Pirquliyeva Q. Ə. T. ü. f d.,dosent Məmmədova A. M



Yüklə 115,17 Kb.
tarix08.01.2018
ölçüsü115,17 Kb.
#20024

Pirquliyeva Q. Ə.

T. ü. f. d. ,dosent


Məmmədova A. M.

T. ü. f. d.


Azərbaycan dövlətinin adının yaranma tarixi barədə

III məqalə

(Əvvəlki iki məqalədə yazdığımız əsas məqamları bir daha təkrar edərək mövzunu davam etdirərkən son illərdə Azərbaycan numizmatika elminə təşrif buyuran gənc mütəxəssislərimizdən Aygün xanım Məmmədovanı da bu mövzuya cəlb etmək qərarına gəldik. Belə ki, xanımın dissertasiya işi araşdırdığımız dövrə aiddir. Digər bir məsələ ondan ibarətdir ki, A.Məmmədova öz araşdırmalarında Azərbaycan Milli Tarix muzeyinin numizmatik materillarından istifadə edərək bu mövzu haqqında maraqlı elmi nəticələr əldə etmişdi.Bu səbəbdən III məqaləmiz müştərək olaraq qələmə alınmışdı.Ümid edirik ki, oxucularımız üçün bu yazı da maraqlı olacaq).

Dünya tarix elminin son 200 ildə apardığı araşdırmalara görə, dövlətlərin adlarının yaranma tarixində ümumi, bütün xalqlar tərəfindən qəbul edilmiş standartlar mövcud olmamışdır.

Bir sıra dövlətlərin adlarının yaranma tarixi müxtəlif səbəblərə (etnik mənşə, görkəmli şəxsiyyətlər, yerləşmə məkanı, etnos adlarına müvafiq və s. ) istinadlanır.

Azərbaycanda qədim çağlardan başlayaraq kiçik-böyük dövlətlər yaranıb dağılmış, bölgə bəylikləri şəklində daha böyük siyasi qurumların tərkibinə daxil olmuşlar.

Yazılı qaynaqlar bunların yalnız müəyyən qismindən bəhs edir.

Azərbaycanda görünən Subar, Aratta, Qut, Turuk, Mana, Saqa-Qəmər, Mada, Atropatena və Alban-Aran kimi dövlətlərlə yanaşı, vaxtaşırı türk boylarının çoxlu siyasi qurumları ortaya çıxmışdır.1 Bu dövlət və dövlət qurumlarının bəzi atributları barədə elmdə bəzi ciddi araşdırmalar var. Yerləşdikləri coğrafiya vaxtaşırı dəyişdirilməsinə və yaxud da müəyyən tarixi, obyektiv və təbiət hadisələrinə görə, işğallara və işğal etdikləri ərazilər hesabına kiçilən və ya böyüyən sərhədlər çərçivəsində cürbəcür xalqlar yaşasa da, əsas qurucu tayfa və tayfa birlikləri, etnoslar türklər olmuşlar.

İbtidai icma quruluşundan bu gunkü müstəqil Azərbaycan Respublikasına qədər çoxəsrlik inkişaf yolu keçmiş, beş min ildən çox dövlətçilik tarixi olan Azərbaycan sikkə zərbinin qədim tarixi və geniş coğrafiyasına malik olmaqla yanaşı, həm də bu sənətin yüksək inkişaf səviyyəsi ilə fərqlənmişdir.

Qədim Azərbaycanda sikkənin sələfləri - əmtəə pullar haqqında tədqiqatlardan məlum olur ki, VIII – VII minilliklərin neolit inqilabı, daha sonra isə eneolit (VI –V minilliklər) dövründə Azərbaycan ərazisində tayfalararası mübadilədə həm təbiət məhsulları (duz, balıq, ov əti, xəz, meyvə və s. ), həm də əmək alətləri,dulus məmulatları,bəzək əşyaları, silah, maldarlıq və əkinçilik məhsulları iştirak etmişlər (şəkil 1).2





c:\users\pc\desktop\slayd resp. konf 2017\vidi deneq 2.jpg

без названия.jpg

Xəz dərilər



Şəkil 1.

E. ə. II – I minilliklərin ayrıcında azərbaycanlıların tuncla tanışlığı istehsal qüvvələrinin inkişafına səbəb olaraq xarici əlaqələrdə əmtəə mübadiləsinin genişlənməsinə səbəb oldu.

Qeyd edilən dövrdə Asiya, Avropa və Afrikada yayılmış dəniz balıqqulaqcıqları - “kauri”lərin Azərbaycanda e. ə. II minilliyə aid torpaq qəbirlərdə, çoxsaylı tunc bilərziklərin (orta çəkisi 8,2 q) isə eramızın əvvəllərinə aid Mingəçevir qəbirlərində aşkarlanması bunların ilk metal pul funksiyasını yerinə yetirdiyini söyləməyə əsas verir (şəkil 2; 3).
http://img.day.az/2016/02/18/408741.jpg



Şəkil 2. Tunc bilərzik


kauri.jpg

Şəkil 3. Kaurilər

Nəcib metal olan qızıl və gümüşün qədim Azərbaycanda kifayət qədər tanındığını tunc dövrünün sonu və dəmir dövrünün başlanğıcına (e. ə. XI – IX ə. ) aid arxeoloji tapıntılar (bəzək və məişət əşyaları) təsdiq edir3.

Respublikamızın ərazisində aşkarlanan təksaylı sikkələr və sikkə dəfinələri XVIII əsrin sonundan xarici numizmatların (O.Tixsen, V.Marsden və b.) diqqətini cəlb etmişdir.

Atropatena (e. ə. IV ə. – e. III ə. ) və Albaniya (e. ə. IV – e. VII ə. ) zamanından vacib dövlətçilik atributu hesab edilən sikkə və sikkə zərbi işi müstəsna yer almışdır.

Azərbaycan xoroniminin monoqram şəklində sikkələr üzərində qeyd olunduğu ilk numizmatik mənbə e. ə. III əsrə aiddir (şəkil 4).4

77.jpg


Şəkil 4. Midiya Atropatenası. Şərq əyalətlərinin satrapı Andraqor (təq. e. ə. 247), qızıl stater (ATP monoqramı ilə)

Əgər Albaniyada ilk yerli sikkələr Makedoniyalı İsgəndərin (e. ə. 336-323) gümüş draxma və tetradraxmalarının “oxşatması” olmuşdusa, Atropatenada yerli sikkələr dövriyyədə işlədilmişdir. Bu sikkələrin üzərində zərbetmə üsulu ilə açıq –aydın göstərilən yer-dövlət adlarına diqqətlə yanaşılsa hər iki dövlətin adlarına şübhə yeri belə qalmır (şəkil 5).



allb

Şəkil 5. Makedoniyalı İsgəndərin sikkələrinə bənzətmə. Gümüş tetradraxmalar.5

Azərbaycan Albaniyasına aid olan gümüş sikkələr üzərində A monoqramı, Atropatenanın qızıl və gümüş sikkələri üzərində ilk üç hərfin ATR monoqramı maraqlı birləşdirilmiş şəkildədir. Bu sikkələrin üzərində zərb tarixinin və hökmdar adının olmaması səbəbindən elmdə anonim adlandırılsa da, onların dövriyyədə olduqları zaman e. ə. III əsrdən başlayır.

Son illərdə bəzi əcnəbi alimlərin araşdırmalarına6 görə konkret olaraq, Albaniyanın “oxşatma” sikkələrinin nəinki yerli bazarları təmin etməyi, həmçinin bəzi əcnəbi dövlətlərin ticarət münasibətlərində də hüquqi dəyər vasitəsi kimi iştirak etdiyi göstərilir.

İkinci bir elmi mülahizəyə görə bu sikkələr Makedoniyalı İsgəndərin ölümündən sonra yenə də imperiyanın mərkəzində çox miqdarda zərb edilərək keçmiş periferiyalara göndərilmişdi.

Hər iki mülahizə maraqlı olsa da daha çox birinciyə inanmaq lazım gəlir. Belə ki, çox uzaq məsafələrdən Qafqaz dağlanın ətəklərində yerləşən Albaniyaya niyə sikkələr istifadə edilməsən gətirilsin. Halbuki burada həm gümüş yataqları, həm də metalişləmə çox qədim tarixdən insanlara məlum idi. Belə olduqda yerli ustalar tərəfindən və artıq böyük dövlətçilik ənənələrinə malik olan xalq bu işi özü də yerinə yetirə bilərdi. Beləliklə, üzərində Azərbaycan dövlətinin –zərbxanasının adı olan sikkələr meydana çıxmamışdan çox əvvəllər, eradan əvvəl sikkə anlayışı vacib atribut olması əcdadlarımızın şüurunda tam olaraq formalaşmışdı. Belə sikkələrin zərbindən əvvəl ümumiyyətlə bu sözün yaranma tarixinə diqqət etmək lazımdır. İlk dəfə sasanilərin sərhədləri daxilində olan zaman dövlətimizin adını Dərbənd qala divarında yazıldığı elmə məlumdur.7 Bu faktı epiqrafik yazı kimi elm qəbul etmişdir.

Amma yazılı mənbələrdə bu söz hələ Strabonun “Coğrafiya” əsərində yunan dilində Atropatnun şəklində, Simokattanın əsərlərində siryani dilində, orta fars dilində I Şapurun yazısında Aturpatakan, M. Qaşqarinin lüğətində Azarabadkan kimi göstərilmişdi. Mənbələr saydıqlarımızla bitmir. Sözün düzgün semantikasını araşdıran və özünün elmi mülahizəsini irəli sürən F. Ağasoylunun fikrinə görə”müxtəlif dilli qaynaqlarda Azərbaycan adı Azərbiqan və Aturpatakan variantlarına uyğun deyimlər üzrə qeyd olunmuşdur.8

Qaynaqlarda əksər dillərdəki örnəklər Azərbigan adının müxtəlif yazılış formalarıdır, yalnız keçmiş fars və hay dillərində Atrupatakan adının variantları

görünür ki, bunlardan da Azərbaycan adının yaranması dilçilik baxımından mümkün deyil. ərəb istilasından sonra adın sonluğuna məkan bildirən qan//kan şəkilçisi ərəb deyiminə (q-c)uyğun olaraq, -can forması almış , yalnız bir-iki fars-hay yazısında az işlənən Aturpatkan variantı aradan çıxmış, onun yerini Azərbaycan variantı tutmuşdu”. 9 Beləliklə, Azərbaycan adı etnotoponimdir. Göründüyü kimi, vətəndaşı olduğumuz ölkənin adı ərəblərin dövründən bu şəkildədir.

Azərbaycandakı numizmatik materiallara əsasən10 Sasanilər dövründə inzibati bölgə adlarına müvafiq olaraq iki zərbxana at-azerbaycan - АТ вə aran-1 - АİRАN təyin edilmişdir11

Azərbaycanda aşkarlanan dəfinələrdə AT monoqramlı belə sikkələrlə Cənubi Azərbaycan şəhərlərinin daxil olduğu «Aturpatakan» inzibati bölgəsi nəzərdə tutulmuşdur. Bu bölgənin başlıca şəhərlərindən olan (Ərdəbil) belə monoqramlı sikkələrin zərb edilməsi söylənə bilər (şəkil 6).




Şəkil 6. MATM NF 11087. Sasanilər. II Xosrov (590-628), at-azerbaycan - AT - Atropatena (Ərdəbil), 28-ci h. i. , gümüş drahma

Tədqiqatçı M. İ. Moşiriyə12 görə AT monoqramlı drahmalar I Yəzdəgird (399-420) dövründən kəsilməyə başlamış və ilk Əməvi canişinləri dövründə də bu zərbxana fəaliyyət göstərmişdir.

Numizmatik tədqiqatlar sübut edir ki, bu inzibati ad Əməvilər dövründə «Azərbaycan» adı ilə gümüş dirhəmlərdə təzahür etmiş və bu zərbxana növbəti sülalə (Abbasilər) dövründə də fəaliyyət göstərmişdir.

AİRAN monoqramlı sikkələri tədqiq etmiş D. Sellvud və b.13 onların Suz, M.İ.Moşiri14 isə Nəhavənd və ya «Beh Ərdəşir» adı ilə Ktesifon şəhərində zərb edilməsini qeyd etsələr də, t. ü. f. d. A.M.Məmmədova15 sikkələrin topoqrafiyasına və pəhləvi əlifbasının xüsusiyyətlərinə əsaslanaraq, bu sikkələrin Sasanilər dövründə «Albaniya», ərəblər dövründə isə «Arran» adlandırılan Şimali Azərbaycan şəhərlərində (Bakı, Bərdə, Dərbənd) zərb edildiyini qeyd etmişdir.

I Qubadın (484; 488-497; 499-531) hakimiyyəti dövründən fəaliyyətə başlayan bu zərbxanada sikkələrin zərbi Əməvilər və Abbasilər dövründə də davam etdirilmişdir (şəkil 7).
scan0036scan0037

Şəkil 7. MATM NF 13264. Sasanilər. I Qubad (488-496; 498 - 531). 34-cü hak. ili, aran-1 - AİRAN- Arran, gümüş drahma
Bundan əlavə sasanilər dövründə Azərbaycanda sikkə zərbinin Naxçıvan və Naxçıvanın Xaraba Gilan şəhər yerində həyata keçirildiyi həm numizmatik, həm də arxeoloji tapıntılarla təsdiqlənir. 16

Azərbaycanda sikkələr üzərində də ərəb hərfləri ilə “Azərbaycan” yer adının ilk zərbi tarixi Xilafətin Əməvilər sülaləsi zamanında başlamışdır. Sözsüz ki, ərəblər işğal etdikləri yerləri öz istədikləri kimi adlandırmamış, öz dillərinin fonetikası və qrammatikasına uyğunlaşdırmışdılar.

Beləliklə, Xilafətin Əməvilər sülaləsi hakimiyyəti zamanı həyata keçirilən ərazi- inzibati bölgüyə görə Xilafət ərazisi əvvəlcə 9 vilayətə, daha sonralar isə 5 vilayətə bölündü. Bunlardan üçüncüsü «əl-Cəzirə»yə Azərbaycan, Arran, Ərməniyyə və Kiçik Asiyanın şərq ərazisinin bir hissəsi daxil idi. 17

Qeyd etmək lazımdır ki, ümumiyyətlə müsəlmanlaşma və islamlaşma adlı fenomenal hadisə ilk dəfə sikkə zərbi işində özünü göstərmişdi. Belə ki, işğalçı-tacir ərəblər başa düşürdülər ki, ümumi və yeganə dəyər vahidi olmasa 50-dən artıq xalqı və 10-dan artıq dövləti idarə edə bilməzlər. Bu və digər mühüm səbəblərdən islahatlar məhz sikkə işinin mərkəzləşdirilməsindən başladı. Ən “böyük islahatçı” xəlifə Əbd əl-Məlik (685-705) oldu.

696/7-ci ildə o, Xilafətdə sikkələrin İslami tərzdə zərb edilməsi haqqında fərman imzaladı.

Beləliklə, bütün Xilafət ərazisində olduğu kimi, Azərbaycanda da sikkələrin görünüşündə əsaslı dəyişiklik edildi.

Bu məqamda çox incə bir məqama qeyd etmək yerinə düşərdi.

Ərəblər ilk işğal etdikləri ölkələrdə (o sıradan Azərbaycanda da) özlərindən əvvəlki üsul-idarəni saxlayırdılar. Bu özünü sikkə zərbi işində də göstərdi.

Azərbaycanda aşkarlanan qeyd edilən dövrə aid dəfinələrin təyini sübut edir ki, ərəb canişinlərinin hakim olduğu Azərbaycanda ilk illərdə istifadədə olan sasani sikkələrinə pəhləvi hərflərilə şahənşahın adı həkk edilsə də, sikkə möhürünün xaricinə ərəb dilində «Allahın adı ilə» və ya digər dini ifadələr həkk edilirdi.

Sonrakı dəyişiklik zamanı sikkələrdə şahənşahın adının əvəzinə pəhləvi hərfləri ilə xəlifə və ya canişin adı həkk edilmiş, həmçinin bəzi ərəb dini ifadələri («Allaha həmd olsun»; «Allahın adı ilə. Məhəmməd Allahın elçisidir»; «Allahdan qeyri hakim yoxdur» və s. ) əlavə edilmişdir.

Numizmatikada “ərəb-sasani” adlandırılan bu sikkələrin zərbi hətta 696-cı ilin İslami sikkə islahatından sonra da bir müddətlik davam etmişdir.18

50-dən artıq zərbxanada kəsilmiş bu sikkələrdə də eynilə sasani sikkələrində olduğu kimi zərbxana və zərb tarixi pəhləvi hərfləri ilə sikkənin əks tərəfinə qeyd edilsə də, sasani sikkələrindən fərqli olaraq zərb tarixində aşağıdakı üç tarixi eradan istifadə edilmişdir:

1) III Yəzdigərdin taxta çıxdığı 632-ci ildən hesablanan «Yəzdigərd erası»;

2) Yəzdigərdin vəfatından sonrakı 651/652-ci ildən hesablanan «Yəzdigərddən sonrakı era»;

3) 622-ci ildən hesablanan hicri təqvim (şəkil 8).
32449 a32449 r


Şəkil 8. MATM NF 32449. Ərəb-sasani. Abdullah ibn Hazim. 65 = 684/5,

gümüş dirhəm


Xilafət dövründə “Azərbaycan” adı ilə gümüş və mis sikkələr məlum olsa da, qızıl dinarlar hələ ki, aşkarlanmamışdır.

Milli Azərbaycan Tarixi Muzeyinin Xüsusi Fondunda Xilafət dövrünə aid yeganə qızıl dinar Aranda zərb edilmişdir (şəkil 9).


711 avers711 revers



Şəkil 9. MATM XF 711. Abbasilər. Həzim, Arran, 170 = 786/7, qızıl dinar

Qeyd edilən qızıl dinar Xilafət dövründə Aranın yqksək iqtisadi və geosiyasi əhəmiyyətini sübut etməkdədir.19

Əməvilərin qızıldan dinarlarında əksər hallarda zərbxana qeyd edilmirdi. Əməvilər dövründə zərbxananın həkk edilmədiyi dinarların əksəriyyətinin paytaxt şəhər olan Dəməşqdə kəsildiyini Bəlazuri «ﺍﻠﺪﻤﺸﻘﻴﺔ ﺍﻠﺪﻧﺎﻨﻴﺭ» (Dəməşq dinarları) ifadəsi ilə bildirmişdir.20

«Azərbaycan» adı ilə zərb olunan sikkələr Sasanilər dönəmində olduğu kimi Cənubi Azərbaycanın baş şəhəri (paytaxtı) – Ərdəbildə zərb edilirdi. Bu şəhər Əməvi xəlifələri dövründə «Azərbaycan» inzibati bölgəsinə daxil olan əsas idarəçilik mərkəzi idi.

Xəlifə Əbd əl-Məlikin hakimiyyəti dövrünə təsadüf edən «Azərbaycan» sözünün həkk edildiyi ilk islam gümüş dirhəmi 78 = 697/8-ci ildə zərb edilmişdir. 21

Bu adla olan ikinci sikkə hicri 105= ci il (NF 39785, 2,91 qram), üçüncü sikkə isə hicri 106 = 724/5-ci ildə zərb edilmişdir (şəkil 10).


39785 a

39785 r

Şəkil 10. MATM NF 39785. Əməvilər. Azərbaycan, 105 = 723/4, gümüş dirhəm

azerb 106

azerb 106 revers

Şəkil 11. Əməvilər. Azərbaycan, 106 = 724/5, gümüş dirhəm

Azərbaycan Milli Tarix muzeyindən əlavə digər dünya muzeylərinin (Qahirə, Paris, Moskva, Daşkənd və s. ) kolleksiyalarında qorunan 2,8-2,9 q çəkili, 105 = 723/4-cü ilin «Azərbaycan» dirhəmləri çoxsaylı olmaqla müxtəlif möhürlərlə kəsilmişdir.

Əməvilər dövründə Azərbaycanda sikkə zərbini bir neçə qrupa ayırmaq mümkündür:

1) inzibati bölgə adı ilə zərb edilənlər - Azərbaycan, «Ərminiyyə», Arran;

2) şəhər adı zərb edilənlər – Gəncə, Bərdə, əl-Bab (Dərbənd), Bəlx əl-Bəyda (Ağ Bəlx), Mədinət Bəlx əl-Bəyda (Ağ Bəlx şəhəri);

3) həm inzibati bölgə, həm də şəhər-zərbxana adı həkk edilənlər – «Ərminiyyə və Car».

Abbasilər dövründə isə aşağıdakı kimi qruplaşdırılaraq zərbxanalarda sikkə zərbi həyata keçirilmişdir:



  • inzibati ərazi adları – Azərbaycan, Arran, Ərminiyyə, “Ərz əl-Xəzər” (Xəzər ərazisi), “Mədən Bəcinəys” (Bəcinəys mədəni);

  • vilayət şəhər-zərbxanası – “Mədinət Aran” (Aran şəhəri);

  • inzibati ərazi adı və şəhər-zərbxana adı – Ərminiyyə-əl-Bab; Ərminiyyə - Bərdə.

  • şəhər-zərbxana adı - əl-Yəzidiyyə (Şamaxı), Bərdə, əl-Mütəvəkkiliyyə (Şəmkir).22

Azərbaycan adının sikkələr üzərində yenidən zərb işi Sacilər sülaləsinin hakimiyyəti zamanı həyata keçmişdi.

Xüsusi olaraq qeyd etmək lazımdır ki, Xilafətdə yaranan ilk türk müsəlman dövləti məhz Azərbaycan Sacilər dövləti (879-941) olmuşdu. Dövlətin ilk paytaxtı Marağa(879-901), ikinci və sonuncu mərkəzi şəhəri Ərdəbil (901-941) olmuşdu. Sonralar Orta Asiyada Samanilər və digər türkəsilli yerli dövlətlər yaranmışdı. Beləliklə, Sacilər sülaləsi etnik, tarixi Azərbaycan dövlətinin qədimdən olan sərhədlərini yenidən bərpa etdilər, yəni ərəblərin inzibati bölgüsündəki “Əl-Cəzirə” anlayışında göstərilən ərazilər Abbasilər dönəmində Sac türk tayfaları tərəfindən yenidən birləşdirilmiş və üzərində zərb yeri “Azərbaycan” göstərilən qızıl və gümüş sikkələr dövriyyəyə buraxılmışdı. Ehtimal ki, bu sikkələr hər iki şəhərdə zərb edilmiş və dövlətin əsas dəyər vahidi olmuşdur. Sacilərə aid olan dirhəm və dinarlarının az sayda tapılması səbəbləri sırasında “gümüş böhranı” və onun nəticəsində Avropaya daşınan sikkələr içərisində olduğunu göstərmək lazımdır.

Bu sikkələr də klassik müsəlman sikkələridir. Fərq ondan ibarətdir ki, sikkələrin bir üzündə hakimiyyətdə olan xəlifə və dini rəmzlər, əks tərəfdə isə saci hökmdarının adı, titulları, zərb tarixi və yeri ərəb əlifbasında mükəmməl olaraq zərb edilmişdi.

Beləliklə, Azərbaycan etnotoponim olaraq, VII əsrdən sikkələr üzərində müəyyən fasilələrlə zərb edilməsi, ikinci dəfə Azərbaycan Saci dövlətində dövriyyəyə buraxılmışdı. Üçüncü dəfə, 1918- ci ildə kağız nominallar üzərində əski əlifbada azərbaycan və fransız dillərində -“Azərbaycan Cumhuriyyəti” və “Republik de la Azerbaycan” şəklində göstərilmişdi.




1 Ağasıoğlu F.Azərbaycan türklərinin islamaqədərki tarixi.II bitik, Bakı,2016,s.61

2 Pirquliyeva Q.Ə. Numizmatikanın əsasları.Bakı, 2009, s.6-9.


3 Rəcəbli Ə.M. Azərbaycan sikkələri. Монеты Азербайджана . Bakı: XalqBank, 2016, s. 23-26

4 Rəcəbli Ə.M. Azərbaycan sikkələri. Монеты Азербайджана . Bakı: XalqBank, 2016, s. 49


5 Rəcəbli Ə.M. Azərbaycan sikkələri. Монеты Азербайджана . Bakı: XalqBank, 2016, s. 40

6 Мусакаева А. О монетах на Великом Индийском пути.В сб.международной конференции посв.по истории Ширвана.(в печати)

7 Пахомов Е.А. Пехлевийские надписи Дербенда, Нюберг Г.С. Материалы по истолкованию пехлевийских надписей Дербенда. Б.: 1929, 34 с.

8  F.Ağasoylu.Azərbaycan türklərinin islamaqədərki tarixi.II bitik,Bakı,2016,s.107

9  F.Ağasoylu.Azərbaycan türklərinin islamaqədərki tarixi.II bitik,Bakı,2016,s.107

10


11


 Pirquliyeva Q. Иконографичесие особенности монет Азербайджана период Сасанидов. BAO.az, 2016


12 Mochiri M.I. Etude de numismatique Iranienne sous les sassanides et arabe-sassanides. T. II, Tehran, Ministere de la Culture et des Arts, 1977, p. 365-370

13 Sellwood D., Whitting P., Williams R. An Introduction to Sasanian coins. London: Spink & Son Ltd., 1985, p. 143

14 Mochiri M.I. Etude de numismatique Iranienne sous les sassanides et arabe-sassanides. T. II, Tehran, Ministere de la Culture et des Arts, 1977, p. 283-286

15 Məmmədova A.M. Ərəb Xilafəti dövründə Azərbaycanda sikkə zərbi və pul dövriyyəsi. T.ü.f.d. elmi dərəcəsi almaq üçün təqdim edilmiş avtoref. Bakı: 2013, s. 15



16 Rəcəbli Ə.M. Sasani gümüşü Azərbaycanın pul dövriyyəsində // Azərbaycan Tarixi Muzeyi - 2004. Bakı: 2004, s. 62-65; Ибрагимли Б.И. Городище Хараба-Гилан // Наследие №1 (19), 2006. с. 24-27 

17 Bünyadov Z. Azərbaycan VII-IX əsrlərdə. Bakı: ADN, 1989, s. 136

18 Тизенгаузен В. Восточные монеты Н.П.Линевича / Записки Восточного отделения Русского, Т. IV, 1889, с. X

19 Раджабли А.М. Монетная чеканка и денежное обращение Азербайджана VII-IX вв. / «İrs-Наследие-Heritage» международный Aзербайджанский журнал. Москва: № 1, 2008, c. 4 – 6

20 Тизенгаузен В. Восточные монеты Н.П.Линевича / Записки Восточного отделения Русского, Т. IV, 1889, с. XIV

21 Азерли М. Реформы халифа Абд ал-Малика ибн Марвана и Азербайджан (685-705 гг.). Автореф. дисс. на соиск. уч. степ. канд. ист. Наук. Баку: Изд. АН АССР, 1965, c. 12

22 Məmmədova A.M. Ərəb Xilafəti dövründə Azərbaycanda sikkə zərbi və pul dövriyyəsi. T.ü.f.d. elmi dərəcəsi almaq üçün təqdim edilmiş avtoref. Bakı: 2013, s. 17-20

Yüklə 115,17 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə