşkarlayarkən daha münasib sözlərdən — sinonimlərdən, antonimlərdən, frazeoloji birləşmələr və ibarələrdən, digər məcazlardan, intonasiya, üslubi vasitələr və s.-dən məharətlə istifadə etməyi bacarmalıdır.

Nitqin zənginliyi və emosionallığını təmin edən amillərdən biri də intonasiyadır. Bu o deməkdir ki, söylənilən fikirlər, onlara münasibət uyğun səs tərtibatı, avazla verilə bilsin, nitq rəngarəng intonasiya çalarlarına malik olsun, danışan intonasiya elementlərindən (məntiqi vurğu, nitq fasiləsi, nitq tonu, səsin tembri və s.) düzgün istifadə etməyi bacarsın və s. Nitqin intonasiya baxımından zənginliyindən danışarkən sual, nida, əmr cümlələri, xitablar, ara sözlər, ara cümlələr və s. sintaktik quruluşların özünəmüvafiq formada, təbii şəkildə tələffüz olunmasının vacibliyi də diqqət mərkəzində saxlanılmalıdır.

Nitq zənginliyinin başlıca əlamətlərindən biri də onun məzmun cəhətdən dolğunluğudur. Nitq o zaman maraqla dinlənilir ki, haqqında bəhs olunan məsələ yeni olsun, həm də hərtərəfli şəkildə, sübutlarla, dəlillərlə, həyati misallarla, dinləyicini qane edəcək bir formada şərh edilsin.

Nitqin aydın, asan, anlaşıqlı, düzgün olması tez başa düşülməsinin rəhnidir. Sadə nitq hər cür sünilikdən, yalançı pafosdan, qondarma ifadələrdən, təmtəraqdan, ibarəçilikdən, əllaməçilikdən uzaq nitqdir. «İfadə nə qədər gözəl olarsa, fikir və hisslər o qədər zərif olar» (D.N.Pisaryev).

Nitqin sadəliyi üçün yığcamlıq, aydınlıq, anlaşıqlıq və cümlənin qısalığı əsas şərtdir. Vaxtilə Flober yazırdı: «Əgər cümləni qısaltmaq mümkünsə, qısalt. Bunu həmişə etmək olar. Ən yaxşı cümlə? — Ən qısa cümlədir».



“Dil nə qədər asan, sadə olsa, bir o qədər gözəl, göyçək və məqbul olar” (F.Köçərli). Nitqin sadəliyi onun aydınlığı, anlaşıqlı olması, asan qavranılmasıdır. Sadəliyi heç də fikrin məzmununun, mahiyyətinin bəsitləşməsi, ibtidailəşməsi kimi başa düşmək olmaz. Nitqin sadəliyi mürəkkəb cümlələrdən qaçmaq, məzmunu mümkün qədər sadə cümlələrlə vermək mənasında da anlaşılmamalıdır. Natiq danışarkən, əşya və hadisələri təsvir edərkən onların mahiyyətini daha aydın və dəqiq vermək üçün həm sadə, həm də mürəkkəb konstruksiyalardan istifadə etməlidir. Nitqin sadəliyi tələb edir ki, orada işlədilən bütün sözlər dinləyicilərin (auditoriyanın) ümumi səviyyəsinə və xüsusiyyətlərinə uyğun gəlsin, hamı üçün aydın və anlaşıqlı olsun.

Dinləyicilərin ümumi səviyyəsinə uyğun olmaqla hər cür qondarma, süni ifadələrdən, təmtəraqlı, gurultulu, yabançı pafosdan, gerçəkliyi əks etdirməyən söz birləşmələrindən (vicdanın böyük heykəli, ölməzlik zirvəsi, şeirin günəşi, kadr potensialı və s.) istifadə nitqin sadəliyi baxımından məqbul sayılmır.
Yüklə 18,31 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə