Orfey quyudan çixandan sonra nə GÖRDÜ Oktyabr inqilabı Leninin xalqa vəd etdiyi cənnəti verməyəndən sonra, o «Yeni iqtisadi siyasət»



Yüklə 76,06 Kb.
Pdf görüntüsü
tarix15.03.2018
ölçüsü76,06 Kb.
#32315


ORFEY QUYUDAN ÇIXANDAN SONRA NƏ GÖRDÜ... 

 

Oktyabr inqilabı Leninin xalqa vəd etdiyi cənnəti verməyəndən sonra, o «Yeni iqtisadi siyasət» 



adı ilə xalqı -fəhlə və kəndliləri ikinci dəfə aldatdı. 

Əzablar çəkmiş sadədil xalq ikinci dəfə Leninə inanaraq, xüsusi təsərrüfatları ilə məşğul olmağa 

başladı.  Kimi  alverlə,  kimi  öz  xüsusi  əkinçiliyi  ilə,  kimi  xırda-kustar  peşəsi  ilə  məşğul  olub, 

güzəranını düzəltməyə girişdi. 

Mənim  atam  da  üç-dörd  həmkarı  ilə  Təbrizlə  ticarət  əlaqəsinə  girmişdi.  On  birinci  ordu 

Azərbaycanı  istila  edəndə,  atamın  mağazaları,  bütün  var-yoxu  əlindən  çıxmışdı.  Biz  qorxub, 

Qaryagin  şəhərindən  kəndə  qaçmışdıq.  Evlərimiz  xalça-gəbəylə,  mebellə  dolu  qalmışdı.  On 

birinci  ordunun  bir  batalyonu  bizim  evlərdə  yerləşmişdi.  Aralıq  düzələndə,  biz  şəhərə  -  öz 

evimizə qayıdanda gördük ki, var-yoxumuzdan heç nə qalmayıb. Əsgərlər atamın Peterburqdan 

gətirdiyi mebelləri sındınb, taxtalarmı ocaqda yandırmış, məxmərlərini da atlara çul etmişdilər. 

Bütün  bunlara  baxmayaraq,  «Yeni  iqtisadi  siyasət»  sayəsindəki  yalançı  azadlıqdan  istifadə 

eləyən atam təsərrüfatını  yoluna qoyaraq,  bağımızda dərin su quyusu qazdırırdı. Quyunun ağzı 

üçün mədəndən iri daş gətirib ortasını dəldirmişdi. 

Su quyusunu  iki  adam qazırdı:  biri düsərlə qazıb  torpağı torbaya doldurur,  yuxarıda  -  quyunun 

başında duran adam da onu çəkib kənara boşaldırdı. 

Yaz vaxtı idi. Anamla atam ikinci mərtəbənin eyvanında əyləşib çay içirdilər. Onların yanında iri 

dibçəkdə  gur  çiçək  açmış  oleandr  gülü  var  idi.  0  zaman  bizim  yerlərdə  oleandr  gülü  olmazdı. 

Gülü atam haradansa gətirmişdi. Yəqin ona görə də, o gül indi də yaddaşımda qalıb: cavan, gözəl 

bir qadm olan anamın əynindəki mavi atlas paltarının rəngi ilə o oleandrın təravətli çəhrayı rəngi 

bir-birinə qəribə, zərif ahəng verirdi.  

Aşağıda  - bağçada qazılmaqda olan quyunun  başında ortayaşlı  bir kişi dayanıb qazılan torpağı 

çəkib kənara tökürdü. 

Birdən,  sanki  qeybdən  gələn  bir  səs  kimi,  bir  muğam  eşidildi.  Kimsə  olduqca  şirin,  həzin  bir 

ahənglə oxuyurdu. Şeirə, musiqiyə qarşı çox həssas bir qadın olan anam təəccüblə atama baxaraq 

soruşdu: 

- Harada oxuyurlar bunu? Atam xoş ifadə ilə: 

- Quyunun içində! - dedi. 

Və quyunun başında dayanıb torpaq çəkən kişiyə işarə ilə əlavə etdi: 

- O kankanın oğludur. Quyunu o qazır. 

Mən  də,  anam  kimi,  musiqiyə  qarşı  çox  həssas  olduğumdan  o  muğama  heyranlıqla  qulaq 

asırdım. 

Mən, o on altı-on yeddi yaşında sağlam, qaraqaş, qaragöz oğlanı, o gənc kankanı hər gün gəlib 

quyuya girəndə görürdüm. 

Anam dedi: 

- Gozəl səsi var. Nə əcəb xanəndə olmaq istəmir? Atam: 

-  Bunlar  Cənubi  Azərbaycandan  gəliblər,  -  dedi.  -  Mən  də  kişidən  soruşdum  ki,  oğlunun  belə 

gözəl  səsi  var,  nə əcəb ustad xanəndələrdən  birinə qoşmursan?  Kişi dedi ki, əvvəl öz sənətimi 

öyrədirəm, sonra özü bilər. 

O gecə uzun zaman gözümə yuxu getmirdi. O yaz gecəsinin səssizliyi içində quyunun qaranlıq 

dibindən gələn o səsi sanki mən hey eşidirdim... Bəzən Arazın o tayından gələn və bu cür qəribə 

bir yanğı ilə oxuyan o gənc xəyalında donüb zülmət dünyasına düşmüş Məlik Məmməd olurdu. 

Bəzən  də  anamın  nağıl  elədiyi  «Yusif  və  Züleyxa»  dastanının  quyuya  atılmış  Yusifı  olurdu. 

Qəribədir ki,  mən onu oxuduğu  muğam  ilə  birlikdə adi,  yəni, bu  işıqlı dünyada təsəvvür eləyə 

bilmirdim... Elə bil ki, o məhz qaranlıq quyuda, o zülmət dünyasında hansı bir kədərli hekayəti 

isə oxumaq üçün yaranmışdı... 

Anam soruşdu: 

- Çox təsirli səsi var, adı nədir o oğlanın? Atam dedi: 

- Deyəsən, Ağabaladır... 




O zaman bizim o balaca Qaryagin şəhərində (o şəhərin əsl adı «Qarabulaq» olub; sonra Qarabağı 

istila eləyən rus qoşununun polkovnikini yerli əhali öldürdüyü üçün, çarın əmri ilə oranın adını 

«Qaryagin» qoyublar) kiçik, amma maraqlı, sevincli bir dram dərnəyi var idi. Bu dərnəyi Sovet 

hökumətinin qurulması ilə yoxsullaşmış yerli bəylərdən olan Şamxal bəy Vəzirov təşkil etmişdi. 

Şamxal  bəy  uca-boylu,  arıq,  uzunsov,  xoşsifət  bir  kişi  idi.  Onun  bütün  hərəkətlərində, 

danışığında,  bəlkə,  özünün  də  fərqinə  varmadığı  təbii  bir  komizm  var  idi.  Onunla  qarşılaşan, 

salamlaşan hər kəsin üzündə bilaixtiyar xoş bir ifadə, bir təbəssüm peyda olurdu. O yaranışından 

hərtərəfli istedada malik bir artist idi. Uşaq vaxtımda bir dəfə mən onu Süleyman Saninin «Laçın 

yuvası»  pyesinin  tamaşasında  Əmiraslan  bəy  rolunda  görmüşdüm.  0  qədər  canlı,  o  qədər təbii 

oynayırdı ki, obraz bütün faciəsilə birlikdə indi də gözümün qabağındadır. 

Bizim  balaca  şəhərimizdə  hamı  onu  sevirdi.  Hamı  ona  hörmət  edirdi.  O  inqilabdan  əvvəl  də, 

sonra da, heç kəslə işi olmayan, həqiqi mənada «yaxşı adam» kimi tanınan bir insan idi. Onun 

şəhərimizdə düzəltdiyi  və özünün rejissorluq etdıyi o dram dərnəyində  istedadlı gənclər də var 

idi.  Şamxal  bəy onların  köməyi  ilə  «Məşədi İbad»,  «Arşın  mal  alan»,  «Zorən təbib» (Molyer), 

«Müfəttiş»  (Qoqol),  «Dağılan  tifaq»  kimi  tamaşalar  qoyurdu  və  bu  tamaşalar  hər  dəfə  şəhər 

əhalisinin şadlığına səbəb olurdu. 

Lakin ona da Sovet hökuməti deyərdilər! Ola bilməzdi ki, onun quruluşunda bir sevinc, bir xalq 

şadlığı axıra qədər davam eləsin. Şamxal bəyin qardaşı Surxay bəy Vəzirovu məhz bəy olduğu 

üçün  iyirminci  illərin  o  dəhşətli  sovet  terroru  dövründə  günün  günortaçağı  ikən  NKVD  işçisi 

aldillə evdən küçəyə çağırıb, oradaca güllələyib getmişdi. Ömründə bir sərçəyə də güllə atmayan 

zavallı artisti isə, gecənin bir çağı aparıb, Sibirin buzlu cəhənnəmində clə itirdilər ki, «gördüm» 

deyən olmadı. 

Mən  Şamxal  bəyin  oğlu  Əsədlə  məktəbdə  bir  sinifdə  oxuyurdum  (Əsəd  bəy  sonralar  Bakının 

ləyaqətli  həkimlərindən  biri  olmuşdu).  Biz  tez-tez  onların  şəhərin  kənarındakı  üçmərtəbəli 

evlərinin  bağına  gedərdik.  Hər  dəfə  də  mən  Şamxal  bəyin  anası  Şəkər  xanımı  bağda,  ağaclar 

arasında hərlənən görərdim. Oğlanları kimi ucaboylu, yaşına baxmayaraq, çox yaraşıqlı bir qadın 

idi. O əvvəllər məni görəndə, həmişə anamın, qoca nənəmin keflərini soruşardı. Lakin indi sanki 

bizi  heç  görmürdü.  Sükut  içində  olan  ağacların  arasında  elə  gəzirdi  ki,  elə  bil,  fıkri,  xəyalı, 

yaddaşı  ondan  tamam  uzaqlaşmışdı.  Bəzən  dodaqları  səssizcə  tərpənirdi.  Görünür,  nə  isə, 

deyirdi.  Ancaq  lal  bir sükutla  işıqlanmış üzündə  heç  bir  ifadə  -  nə  inciklik,  nə kədər, nə  hüzn 

sezilmirdi.  Ananın  o  şəkli  hər  dəfə  gozümün  qabağına  gələndə,  ani  bir  vahimə  ilə  öz-özümə 

deyirəm:  «İlahi,  insanın  nə dəhşətli  iztirabları olur?» Və  bu zaman gah  belində gümüş qəbzəli 

xəncər, əynində gümüş vəznəli çuxa, ayaqlarında parlaq uzunboğaz çəkmə, cavan, gözəl Surxay 

bəy, gah da zavallı artist Şamxal xəyalımda sürətlə bir-birini əvəz edir... 

Sovet hokuməti, dərd içində, əlacsız dolaşdığı o bağı da, ərinin tikdirdiyi o evi də Şəkər xanıma 

çox  gördü.  Vəzirovlar  ailəsini  (vaxtilə,  bizim  kimi)  çölə  tökərək,  üçmərtəbəli  evlərini  kolxoz 

sədrləri üçün təbliğat məktəbi eləyib, dəlisov, qırmızı bir kommunisti də ora direktor qoydular. 

Şamxal  bəyin  tutulub  itirilməsi  ilə,  onun  düzəltdiyi  dram  dərnəyi  də  dağıldı.  Lakin  Qarabağ 

camaatı musiqisiz, zarafatsız, qaravəllisiz, toysuz-düyünsüz yaşaya bilməz. Neçə illər idi ki, teatr 

sənəti də onun həyatına daxil olmuşdu. 

Ölkədə  sovet  terrorunun  hökm  sürməsinə,  günahsız  adamların,  sorğusuz-sualsız,  orda-burda 

tutulub  güllələnməyinə  baxmayaraq,  yerli  cavanlar  yığılıb  şəhərdəki  yeganə  klubda  xırda 

məzhəkələr,  birpərdəli  tamaşalar  təşkil  edirdilər  və  bunlara  Bakıdakı  teatr texnikumunu  bitirib 

gəlmiş Cəmil Vəzirov adlı oğlan başçılıq edirdi. 

Cəmil Vəzirov Şamxal  Vəzirovun kiçik qardaşı  idi. Çox  yaraşıqlı, elastik  bədənli, təbii  yumor 

qabiliyyətinə  malik  bir oğlan  idi. Gözəl  səsi  var  idi. Sonra onun təşkil etdiyi dram dərnəyində 

Mürşüd  Həşimli,  Təhməz,  Savalan,  Qəmzə,  Mələksima  kimi  gənc  istedadlı  artistlər  öz  gözəl 

oyunları  ilə tanınmağa  başladılar. Və az zaman  içində klub şəhər əhalisinin  yeganə  sevinc  yeri 

oldu.  Gənc  artistlərin  hərəsinin  parlaq  bir  yaradıcılıq  xüsusiyyəti  meydana  çıxırdı:  paxlava-

peşmək  satan  Mehdi  kişinin  oğlu  Mürşüd  Həşimli  şəhərin  məşhur  tragiki  olub,  Oqtay  Eloğlu, 

Aydın, Əmiraslan bəy rollarını xüsusi məharətlə oynayırdı. Evlərdə günəmuzd iş görən, xeyirdə-

şərdə  fəal  iştirak  edən  Xeyrənsə  xalanın  oğlu  Təhməz,  məsələn,  «Hacı  Qara»da  Kərəməli, 




«Məşədi İbad»da hambal rollarını oynamaqla şöhrət qazanmışdı. Aşbaz Məmmədəli əminin oğlu 

Səfər komik rollarda səhnəyə çıxanda tamaşaçılar gülməkdən qəşş edirdilər. 

Truppanın rejissoru olan Cəmil Vəzirov özü Məcnun, Kərəm, Aşıq Qərib kimi rolları məharətlə 

oynayırdı. Yanıqlı, şirin səsi ilə ürəkləri riqqətə gətirirdi. Tərəkəmə qəssab Xanlar əminin oğlu 

Savalan  təmkinli  obrazlar  yaradırdı.  Şəhər  əhli  klubun  tamaşalarını  həmişə  böyük  maraqla 

gözləyirdi.  Zalda  boş  yer  olmurdu.  Kişilər,  qadınlar  təzə  libaslarını  geyib  gəlirdilər.  Tamaşa 

zalına bahalı ətirlərin qoxusu dolurdu. Bu gənc teatr dəstəsi kəndlərdə, hətta, qonşu rayonlarda 

da  gedib tamaşalar verirdi. Təbii məsələdir ki, teatr binasında onların nə paltar-filan sexi, nə də 

dərziləri-zadı vardı. Tamaşa üçün paltar tikdirməyə də maddi imkanları yox idi. 

Artistlər  səhnə  üçün  lazım  olan  paltarları,  məsələn,  keçmiş  xanın-bəy  paltarlarını  çox  zaman 

keçmiş  adamlardan  müvəqqəti  alıb,  sonra  da  qaytarardılar.  Şəhər  əhli  səhnəyə  lazım  olan 

paltarlarını məmnuniyyətlə verirdilər. Bu gənc incəsənət dəstəsiylə şəhər əhalisi arasında səmimi 

bir  ünsiyyət  yaranmışdı,  elə  bil  ki,  xalq  on  birinci  ordunun  gətirdiyi  böyük  qəddarlığı,  terror 

dəhşətini bu kiçik artistlər dəstəsinin mehribanlığı ilə, yaratdıqları tamaşaların sadə dili ilə təsəlli 

tapıb  unudurdu.  Hamı  yeni  tamaşaların  afışalarını  böyük  həvəslə  oxuyurdu,  izləyirdi.  Rəngli 

qələmlərlə çəkilmiş afışaların başında həmişə yazılardı: «Həyat müvəqqəti, incəsənət daimidir». 

Bir  gün  də  «Əsli  və  Kərəm»  tamaşası  üçün  afışada  oxuduq  ki,  Kərəm  rolunda  İrandan  gəlmiş 

Ağabala  Abdullayev  oynayacaq.  Hamı  elə  bilirdi  ki,  yəqin  bu  İran  artistidir.  Ancaq  atam 

gülümsəyərək, anama dedi ki, bu bizim quyunu qazan həmin cavan oğlandır. 

Bu  əhvalat  mənə  qəribə  təsir  eləmişdi.  Axı,  uşaqlıqda  mən,  bir  növ,  əllamə  idim.  Heç  kəsin 

ağlına  gəlməyən  qəribə  şeylər  mənim  ağlıma  gəlirdi.  Məsələn,  mənə  elə  gəlirdi  ki,  Kars 

mahalından  gəlmiş  ulu  babamız  Əhməd  xocanı,  hətta,  onun  üzündəki  qılınc  yarasını  da 

görmüşəm.  Və  ya  anamın  babası,  yəni,  istəkli  Bayram  babamın  atası,  tərəkəmə  Məşədi 

Gülməmmədin  cavan  vaxtı  İran  qaçaqları  ilə  vuruşduğu  zaman  qaçaq  başçısının  gorda  ilə 

(qılıncla) vurub sağ əlini bir anda biləyindən üzdüyünü, anası məşhur el anası Səkinə qocamızın 

onun  əli  üzülmüş  biləyini  necə  dağ  yağa  salmaqla  qanını  kəsdiyini  görmüşəm.  Yəqin  belə 

ağlasığmaz şeyləri (hətta təkidlə) danışdığım üçün çox ciddi bir adam olan rəhmətlik atam bəzən 

mənə bir cür baxırdı. 

...  Səkkiz-doqquz  yaşlarında  olduğum  zaman  biz  Yağlıvənd  tərəkəmələri  ilə  yazda  Kirs 

yaylağına gedirdik. Gecə Ziyarət deyilən dağın ətəklərində düşüb dincəlirdik. Anam atama dedi: 

-  Buracan gəlmişik, səhər çıxaq Ziyarətin başındakı Pirə də dəyək. 

Mən hövlnak dedim: 

- Gedək, gedək Pirə! Ora yaman gözəldi.  

Atam soruşdu: 

- Nə bilirsən gözəldi? 

 Mən dedim: 

-  Niyə  bilmirəm.  Buralarda  olmuşuq  da.  Mən  bu  dəvəyə  oxşayan  qayalara  minib  oynayırdım 

də!..  


Atam dedi: 

-  Biz  burda  olanda  sən  anayın  qarnında  idin.  Orda  da  pəncərə-zad  yox  idi  ki,  sən  buraları 

görəsən. 

Atamın  sözləri  məni  xeyli  pərt  elədi.  Mən  and  içib  təkid  etmək  istəyirdim  ki,  bu  yerləri 

görmüşəm, dostum Yəqubla bu dəvəyə oxşayan qayalara minib oynamışıq... 

Indi  atamdan  kankan  oğlanın  bizim  böyük  (o  zaman  mənim  üçün  çox  böyük  idü),  işıqlı 

klubumuzda gözəl Əslinin sevgilisi Kərəm olacağını eşidəndə sevinclə dedim: 

- Allah Yusifı quyudan çıxardı! Atam təəccüblə mənə baxaraq: 

- Nə Yusif, - dedi, - bu yenə nə danışır? 

Atamın mənim sözlərimə lıəmişə bir cür, şübhə ilə baxması bu dəfə mənə bərk toxımdu. Və mən 

üsyanla dedim: 

- Həzrət Yusif hamıdan gözəl olduğu üçün qardaşları onu paxıllıqla aldadıb salmışdılar quyuya. 

Allah da onu quyudan çıxardı. 

Atam soruşdu: 




- Bunları hardan bilirsən?  

Mən dedim: 

- Anam «Yusif və Züleyxa» nağılını mənə danışıb. O oğlan da Yusif peyğəmbərə oxşayır. 

Atam bu dəfə mülayim ifadə ilə dedi: 

- Bu oğlanı ki, heç kəs quyuya salmayıb? Quyu qazır, pul qazanır.  

Mən dedim: 

-  Pul qazanmaq üçün elə əzab çəkir. Birdən o quyu başına uça bilər. Heyf ki, o cür gözəl oxuyur, 

amma qırx arşın quyunun dibində işləyir?! 

Sonra mən öz otağıma keçəndə eşitdim ki, atam anama deyir: 

- Bu uşaq eyzən yaşından böyük danışır... Anam dedi: 

-Nə olar... danışsın... Atam: 

- Uşaq uşaq olmalıdır! - dedi. 

Orası da çox qəribədir ki, mən özüm də özümü uşaq kimi hiss etmirdim. Bəzən mənə qəribə bir 

hiss hakim olurdu. Mənə elə gəlirdi ki, çox-çox uzaq zamanlardan yaşayıb gəlirəm. Cırcıramalar 

min il bundan qabaq da qızmar günəş altında elə beləcə oxuyurdular... 

İndi Allahın qırx arşın quyunun dibindən işıqlı dünyaya çıxarıb gətirdiyi kankan oğlunun taleyi 

mənə fövqəladə bir hadisə kimi  həzrət Yusifın quyudan çıxarılması kimi müqəddəs görünürdü. 

Deyirlər,  həqiqi  istedad  Allah  vergisidir.  Və  indi  mən  o  kankan  oğlanın  quyudan  çıxıb, 

adamların  gözü  qabağında  əsrlər  yola  salrmş  Kərəm  rolunu  necə  oynadığını,  mıığamları  necə 

oxuduğunu  təkrar-təkrar  xatırladıqca,  təkrar-təkrar  inanıram  ki,  bəli,  istedad  Allah  vergisidir! 

Lakin onu insana verən böyük Yaradan nə üçün bəzən o insanın özünü unudur? Nə üçün insana 

bəxş etdiyi böyük istedadı meydana çıxarmağı yalnız onun öz öhdəsinə buraxır? Nə üçün onun 

taleyinin insafsız dönüklüyünə imkan verir? 

Cənubi  Azərbaycanın  uzaq  bir  kəndindən  gəlmiş  kimsəsiz,  pulsuz  cavan  bir  oğlan  Stalin 

cəhənnəminin  dəhşətləri  içində  öz  istedadına  necə  yol  aça  bilərdi?!  Necə  oldu  Ağabalaya  -  o 

kimsəsiz oğlana bəxş olunan böyük istedad? Ona verilən həzrət Yusif yaraşığı nə üçün idi? Axı, 

yəqindir  ki,  Allah  o  dilsiz-ağızsız  oğlanı  yalnız  qırx  arşınlıq  quyuda  həyatın  amansızlıqları  ilə 

vuruşmaq üçün yaratmamışdı... 

Ağabalanın Kərəm rolunu oynadığı o gecə ağzına qədər dolu olan zalda dərin bir sükut vardı. Elə 

bil ki, Kərəmin dərdi hamının xəyalını özü ilə haralara isə uzaqlara aparmışdı. Əlbəttə, əslində 

Kərəmin dərdi elə fovqəladə bir hadisə deyildi. Xan Kərəm, Qara keşişin qızı Əsliyə aşiq olmuş, 

öz dininə sadiq Qara keşiş də qızını  müsəlmana vermək istəməyərək götürüb qaçmışdı. Kərəm 

də bu hicranın dərdi ilə, atəşi ilə yanırdı... Lakin o hicran və onu o qədər dərin, o qədər niskilli 

ifadə  eləyən  o  səs,  o  zaman  sanki  göylərin  sonsuzluğundan  enib  gələn  o  həzrət  Davud  avazı 

bütün ürəklərin dərdini, niskilini bu çətin, bu anlaşılmaz dünyanın dərdi ilə birləşdirmişdi. Sanki 

qırx  arşınlıq  quyunun  dibindən  çıxmış  Ağabalanın  oxuduğu  muğamlar  insan  ruhunun  əbədi 

təsəllisi idi. Bəlkə bu təsəlli özü də, Ağabalanın istedadı kimi, o zaman insanlara göndərilmiş bir 

hədiyyə idi. 

İndi,  o  gecədən  keçən  çox  uzun-uzun  illərdən  sonra  o  rəhmətliklər  haqqında  düşünərkən 

fıkirləşirəm ki, insan qəlbinin dərinliklərində nə qədər gizli hisslər, nə qədər deyilməmiş qəmli 

əhvalatlar  olarmış...  Əlbəttə,  bu  barədə  soruşsaydılar,  yəqin  ki,  Ağabala  özü  heç  nə  deyə 

bilməzdi. Çünki özü də bilmirdi... Bir də ki, axı, biz insanlardan kim onu idarə edən, ona qəmli 

muğamlar oxudan duyğuların dilini, mahiyyətini dərk edib? 

İlk dəfə səhnəyə çıxan Ağabalanın Kərəm oyunu ilə sanki bütün teatr kollektivinə bir canlanma 

gəlmişdi.  İndi  teatrın  məşhur  tragiki  Mürşüd  Həşimli  qara  ləbbadəli,  uzun  ağsaçlı,  ağsaqqallı 

Qara keşiş  idi.  Türk paşası rolunu  ifa eləyən Savalan qızını  Kərəmə  verməyi elə qəzəblə Qara 

keşişə  əmr  edirdi  və  Mürşüd  də  elə  gurultulu  səslə  cavab  verirdi  ki,  deyərdin,  bu  elə  həyatın 

özüdür... 

Əsli rolunu Savalanın arvadı, boylu-buxunlu, yaraşıqlı bir gəlin olan Qəmzə xanım ifa edirdi. 

Mən sonralar «Əsli və Kərəm»i çox məşhur, mahir oxuyanlarımızın ifasında gördüm. Lakin heç 

birində Kərəm surəti mənə o gənc kankanın oynadığı Kərəm qədər təsir etmirdi. Bunu mənim o 

zaman uşaq olmağımla  izah etmirəm. Çünki o qədər də sadəlövh uşaq deyildim. İndi o barədə 




düşünərkən,  xatırlayıram  ki,  onun  oyununda  fövqəladə  dərəcədə  təbii  yanğı  var  idi.  Onun 

oxuduğu  mənada  insan  dərdinin,  nakam  insan  iztirabının  sonu,  nəhayəti  yox  idi,  zaman  və 

məkanı yox idi... 

Gənc Ağabala sonra Məcnun rolunu da o qədər təbii, o qədər təsirli oynadı. Bu yanğı, bu sonu 

görünməyən  insan  iztirabı,  bu  sözsüz  insan  dərdi  sonralar  məşhur  bir  xanəndə  olduğu  zaman 

toylarda oxuduğu muğamlarda da ürəkləri yandırırdı. 

O balaca teatr yalnız Füzuli şəhərinin deyil, bütün Araz boyu Qarabağın sevinci olmuşdu. Onun 

rəhbəri Cəmil Vəzirovun da, dediyim kimi, gözəl səsi var idi. Lakin Ağabalanın daha güclü səsi 

olduğu  üçün  meydanı  ona  vermişdi.  Ümumiyyətiə,  truppanın  bütün  üzvləri  müəyyən  istedada 

malik,  teatr  sənətini  sevən  səmimi  gənclər  idi.  Müharibə  vaxtında  gecə-gündüz  kəndlərdə 

tamaşalar verirdilər. Xalqa, heç olmazsa, öz sənətləri ilə təskinlik vermələri ilə fəxr edirdilər. 

Lakin,  kim  deyə  bilər  ki,  sovet  hökuməti,  o  quruluş  insanların  hansı  xeyir  işinə  rövnəq  verib, 

kömək  eləyib?!  Müharibə  zamanı  Füzuli  rayonuna  bir  raykom  katibi  qoymuşdular,  bütün 

raykom  katibləri  kimi,  o  da  şüarlarına,  yalançı,  saxta  fəaliyyətinə  görə  irəli  çəkilmiş  töhfə 

təbərcehi kommunistlərdən idi. Bir gün nəyə görə isə gənc artistlərə acığı tutub. Hərbi komissara 

tapşırıb  ki,  «Müharibə  vaxtı  nə  teatrbazlıqdır?  Bunları  bas  fronta!»  Komissar  da  artistlərin 

hamısını basıb fronta! 

Beləliklə,  hörmətli  kommunist  katib,  xalqın  yeganə  sevinc  ocağını  söndürdü.  Cəmil  Vəzirov, 

Savalan Zülfuqarov, Təhməz müharibədən qayıtmadılar. Ağabala səhnədən, teatrdan uzaqlaşdı. 

Əgər, səhnə fəaliyyəti davam etsəydi, onun böyük opera artisti olacağına şübhə yox idi. 

Sonra  mən  Bakıya  geldim.  Ağabalanı  uzun  müddət  görmədim.  Ancaq  haqqında  eşidirdim  ki, 

hərdən kənd toylarına gedir.  Kefi o qədər də  yaxşı deyil. Neçə  il  bundan qabaq  bizi  Füzulinin 

Kürdmahmudlu  obasına  -yaxın  qohumumuz  Şəfanın  toyuna  dəvət  etmişdilər  (Şəfa  Əliyev  indi 

Bakının  tanınmış  cərrahlarındandır).  Biz  də  yığışıb  getmişdik.  Oğlanın  atası  -  mənim  anamın 

əmisi oğlu Xanoğlan müəllimin  bağçasında böyük mağar qurulmuşdu. Oba adətinə görə, toyun 

musiqi  dəstəsi  hörmətli  qonaqların  qabağına  çıxıb,  onları  musiqi  ilə  qarşılayır.  Bizi  də  elə 

qarşıladılar.  Mən,  çalğıçılar  içində  əlində  qaval  Ağabalam  gördükdə,  ürəyimə  ani  bir  kədər 

çokdü.  O  cavan  kankan  oğlanın,  Allahın  qırx  arşınlıq  quyudan  çıxarıb,  insanlar  arasına 

buraxdığı,  insan  dərdinin  nəhayətsizliyini  hekayə  eləyən  muğamları  ilə  xəyalları  çəkib 

əbədiyyətə aparan həzrət Yusifin yaraşığından çox az şey qalmışdı... Üzünün ifadəsi də, Kərəmi, 

Məcnunu  oynadığı  zamanlarda  olduğu  kimi  deyildi.  Çörəkpulu  qazanan  adi  bir  cəfakeş  adam 

ifadəsi  idi.  Lakin  gecə  «Segah»  oxuduğu  zaman  o  uzaq  mükəddər,  mütəəssir  ifadə  yenidən 

çöhrəsində, gözlərində zühur olmuşdu. Əlbəttə, soruşsaydın ki, o nədən kədərlənir? Nəyə təəssüf 

edir?  Ağabala  yəqin  cavab  verə  bilməzdi.  Çünki  bu onun öz taleyi  idi. İnsan öz taleyindən  nə 

vaxt baş açıb ki?! 

O gecə biz Ağabala ilə xeyli söhbət elədik. Keçən günləri, Ağabalanın Kərəmi, Məcnunu, Aşıq 

Qəribi oynadığı vaxtları xatırladıq... 

Ağabala bir az susub sonra kədərlə əlavə etdi: 

-  Opera  tamaşalarına  çox  həvəsim  vardı...  Heyf  ki,  baş  tutmadı...  0  zaman  o  raykom  katibi 

artistləri  müharibəyə  basdırıb,  o  teatrı  dağıtmasaydı,  iş  başqa  cür  olardı.  Cəmil...  Təhməz... 

Savalan... Neçə başqa oğlan, yəqin ki, yadındadı, qalsaydılar

,

 indi məşhur artist idilər... Teatr da 



dağılmazdı... 

Mən soruşdum: 

-  Nə əcəb  sonra sən Bakıya gedib opera sənətinin dalına düşmədin? 

- İmkanım olmadı - dedi... - Pul lazım idi... Ev lazım idi... Bakıda da heç bir yaxın adamımız yox 

idi... Atam da qocalmışdı. Daha quyuda işləyə bilmirdi. Ailə mənim üstümdə idi. 

O  danışdıqca,  mən  fıkirləşirdim  ki,  ilahi,  pis  adamlarla,  o  raykom  katibi  kimi  «hüquqlu» 

canilərlə  dolu  bu  həyat  böyük  istedadları,  böyük  xəyalları  necə  adiləşdirir,  necə 

məhdudlaşdırır?.. 

- Bu yaxınlarda mənim dostum, gözəl şairimiz Qasım Qasımzadənin sözlərinə yazılmış «0lmaz... 

olmaz» adlı bir mahnı eşitdim, sonra bildim ki, müəllifı sənin oğlun Zöhrabdır. Çox istedadlıdır. 

- Pəsdən oxuyur da. 



Mən onun səsində, nə isə, gizli bir ümid, bir sevinc duydum. Ancaq taleyin amansızlığına bax ki, 

Ağabalanın  vəfatından  sonra,  istedadlı  bəstəkar  və  müğənni  oğlu  Zöhrab  da  qəflətən  rəhmətə 

getdi.  Mən  Ağabalanı  Şəfanın  toyunda  görəndə  səhhətindən  şikayət  edirdi.  Dedim  ki,  nə  üçün 

sanatoriyalardan birinə gedib müalicə olunmursan? 

Ailəni qoyub getmək olmur... Çörəkpulu qazanmaq lazımdır. 

Mən  Ağabalanı  başa  düşürdüm.  Axı,  pulsuz,  adamsız  rayon  Orfeyi  məhz  o  zamankı  lənətə 

gəlmiş sovet quruluşunda qırx arşınlıq quyunun dibindən necə çıxa bilərdi?! Axı, o quruluş özü 

yalnız Orfey üçün deyil, bütün insanlar üçün dəhşətli quyu deyildimi?! 

Mən vaxtilə öz istedadlı komizmi ilə xalqı şənləndirən balaca boylu artist Səfəri soruşdutn: 

-  Əh!..  -  deyə  Ağabala  kədərlə  cavab  verdi.  -  Səfərin  o  gördüyün  keyfindən  əsər-əlamət 

qalmayıb.  Yazığın  dünya  gözəli  bir  qızı  qəfil  xəstəiəndi.  Rayon  həkimləri  baş  tapa  bilmədi. 

Dedilər gərək Bakıya aparsınlar. Onun üçün yazıq Səfərin pulu nə gəzirdi? Qız rəhmətə getdi... 

Yazıq Səfərə o qədər təsir eləyib ki, görsən, tanımazsan... 

O  toydan  bir  neçə  il  sonra  Ağabalanın  Füzulidə  vəfat  etdiyini  eşitdim.  Allahın  qüdrətli  istedad 

verdiyi o böyük müğənnidən vala, lentə yazılmış muğamlar yadigar qaldı... 

Sonralar  mən  yalnız  Mürşüd  Həşimlini  -  Füzuli  teatrının  məşhur  tragikini  tez-tez  görürdüm. 

Bakıya  yolu düşəndə  həmişə  bizə gələrdi. Rəhmətlik anam da ona çox  hörmət edərdi. Çiyninə 

tökülən  saçları  ağarmış,  həmişə  təravətli  üzü  qırış-qırış  olmuşdu,  amma  daxili  cavanlığını 

itirməmişdi. 

Bir  dəfə  soruşdum  ki,  az  təqaüdlə  necə  dolana  bilirsən?  Əlli  ildən  artıq  səhnədə  sevdiyi 

tamaşaçılarına xidmət etmiş o əməkdar sovet artisti cavab verdi ki, yarım kilo qoyun əti alıram. 

Arvad iki gün bişirir, bizi görür... 



Yazıq əməkdar artist bu sözləri elə bir ifadə ilə deyirdi ki, elə bil ona da şükür edirdi... 

1991 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Yüklə 76,06 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə