Platon və Platon Akademiyası A. Platon`un həyatı



Yüklə 92,71 Kb.
Pdf görüntüsü
tarix04.12.2017
ölçüsü92,71 Kb.
#13776


Platon və Platon Akademiyası

A.

Platon`un həyatı

Platon ([-428/7]-[-348/7]) Afinada kübar bir ailədə doğulmuş, yaxşı təhsil 

almış, musiqi və poeziya ilə, idmanla (güləşən olub) yaxından 

maraqlanmışdır. 20 yaşında Sokrateslə yaxından tanış olmaqla həyatının 

dəyişdiyi, şeir və incəsənəti rədd edib (yazdığı şeirləri yandırıb) özünü elm 

və fəlsəfəyə həsr etmişdi. Siyasi həyatda fəal rol oynamaq, heç olmazsa bir 

hökmdar tərbiyə etmək üçün bir neçə cəhdi boşa çıxmışdır. Sokrates 

öldürüldükdən sonra Afinanı tərk edib Meqara`ya Euklides`in yanına, sonra 

bir müddət Misirə getdiyi, orada riyaziyyat öyrəndiyi deyilir. Dörd il sonra 

yenidən Afina`da yaşamağa başlamışdır. “-387”-ci ildə Siciliya və İtaliyaya 

(Magna Graecia) səfər etmiş, Sirakuz hökmdarı 1-ci Dionisios`un sarayında 

yaşamış, lakin oradan geri göndərilmiş, Afina ilə savaşda olan Sparta 

tərəfdarlarına əsir düşmüş, kölə kimi satılmış, onu tanıyan biri tərəfindən 

azadlığa çıxarılmışdır.    

Qədim Yunanıstanda Platon Akademiyası əslində Afinanın yaxınlığında 

(şimalda) yerləşən, idman və müxtəlif festivallar keçirilən bağın adı ilə 

bağlıdır. Əfsanəvi qəhrəman Akademus`un (və ya Hekademus adlı nüfuzlu 

bir şəxsin, vətəndaşın) adı ilə adlandırılan bu bağın bir tərəfində b.e.ə. 388 

və ya 387-ci ildən başlayaraq Platon`un ətrafında cəm olmuş cəmiyyətdə 

riyaziyyat və fəlsəfi problemlər öyrədilirdi (2400 il əvvəl!). Pifaqor 

məktəbindən fərqli olaraq Akademiya hər kəsə açıq idi. Akademiya ərazi 

adı kimi Platon Akademiyasından xeyli əvvəl də vardı, orada gimnazium 

fəaliyyət göstərirdi. Platon öz Akademiyasının adını ilk dəfə “Menon” 

dialoqunda çəkir. “-366”-cı ildə Platon yenidən Magna Graecia`ya, 2-ci 

Dionisios`un sarayına getmiş, siyasi oyunlar nəticəsində hökmdara müxalif 

duruma düşərək oranı tərk etməli olmuşdu. “-361”-ci ildə artıq 3-cü dəfə 

Dionisios sarayına getmiş, bu dəfə daha da ağır vəziyyətə düşmüş, 

yaxınlıqdakı Tarento hökmdarı riyaziyyatçı və filosof Arxitas`ın köməyilə 

canını qurtara bilmişdir. 

Əslində Akademiyada dərs deyilmir və ya dərs üsulu, yəqin ki, az yer 

tuturdu, əsas üsul ortaya məsələ, problem qoyub onu həll etməyə çalışmaq 

və dialoq idi (Sokrat metodu); hər halda riyaziyyat kimi dərslərin daha 

standart üsulla deyildiyi də şübhə doğurmamalıdır. Platonun əsərlərinin 

dialoq şəkli (“Sokrates`in Apologiyası” istisnadır), görünür ki, onun 

yazıçılıq istedadı ilə yanaşı (hər dialoq öz ideyası və dramatizmi, maraqlı və

güclü şəxsiyyətləri, ibrətamiz rəvayətləri ilə yadda qalır), həm də 



Akademiyadakı müzakirələrlə bağlıdır.Yəqin ki, şifahi danışıqdan yazıya 

keçmək üçün də dialoq daha maraqlı görünürdü (Sokrates dialoq aparır, 

amma yazmırdı)...

Akademiyada məşğələlər məşq xarakteri daşıyırdı, ruhi çalışmalar əsas yer 

tuturdu. Bu, açıq havada və örtülü yerdə baş verə bilirdi. Akademiya 

üzvlərinə akademiklər deyirdilər. Platon buradakı intellektual fəaliyyəti 

tənzimləyir və ilhamlandırırdı (40 ilə yaxın Akademiyada, yəqin ki, 5-7 il 

də ondan əvvəl!?). 

Platonun əsərləri küllisi onun bir çox müasirlərindən fərqli olaraq 

zamanımıza gəlib çatmışdır. Bunu Platonun böyüklüyü ilə yanaşı, bəlkə 

ondan da çox, Platon Akademiyası`nın fəaliyyəti ilə bağlamaq mümkündür. 

Eyni fikir Aristoteles`in əsərləri və onun Liseum`una da aiddir. 

Platon filosofdur və filosof olduğu qədər də usta yazıçıdır, şairanə dili olan 

filosof-yazıçıdır. Zaman keçdikcə, yaşa dolduqca Platonun üslubu daha 

nəzəri, daha dəqiq və quru olmuşdur. O, əsərlərinə bir daha nəzər salmış, 

fikirlərini dəqiqlışdirmiş və müəyyən dərəcədə dəyişmişdir. “Sokratesin 

müdafiəsi”, “Protaqoras”, “Dövlət”in birinci hissəsi kimi əsərlər gənclik 

dövrünün, “Qorqias”, “Menon”, “Ziyafət/Simpozium”,  “Faidon” və 

“Dövlət”in (və ya başqa deyilişdə “Respublika”; yunanca:Πολιτεία/Politeia)

kimilər yetkin çağında, “Parmenides”, “Timaios”, “Qanunlar” kimi əsərləri 

isə sonda, yaşlı dövründə yazılmışdır. 

Platon fəlsəfənin, demək olar ki, bütün sahələrinə toxunmuş, özündən 

əvvəlki filosofların ideyaları üzərində düşünmüş, sistemli nəzəriyyələr 

yaratmışdır. Adı Aristokles olan, ancaq enlikürəkli (geniş omuzlu) və ya 

geniş alınlı olduğuna görə “geniş” (πλατύς/platis) mənası verən Platon 

ləqəbini almış (guya ona bu ləqəbi güləş müəllimi veribmiş) bu filosof  

fəlsəfəni əhatə etmək baxımından da (xüsusilə) ən geniş və dərin bir 

mütəfəkkirdir (Ad haqqında bu məlumat xeyli sonralar meydana çıxdığı 

üçün əsl adın Platon olduğunu müdafiə edənlər də var; Platon yunanlarda 

yayılmış bir ad imiş). A.N. Whitehead`ə görə “The safest general 

characterization of the European philosophical tradition is that it consists of 

a series of footnotes to Plato” (“Avropa fəlsəfi ənənəsinin ən etibarlı ümumi 

səciyyəsi onun Platona haşiyələr  silsiləsindən ibarət olmasıdır”) 

(Alfred 


North Whitehead. Process and Reality. N.Y. Free Press, 1979; p. 39). 

B. Russell isə

 

“Həmişə Platonu tərifləmək düzgün hesab olunub, onu başa düşmək deyil” 



deyir 

(B. Russell, s.113). 

O, başa düşmək (Platonun bəzi əsərləri çətin başa 

düşüləndir) baxımından haqlı göründüyü halda, Platonun tənqidlərə məruz 




qaldığını unutmuş kimi görünür; xüsusi halda Sovet marksist fəlsəfəsi 

Platonu və onun carçısı olduğu idealizmi amansızcasına tənqid etmişlər.

 

Platon kainat haqqında fikirlərində daha çox, yəqin ki, Pifaqor və 



Empedokl`dan, əxlaq nəzəriyyəsində Sokrat`dan, riyazi görüşlərində 

Pifaqordan, metafizika və dialektikada Heraklit və Parmeniddən 

bəhrələnmişdi (?!).

B.

Platonun idealizmi/ideyalar nəzəriyyəsi

Platon maddi dünyanın ikinci dərəcəli olduğunu, gerçəkliyi əks 

etdirmədiyini, ideyaların isə əsas mövcudiyyət olduğunu, hər şeyi müəyyən 

etdiyini irəli sürən idealizmin carçısıdır. Platon materiallar aləmini deyil, 

ideyalar aləmini gerçək sayırdı. Əsas varlıq ruh və ruhun yüksək pilləsi olan

ağıldır. Bədən insanın təbiətini əks etdirmir, bədən ölür, ruh isə ölümsüzdür. 

Herakleitos`un “sabit heç nə yoxdur, deməli varlıq da yoxdur” fikrinə qarşı 

Sokrates əxlaqi və mənəvi dəyərləri maddi olmayan bir mövcudiyyət, varlıq

kimi təqdim etdi (ədalət, cəsarət, dindar kimi ümumi ideyalar var). Platon 

bu baxışı genişləndirib ümumiləşdirdi. O, estetik dəyərləri (gözəllik, 

yaxşılıq,..ideyaları), həmçinin elmi anlayışları, birinci növbədə də 

riyaziyyatı əsl həqiqi varlıq kimi ortaya qoymuş, riyaziyyatçının 

düşüncəsində olan həndəsi fiqur və ədədlərin sabit, dəyişməz və maddi 

olmayan gerçək olduğunu irəli sürmüşdür. Gündəlik həyatda rast gəlinən 

maddi həndəsi fiqurlar (dairəvi təkər,...) gerçək varlıq deyillər, onlar əsl 

riyazi (mücərrəd) fiqurların surətidir (təhrif olunmuş). Çoxluğu təmsil edən 

hər şeyin, hər adın (insan, daş, çiçək) ideyası (tək bir ideyası!) var (insan 

ideyası, çiçək ideyası). Bu ideya birləşdiricidir. İdeyalar qeyri-maddi, 

dəyişməz (əbədi) və hərəkətsizdir, insandan (və hər hansı fövqəlbəşər 

gücdən) asılı olmadan mövcuddurlar, onlar insan tərəfindən kəşf edilə 

bilərlər. Riyaziyyatçının əsas işi, ideyaları həndəsi fiqurlar və ədədlərdir 

(mücərrəd dairə, mücərrəd düzbucaqlı üçbucaq, tək 

ədədlər,...).Riyaziyyatçının taxta üzərində çızdığı həndəsi fiqur (çevrə, 

üçbucaq) ümumiyyətlə çevrənin, üçbucağın, ideyanın surətidir... Platon 

ideal axtarışında riyaziyyata müraciət etdi! 

Platon ağılla duyğunu bir-birindən fərqləndirməyə deyil, ayırmağa girişdi!? 

Sokrates anlamaq üçün, anlayışların mahiyyətinə varmaq üçün ümumi olana

müraciət edirdi, Platon ümumini daha da qabartdı və bunu xüsusinin 

hesabına etdi. İdeyalar əsl, duyğu üzvlərimizlə qəbul etdiklərimiz 

(gördüklərimiz,...) fərdi varlıqlar isə onların təhrif olunmuş surəti, 

kölgələridir. Bir fərd ölümlüdür, insanlıq isə əbədidir; insanlıq əsl, fərd isə 




onun surətidir, var olan insanlıqdır (ideyadır, formadır). Görünən şeylər yox 

olacaq, görünməyənlər əbədidir (o cümlədən, bədən müvəqqəti, ruh 

əbədidir). Ümumi ad ümumi ideyadır, onu Tanrı yaradıb

əslində isə bizim gördüklərimiz yalnız konkret olanlar-fərdlər, 



əşyalar, xüsusi adlar deyilmi!?

Duyğularla qəbul etdiyimiz hər şey (məsələn, bir şəxsin gözəlliyi) dəyişir, 

hətta yox olur, gözəllik (ideya) isə əbədi və dəyişməzdir. Duyğu üzvlərinin 

qəbul etdiyi rəydir, görüntüdür, əsl olanı, yəni biliyi isə ancaq ağıl vasitəsilə 

əldə etmək mümkündür (mümkün olsa!). Platon xüsusini ümumiyə qurban 

verir –belə demək mümkündür.

Platonun məşhur “Mağara” misalı-əfsanəsini yada salaq (“Dövlət”). 

Mağarada əli, qolu, ayağı bərk zincirlənmiş, geriyə və yana heç cür qanrıla 

bilməyən, bir-birini də heç görə bilməyən, yalnız öz qabağındakı divarı 

görən insanları (mənbusları deyə bilərik) təsəvvür edək. Onların başqa bir 

dünyadan xəbərləri yoxdur. Mağaraya giriş uzundur və  gündüz işığı 

mağaranın içinə çatmır. Bu insanların arxasında –mağaranın ağzından bir 

qədər aralıda hündür bir yerdə gur ocaq alovlanmaqdadır. Bu ocaqla 

insanların arasından (insanların arxasından) keçən yolla başında müxtəlif 

əşyalar daşıyan bir dəstə adam addımlayır. Mağaradakı insanlar öz 

qarşılarındakı divarda nə görürlər? Ancaq ocağın işığının əmələ gətirdiyi 

kölgələri - arxadakı yolla hərəkət edənlərin kölgələrini. Addımlayan 

adamların səsi məhbusların qulağına qarşıdakı-gördükləri divardan əks-səda

olaraq çatır. Ömür boyu ancaq bu kölgələri görməyə və bu əks-sədanı 

eşitməyə alışmış mağara sakinləri gözləri ilə gördüklərini-kölgələri, təbii ki,

gerçək şey, əks-sədanı da gerçək səs hesab edirlər. Əslində isə onlar gerçək 

varlıqları deyil, ancaq gerçək varlıqların – yolla gedən adamların təhrif 

olunmuş əksini-kölgələri görürlər. Əgər bu məhbuslardan biri zəncirdən 

azad olsa, geriyə dönüb baxsa, alovdan gözləri qamaşacaq və ağrıyacaq, 

özünü itirəcək, heç nə başa düşməyəcək, əvvəlki-alışdığı-anladığı vəziyyətə 

qayıtmaq istəyəcək. Onu bayıra çıxarsalar, işıqdan gözü tutulacaq, yenə heç 

nə başa düşməyəcək. Uzun müddət Yer üzündə qalsa, ona yad olan bu 

dünyanı müəyyən dərəcədə anlasa və mağaraya qayıtsa (ilk əvvəl qaranlıqda

gözü tutulacaq), o, vəziyyəti heç dəyişməmiş məhbuslara nə danışacaq? Yer 

üzündə gördüklərini...və məhbuslardan heç kim onu başa düşməyəcək, 

məhbuslar görüntü olaraq ancaq kölgələri və səs olaraq əks-sədanı qəbul 

edirlər. Beləliklə, insanların başına gələnlər, onların təcrübəsi əsl, yəni 

gerçək deyil, onların düşündükləri, anladıqlarıdır. 



Platon Pifaqorçu idi. Yaradıcılığının son dövründə ədədlərin hər şeyin 

kökündə dayanması, hətta hər şeyin ədədlərdən ibarət olması görüşü özünü 

göstərmişdi. Platon Pifaqorçuların hər şey ədəddir və ya fiziki əşyalar 

ədədlərin “təqlid”idir kimi fikirlərini fiziki əşyalar ədədlərdən “pay 

almışdır” kimi özününküləşdirmişdi. 

C.

Yaradıcı Demiorqos (Tanrı!?) və Kainat

İdeyalar və kainatı (İdeyalara baxıb) yaradan ağıllı sənətkar, memar, usta 

(Demiurq/Demiorqos)  həmişə var olmuşlar, duyğularla dərk edilən 

“yaradılmış şeylər arasında onların ən gözəli” olan Kainat, göründüyü kimi, 

əbədi deyil, bir zaman yaradılmışdır. Demiorqos, yəni Tanrı xeyrxahdır. 

insan bunu necə bilir? xeyrxahlığı kim müəyyən edir? insanlar 

xoşlarına gələni və ya faydalı olanı xeyir/yaxşı saymırlarmı?! elmi 

həqiqəti isə, xoşa gəlinməsə də, qəbul etməli olurlar, çünki ortada 

təcrübə və nəzəri sübut var. 

Demiorqos kainata ağıl və ruh vermişdir (əvvəl ruhu yaratmış, ona ağıl 

vermiş, sonra bədəni yaratmış, bədənə ruh vermişdir). Tək bir dünya var 

(Kainat vahid və əbədidir!), Demiorqos “bütün canlı varlıqları içinə alan 

gözlə görünən tək bir canlı varlıq yaratmışdır”. Bu halda Platon, deyəsən, 

yunan ənənəsinə uyğun olaraq, kainatın bir (həmişə var olan) xaosdan 

nizamlı hala gəlməsini nəzərdə tutur, Demiurq qaydasız, qarışıq dünyanı 

nizama salır (yəni heçdən yaratmır). Kainat müəyyən nisbətdə götürülmüş 4

ünsürdən yaradılmışdır (bu fikir Platon`da dumanlıdır, 4 element heç də ilk, 

başlanğıc elementlər deyillər!? Bax: Platon və riyaziyyat). Kainat 

mərkəzində Yer dayanan kürə (ən mükəmməl fiqur) şəklindədir, sonludur. 

Kainat hərəkət edir, bu, öz oxu ətrafında müntəzəm fırlanmaqdan ibarətdir. 

Beləliklə, Platon öz tələbəsi Aristoteldən fərqli olaraq kainatı tərkib və 

xassə etibarilə iki fərqli hissəyə ayırmır; o, sadəcə, səma cisimlərinin oddan 

yaradılmış olduğunu deyir. Göylər və zaman eyni vaxtda yaradılmış, 

Günəşin yaradılması gecə və gündüzün əmələ gəlməsi və növbələşməsinə 

gətirib çıxarmış, bu isə saylara (hesaba) və son nəticədə fəlsəfənin 

yaranmasına səbəb olmuşdur. 

Planetlər sferalara bərkidilib və bu sferalar öz planetləri ilə eyni rəngdədir. 

Sferalar arasındakı məsafə bir oktavadır, hər sfera üzərində bir sirena 

əyləşib və o “öz” musiqisini, öz havasını çalır. Ay ən sürətlə, Günəş, Venera 

və Merkuri eyni sürətlə fırlanırlar (digər planetlər müxtəlif sürətlə, Yerdən 

uzaq olduqca daha yavaş sürətlə dövr edirlər), amma Venera və Merkuri 

Günəşin tərsi istiqamətində fırlanırlar və bu səbəbdən də ona çatır və onu 



ötürlər (“Timaeus”). Bütün səma cisimləri (onların ruhu var) müntəzəm 

dairəvi hərəkət edirlər. Onların Yerdən olan məsafəyə görə düzülüşü belədir 

(yaxından uzağa): Ay, Günəş, Venera/Afrodita, Merkuri/Hermes, Mars/Ares,

Yupiter/Zevs, Saturn/Kronos və ulduzlar sferası (“Dövlət”, sonuncu fəsil; 

yunan adlarına sonrakı Roma adlarını əlavə etmişik – H.İ.).

 

Şəkil. 



Platonda 

planetlər Babillərdə olan adların tərcüməsidir, yəni uyğun allahların adını 

daşıyırlar. 

Demiorqos əvvəlcə insanın başını (ağlın yeri olduğu üçün yuxarıdadır və 

kürəşəkillidir!), sonra gövdə, əl, qol və ayaqlarını, sonda üzündəki duyğu 

orqanlarını yaratmışdır. Qeyd edək ki, Platon da Empedokles kimi görməni 

gözdən çıxan şüaların baxılan obyektə çatması ilə izah edirdi (Platon: 

Timaios)


Platon`un din anlayışı dövlətin nəzarət etməli olduğu cəmiyyətin inancı ilə 

bağlıdır. Dinsizlik dövlətə qarşı günah, xəyanət kimi qiymətləndirilməlidir. 

Tanrılar var, xeyrxah və ədalətlidirlər – doğru inanc budur, vətəndaş bunu 

tam qəbul etməlidir. Fizik filosoflar hər şeyin əsasında təməl maddə və ya 

maddələr qoyduqları üçün tanrılara xüsusi yer və rol qalmır. Sofistlər əxlaqı 

təbii olmayan, süni bir şey kimi şərh etdiklərinə görə mənəviyyat aləmində 

tanrılara yer saxlamamışlr. Bu qədər bir-birinə uymuş hissələrdən ibarət 

olan, nizamı, agəngi olan Kainat bir təsadüfün nəticəsi ola bilməz, burada 

ağıllı bir fövqəlgüc işə qarışıb, gözəl bir əsər ortaya qoyub (teleoloji sübut; 

filosoflar kosmoloji və ontoloji sübutlar da irəli sürmüşlər). Hərəkət hər 

şeyin təməlində dayanır, hər cür hərəkət ruha aiddir, deməli ruh maddi 

olandan əvvəldir. Pis ruhlar da var (ruh ağılsızlıqla birləşə bilir). Lakin 

bütövlükdə kainata xas olan mükəmməllik yaxşı/xeyir ruhla (ən yüksək 

ruhla-Tanrı ilə) bağlıdır. Platon təktanrıçı deyil, amma ən mükəmməl ruhun 

sahibi olan bir Tanrıdan da bəhs edir. Bəs ədalətsiz görünənlər nədir, niyə 

onlar mövcuddur (Tanrı xeyrxahdırsa)? Platon bütün olanın öz bəzi  

hissələrində fərqli görünə biləcəyini iddia edir, yəni ayrılıqda yaxşı 

görünməyən şey fərdi duyğudur, bütün isə yaxşıdır (yağış bəzi yerlərə və 

insanlara zərər vura bilər, bütövlükdə isə yağış zəruridir, yaxşıdır). 

D.

Bilgi və ruh

Platon bilginin tərifi üzərində düşünərkən bilginin həmişə var olan, insandan

daha uzunömürlü təbiətə malik olmasına çalışmalıydı (Heraklitos`un hər şey

dəyişir və sabit heç nə yoxdur fikrinə qarşı). Bilgi ruh və ya ağılda 

üstüörtülü, gizli mövcud olan şeylərin xatırlanmasıdır. Bilgi insanda 

(ruhunda) var olan, ancaq bilincində, şüurunda olmayan bilginin 



xatırlanmasıdır. Ruh ölümsüzdür və yenidən doğulur (dəfələrlə). Sokrates 

ruhun ölümsüzlüyü məsələsinin və ümumiyyətlə, ruhun təbiətini anlamağın 

çox çətin olduğunu qeyd edir – “Phaidon”. Başqa sözlə desək, insan 

bilmədiyi sandığı şeyləri əslində bilir, yəni insan doğulanda onda bilgi var 

və öyrənmə bu bilginin xatırlanmasıdır.  

Platon əvvəlki “bədən ruh üçün zindandır” fikrini sonralar xeyli 

yumşaltmışdı, bədəni müəyyən dərəcədə ruhun tabeçiliyinə vermişdi 

(Timaios). Bədənin ölməsi ruhu azad edir (Faidros). İlahi varlıqlar olan 

səma cisimlərinin, kainatın özünün də ruhu və ağlı var (sonuncuya “aləm 

ruhu” deyir). Platon “Timaios” dialoqunda daha bir qəribə fikir irəli sürür 

(bu dialoqda nəyin ciddi, nəyin rəvayət olduğu yaxşı aydın olmur): insanın 

iki ruhu var, biri ölməzdir və insanın başında yerləşir, digəri ölümlüdür və 

sinədə (ürəkdə?) yer alır.

Platon eşqi, bu ilahi və ya mistik həyəcanı sevilənin üstün və xoşbəxt 

olması, sevənin isə yoxsul, qeyri-xoşbəxt, o üstün və xoşbəxt olana 

qovuşmaq, yoxsulluğu atıb zənginliyə qovuşmaq istəyi, gözəlliyə çatmaq 

arzusu ilə tərif və izah edir.Yəni eşq gözəl olanı əldə etmək və ya yaratmaq 

və bu yolla xoşbəxt olmaq arzusudur. Eşq ölümsüzlük istəyidir, uşağın 

doğulması ata və ana ömrünün uşağın timsalında uzanmasıdır, davam 

etməsidir. Bilik sevgisi, elmdəki möcüzəli gözəlliyə qovuşmaq bəlkə daha 

güclü eşqdir; bu, ölümsüzlük gətirə bilir (Platon: “Simpozium”/Ziyafət). 

Platon Sokrates`in dili ilə belə bir fikir irəli sürür: əsl biliyə qovuşmaq üçün 

ağıl bədəndən ayrılmalıdır, bədən öz istəkləri ilə mane olur (“Fedon”). 

Deməli əsl biliyə ancaq öləndən sonra çatmaq mümkündür. Bu, həmçinin 

təmizlənmə, saflaşmadır. Əsl filosofun ruhu ölümdən sonra azad olub 

gözəgörünməz dünyaya, tanrıların yanına yollanır. Digər insanların ruhları 

heyvanların bədəninə daxil olur (yaxşı ruhlar yaxşı heyvanların-arı, qarışqa 

kimi, pis ruhlar canavar, eşşək kimi heyvanların bədəninə daxil olurlar). 

Platon ruhları ölümdən sonra fərqli yerlərə də göndərir, uyğun olaraq 

göylərə, təmizləyici yerə və cəhənnəmə (“Fedon”). Tənbəl və pis kişilərin 

ruhu qadınlara, astronomiyanı riyaziyyatsız öyrənməyə çalışanların ruhu 

quşlara, fəlsəfədən uzaq düşənlərin ruhları yer üzərindəki vəhşi heyvanlara, 

ən səfehlərin ruhu balıqlara keçəcək (“Timaeus”). 

E.

Platon`un siyasət fəlsəfəsi və ya ideal dövləti/utopiyası

Platon böyük, nəhəng siyasət filosofudur. Pelopennes savaşının, 

cəmiyyətdəki qarşıdurmaların, sofist təliminin nəticəsində “dövlət siyasəti 

necə olmalı”, “hökmdar necə olmalı” kimi suallar Platonu hərtərəfli bir 



siyasət fəlfəfəsi və onun nəticəsi ola bilən ideal dövlət nəzəriyyəsi üzərində 

düşündürürdü, bu iş əslində onun həyat məsələsinə çevrilmişdi. “Platon`un 

öz Akademiyasını qurmasının mühüm bir səbəbi məhz onun siyasət 

adamları yetişdirmək proqramı ilə bağlı idi.

Tək siyasi deyil, bir çox fəlsəfi (o cümlədən əxlaqa aid) problemlərin yer 

tutduğu “Dövlət” əsərində, eləcə də sonra gələn “Dövlət adamı” və 

fikirlərini yenidən təftiş edib nizama saldığı “Qanunlar”da öz siyasət 

fəlsəfəsini sistemli şəkildə inkişaf etdirmişdir. “Timaeus” adlı qarışıq və 

mürəkkəb dialoqunda “Dövlət” əsərinin bir hissəsinin xülasəsini verir. 

Platon öz siyasət fəlsəfəsində açıq-aşkar şəkildə Sparta`nın dövlət 

sistemindən ilham almışdı. Ümumiyyətlə, yunanların çoxu Sparta`nı qayda-

qanunu yerində olan, sabit, əski zamanların dəyərlərini qoruyub saxlayan 

dövlət-şəhər kimi görürdülər. Vətəndaşlarının əsas məşğuliyyəti savaş 

sayılan Sparta aşağı-təhkimli təbəqəni (ilotları) istismar edir, bəzən cismani 

cəhətdən məhvə qədər hərəkət edə bilirdi. Qızıl-gümüş qadağan olunmuşdu,

dəmir puldan istifadə olunurdu. Sparta idarəetmə sistemi demokratik 

ünsürlərlə tamamlanmış dörd pilləli aristokratlıqdan ibarətdi (1. müxtəlif 

nəsillərə mənsub olan iki hökmdar; 2. kübarlardan ömürboyu seçilmiş 

Ağsaqqallar Şurası –hökmdarlarla birlikdə 30 nəfərlik; 3. Xalq Toplantısı 

(bütün vətəndaşların iştirakı!) – qanunlara səs vermə; və nəhayət, 4. 

hökmdarlara nəzarət edən çağdaş konstitusiya məhkəməsinə bənzər 5 

nəfərlik qurum-eforlar vardı). Evlənmə və ailə, uşaqların tərbiyəsi, dövlətin 

idarəedilməsi kimi məsələlərdə Platon Sparta misalından bəhrələnmişdi. 

Spartada uşaq və gənclərin tərbiyəsi və xüsusi məktəblərdə təhsili əsasən 

sağlam savaşçı yetişdirməkdən ibarət idi. Qız-qadınların vəziyyəti və 

hüquqları da oğlan və kişilərə bənzəyir, digər yunan şəhər-dövlətlərindən 

kəskin dərəcədə fərqlənirdi. Plutarx da Spartanı tərənnüm edir, onun 

kommuna tipli ümumyaşayış qaydalarını təsvir edirdi. Aristotel (“Politika”) 

Sparta`ya düşmən münasibətdə idi, Sparta`nın böyük qüsurlarından, 

görünəndən qat-qat pis olduğundan (qadınlara çox hüquq verildiyindən?!) 

bəhs edirdi.

Platon`a görə (“Dövlət”) dövlət əməyin ictimai bölgüsünə, ixtisaslaşmağa 

ehtiyacdan yaranıb. İlk cəmiyyətlər pozulmamışdı, qanunlar və dövlət 

yoxdu. Amma get-gedə insanların istəkləri artmış, ixtisaslaşma da artmış, 

anlaşılmazlıqlar, narazılıqlar artmış, savaşlar başlamışdı. Savaşanlara, 

idarəedənlərə ehtiyac artmışdı. Cəmiyyətə kənardan dan hücum təhlükəsi 

olduğuna görə qorunmaq da həyati vacib işə çevrilir. Demokratiya çoxluğun

ağılsızlığıdır, ata uşaqlarından, müəllim şagirdlərdən, kişilər qadınlardan 




qorxurlar (Platon`un sevimli müəllimi Sokrates`i demokratiya öldürmüşdü). 

Tək demokratiya deyil, tiraniya, eləcə də zənginlərin və ya hərbçilərin 

hakimiyyətinə əsaslanan dövlət tipləri insanların təbii bərabərsizliklərinə 

əsaslanmadığı üçün təbii deyillər. 

İdeal dövlət üç zümrədən ibarət olmalıdır: filosoflar idarə etməli, hərbçilər 

qorumalı, sənətkarlar və əkinçilər maddi nemətlər yaratmalıdırlar. Bu halda 

hərə öz işi ilə məşğul olub başqasının işinə qarışmır – bu, ədalət deməkdir 

(?!). Tanrı idarəedənlərin ruhunu qızıldan, hərbçilərinkini gümüşdən, 

sənətkarlar və əkinçilərinkini isə mis və dəmirdən düzəltmişdir – insanlara 

bunu daim aşılamaq lazımdır, onlar əvvəl-axı buna inanacaqlar. Platon ideal 

dövlətdə qızıl və gümüşün işlənməsini qadağan edir. Filosoflara hörmət 

edilməməsini Platon cəmiyyətin müdrik olmamasında görür (Sokrates`in 

dili ilə “Dövlət”də). 

Bu dövlət incəsənət və ədəbiyyatı təftiş etməli, pedaqoji cəhətdən ziyanlı 

olanları qadağan etməli, öz incəsənətini yaratmalıdır. Uşaqlara bədən təlimi 

və ruh təhsili (ədəbiyyat, musiqi və incəsənət – yəni geniş mənada 

mədəniyyət) verilməlidir. Musiqi cəsurluğa səsləyən olmalıdır. 

İdarəedənlərin təhsilində isə riyaziyyat və fəlsəfə əsas yer tutmalıdır. 

Tanrılar və qəhrəmanları zəif və qüsurlu göstərmək olmaz. Bu baxımdan 

hamını, bütün şairləri, o cümlədən Homeri təftiş etmək, senzuradan 

keçirmək və ya qadağan etmək lazım gəlir; uşağın tərbiyəsini pozan, onda 

qorxu hissi yaradan və ya onu sentimental edən hər şey yaramazdır, hər 

şeydə ölçünü gözləmək lazımdır. “Dövlətimizə Homer muza`sını buraxsaq, 

qanun və loqos əvəzinə həzz və əzab meydan alar”. Aristokratları 

aşağılayan əsərləri oxumaq və ya tamaşaya qoymaq olmaz. 

İdarəedənlər/filosoflar və hərbçilər üçün özəl mülkiyyət yoxdur, özəl 

mülkiyyət həsəd və düşmənçilik hissi yaradır. Onlar bir yerdə yaşamalı, bir 

yerdə yeməlidirlər. Maddi nemət yaradanların mülkiyyəti ola bilər, amma 

onların həddindən çox zənginləşməsinə və yoxsullaşmasına yol vermək 

olmaz. Bəzi fikirlərin təkcə idarəedənlərə, yoxsa hərbşilərədəmi aid olduğu  

qaranlıq qalır.

  

Ailənin təşkili də (gərək ki, idarəedənlərdə; hərbçilərdə bir sıra məsələlər 



aydın deyil) daxil olmaqla hər şey dövlətin əlində olmalıdır. Kişi-qadın 

əlaqələri də tənzim olunmalıdır - yaxşılar yaxşılarla, zəiflər zəiflərlə 

(hökumətin tövsiyəsinə etiraz etmək olmaz). İdarəedən kişi və qadınlar ailə 

qurmamalıdırlar, qadınlar bir kişiyə məxsus ola bilməzlər. Qızlar da oğlanlar

kimi tərbiyə olunmalıdırlar. Qadınlar idarəetmədə kişilərlə eyni hüquqa 

malikdir, qadınlar idarəedən də, hərbçi də ola bilərlər. Valideyn uşağını, 




uşaq valideynini tanımamalıdır. Özəl mülkiyyət kimi özəl ailə də insanlar 

arasında qısqanclıq hissi və hirsi yaradır, cəmiyyəti parçalayır. Uşaqlar 

ümumidir. Dövlət vətəndaşların tərbiyəsi ilə məşğul olmalıdır, uşaqlar 

xüsusi təhsil-tərbiyə sistemi ilə yetişdirilir, istedadından asılı olaraq uşaq bir

zümrədən digərinə (aşağı və ya yuxarı) keçirilə bilər. Zəif doğulmuş uşaqlar 

cəmiyyətə lazım deyil (gizlədilsin, yox edilsin). Qadınlar 20-40, kişilər 25-

55 yaş arasında evlənəndə qanuni sayılır, uşaqları ola bilər. Əks halda onlar 

azaddırlar, amma uşaq olmamalıdır. 

Platon sonra yazdığı “Qanunlar” əsərində bu “mükəmməl dövlət 

nümunəsini”, ideal dövlət utopiyasının mütləqliyini xeyli yumşaltmışdı. 

Məsələn, mülkiyyət və qadın ortaqlığını aradan qaldırmış, mülkiyyətin 

istifadə üçün xalqa paylanmasını, filosof olmayan dövlət başçısının filosof 

müşavirə ehtiyacını irəli sürmüş, yaxşı dövləti səciyyələndirən kəmiyyət 

analizləri aparmış, çoxsaylı bürokratik işlərin təsvirini və təsnifatını 

verməyə çalışmış, sənət adamlarına qarşı senzuranı tövsiyələrlə əvəzləməyi 

mümkün saymışdı. Insanlar ilk cəmiyyəti əmələ gətirmələrində tək ehtiyac 

deyil, insanların bir-birinə olan sevgisi də rol oynamışdı (xüsusilə sayları az 

olanda). Xüsusi mülkiyyət və sərbəst ailə siyasəti, siyasi hüquqların zümrə 

üzrə deyil, əmlakın dəyərinə uyğunlaşdırılması, əkinçiliyin qullara aid 

edilməsi, fərqli-qarışıq siyasi quruluşların mümkünlüyü qeyd və qəbul 

edilmişdi. Platon ədədlərə sevgisini ideal dövlətdə/şəhərdə əhalinin sayı 

5040 (=1∙2∙3∙4∙5∙6∙7) olmalıdır deyə bildirmişdi (“Qanunlar”).

Platon öz ideal dövlətinin bir utopiya olduğunu anlasa da, keçmişdə və ya 

gələcəkdə “gerçək filosoflar dövlət başına gəlmişlərsə və ya gələcəklərsə”, 

”belə bir şeyin olması imkansız deyildir”. İdarəedən filosof çox ciddi təhsil 

almış, sağlam bədən və sağlam ruha sahib, ağıl, xarakter və əxlaq cəhətdən 

yüksək olmalıdır. 

Platonun ideal dövləti Sovet İttifaqındakı vəziyyətdən qat-qat çox 

mərkəzçi olmaqla, faşist elementləri olan bir quruluşa daha çox 

bənzəyir. 

İdeal olmayan, yəni nöqsanlı, qüsurlu dövlətlər dörd növdür (yaxşıdan pisə 

doğru): şərəf dövləti, zənginlik dövləti (oliqarxlıq və ya plutokratlıq), xalq 

dövləti (demokratlıq) və zorbalıq dövləti (tiranlıq). 

Şərəf dövləti savaşa, ruh deyil, bədən tərbiyəsinə, şan-şöhrətə önəm verən 

dövlətdir, aristokratik dövlətin bir qədər pozulmuş şəklidir. İdarəedən siniflə

çalışanlar arasındakı ziddiyyətlər (çalışanlar üsyan edər, idarəedənlər üsyanı

yatırdar), idarəedənlərin çalışanların hesabına zənginləşməsi nəticəsində 



şərəf dövləti zənginlik dövlətinə çevrilər. Böyük sərvətə sahib kiçik azlığın 

dövlətində “doğruluğun və doğru insanların şərəfi azalır”. Bu dövlətdə 

əksəriyyət çox yoxsuldur, dilənçi kökündədir. Bu əksəriyyətin zənginlərə 

nifrəti inqilabla nəticələnəcək və xalq dövləti qurulacaq. Hər kəs azaddır, nə

istəsə danışır, qabiliyyəti olmayan da dövlət işinə girə bilir, filosoflar dövlət 

işindən kənarda qalırlar, qarşıda fəlakətlər durur. Bu başsız azadlıq, hərc-

mərclik, əxlaqın pozulması böyük nizamsızlığa, xaosa səbəb olur. Bir tiran 

meydana çıxıb “xalqımı xilas edəcəm” deyir, etibar qazanır, silahlı güc əldə 

edir (xalqı qorumaq üçün), xoşuna gəlməyən hər kəsin axırına çıxır, zorbalıq

dövləti yaranır. 

Qanunlar cəmiyyətdəki dəyişmələri özündə əks etdirə bilmir, ona görə 

başçı-filosofun qanunları hər zaman dəyişdirmək haqqı olmalıdır. Lakin 

hakimiyyət başında hər zaman yanılmaz filosof olmur (olsa, ideal olardı), bu

səbəbdən yazılı qanunlara əsaslanmaq lazım gəlir. Ümumiyyətlə, qanunlara 

əsaslanan pis hökumət belə qanunlara əsaslanmayan hər hansı hökumətdən 

daha yaxşıdır. Məsələn, bir başçı dövləti qanunlar əsasında idarə edirsə 

(monarxiya), bu, tək adamın qanunsuz idarə sistemindən (tiranlıq) yaxşıdır; 

eynilə, azlığın qanunlarla idarə etdiyi aristokratlıq sistemi azlığın 

qanunlarsız idarəetdiyi oliqarx sistemindən yaxşıdır. Qanunlara uymayan 

rejimlərin içində yaxşısı (nisbətən) demokratik olandır (“Dövlət adamı”). 

Əsl müdrikləri tapmaq və hakimiyyəti onlara vermək praktik olaraq 

mümkün deyil, B. Russell bunu demokratiyanın digər quruluşlardan üstün 

olduğunun sübutu olaraq qəbul edir (səh. 115).

Platonun fərd cəmiyyətin üzvi parçasıdır deməsi, insanın öz hissələrinin 

üzvi birləşməsindən ibarət olması kimi bənzərliyə baş vurması mühafizəkar 

və hətta təhlükəli görünür. Əslində fərd cəmiyyətin tam üzvi parçası deyil, 

fərdin öz dünyası, düşüncələri, hətta var olduğu cəmiyyətdən başqa, fərqli 

cəmiyyətə keçmək imkanı və hüququ var... 

Platondan sonra ideal dövlət haqqında çoxsaylı utopik əsərlər 

yazılmış, proqramlar irəli sürülmüşdür. Bu maraqlı görünsə də, 

ədəbiyyata göndərməklə kifayətlənirik. 

(Bax: 1. Игорь Шафаревич. 

Социализм как явление мировой истории. Москва, “Эксмо», 2003. 2. 

Утопический социализм. Хрестоматия. Москва, Издательство 

политической литературы, 1982. 3. İbn Tufeylin və Nizami Gəncəvinin 

uyğun əsərləri)

F.

Platon və riyaziyyat



Platon Akademiyasının qapısı üzərində “həndəsəçi olmayan girə bilməz” 

(“həndəsədən başı çıxmayanlara giriş qadağandır”) yazılmışdı. Əslində bu 

fikir Platonun akademiyaya başçılıq etməyə başladığı zamandan təqribən 

yeddi əsr yarım keçdikdən sonra ortaya atılmışdır (Diogenes Laertius); bunu

tam təsdiqləmək olmur. O, ideal dövlət başçısının hesab, həndəsə və 

astronomiyanı öyrənməsini zəruri sayırdı (“Dövlət”). Platon Sokratesin dili 

ilə həndəsənin vacibliyindən söhbət açır, ona heç cür biganə qalmaq olmaz 

deyir (həyati nəticəsi çox böyük olmasa da); “gəlin astronomiyanı, 

həndəsədə olduğu kimi, məsələ həlli vasitəsilə öyrənək, göyləri isə öz 

başına rahat buraxaq”. 

Platon mücərrəd təfəkkürün, nəzəriyyənin vacibliyini  nümayiş etdirməklə 

təbiətşünaslığı riyaziləşdirmək proqramının həyata keçirilməsində böyük rol

oynadı (ənənəyə görə Pifaqordan sonra). O, müşahidəni, sınaqları deyil, 

riyazi modelləri əsas araşdırma mövzusu sayırdı. Əsl astronomiya müşahidə

ilə deyil (görünən və müşahidə olunanlar mükəmməl deyil), müşahidə 

olunanların arxasında dayanan gözəl və mükəmməl riyazi səmanın riyazi 

öyrənilməsi ilə məşğul olmalıdır. Paradoksal olan budur ki, Platon özü 

kainata poetik nəzərlə baxmışdır, onun kainata tətbiq etdiyi riyazi model 

əslində mif səviyyəsinə qalxır (“Dövlət”, “Timaeus”). 

Platon riyaziyyatçılara ilham (və ideya?) verirdi. Beş düzgün çoxüzlülər və 

ya requlyar cisimlər Platonun şərəfinə Platon cisimləri adlandırılır. 

Platon yaşlı vaxtında yazdığı və Pifaqorçu baxışlar üzərində qurulan məşhur

“Timaeus”in sonuncu hissəsində- kosmoloji, fiziki, riyazi, bioloji hissədə 

kainatın əsasında duran dörd təməl elementlərlə düzgün çoxbucaqlılar 

arasında əlaqə yaratmağa çalışmışdır (“onun içində, başqa əsərləri ilə 

müqayisədə, əlbəttə ki, sadəcə daha çox səfeh şeylər var”. B. Russell, səh. 

148). Platona görə dörd təməl elementin hər biri özünəməxsus formaya 

malik hissəciklərdən təşkil olunub, biz o hissəcikləri çox kiçik olduqları 

üçün görmürük. Torpaq kublardan təşkil olunub; kub beş düzgün çoxüzlülər 

içində ən dayanıqlı olanıdır, ələ alanda yapışıb qalır, hər üzü kvadratdır və 

Yerdə asan oturur, rahat yan-yana düzmək/döşəmək mümkündür. Su, hava 

və od hərəkətlidirlər, müqayisədə alov ən hərəkətcil, hava orta hərəkətcil, su

onlardan az hərəkətcildir. Od tetraedrlərdən, hava oktaedrlərdən, su 

ikosaedrlərdən təşkil olunub. Tetraedr-od ən itibucaqlı, itiuclu (deşir, 

yandırır), oktaedr-hava orta itiuclu, ikosaedr-su az itiucludur. Od hissəcikləri

ən kiçik, havanın hissəcikləri orta böyüklükdə, su hissəcikləri ən 

böyükdürlər. Platon 5-ci düzgün çoxbucaqlını-dodekaedr`i Tanrı seçimi ilə 

şərəfləndirir, nümunə sayır, göyləri təşkil edən hissəciklərin mükəmməlliyə-




sferaya ən yaxın olan dodelkaedrlərdən ibarət olduğunu deyir. Platon 

burada, müəyyən mənada, öz atomçu nəzəriyyəsini irəli sürür, bu beş 

düzgün çoxüzlülərin səthlərinin bəlli sayda düzbucaqlı üçbucaqlardan təşkil 

olunduğunu xüsusi qeyd edir (məsələn, kubun səthi 24 düzbucaqlı 

üçbucaqdan ibarətdir); yəni, Platon`un atomları əslində düzbucaqlı 

üçbucaqlardır. Platon burada sanki riyaziləşmiş Homer və Hesioddur! 

Platon Kainatı və bioloji/fizioloji prosesləri Platon üçbucaqların 

bioloji/fizioloji xassələri ilə izah edir...Platon`un mifik xarakter daşıyan bu 

və buna bənzər fikirləri birqiymətli deyil və müxtəlif cür şərh olunur.

          



od                 torpaq                 hava                göy                       su

tapılır: x=b(1+√5)/2. “Ən gözəl nisbət” isə x:b, yəni (1+√5)/2 -ə bərabərdir. 

Platonun “ən gözəl” (fairest) nisbəti sonralar “qızıl nisbət” və ya “qızıl orta”

adını aldı, riyaziyyatdan daha çox incəsənətdə işlənildi.



Platon cisimləri/Platonic Solids



V + F – E = 2 .   V-vertex, F-face, E-edge 



      od                torpaq                 hava                 göylər                    su 

Yüklə 92,71 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə