Orxan bahadirsoy



Yüklə 321,04 Kb.
səhifə1/4
tarix11.04.2018
ölçüsü321,04 Kb.
#37872
  1   2   3   4

ORXAN BAHADIRSOY

Orxan Bahadırsoy 1993-cü il avqust ayının 4-də, Lerik rayonunun Hamarmeşə kəndində anadan olub.

Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Neft Akademiyasının “Tibbi Texnologiya Mühəndisliyi” ixtisasına qəbul olunmuş, daha sonra buradakı təhsilindən imtina edərək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kino və Dram Teatrı aktyorluğu" ixtisasında təhsil almışdır.

Bir sıra qəzet və portallarda jurnalist, köşə yazarı, şöbə müdiri kimi çalışmış, müxtəlif teatrlarla aktyor və rejissor kimi əməkdaşlıq etmişdir. “Qızıl qələm” mükafatına, “Mətbuatın tərəqqisi naminə” fəxri diplomuna layiq görülmüşdür. Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqının üzvüdür. 

Erkən yaşlardan şeirlər yazmağa başlayan Orxan Bahadırsoy, daha sonra poemalar, hekayələr, dram əsərləri, romanlar yazır. Şeirlərinə musiqilər bəstələnmiş, əsərləri bir neçə teatrlarda səhnələşdirilmişdir. Bir qisim şeirlərinə özü də musiqi bəstələmiş və həvəskar bəstəkar kimi də tanınmışdır.

Orxan Bahadırsoyun ilk kitabı - "Fahişə mələklər" romanı 2012-ci ildə, ikinci kitabı - "Günahdır səni sevmək" romanı isə 2014-cü ildə çap olunmuşdur.

Yazıçı-şair, dramaturq, aktyor, rejissor, ssenarist, jurnalist kimi fəaliyyət göstərir.

Ətraflı: https://az.wikipedia.org/wiki/Orxan_Bahadırsoy



Madmuazel Şanel

İki hissəli tarixi dram

ƏŞXAS:

Qabriel Şanel (Koko Şanel)modelyer

Etten Balsanvarlı fransız hərbçi

Artur Keypellingilisiz zadəgan

İqor Stravinskirus bəstəkar

Vestminster hersoq

Qans fon DinkFransadakı alman səfirliyinin attaşesi

Albert (dilənçi və yaşlı kişi qiyafəsində)Şanelin atası

Qulluqçu (Covanna-ad şərtidir)Şanelin sadiq köməkçisi

Zadəgan qonaqlar, müğənni qadın, mühafizəçilər, iki polis məmuru və başqaları...

1-ci hissə

İşıq yanır bir kaberədə. Ucuz pərdələr və xırda bəzək əşyaları ilə bəzədilmişdir. Bir neçə dəyirmi masa və ətrafında taxta stullar qoyulmuş, hər masa 5 nəfərlikdir, lakin bəzilərində 3, bəzilərində 2, bəzilərində 4 və 5 nəfər oturmuşdur. Baş tərəfdə kiçik bir səhnə görünür. Masalarının üstü müxtəlif yemək və içkilərlə doludur. İnsanların gülüş və danışıq səslərri bir-birinə qarışıb. Öndə, sağ tərəfdə duran masanın kənarında Şanel və Balsan üz-üzə oturmuşdur. Şanel uzun qırmızı don geyinmiş, iki hörüyünün birini sağ, digərini sol çiynindən sallamışdır, qarayanız, arıq qızdır. Balsan isə fransız zadəganları kimi bahalı və mürəkkəb geyinmişdir. Balsan Şanelə gülümsəyərək nəsə deyir, Şanel isə ətrafa həyəcanla boylanır və sonra utanaraq başını aşağı salır. Balsan onun əlindən tutur, Şanel tərəddüdlə qalxıb yenidən həyacanla ətrafa boylanır. Utandığı yanaqlarının qızartısından məlumdur. Səhnəyə doğru addımlayırlar. Şanel səhnəyə çıxır və Balsan aşağıda durub diqqətlə ona baxır, başı ilə artıq başlamasına işarə edir. Getdikcə səssizlik yaranır və hamının diqqəti Şanelə yönəlir. Şanel arxasında duran musiqiçilərə yaxınlaşır və birinin qulağına nəsə pıçıldayır. Az sonra musiqi səslənir və Şanel titrək bir səslə məşhur fransız mahnısı olan “Kokonu görən oldumu?” adlı mahnını oxuyur. O, oxuduqca musiqi ilə bərabər tamaşaçıların alqış səsləri, heyrətamiz baxışları və oturaq halda uşaqsayağı rəqsləri onu müşaiyət edir. Musiqi bitəndə hamı ayağa qalxaraq onu alqışlayır, Şanel ehtiramla baş əyir və Balsan onun əlini tutaraq səhnədən endirir, az öncə əyləşdikləri masaya yaxınlaşırlar. Balsan onu qucaqlayıb öpür.

Balsan: Əla oxudun!

Şanel:(utancaq halda) Doğrudan?

Balsan: Möhtəşəm idi! Fransada heç kəs bu mahnını sənin kimi oxuya bilməz! Və bu gündən sən mənim Kokomsan.

Şanel: Balsan, axı mənim adım Qabrieldir. Həm də Koko cücə deməkdir. Sən məni belə səsləyəndə hamı güləcək.

Balsan: Amma cücə şirindir. Sən də şirinsən.

Şanel: Mən bayağı romantikanı xoşlamıram.

Balsan: Yaxşı, madmuazel, istər xoşla, istər xoşlama, bu gündən mən sənə Koko deyəcəyəm. Məncə hamı bunu bəyənəcək.

Şanel: Əksinə, ələ salıb güləcəklər.

Balsan: İstəyirsən, yoxlayaq?!

Şanel: Necə?

Balsan:(üzünü kafenin müştərilərinə tutur) Heeeey! Hamı məni dinləsin...

Şanel: (onu susdurmağa çalışır) Balsan, neyləyirsən? Sus, sus... Sakit qal.

Balsan: Siz Qabrielin ifasını bəyəndiniz? (hamı alqışlayır və “bəli”, “əlbəttə”, “çox gözəl idi” kimi müxtəlif ifadələrlə cavab verirlər) Mən istəyirəm ki, bu gündən onun adı Koko Şanel olsun, siz də istəyirsiz? (yenidən hamı müxtəlif tərzdə təsdiqləyir) Əla!

Şanel:(tərs-tərs Balsana baxır) Mən sənə göstərəcəm!

Balsan: Bəsdir görək! (onu möhkəm qucaqlayır) Bu gündən sən mənim Kokomsan!

Şanel: Amma bu mənim xoşuma gəlməyə başladı. Koko Şanel...

Onlar qucaqlaşarkən alqış səsləri ilə səhnə qaranlıqlaşır.

İşıq yanır Etten Balsanın evində. Olduqca yüksək zövqlə bəzədilmiş, bahalı əşyalarla doldurulmuş, divan və iki kreslodan, öndə qoyulmuş alçaq masadan, masanın üstündə otağa gözəllik və ətir saçan təbii qızılgüllərdən, sağ tərəfdə geniş və hündür güzgüdən, sol tərəfdə royaldan ibarətdir. Şanel əlində Balsanın şalvarını tutmuş, oyan-buyana çevirib diqqətlə baxaraq və fikirli halda daxil olur. Güzgünün qarşısına keçib şalvarı öz önünə tutur və sonra güzgünün altındakı sirmədən bir qayçı götürüb ayaqlarına və belinə ölçü qoyur.yaqlarının və belinin ölçüsünə

Şanel:(bir əlində qayçı, o biri əlində şalvarla divanda oturur) Bundan əla şalvar alınacaq. Paris qadınlarının bu bər-bəzəkli, enli, tüllü donları məni sözün əsl mənasında iyrəndirir. Onlar rahat olmadıqları halda özlərini füsunkar göstərməyə çalışırlar. Amma heç kəs anlamır ki, əsl gözəllik elə rahatlıq və sadəlikdədir. Gözəl görünmək üçün əsl şərt sərbəst olmaqdır. (şalvarı kəsməyə başlayır) Qadınlar üç cür olur. Bir qisim yalnız kişilərə qul olmağı, ev işləri ilə məşğul olmağı, hər əmrə baş əyməyi, yataqda da yalnız ayaq qaldırmağı bacarırlar, bir qisim özünə də, kişisinə də hakimdir, evində və dostları arasında məharətli, yataqda da ehtiraslıdır, amma azad deyil, əlindən heçnə gəlmir. Üçüncü bir qisim də var ki, bax, onlar əsl qadındır. Onlar azaddırlar. Onlar hər kəsə hakimdirlər, gözəl görünüşləri və mehriban rəftarları var. Güclü və zərifdirlər. Yeri gələndə əsl qadın incəliyi, lazım olanda da əsl kişi sərtliyi göstərə bilirlər. İstedadlı və bacarıqlıdırlar. (qorxu ilə ətarafa boylanır) Balsan görsə ki, yenə onun şalvarından özümə şalvar düzəldirəm məni öldürər. Amma neyləyim e? Burda ona qulluq etməkdən, hər əmrinə tabe olmaqdan bezmişəm. Özümü uzun müddətlik kirayələnmiş fahişələr kimi hiss edirəm. Bir də ki, Balsanın məşuqəsi olandan özümdə bir şeyi kəşf etmişəm. Mənim üsyankar və çılğın bir təbiətim var. Hə, Şanel, sən çox çılğınsan. (şalvarı kənara qoyub diqqətlə özünə baxır, saçlarına əl gəzdirir) Bu uzun saçlar da məni bezdirib artıq. Qadınların uzun hörükləri mənə mənasız gəlir. Yeri gəlmişkən, bu saçlardan da qurtulmağın vaxtı çatıb deyəsən. (kənara qoyduğu qayçını götürür və güzgünün önünə keçir) Yanların üstünə qədər uzanan yağlı və kilkəli saçların dövrü keçib artıq. Qadınlarda biraz kişilik yaratmağın vaxtıdır. (əvvəlcə sağ hörüyünü boyun hissəsindən kəsir) Bax belə! İndi isə bu biri... (sol hörüyü də həmin yerdən kəsir) Hə... Bu bütün qadınlara yaraşacaq. (güzgünün önündən daraq götürüb kəsdiyi saçları ütüləyirmiş kimi əli ilə sıxaraq darayır) Əgər yaşlı bir fahişəxana sahibəsi öz gənc və baxımlı fahişələrinin içində fərqli görünüşə sahib olarsa müştəri gənc bayağı fahişəni yox, yaşlı amma fərqli mamarozanı seçər. (sonra saçlarının görünüşündən zövq alırmış kimi saçlarını sığallayaraq yenidən divanda oturub şalvarı kəsməyə başlayır, bu vaxt Balsan daxil olur, arxasında səssiz dayanıb onu izləyir) Məndən yaxşı aktrisa çıxar. Səsim də var. İri projektor işıqları altında parıldayan sadə amma ecazkar bir geyimlə, xəfif makiyajla bütün kişilərin qanını coşdurub, ağlını başından alan bir qadın kimi...! Vaaauuu! Bu əsl gözəllikdir!

Balsan: Sən nə istədiyini özün də bilmirsən! (Şanel diksinir və şalvarla qayçını kənara tullayıb vahimə ilə Balsana baxır) Qorxma! Biraz əvvəl dediyini eşitdim və anladım ki, çox qərarsız birisən. Əslində, sən fikirləşdiyin qədər müdrik deyilsən. Sadəcə özünü nəsə maraqlı bir şey hesab edirsən, amma sən də adi bir qadınsan.

Şanel: Lənətə gələsən! Sən məni anlayacaq zəkaya sahib deyilsən! Boşboğaz!

Balsan: Saçlarını niyə bu günə qoymusan?

Şanel: Belə daha yaxşıdır! Sadə və gözəldir.

Balsan: Kişiyə oxşayan qadınlardan heç bir kişi həzz almaz!

Şanel: Onda mənimlə niyə sevişirsən?

Balsan: Heç özüm də bilmirəm. Əslində sən şalvar geyinən, kişi kimi rəftar edən, bundan sonra da saçları ilə tamamən kişiyə oxşayan bir qadınsan, səninlə yatmamalıyam!

Şanel: Amma yatırsan və həzz də alırsan?!

Balsan: Etiraf edirəm ki, hə. (siqaret yandırır)

Şanel:(diqqətlə baxır və tərəddüdlə) Mənə də birini ver.

Balsan: Nə verim?

Şanel: Siqaret.

Balsan: Dəli olmusan?

Şanel: Yox. Sadəcə çəkmək istəyirəm.

Balsan:(hirslə) Qadınlar siqaret çəkmir!

Şanel: Mən çəkmək istəyirəm!

Balsan: Mən istəmirəm ki, mənim qadınım siqaret iyi versin.

Şanel:(hirs və istehza ilə) Mənimlə evlənəcəksən?

Balsan:(bir anlıq duruxur və kəkələyərək həyəcanla cavab verir) Yoo... Yo... Yox! Amma səninlə sevişirəm!

Şanel: Niyə evlənmək istəmirsən?

Balsan: Sən mənim sadəcə məşuqəmsən! Həm də kişiyə oxşayan bir qadınsan. Belə bir qadınla evlənmək istəmirəm.

Şanel: Onda mənə siqaret ver. Mən də səninlə evlənmək istəmirəm. Sənə aşiq də deyiləm! Siqaret ver!

Balsan siqareti ona uzadır, Şanel bir siqaret götürür və Balsan siqareti alışdırır, ilk udumda möhkəm öskürür.

Balsan: Axı dedim qadın işi deyil!

Şanel: Bunu çətin bir iş hesab edib kişiləşdirməyin. Qadınlar da çətin işlər görə bilir.

Balsan: Sən axmaqsan! Özünü kişilərdən üstün hesab edirsən? Amma sən mənim şalvarlarımdan özünə şalvar düzəldən, düzəltdiyi sadə şlyapaları bir işə yaramayan, heç kəsin diqqətini çəkməyən, hamının gülüb ələ saldığı axmaq bir qızcığazsan.

Şanel:(hirslə) Bilirsən nə var, cəhənnəm olsun sənin pulun da, var-dövlətin də! Bəsdir! Mən nə etdiyimi yaxşı bilirəm! Əlbəttə, haqlısan, heç kəsin diqqətini çəkmirəm.(siqaretdən çəkir və azca öskürür) Çünki diqqətini çəkə biləcəyim maraqlı və fərqli biri ilə rastlaşmamışam. Sərt, kobud, bayağı, pulu ilə özünü adam hesab edən sənin kimi Paris əclafının diqqəti heç mənə lazım da deyil!

Balsan:(qəzəblə ona şillə vurur) Səsini kəs! Mənimlə adam kimi danış! Yetimxanadan çıxan, atasını və anasını tanımayan, kafelərdə mahnı oxuyan sənin kimi kişiyəbənzər fahişənin mənimlə belə danışmağa ixtiyarı yoxdur!

Şanel:(ayağa qalxıb onun önündə dayanır və tərs-tərs onun gözlərinə baxır) Bunları sənə mənim üzümə vurmağın üçün danışmamışam! İnsan bilib dərdimi bölüşmüşəm! Mənim on iki yaşım olanda anam asmadan ölüb, sonra atam bizi – yetimxanaya verib, monastrın cansıxıcı qayda-qanunlarından bezib kafelərin kiçik səhnələrində biraz macəra yaşamışam və bütün bunlardan xilas olub biraz da zadəgan həyatı yaşamaq üçün sənə sığınmışam. Bağışla, sənin kimi atamın var-dövləti ilə özümü kişi hesab etməmişəm! (əlindəki siqareti var gücü ilə sovurub Balsanın üzünə üfürür)

Balsan:(utanaraq oturur və fikirli halda baxışlarını yerə dikir) Sabah mənim doğum günümdür. Qonaqlar gələcək. Qulluqçular evi təmziləyib bəzəyəcək, aşbazlar yemək bişirəcək. Sən də bu cır-cındırdan özünə şalvar tikməyi burax və onlara kömək et! Bu söhbətin də bir daha açılmasını istəmirəm!

Şanel: Bu nə qədər davam edəcək?

Balsan: Xoşun gəlmirsə, rədd olub gedə bilərsən!

Şanel: Mən hara gedim?

Balsan: Səni yetimxanaya atandan sonra bir dəfə də olsun axtarmayan alçaq atanın yanına!

Şanel:(kövrəlir lakin ağladığını gizlədib qürurla ona baxır) Sən əsl əclafsan!

Balsan: Dediklərimi et! Mən getməliyəm. Dəvətlə bağlı işlərim var. Axşam görüşərik. (iti addımlarla çıxır)

Şanel: Bircə burdan xilas ola bilsəydim...!

Şalvarı və qayçını götürüb əvvəlki kimi oyan-buyan çevirib diqqətlə baxaraq çıxır. İşıq sönür.

İşıq yanır yenidən Balsanın evində. Salonda zəngin geyimli fransız kişiləri öz qadınları ilə birlikdə gəzişərək söhbət edir, ara-sıra əllərində tutduqları şərabdan içirlər. Qadınların hamısı uzun, bəzəkli, enli donlar geyinmiş, uzun saçlarını kimisi çiyinlərinə buraxmış, kimisi hörükləyib döşlərinin üstünə sallamışdır, üzünü tül örtən güllü-çiçəkli qırmızı və qara şlayapalar qoymuşlar. Salona əlində içi şərabla dolu qədəhlərlə Şanel daxil olur. O, qara, dar və dizdən biraz aşağıya qədər olan don geyinmiş, saçları düz və boynuna qədər gəlmiş, başına sadə qara şlyapa qoymuşdur. Fərqli görünüşü və süni təbəssümü ilə qonaqlara şərab təklif edir, kimisi şərab götürür, kimisi təşəkkür edib süni gülümsəyərək ondan uzaqlaşır. Şanel Etten Balsanın yanında dayanan Artur Keypelə şərab təklif edir və Artur məftunluq dolu baxışları ilə şərabı alıb azca baş əyərək Şanelə təşəkkür edir. Arturun bu heyran baxışlarının təsiri Şanelin üzündəki süni təbəssümü təbiiləşdirir və onların baxışları bir-birinə dikildiyi anda musiqi səslənir. Qonaqların içində tək olanlar bir kənarda durub şərabını içir, cüt olanlar isə bir-biri ilə rəqs etməyə başlayır. Bu anda Artur Şanelin əlindən şərabları alıb Balsana uzadır və nəzakətlə Şanelin əlindən tutub rəqsə dəvət edir. Şanelin bu jestdən məmnun olduğu təklifi dərhal qəbul etməsindən bilinir və onlar rəqsə başlayanda Balsan kinli baxışları ilə biraz onları seyr edib hirslə salondan çıxır. Rəqs davam edir və az sonra bitir.

Artur: Dəvətimi qəbul etdiyiniz üçün təşəkkür edirəm, madmuazel.

Şanel: Nəzakətinizdən dolayı mən təşəkkür etməyə borcluyam, misyö.

Artur: Rica edirəm. Gözəlliyiniz məclisə şəfəq saçır. Nədir bu fərqliliyin və cəlbediciliyin sirri?

Şanel: Zövqsüzlükdən anlayanlar bilər.

Artur: Özünüzü zövqsüz hesab edirsiz?

Şanel: Çoxuna zövqsüz görünürəm, amma zövqsüzlüyün də öz sirri var.

Artur: Siz bu sirri məharətlə anlamış və icra etmisiz.

Şanel: Bunu yalnız müdrik olanlar belə şərh edər.

Artur: Deməli filosofluğunuz da var.

Şanel: Ürəyimdən gələnləri deyirəm.

Artur: Etten Balsan sizin kimi bir xanımla birlikdə olduğu üçün çox xoşbəxt insandır və görünür Tanrının sevimli bəndəsidir. Tanrı hər kişiyə belə lütfkarlıq etməz.

Şanel: Xoşbəxt olduğunu anlamayandan sonra o xoşbəxtliyin də bir anlamı yoxdur. Tanrının lütfü də dəyərini biləndə gözəl olur. Etten Balsan öz xoşbəxt olduğundan da, Tanrının lütfündən də xəbərsizdir və deməli, o, xoşbəxt deyil, əsl bədbəxtdir.

Artur: Gözəlliyiniz qədər təfəkkürünüz də valehedicidir. Sizi tanıdığım üçün təqvimin bu gününü hər il bayram edəcəyəm.

Şanel: Bu varlı, bəzək-düzəkli, daş-qaşlı, bahalı ətir qoxulu Paris qadınlarının arasında bu sözləri mənim ünvanıma demək ədalətlidirmi?

Artur: Siz öz fərqliliyinizdən xəbərsizsiniz. Parisin artıq o qadınlardan bezdiyini anlamış olmanız rəftarınızdan və görünüşünüzdən məlumdur. Lakin siz məni imtahan etmək fikrindəsiniz. Bunu başa düşmək çətin deyil.

Şanel: Sizdən qorxmağa başlayıram.

Artur: Bədheybətə bənzəyirəm?

Şanel: Əsla! Sadəcə yaraşığınızla bərabər xislətinizdə qərar tutan müdriklik məni sizə aşiq edə bilər. Və mən həyatın vacib bir qanununu dərk etdiyim üçün aşiq olmaqdan qorxuram.

Artur: Marağımı bağışlayın, madmuazel, o hansı qanundur?

Şanel: Heç bir qadın sevdiyi kişinin arvadı ola bilməz.

Artur:İstisnalar yoxdurmu?

Şanel: İstisnalar ki, qanunu poza bilmir.

Artur: Siz istisnalardan olmaq istəməzsiz?

Şanel: Buna cəhd etsəm belə, özümü aciz hesab edərəm.

Artur: Niyə?

Şanel: Çünki bütün aşiqlər acizdir.

Artur: Siz fəth edilməyən okeansız. Sizi fəth edənlər sizə aşiq olar, fəth edə bilməyənlər sizdə boğular.

Şanel: Sözləriniz gözəldir, amma Etten Balsan fateh olmaq istəyir.

Artur: Fəthində səriştəsiz olduğu və artıq sizin kimi bir okeanda boğulduğu gözlərinizdən məlumdur.

Şanel: Etiraf etməliyəm ki, həqiqəti deyirsiniz.

Artur: Mənə fateh olmaq şərəfini lütf edərsiz?

Şanel: Mayaksız heç bir gəmi limana çata bilməz.

Artur: Mən öz mayakımı da nişan almışam.

Şanel: Nədir görən mayakınız?

Artur: Sizin kəşf edilməyən istedadınız. Sizə Parisin ən gözəl küçəsində, zadəganlar məhəlləsində bir mağaza təklif edirəm. Burda siz öz geyimlərinizi satışa çıxararaq, çoxlu gəlir əldə edəcəksiz.

Şanel: Siz mükəmməl kapitansız, amma Etten Balsan okeana sizin gəminizi buraxmayacaq.

Artur: Heç bir okean kiməsə məhkum deyil. Tanrı yaratdığı hər şeyi insanların ixtiyarına verib. İcazə versəniz, sizi bu məhkumluqdan xilas edərəm.

Bu vaxt sərt və iti addımlarla Etten Balsan daxil olur. Onun gəldiyini görən Şanel özünü yığışdırır və Arturun sözlərindən içində yaranan uğuntunu, heyranlığı gizlətməyə çalışaraq həyəcanla həm Balsana, həm də Artura baxır. Balsanın qəzəbli baxışları isə Şanelin gözlərindən çəkilmir. Artur da onun gəldiyini görəndə özünü yığışdırmağa çalışsa da, Şanelə möhkəm bir aludəliklə baxdığı nəzərə çarpır və Balsan onlara çatdığı anda kobud və kinayəli bir səslə deyir.

Balsan: Şirin söhbətinizi böldüyüm üçün məni bağışlayın! Hə, Artur Keypel, ingilis zadəganları tamahkar olur. Siz də bir ingilis zadəganısız və tamahkarlığınızı gizlədə bilmədiyiniz məlumdur.

Artur: Paris zadəgan olmağı İngiltərədən öyrənib, Etten Balsan! Parisdə qulların dövran tutduğu bir vaxtda İngiltərə kralları və kraliçaları dünyaya meydan oxuyurdu.

Balsan: Unutmayın, siz hal-hazırda Parisdəsiz.

Artur: Bunu deməyinizə lüzum yoxdur, bilirəm. Lakin bununla məni hədələyə bilməzsiz. Çünki mən artıq bir okeanın fəthindəyəm, üstəlik mayakım da var.

Balsan: Eyhamınızı anlamadım, bağışlayın.

Şanel:(qəfildən cəsarətlənmiş halda kinyə ilə Balsana baxır) Çünki müdrik deyilsiniz, misyö.

Balsan:(qəzəblə dodaqaltı pıçıldayır) Rədd ol!

Artur: Nəzakətli olun, Etten Balsan. Az əvvəl zadəganlıqdan danışırdınız! İngilis zadəganları xanımlarla rəftarda zərif, döyüşlərdə sərt və güclü olur. Siz hal-hazırda Paris zadəganlarını təmsil edirsiniz.

Şanel: Aclıq və zülümdən yetimxanaya, yetimxanadan katolik monastrına, ordan da hərbiçilər üçün geyim tikən dərzi sexinə fəhlə verilən bir xanımın yanında zadəganlıqdan bəh-bəhlə danışmaq heç birinizə yaraşmır.

Artur:(xəcalətlə) Bağışlayın, madmuazel, həyatınız haqqında bilgim yoxdur.

Balsan:(Balsana) Bilməyiniz məsləhət də deyil. (Şanelə) Otağımda səni gözləyirəm. İşlərlə bağlı danışmalıyam. Tez ol! (iti addımlarla çıxır)

Artur:(həyəcanla ətrafa boylanır, daha sonra Şanelin qulağına yaxınlaşaraq pıçıltı ilə) Balsan qonaqları yola salanda mən də sağollaşıb çıxacağam. Lakin həyət qapısının önündə sizi gözləyəcəyəm. Bir saat vaxtınız olacaq.

Şanel:(onun qulağına pıçıltı ilə) Gələcəyimə əmin olun və gözləyin! Geciksəm də, gələcəyəm. (getmək istəyir, biraz aralaşandan sonra azca yüksək səslə) Mütləq gözləyin!

Artur nəzakətlə baş əyib gülümsəyir və bununla gözləyəcəyini işarə edir. Şanel çıxır. Musiqi səslənir, qonaqlar yenidən rəqsə başlayır, Artur əlindəki qədəhdən şərab içib sevinclə fikrə dalır, işıq sönür.

3 il sonra. İşıq yanır küçədə. İri hərflərlə “Shanel Modes” yazılmış bir mağazanın önündə Artur və Şanel dayanıb söhbət edirlər. Şanel damağına siqaret qoyur, Artur kibritlə yandırır.

Artur: İşlər qaydasındadır?

Şanel: Hə, hər şey yaxşıdır. Müştərilər günü gündən artır. Bilirsən, mənə nə maraqlıdır? Mənim heç kəsin bəyənmədiyi şlyapalarım necə olur ki, Paris qadınlarının diqqətini çəkir qəfildən? (siqaretdən çəkir)

Artur: Şanel, sənin istedadın Etten Balsanın malikanəsində batıb qalırdı. Sən öz bacarığından xəbərsizsən.

Şanel: Artur, mən öz tikdiyim şlyapaları satmaqla yaşamaq istəmirəm ömrüm boyu. Mən aktrisa olacağam. Hollivud məni gözləyir.

Artur: Yox, yox... Bu fikri başından atmalısan. Hal-hazırkı işin sənə çoxlu pul və şöhrət gətirəcək. Bütün dünya səni tanıyacaq. Artıq Paris səndən danışır.

Şanel: Amma mənim istədiyim bu deyil. Böyük səhnələrdən milyonlarla pərəstişkara öpüş göndərərək alqış səsləri ilə mahnı oxumaq, filmlərin siması olmaq istəyirəm.(siqaretdən çəkir)

Artur: Sənə daha böyük bir təklifim var. 3 ildir ki, bu şlyapaları satmaqdan ibarətdir sənin biznesin. Məncə, bunu böyütmək lazımdır.

Şanel: Necə?

Artur: Sən həm də qadınlar üçün şalvarlar və donlar düzəldirsən axı. Məncə sən onları da sərgiləməlisən. Onlar sənə bu şlyapalardan da çox pul və şöhrət gətirəcək.

Şanel: Onlar heç kəs tərəfindən bəyənilmir. Hamı kişisayağı adlandırır.

Artur: Sərgilənəndə hamının diqqətini çəkəcək. Hər halda Parisdə uzun və enli donlardan bezən bər-bəzəkli xanımlar da var. Onların sənin paltarlarına həqiqətən ehtiyacı var. Parisin başqa küçələrində də bir neçə mağazalar açıb işçilər götürərik.

Şanel: Bu güclü sərmayə tələb edir.

Artur: Mənim buna kifayət edəcək qədər pulum var.

Şanel: Artur, mən özümü sənə borclu hesab edirəm.

Artur: Əsla! Sən bundan da artığına layiqsən.

Şanel: Söz verirəm ki, əgər bu işdən yaxşı pul qazansam sənə olan borcumu ödəyərəm. (siqaretdən çəkir)

Artur: Şanel, sən mənim qəlbimi fəth edən yeganə qadınsan.

Şanel: Əmin ol ki, sən də məni özünə aşiq edən yeganə kişisən. Səni sevirəm, Artur. (aşiqliklə ona baxır)

Artur:(onun dodaqlarından öpür və daha sonra kədərlə baxışlarını yerə dikir) Amma...

Şanel: Nə amma?

Artur: İngiltərə qanunları başqadır, Şanel. Mən səninlə evlənib ömürlük bir yerdə olmaq, bir evi, bir yatağı, bir həyatı paylaşmaq istəyirəm.

Yüklə 321,04 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə