Orxan bahadirsoy sevgi ŞEİRLƏRİ



Yüklə 117,3 Kb.
tarix26.09.2017
ölçüsü117,3 Kb.
#1931

ORXAN

BAHADIRSOY

SEVGİ ŞEİRLƏRİ

İlk görüş

Sənin görüşündəyəm...


Çoxdandır bu görüşü həsrətlə gözləyirdim!
Xəyalını ruhuma sıxıb əzizləyirdim!
Səni sevdiyim qədər kaş sevəydin sən məni,
Yollarına sərərdim bu ölümsüz bədəni!

Sənin görüşündəyəm...


Qəlbimin həyəcanı sığmayır bu cahana!
Qorxuram həyəcandan ürəyim də dayana!
Bu ilk görüş eşqilə coşur sevgi dənizim!
Sanki təzdən doğuldum bu dünyaya əzizim!

Sənin görüşündəyəm...


Ən böyük sirlərimi açacağam mən sənə!
Harda olsan, mələyim, qaçacağam mən sənə!
Bu ilk görüş - həyatın ən böyük hədiyyəsi!
Dillərə dastan olsun bu “İlk görüş” nəğməsi!

Biz bir nağıla döndük

Biz bir nağıla döndük –


Nağıl kimi yaşadıq biz bu yer üzündə.
Nağıl olduq hamının əzbərində, sözündə.
Yalan olduq sevginin doğru sevən gözündə!

Biz bir nağıla döndük –


Söylə ki, bu sevgidə günahımız nə idi?
Bəlkə sevgi özü də bizə biganə idi?!
O məhəbbət, o sevgi yalan, əfsanə idi!

Biz bir nağıla döndük –


Bütün xatirələrin oyunuydu sevgimiz!
Finalı həsrət olan bu sevgi oyununu
Niyə oynadıq ki, biz?

Biz bir nağıla döndük –


Hamı bizdən danışdı, bizlə danışmadılar.
Bu sevginin oduna ürəyimiz alışdı,
O bizdən danışanlar niyə alışmadılar?

Biz bir nağıla döndük –


Nənələr bu nağılı nəvələrə deməsin!
Qoy nəvələr bizlərdən ayrılıq öyrənməsin!

Səni vəfasız bilmirəm

Sən mənə uzaqsan, mən sənə uzaq,


Yaşamaq olarmı, gülüm, bu sayaq?
İndi yuxuma da basmırsan ayaq,
Mən səni vəfasız bilmirəm axı!

Bu sevgi bildiyim ömrə yük imiş,


Bir qara dumanmış, bəxtə çökübmüş.
Ayrılıq taleyin acı hökmüymüş,
Vüsal – sevənlərin ümid çırağı!

Zaman öz atını yaman kəc sürür,


Qismət vücuduna qara bürünür.
Həmişə yanımda yerin görünür,
Dayanmır ömrümün cavanlıq çağı!

Nakam alovlanan bir məhəbbətəm

Sevmişəm mən səni, qəbahətim nə?


Günahkar sevgidə səadətim nə?
Kimsə bilməyir ki, bu həsrətim nə?
Kimsə bilməyir ki, sənə həsrətəm!
Nakam alovlanan bir məhəbbətəm!

Səninəm, sevgilim, səninəm daha!


Qalmaz bu həsrətim, qalmaz sabaha!
Sevmişəm mən səni batıb günaha,
Doğmaya qürbətəm, yada qürbətəm,
Nakam alovlanan bir məhəbbətəm!

Sığmır məhəbbətim, sığmır qəlbimə!


Hamı heyrətdədir məhəbbətimə.
Açıb ürəyimi danışım kimə?
Bəxtə oyuncağam, eşqə alətəm,
Nakam alovlanan bir məhəbbətəm!

Gedirsənsə elə get ki...

Gedirsənsə elə get ki,


Səninlə getsin qəlbim!
Elə get ki,
Məndə nə güc qalsın, nə də ki taqət.
Elə get ki,
Sonum olsun bu möhnət!
Gedirsənsə elə get ki,
Yandır məni!
Sənsizliklə cəzalandır məni!
Elə get ki,
Sənsizliyin ağrısından qoy ağarsın saçlarım.
Elə get ki,
Dərya olsun, arx olsun göz yaşlarım!
Gedirsənsə elə get ki,
Yerin görünsün!
Elə get ki,
Ruhum ardınca sürünsün!

Yandır qəlbimi

öz xatirəni vərəqlə bir-bir,


Bax, adım yazılan səhifəyə sən.
Başqa vərəqlərdə arzu ya şeir,
Mənim səhifəmdə bir qəlb görərsən.

O qəlb gizli qalan sirlərimi də,


O qəlb sevgimi də danışar sənə.
O qəlb saf sevgimin böyüklüyünü,
Dinlə, anlatmağa çalışar sənə.

Bilirəm, usanıb bezərsən biraz,


Qalxıb göz yaşını qurudacaqsan.
Qəzəblə, nifrətlə o xatirəni,
Bağlayıb kənara tullayacaqsan.

Sənə həvalədir, istər sev gülüm,


İstərsən parçala, sındır qəlbimi.
Bəsləyib, qoruyub ya yaşat ya da
Bir tonqal qala, at, yandır qəlbimi!

Qaçmaq istəyirəm həsrət əlindən

Sevdim – aldalıdım, sevdim – aldandım.


Aldanıb, özüm öz sevgimi dandım.
Sevərək sevgidən bezdim, usandım.
Qaçmaq istəyirəm həsrət əlindən.

Əlimdə saçlarım, tökülür bir-bir,


Taqətsiz dizlərim bükülür bir-bir,
Qəlbimdən sevincim sökülür bir-bir,
Qaçmaq istəyirəm həsrət əlindən.

Yandırır sənsizlik qərib canımı,


Həsrət zəhərləyir təmiz qanımı,
Büküb göy əskiyə keçən anımı.
Qaçmaq istəyirəm həsrət əlindən.

Deyin, axı kiməm, axı nəçiyəm?


Aclar qəzetinə abunəçiyəm.
Məhəbbət dilənən bir dilənçiyəm,
Qaçmaq istəyirəm həsrət əlindən!

Dedin, eşqimiz yalan

Dedin, eşqimiz yalan,


Hər yalan bir ümiddir.
Mühakimə olunur
Xatirələrim bir-bir.

Dərdli bir qələndərəm,


Mən səni soraqlaram.
Kəşkülümə baş qoyub
İçin-için ağlaram.

Bir sədəqə, bir nəzir


Doldurur kəşkülümü.
Bəlkə nəzir verdilər
Mənə solmuş gülümü.

Neyləsəm də dayanmır


Gedir ömür qatarım.
Bilinməyən yükümsən
Səni hara aparım?

Ya mənim ol özümlə


Gəzdirim hər an səni.
Ya da ol əzrailim
Öldürüb qurtar məni.

Bu sevginin aqibəti beləymiş

Ya sən, ya mən – günahımız nə bizim?


Səhra oldu mənim sevgi dənizim.
Özgələri neyləsin ki, əzizim?
Bu sevginin aqibəti beləymiş.

Bir ağır yük idi narahat olduq.


Atdıq çiynimizdən biz rahat olduq.
Biz bir dünya idik, bir darat olduq.
Bu sevginin aqibəti beləymiş.

Bir vaxt agah idik hər sirrimizdən,


Çoxları bezmişdi həşirimizdən.
İndi qurtulmuşuq bir-birimizdən.
Bu sevginin aqibəti beləymiş.

Çıx get həyatımdan, qoy, rahat olum.


Dolsun dost-tanışla yenə sağ-solum.
O sənin yolundur, bu mənim yolum
Bu sevginin aqibəti beləymiş.

Sənin sağlığına içdiyim badə

Bu gecə bir badə aldım əlimə,


İçində qan rəngli qırmızı şərab...
Bir sağlıq söylədim ölən eşqimə,
Öpdüm o badəni dodaqlarından.

Yandım, külə döndüm, yandırdı məni,


İçdiyim badə də məhəbbətintək.
Sındırdı bu sevgi, sındırdı məni,
Mən səni sevəndə öləydim gərək.

Qan səpdi ruhuma bu badə gülüm,


İçinə sığmadım mən bu bədənin.
Tutdu gözlərimi bir qəfil ölüm,
Sandım ki, qanını içirəm sənin.

Mən səndən sevgimin qisasın aldım,


Bu badə ən ağır silahım oldu.
Sən getdin günahlar içində qaldım,
Bu sevgi ən böyük günahım oldu.

Səni sevirəm

Gözlə məni...


Arxandayam, çatım sənə.
Bir sözüm var, deyəcəyəm.
Gözləməsən qəzəbimdən öz-özümü yeyəcəyəm.
Gözlə məni, sevdiciyim.
Qoyma səndən mən inciyim.
Bəsdir daha yorulmuşam.
Günahdırmı bir gözələ vurulmuşam?

Səhər-axşam bu yollarda səni güdüb


Evinəcən ötürmüşəm.
Bilməmisən.
Hər bayramda ürəyimdə bu ünvana
Hədiyyələr gətirmişəm.
İndi yenə mən burdayam...

Yalvarıram, gözlə məni.


Birazca da özlə məni.
Bir pus məni, izlə məni.
Gözlə məni...
Arxandayam, hey qaçıram sənə sarı.
Biraz gözlə, öz sözümü deyim barı...

Sən inciyib küssən də mən deyəcəyəm.


Ürəyimi üzsən də mən deyəcəyəm.
Demədikcə bu söz yaman üzür məni.
Bir süzgəcdən milyon kərə süzür məni.

Dincliyimə qənim olma,


Gəl, dumanım, çənim olma.
Eybi yoxdur, mənim olma,
Amma gözlə, öz sözümü deyim sənə.

Hərdən səni çağırmaq da istəyirəm.


Bu sözümü kainata bağırmaq da istəyirəm.
Çatmır gücüm...
Nədir suçum?
İzn ver ki, bir an sənə çata-çata,
İcazə ver əllərini tuta-tuta,
Gözlərinə baxa-baxa,
Ürəyinə axa-axa,
Huzurunda utanaraq,
Rəng verərək, rəng alaraq,
Taparaq o cəsarəti,
Xeyli mətin, xeyli qəti,
Bir toxunub dəyim sənə,
Sonra tezcə deyim sənə -
Bilirsənmi, ürəyimdə bir sirrim var.
Ya öldürər, ya saxlayar,
Gizlisi lap pisdir bunun,
Bilməsəm də nədir sonu,
Dinlə məni, söyləyirəm,
Səni çox sevirəm...

İlahi sevişmə

İki ruh qovuşur buludlar kimi,


İçində dəli bir ehtiras!
Gecə dəli edib məhəbbətimi,
Bu gecə sevişməsəm olmaz!

Ülvi bir sevişmə!


Bir od püskürür içimdə, yandırır məni.
Elə bir yanğı ki, bu,
Bir eşqin önündə sındırır məni.

Gizli görüş!


Çılğın öpüş!
Sonu bilinməyən qaranlıq gecə,
Bu dəli sevdadan doyum mən necə?
Dodaq dodağa toxunur, bədən bədənə.
Gözlər yumulur, böyüyür sinə.

Öpüş istəyir mələyim!


Bu gecə çin olub diləyim!
Gəl, qeyd edək bu bayramı!
Heyrətlə baxsın hamı!
İki şərab şüşəsi,
Hər yanı bürüyüb cingilti səsi!
Şüşələrdən qan damır!
Eşqimiz günah tamır!
Bürünürük sulara
Günahı sular yuyur!
Soyunub bəxtimizi tullayırıq kənara,
Susuz qalıb quruyur!

Tamam batmışıq suya,


Nəfəsimiz dayanıb!
İki cansız bədənə baxır dünya!
Ruhlar vücudumuzdan ayrılıb.
Bizsə boğulmuşuq isti su vannasında.
Lüt-üryan, qol boyun, iki bədən hərəkətsiz.
Mələklər bizə baxır,
Biz də ruhlarımıza.
Bu ilahi sevişmə,
Bu sevişmə müqəddəs!
Boğdu öz ehtirasında,
Bizi bu doyulmaz seks!

Yuxumda səni görmüşəm

Bu gecə yuxumda səni görmüşəm,


Yaman dəyişmişdin, əzizim, yaman
Çoxdandır həyatda səni görmürəm,
Yaxşı ki, yuxuda xatırlayırsan.

Yaxşı ki, yadına salmısan məni,


İlahi, nə gözəl yuxuydu yuxum!
Getdi ürəyimdən sən gələn kimi
Kədərim, qübarım, təlaşım, qorxum.

Amma çətin idi sənə qovuşmaq,


Bilirdim, sonunda ayrılacağam.
Hədərdir, bu yuxu oyunu hədər,
Kimsə oyadacaq, ayılacağam.

Sevgimizə səadət yağır

Sevim dəli kimi səni gizlicə,


Yormasın nə hicran, nə həsrət məni.
Eşqinlə yaşayım hər gün, hər gecə,
Bir an tərk etməsin məhəbbət məni.

Toxunum əlinə səssizcə, qəfil,


Qoy, yandırsın bizi eşqin nəşəsi.
Mən eşq küçəsində bir əyyaş, səfil,
Sənsə dodağımda şərab şüşəsi.

Yaşayaq bir ömür birgə, bərabər.


Qıymasın ayrılıq bu sevgimizə.
Biz dünya üzündə iki bəxtəvər,
Qoy, həsrətlə baxsın ulduzlar bizə.

Yaşayaq beləcə, ölək beləcə


Bu məhəbbət yükü ömürdən ağır.
Göylər də sevilib, sevir bu gecə,
Göydən sevgimizə səadət yağır.

Allah qorusun
Gəl qəlbimin qapısı 
Sənə daim açıqdır!
Səndən uzaq olanda
Eşqim məni acıdır!
Bu nə ağır əzabdır?
Bu nə ağır sancıdır?
Allah məni qorusun
Məni atdığın gündən!

Gözlərimdən uzaqda


Olmağın dərddir mənə!
Ürəyim, sevgilimi 
Axtar, tap, gətir mənə!
Səni sənsiz sevmək də
İnan ki, yetir mənə!
Allah məni qorusun
Məni atdığın gündən!

Təkcə sənsən istəyim,


Təkcə sənsən gərəyim,
Sən sevgini ömrümə 
Pay gətirən mələyim!
Milyon loğman gələrsə
Yenə olmaz köməyim,
Allah məni qorusun
Məni atdığın gündən!


Küsmə

Küsmə, gəl barışaq, incitmə məni!


Bağışla bu yazıq, aşiq bəndəni!
Mənim günahımsa qısqanmaq səni?
Sən də günah ele keç günahımdan!

Bilirəm, sözümdən yaman incidin!


Bəlkə də aldadır məni gözlərin!
Allah da inciyər, əfv etməz yəqin!
Əgər sən əfv edib, bağışlamasan!

Unut dediyimi, unut, nə olar!?


Məni də hərdənbir dəlilik tutar!
Əlimdə əlinin xatirəsi var,
Görsən ürəyimi barışacaqsan!


Neyləyim

Görən yoxdur içimdəki zülməti,


Ürəyimi didib yaxır, neyləyim?
Qəlbimdəki bu çarəsiz həsrətin
Qanı yenə gözdən axır, neyləyim?

Sənsən mənim dünya boyda yalanım,


Bir ürəyin əlində ay avara qalanım,
İstəyirəm hər addımda yollarına calanım,
Bu sənsizlik məni sıxır, neyləyim?

Sonu yoxmu bu mənasız var-gəlin?


Qayıtmağa, söylə, nədir əngəlin?
Hər tərəfdən kolgə kimi heykəlin,
Donuq-donuq mənə baxır, neyləyim?

Sənsən mənim təlaşım da, qorxum da,


Hissim, fikrim, həyəcanım, duyğum da.
Həsrətinə düçar olan yuxum da
Məndən qaçıb ərşə çıxır, neyləyim?

Sevgi qarğışı

Mənə dəli deyib gülürsən indi,


Mən sənin dəlinəm, sənin ay namərd!
Məni dəli edən sənin eşqindi,
Səni dəli etsin bilmədiyin dərd!

Ürəyin bir qara daş olsun gərk!


Qəlbimdən qəlbinə nifrət çilənsin!
Mən sənin sevgini diləndiyimtək,
Sənin də ürəyin sevgi dilənsin!

Qoy dəli bilsinlər məcnuntək məni,


Eşqim zaman-zaman dillərə düşsün.
Ey məni alçaldan sevgilim, sənin
Ürəyin əllərdən əllərə düşsün!

Gəl desən gələrəm

Bir kəlmən yetər mənə 


Hazıram hər əmrinə 
Qılınc alıb əlinə
Sən "öl" desən ölərəm,
Təki səninçün ölüm...
Bu sevgi nə biçimdə?
Sığmır qəlbin içinə,
Sənin yasın içində
Sən "gül" desən gülərəm,
Təki səninçün gülüm...

Eşqinə dastan olub


Mənim ömür kitabım!
Bitmir ki, bu əzabım,
Tükənmir iztirabım!
Daha nə qədər çəkim 
Zülümlə hicranını?
Eşqinə həsr etdiyim
Ömrümün dastanını
Sən "sil" desən silərəm,
Təki səninçün silim...

Sənə uzağam gülüm,


De sənə necə çatım?
Ruhumu inildədən
Həsrətə necə batım?
Aramızda dənizlər,
Dəryalar olsa belə,
Keçilməyən sərhədlər
Qayalar olsa belə
Sən "gəl" desən gələrəm,
Təki səninçün gəlim...

Sancı

İçimdə bir sancı var


İncidir məni yaman!
Mənə bir dərman gətir
Öz şəfalı dünyandan!

Zəhər olsa da, gülüm,


İçərəm sevə-sevə!
Səninçün öz canımdan,
Keçərəm sevə-sevə!

İçimdəki sancıya


Tapılmayır bir əlac!
Sən sevgimə möhtacsan,
Sevgim də sənə möhtac!

Sevgimin çoxluğu qudurdur səni

Bilirsən, günahım nə oldu mənim?


Sənə özümdən çox dəyər vermişəm!
İnan ki, kimsəyə bəxş etmədiyim,
O sevgi gülünü sənə dərmişəm!

Səni ürəyimdə böyütmüşəm mən!


Səni qollarımda sığallamışam!
Görürsən, indi də məhəbbətindən,
Elə sənin kimi dəli olmuşam!

Mən sənin sevgini bir dağ sanıram,


Sən özgə sevgiylə qucaqlaşırsan!
Mən sənə günbəgün yaxınlaşıram,
Mən səni sevdikcə uzaqlaşırsan!

Yoxmudur bu sirrin izahı səndə?


Sevgimin çoxluğu qudurdur səni!
Həsrətin daha tab qoymadı məndə!
İndi mən ölürəm, gəl, durdur məni!

Gəl, apar

Süzülür uğrunda tökdüyüm yaşlar,


Gəl apar, sevgilim, onlar sənindir!
Hər bir damlasında məhəbbətim var,
Gəl, qəddar qəlbini bu yaşla dindir!

Susmur duyğularım, hönkürür hər an,


Səsinə səs verir göy də, dəniz də.
Qurtula bilmədim mən tilovundan,
Bir ölü balıqtək qalmışam üzdə.

Alçaltma bu qədər, insafın olsun!


Gözlərim yoruldu yol gözləməkdən.
Sənin də ömrünə ayrılıq dolsun,
Sən də ömür boyu yol gözləyəsən!

Yaşıl gözlüm

Məni gözlərinə həsrət saxlama,
O gözlər ömrümün səadətidir…
Sənə yalvarıram bir də ağlama,
Gözlərin qəlbimin məhəbbətidir…

Yanır gölərində bir yaşıl işıq,


Məni də yandırır eşqin oduna.
Biz ki, bu sevgidə qovuşmamışıq,
Nə olar bir dəfə düşüm yadına.

Ay mənim sevimli məhəbbət quşum,


Dayan, bir də baxım o gözlərinə.
Sənə sevgi dolu nəğmələr qoşum,
Sən susub qulaq as bu sözlərimə.

Səni görməyəndə gülmür dodağım,


Sən ey yaşıl gözlü günəşim mənim.
Sənsiz tənhalıqdan donur qucağım,
Üşüyür ürəyim, ruhum, bədənim.

Gəlib həsrətimi görəsən gərək,


Məni tənha qoyma yenə gəl gülüm,
Mən boynu bükülmüş zərif bir çiçək,
Gəl sarıl boynuma, ay yaşıl gözlüm.

Xəyanət etməmişəm

Yox günahı eşqimin, yandırma məni daha!


Səni sevən bir aşiq batarmı heç günaha?
And içirəm, əzizim, inandığın Allaha,
Sənə gözümlə də mən xəyanət etməmişəm!

Çağır gəlsin cəlladı, alsın başımı məndən!


Tikə-tikə doğrasan yenə küsmərəm səndən!
Böhtanına dözməyib dilə gələr bu bədən,
Sənə özümlə də mən xəyanət etməmişəm!

Varsa sənə yalanım iki gözüm kor olsun,


Məhəbbətin gözümə ənən qara tor olsun,
Dodağım qoy adını çəkə-çəkə yorulsun,
Sənə sözümlə də mən xəyanət etməmişəm!

Dinimdən də dönmüşəm, tək sənsən yaradanım!


Niyə rəhm eləmirsən? Gəl apar məni, canım!
Yollarına tökülər damla-damla bu qanım,
Sənə gözümlə də mən xəyanət etməmişəm!

Ayrılıq bizləri hara apardı?

Bizi birləşdirən, bizi bağlayan,


Qəlbimdən qəlbinə bir körpü vardı...
İndi nə sən varsan, nə də mən varam!
Ayrılıq bizləri hara apardı?

Ayrıldı sinəmdən qəlbimin təni,


Gedişin pis günə salıbdır məni.
Tapdığım yerdə də itirdim səni,
Ayrılıq bizləri hara apardı?

Bizə qəsd elədi sanki bu yollar.


Nə unutmaq olar, nə dönmək olar...
Bizdən geri qalan söylə nələr var?
Ayrılıq bizləri hara apardı?

Düşündük, hər şeyi atıb silmişik,


Deyəsən həsrəti asan bilmişik.
Bəlkə böyümüşük, dəyişilmişik,
Ayrılıq bizləri hara apardı?

Mənə ölü demə

Mənə ölü demə, ölməmişəm mən.


Görsən atəşimi yanıb solarsan.
Bir gün də qarşında məni görərsən,
Təəccüb içində donub qalarsan.

Mənə ölü demə, diriyəm axı.


Əgər sən sağsansa, mən necə ölüm?
Bu yazıq eşqimin nədir günahı?
Sən hey öldürsən də, yaşayır, gülüm!

Mənə ölü demə, öldürmə məni.


Bu qədər ümidim getməsin hədər.
Göz yaşı içində güldürmə məni,
Görsən hələ sağam, ürəyin gedər.

Mənə ölü demə, ölə bilmirəm.


Sənsiz nə yaşamaq, nə ölmək olar!
Bu dərdi kimsəylə bölə bilmirəm.
Ölsəm ruhumda da məhəbbətin var.

Ağlat məni bu gecə

Mənə nəğmələr oxu,


Ayrılıqdan, həsrətdən.
Mənə nağıllar danış,
Gizli bir məhəbbətdən.
Alat məni səssizcə,
Ağlat məni bu gecə.

Danış arzularından,


Danış xəyallarından.
Danış bu sevgimizin
Ayrılan yollarından.
Danış, ayrıldıq necə?
Ağlat məni bu gecə.

Birgə günlərimizdən,


Köhnə xatirələrdən...
İndi bizsiz çartlayan
Gəzdiyimiz yerlərdən.
Danış mənə beləcə,
Ağlat məni bu gecə.

Bir sevginin heykəli


Dursun mənlə yanaşı.
Yanağa yox qəlbimə
Axsın gözümün yaşı.
Günəşim gələnəcən
Ağlat məni bu gecə.

Danış mənə

Danış mənə-


Nələr oldu, nələr keçdi?
Gələcəyə nələr qaldı,
danış mənə!
Sən susduqca bu sevgidə,
Cavan eşqim mələr qaldı,
danış mənə!
Danışdığın yalanları bir də danış!
O qurduğun xəyalları, arzuları, planları bir də danış!
Təbiətdən,
Məhəbbətdən
Məni sənsiz ağlar qoyan
Bu həsrətdən
danış mənə!
Mələklərdən danış mənə!
Aşiqləri ayrı salan
Fələklərdən danış mənə!
Vaxtsız solan çiçəklərdən danış mənə!
Danışdığın nağılları bir də danış!
Bu kədəri, bu nisgili, bu qubarı bir də danış!
Susma, danış!
Bir lal kimi sakit-sakit bu halımı pusma, danış!
Gəzdiyimiz o yerləri,
Aramızda sonsuzadək bağlı qalan o sirləri,
Eşqimizə şahid olan ulduzlardan,
Sənə, mənə, sevgimizə qəh-qəh çəkən o qızlardan
danış mənə!
Tanrılardan danış mənə!
Yerə endir məhəbbətin Tanrısını!
Ona danış ürəyimin ağrısını!
Göyə danış,
yerə danış,
suya danış,
aya danış
ürəyimin ağrısını!
Danış mənə!
Bu alovlu məhəbbətin əvvəlini,

axırını, gedişini, axarını


danış mənə!
Susma danış!
Bu lallığı öz dilinə
qısma danış!
Yenə danış!
Mənə danış!
Danış mənə!

Ölərəm

Yenə yatacağam yolların üstə,


Beləcə canımı verib ölərəm!
Bir gün baş qoyaram qolların üstə,
Sonuncu nəfəsi dərib ölərəm!

Sən ey ürəyimin sevgi mələyi,


Axır gözlərimdən həsrət gileyi,
Yazan belə yazmış bəxti, taleyi,
Bu fani dünyada qərib ölərəm!

Yazıq ürəyimi çəkmisən dara.


Bilmirəm sən məni apardın hara?!
Səni məndən alan o kəc yollara,
Bütün ümidləri sərib ölərəm!

Məni bircə dəfə salmırsan yada!


Bu böyük eşqimi vermisən bada!
Axtarım taparam səni dünyada,
Birdən özgəsiylə görsəm ölərəm!

Özümü axtarım yoxsa ki, səni?!

Niyə qaçıb getdin belə uzağa?


Bir ünvan da yoxdur axtarım səni!
Gedim dünənimə tutum əlindən,
Sənsiz bu günümə qaytarım səni!

Bir zərrə toz olub ətəklərində,


Ömürlük ləkə tək qala biləydim!
Quş olub uçaydım, qanadlarımla,
Səni uzaqlardan ala biləydim!

Hər dəfə adını sayıqlayanda,


Səsimə səs versən qəlbim sevinər!
Bizim sevgimizə badə qaldırıb,
Göydən mələklər də dünyaya enər!

Sənə oxuduğum o nəğmələri,


Sənsiz oxumaqdan yorulub dilim!
Getdin, öz arxanca sürüdün məni,
Məni mənə qaytar, mənə sevgilim!

Sən yoxa çıxmısan yerin üzündən!


Həsrətlə baş-başa qoymusan məni!
Bilmirəm bu sonsuz kainatda mən,
Özümü axtarım yoxsa ki səni!?

Yalvarıram bir də keçmə bu yoldan

Hər görəndə əsir əlim, ayağım!


Bir həsrətə düçar olur qucağım!
Titrək səslə pıçıldayır dodağım!
Yalvarıram, bir də keçmə bu yoldan!

Düşür küçələrə bir vüsal izi,


Yadların bu eşqə dəyəcək gözü!
Qorxuram, bu yol da ayırsın bizi,
Yalvarıram, bir də keçmə bu yoldan!

Yuyur gözlərimi bir qəmli dəniz,


Bir evi bölüşə bilmədik ki, biz,
Bir yolu bölüşmək qəlizdir, qəliz!
Yalvarıram, bir də keçmə bu yoldan!

Gecə gəlib sarılırsan yuxuma,


Gündüz şərik kəsilirsən yoluma,
Bir də görsəm səni gəl, gir qoluma,
Yalvarıram, ya da keçmə bu yoldan!

Özündən qoru məni

Dindirsən ağlayaram,


Bulud kimi dolmuşam.
Dəymə, toxunma mənə,
Yaman kövrək olmuşam!

Daş deyiləm axı mən,


Sənin kimi insanam!
Qoyma ki, qəzəbimdən,
Öz atəşimdə yanam!

Ya əbədi çıxıb get,


Ya gəl, ovundur məni!
Ya təzə can ver mənə,
Ya da ki, dondur məni!

Məni hifz eylə, gülüm,


Hifz eylə həsrətindən!
Sən dönsən mən dönmərəm,
Sənin məhəbbətindən!

Bax, indi göz yaşlarım,


Üstünə yağacaqdır!
Səni də bu həsrətin
İçində boğacaqdır!

Qoru, xətrimə dəyən,


Sözündən qoru məni!
Qorxum yoxdur kimsədən,
Özündən qoru məni!

Səni unutmağa çalışıram mən

Özüm öz içimdə gizlənəcəyəm,
Dərdimi özümə danışaram mən!
Səni özümdən də çox sevə-sevə,
Səni unutmağa çalışaram mən!

Susub ağlayaram mən için-için,


Bu eşqin oduna alışaram mən!
Məndən özgəsiylə xoşbəxtliyinçün,
Səni unutmağa çalışaram mən!

Bir də rast gəlməyək biz bu dünyada,


Sənsiz taleyimlə barışaram mən!
Olub keçənləri salmayaq yada,
Səni unutmağa çalışaram mən!

Sənə bir gül göndərirəm...

Gecələr yatağında


Sənə əzab versin deyə!
Sənə bir gül göndərirəm...
Qaranlıq otağında
Səni də incitsin deyə!
Sənə bir gül göndərirəm...
Mənim kimi qoru onu!
Bu sevginin ömründə
Sənə hədiyyəmin sonu,
Sənə bir gül göndərirəm...
Sənə məni xatırladar!
O bir güldə
Sənin qədər kiçik ümid,
Mənim qədər böyük eşq var!
Öpər səni əvəzimə!
Tikanları yanağını qanadacaq!
Pozacaqdır qəlbindəki bəkarəti!
Ətəyini qanatmadım,
Mən qıymadım sənə ancaq,
O gül sənə bəxş edəcək,
Ən əzablı məhəbbəti!
Yüklə 117,3 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə