Nizami GƏNCƏVİNİN ƏSƏRLƏRİNDƏ azərbaycan söZLƏRİ İlkin Mehman oğlu Abbasov Gəncə Dövlət Universiteti



Yüklə 41,14 Kb.
tarix24.10.2017
ölçüsü41,14 Kb.
#6487

NİZAMİ GƏNCƏVİNİN ƏSƏRLƏRİNDƏ AZƏRBAYCAN SÖZLƏRİ

İlkin Mehman oğlu Abbasov

Gəncə Dövlət Universiteti

Açar sözlər: Qəsidə, qədim sözlər, “Xədiviyyə” kitabxanası, qəzəllər, şeirlər

Ключевые слова: касиды, древние слова, библиотека “Хeдивийе”, газели, стихотворения.

Key words: odes, ancient words, “Xadiviyya” library, ghazals, poems

Nizami Gəncəvi əsərlərini üç dildə yazmışdır. Azərbaycan, fars və ərəb dillərində. Onun beş poeması fars dilində qələmə alınmışdır: “Məxzənül əsrar” (“Sirlər xəzinəsi”), “Leyli və Məcnun”, “Xosrov və Şirin”, “Yeddi gözəl”, “İskəndərnamə”, (“Şərəfnamə”, “İqbalnamə”).Nizami Gəncəvinin bunlardan başqa fars dilində çoxlu lirik şeirləri də vardır. Nizaminin 20 min beytlik şeirlər toplusundan ibarət“Divan”ı da olmuşdur.

Son vaxtlar Nizaminin Qahirədəki “Xədiviyyə” kitabxanasında“Divan”ı aşkar edilmişdir.“Divan”dan bir hissə 2006-cı ildə Bakıda “Nurlar” nəşriyyatında 64 səhifə həcmində çap edilmişdir. Kitabça “Divani Nizami Gəncəli” adlanır. Burada Azərbaycanca qəzəllərdən və qəsidələrdən nümunələr verilmişdir. Kitabçanı Eloğlu tərtib etmişdir. Hazırlayan və köçürən doktor Hüseyin Şərqi Soytürkdür. Nizaminin Azərbaycanca şeirlərinin mövcud olması barədə ilk dəfə 2003-cü ildə Azərbaycan mətbuatında Nizami Xudiyev çıxış etmişdir.

Nizaminin “Divan”ının olması barədə məşhur İran alimi Vəhid Dəstgirdi də “Leyli və Məcnun”un əvvəlinə əsaslanaraq fikir söyləmişdir. “Xədiviyyə” nüsxəsini hazırlayan müəlliflər yazırlar ki, “Xədiviyyə” nüsxəsində üç dəfə sıralanma gedir. Yəni “əlif”dən (birinci) “ya” (sonuncu) doğru üç dəfə sıralanma verilir. məcmuənin başqa Nizamilərə aid olması barədə də fikirlər olması münkündür. İlk bölümün şeir dili satirik səpki və ayrı-ayrı ünsürləri və qəsidələrdə olan mədhiyyələrin adları, eləcə də “Xəmsə”dən tapılan nümunələr onun Nizami Gəncəviyə aid olduğunu daha qabarıq sübut edir. İkinci və üçüncü bölümün Nizami Gəncəvidən iki əsr sonra dünyaya gələn Qaramanlı Nizamiyə aidiyyatı olması ehtimalı da vardır. Sonuncu bölümdəki nümunələrin də Qaramanlı Nizamiyə aidiyyəti ola bilər. Nizaminin əsərləri üzrə tədqiqat aparan Vəhid Dəstgirdi yazır ki, “İndi Nizaminin qəsidə və qəzəllərindən 8 nüsxə əldədir. Beşi Hindistanda, ikisi Londonda, biri Berlində, biri isə Təbrizdədir”.[3]

Vəhid Dəstgirdinin əlində olan nüxsələrdə Nizaminin Azərbaycanca şeirlərinə işarə edilmir. O qeyd edir ki, “Səfəvilər dövrü Nizaminin kamil divanı mövcud imiş. Ağayi Xalxalinin cüngünü (toplu) tərtib edən şəxs Nizaminin sübut olunan əvəzsiz qəsidə və qəzəllərindən söz açmış və örnəklər vermişdir”.[3]

Nizami Gəncəviyə aid edilən şeir nümunələrini araşdırdıqda məlum olur ki, bu nümunələrdə Azərbaycan dilinə məxsus qədim sözlər işlənmişdir. Həmin sözlər Nizaminin poemalarında işlənmiş qədim Azərbaycan sözləri ilə səsləşir.

Divandan götürülmüş nümunələrdə qədim (köhnəlmiş) sözlərin işlədiməsi o deməkdir ki, Nizami dövründə həmin sözlər anlaşıqlı olmuşdur. Hazırda həmin tipli sözlər etimoloji yolla rekonstruksiya edilə bilər. Belə nümunələrə dair aşağıdakıları göstərmək olar.

Nərgiz” Qəsidəsindən

Tonatmaq (don, paltar geyindirmək, bəzəmək)

Hökm qıldı ki, cəhanı tonada badi-bahar

Çün çəmən mülkünə şah oldu müqərrər Nərgiz

(Baharın nəfəsi hökm etdiki, (istədi ki) cahanı (güllərlə çiçəklərlə ) bəzəyə neçə ki, çəmənliyə (çəmənlik mülkünə) Nərgizin (gülün) şah olduğu (sahib olduğu) qərarlaşdı).



Sökü (nizə, cida)

Gözünü göyə dikib başı dikəli söyküyə

Oldu san düşməni-darayı-dilavər Nərgiz

(Gözü göyə (tərəf) dik duran, başı yuxarı qalxmış olan nizəyə, o cəsarət sahibinə nərgiz sanki düşmən kəsildi).



Qət-qat(yan, hüzun)

Ol kim qətində dini-biqədrdir necə kim

Cahil qətində alim, alim qətində cahil.

(O şəxs ki, onun yanında imanlı olanlar qədrsizdir, necə ki, cahil yanında alim görünür, alim yanında cahil).



Qət-qat sözu qədim mənbələrdə də yan hüzur mənalarında qeydə alınmışdır. Məsələn, “Kitabi-Dədə Qorqud”da qat sözü yan, hüzur mənalarında aşağıdakı kimi işlənir: “Bayındır xanın qatında sana qəzəb ola”[8.37]

İşik-qapı

Həm cəlali qədr ilə qədrin işikidir fələk

Həm kəmani əmn ilə mülkin hərimidir hərəm

(Həm qədrin (etibarlılığın) gözəlliyi ilə etibarın qapısıdır göylər. Həm əminlik oxu ilə mülkün mərhəm (yaxın) yeridir müqəddəs məkan (ziyarətgah)”



İşik sözu həm də eşik variantında qədim mənbələrdə qapı mənasında işlənmişdir.“Erməgünə eşik art bolur” (Tənbələ qapı da dağ yoxuşu kimi görünür) [8.185]

Əm (İm)- dərman

Sevməyənlər zatını bir dərdə olsun mübtəla

Kanların dərdinə olmaya ölümdən qeyri əm.

(Sənin zatını (əslini) sevməyənlər elə bir dərdə mübtəla olsun ki,

Onların dərdinə ölümdən başqa bir dərman olmaya)

Əm (em, im) sözü qədim mənbələrdə də dərman mənasında işlədilmişdir: Erkəç eti em bolur, eçki eti yel bolur (erkək keçi əti dərman olur dişi keçi əti (mədədə) yel olur). [8. 171]

Üzlər – arzu edər, arzulayar:

Yüz ürüb torpağa o üzləri üzlər lalə

Göz açıb bağda o gözləri görər Nərgiz

(Lalə torpağa üz qoyan (səcdə edən) üzləri arzular

Nərgiz isə göz açıb bağda o gözləri görər)

Öysər-istəyər

Hişmət iylə düşmənin ol dəm öysər sana kim

Haq qətində bula Əhməd hörmətini bil həkəm

(O anda qəzəb ilə düşmənini istər, (belə) sanar ki, haqq yanında münsiflər (haqqı bilənlər, hakimlər) ilə Əhmədin hörmətini qazana).



Gidərmək –aparmaq, kənara qoymaq

Dildən olunca sureyi-nuri gidərmədi

Ta mushəfi-cəmalına qıldı nəzər çıraq

Yanıb qurtarınca (yanıb dili gödəlincə)

Nur surəsini kənara qoymadı

(O qədər də çıraq cəmalının müshəfinə (müqəddəs yazısına) nəzər saldı).



Gidərmək sözü Füzulinin dilində gedirmək şəklində işlənir:

Dedilər qəm gedirər badə çox içdim sənsiz

Qəmi-hicranə müfid olmadı ol qan olmuş.

“Dedilər badə qəmi aparar, (mən də) sənsiz çox içdim, o qan olmuş hicran qəminə faydalı olmadı”[11.164 .4]



Yılmaq – qaçmaq (iti qaçmaq).

Sürətlə yılsa bin yıl yel kimi fələk

Bulmaya caho cəlalın bəhrinə həddo kənar.

(Fələk (göylər) min il yel kimi sürətlə qaçsa da (getsə də)

Sənin gözəllik dənizinin kənarına çatmayacaq)

Yılmaq sözü qaçmaq (iti qaçmaq) mənasında Füzulinin dilində də işlənir:

Eşq ətvarın müsəlləm eylədi gərdun mana

Bunca kim, yıldı, yügürdü yetmədi Məcnun mana. (11. səhifə 49. sıra 1)

(Eşqin yükünü göylər (dövran, zaman) mənə verib. (Elə eşq ki) nə qədər Məcnun yüyürüb qaçdısa da mənə çata bilmədi).



Çapın – bez (parça).

Neçə kim, fərraş çapın şiveyi leylo nahar

Gəh döşəyə fərşi-ənbər, gəh tuta çətri-siyah

(Fərraşın bez parçası (kimi incə parçanı) gecə və gündüz

Gah ətirli fərşli (döşənəcək kimi) döşəyəcək, (sərəcək)

Gah da qara çətir tutacaq).



Dəkli- qədər (kimi, dək).

Ləşkəri-düşmən nə dəkli çox isə ulduz kimi

Aftabi-tələtin gördükcə olur tar –mar

(Düşmən qoşunu nə qədər çox olsa da (belə)

Sənin günəş üzünü (nurunu) gördükcə (düşmən qoşunu) tarmar olar (dağılar)).

Dəkli sözü “Kitabi-Dədə Qorqud”da kimi, qədər mənasında işlədilir:

“Amma bir quş dəkli oğlandır”. [7. 154]

Nizami Gəncəvinin əsərlərində çoxlu Azərbaycan sözləri işlənmişdir. Ancaq onların hamısı haqqında demək olar ki, xüsusi bir tədqiqat əsəri yoxdur. Nizamidə Azərbaycan sözlərinin işlənməsi ilə bağlı Həmid Araslının “Nizamidə xalq sözləri və xalq ifadələri” SSRİ EA Azərbaycan filialının Xəbərləri”, 1942, № 8, s. 34, Cavad Heyətin “Azərbaycan ədəbiyyatı tarixinə bir baxış II cild, Tehran, 1990”, Nizami Xudiyevin “Nizami Gəncəvinin türkcə (Azərbaycanca) divanı haqqında”; “Xalqın tarixi haqqında, Bakı, “Azərbaycan”, nəşr., 2003, s. 299-332), Məmməd Əmin Rəsuzladənin “Azərbaycan şairi Nizami Gəncəvi, Bakı, “Azərb. Dövlət Nəşriyyatı” 1991, s. 224-228, Cahan Ağamirovun “Nizami yaradıcılığında işlədilən türk sözləri və Azərbaycan zərbi-məsəlləri” Gəncə, 2005, 65 s.”, “Nizami və türklük, Gəncə, 2008, s. 40-43” tədqiqatları vardır. Nizamidə işlənən Azərbaycan sözlərinə nə Nizamidən əvvəlki farsdilli ədəbiyyatda, nə də Nizamidən sonrakı farsdilli ədəbiyyatda təsadüf olunmur.



Илкин Мехман оглу Аббасов

Азербайджанские слова в произведениях Низами.

РЕЗЮМЕ

Статья посвящена исследованию и описанию древних слов, использованных в поэтических образцах Низами Гянджеви на Азербайджанском языке. В ней обращается внимание на то, что в библиотеке Хедивийе города Каира был обнаружен “Диван”, в который были включены стихотворения Низами на Азербайджанском языке. Древние слова, использованные в данных поэтических образцах, полностью совпадают с древними словами, использованными в произведениях Низами на персидском языке. Подробное изучение данных слов представляет большую значимость с аспекта анализа древних слов, используемых в классических образцах.



Ilkin Mekhman oglu Abbasov

Azerbaijani words in the works of Nizami Ganjavi

Summary

The article deals with ancient words used in Nizami Ganjavi’s poetical samples in the Azerbaijani language. Here is shown that collection of Nizami’s poetry (Divan), as well as poems written in the Azerbaijani language was discovered in Khadiviyye library in Cairo. Ancient words used in Azerbaijani poetical samples in this collection (Divan) coincide with azerbaijani words that he used in his persian poems. Learning of this is very important from the viewpoint of analyses of ancient words used in classical samples.



Ədəbiyyat

1. Cahan Ağamirov. Nizami Gəncəvi və türklük. Gəncə, 2008.

2. Cavad Heyət. “Xəmsə”də türkcə sözlər”. “Ədəbiyyat” qəzeti. 9 avqust, 1991.

3.Divani-Nizami Gəncəli. Türkcə (Azərbaycanca) qəsidələri, qəzəllər. (Xədiviyyə nüsxəsi) tərtibçi Eloğlu. Hazırlayan və köçürən: doktor Hüseyn Şərqi Soytürk. Bakı, “Nurlar”, 2006.

4. ДТС-Древнетюрский словарь. Ленлинград, 1969.

5. Həmid Araslı. Nizamidə xalq sözləri, xalq ifadə və zərbi məsəlləri. “SSRİ EA. Azərb. filialının Xəbərləri”, 1942, № 8

6. Həsən Zərinəzadə. Fars dilində Azərbaycan sözləri. Bakı, Azərb. EA nəşr., 1962.

7.”Kitabi-Dədə-Qorqud,” “Bakı, Yeni Nəşrlər Evi” 1999.

8.”Kitabi-Dədə-Qorqud,” Bakı, 1962

9.Məmməd Əmin Rəsulzadə. Azərbaycan şairi Nizami. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1991.



10. Mübariz Yusifov. Nizamidə Azərbaycançılıq. Bakı, Elm və təhsil, 2012.

11. Məhəmməd Füzulinin əsərləri 6 cilddə I cild. Bakı. “Şərq-Qərb”. 2005.
Yüklə 41,14 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə