Press-reliZ 03 may 2010-cu IL Bakı, Azərbaycan



Yüklə 50,9 Kb.
tarix14.04.2018
ölçüsü50,9 Kb.
#38312

R A T İ

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu


PRESS-RELİZ
03 may 2010-cu il

Bakı, Azərbaycan


  • REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

  • ÜMUMDÜNYA SÖZ AZADLIĞI GÜNÜNDƏ ELMAR HÜSEYNOVUN QƏBRİ ZİYARƏT EDİLİB

  • XXI ƏSRDƏ İNTERNETİN DÖVLƏT TƏNZİMLƏNMƏSİNƏ EHTİYAC VARMI?” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLİB

  • AZƏR AYXANIN HÜQUQLARINI MÜDAFİƏ KOMİTƏSİ YARANDI 

  • POLİS BAYRAM AKSİYASI KEÇİRƏN JURNALİSTLƏRİN PEŞƏ FƏALİYYƏTİNƏ MANE OLMAĞA CƏHD GÖSTƏRİB

  • İLHAM ƏLİYEV “MƏTBUATIN QƏNİMLƏRİ” SİYAHISINDA QALMAQDADIR



REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Reportyorların  Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) bu gün 3 may  Beynəlxalq Söz Azadlığı Günündə Azərbaycanda söz azadlığı sahəsində durumun  çox kəskin vəziyyətə çatmasından  olduqca narahatdır. 

Belə ki, bu gün Azərbaycan həbsxanalarında saxta ittihamlarla şərlənərək həbs olunan 3 vicdan məhbusu saxlanılır. Onlardan biri “Gündəlik Azərbaycan” və “Realniy Azerbaydjan” qəzetlərinin baş redaktoru  Eynulla Fətullayev, digərləri  bloggerlər - Adnan Hacızadə və Emin Millidir (Abdullayev).

Beynəlxalq və yerli  ictimaiyyətin israrlı çağırışlarına baxmayaraq  bu vicdan məhbusları hələ də həbsxanadadır. RATİ xüsusilə vurğulayır ki, bu günlərdə Avropa İnsan Hüquqları Məhkəməsi Eynulla Fətullayevin əsassız həbsə atıldığını müəyyən edərək, onun dərhal azadlığa buraxılması barədə qərar çıxarsa da Azərbaycan iqtidarı bu qərarı icra etməkdən boyun qaçırır. 

RATİ həmçinin bəyan edir ki, 2009 ilin əvvəlindən hakimiyyət   Azadlıq Radiosu, BBC, Amerikanın Səsi radiostansiyalarının milli FM tezlikdə yayımını dayandırılıb və faktiki olaraq  Azərbaycan əhalisini  elektron informasiya vasitələrindən düzgün informasiya əldə etmək hüququndan mərhum edib.   

Hakimiyyəti kəskin tənqidi məqalələri ilə qınağa çəkən “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlindən beş il keçsə də, bu günə kimi bu qətlin icraçıları və sifarişçiləri cinayət məsuliyyətinə cəlb olunmayıblar. Keçən il ifadə azadlığına görə məhkum olunan “Talişi Sədo” qəzetinin baş reaktoru həbsxanada dünyasını müəmmalı şəkildə dəyişsə də, bu ölümə görə də günahkar olan şəxslər müəyyənləşdirilməyib. Bu ölüm onu göstərdi ki, həbsxanada saxlanılan jurnalistlərin həyati hər an təhlükə ilə üz- üzədir. Həbsxanada saxlanılan zaman Eynulla Fətullayevin paltarlarına  narkotiklərin yerləşdirilməsi onu göstərir ki, jurnalisti həbsxanada ölüm təhlükəsi ilə yanaşı növbəti saxta cinayətlərdə ittiham etmə təhlükəsi də gözləyir.

Hakimiyyətin söz azadlığına qarşı mürtəce siyasəti nəticəsində, bu gün ölkədə müstəqil medianın inkişafı üçün heç bir zəruri şərait yoxdur. Son günlər hakimiyyət İnterneti də tənzimləmək qərarına gələrək, ölkədə söz azadlığını tamamilə məhv etmək istəyir.

RATİ Azərbaycan hökumətinə  üz tutaraq söz azadlığını boğmağa yönələn addımlara son qoymağa,  həbsdə olan 3 vicdan məhbusunu dərhal azad etməyə. Elmar Hüseynovun qatillərini və sifarişçiləri  cinayət məsuliyyətinə cəlb etməyə, defamasiya haqqında qanun qəbul etməyə, yeni televiziya və radioların açılması üçün mütəmadi və şəffaf tenderlər keçirməyə, xarici radioların yeli tezliklərdə yayımına icazə verməyə, ölkədə media sahəsini tənzimləyən bir çox mürtəce qanunları liberallaşdırmağa çağırır.



    • RATİ Azərbaycanın üzv olduğu beynəlxalq qurumlara  üz tutaraq onları Azərbaycanda söz azadlığına və insan haqlarına dəstəklərini və diqqətlərini artırmağa, eləcə də Azərbaycan hakimiyyətindən üzərinə götürdüyü beynəlxalq öhdəliklərə riayət etməyi tələb etməyə çağırır.


ÜMUMDÜNYA SÖZ AZADLIĞI GÜNÜNDƏ ELMAR HÜSEYNOVUN QƏBRİ ZİYARƏT EDİLİB
Bu gün (03 may) jurnalistlər, hüquq müdafiəçiləri, ictimai xadimlər və beynəlxalq təşkilatların nümayəndələri Ümumdünya Söz Azadlığı Günü münasibətilə “Monitor” jurnalının mərhum baş redaktoru Elmar Hüseynovun qəbrini ziyarət ediblər.

Ziyarət zamanı çıxış edənlər Azərbaycanda söz azadlığının indiki durumuna və mövcud problemlərə toxunublar.

Millət vəkili Pənah Hüseyn söz azadlığı uğrunda gərgin mübarizə aparan müstəqil jurnalistlərə minnətdar olduğunu deyib. Ölkənin az da olsa müsbət imicinin məhz belə jurnalistlərin xidməti olduğunu vurğulayıb.

Jurnalist Şahvələd Çobanoğlu Elmar Hüseynovun ideyalarının bu gün bütün jurnalistlərin istinad nöqtəsinə çevrilməli olduğunu və bü günkü ziyarətin məhz bu məqsədə xidmət etdiyini deyib. Çobanoğlu Elmar Hüseynovun söz azadlığı da daxil olmaqla bütün azadlıqların olacağı cəmiyyət üçün mübarizə apardığını bildirib və jurnalistləri, media nümayəndələrini belə bir cəmiyyətin qurulması uğrunda mübarizə aparmağa, bir olmağa çağırıb.

“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidov Elmar Hüseynovun öldürülməsi ilə müəyyən jurnalistlərin qorxudulduğunu, nəticədə qorxduqları üçün həmin jurnalistlərin müstəqil jurnalistikadan uzaqlaşdıqlarını vurğulayıb. “Bununla belə burada iştirak edən hər bir şəxsi komandir kimi qəbul edirəm, sizlərin hər birinə təşkilatlanaraq, ətrafınıza insanlar toplayaraq söz azadlığı uğrunda mübarizə aparmağı arzulayıram”, - deyə Zahidov qeyd edib.

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev söz azadlığının vəziyyəti ilə bağlı öz narahatçılığını ifadə edib. O ötən ilin bu günü Qənimət Zahidovun həbsdə olduğunu, hazırda isə azadlığı buraxıldığını xatırladaraq, gələn il bu bayram günündə E. Fətullayevin, Emin Millinin və Adnan Hacızadənin iştirak etməsini arzulayıb.

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun sədri Emin Hüseynov Elmar Hüseynovun qətlinin üstünün açılmadığını xüsusi vurğulayaraq, bu qətlin arxasında Azərbaycan hakimiyyətində təmsil olunana yüksək çinli məmurların dayandığını bildirib. Hüseynov “media kapitanları” adlandırılan şəxslərin, Mətbuat Şurasının və Şuraya daxil olan KİV-lərin ziyarətə qatılmamasını mənfi hal kimi qiymətləndirib.
Foto: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,498/lang,az/
XXI ƏSRDƏ İNTERNETİN DÖVLƏT TƏNZİMLƏNMƏSİNƏ EHTİYAC VARMI?” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLİB
Bu gün (03 may) Ümumdünya Söz Azadlığı Günü Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) və Media Hüququ İnstitutu (MHİ) tərəfindən İnternet tənzimlənməsi və ümumilikdə söz azadlığının durumu ilə bağlı dəyirmi masa keçirilib.

RATİ-nin sədri Emin Hüseynov tədbirin məqsədinin İnternet azadlığına olan təhlükələri müzakirə etmək olduğunu, tədbirin yekununda iştirakçılar adından bəyanat hazırlanacağını və sənədin hökumətə göndəriləcəyini bildirdi.

MHİ-nin direktoru Rəşid Hacılı dünya praktikasında İnternetin tənzimlənməsinə rast gəlinmədiyini vurğuladı və yeni texnologiyaların inkişaf etdiyi bir dövrdə bu məsələnin qaldırılmasını köhnəlmiş yanaşma kimi qiymətləndirdi.

İREX-Azərbaycan təşkilatının hüquqşünası Ələsgər Məmmədli İnternetin artıq mövcud olan “KİV haqqında Qanun”la tənzimləndiyini, yaranan bütün problemlərin bu qanun əsasında həllinin mümkün olduğunu vurğulayıb. Onun sözlərinə görə, “televiziya” anlayışının hüquqi baxımdan İnternetlə heç bir bağlılığı yoxdur.

Respublikaçı Alternativ Vətəndaş birliyinin (RE:AL) həmtəsisçisi İlqar Məmmədov İnternetin tənzimlənməsinin təkcə azadlıqla bağlı məsələ olmadığını, bu addımın milli dövlətçilik ideyalarına mənfi təsir göstərəcəyini bildirdi. Onun sözlərinə görə, hər hansı bir sosial şəbəkə məhdudlaşdırılacaqsa, Qarabağ məsələsi ilə bağlı təbliğatda ermənilər boşluğu ələ alacaqlar, bizim gənclər bu cür şəbəkələrdə yazmaq və mövqe nümayiş etdirmək bacarığını itirəcəklər.

“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev çap mətbuatı və televiziyaların inhisara alınmasından sonra növbənin İnternetə çatdığını bildirdi. Əliyev bir neçə il ərzində ənənəvi mətbuatın sıradan çıxarıldığını, lakin bunun nəticədə hakimiyyət üçün əks effekt verdiyini dedi. Onun sözlərinə görə, hakimiyyət artıq dərk edib ki, o bu məhdudlaşdırıcı tədbirləri həyata keçirməklə vətəndaşlar nəzarətdə saxlanılan KİV-dən uzaqlaşıblar.

Tədbirdə çıxış edənlər İnternetin tənzimlənməsinin xoş niyyətli addım olmadığını, hakimiyyətin sosial şəbəkələrə qoşulanların sayının kəskin artmasından narahat olduğunu qeyd ediblər.

*Dəyirmi masa iştirakçılarının adından bəyanat qəbul edilib.

XXI əsrdə İnternetin dövlət tənzimlənməsinə ehtiyac varnı?” mövzusunda təşkil edilən Dəyirma Masa iştirakçılarının Ümumdünya Söz Azadlığı Günü münasibətilə Bəyanatı


Bu gün Azərbaycanda söz azadlığının durumu ciddi narahatçılıq doğurur, “Gündəlik Azərbaycan” və “Realniy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayev, bloggerlər Adnan Hacızadə və Emin Milli qurama ittihamlarla həbsdədirlər. 2005-ci ildə qətlə yetirilmiş “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qatilləri və qətlin sifarişçiləri hələ də cəzalandırılmayıb.

Azadlıq Radiosu, BBC, Amerikanın Səsi radiostansiyalarının milli FM tezlikdə yayımı dayandırılıb, elektron media vasitələri hakimiyyətin birbaşa nəzarəti altında fəaliyyət göstərir, Azərbaycanda yeni televiziya və radioların açılması üçün zəruri şərait yaradılmır, bu təşəbbüslə çxış edən şəxslərin hüquqları təmin edilmir.

Aparılmış monitorinqlər göstərir ki, telekanallar siyasi plüralizm, obyektivlik, hər kəsin fikrini ifadə etmək hüququnun təmin edilməsi və milli, habelə beynəlxalq hüquqla nəzərdə tutulan prinsiplərə riayət etmirlər.

Yuxarıda göstərilən problemlərlə üzləşən Azərbaycan vətəndaşlarının bir çoxu ənənəvi televiziya və radio yayımçılarına inamını itirərək daha doğru və obyektiv informasiya məkanına üz tutublar. Bu məkan isə bir mənalı internet və internet vasitəsilə yayımlanan KİV-lərdir.

Qeyd edilən problemləri həll etmək əvəzinə, bu yaxınlarda hakimiyyət nümayəndələri və hakimiyyətə yaxın olan qüvvələr İnternet televiziya və radioların, virtual sosial şəbəkələrin tənzimlənməsi zərurətini qeyd ediblər.

Hesab edirik ki, İnternetin tənzimlənməsi təkcə azadlığa deyil, dövlətçiliyin potensial innovativ inkişafına bir qəsddir.

Biz Azərbaycan hakimiyyətini çağırırıq ki:


  • həbsdə olan jurnalistlər – Eynulla Fətullayev, Emin Milli və Adnan Hacızadəni dərhal azad etsin;

  • “Monitor” jurnalının mərhum baş redaktoru Elmar Hüseynovun qətlinin sifarişçilərini və icraçılarını taparaq cəzalandırsın;

  • xarici radiosatansiyaların FM tüzlikdə fəaliyyəti bərpa etsin;

  • yeni televiziya və radioların açılması üçün müraciətləri müsbət həll etsin;

  • mövcud telekanalların və radioların müstəqil şəkildə fəaliyyət göstərməsini təmin etsin;

  • İnternetin lisenziyalaşdırılması və virtual sosial şəbəkələrin dövlət tərəfindən tənzimlənməsi məsələsini gündəmdən çıxarsın;

  • yeni İnternet TV və radio yaratmaq təşəbbüslərinə maneələr törətməsin.

Bəyanatı aşağıdakı şəxslər imzalayıblar:

Novella Cəfəroğlu, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri

Səadət Bənənyarlı, Beynəlxalq İnsan Haqları Cəmiyyəti Milli Komitəsinin sədri

Səidə Qocamanlı, İnsan Haqları və Qanunçuluğun Müdafiəsi Bürosunun sədri

İlqar Məmmədov, RE:AL Vətəndaş Birliyinin həmtəsisçisi

Natiq Cəfərli, RE:AL Vətəndaş Birliyinin həmtəsisçisi

Rövşən Hacıbəyli, Demokratik Jurnalistika Məktəbi

Şahvələd Çobanoğlu, tanınmış jurnalist

Mehman Əliyev, “Turan” İnformasiya Agentliyinin direktoru

Sənubər Heydərli, 10 dekabr Gənclər Təşkilatının həmtəsisçisi

Nahid Ismayıl, 10 dekabr Gənclər Təşkilatının həmtəsisçisi

Vəfa Cəfərova, AN Şəbəkəsinin nümayəndəsi

Rəşid Hacılı, Media Hüququ İnstitutunun direktoru

Xalid Ağaıliyev, Media Hüququ İnstitutunun proqram koordinatoru

Emin Fətullayev, “Gündəlik Azərbaycan” və “Realniy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin atası

Azər Ayxan, “Yeni Müsavat” qəzetinin baş redaktorunun müavini

Ələsgər Məmmədli, İREX-Azərbaycan

İdrak Abbasov, RATİ

Emin Hüseynov, RATİ

Rəsul Cəfərov, Televiziya və Alternativ Media İnkişaf Mərkəzinin sədri

Foto: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,499/lang,az/



AZƏR AYXANIN HÜQUQLARINI MÜDAFİƏ KOMİTƏSİ YARANDI 

Mayın 1-də “Yeni Müsavat” qəzetinin baş redaktor müavini Azər Ayxana qarşı Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri üzrə iddianın qaldırılması ilə əlaqədar qəzetin redaksiyasında dəyirmi masa təşkil olunub. “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Azər Ayxana qarşı bu addımdan narahat olduğunu bildirib. O bunun qəzet redaktorunun cəzalandırılması məqsədi daşıdığını və da bu işdə böyük rüşvət məsələsi olduğunu bildirdi.

Azər Ayxanın vəkili Elçin Sadıqov isə hazırlıq iclasında qanunsuzluğa yol verildiyini, heç bir hal araşdırılmadan hazırlıq iclası ilə bağlı yekun qərar çıxarıldığını qeyd etdi. O, xüsusi ittiham qaydasında şikayət verməyən Bəhruz Quliyevin xüsusi ittihamçı kimi tanınmasını kobud qanun pozuntusu olduğunu əlavə etdi.

“Media Hüququ İnstitu”nun rəhbəri Rəşid Hacılı son vaxtlar 147-148-ci maddələr üzrə ittihamlara ciddi fikir verilmədiyini bildirdi. Lakin Azər Ayxandan ölkədən çıxmaması ilə iltizam alınmasını, bunun arxasında hansısa ciddi niyyətin olması ilə əlaqələndirdi.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu və millət vəkili Pənah Hüseyn seçkiqabağı Azər Ayxanın həbs ediləcəyinin real olmadığını bildiriblər. N. Cəfəroğlu həmçinin qeyd edib ki, bununla bağlı Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət edəcək.

Millət vəkili İqbal Ağazadə  baş vermiş qanunsuzluğa qarşı birgə mübarizə  aparmaq üçün müdafiə komitəsi yaradılmasını təklif etdi.

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutun (RATİ) sədri Emin Hüseynov isə Məhkəmə Hüquq Şurasına müraciət etməyi və bəzi millət vəkillərinin parlamentdə məsələ qaldırmasını təklif etdi.

Dini Etiqad və Vicdan Azadlığını Müdafiə Mərkəzinin rəhbəri Hacı  İlqar İbrahimoğlu isə məsələ ilə bağlı  diplomatik korpus nümayəndələrinə müraciət etməyin və bu işə bütün hüquq müdafiəçilərini cəlb etməyin vacibliyini vurğuladı.

Sonda Azər Ayxanın Hüquqlarını Müdafiə Komitəsi təsis edildi və millət vəkili İkram İsrafil komitənin sədri seçildi.

Xatırladaq ki, “İdeal”  qəzetinin həbsdə olan baş redaktoru Nazim Quliyev və “Binə” Ticarət Mərkəzinin direktoru Dilşad Əmirova Nizami rayon məhkəməsinə müraciət edərək “Yeni Müsavat” qəzetinin baş redaktorunun müavini Azər Ayxanın Cinayət Məcəlləsinin 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri üzrə cəzalandırılmasını istəyiblər.



POLİS BAYRAM AKSİYASI KEÇİRƏN JURNALİSTLƏRİN PEŞƏ FƏALİYYƏTİNƏ MANE OLMAĞA CƏHD GÖSTƏRİB
Bu gün (03 may) “Xural” qəzetinin təşkilatçılığı ilə bir qrup media nümayəndəsinin Sabirabad rayonunun Suqovuşan kəndində Türkçülük bayramı münasibətilə keçirdiyi aksiyaya polis müdaxiləsi olub. Hadisə yerində olan RATİ-nin əməkdaşının verdiyi məlumata görə, əvvəlcə aksiyanın keçirildiyi əraziyə təxminən 300 metr qalmış Sabirabad rayon Polis Şöbəsinin əməkdaşları jurnalistlərin qarşısını kəsərək, onları əraziyə buraxmayıblar. Polis əməkdaşları foto və video çəkilişlərinin aparılmasına icazə verməyərək jurnalistlərin peşə fəaliyyətinin yerinə yetirilməsinə mane olublar.

Bununla əlaqədar olaraq “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlovla telefon əlaqəsi saxlayıb. Bundan sonra isə əraziyə gələn RPŞ-nin rəis müavini, polis polkovnik leytenant Zülfi İsayevin Ə. Zeynallı ilə söhbətindən sonra jurnalistlərin Suqovuşan kəndinə getməsinə icazə verilib. Lakin aksiyada iştirak etmək istəyən yerli əhali həmin əraziyə buraxılmayıb.

Türkçülük bayramı münasibətilə təşkil olunmuş aksiyada “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, qəzetin baş direktoru Nizami Həsənov, “Poliqon” İnformasiya Agentliyinin (pia.az) baş reaktoru Şahin Ağabəyli, “Bizim Gündəm” qəzetinin baş redaktoru Məhəmməd Ərsoy, “Yeni Ümid” qəzetinin redaktoru Razi Abbasbəyli və digər media nümayəndələri iştirak ediblər.

İLHAM ƏLİYEV “MƏTBUATIN QƏNİMLƏRİ” SİYAHISINDA QALMAQDADIR

  “Sərhədsiz Reportyorlar” təşkilatı  3 may - Ümumdünya Mətbuat Azadlığı Günü ilə bağlı dünyada mətbuat azadlığının vəziyyəti haqqında hesabat  açıqlayıb.

      Təşkilatın vec-səhifəsində də (http://en.rsf.org/www-rsf-org-predators2010-03-05-2010,37235.html) yerləşdirilən hesabatda qeyd olunur ki,  “Mətbuatın qənimləri” adlandırılan siyahıda jurnalistlərin hüquqlarını və söz azadlığını  daha çox pozan 40 siyasinin, dövlət xadiminin, din xadimlərinin, hərbi və cinayətkar təşkilatın adları  yer alıb.

      Azərbaycan Prezidenti İlham Əliyevin adı artıq bir neçə ildir ki, bu siyahıdadır.

İlk dəfə olaraq Çeçenistan prezidenti Ramzan Kadırov və əfqan taliblərinin lideri Molla Ömər də “Mətbuat qənimləri” siyahısına daxil ediliblər.

MƏLUMATLARIMIZDAN İSTİFADƏ EDƏRKƏN RATİ-YƏ İSTİNAD EDİN

 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)



Ünvan: Azərbaycan, Bakı şəh., Behbudov 8, mənzil 85/86

tel: (+99 412) 418-03-34, fax: (+ 99 412) 598-45-19

24 saat ərzində aktiv olan qaynar xətt: (+ 994 055) 816 40 04

e-mail: irfs.az@gmail.com

web: www.irfs.az  skype: irfs.az
Yüklə 50,9 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə