Press r e L i Z



Yüklə 10,37 Kb.
tarix02.12.2017
ölçüsü10,37 Kb.
#13534

P R E S S – R E L İ Z

Litvanın Klaypeda şəhərində keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa çempionatı başa çatıb. Yarışda 40-a yaxın ölkədən 341 atlet (218 kişi və 123 qadın) medal mübarizəsinə qoşulub. Qadınlar 7 (48 kg, 53 kg, 58 kg, 63 kg, 69 kg, 75 kg, +75 kg), kişilər isə 8 (56 kg, 62 kg, 69 kg, 77 kg, 85 kg, 94 kg, 105 kg, +105 kg) çəki dərəcəsində yarışıblar.

Bu turnirdə 6 nəfərdən (1 qadın və 5 kişi) ibarət Azərbaycan milli komandası da çıxış edib. Az sayda idmançı ilə qatılmağımıza baxmayaraq, əldə edilən nəticələr möhtəşəmdir. Atletlərimizdən ilk olaraq Allahyar Abışov yaşı 20-yə qədər olan idmançıların 62 kq çəki dərəcəsində mübarizə aparıb. O, toplamda 261 kq (118+143) nəticə ilə Avropa çempionatının bürünc medalına sahib çıxıb. “Goranboy-Zirvə” atleti Firudin Quliyev yaşı 23-ə qədər olan gənclərin 69 kq çəki dərəcəsində körpücük üzərinə qalxıb. O, toplam 328 kq (144+184) nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. “Şamaxı-Zirvə” atleti, Həmrəyliyi İdman Federasiyalarının III çempionatının bürünc medalçısı Elşad Şərifov 69 kq çəki dərəcəsində qüvvəsini sınayaraq, 289 kq (131+158) nəticə ilə yekun sıralamada 6-cı yeri tutub. Yeganə qadın idmançımız “Abşeron-Zirvə” təmsilçisi – Anastasiya İbrahimli 69 kq çəki dərəcəsində, yaşı 23-ə qədər olan idmançı sırasında, toplam 226 kq (99+127) nəticə ilə Avropa çempionatının yekun sıralamasında qızıl medal qazanıb. Yaşı 20-yə qədər olan atletlərin 105 kq çəki dərəcəsində Dadaş Dadaşbəyli fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq, toplamda 382 kq (176+206) nəticə göstərib və yekun sıralamada Avropa çempionu adını qazanıb. Son olaraq yaşı 20-yə qədər olan idmançıların +105 kq çəki dərəcəsində mübarizəsinə Azər Məmmədli qoşularaq, toplam 357 kq (157+200) nəticə ilə yekun sıralamada 6-cı yerə çıxıb.

Beləliklə, Azərbaycan milli komandası 3 qızıl və 1 bürünc medal qazanaraq əla çıxış nümayiş etdirib. Bu nəticə ilə yığmamız yaşı həm 20, həm də 23-ə qədər olan gənclərin ümumi yarışında Avropanın 3-cü ən yaxşısı adını qazandı. Milli komandamız yalnız Rusiya və Türkiyədən geri qaldı. Ancaq nəzərə alsaq ki, bu komandalar Klaypedaya hərəsi 20 idmançı ilə gəlmişdi, 6 nəfərlik yığmamızın əldə etdiyi 3-cü yeri ürəkdən alqışlamaq olar.

Yığmamız yalnız toplamda deyil, birdən və təkanla qaldırma hərəkətlərində ayrı-ayrılıqda da qələbələr qazanaraq 7 kiçik qızıl, 2 gümüş və bir bürünc medal toplandı.

Yaşı 23-ə qədər olan atletlərin mübarizəsinə cəmi iki idmançı – Firudin Quliyev və Anastasiya İbrahimli ilə qoşulan Azərbaycan 2 böyük qızıl, 4 kiçik qızıl və 2 kiçik gümüş əldə edərək, Avropanın ən yaxşı 3-cü komandası adını qazanaraq gözəl nəticə əldə etdi. Əminliklə söyləmək olar ki, heyətimiz geniş olsaydı, daha böyük uğura imza ata bilərdik. Müqayisə üçün qeyd edək ki, bu qrupa 14 idmançı ilə qatılan Türkiyə millisi də 4 kiçik qızıl əldə etdi və yalnız digər əyarlı medalların sayına görə bizi bir pillə qabaqladı.

Daha bir qürürverici məqam “Qobustan-Zirvə” atleti Dadaş Dadaşbəylinin mütləq çempionluğudur. O, yaşı 20-yə qədər olan atletlərin yarışında Avropanın zirvəsinə yüksələrək, 105 kq çəki dərəcəsində 382 kq (176+206) nəticə ilə Sinkleyr cədvəli üzrə 429,88 xal qazandı. Bu isə həmyaşıdları arasında ən yüksək nəticə oldu. Bununla da, Dadaş Avropanın (U-20) ən yaxşı kişi idmançısı seçildi.

Eyni uğura digər iki çempionumuz da imza atdı. Yaşı 23-ə qədər olan idmançıların yarışında qadınlarda Avropanın ən yaxşı idmançısı da Azərbaycan atleti seçildi. “Abşeron-Zirvə” nümayəndəsi Anastasiya İbrahimli 69 kq çəki dərəcəsində toplamda 226 kq (99+127) ilə 284,34 Sinkleyr xalı qazanaraq bütün rəqiblərini qabaqlamağı bacardı.

“Goranboy-Zirvə” atleti Firudin Quliyev isə yaşı 23-ə qədər idmançıların yarışında Avropanın ən yaxşı kişi idmançısı seçilərək, 69 kq çəki dərəcəsində toplam 328 kq (144+184) nəticə ilə 446,06 xal qazandı. Bununla da atletimiz hamıdan bir addım irəlidə olduğunu sübut etdi.

Azərbaycan yığmasının qazandığı nailiyyətin böyüklüyü məhz qələbələrdə görünür. İdmançılarımız U-20 və U-23 qruplarında mümkün olan 4 çempionluqdan 3-nü əldə etdi.



Cəmi 6 atletlə Klaypedaya gedən Azərbaycan milli komandası Avropa 3-cülüyü və üç mütləq çempionla vətənə qayıdır. Bu nəticəni əldə edən və bu nəticənin əldə edilməsində əməyi keçən hər kəsə təşəkkür edir, minnətdarlığımızı bildiririk. Azərbaycan ağır atletikasının gələcəyinin parlaq olduğu, daha böyük qələbələrin bizi gözlədiyi dəqiqdir. Bütün idmançılarımızı şəxsi məşqçiləri, yığmanın məşqçiləri, komandanın bütün üzvləri – texniki, inzibati işçiləri, rəhbərliyi bir daha təbrik edir, sevincinizə şərik oluruq.
Yüklə 10,37 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə