«Dövlət və Din».-2010.-№2(16).S.18-26.
NAXÇIVANDA ELMİN İNKİŞAFI:
TARİXİ ƏNƏNƏLƏR VƏ MÜASİRLİK
İSMAYIL HACIYEV
, AMEA-nın həqiqi üzvü
Dünya sivilizasiyasının ilk beşiklərindən olan Naxçıvan diyarı Şərqin ticarət, sənətkarlıq və mədəniyyət
mərkəzi kimi tanınmaqla yanaşı, həm də uzun müddət elm mərkəzi statusunu qoruyub saxlamışdır. Orta əsrlər
dövründə Naxçıvan diyarının görkəmli yetirmələri bütün sahələrdə olduğu kimi, elmi istiqamətlərdə də öz sözlərini
demiş, sanballı araşdırmaları ilə Azərbaycan elmini dünyaya tanıtmışlar. Tarixi mənbələrdən məlum olur ki, XI
əsrin 60-cı illərində Yaxın Şərqin bir sıra ölkələrindən Naxçıvana çoxlu alim və mütəfəkkir toplaşmışdı. Naxçıvan
hakimi Əbu Dülaf elm və mədəniyyət xadimlərinə xüsusi rəğbət bəsləmiş və onları saray ətrafında toplamışdı. Belə
bir vəziyyət Eldənizlər dövründə daha da genişlənmişdi. Eldənizlər ölkədə və o cümlədən, müəyyən vaxt dövlətin
mərkəzi olmuş Naxçıvanda elm və mədəniyyətin inkişafına dəstək göstərmişlər.
Ərəb alimlərindən Yaqut Həməvi özünün «Mucəm əl-buldan» əsərində Naxçıvan şəhərindən çoxlu alim
yetişdiyini və onların ən-Nəşəvi nisbəsilə məşhur olduqlarını göstərir. X-XI əsrlərdə Naxçıvanda Həddad
ən-Nəşəvi, Əbu Əbdullah ən-Nəşəvi, Əbu Abbas ən-Nəşəvi, Əhməd ən-Nəşəvi və s. bu kimi alim və mütəfəkkirlər
yaşayıb-yaratmışlar. XI əsrin I yarısında yaşamış Azərbaycan filosofları içərisində naxçıvanlı Əbu Ömərin adı
xüsusi yer tutur. Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Naxçıvaninin yaradıcılığında elmi prinsiplər
üstünlük təşkil etmiş, onun ornament kompozisiyaları bədiiliklə riyazi fikrin vəhdətinə əsaslanmışdır. Bu diyarın
başqa bir görkəmli yetirməsi, dahi alim, mütəfəkkir, ensiklopedist zəka sahibi olan Nəsirəddin Tusi elmi fəaliyyəti
ilə dünyanı heyrətləndirmiş, Marağa rəsədxanasını təşkil etməklə dünya elmi və mədəniyyəti tarixində mühüm
xidmət göstərmişdir. Nəsirəddin Tusinin övladları elm yolunu tutmuş, onun nəslindən olanlar isə Naxçıvanda elm,
ədəbiyyat və incəsənət sahəsində tanınmış mədəniyyət xadimlərindən olmuşlar. XIII-XIV əsr Naxçıvanı Şərqin elm
və mədəniyyət mərkəzlərindən biri olaraq qalırdı. Naxçıvanın görkəmli elm və mədəniyyət xadimləri
Azərbaycanda, Hülakülər və Cəlairilər dövlətinin müxtəlif vilayətlərində və dünyanın bir çox ölkələrində tanınır, öz
elmi, fəlsəfi, tarixi və s. əsərləri ilə məşhurlaşmışdılar. Onların arasında münəccimlər, filosoflar, ilahiyyatçılar,
tarixçilər, dilçilər, qanunşünaslar (fəqihlər), riyaziyyatçılar, həkimlər və s. mütəfəkkirlər var idi (2, s.55). Müsəlman
Şərqində tanınmış alim, filosof və mütəfəkkirlərdən Nəcməddin Naxçıvani, Həsən Naxçıvani, Kamaləddin
Naxçıvani, Qəvaməddin Naxçıvani, Fəxrəddin Naxçıvani və başqalarının elmi fəaliyyəti Naxçıvanda elmin və
mədəniyyətin yüksək inkişafından, naxçıvanlı alimlərin qazandıqları dünya şöhrətindən xəbər verir. Bəhs etdiyimiz
dövrdə Səncər Naxçıvaninin nəsli elmin inkişafında çox böyük tarixi xidmətlər göstərmişlər. Onun nəslindən olan
Nəsirəddin Naxçıvani, Fəxrəddin Naxçıvani, Hinduşah Naxçıvani, İzzəddin Naxçıvani, Məhəmməd ibn Hinduşah
Naxçıvaninin əsərləri və elmi fəaliyyətləri dövrün görkəmli elm adamları və mütəfəkkirləri tərəfindən yüksək
qiymətləndirilmişdir. XV əsrdə yaşayıb yaratmış Baba Nemətullah Naxçıvani Azərbaycan fəlsəfi və ictimai fikir
tarixində özünəməxsus yer tutmuşdur. O, kamil alim kimi tanınmış, orta əsr sxolastik nəqşibəndiyyə təriqətinin
rəhbərlərindən biri olmuşdur (1, s.148).
XVII əsrdə bacarıqlı təbib kimi tanınmış, «təbiblərin rəisi» adı ilə şöhrət qazanmış İbrahim Zeynəddin, eyni
zamanda, fiqh elmi sahəsində ciddi tədqiqatları ilə seçilmişdir. Övliya Çələbi XVII əsrdə Naxçıvanda «gözəl alim
və şairlər» yaşadığını qeyd etmişdir.
Səfəvi-Osmanlı müharibələri həyatın bütün sahələrində olduğu kimi, Naxçıvanda elmin inkişafına da öz
mənfi təsirini göstərmişdir. Azərbaycanın Rusiya tərəfindən ilhaq edilməsi də elmin inkişafını ləngitdi. Lakin XIX
əsrin II yarısından başlayaraq Azərbaycanda kapitalist münasibətlərinin inkişafı ictimai-siyasi və mədəni həyatın
inkişafına da müsbət təsir göstərdi.
XX əsrin 20-ci illərindən Azərbaycan, o cümlədən də Naxçıvan Muxtar Respublikası müasir elmin əksər
sahələrində böyük inkişaf yoluna qədəm qoydu. «Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti»nin Naxçıvan
şöbəsinin yaradılması diyarın zəngin təbii sərvətlərinin aşkara çıxarılmasında, tarix, elm və mədəni irsin
öyrənilməsində əhəmiyyətli rol oynadı. Azərbaycan Elmlər Akademiyasının yaradılması Muxtar Respublikada da
elmin inkişafına güclü təkan verdi. Muxtar Respublikada elmi idarələr, o cümlədən Araz kompleks zona Təcrübə
Stansiyası, Naxçıvan Elmi-Tədqiqat Baytarlıq Stansiyası, Azərbaycan Elmlər Akademiyası Naxçıvan Regional
Elmi Mərkəzi, Elm və Texnika Mərkəzi, Batabat Rəsədxanası yaradıldı. 1972-ci ildə təşkil olunmuş Naxçıvan Elm
Mərkəzində fundamental elmin müxtəlif sahələri üzrə tədqiqatlar aparılmışdır. Burada Muxtar Respublikanın təbii
sərvətlərinin, tarix və mədəniyyət abidələrinin öyrənilməsi sahələrində səmərəli iş görülmüşdür (3, s.138).
Azərbaycanın elmi potensialına Naxçıvan diyarının töhfəsi böyükdür. Ölkənin elmi idarə və ali təhsil
müəssisələrində, habelə onun hüdudlarından kənarda Naxçıvan torpağının yetirməsi olan yüzlərlə alim çalışmış və
indi də çalışır. Onların apardıqları elmi-tədqiqat işləri, yazdıqları kitab və monoqrafiyalar, hazırladıqları elmi
kadrlar, yaratdıqları elmi əlaqələr Naxçıvanda, bütövlükdə Azərbaycanda elmin inkişafına çox böyük təsir
göstərmişdir.
Keçən əsrin 90-cı illərinin əvvəllərində Naxçıvanın düşdüyü vəziyyət, kommunikasiya əlaqələrinin kəsilməsi,
diyarın erməni daşnakları tərəfindən blokadaya alınması elm və təhsilin inkişafına mənfi təsir göstərmişdir. Lakin
1990-cı ilin iyul ayının 22-də Ulu Öndər Heydər Əliyevin Naxçıvana gəlməsi, burada yaşayıb fəaliyyət göstərməsi
ilk növbədə bölgənin ərazi taleyini həll etdi. Naxçıvanın çətin vəziyyətdə olmasına baxmayaraq, Ümummilli Lider
blokada şəraitində yaşayan Muxtar Respublika sakinlərinin problemləri ilə məşğul olur, elm adamları, ziyalılar,
təhsil işçiləri ilə mütəmadi görüşür, elmi konfranslarda iştirak edir, tövsiyə və tapşırıqlarını verirdi.
Heydər Əliyev 1993-cü ilin yayında yenidən siyasi hakimiyyətə qayıdan kimi ölkənin alimləri, ziyalıları,
intellektual elitası ilə görüşmüşdür. Bu görüş Heydər Əliyevin ziyalıya, elmə diqqətinin ifadəsi idisə, həm də
respublikada elmi mühitin canlandırılmasına xidmət edirdi.
Respublikada yaranmış əlverişli şəraitdən istifadə edən Muxtar Respublika rəhbərliyi Naxçıvanda həyatın
bütün sahələrində olduğu kimi, elmi mühitin canlandırılması, elmin qarşısında duran vəzifələrin dəqiq
müəyyənləşdirilməsi, diyarın hərtərəfli öyrənilməsi üçün kadrların hazırlanması, elmi istiqamətlərin düzgün
müəyyənləşdirilməsi, araşdırmalarda milli mənafeyə xüsusi əhəmiyyət verilməsi və s. bu kimi vacib məsələləri önə
çəkdi. İlk növbədə Naxçıvanın hərtərəfli öyrənilməsi üçün ilkin mənbələrin üzə çıxarılmasını vacib bir vəzifə kimi
qarşıya qoydu. 1996-cı ildə «Uluslararası qaynaqlarda Naxçıvan» Beynəlxalq simpoziumu keçirildi. Simpoziuma
bir sıra ölkələrdən alimlər dəvət edildi. Beynəlxalq simpozium, burada müzakirə olunan məsələlər regionda elmin
yeni inkişafına təkan verdi. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin simpozium iştirakçılarına
göndərdiyi təbrik məktubunda deyilirdi: «Öz əlverişli coğrafi mövqeyi, təkrarolunmaz mədəniyyət və incəsənət
abidələri, istedadlı alim və ədibləri ilə seçilən bu diyar dünyanın bir çox tarixçi, səyyah və alimlərinin diqqətini cəlb
etmiş, onların əsərlərində dərin iz qoymuş və özünəməxsus yer tutmuşdur. Həmin qaynaqların araşdırılması,
onlarda Naxçıvan haqqında qeyd olunmuş məlumatların toplanıb tədqiq və nəşr olunması Azərbaycan tarixinin
obyektiv, elmi şəkildə işlənib hazırlanması üçün misilsiz əhəmiyyət daşıyır» (4, s.3).
«Uluslararası qaynaqlarda Naxçıvan» Beynəlxalq simpoziumunun mühüm elmi yekunu ondan ibarət oldu ki,
Naxçıvanın yeni istiqamətdə, yeni milli ruhda və gerçək mənbələr əsasında, milli mənafe əsas götürülməklə əsl
tarixinin yaradılması vacibliyi ortaya qoyuldu (5, s.12). Beynəlxalq simpoziumların keçirilməsi sonrakı illərdə də
davam etdirildi. Burada müzakirə olunan məsələlər Naxçıvan tarixinin ayrı-ayrı problemlərinin həllinə yönəldilirdi
ki, bu da Naxçıvan tarixinin, mədəniyyətinin öyrənilməsinə, ictimaiyyətə çatdırılmasına, materiallarının çap
edilməsi ilə elmin zənginləşdirilməsinə yönəldilirdi. 1996-2009-cu illərdə Naxçıvan tarixinin, mədəniyyətinin,
toponimlərinin, təbii ehtiyatlarının, biomüxtəlifliyinin öyrənilməsinə, azərbaycanlıların soyqırımı və deportasiya
tarixinə həsr olunmuş 40-dan artıq beynəlxalq simpozium və konfranslar keçirilmişdir: «Naxçıvan: tarixi gerçəklik,
müasir durum, inkişaf perspektivləri», «Nuh peyğəmbər (ə), dünya tufanı və Naxçıvan», «Naxçıvan bu gün:
islahatlar, perspektivlər», «Naxçıvan Muxtar Respublikasının təbii ehtiyatları və onlardan daha səmərəli istifadə
yolları» (2000,14-16.09), «Nizamidən Yunus Əmrəyə, Atatürkdən Heydər Əliyevə: sevgi və dostluq yolu»,
«Regionlarda elmi kadrların hazırlanmasının aktual problemləri» və s.
Tarixi elmi cəhətdən dərk etmək və bunun elmi şərhini ictimaiyyətə təqdim etmək üçün Naxçıvanın ən qədim
dövründən başlayaraq günümüzədək keçdiyi inkişaf tarixi hərtərəfli araşdırılmalıdır. Məlumdur ki, elm öz-özünə
yaranmır. O, tədqiqatçılar tərəfindən yaradılır, müəyyən prinsipləri, qanunauyğunluqları özündə ehtiva edir.
Naxçıvanda yaradılan elmi mühit araşdırmaların obyektiv, milli yöndə aparılmasını tələb edir. Bu istiqamətdə də bir
sıra sərəncamlar verilmişdir: «Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq olunması barədə» (2001, 26
aprel), «Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və
pasportlaşdırılması işinin təşkili haqqında» (2005, 6 dekabr), «Nuh peyğəmbərin (ə) Naxçıvan şəhərindəki
məzarüstü türbəsinin bərpa edilməsi haqqında» (2006, 28 iyun) və b.
Bu və digər sərəncamlara uyğun olaraq və onlardan irəli gələn vəzifələri yerinə yetirmək üçün Naxçıvanın
arxeologiyası, tarixi abidələri, mədəniyyəti, təhsili, fauna və flora biomüxtəlifliyi, təbii sərvətləri, folkloru, ədəbi
mühiti, toponimləri 15 ilə yaxın bir müddətdir ki, tədqiq edilir. Həmin tədqiqatlar, əldə olunan nəticələr elmimizi
zənginləşdirir, tariximiz üçün qaranlıq olan məsələlərin üzərinə işıq salır. Keçən əsrin 70-ci illərindən başlanılsa da,
2001-ci ildən daha sistemli, yüksək səviyyəli mütəxəssislərin iştirakı ilə Gəmiqaya abidələri tədqiqata cəlb edilmiş,
onun tarixi dəqiqləşdirilmiş, mövcud təsvirlər qeydə alınmış, ərazi kompleks şəkildə öyrənilmişdir. Nuh peyğəmbər
(ə), dünya tufanı və bunun Naxçıvanla bağlılığı əsaslandırılmış, ayrıca beynəlxalq simpozium keçirilmişdir.
Simpoziumdan sonra bütün elmi biliklər dəqiqləşmiş, bir sıra problemlər milli yöndə, obyektiv olaraq izah
edilmişdir. Naxçıvanda gündəlik diqqət və qayğı sayəsində elm inkişaf etmiş, yeni elmi nəticələr əldə edilmiş,
tarixin elmi dərki və izahı obyektiv müddəalarla zənginləşdirilmişdir: Naxçıvanın dünya sivilizasiyasının ilk
məskənlərindən biri olması; «Naxçıvan» sözünün izahı; Naxçıvan şəhərinin beş minillik tarixi və şəhər
mədəniyyətinin formalaşması; Naxçıvanın yer kürəsində həyatın başlandığı ilk mərkəzlərindən biri olması;
Gəmiqayanın kompleks öyrənilməsi və faktların dəqiqləşdirilməsi; ərazidəki yer adlarının və təsvirlərin izahı; Nuh
peyğəmbərin (ə) və dünya tufanının Naxçıvanla bağlılığı; Naxçıvan Muxtar Respublikası ərazisində Nuh
peyğəmbərlə (ə) bağlı çoxlu coğrafi adların üstünlük təşkil etməsi; Nuh peyğəmbərin (ə) məzarüstü türbəsinin
Naxçıvan şəhərində olması; Mifologiyada və folklor materiallarında Nuh peyğəmbər (ə) və dünya tufanı ilə bağlı
süjetlərin yer alması; Naxçıvan tarixində Qala şəhərlərin mövcud olması və əhəmiyyəti; Mixi yazıların toplanması
və onların tarixi faktların dəqiqləşdirilməsində rolu; «Naxçıvan oğuztürk yurdudur» fikrinin elmi arqumentlərlə
təsdiqi; Naxçıvanın Azərbaycanın milli dövlətçilik tarixində yeri və s.
Son illərdə Naxçıvanda elmi mühitin canlandırılması, bu istiqamətdə dövlət səviyyəsində müəyyən tədbirlərin
həyata keçirilməsi böyük əhəmiyyətə malik olmuşdur. Məlumdur ki, Naxçıvan ərazisi tarix və mədəniyyət abidələri
ilə zəngin diyardır. Daş dövründən başlamış günümüzədək bu ərazidə yaşamış insanlar diyarı abidələrlə
zənginləşdirmişlər. Təsadüfi deyildir ki, Ulu Öndər Heydər Əliyev bununla əlaqədar demişdir: «Naxçıvan ərazisini
götürsək, bu kiçik ərazidə həddindən çox dünya miqyaslı tarixi memarlıq abidələri yaşayıb və bu gün də yaşayır.
Onların hər biri Azərbaycan xalqının həm tarixini, həm mədəniyyətini, həm də adət-ənənələrini göstərən
abidələrdir...»
Naxçıvan Muxtar Respublikası ərazisində mövcud tarixi və memarlıq abidələri həm qorunur, həm də tədqiq
edilir. Naxçıvan ərazisində 1173 abidə qeydə alınmış, pasportlaşdırılmışdır. Həmin abidələr elmi cəhətdən öyrənilir
və maraqlı kitablar, monoqrafiyalar yazılır. Arxeoloji, tarixi abidələr öyrənildikcə, həm də diyarın tarixi, şəhər
mədəniyyəti haqqında yeni elmi məlumatlar əldə olunur. Artıq son illərin elmi məlumatları Naxçıvan şəhərinin yaşı,
şəhər mədəniyyətinin formalaşması barədə yeni elmi fikirlər irəli sürməyə, onu əsaslandırmağa imkan verir. Tarixi
elmi cəhətdən izah etmək üçün tutarlı faktlar olmalıdır. Artıq yeni elmi araşdırmalarda belə faktlar ortaya
çıxmaqdadır.
Naxçıvanda elmin inkişafında bir sıra tarixi bayramların, hadisələrin qeyd olunması, bunlarla bağlı
araşdırmaların aparılması çox vacib və əhəmiyyətli rol oynayır. Bu cəhətdən, Naxçıvan Muxtar Respublikasının
təşkili, onun 75, 80, 85 illik yubileylərinin keçirilməsi də Muxtar Respublikanın ictimai-siyasi həyatında çox böyük
əhəmiyyətli məsələlərdəndir. Bu tədbirlərin bəziləri ölkə miqyasında qeyd edilmiş, elmi konfranslar, rəsmi dövlət
tədbirləri keçirilmiş, ictimai və mədəni həyata müsbət təsir göstərmiş və bunlarla bağlı kitab və monoqrafiyalar
yazılmış, məqalələrdən ibarət toplular çap olunmuşdur. Bütün bunlar müəyyən elmi araşdırmalar tələb etmiş,
nəticədə elmin inkişafı artmış, tarixi hadisələrin elmi dərki asanlaşmış, geniş ictimaiyyət isə dürüst və dolğun
məlumatlar əldə etmişlər. Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin Naxçıvan Muxtar Respublikasının yubiley şənliklərində iştirak etmək üçün buraya gəlmələri, yubiley
tədbirlərində iştirak və çıxış etmələri hər cəhətdən əhəmiyyətli amilə çevrilmiş, elm adamları qarşısında konkret
vəzifələr qoymuşdur. Bu sözləri başqa yubiley tədbirləri ilə əlaqədar söyləmək olar. Naxçıvan Muxtar Respublikası
Həmkarlar Təşkilatının 40 illik, Babək rayonunun yaradılmasının 30 illik, Naxçıvan Dövlət Universitetinin 30 və 40
illik yubileylərinin keçirilməsi də həmin təşkilatlar, ali təhsil müəssisəsi haqqında elmi məlumatların
dəqiqləşdirilməsini tələb etməklə yanaşı, onlarla bağlı kitab və illüstrativ materialların çapına da şərait yaradır. Bu
tədbirlər, yubileylər Muxtar Respublikada yüksək səviyyədə hazırlanmış və həyata keçirilmişdir.
Naxçıvanda elmin inkişafında və formalaşmasında elmi kadrların böyük rolu vardır. Muxtar Respublikada
elmi kadrlar, əsasən, elm və tədris müəssisələrində fəaliyyət göstərirlər. Onlar tədris prosesi ilə yanaşı, müəyyən
elmi araşdırmalar aparır, öz elmi potensiallarının artırılması qayğısına qalır, namizədlik və doktorluq
dissertasiyaları müdafiə edərək elmi dərəcələr və adlar alırlar. Naxçıvan Dövlət Universitetinin, AMEA-nın
Naxçıvan bölməsinin, Naxçıvan Müəllimlər İnstitutunun, Naxçıvan Özəl Universitetinin, lisey və kolleclərin olması
da tədqiqatçı alimlərin bu müəssisələrdə işləmələrinə şərait yaradır. Elmi işçilər, təhsil müəssisələrinin əməkdaşları
son 15 ildə hər cür diqqət və qayğı ilə əhatə olunmuş və bunu öz həyat və fəaliyyətlərində hiss etmişlər. 1995-ci illə
2009-cu illər arasındakı inkişaf bu istiqamətdə müqayisə edilərsə, fərq çox kəskin şəkildə ortaya çıxar. 1995-ci ildə
ancaq bir dövlət və bir özəl təhsil müəssisəsi olduğu halda, sonrakı illərdə həmin təhsil müəssisələri sırasına yenisi
əlavə olunmuş və həm də Akademiyanın Naxçıvan bölməsi, 6 ixtisas üzrə Dissertasiya Şurası, elmi jurnallar,
nəşriyyatlar yaradılmışdır. Bunlar elmi potensialın artmasına kömək etdiyi kimi, elmin də inkişaf səviyyəsinə əsaslı
təsir göstərmişdir. Təbii ki, dövlət qayğısı və dəstəyi olmasaydı, bunlar mümkün ola bilməzdi. 1995-ci ildə
Naxçıvan Muxtar Respublikasında 116 elmlər namizədi, 5 elmlər doktoru olduğu halda, indi bunların sayı müvafiq
olaraq 164 və 28 nəfərə çatmış, üstəlik 2 akademik, 5 nəfər isə müxbir üzv seçilmişdir. Son illərdə hər il Muxtar
Respublikada fəaliyyət göstərən aspirant, dissertant və doktorantlardan 2025-i dissertasiya müdafiə edirlər.
Elmi kadrların sayı və səviyyəsi, elmi potensialı artdıqca, onların faydalı iş əmsalı artır, yazdıqları kitab və
monoqrafiyaların həm kəmiyyəti, həm də keyfiyyəti yüksəlir. Elmi potensialın səviyyəsinin artması bir sıra
ümumiləşdirici əsərlərin yazılmasına imkan verir. Son 15 ildə Naxçıvan Muxtar Respublikasında alınan patentlər,
nəşr edilən kitab və monoqrafiyalar, ümumiləşdirici əsərlər, ensiklopediyalar, konfrans materialları, məqalələr
topluları bütövlükdə XX əsrdə çap olunan nəşrlərdən on dəfələrlə çoxdur. Həm də bu əsərlərdə Naxçıvanda
aparılan elmi araşdırmaların ən son nailiyyətləri, məlumatları və ümumiləşdirici fikirləri öz əksini tapmışdır. Bir və
iki cildlik Naxçıvan ensiklopediyası, Naxçıvan: tarixi və abidələri, Naxçıvan abidələri ensiklopediyası, Naxçıvan
Muxtar Respublikasının Qırmızı kitabı (1-ci və 2-ci cild), Naxçıvanın tarixi atlası, Naxçıvanın folklor antologiyası
kimi ümumiləşdirici əsərlər Naxçıvanda elmin inkişafının mühüm göstəricisi kimi qiymətləndirilə bilər. Naxçıvanlı
alimlərdən İsa Həbibbəylinin, İsmayıl Hacıyevin, Əbülfəz Quliyevin, Vəli Baxşəliyevin, QadirQədirzadənin,
Hacıfəxrəddin Səfərlinin, Vəli Hüseynovun, Məmməd Rzayevin, Yavuz Axundlunun, Tariyel Talıbovun, Hüseyn
Həşimlinin, Əliyar İbrahimovun, Bayram Rzayevin, Asif Şirəliyevin, Əsgər Qədimovun və onlarla başqalarının
elmi fəaliyyətləri, apardığı araşdırmalar və nəşr etdikləri kitab və monoqrafiyalar, bunlardakı elmi yeniliklər
Naxçıvanda elm sahəsində əldə olunan mühüm uğurlar kimi dəyərləndirilə bilər. Bütün bunlar isə Azərbaycan
elmini zənginləşdirir və onun nüfuzunu artırır.
Ümumiyyətlə, son 1 ildə Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafı həyatın bütün sahələrini əhatə
etdiyi kimi, elm sahəsindən də yan keçməmişdir. Dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunan elm adamları
elmi fəaliyyətləri, apardıqları elmi tədqiqat işləri və əldə etdikləri elmi yeniliklər ilə Naxçıvanda elmin inkişafına,
tarixin bütün mərhələlərinin elmi dərkinə və son nəticədə cəmiyyətin inkişafına səbəb olmuşdur.
Naxçıvanda elmin inkişafı aşağıdakı göstəricilər ilə diqqəti cəlb edir:
1. Aparılan araşdırmalar, əldə olunan uğurlar ölkə Prezidentinin, Naxçıvan MR Ali Məclisi sədrinin bu
sahəyə göstərdikləri diqqət və qayğının sayəsində mümkün olur;
2. Naxçıvan MR Ali Məclisi sədrinin elmin, təhsilin, tarix və mədəniyyətin inkişafı ilə bağlı verdiyi
sərəncamlar bu sahələrin inkişafı üçün zəmin yaratmış, elm adamlarını bu sahələrə istiqamətləndirmişdir;
3. Naxçıvanda elmin inkişafı tarixi ənənələrə əsaslanır, əldə olunmuş uğurlar bu əsasda inkişaf edir;
4. Beynəlxalq səviyyəli simpozium və konfranslar, burada müzakirə olunan məsələlər elmi əlaqələrin
genişlənməsinə, elmi məlumatların dəqiqləşməsinə və inkişafına şərait yaradır;
5. Elm sahəsində əldə olunan uğurlar, qazanılan nailiyyətlər tarixin
elmi səviyyədə dərk olunmasına və cəmiyyətə çatdırılmasına imkan verir;
6. Aparılan araşdırmalar bir sıra tarixi faktların və hadisələrin dəqiqləşdirilməsinə, yeni elmi izahına imkan
verməklə yanaşı, ciddi elmi əsərlərin yazılmasını mümkün edir.
Beləliklə, aydın olur ki, Naxçıvanda elmin inkişafı tarixi ənənələrə əsaslansa da, 1995-2010-cu illərdə bu
sahədə əsaslı işlər görülmüş, elmi mühit canlandırılmış, yüksək ixtisaslı elmi kadrlar hazırlanmış, onların əsərləri
isə Azərbaycan elmini zənginləşdirmişdir.
ƏDƏBİYYAT
1. Məmmədov R. Naxçıvan şəhərinin tarixi oçerki. Bakı, «Elm», 1977, s. 160.
2. Piriyev V. Naxçıvan tarixindən səhifələr. Bakı, «Müəllim», 2004, s. 125.
3. Naxçıvan ensiklopediyası. İki cilddə, c. 2, Bakı, 2005, s. 381.
4. Naxçıvan tarixinin səhifələri («Uluslararası qaynaqlarda Naxçıvan» Beynəlxalq simpoziumun
materialları). Bakı, ADPU-nun mətbəəsi, 1996, s. 223.
5. Naxçıvan: tarixi gerçəklik, müasir durum, inkişaf perspektivləri (9-10 iyun 2006-cı ildə keçirilmiş
Beynəlxalq simpoziumun materialları). Bakı, «Təhsil», 2006, s. 504.
6. Naxçıvan bu gün: islahatlar, perspektivlər (5-6 oktyabr 2007-ci ildə keçirilmiş Beynəlxalq simpoziumun
materialları). Bakı, «Nurlan», 2008, s. 548.
7. Milli Elmlər Akademiyası bizim milli sərvətimizdir - onu qoruyub saxlamalıyıq. «Elm» qəzetinin xüsusi
buraxılışı. Bakı, «Elm», 2003, s. 288.
РЕЗЮМЕ
Развитие науки в Нахчыване: исторические традиции и современность
В статье прослежены исторические периоды развития науки в Нахчыване, рассматривается
творческая деятельность ученых, живших в этой стране в средние века.
Из проведенных исследований становится ясно, что стратегический курс, определенный
общенациональным лидером Гейдаром Алиевым, целенаправленно продолжен Президентом страны
Ильхамом Алиевым и это привело к прогрессивным изменениям в социально-экономическом развитии,
науке и культуре как Нахчыванской АР, так и всего Азербайджана.
SUMMARY
Development of science in Nakhchivan: historical traditions and the present
In the paper the historical periods of development of science in Nakhchivan are followed, creative activities
of the scientists living in this country in the Middle Ages are considered.
From the carried out researches it becomes clear, that the strategic direction determined by the national
leader Heydar Aliyev is continued purposefully by the President of the country llham Aliyev and it has caused
progressive changes in social and economic development, science and culture of Nakhchivan AR and Azerbaijan.
Dostları ilə paylaş: |