Ономастик ващидляр



Yüklə 1,65 Mb.
səhifə1/9
tarix01.12.2017
ölçüsü1,65 Mb.
#13360
  1   2   3   4   5   6   7   8   9


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

FOLKLOR İNSTİTUTU

______________________________________________
NİGAR HƏSƏNOVA


YEVLAX ŞİVƏLƏRİNİN LEKSİKASI
(folklor materialları əsasında)

BAKI – 2014

AMEA Folklor İnstitutu Elmi Şurasının

qərarı ilə nəşr olunur.


Elmi redaktor: Qəzənfər KAZIMOV

filologiya üzrə elmlər doktoru, professor



Rəyçi: Əzizxan TANRIVERDİ

filologiya üzrə elmlər doktoru, professor



Nigar Eldar qızı Həsənova. Yevlax şivələrinin leksi­ka­sı (folklor materialları əsasında), Bakı, “Elm və təhsil”, 2014, 156 səh.
Monoqrafiyada Yevlaxdan toplanmış folklor materialları əsa­sında şivələrin leksik xüsusiyyətləri araşdırılır. Qədim yazılı abidə­lərlə, qohum türk dilləri ilə, dilimizin digər şivələri ilə mü­qayisəli təhlil aparılır.

Kitabdan folklorşünaslar, dialektoloqlar, ali məktəblərin filolo­giya fakültələrinin tələbələri faydalana bilərlər.


folklorinstitutu.com
H 4603000000 Qrifli nəşr

N-098-2014


© Folklor İnstitutu, 2014

BAŞLIQLAR
İxtisarlar 5

Şərti işarələr 6

Giriş 7
I FƏSİL. İşlənmə dairəsinə görə

şivə sözlərinin qrupları 12

1.1. Peşə və sənətlə bağlı sözlər 13

1.2. Təsərrüfatla bağlı sözlər 18

1.3. Çöl heyvanları, quş və həşərat adları 33

1.4. Xalq təbabətinə aid sözlər 36

1.5. Məişət leksikası 38

1.6. Adət-ənənə, mərasim sözləri 50

1.7. Uşaq oyunlarının adları 54

1.8. Musiqi alətləri və musiqi ilə bağlı sözlər 54

1.9. Rəng bildirən sözlər 55


II FƏSİL. Yevlax şivələrində tarixi dövrlərin izləri 57

2.1. Tayfa, nəsil və yer adları 58

2.2. Qohumluq, ailə və nikah münasibətlərini

bildirən sözlər 72

2.3. Zaman anlayışlarını bildirən sözlər 77

2.4. Təbiət hadisələrini və cəhətləri bildirən sözlər 81

2.5. Köhnə ölçü və çəki vahidlərini bildirən sözlər 82

2.6. Köhnə vergi, vəzifə, rütbə, silah adları 83

2.7. Sözlərin mənşəyi 84
III FƏSİL. Yevlax şivələrində sözlərin

semantik xüsusiyyətləri. Fra­zeo­logiya 100

3.1. Çoxmənalı sözlər 100

3.2. Omonimlər 103

3.3. Sinonimlər 112


3.4. Antonimlər 121

3.5. Frazeologiya 123


Nəticə 133

İstifadə edilmiş ədəbiyyat 136

Ad göstəricisi 147

Yevlax rayonundan toplanmış folklor örnəkləri 149

MATERİAL TOPLANMIŞ YAŞAYIŞ MƏNTƏQƏSİ ADLARININ İXTİSARI
Ağ. – Ağqıraq Qb. – Qoyunbinəsi

A.Buc. – Aşağı Bucaq Qğ. – Qaraoğlan

A.Qar. – Aşağı Qarxun Qm. – Qaraməmmədli

A.Sal. – Aşağı Salamabad Quş. – Quşçu

Bal. – Balçılı Mar. – Marzılı

Bəyd. – Bəydili Mb. – Malbinəsi

Boş. – Boşçalı Mey. – Meyvəli

Bün. – Bünyadabad Nem. – Nemətabad

C. – Cırdaxan Nəm. – Nəmərli

Dəl. – Dəlləklər Nər. – Nərimanabad

Duz. – Duzdaq Nur. – Nurallar

Əb. – Ərəbbəsrə Rüst. – Rüstəmli

Əc. – Əcəmi Sal. – Salahlı

Ək. – Əkşəm S. – Səmədabad

Ər. – Ərəş Tq. – Tanrıqulular

Gül. – Gülövşə V. – Varvara

Hav. – Havarlı Y.Buc. – Yuxarı Bucaq

Hm. – Hacımahmudlu Yen. – Yenicə

Hs. – Hacıselli Yev.–Yevlax (r-n mərkəzi)

Hür. – Hürüuşağı Yəd. – Yəldili

Xal. – Xaldan Y.Qar. – Yuxarı Qarxun

Xan. – Xanabad Y.Sal. – Yuxarı Salamabad

İsm. – İsmayılabad Büt. şiv. – bütün şivələrdə

Kol. – Kolanı Əks. şiv. – əksər şivələrdə

Köv. – Kövər

Köy. – Köyük

Qar. – Qaramanlı

ŞƏRTİ İŞARƏLƏR

: hərfin yanında qoymaqla səsin uzun tələffüz edil­diyi göstərilir; məsələn, sə:r, ma:, sa:

>, < bu işarələrlə səslərin əvəzlənməsi və sözün necə

ya­­ranması göstərilir; məsələn, öyün < o gün, ayaq > əyaq, lampa > ləmpə


// sözlərin müxtəlif variantlarını göstərir;

məsələn, şəbədə//şəvədə


x1 dilortası sürtünən kar səsi göstərir; məsələn,

kəpəx1, xötəx1, ələx1, diləx1


n1 «sağır nun» dilarxası burun səsini göstərir; məsə­lən, gözün1ə, atan1a, anan1a
k1 dilarxası partlayan kar səsi göstərir; məsələn, dok1qaz, təkəsak1qalı

GİRİŞ
Yevlax rayonu Böyük Qafqazın cənub-şərqi ilə Kiçik Qaf­qa­­zın böyük his­səsi sırasında yerləşən Kür-Araz (yaxud Mərkəzi Aran) ovalığının şimal-qər­­bini əhatə edir. O, şimal və şimal-şərq­dən Şəki, şimal-qərbdən Qax ra­yon­ları, o cümlədən Mingə­çe­­vir şəhərindən şərqə və qərbə Mingəçevir su anbarı­nın su­ları, şərq­dən Ağdaş, cənub və cənub-şərqdən Bərdə, cənub-qərbdən Tər­­­tər, qərb­dən isə Goranboy rayonları ilə inzibati qonşuluq möv­­­­qeyinə malikdir.

Yevlax rayonu 1935-ci ildə təşkil edilmişdir. 1963-cü ildə ləğv edilərək əra­zisi Ağdaş, Bərdə və Qasım İsmayılov (indiki Go­ranboy) rayonlarına veril­miş, 1965-ci ildə yenidən müstəqil ra­yon olmuşdur. Sahəsi 1540 km2, əhalinin sayı 1 yanvar 2009-cu ilin siyahıyaalınmasına görə 117500 nəfərdir.

Yevlax rayonunun ərazisi əsasən düzənlik, şimalda və qis­mən qərbdə tirəli-təpəlikdir. Bozdağ (Gəncə Bozdağı), Arandağ silsilələrinin bir hissəsi Yev­lax rayonu ərazisindədir.

Çayları (Əlican, Kürəkçay, Korçay və İncəçayın aşağı axın­­­­ları) rayonun mərkəzi hissəsindən axan Kür çayı hövzəsinə aiddir. Kür çayı sahilində Tuqay meşələri vardır. Yuxarı Şirvan və Yuxarı Qarabağ kanallarının yuxarı hissələri Yevlax rayonu əra­zisindədir.

Yevlax rayonu aqrar-sənaye rayonudur. Kənd təsərrüfatı əsa­sən pam­bıq­çılıq, taxılçılıq, heyvandarlıq üzrə ixtisas­laş­dırıl­mışdır. Quşçuluq, ba­ra­ma­çı­lıqla da məşğul olunur.

1961-ci ildə nəşr edilmiş «Azərbaycan SSR-in inzibati-əra­zi bölgüsü» ki­ta­bında rayonun 33 yaşayış məntəqəsi gös­tə­ril­miş­­dir (15, 83). Yevlax ra­­yonunun inzibati tərkibinə 18 kənd in­zi­bati ərazi dairəsi, 48 kənd yaşayış mən­təqəsi, 1 qəsəbə və Yev­lax şəhəri daxildir.

Yevlaxın çox qədim tarixə malik olduğunu Aşağı Sa­la­ma­bad kəndi əra­zi­sində rast gəlinən Ərəş mahalının (1795-ci ildə Ərəş sultanlığı ləğv edi­lərək ma­hal kimi Şəki xanlığının tər­ki­bi­nə qatılmışdır) qala divarları sübut et­mək­də­dir.

Azərbaycanda orta əsr şəhəri olan Ərəşin salındığı tarix mə­lum deyil. Ərəş haqqında Övliya Çələbi, Şərəfxan Bidlisi, İs­gən­dər Münşi, Antoni Cen­kinson, Korneli de Bruin, A.Ba­kı­xa­nov və başqaları məlumat vermişlər. Karvan yolu üzərində yer­lə­şən Ərəş öz ipəyi ilə Yaxın Şərqdə məşhur idi. İn­gilis səyyahı Antoni Cenkinson Ərəşdən Səfəvilər dövlətinin ən əhəmiyyətli şə­hərlərindən biri kimi bəhs etmişdir.

Türk səyyahı Övliya Çələbinin yazdığına görə, XVII əsrin əvvəl­lərində Ərəşdə 10 min ev, 800 dükan var idi (14, c.4, 226).

Orta əsrlərin qüdrətli şəhəri olub, Böyük İpək yolunun üzə­­rində yerləşən Ərəşin Kür çayının daşması nəticəsində yu­yu­lub aparıldığı və ya torpağın al­tın­da qaldığı ehtimal edilir. Var­va­ra kəndi yaxınlığında xarabalıqları indi də qa­­lan «Gözətçi qa­lası», Malbinəsi kəndində aşkar olunmuş küp qəbristanlığı, Kö­vər kəndindən 1,5 km aralı, kəndin şimal-qərbində yerləşən və el­mi cə­hət­dən daha dəqiq öyrənilmiş küp qəbirlər Yevlax əra­zi­lə­rinin qədim yurd yeri ol­duğunu bir daha sübut edir.

Bir cəhəti də qeyd edək ki, «Azərbaycan tarixi»nə əlavə edil­miş «Azər­bay­can XV əsrdə» və «Azərbaycan XVI əsrdə» xə­ritələrində Yevlax yaşayış məntəqəsi kimi göstərilmişdir. Bu­ra­dan belə nəticəyə gələ bilərik ki, indiki Yevlax rayonu əra­zi­sin­də məskunlaşma ən qədim dövrlərdə başlamışdır.

Azərbaycan dilinin dialekt və şivələri özündə tariximizin, mə­dəniyyətimizin izlərini qoruyub saxlamaqdadır. Bu mənada Azər­baycan xalqının tarixi də məhz onun mədəniyyətinin, ədə­biyya­tının və nəhayət, dilinin tarixilə əlaqəli şəkildə öy­rənil­mə­lidir.

Zaman keçdikcə ədəbi dil üçün artıq arxaik hesab edilən sözlər şivələrimizin lüğət tərkibinə daxil olur. Bu gün dialekt və şi­və­lə­rimizdə işlədilən bir çox sözlərin tarixi daha qədimdir. Belə sözlərin araş­dı­rıl­ma­sı dilimizin lüğət tərkibinin tarixi in­ki­şa­fını izləmək, qohum və qohum ol­ma­yan dillərlə dilimizin əla­qə­sini meydana çıxarmaq baxımından əhəmiy­yət­li­dir.

XIX əsrin birinci yarısında Mirzə Kazım bəy Azərbaycan di­linin Quba dialekti və Dərbənd şivəsi üçün səciyyəvi olan in­di­ki zamanın şəkilçisini və onun təsrifini vermiş, lakin onların lek­sikasına toxunmamışdır. Alman alimi Karl Foy isə 1903 və 1904-cü illərdə Berlində alman dilində çap etdirdiyi iki mə­­qa­lə­sin­də Cənubi Azərbaycan, xüsusən Təbriz və onun ətraf şi­və­lə­ri­nin xü­susiyyətləri haqqında məlumat vermişdir (108, 15). Elə hə­min vaxtdan da di­limizin dialekt və şivələrinin hərtərəfli, elmi əsas­larla öyrənilməsinə baş­lan­mış və bu sahədə böyük nailiy­yət­lər qa­za­nılmışdır. Dialekt və şivələrimizin öy­rə­nilməsi ilə əla­qə­dar ola­raq bir çox monoqrafiya, çoxlu sayda məqalə dərc olun­muş­dur.

Dialekt və şivə materialları əsasında leksikanın da ayrıca təd­qiqi üzrə bir sıra əsərlər yazılmışdır: M.N.Çobanov «Bolnisi ra­yonu şivələrinin leksikası» (1973), İ.Q.Həsənov «Gəncə dia­lek­tinin leksikası» (1974), Ə.A.Hüseynov «Qa­zax rayonu şi­və­­­lə­ri­nin leksikası» (1975), Z.Ə.Xasiyev «Azərbaycan dili di­alekt və şi­­və­lərinin qərb qrupunda heyvandarlıq terminləri» (1976), G.Q.Və­liyeva «Şər­qi Ab­şeron şivələrinin leksikası» (1983), Ə.M.Qu­­liyev «Azər­baycan dilinin Şahbuz şivələrinin lek­sikası» (1984), B.B.Əh­mədov «Azər­baycan dili şivələrinin söz ya­ra­dı­cı­lı­­ğı» (1991) və s.

Göründüyü kimi, Azərbaycan dialektologiyasında özünü gös­­­tərən me­yil­lər­dən biri də dialekt və şivələrin leksik xü­su­siy­yət­­lərinin ayrıca tədqiqi ol­muş­dur. Lakin indiyədək Yevlax şi­və­lərinin leksik xüsusiyyətləri xüsusi təd­qi­qat obyekti ol­ma­mış­dır.

B.B.Əhmədov «Azərbaycan dilinin Mingəçevir şi­və­lə­ri»ni (1965) araşdırarkən Yevlaxın əvvəllər və indi mövcud olan 24 kən­din­dən material toplamış və burada şimal qrupuna, eləcə də keçid şivələrinə uy­ğun gələn dil faktlarını qeydə almışdır. La­kin bu əsərdə Yevlaxın bütün kənd­ləri əhatə olunmamış, həm­çinin burada dilçiliyin digər bölmələrinə də yer ve­ril­di­yindən, şi­və­lərin leksikası ətraflı işıqlandırılmamışdır.

K.T.Ramazanov «Qarabağ dialekti» (1972) mövzusunda elmi-tədqiqat işi yazmış və bu zaman Yevlaxın 8 kəndindən (Aşa­ğı Qarxun, Varvara, Qara­man­lı, Qaraməmmədli, Qo­yun­bi­nə­­si, Malbinəsi, Salahlı, Tanrıqulular) dialek­to­­loji material top­la­­mışdır. Bu əsərdə də Yevlaxın bütün kənd­­ləri tədqiqata cəlb olun­­mamışdır. Bu baxımdan Azərbaycan dilinin Yev­lax şi­və­lə­ri­nin leksikasının ayrıca öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir.

Məlum olduğu kimi, hər hansı bir şivə haqqında müəyyən nə­­ticəyə gəlmək üçün bu şivəyə aid materialların əl­də olunması va­­cibdir. Tədqiqata cəlb olunan Yevlax şivələri indiyədək ətraflı öy­­­­rənilmədiyindən, onun leksik xüsusiyyətlərini əks etdirən dia­lektoloji ma­te­rial da toplanıb araşdırılmamışdır.

Odur ki, Azərbaycan dilinin bir sıra qədim xü­su­siyyət­lə­ri­ni, leksik tərkibini özündə mühafizə edən Yevlax şivələrinin lek­­sikasının ayrıca öyrə­nil­məsinin vacibliyini nəzərə alaraq «Azər­baycan dilinin Yevlax şivələrinin lek­si­kası»nın elmi cə­hət­­dən araşdırılmasını qarşımıza məqsəd qoyduq.

Məqsədə nail olmaq üçün aşağıdakı məsələlər ön plana çə­kil­­mişdir:

– Yevlax şivələrinin leksik xüsusiyyətlərini üzə çıxarmaq;

– Onun Azərbaycan dilinin başqa dialekt və şivələri ilə, həm­çinin ədəbi dillə oxşar və fərqli cəhətlərini müəyyən­ləş­dir­mək;

– Şivə faktlarını təsviri və tarixi-müqayisəli metod əsa­sın­da izah etmək;

– Yevlax şivələrinin leksik tərkibində nəzərə çarpan sə­ciyyəvi xüsusiyyətləri açıqlamaq, onların qanunauyğunluq­larını əsas­landırmaq;

– Yevlax şivələrinin Azərbaycan dili dialekt və şivələri içə­risində yerini dəqiqləşdirmək.

Elmi araşdırma apa­rar­kən təsviri və tarixi-müqayisəli me­tod­dan istifadə edilmişdir. Əsər­də Azərbaycan ədəbi dili və qo­hum türk dilləri ilə müqa­yisə­lər aparılmış, bir sıra məsələlərin iza­hın­da qədim yazılı abidələrə, lüğətlərə və başqa dialektoloji ma­teriallara müraciət olunmuş, bölgədən toplanmış folklor mətn­ləri tədqiqata cəlb edilmişdir.

Toplama işi zamanı ekspedisiya və stasionar üsullardan is­ti­fadə edilməsi bəllidir. M.Kazımoğlu folklorun toplanması prin­sip­­lərindən bəhs edərkən göstərir ki, stasionar yol folklorçunun hər hansı bir bölgədə daimi yaşaması və oradakı folklor mühitini ar­dıcıl surətdə müşahidə etməsi ilə səciyyələnir. Stasionar iş, adə­­­tən, illər ərzində, tələsmədən, çox vaxt da yeri və məqamı gəl­­­­dikcə aparılır (64, 10).

Biz də bu elmi əsəri 2003-2006, 2013-cü illərdə Yevlax ra­­­­yonuna ezamiyyət zamanı topladığımız folklor mətnlərinin və dia­­lek­toloji materialların əsasında hazırlamışıq. Mənbəyi gös­tə­ril­­­məyən nümunələr müəllifin şəxsi arxivindədir.

Əsər Azərbay­can dili və folklorunun bir sıra məsələlərini öy­­­rənmək baxımından əhəmiyyətlidir. Eyni zamanda dili­mizin ta­rixi dialektologiya­sının öyrənilməsinə, dialektoloji, etimoloji və mə­həl­li lüğətlərin hazırlanmasına, həmçinin Azərbaycan dil­çi­­­liyinin və folklorşünaslığının bəzi mübahisəli prob­lemlə­­rinin həllinə kömək edən dəyərli material verir.

Yevlax şivələrinin leksikası Azərbaycan dilçiliyində ilk də­­­fə olaraq sistemli şəkildə tədqiq edilir, ətraflı şəkildə araş­dı­rı­lır, bir sıra sözlərin izahı ve­rilir və bu şivələrin Azərbaycan dili di­alekt və şivələri içə­ri­sin­də yeri müəyyənləşdirilir.

Monoqrafiyada şivələrin ədəbi dillə, digər dialekt və şi­vələrimizlə oxşar, eləcə də fərqli xüsusiyyətlərinin aşkara çı­xa­rıl­ma­sına, ter­minoloji xarakterli sözlərin sahələr üzrə qrup­laş­dı­rılıb izah edilməsinə və başqa cə­hət­­lərə xüsusi diqqət yetirilir. Ter­min səciyyəli sözlərin ədəbi dilə uyğun gələnlərinin araş­dırıl­ma­sı ilə həmin sözün bölgədə hansı şəkildə işlənilməsinə ay­dın­lıq gətirilir.

Tədqiqat zamanı şivələrdə işlədilən alınma sözlər qrup­laş­dı­rıl­mış, türk mən­şəli sözlərin izahı verilmiş, müşahidə edilən sözlərin semantik və frazeoloji xü­su­siy­yət­lə­rinin də təhlilinə yer ayrılmışdır.
I FƏSİL
İŞLƏNMƏ DAİRƏSİNƏ GÖRƏ

ŞİVƏ SÖZLƏRİNİN QRUPLARI
Dilin inkişafı ilə bilavasitə əlaqədar olan vacib məsə­lə­lər­dən biri ter­mi­no­logiya məsələsidir. Dilin lüğət tərkibi nə qədər zən­gin və çoxcəhətli olursa, dil də bir o qədər zəngin və inkişaf et­miş olur. S.Cəfərov terminoloji lek­sikaya «elmin, texnikanın, kənd təsərrüfatının, iqtisadi və ictimai həyatın, ədəbiyyat və in­cə­­sənətin müxtəlif sahələrinə aid olan müəyyən anlayışları dəqiq əks etdirən söz və söz birləşmələrini» daxil edir (23, 82). Ter­min­­lər adi sözlər ki­mi dilin lüğət tərkibinə daxildir. Lakin onlar ümumxalq dilində işlədilən adi sözlərdən bir sıra xüsusiyyətləri ilə fərqlənir. Başqa sözlə, termin söz­dür, lakin hər bir söz termin de­yildir. Sözün çoxmənalılığı termin üçün xarakterik deyildir.

Bu gün ədəbi dildə işlədilən bir sıra terminlər vardır ki, on­­lar məhz ümum­xalq dilindən götürülərək işlənməkdədir: gü­nə­­baxan, bağayarpağı, gi­cit­kən, kəklikotu, acıtərə, alaq, bu­da­maq və s. Vaxtilə yalnız termin kimi işlədilmiş bir sıra sözlər isə bu gün hər saat, hər an işlətdiyimiz ən adi sözlərə çevrilmişdir: ma­şın, telefon, televizor, radio, video, avtomobil, traktor, elek­tron, elektrik və s.

Termin elmin, texnikanın yalnız bir sahəsi ilə bağlı olur və konkret bir anla­yışı ifadə etməklə, təkcə bir məna daşıyır. Başqa mə­nada işləndikdə isə müəy­yən sahənin termini olmaq hü­qu­qu­nu itirir. Belə vəziyyətdə həmin termin adi söz və ya başqa sa­hə­nin termini olur, ya da ümumişlək sözə çevrilə bilir (105, 23). Ədə­bi dildə olduğu kimi, şivələrdə də ümumi sayılan hər hansı bir söz işləndiyi sahəyə görə termin sayılır.

Ümumiyyətlə, hər hansı bir söz termin ola bilər. Terminlər xü­susi söz­lər deyil, onlar yalnız xüsusi funksiyaya malik olan söz­lərdir. Sözün termin ki­mi çıxış etdiyi xüsusi vəzifə həmin terminin funksiyasıdır (128, 3-5).

Terminlərin yaradılmasının birinci və əsas mənbəyini dilin öz daxili və­saiti təşkil edir. A.Axundov termin yaradıcılığının mən­bələri və üsul­larını göstərərək yazır: «Leksik yolla termin ya­radılmasında dilin özündə və ya onun dialekt və şivələrində möv­cud olan sözlərdən istifadə edilir. Mə­sə­lən, S.Vurğun «Mu­ğan» poemasında quru və susuz çöllərdə buxarın yayılıb uzaq­dan su, ağac kimi görünməsini ilğım termini ilə adlandırmışdı. Ədəbi dildə miraj (fransız sözü) və sərab (fars sözü) terminləri ilə adlandırılan həmin təbiət hadisəsinə verdiyi bu adı – termini bö­yük şair Muğan şivələrindən almışdı» (5, 304). Ə.Orucov Azər­baycan dilində ter­mi­nologiya yaradılması məsələsindən bəhs edərkən termin yaratmaq üçün əsas prinsiplərdən biri kimi, şi­və­lərin mühüm mənbə olduğunu göstərir (99, 61-75).

Şivə sözlərinin işlənmə dairəsinə görə qrupları başlığı al­tında biz peşə-sənət sözlərini, təsərrüfatla bağlı sözləri, heyvan və quş adlarını, məişət və mərasim leksikasını, uşaq oyunlarının ad­larını, musiqi ilə bağlı sözləri və rəng adlarını tədqiqata cəlb etmişik.




    1. Peşə və sənətlə bağlı sözlər

Peşə-sənətlə bağlı leksikaya dilçilik ədəbiyyatında müxtə­lif ad altında ya­naşılmışdır. Professional leksika, sənət termino­lo­giyası, xalq ter­minoloji leksikası, professional sözlər və s. ad­lan­­­dı­rılan bu leksik təbəqə son illərdə tədqiqata cəlb edil­mək­də­dir.

Rus dilçiliyində peşə-sənətlə bağlı sözlər XIX əsrdən top­lan­mağa baş­lan­mışdır. V.İ.Dalın hazırladığı izahlı lüğət­də rus sə­nəti və kənd təsərrüfatına aid terminlər öz əksini tapmışdır (130).

Türkologiyada bu sahədə ilk tədqiqatçı özbək alimi S.İb­ra­hi­mov hesab edilir. O qeyd edir ki, terminologiya insanların iş pro­­sesi zamanı ya­ra­nır və xalq dilinin bir hissəsini təşkil edir (134, 5).

Tədqiqatçı özbək dilinin Fərqanə şivələri əsasında metal ema­lı, mis­gər­lik, dulusçuluq, zərgərlik və s. ilə bağlı peşə-sənət ter­­minologiyasını araş­dır­mış­dır. Onun fikrincə, özbək dilinin pe­şə-sənət leksikası qədim tarixə malik olub, tarixi dövrlərdə sənət­kar­lığın kənd təsərrüfatından ayrılması zəminində ya­ranmışdır.

Əsası S.İbrahimov tərəfindən qoyulmuş peşə-sənət lek­si­ka­sının tədqiqi M.Asamutdinova tərəfindən davam etdirilmişdir. O qeyd edir ki, elmi-texniki terminlər konkret və mücərrəd an­la­yış­ları təyin edir, pro­fes­sio­nal terminlər isə nəsildən-nəslə ke­çən, maşın tətbiq edilmədən əl əməyi pro­se­sində yaranan adlar hesab edilir. Buna görə də professional sözlər daha çox konkret anlayışları ifadə edir.

Azərbaycan dilinin peşə-sənət leksikası xalqımızın maddi və mənəvi mə­də­niyyətini əks etdirir. Azərbaycan dilçiliyində bu qəbil sözlər ya «sənət-peşə sözləri» (76, 238), ya da «peşə-sənət leksikası» (23, 80) adı altında izah edilir. Peşə-sənət leksikası Azər­baycanın qədim el sənətlərinin dili olduğu üçün, onun söz­lə­ri şifahi şəkildə yayılmış, müəyyən azsavadlı adamlar arasında iş­lənilən leksik vahidlərdir (3, 20). Onu da qeyd edək ki, peşə-sə­nət leksikası əsasən qədim türk sözləri əsa­sın­da formalaşır. S.Cəfərov yazır: «…peşə-sənət leksikasının terminoloji leksika ilə çox ya­xın­lığı vardır. Bununla belə, bu iki sahə leksikasını ey­niləşdirmək ol­maz. Peşə-sənət leksikası terminoloji leksikanın ya­ranmasında mühüm rol oy­na­­sa da, öz məzmunu və işlənmə dai­rə­sinin məh­dudluğu etibarilə ter­mi­no­loji lek­sikadan xeyli fərq­­lənir» (23, 82).

Müasir dövrdə elmin, texnikanın inkişafı ilə bağlı sənət-pe­şə sözləri də müntəzəm olaraq çoxalır və zənginləşir. Sənət-pe­şə sözlərinin bir qismi təd­ri­cən ümumiləşərək ədəbi dil ter­minləri sırasına keçir (76, 238). Yevlax şivə­lə­rin­də müşahidə edi­lən sənət və peşə sahəsi ilə bağlı sözlərin bir qismi ədəbi di­li­miz­­dəki sözlərlə eyniyyət təşkil edir. Bu sahə ilə bağlı qeydə aldığımız söz­lərə diq­qət yetirək:



Dəmirçilikdə istifadə olunan alətlər: zindan, çəkiş, kürə (Də­miri kürədən dəmir çıxardar), kəlbətin, körüx1, dəryaz, pı­çax, balta, mıx (Mıxı mismara döndərən Allah var).

Çəkməçilikdə istifadə olunan əşyaların adları: pinə (Pinə kir­ri başmağa), biz, dəri, çəkiş, keçə, qəlif, yolmax, bağlama, qat­dama.

Dərzilik sənəti ilə əlaqədar istifadə edilən əşyaların adları: üs­güx1 (A.Sal., Xan., S.), qayçı//qaçı (Təzə doğulmuş uşağın yas­dığının altına qayçı qoyallar), civ (iynə-sap qutusu), iynə, saf (İynələrə sap olmuşam), parça, kurjuva, qotaz, gu­pur, tavaşır, met­rə//arşın (Hərə öz arşınıynan ölçür; Anasına bax, qızını al, ar­şınına bax, bezini al).

Tənəkəçilik sənəti ilə əlaqədar istifadə edilən əşyaların ad­la­rı: dudkeş, bo­ru, dirsəx1, navalça.

Zərgərlik sənəti ilə əlaqədar istifadə edilən əşya və alət­lə­rin adları: topaz, platin, əqiq, süleyman daşı, mum, qızıl suyu, kəh­rava, tunc, bürünc, naxış rən­dəsi, qələm, burğu, məhəx1, yaş­ma, zərrəbin (böyüdücü şüşə).

Toxuculuq terminləri. Toxuculuq insanların ixtira etdiyi ən qə­dim sənət növ­lərindən biridir. Hələ çox qədim zamanlarda in­san­lar geyim ehtiyaclarını ödə­­mək və yaşadıqları yeri döşəmək üçün hörməyi, daha sonra toxumağı öy­rən­mişlər.

Qalayçılıq, misgərlik, dulusçuluq kimi, toxuculuq da bu gün tənəzzülə uğramaqda olan sənət növlərindəndir. Bunun sə­bə­bi isə elmin, texnikanın xal­qın həyat tərzinə təsir etməsidir. Cə­miyyət inkişaf etdikcə bu cür qədim sənət sahələrinə aid bir sı­ra söz və terminlər dildən çıxır, adamların yaddaşlarından si­li­nir. Belə sözlərin tamamilə unudulmaması üçün onların top­lan­ma­sı, araş­dı­rıl­­­ması zəruridir. E.Mirzəyev Lənkəran və Astara şi­və­lərində toxuculuğun in­ki­şaf etmiş sahələrindən biri olan hə­sir­çilik sənəti haqqında ayrıca bəhs et­miş, bir sıra söz və terminləri araşdırmış (91, 156), M.Abdullayeva isə toxuculuğun ən geniş yayılmış sahələrindən olan xal­ça­çılıqla bağlı 1000-ə qədər leksik vahid toplayaraq tədqiqata cəlb etmişdir (3, 3).

Yevlax şivələrində geyim əşyalarının (jaket, şal, şərf, cüb­bə, corab və s.) to­xunması üçün istifadə edilən bir sıra söz və ter­minlər işlənir. Bunlar aşağı­da­kı­lardır:

Toxuculuq alətləri: mil//qurçoq, coraf mili, milçə (hörmək üçün alət), həvə, kirgit, biz, qıyıx (Dilinə qıyıx batsın), çuvaldız (Bal­dız – çuvaldız), cəhrə (sapı əyirmək üçün alət), iy (sap sa­rı­nan əşya).

İp forma və növünü bildirən sözlər: əlçim, kələf (Ək., Nem.) (ip toplusu), tarım (ipin tarım çəkilməsi), kiriş (cəhrəni fır­latmaq üçün istifadə edilən ip), yu­max, iplix1 (Əb.) (bo­yan­mış yun ipi).

Toxuculuqla bağlı bir neçə sözü ayrılıqda nəzərdən ke­çi­rək:



Xalı (büt. şiv.) – böyük ölçülü xalça. – Seyvana xalı dö­şəm­mişdi (Qm.); – Evgörməmizə bir qəşəx1 Kəlbəcər xalısı gə­ti­miş­dilər (Qm.).

Xalı sözü «Dədə Qorqud kitabı»nda da işlənmişdir: Bin1 yer­də ipək xalicəsi döşənmişdi; Toqsan yerdə ala qalı-ipək dö­şə­mişdi (69, 34, 42).

Əlçim (büt. şiv.) – daraqdan təmizlənib çıxarılmış əl içi boy­da yun. – Aynəbətdəki kəfrəmin arasınnan ma: bir əlçim yun gə­ti (Yev.); – Qoy bir əlçim də yun gətirim, boylum döşəyi sırıyax (Y.Qar.); Əlçim-əlçim olasan (Yev.); A Yel baba, Yel baba, Əlçimimi ver, baba (Yev).

Türk dilində bu gün də «daranmış yunu bükmək üçün ha­zır­lanmış yu­maq» mənasını ifadə edən elçim sözü işlənir. Çən­bə­rək və Karvansaray şivə­lə­rin­də isə «əlçim yun» mənasını ifa­də edən əlçəx1 sözü işlənir (68, 262).



Yapağı (əks. şiv.) – yaz qırxımının yunu. – Bi:l qızı kö­çür­də­jəm, ma: ya­pağı yunnan saxla (Qb.); – Mənnən sa: deməx1, gü­zəmnənsə yapağı al (Qb.).

V.Radlovun lüğətində bu söz «təmizlənmiş yun» mə­na­sın­da qeydə alınmışdır (154, c.3 (2), 261).

Şivələrdə cod yun (S.), qaba yun, kirri yun (büt. şiv.), kilkə (büt. şiv.) (key­fiyyətsiz yun), ağ yun, qara yun, dəvə yunu, ağ dəvə yunu, güzəm (payızda qırxılan yun), şaqqıldaxlı yun (əks. şiv.) (üstündə qoyun qığı qurumuş yun) ifa­dələri işlənir.

Xalçaçılıq terminləri: kilim (Əc., Xal.) (xovsuz xalça: Ki­lim salan kilimin, gəvə salan gəvənin üstdə oturajax; Ayıflı ayı­vın bilsəydi, başına kilim salardı), mehravı (Gül.)//səc­­cadə (Xal.)//ceynamaz (əks. şiv.) (kiçik ölçülü namazlıq xalça), palaz (Nərm., S.) (xovsuz xalça), sumax (Gül., Yəd.) (xovsuz xalça), ce­jim (Nem., Qm.) (xovsuz xalça), şəddə (Qar.) (xovsuz xalça), gə­bə (Əb., Ağ.)//gəvə (əks. şiv.) (xovlu to­xu­nuşlu xalça: Ö:latda nə­və, yatırda gəvə).

Xalça və palaz məmulatları adları: xurcun (Mb., Ək.) (azu­qə yığmaq üçün iki gözlü torba), heybə (Əc., S.) (kiçik öl­çü­lü xurcun: Ağ at gəlir enişdən, Sinəbəndi gümüşdən. Bizə də qis­mət olsun, Heybədəki yemişdən.), çual (Mb., Qm.) (təsərrüfat mal­ları saxlamaq üçün kisə: El ağzı çual ağzı döyül ki dü­yün­nü­yə­sən; Qızı un çualına tay eləmə; Qarın çual döyül; Mənnən öt­dü, qardaşıma dəydi. Elə bildim, saman çualına dəydi.), qaşıx torvası (Yev.), yüküsdü (Qar.), çul (əks. şiv.) (atın gözəl gö­rün­mə­si üçün salınan xovsuz xalça: Eşşəyi maxmər çullamaxnan dö­yül, eşşəy elə eşşəx1di; İki çul, bir palan – hamısı oldu yalan; Tez-tez gələn kül üsdə, gej-gej gələn çul üsdə; Dana yekəlir, çulu yekəlmir), tərlix1 (Yen., Əc.)//yəhəraltı (əks. şiv.) (yəhərin al­tından atın belinə qoyulan çul), palan (Eşşəyə güjü çatmır, pa­la­nı döyəşdiyir; Köhnə palan içi töhmə; Kim eşşəy olsa, biz ona pa­lanıx), əyağaltı (Ək.) (ayaq silmək üçün qapının kandarına sa­lın­mış kiçik ölçülü xalça), məfrəş (Əc.)//fərməş (əks. şiv.) (yor­ğan döşək yığmaq üçün əşya).

Naxışların adları: bala buta (Əc.), qoşa buta (Yev.), köbə (Ək.), qotazdı puta (Ək.), səpələmə naxış (Yen.), saya buta (əks. şiv.).

Xalçaçılıqda istifadə edilən alətlərin adları: qılış (Mb., C., S.) (cecim toxumaq üçün istifadə edilən alət), divar xanası (Gül.) (dəz­gah), dirsəx1 (Gül.) (taxta dəzgahlarda istifadə olunan möh­kəm ağac parçası), ox (dəzgahın his­səsi), yan oxu (Nem., Nur.) (dəzgahın yanındakı möhkəm ox), darax (A.Buc., Qm.) (il­mələri daramaq üçün alət), yun darağı (Əc., Qm.), təraş (Qar.) (alət), hana (Əc., Qğ.) (xalça toxunan dəzgah: Göy qurşağı gö­rü­kəndə deellər, mələx1lər hana quruf; Mal danadan, ev hanadan), pa:z (Yen.) (taxta dəzgahın hissəsi), xovölçən (Sal.) (kiçik xətkeş).

Bunlardan başqa, Yevlax şivələrində digər qədim sənət, pe­­­şə sahələri ilə bağlı sözlər mövcuddur: sahatsaz, də:rmançı (Ço­­­­vanın qoyun dərdi, Dəyirmançının su dərdi. Qalayçının qav dər­­­di, Qərivin söyux dərdi; Də:rmançının öyündə un tapılmaz), əc­­­zaçı, çayçı, bakqal (Adın nədi? – Bakqal. – Hax ver, hakq al; Ba­­­zar bakqalsız, meşə çakqalsız olmaz), qəssaf, çovan, naxırçı (Na­­­xırçı qızı:n kö:lü naxırçı əpbəyi isdiyər), nalbənd (Axsağ atın ço­­lax da nalbəndi olar), mamaça (Mamaça çox olanda uşağ əyri çı­­xır), falçı, hamamçı, kəndirbaz, qırçı, odunçu, misgər, pinəçi (Pi­­nə eləmə, bazarda pinəçi çoxdu) və s.


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə