Press-reliZ 09 Fevral 2011-ci IL Bakı, Azərbaycan



Yüklə 66,5 Kb.
tarix22.07.2018
ölçüsü66,5 Kb.
#58362

R A T İ

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu


PRESS-RELİZ
09 Fevral 2011-ci il

Bakı, Azərbaycan



  • ELAN!

  • ELAN!

  • FƏTULLAYEV BƏZİ CƏZAÇƏKMƏ MÜƏSSİSƏLƏRİNDƏ HƏYATINA QƏSD EDİLƏCƏYİ BARƏDƏ XƏBƏRDARLIQ EDİB

  • İLKİN İZAHATI ALINANDA SAVALANLI FİZİKİ TƏZYİQƏ MƏRUZ QALIB

  • YÜKSƏLİŞ NAMİNƏ” QƏZETİNİN MÜXBİRİ POLİSƏ ÇAĞIRILIB VƏ HƏDƏLƏNİB

  • OSMAN KAZIMOV VƏKİLLƏR KOLLEGİYASI ÜZVLÜYÜNDƏN ÇIXARILIB



ELAN!
10 FEVRAL SAAT 12.00-da Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində Azərbaycan Respublikası Uşaq Hüquqları Müdafiə Liqasının sədri Yusif Bəkirov “yay vaxtına keçidin fəsadları” və problemin həlli üçün hüquqi müstəvisində apardığı mübarizə ilə bağlı mətbuat konfransı keçirəcək.
Tədbirə jurnalistlər, diplomatik korpus nümayəndələri və maraqlanan bütün şəxslər dəvətlidirlər.

ELAN!
11 FEVRAL SAAT 12.00-da Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində Naxçıvan Muxtar Respublikasında insan hüquqlar, söz və ifadə azadlığının durumuna dair 2010-cu ilin yekunlarına dair hesabatın təqdimatı keçiriləcək.

Tədbirə jurnalistlər, diplomatik korpus nümayəndələri və maraqlanan bütün şəxslər dəvətlidirlər.



FƏTULLAYEV BƏZİ CƏZAÇƏKMƏ MÜƏSSİSƏLƏRİNDƏ HƏYATINA QƏSD EDİLƏCƏYİ BARƏDƏ XƏBƏRDARLIQ EDİB
“Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru, məhbus jurnalist Eynulla Fətullayev ədliyyə naziri Fikrət Məmmədova məktubla müraciət edib. “Azadlıq” qəzetində dərc olunan Müraciətin surəti ədliyyə nazirinin müavini, pentensiar xidmətin rəisi Nazim Ələkbərova və Bakı İstintaq Təcridxanasının rəisi Elxan Sadıxova ünvanlanıb.

Eynulla Fətullayev 11 il tədqiqatçı jurnalistika ilə məşğul olduğunu, eləcə də fəaliyyəti dövründə cinayətkarların cinayətkar fəaliyyətlərini qələmə alaraq məhkəmə reportajları vasitəsilə Azərbaycan ictimaiyyətinə və oxuculara çatdırdığını qeyd edərək, belə olan təqdirdə xüsusilə ağır, amansız və dəfələrlə cinayətlər törətmiş residivistlərlə, ağır və mütəşəkkil cinayətkarlıq ideyalarının təbliğatçıları ilə bir müəssisədə, bir barakda, bir dam altında saxlanmasının düzgün olmadığını diqqətə çatdırıb. O, 1, 7, 11, 15 və 17 saylı cəzaçəkmə müəssisələrində həyatına böyük təhlükənin olduğunu bildirib.

Məhbus jurnalist müraciətinin sonunda Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 72.3, 12.3-cü maddələrini rəhbər tutaraq, onun məhkəmə və hüquq-mühafizə orqanlarının sabiq işçilərinin saxlandığı 9 saylı cəzaçəkmə müəssisəsinə göndərilməsini xahiş edib. Fətullayev əks təqdirdə fasiləsiz aclıq aksiyasına başlamağa məcbur olacağını deyib.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqə şöbəsinin rəisi Mehman Sadıqov isə RATİ-yə açıqlamasında E. Fətullayevin müraciətinə əsasən araşdırma aparılacağını və müvafiq tədbirlərin görüləcəyini bildirdi.

Xatırladaq ki,  Fətullayevə qarşı 2009-cu ilin dekabrın 29-da saxlanıldığı 12 saylı Cəzaçəkmə Müəssisəsində saxta narkotik ittihamı ilə cinayət işi başlanmışdı və 06 iyul 2010-cu il tarixində  Eynulla Fətullayev Cinayət Məcəlləsinin  234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və hökmün icrası elan edildiyi gündən hesablanır. Bu hökm 29 dekabr 2009-cu ildə 12 saylı Cəzaçəkmə  Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılması ilə bağlı  irəli sürülmüş ittiham üzrə çıxarılıb. İş üzrə verilmiş apellyasiya şikayəti təmin olunmayıb.

            Habelə   Eynulla Fətullayev 2007-ci ildə terrorla hədələmə və digər ittihamlarla 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Lakin Avropa İnsan Hüquqları Məhkəməsi isə 2010-cu il aprelin 22-də yuxarıda qeyd edilən cinayət işləri ilə bağlı qərar qəbul etmişdi. Qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir.  Ali Məhkəmənin Plenumu isə bu qərarı qismən təmin edib.  



İLKİN İZAHATI ALINANDA SAVALANLI FİZİKİ TƏZYİQƏ MƏRUZ QALIB
Dünən (08 fevral) İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudov fevralın 5-də həbs edilmiş gənc fəal Cabbar Savalanlı ilə görüşüb. Behbudovun RATİ-yə verdiyi məlumata görə, Savalanlı ona qarşı irəli sürülmüş ittihamı birmənalı olaraq rədd edib və narkotik maddənin onun üzərinə atıldığını bildirib. Hüquq müdafiəçisi bildirib ki, Savalanlıdan izahat alınarkən ona qarşı yüngül fiziki təzyiq də olub.
Xatırladaq ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının Gənclər Komitəsinin üzvü Cabbar Savalanlı fevralın 5-də Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Polis onun üzərində axtarış aparılarkən 0,74 qram narkotik maddə aşkarlandığını bildirib, Sumqayıt Şəhər Məhkəməsi isə onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib.

Yerli hüquq müdafiə və gənclər təşkilatları bu həbsin sifarişlə həyata keçirildiyini, Savalanlının onun hakimiyyəti tənqid edən fikirlərinə görə cəzalandırıldığını hesab edirlər.

YÜKSƏLİŞ NAMİNƏ” QƏZETİNİN MÜXBİRİ POLİSƏ ÇAĞIRILIB VƏ

HƏDƏLƏNİB

“Yüksəliş naminə” qəzetinin müxbiri, AXCP-nın Gənclər Təşkilatının üzvü, jurnalist Elçin Həsənov bu gün Sumqayıt şəhər Polis İdarəsinə çağırılıb. Bu barədə bu gün (9 fevral) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) E. Həsənovun özü məlumat verib.

Onun sözlərinə görə, Sumqayıt şəhər Polis İdarəsinin 4-cü bölməsindən zəng edərək, onu polis bölməsinə dəvət ediblər:

“Polis bölməsində rəis müavini Azər Cahangirov mənimlə söhbət etdi. O, mənə bildirdi ki, polisə çağırılmağımın səbəbi həbs olunmuş gənc fəal Cabbar Savalanlının həbsi ilə bağlı olaraq iki gün bundan əvvəl Bakıda Heydər Əliyevin abidəsi önündə çıxış edərək gəncləri aksiyaya səsləməyim və “Facebook” sosial şəbəkəsində adamları mitinqə çağırmağımdır. Rəis müavini ilə söhbətdən sonra rəisin özü mənimlə söhbət etdi və o mənə dedi ki, sənə artıq xəbərdarlıq edilib, bundan sonra başına nə gəlsə demə ki, sənə heç nə deyilmədi. Daha sonra mənə bildirildi ki, mən bununla bağlı təkzib verməli, eləcə də üzr istəməliyəm. Mən isə bildirdim ki, gənc fəal Cabbar Savalanlının anası ilə görüşün veriləcəyi və ondan müsadirə olunmuş tələbə kartının anasına veriləcəyi təqdirdə, tələblərini icra etməyə hazıram” - deyə E.Həsənov qeyd etdi

Sumqayıt şəhər Polis İdarəsinin rəis müavini Azər Cahangirov RATİ-nin əməkdaşı ilə telefon danışığında Elçin Həsənovun polisə dəvət olunmasını təsdiqlədi:

“Onun özü bilir hansı məsələdir, həmin məsələni dəqiqləşdirdik. Ona hər hansı bir xəbərdarlıq isə olunmayıb” - deyə rəis müavini bildirdi.

Xatırladaq ki, Elçin Həsənov yanvarın 21-də səhər saatlarında  Sumqayıtdan Bakıya gələrkən ağ rəngli ”VAZ-21 07" markalı Az 10 XJ 077 nömrə nişanlı avtomobildə iki şəxsin onu təqib etməsini bildirmişdi.
Qeyd edək ki, “Yüksəliş naminə” qəzeti 2004-cü ildən fasilələrlə ABŞ-ın Milli Dəstək Fondunun (NED) maliyyə dəstəyi ilə həftədə 1 dəfə dərc olunur.


OSMAN KAZIMOV VƏKİLLƏR KOLLEGİYASI ÜZVLÜYÜNDƏN ÇIXARILIB

Vəkillər Kollegiyası Rəyasət Heyətinin fevralın 4-də keçirdiyi iclasında Osman Kazımovun vəkillik fəaliyyətinin dayandırılması və qurumun üzvlüyündən çıxarılması barədə qərar qəbul edilib. Rəyasət Heyəti Osman Kazımovun üzvlükdən çıxarılması barədə qərarı baş prokurorun birinci müavini Rüstəm Usubovun təqdimatı əsasında çıxarıb.

Təqdimata əsasən vəkil və hüquqlarını müdafiə etdiyi şəxs işi aparan müstəntiqin təhrifə yol verdiyini əsas gətirərək protokolu imzalamayıblar. Müstəntiq isə bu halı müdafiə hüququnun pozuntusu kimi qiymətləndirərək, Osman Kazımovun cəzalandırılması üçün vəsatət qaldırıb. Baş Prokurorun birinci müavini Rüstəm Usubov bu haqda Vəkillər Kollegiyasına təqdimat yazıb. Rəyasət Heyyəti təqdimatı yekdilliklə qəbul edib. Rəyasət Heyətinin qəbul etdiyi qərar məhkəmə tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək.

Osman Kazımov isə “Azadlıq” radiosuna açıqlamasında bildirib ki, fəaliyyətində heç bir qanun pozuntusuna yol verməyib. Onun fikrincə, hər hansı qanunsuzluğa yol versəydi belə əvvəlcə iltizam tənbehlə - xəbərdarlıq, töhmət, fəaliyyətin dayandırılması ilə cəzalandırılmalı və ən sonda üzvlükdən çıxarılma barədə qərar qəbul edilməli idi.


Qeyd edək ki, Osman Kazımov 1990-cı ildə Azərbaycan Vəkillər Kollegiyasına üzv seçilib.


MƏLUMATLARIMIZDAN İSTİFADƏ EDƏRKƏN RATİ-YƏ İSTİNAD EDİN

 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)



Ünvan: Azərbaycan, Bakı şəh., Behbudov 8, mənzil 85/86

tel: (+99 412) 418-03-34, fax: (+ 99 412) 598-45-19

e-mail: irfs.az@gmail.com

web: www.irfs.az skype: irfs.az
Yüklə 66,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə