Nizami muradoğlu söZÜn məMMƏd araz



Yüklə 1,27 Mb.
səhifə1/11
tarix18.06.2018
ölçüsü1,27 Mb.
#49792
  1   2   3   4   5   6   7   8   9   10   11


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

FOLKLOR İNSTİTUTU

_______________________________________________



NİZAMİ MURADOĞLU

SÖZÜN

MƏMMƏD ARAZ

ZİRVƏSİ
(Şair və xalq yaradıcılığı problemi)

BAKI – 2013

AZƏRBAYCAN MEA FOLKLOR İNSTİTUTUNUN

ELMİ ŞURASININ QƏRARI İLƏ ÇAP OLUNUR.


ELMİ REDAKTORU: İsa HƏBİBBƏYLİ

AMEA-nın həqiqi üzvü,

filologiya üzrə elmlər doktoru,

professor


RƏYÇİLƏR: Maarifə HACIYEVA

filologiya üzrə elmlər doktoru,

professor

Ağaverdi XƏLİL

filologiya üzrə fəlsəfə doktoru,

dosent

Nizami Muradoğlu. (Məmmədov Nizami Murad oğlu). Sözün Məmməd Araz zirvəsi (şair və xalq yaradıcılığı problemi). Bakı, “Elm və təhsil”, 2013, 272 səh.
Məmməd Araz söz zirvəsini fəth etmiş görkəmli Azər­baycan şairidir. Onun əsərlərində xalq dilinə yaxınlıq, vətən­pərvərlik və milli ruh oxucuların diqqətini cəlb edir. Şairin poeziyasında əsas yer tutan milli-mənəvi dəyərlərin inikası, xalq yaradıcılığı qaynaqlarından bəhrələndiyi motivlər, folklora münasibət və xalq şeiri şəkillərindən istifadə üsulları kitabda geniş şəkildə təhlil edilmişdir.

M 4603000000 Ãðèôëè íÿøð

Í-098-2013
© Фолклор Институту, 2013.

Xalq şairi Məmməd Araz dövrümüzün

sənət zirvə­sin­də durur.

HEYDƏR ƏLİYEV

Azərbaycan Xalqının Ümummilli Lideri




Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin

Sərəncamı
2013-cü ildə Azərbaycan ədəbiyyatının görkəmli nüma­yən­dəsi, Xalq şairi, Dövlət mükafatı laureatı Məmməd Arazın (Məmməd İnfil oğlu İbrahimovun) anadan olmasının 80 illiyi tamam olur.

Vətənpərvərlik duyğuları ilə zəngin Məmməd Araz ya­ra­dı­cılığı Azərbaycan poeziyasının parlaq səhifələrindən bi­rini təşkil edir. Şairin yüksək bədii-fəlsəfi ümumiləş­dirmə­lər­lə sə­­ciy­yələ­nən, lakonik deyim tərzinə malik dərin ictimai məz­munlu li­ri­kası gücünü vətən təbiətinin gözəlliklərindən, böyük tarixi keç­mi­şi­mizdən və milli ədəbi fikrin tükənməz xəzi­nə­sin­dən almış­dır. Ana dilinin bütün incəliklərini özündə topla­mış bu poetik irs gənc­liyin mədəni-mənəvi dəyərlərə ehtiram ru­hun­da formalaş­dı­rılması baxımından müstəsna əhəmiyyətə malikdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu mad­də­sinin 32-ci bəndini rəhbər tutaraq, milli ədəbiyyatın inki­şa­fına mühüm töhfələr vermiş Xalq şairi Məmməd Arazın 80 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Xalq şairi Məmməd Arazın 80 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 27 sentyabr 2013-cü il.
Xalq şairi MƏMMƏD ARAZ – 80
Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlər gös­tərən Xalq şairi Məmməd Arazın 60 illik yubileyi ilk dəfə 1993-cü ilin sentyabr ayında Naxçıvanda geniş qeyd olunmuşdur.

O zaman respublikada xaotik bir vəziyyət ya­ran­mışdı. Görkəmli dövlət xadimi Heydər Əliyev yenicə Nax­çıvandan Bakıya dəvət edilmiş, Azərbaycan Respublikası Milli Məcli­sinin Sədri seçilmiş, Respublika Prezidentinin səlahiyyətlərini icra edirdi. İşin həddən artıq ağır olmasına baxmayaraq, gör­kəmli dövlət xadimi Heydər Əliyev Naxçıvanda Məmməd Ara­­­­­zın yubileyinin layiqincə təşkili ilə ardıcıl olaraq maraq­lanırdı və yubiley tədbirinin keçirildiyi gün şairin ünvanına təbrik teleqramı göndərmişdi. Cəlil Məmməd­qu­lu­zadə adına Naxçıvan Dövlət Dram Teatrında şairin iştirakı ilə keçirilən yubiley gecəsində tədbirlərin əsas təşkilatçısı, Azər­baycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, filologiya üzrə elmlər doktoru, professor İsa Həbibbəyli şairin həyat və yaradıcılığına həsr olunmuş məruzə ilə çıxış etmişdi.

Həmin ilin oktyabr ayının 30-da şairin 60 illik yubiley ge­cəsi Bakıda Müslüm Maqomayev adına Azər­bay­can Dövlət Filarmoniyasında da keçirilmişdi. Yubiley gecə­si­nin apa­rıcısı şair Sabir Rüstəmxanlı idi. Tədbirdə görkəmli icti­mai-siyasi xadim, Azərbaycan Respublikasının Prezidenti Hey­­dər Əli­yevin şairə ünvanlanan təbrik məktubu oxun­muş­du.

Xalq şairi Məmməd Araz 1995-ci ildə görkəmli ictimai-siyasi xadim, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə Dövlət mükafatına layiq görülmüş, “İstiq­­lal” ordeni ilə təltif olunmuşdu.

Hazırda Xalq şairinin 80 illiyi münasibətilə respublika­mızın bütün guşələrində şeir müsabiqələri, disputlar, yubiley gecələri və digər tədbirlər təşkil olunur. “Kaspi” qəzetində Xalq şairi Məmməd Arazın həyat və fəaliyyətini işıqlandıran ən yaxşı məqalə üçün müsabiqə keçirilir.

Naxçıvan Muxtar Respublikasında da yubiley tədbirləri xüsusi diqqət mərkəzindədir. Belə ki, Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbovun 08 iyun 2013-cü il tarixli sərəncamı ilə Xalq şairi Məmməd Arazın 80 illik yubileyi geniş qeyd edilməkdədir. Bu münasibətlə şairin həyat və yara­dı­cılığından bəhs edən “Məmməd Araz: taleyi və sənəti” adlı kitab və “Naxçıvan” jurnalının onun fəaliyyətinə həsr olunmuş bir sayı nəşrə hazırlanır. Xalq şairi Məmməd Arazın doğulduğu Nursu kəndində ev-muzeyinin yaradılması nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əli­yevin 27 sentyabr 2013-cü il tarixli sərəncamında xalq şairi Məmməd Arazın 80 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabi­ne­tinə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazir­li­yinə tapşırıqlar verilmişdir.

Bütün bunlar Xalq şairi Məmməd Arazın ölməz sənə­tinə, əbədiyaşar irsinə böyük ehtiramın parlaq ifadəsidir.
MÜƏLLİFDƏN
Məmməd Arazı ilk dəfə 1973-cü il may ayında gör­mü­şəm. Akademik Yusif Məmmədəliyev adına Naxçı­van Dövlət Pedaqoji İnstitutunun birinci kursunda oxu­yur­dum. Məmməd Araz qələm dostlarından olan Fikrət Qoca və digər tanınmış sənətkarlarla birlikdə Naxçıvana gəlmişdilər. Alt­mı­şıncı illərin sayılan və nüfuz qazanmış yazarları ilə ins­titut tələbələrinin görüşü keçirilirdi. Görüşü institutun pro­rektoru, şəxsiyyətinə hörmətlə yanaşıb, həmişə ehtiramını sax­ladığım Abbas Mehdiyev aparırdı. Tələbələr adından res­publikanın pay­taxtından gəlmiş yazarları salamlamaq üçün Abbas müəl­lim sözü mənə verdi. Məmməd Araz ilə Fikrət Qocanın ya­zı­larından xəbərdar idim, əslində o vaxt tələbə­lə­rin və gənc­lərin ən çox sevdikləri bu ədiblərin şeirlərinin ço­xu­nu əzbər bi­lirdik. Fikrət Qocanın “Risq” şeiri, Məmməd Ara­zın qoş­maları dillər əzbəri idi. Odur ki, mənim üçün da­nışmaq çox da çətin deyildi, həm də onların yaradıcılığı haq­qında danış­mırdım, sadəcə olaraq onları salamladım və öz yazdığım bir şeiri oxuyub yerimə keçdim.

Haşiyə: Sual oluna bilər ki, bu boyda institutda nə üçün tələbələr adından danışmaq mənə tapşırılmışdı? Bunun qəri­bə bir tarixçəsi vardır. Hələ 1972-ci ilin oktyabr ayından, de­mək olar ki, mən belə bir hüququ qazanmışdım. Oktyabr ayı­nın sonları idi. İnstitutda elan edildi ki, Bakıdan yazıçı Mirzə İbrahimov gəlib, onunla görüş keçiriləcəkdir. Bu xəbər mənə çox güclü təsir etdi. Bu nəhəng insanı, böyük yazıçını görə bilmək sevinci mənim qəlbimi cuşa gətirmişdi. Elə o anda ürəyimdən sevinc qarışıq cövlan eyləyən hisslərimi qələmə alıb üç bəndlik bir şeir yazdım. Tədbir başlamamış həmin şei­ri aparıb prorektor Abbas Mehdiyevə göstərdim və görüş­də mənə söz verməsini xahiş etdim. Görüş institutun idman zalında keçirilirdi. Auditoriyalardan bütün stulları idman za­lı­na gətirmişdilər. Yer tapmayanlar ayaq üstə durmuşdular. De­­mək olar ki, institutun bütün müəllim və tələbə kollektivi burada idi, iynə atsan yerə düşməzdi. Bir neçə çıxış oldu. Son­ra Abbas müəllim Mirzə İbrahimovun Naxçıvana gəlişi ilə bağlı yazdığım şeiri oxumaq üçün sözü mənə verdi. Kür­süyə qalxdım, ancaq kürsüyə gedənə qədər ayaqlarım bir-bi­rinə dolaşırdı. Bir tərəfdən Mirzə İbrahimov kimi adı dün­ya­nı dolaşan nəhəng bir şəxsiyyətin, böyük yazıçının, digər tərəfdən də bütün institut kollektivinin qarşısında ilk dəfə çı­xış etmək çox da asan deyildi. Səsim titrəyirdi, çox həyə­can­lı idim, şeirimi oxuyub qurtardım. Salonda alqış sədaları qop­­du, hamı əl çalırdı, tələbələr də, müəllimlər də, Abbas Mehdiyev də, Mirzə İbrahimov da...

Şeirin son bəndi bu gün də yadımdadır:

Vətən parça-parça, ortada sərhəd,

Bumu taleyimiz, budurmu qismət?

Mirzənin qəlbində dağ boyda həsrət,

Arazdan Təbrizə baxmağa gəlib...

Mirzə İbrahimov ayağa qalxdı, kürsüyə gəldi, danış­mağa başladı. Danışdıqlarını xatırlamıram, ancaq yadımda qa­lan odur ki, bir neçə dəfə mənim adımı çəkdi. O gündən ins­titutda məni şair kimi tanıdılar. Məmməd Araz və Fikrət Qoca ilə görüşdə də mənim tələbələr adından danışmağımın təşəbbüskarı məhz prorektor Abbas Mehdiyev idi.

Yaxşı xatırlayıram ki, həmin görüşdə Fikrət Qoca “Risq” şeirini oxudu. Məmməd Araz da vətən haqqında şeir oxu­­­­du. Bir də yadımda qalan odur ki, Məmməd Araz o vaxt çox sağlam, saçları arxaya daranmış cüssəli əsil türk kişisi idi. O görüşdən sonra Məmməd Arazın şeirlərini daha çox oxu­ma­ğa başladım, bəlkə, indi də onun təsirini üzərimdə hiss edirəm. Bəlkə də, o təsirdəndir ki, bədii yazılarımın ək­sə­riy­­yəti Vətən mövzusundadır. 1985-ci ildə belə bir şeir yaz­dım:

Vətən,

Sənə nə vermişəm?



Nə vermisən sən vermisən:

Bir içim su,

ürək, duyğu,

Boy atmağa işıq verdin,

Yaşamağa torpaq, Vətən!

Sənin həyat ağacında,

Mən bir kiçik yarpaq, Vətən!..

Daha sonralar Məmməd Araz mənim üçün daha da doğ­­malaşdı. Sözün əyilməz heykəlinə çevrildi. Düşündük­lə­rimi, axtardıqlarımı Məmməd Arazda, onun poeziyasında tap­­dım. Bir işıq tapdım, bir Araz dərdi tapdım, bir Vətən nis­gili tapdım... Tapdıqlarımı toplaya-toplaya gördüm ki, ruhum Məmməd Araz ruhundan kənarda dinclik tapa bilmir, hər za­man onun yanında olmaq istəyir. Araz da bizim ruh­la­rımızın məskən saldığı bir yurd yeridir, bir həsrət yuvasıdır, bir nisgil məskənidir, nə onu unutmaq olur, nə ondan ay­rıl­maq olur. Araz bizim ilk və son mənzilimizdir. Bu minvalla 1986-cı ildə Məmməd Araza belə bir şeir yazdım:

Məmməd Araz, adın qoşa Arazla,

Dərin oldun, heç üzmədin dayazda.

Ha gileylən, ha sızılda, ha sızla,

Dərdlərinə olmaz dərman, onu bil.

Bu dünyanın dərdi yaman böyükdü,

Bu dərdlərə Araz dərdi də yükdü.

Cəlil, Cavid, Müşfiq, Hadi də köçdü,

Əcəl verməz, verməz aman, onu bil.

Bu dərdləri, acıları sən duyub,

Çox da “Araz”, “Araz” deyib ağlama.

Araz mənim torpağımı doğrayıb,

Məmməd Araz, ürəyimi doğrama!

Sanki bu şeirlə özümə bir qədər təskinlik verdim. Hətta, ye­k­ə-yekə Məmməd Araza da məsləhət gördüm ki, ağla­maq, sızlamaq lazım deyil. Amma belə olmadı. Heç özüm özü­mə qalib gələ bilmədim. Bir də gördüm Araz sevgisi içi­mə elə köçüb, qəlbimə elə hakim kəsilib ki, bədənimin is­tə­nil­ən bir hissəsini kəsib atmaq olar, lakin bu sevgini qəl­bim­dən çı­xar­maq mümkünsüzdür. Onda Məmməd Arazı daha də­rindən dərk etməyə başladım. Məmməd Arazın kitabları sto­lu­mun üstündən əskik olmadı.

Məmməd Araz təmannasız şair idi, mərdlik, cəsarət, düz­lük simvolu idi. 1980-ci ildə “Vətən mükafatı” adlı bir şeir yazmışdı:

Heç bir mükafatın yetmədi mənə,

Bircə “sağ olun” da bəsimdi, Vətən!

Bəsimdi, hər səhər təltif yerinə,

Qapımda küləyin əsibdi, Vətən!

Elə bu şeir də göstərirdi ki, Vətənin verdikləri şairə ar­tıqlaması ilə bəs edir. Ancaq bir mükafat ki, şairə layiqdi, ni­yə də verilməsin? Bu mükafatlar insanlarla qiymətə minir. İnsan mükafat ilə şərəflənə bilməz. Məmməd Araz kimi şairə mü­kafat vermək, mükafatı qiymətləndirməkdir. Ədib 1991-ci ildə Müstəqil Azərbaycan Respublikasının ilk xalq şairi fəxri tituluna layiq görülmüş, 1993-cü ildə isə şairin adına “Məmməd Araz” mükafatı təsis edilmişdir.

Zaman gəldi, 2004-ci ilin dekabr ayının 1-də Məm­məd İnfil oğlu İbrahimov - Məmməd Araz kimi köçdü dün­ya­dan, Fəxri xiyabanda dəfn olundu. Ancaq mənə elə gəlir ki, Məmməd Arazın ruhu Arazın üzərindədir. Ucalardan ba­xır, bizi Araza səsləyir. Şair şeirlərinin birində belə demişdi:

Vətən mənə oğul desə, nə dərdim,

Mamır olub qayasında bitərdim.

Məmməd Araz mamır olmadı. O, bir sevgi ağacı oldu və Araz sevərlərin ürəyində bitdi. Yüz illər keçəcək, gələcək nəsillər də bugünkü insanlar kimi Məmməd Araz ağacının köl­gəsində dincələcəklər. Elə mən özüm də bu ağacın yar­paqlarının oxuduğu nəğməni duyuram, bu ağacın sərinliyini, doğmalığını hiss edirəm. Yaşımız artdıqca Məmməd Araz bizə daha da yaxınlaşır. 2005-ci ildə şairin “Vətən mükafatı” şeirinə cavab olaraq “Bəsimdi” şeirimi yazdım:

Dünyadan elə bir umacağım yox,

Mənə salam verən çiçək bəsimdi.

Heç kimin qapısın döyə bilmərəm,

Döyür pəncərəmi külək bəsimdi.

Böyüdüm torpağın, daşın içində,

Oturdum əllicə yaşın içində.

Vətəndə bu qədər işin içində-

Mən sevdim Vətəni, sevmək bəsimdi.

Qoynuna girməyə dənizim hazır,

Qumlu sahilində izimi yazır.

Başımda didərgin fikirlər gəzir,

Gərək onu yazam, gərək bəsimdi.

Beləcə dərd çəkdi Məmməd Araz da,

Bir az da oxşarlıq var sözümüzdə.

Sağ olsun qardaş da, oğul da, qız da,

Onları şad görüm, görmək bəsimdi.

Şil görüm, nəfsinə qul olanları,

Məramı, məqsədi pul olanları,

Alçaltdı ətəkdə dolananları,

Çox şükür, yetirir çörək bəsimdi.

Gecə daşıyaram dağı arana,

Sabah da aranı qoyur virana.

Yaralı köksündə ey Torpaq-Ana,

Doğuldum ölərəm, ölmək bəsimdi.

2010-cu ildə “Divani-hikmət” məclisində - Məmməd Ara­zın anım günündə çıxış etdim. Məmməd Araz divardan asıl­mış şəklindən nəzərlərini mənə dikmişdi. Üzərimdə böyük bir məsuliyyət hiss edirdim. Fikirləşirdim ki, mənim çıxışım Məmməd Arazı qane eləmir. Mən daha nələrsə etməliyəm. Çox düşündükdən sonra Məmməd Araz və xalq yaradıcılığı haqqında bir kitab yaz­mağı qərara aldım. Məndən əvvəllər də Məmməd Arazın ya­radıcılığı haqqında yazıblar, sonra da yazacaqlar. Hər gülün öz ətri olduğu kimi hər yazının, hər kitabın da öz ətri, öz ahən­gi var. Ustad şairin ruhu qarşısında bacardığım qədər bir hesabat olaraq yazdıqlarımı özümə mənəvi borc sayıram. Məm­məd Araz vəsiyyət etmişdi:

Qara cilddə çap eləyin kitablarımı.

Məndən sonra.

Qara cilddə,

Tünd qara.

“Xalq-Bank” Məmməd Arazın seçilmiş əsərlərindən ibarət bir cildliyini qara, tünd qara cilddə çap elədi. Həmin kitabdan biri də Araz çayının payına düşür. İnanıram ki, nə vaxtsa Arazın su­ları qara cildi yuyub ağardacaq. Onda Məmməd Arazın kitablarını da ağ cilddə çap edərlər...
02 aprel 2011

ŞAİR VƏ XALQ YARADICILIĞI PROBLEMİ
GİRİŞ

Ana yurdum, hər daşına üz qoyum,

Hər dərəndə çaldığım saz yaşayır.

Məmməd Araz
Dünyanın bütün dəyərlərindən yüksəkdə dayanan söz zirvəsi var. Bu zirvəni fəth etmək məqsədi ilə min illərdir milyonlarla müsafir yol gəlir, amma Söz zirvəsini fəth etmək xoş­bəxtliyi barmaqla sayılacaq qədər az yolçunun qismətinə düşübdü. Söz zirvəsinə yüksəlmək məqsədi ilə qoyulan söz pillələri zərgər dəqiqliyi ilə elə cilalanmalıdır ki, onlardan heç birini yerindən tərpətmək mümkün olmasın. Bu cila­lan­mış incilər mirvari boyunbağı kimi düzülməli, təbiətin musi­qili harmoniyası ilə həmahənglik təşkil etməlidir. Məhz bu baxımdan yanaşıldığına görədir ki, babalarımızın, ağbirçək nənələrimizin sinəsindən qopub, zamanın ələyindən ələnmiş söz inciləri nə vaxt, nə zaman deyilməsindən asılı olmayaraq, bu gün də müasirdir, xoşagələndir, sevilir. Ulu babalarımız sözə qiymət verib, onu sevə-sevə gələcək nəsillərə ötürübər.

Azərbaycan ədəbiyyatının dünya ədəbiyyatına bəxş elə­diyi korifey ədibləri: Nizami, Nəsimi, Xaqani, Füzuli, Va­qif, Sabir, Cavid, Mirzə Cəlil və başqaları sözü qədərində iş­lədib, qədrini biliblər. Təsadüfü deyil ki, Nizami Gəncəvi söz haqqında yazırdı:

İnci tək sözlər seç, az danış, az din,

Qoy az sözlərinlə dünya bəzənsin (93,20).

Yaxud, Məhəmməd Füzuli “Artıran söz qədrini, sidqilə qəd­rin artırar, Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz” (92,195) deyərək sözün qiymətini yüksəldir, onu də­yər­lən­di­rir­di.

Eyni zamanda qeyd etməyi lazım bilirik ki, bu dahi ədiblərin yaradıcılığında xalq müdrikliyindən gələn, şifahi ədə­­biyyatın hikmətlərindən qaynaqlanan çoxlu əlamətlər var­­dır və bu əlamətlər də mənəvi sərvətlərimizi öyrənmək, təd­qiq etmək, araşdırmaq məqsədinə xidmət edir. Tarixən sə­nət adamlarının söz boxçaları nağıl, dastan, bayatı, qoşma və məsəllərlə dolu olmuşdur. Xalqın həyatını, işini, məişə­tini, onun bədii yaradıcılığından ayrı təsəvvür etmək müm­kün olmadığı kimi yaradıcılıqda da, xalq həyatının tərən­nü­mü əsas şərt kimi, qəbul edilmişdir. İnsan bütün ömrü bo­yu xalq ədəbiyyatı ilə təmas bağlamış və ondan qidalan­mış­dır. Hər bir insanın dünyagörüşünün formalaşmasında, onun yet­kinləşməsində folklorun müstəsna rolu danılmazdır. Xü­su­si­lə də, yaradıcı, söz zirvəsini fəth etməyə çalışan adam­ların həyatında folklora münasibət, folklordan yararlanmaq, hət­ta, bəzən foklorun zənginləşməsində töhfələr vermək önəm­­­li yer alır. Bu baxımdan tədqiqatçıların apardığı araş­dır­­malar zamanı yaradıcı ziyalıların əsərlərində rast gəlinən folklor məziyyətləri həmin ədiblərin sənətkarlıq xüsusiy­yət­lərindən sayılmış, folklordan bəhrələnmə xalqla yaxınlığın əla­məti kimi görülmüşdür.

Azərbaycan ədəbiyyatının müxtəlif mərhələlərini nə­zər­dən keçirdikdə milli-mənəvi dəyərlərimizin, digər tərəf­dən isə Azərbaycanın ictimai-siyasi həyatında baş verən də­yi­şikliklərin bütün təzad və ziddiyyətləri, ağrı-acıları ilə bir­lik­də ədəbiyyatda əks olunduğunun şahidi oluruq. Xüsusən XX əsr Azərbaycan ədəbiyyatında folklorizm özünü mütə­şək­kil formada, yeni məzmunda göstərməyə başladı. Hüseyn Cavid, Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Səməd Vurğun və baş­­qaları öz əsərlərində foklordan geniş istifadə edir və ədə­biyyata yeni məzmun və məna gətirirdilər. Bu hal xalq tə­rə­findən sevilir, müsbət cəhət kimi qəbul edilirdisə də, 30-cu illərin tənqidçiləri tərəfindən gerilik, ətalət əlamətləri kimi qiy­mətləndirilir və kəskin tənqid atəşinə tutulurdu. Belə ki, Azərbaycanda sovet hökumətinin qurulması, inqilabi dəyi­şiklik­­lər, “köhnəliyə qarşı üsyan” adıyla milli dəyərlərə qarşı bir hücum da hazırlanmışdı. Xalq adət-ənənələri köhnəliyin qalığı kimi tənqid edilir, inqilabi bolşevik ideologiyasının şüur­­lara yeridilməsi məqsədi ilə bütün vasitələrə əl atılır, məscidlər, mədrəsələr bağlanılır, islam dininə qarşı mübarizə aparılır, ideologiyada “yeni” metodlar tətbiq etməklə kollek­tivləşmənin, kolxoz quruluşunun, neft sənayesinin, fabrik-za­­vodların, kənd təsərrüfatının mexanikləşdirilməsinin “səs-küyü” zor­la ədəbiyyata və incəsənətə gətirilirdi. Məhz bu dövrün ədəbi tənqidçiləri də xalqın ruhu ilə köklənmiş, əsərlərində mil­li-mənəvi dəyərlərimizi yaşadan, onu yazılı ədəbiyyata gətirən, yeni baxış, yeni formada oxucuya təqdim edən mü­tə­­rəqqi yazıçı və şairləri “köhnəliyin qalığı” kimi qiymət­lən­dirir, onlara “xırda burjua yazarları” damğası vurur, haki­miy­­yətin yanında gözdən salır, hər vəchlə xalq ədəbiyyatına bağlılığı xalq müdrikliyinə arxa çevirməklə əvəzləməyə çalışırdılar. Xalq ruhundan qaynaqlanan, kənd həyatının və məişətinin təsviri, məhəbbət motivli yazılar gerilik, köhnə­pə­rəstlik xüsusiyyətləri kimi tənqid olunur, şairlər, yazıçılar sovet həyat tərzini tərənnüm etməyə çağrılırdı.

Bu azmış kimi otuzuncu illərin axırlarında Azərbay­ca­nın görkəmli ziyalılarına qarşı repressiyalar başladı və bu rep­ressiyaların da ilk qurbanları Mikayıl Müşfiq, Əhməd Ca­vad, Hacıkərim Sanılı, Hənəfi Zeynallı və Hüseyn Cavid oldu.

Ədəbi mühitin dalana dirəndiyi bu dövrün ədəbi mən­zərəsini filologiya üzrə elmlər doktoru, professor Kamran Əli­­yev belə təsvir edir: “O illərin ağrısını, o illərin mətbua­tını vərəqləyən hər hansı bir adam elə həmin anı yaşamağa baş­layır. O illərdə evlər, küçələr bütövlükdə torpaq deyil, əqi­­dələr, saatlar, bütövlükdə zaman özü zəlzələ keçirirdi. Bu zəlzələ adamların ömrünü yarıda saxlayır, onlara bütün keç­mişi və gələcəyi unutdurur, gündüzün nə vaxt başlayıb, nə vaxt qurtardığını yaddaşlardan silirdi. Çox çətin və mürək­kəb vəziyyət yaranmışdı: Bu gün atəşə tutan, sabah atəşə tu­tu­lurdu”(85,27).

Bu dövrdən başlayaraq Azərbaycan ədəbiyyatında so­vet həyat tərzinin tərənnümü ön plana çəkilir. Yeni yazılan əsər­lərdə foklorizm elemetləri müəyyən qədər zəifləyir, mətnal­tı məzmunda görünməz hala gəlir, amma tamamilə yox olub sıradan çıxmır. Belə ki, milli-mənəvi dəyərlər, xalq hə­rə­katı qəhrəmanlarının həyatı, mərasim və rituallarla bağlı xalq oyun­larının yeni məzmunu bir sıra əsərlərdə özünü gös­tər­məyə başlayır. Yusif Vəzir Çəmənzəminlinin “Qızlar bu­la­ğı”, Süleyman Rəhimovun “Aynalı”, Süleyman Rüstə­min “Qa­çaq Nəbi” əsərlərində foklorizm yeni şəkildə özünü biruzə verir.

Ancaq bütün bunlara baxmayaraq, folklor janrının ədə­biyyatda təzahürü çox da genişlənmir, təqribən 20 il müd­də­tində Azərbaycan ədəbiyyatında foklorizmin sükunət halı da­vam edir. Bu, şübhəsiz ki, həmin dövrdə həm kol­lek­tivləş­mə, həm də Böyük Vətən müharibəsi ilə bağlı olaraq müha­ribə mövzusunun ədəbiyyata gəlməsi ilə də əlaqədardır. Mü­ha­ribədən sonrakı dövrdə Azərbaycan ədəbiyyatında foklo­rizm yenidən canlanmağa başladı. Məmməd Səid Orduba­di­nin, Mirzə İbrahimovun, İlyas Əfəndiyevin, İsmayıl Şıx­lı­nın, Rəsul Rzanın, Süleyman Rüstəmin, Səməd Vurğunun, Bəxti­yar Vahabzadənin və başqa ədiblərin əsərlərində milli dəyər­lərə qayıdış meylləri özünü göstərdi. Daha sonra altmışıncı illərin yaradıcı gəncliyi arasında xalq ədəbiyyatına müraciət geniş vüsət aldı.

Şifahi xalq ədəbiyyatı ilə yazılı ədəbiyyatın əlaqəsi bütün dövrlərdə ədəbi-nəzəri fikrin aktual problemlərindən olmuşdur. Azərbaycan folklor­şünas­­­ğın­da son zamanlar bu mə­sələnin araşdırılmasına, problem­­rin elmi-nəzəri baxım­dan ümumiləşdirilməsinə milli maraq daha da artmışdır. Müs­təqillik əldə olunması bütün sahələrdə olduğu kimi, ədə­biyyatın da mənalı, sərbəst, obyektiv inkişafına zəmin və əl­ve­rişli şərait yaratmışdır. Bu baxımdan yazılı ədəbiyyat və folklor probleminin öyrənilməsi bu gün daha önəmli, daha aktualdır. Müasir əsərlərin bədii-estetik dəyəri, məna-məz­mun dərinliyi o zaman hərtərəfli qiymətləndirilə bilər ki, onun məzmununa hopdurulmuş folklor ruhu, xalq düşüncə tər­zi üzə çıxarılıb ümumiləşdirilsin.

Folklorun yaradıcısı xalqdır və folklora qayıdış xalqın keçmişinə, milli ənənələrinə və kökünə qayıdış deməkdir. Mə­nəvi yaddaşı dirçəltmək isə ona yenidən ruh verməkdir.

Müstəqil Azərbaycan Respublikasında gənclərin vətən­pər­vərlik, milli-mənəvi özünüdərk ruhunda inkişaf etməsi xal­qın bədii təfəkkürünün zəngin nümunələrini dərindən öyrənib mənimsəməkdən asılıdır. Şifahi xalq ədəbiyyatı ucu-bucağı görünməyən söz xəzinəsidir. Bədii söz, gözəl, yad­da­qalan ifadələr və dolğun kəlamlar mənəvi ehtiyacdan doğ­muş­dur. Ta qədim dövrlərdən ən qiymətli, ən yaxşı əsərlər – nağıllar, əfsanələr, bayatılar, qoşmalar, dastanlar və s. xalqın arzusuna, zövqünə, istək və amalına uyğun yaradıl­mışdır. Ya­zıçı və şairlər məhz buna görə də şifahi xalq ədəbiy­ya­tından hər zaman məharətlə bəhrələnmişlər. Ən istedadlı şair və qüdrətli yazıçı belə folklor kimi dərin bir ümmana baş vur­madan keçinə bilməz. Əfzələddin Xaqani, Nizami Gən­cə­vi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Molla Pənah Va­qif, Molla Vəli Vidadi, Hüseyn Cavid, Səməd Vurğun və baş­qa söz korifeylərimizin yaradıcılıq uğurları öncə mənsub olduqları xalqın zəngin şifahi xalq yaradıcılığına dərindən bə­ləd­liyi ilə əlaqədardır.

Folklora bağlı sənətkar həmişə müasirdir, o, yaradı­cı­lı­ğın­da zəmanəsinin düşündürücü problemlərini dolğun və hər­tərəfli, yüksək sənət meyarları ilə əks etdirə bilir, elə bu­na görə də xalqın yaddaşında əbədi yaşamaq hüququ qaza­nır. Belə sənətkarlardan biri də Məmməd Arazdır (1933-2004). Onun poeziyası indiyə qədər bir sıra qiymətli araş­dır­maların obyekti olmuş, əsərləri, yaradıcılığı müxtəlif istiqa­mət­lərdə tədqiq olunmuşdur. Lakin konkret olaraq folklor və Məmməd Araz şeiri problemi sənətkarın yaradıcılığını öy­rən­mək aspektində öz elmi araşdırmasını gözləməkdədir. Bi­zim məqsədimiz həmin boşluğu aradan qaldırmaqdan iba­rət­dir.


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə