Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin müəyyən edilməsi barədə



Yüklə 22,63 Kb.
tarix05.10.2017
ölçüsü22,63 Kb.
#3293

Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin müəyyən edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 1999-cu il 15 aprel tarixli, 122 nömrəli və "Azərbaycan Respublikasının Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarının və sərəncamlarının qüvvədən düşmüş hesab edilməsi və onlara dəyişiklik edilməsi barədə" 2000-ci il 6 mart tarixli, 292 nömrəli fərmanlarının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. Rasİzadə





Bakı şəhəri, 15 iyul 2000-ci il


№ 126

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2000-ci il 15 iyul tarixli, 126 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR


Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin
SİYAHISI
*


Nəzərə alınan ödənclər:

faktiki işlənmiş vaxt üzrə tarif (vəzifə) maaşı;

müəssisə, idarə və təşkilatlarda qüvvədə olan əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatların bir aya düşən müvafiq hissəsi; **

kompensasiya və həvəsləndirici xarakter daşıyan daimi əlavələr (zərərli əmək şəraitində, gecə vaxtı, çoxnövbəli rejimli işə, peşələrin (vəzifələrin) əvəz edilməsi, elmi dərəcəyə, fəxri ada görə və s.);

uşağın yedizdirilməsi üçün ayrılmış fasilələrin ödənilməsi;

iqlim şəraitinə görə əmsallar üzrə əlavə ödənişlər;

qəzet, jurnal, nəşriyyat, radio və televiziya, informasiya agentliklərinin ştatlarında olan əbədi işçilərə ədəbiyyat qonorarı fondlarından verilən qonorarlar, daimi xarakter daşıyan müəlliflik, artist qonorarları və quruluş haqqı;

işçinin təqsiri olmadan zay (yararsız) sayılan məhsulun istehsalına, boşdayanmaya, hasilat normalarını yerinə yetirmədiyinə, soyuq və isti havalar şəraitində fasilələrə və işin dayandırılmasına görə ödəmələr;

əmək qabiliyyətini müvəqqəti itirməyə ,hamiləliyə və doğuma görə müavinətlər;i[1]

qanunvericilikdə işçilərin iş yerlərinin və orta əmək haqqının saxlanıldığı, əvvəlki əmək haqqı ilə yeni iş yerindəki əmək haqqı arasındakı fərq ödənildiyi və əvvəlki vəzifəsi (peşəsi) üzrə əmək haqqı saxlanıldığı hallarda;

məcburi işburaxma dövrünün ödənilməsi;

əmək, təhsil və yaradıcılıq məzuniyyəti dövründə saxlanılan orta əmək haqqı.

Nəzərə alınmayan ödənclər:

birdəfəlik xarakter daşıyan əlavə mükafatların bütün növləri, yubiley və bayram günləri, anadan olan günlər ilə bağlı və digər analoji hallarda verilən həvəsləndirici ödənclər (mükafatlar da daxil olmaqla);

işçinin öz vəzifəsinə aid olmayan ayrı-ayrı tapşırıqların yerinə yetirilməsinə görə ödəmələr;

iş vaxtından artıq iş saatlarının ödənilməsi;

istirahət, iş günü hesab edilməyən bayram və ümumxalq hüzn günlərində işə görə ödəmələr; ii[2]

əmək alətlərinin, vəsaitlərinin və digər əşyaların amortizasiyasına görə pul əvəzi ödəmələr;

maddi yardım şəklində verilən müxtəlif növ ödənişlər;

ezamiyyət ilə bağlı verilən ödəmələr, çöl xərcləri, daimi işi yolda olan, yaxud gediş-gəliş və ya gəzəri xarakter daşıyan işçilərə ödənilən əlavələr, bilavasitə tikintidə çalışan işçilər üçün səyyar xarakterli işə görə, işin növbə metodu ilə yerinə yetirilməsinə görə əlavələr;

müvəqqəti əvəzetməyə görə ödəmə;

ayrı-ayrı işçilərə pulsuz verilmiş mənzil, kommunal xidmətlərinin, yanacağın, nəqliyyatda gediş biletlərinin dəyəri və ya onların kompensasiyası;

işçilərə verilən iş paltarlarının, iş ayaqqabılarının və başqa fərdi mühafizə vasitələrinin, sabunun, başqa yuyucu vasitələrin, südün və müalicə-profilaktika qidalarının dəyəri;

qanunvericilikdə nəzərdə tutulmuş hallarda pulsuz qidaların dəyəri (pulsuz kollektiv yeməklər, müəssisənin mənfəətinin hesabına işçilərə pulsuz və ya güzəştli şərtlərlə verilən yeməklər);

sanatoriya-kurort müalicəsinə və istirahət evlərinə yollayışların dəyəri;

başqa əraziyə işə keçirildikdə və yaxud köçdükdə mənzil kirayəsi və əmlakın daşınması üzrə xərclərin ödənilməsi;

istehsalatdan ayrılmaqla təhsil almağa göndərilmiş işçilərə müəssisə və təşkilatlar tərəfindən ödənilən təqaüdlər;

yarış, baxış və müsabiqə qaliblərinə verilən pul mükafatları;

gənc mütəxəssislərə ali və yaxud orta ixtisas təhsil müəssisəsini qurtardıqdan sonra verilən məzuniyyət zamanı müəssisələrin, idarələrin və təşkilatların hesabına ödənilən müavinətlər;

mülki hüquqi müqavilələr üzrə işlərin yerinə yetirilməsinə görə ödəmələr.

istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya.

* Bu Siyahı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 177-ci maddəsinə uyğun olaraq əmək məzuniyyəti dövrü üçün verilən əmək haqqı istisna olmaqla qalan bütün hallar üçün orta əmək haqqının hesablanmasında tətbiq edilir.



** Müəssisə, idarə və təşkilatlarda normativ hüquqi aktlarda, kollektiv müqavilələrdə və ya əmək müqavilələrində istehsalın səmərəliliyinin və ya işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma əməyin ödənilməsi sistemləri ilə nəzərdə tutulmuş mükafatlar sayılır.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI


  1. 6 fevral 2007-ci il tarixli 25 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 185)

  2. 19 sentyabr 2008-ci il tarixli 218 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 9, maddə 865)

  3. 9 iyun 2009-cu il tarixli 89 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 490)




i


ii


Yüklə 22,63 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə