Probelsiz işarə sayı: 14944



Yüklə 285,65 Kb.
Pdf görüntüsü
tarix01.07.2018
ölçüsü285,65 Kb.
#52514


Zəmanəmizin qəhrəmanı 

(Cavid Zeynallı) 

Alatavadan Novxanıya taksi ilə getmək bilirsiniz nə deməkdir? Özü də mənim 

kimi ütüyün birinə. Özü də mənim kimi yesirin təkinə. 

 Zibil torbasını qapının ağzından qapıb özümü küçəmizin soyuğuna atıram. 

Firəngiz xalanın səsi yağışa qarışıb boyun-boğazımı üşüdür, çiyinlərimi boynuma 

qısıb üzü yoxuşa götürüləndə o səs yenə məni qarabaqara izləyir. O səs əvvəl 

darısqal həyətdə daşa-divara çırpılır, pəncərə boyu sıralanan dibçək güllərinin 

üstündə əsib-kükrəyir, yarpaqlar titrəyir, orda-burda açan payız gülləri diksinib 

ləçəklərini yığır. Sonra üzüm kollarının arasından sıyrılıb hündür hasarı aşır və 

mənim kürəyimə düşmən gülləsi kimi sancılır: 

- Muraaaad... Ayy Murad. Aftafanın qulpunu qayırtdırmadın? Sənə neçə dəfə 

dedim, ay itdən əmələ gələən... 

 Zarafat edirəm, Firəngiz xalanın söyüşü lap ləzzət elədi. Gör neçə ildir üstündən 

halva iyi gələn bu arvadın evində kirayə qalıram?! Bir il deyil, iki il deyil, beş il də 

deyil. O 2006, bu 2016. Bir igidin ömrüdürmü, əl-əlbət, ömrüdür. İndi uzandıqca 

uzanan bu darısqal, hər tini-dalanı adamın ürəyinə qüssə gətirən küçədə ev 

axtardığım o noyabr səhərini xatırlayıram: 

- Xala, bəlkə buralarda kirayə ev yeri biləsiniz? 

 Bircə onu xatırlamıram ki, Firəngiz xalanın zoğalı qapısını kim nişan verdi, kim 

dedi, o zoğalı qapını döy, arvadın otağının biri boşdur. Hə-hə, yadıma düşdü: 

Firəngiz xalanın həyətinə üzbəüz evdə Mizrab kişi yaşayır, fəlsəfə doktorudur, 

zoğalı qapını mənə nişan verən həmin bu Mizrab kişi idi. Bir azdan bu qoca filosof 

haqqında danışacam. Məni qabağına qoyub itin sözünü deyə-deyə fəlsəfə öyrədən, 

sonra dünyanın bütün müdriklərindən iyrəndirən Mizrabı yaddan çıxarmaq olmaz.  

...Mən qapını döyüb qorxa-qorxa içəri boylananda həyətin yuxarı başındakı 

tualetin qapısı cır-cır cırıldamışdı və Firəngiz xalanı əlində dəmir aftafa görəndə 

diksinmişdim. 

- Gəl ay bala, gəl keç içəri, qapını bağla. 

 Belə lap bir qərinəlik məhrəm kimi. Belə lap yüz ilin doğması sayaq. İçəri o 

keçən, keçdim. 




 İndi həmin o dəmir şoğəribin qulpu qırılmışdı və bizim qoca iki dünya bir ola

türkün məsəli, əlinə başqasını almazdı. Tutalım, beşcə addım o tərəfdə: İnşaatçılar 

metrosunun həndəvərində rəngbərəng İran aftafaları göz oxşayır, adam istəyir, lap 

öpüb-oxşasın o çiçək kimi xoşagələn aftafaları. Get birini al, yuyun, təmizə çıx. 

Yox, nə danışırsan, bizim arvad bir ərinə sədaqətli olub, bir də bu zindan kimi 

aftafaya. Deməzsənmi, bəs rəhmətlik kişinin zəhmi ilə aftafanın ağırlığı tən 

gəlirmiş. Bizim xanımcığaz ərinin zəhmini aftafanın ağırlığından alırmış. Pay 

atonan, arvad yiyəsi! 

...Novxanı yolunda yağışı-küləyi yarıb irəli şığıyan “Mercedes”də bu lazımsız 

əhvalatı niyə xatırlayıram, bilmirəm. İndi mənim bircə dərdim olmalıdır: müdirin 

ailəsinin aqibəti necə oldu? Özü cəhənnəm, uşaqları, arvadı tüstüdən boğulub 

ölmədilər? Ürəkli olasan, zəng vurasan ki, bir az da dözün, beşcə dəqiqəyə özümü 

çatdıracam. Sonra xəttin o başındakı xırıltılı səsdən hürküb, yox, üşənib telefonu 

maşının pəncərəsindən tolazlayasan Novxanı çöllüyünə. Nə gizlədim, ürəyimin lap 

dərinliyində arzulayırdım ki, yuxum çin çıxsın. Və hər şey mənim qəhrəmanlıq 

göstərib bu miskin həyatdan can qurtarmağımın xeyrinə olsun. 

- Səməd, qurban olum, uşaqlar... 

- Qapı içəridən bağlıdır. 

- Boğuluram, ay Allah. 

- Açar hardadır? 

- Tapa... bilmirəm. 

- Sal uşaqları hamama, tez ol. 

- Ay Səməd, uşaqlar tüstüdən boğulur. 

- Açar axşam qapının üstündə idi. 

- İtiriblər. Pəncərəni açdım, gətir uşaqları. 

- Ay Allah, sənə qurban olum, balalarımı qoru. 

- Gətir uşaqları, atacam aşağı. Gəə-tir... 

 Mən pəncərənin altında dayanıb bağırıram, birinci mərtəbənin dəmir 

barmaqlıqlarından yapışıb üzü yuxarı dırmaşıram. Və tüstünün-dumanın içindən 

keçən iki uşaq bədəni qollarımın arasında çabalayanda anasının bağırtısı 

çiyinlərimdən basıb dizlərimin taqətini çəkir. Mən göyləri köməyə çağırıram: 



qollarıma güc ver; yağışa yalvarıram: yeri-göyü su aparsın; küləyə yalvarıram: 

ağacların yarpağında, evlərin damında gizlən, dənizin suyunda islan, hələ gəlmə, 

hələ əsib məni çətinə salma! Göylər səsimi eşidir: qolumda güc, dizimdə təpər; 

yağış gurşad tökür, külək Xəzərin suyunda islanır, ağacların yarpağında, evlərin 

damında gizlənir. Və mən yuxarıda qalan kişi ilə arvadı, yox, müdirimlə xanımını 

xilas edib, qəhrəmana çevrilirəm. 

- Bacı oğlu, qəhrəmanlarımız haqqında inşaya necə başlamaq olar? Uşağa 

məktəbdə tapşırıblar. 

 Tfu! Sənə verəcəyim 20 manat gözünə girsin. İt oğlu! 

- Bacı oğlu, eşidirsən? Deyirəm, uşaq inşa yazmalıdır, bilmirik necə başlayaq. 

Bəlkə köməyin dəyə? Görürəm, oxumuş adama oxşayırsan. 

- Uşaq inşaya belə başlasın ki, milli-mənəvi dəyərlərimizə dərindən bağlı olan 

xalqımız igid qəhrəmanlarımızla fəxr etmiş və hər zaman yeni-yeni qəhrəmanlar 

istehsal edərək qədim İpək yolunun üstündə doqquz iqlim qurşağında yerləşən 

vətənimiz üçün arxa-dayaq olmuşdur. 

- Bacı oğlu, istehsal edərək nə deməkdi? Vətən zavoddu, fabrikdi, nədi ki, 

qəhrəman istehsal eləsin? 

- Yəni böyüdüb boya-başa çatdırır də. Yəni yeni-yeni qəhrəmanlar verir, xalq fəxr 

edir, öz oğulları ilə qürur duyur. 

- Olar, bir söz soruşum? 

- Olar. 

- Allah qoysa, vətən səni nə vaxt istehsal... e, səni nə vaxt böyüdüb boya-başa 

çatdırır? 

- Nə vaxt məsləhət olsa, onda mən də vətənə arxa-dayaq olaram. Bir də qəhrəman 

olmaq üçün ölmək lazım deyil. Bir az diribaş olmaq lazımdır, vəssalam. 

- Bacı oğlu, mən keçmiş döyüşçüyəm. Bir söz desəm, inciməzsən? 

- Yox. 

- Sən lap qatıqsan ki. Al siqaretini, düş rədd ol, küçük.  



Biz tutaşırıq. Süpürləşirik. Əclaf güc gəlir. Sürüyüb dənizə aparan yolun üstünə 

atır məni. “Mercedes” uzaqlaşanda mən qalxıb yan-yörəmə baxıram ki, görüb-




eləyən olmayıb? Adam nə gəzir? Qalxıb üst-başımı çırpıram, keçmiş döyüşçünün 

qarasına söyürəm və müdirimin uzaqdan görünən üstü qırmızı kirmətli evinə sarı 

addımlayıram. 

 Darısqal küçənin girişindəki həyətin qapısı açıqdır. İçəridə hasar boyu qırmızı 

kərpiclər üst-üstə qalaqlanıb. Səs-səmir gəlmir, deyəsən, yaşayış yoxdur. 

Kərpiclərin üstünə çıxıb hasara dırmaşıram. Oho! Bir dəstə çöl göyərçini uçub 

müdirin evinin damına qonur. Və içəridən sevincək qız səsini qulağım alır: 

- Ata, ay ata, göyərçinlər gəldilər. 

 Mən o qızın səsini təkcə eşitmədim, o qızın səsini həm də gördüm. Göyqurşağı 

kimi rəngbərəng idi, çiçək açmışdı o qızın səsi, Novxanının boz-bulanıq havasına, 

payızın küləyinə, uzanıb gedən üzüboz dənizə gülümsəyirdi. 

 Sonra hardansa qadın səsi gəldi. Uşaqları içəri çağırırdı ki, özlərini soyuğa 

verməsinlər, üst-başlarını təzə dəyişiblər, daşa-divara sürtünüb batırmasınlar. Mən 

hasarın üstündən o qızın sevincini də, o qadının həyəcanını da açıq-aşkar 

görürdüm. 

- Ay Səməd, uşaqları içəri göndər. 

 “Mercedes” Novxanı çöllüyündə yağışı-küləyi yarıb irəli şığıyanda qurduğum 

xəyalı bu dəfə arzu elədim. Arzu elədim ki, üstündə göyərçinlər uçuşan bu evə od 

düşsün, o qız uşağının səsi yansın, o qız uşağının səsində açan çiçək bir də 

açmasın, göyqurşağının rəngləri solub-soluxsun, əriyib-itsin, qarışsın üzüzəhər 

noyabr səmasına. Qadın qıyyasından, kişi hönkürtüsündən hürkən çöl göyərçinləri 

bir də o üstü qırmızı kirəmitli evin səmtinə qanad çalmasınlar. Perik düşsünlər o 

çöl göyərçinləri. 

- Səməd, ... qurban olum, uşaqlar... 

- Gətir uşaqları, atacam aşağı. Gəə-tir... 

...Amma uşaqları gətirən olmadı ha! Lənətə gəlsin, mənim müdirim damağına 

siqaret, darvazanı arın-arxayın açıb maşına oturdu. Və mən hasarın üstündən atılıb 

fitillədim üzü Xəzərə sarı.  

 

* * * 

 



 Otağımda mağara qaranlığı. Hələ utanıb-ölmədən bura otaq da deyirəm. 

Köhnədən anbar olub. Sonra bizim Firəngiz xalanın rəhmətlik kişisi balaca bir 

nəfəslik yeri açıb, vəssalam, olub mənim kimi yoxsullar üçün müvəqqəti sığınacaq 

yeri. Amma bu otaq mənə yaman doğmadır. Yorğun gələndə özümü bu çaqqal 

yuvasında xoşbəxt 

hiss edirəm. Küçəyə açılan nəfəslik mənə uca göylərdən işıq gətirir, o işığı sinəmə 

çəkib rahatlıq tapıram. 

Elə ki nəfəsliyin şüşəsinə daş dəydi, deməli, Mizrab kişi darıxır. Neçə dəfə 

demişəm, ey müdrik filosof, axırınıcı dəfə şüşəyə daş atıb adam çağırmağı Hegelin 

vaxtında ediblər, indi telefon var, nə sözün oldu, döşə gəlsin. Mənim belə 

deməyimnən xoşallanır Mizrab kişi. Gülür e, gülür. Məhəllə uşaqlarına yığdırıb 

balkonda əlinin altında saxladığı xırda daşlara baxıb gülür. Güləndə gözü qıyılır, 

balaca bəbəkləri bir az da kiçilir, xardalaşır.  

Fəlsəfədən danışdın ha, çiçəyi çırtlayır Mizrab kişinin. İndi yaşı səksəni keçən bu 

yarımcan adamın kitablarından savayı heç nəyi yoxdur. O kitablar ki, divarlarından 

kədər yağan köhnə evdə baş-başa verib qəmlənirlər. Bir də qənd sexində fəhlə 

işləyən qarımış qızı Sonanı tanıyın. Sonanın anadangəlmə yaddaşsızlığı var, o 

üzdən məktəb oxumayıb. Mən də Mizrab kişinin yalançısı: fəlsəfə kitablarının 

tozunu almaqdan xoşlanır Sona. Hərdən mənə, hərdən Sonaya əsəbləşəndə Mizrab 

kişi deyir, ay tərbiyəsizlər, mən əxlaqi duyğular nəzəriyyəsindən mühazirə 

oxuyanda siz ananızın qarnından günləri sayırdınız. Hərdən Firəngiz xalaya da 

cırnayar. Bizə dediyini onun qabırğasına döşəyə bilməyəndə elə yuxarıdan aşağı 

deyər: 

- Ay əli aftafalı qoca səfeh, sən nə qanırsan emosional neytrallıqla dialektik 



özgələşmənin fərqi nədir?! 

Bir dəfə bizim arvadı öyrətdim ki, qorxma, sən də cavabını ver: denən, sənin həyat 

fəlsəfən ilkin substansiyanın iradəsi əleyhinədir. Zavallı Firəngiz xala bu axmaq 

cümləni necə yadında saxlasın? Eləcə kişinin üstünə çımxırdı: 

- Mizrab hey, mənim bu aftafam, - qaldırdı yuxarı, - sənin başından qiymətlidir, 

atamın goru! 

Mən o qəliz cümləni Firəngiz xalaya ona görə deyirdim ki, Mizrab kişini tanıdığım 

gündən bu yana elə hey intihar deyib durmuşdu. Allaha acıq getməsin, nə ölən 

kimi ölürdü, nə qalan kimi qalıb camaata rahatlıq verirdi. Bir dəfə Sona mənə 

demişdi ki, dədəm qardaşımnan sora belə oldu. Dənizdə batan qardaşımnan sora. 




Həə! Deyirəm axı, avqustun bürkülü gecələrindən birində Mizrab kişi Xəzərə sarı 

boylanıb: 

- Görəsən, - demişdi, - dənizdə dalğa necədir? Yox əşşi, yox, sular sakit olar, dalğa 

elə o gedən, getdi. Gəldi, apardı, elə o gedən getdi. Vallah, həə... 

Sonra Mizrab kişi Alatavanın uzaqdan görünən yastı-yapalaq damlarına, 

damlardan o tərəfdə boy-boya verib göyə ucalan ağaclara baxıb qəhərlənmişdi: 

- Atamın tarının səsi qulağıma gəlir. Yenə Bayatı-Şiraz çalır. 

Sonra Mizrab kişi yenə əlini gözünün üstünə qoymuşdu və mən bilirdim ki, bu 

dəfə onun gözünə nə yapalaq dam-baca, nə uca-uca ağaclar görünmüşdü. 

- Adamı aparan ola, gedəsən dəniz qırağına. Özünü vurasan suya, üzüb gedəsən 

Süleyman batan yerə. 

Mən qoca filosofla ona görə yola getmirdim ki, onun intihar arzularında intəhasız 

saxtalıq görürdüm. 

- İnsan öz həyatı haqqında sərbəst şəkildə qərar verməlidir, - Mizrab kişi danışırdı, 

- Ona bu işdə heç kim mane ola bilməz, başa düşdün? Heç kim başqasının həyatına 

burnunu soxmamalıdır. Başqasının həyatına burun soxmaq ən böyük əxlaqi 

rəzalətdir. Nə din, nə müqəddəs kitablar intiharı qadağan edə bilməz. 

- Bəs cinayət məcəlləsi? 

- Boş şeydi. O adama cinayət işi açırlar ki, ölə bilmir. Düzdü, ya yox? Deməli, bu 

cinayət işi ona görədir ki, həmin adam intihar işini bacarmayıb. Bacarıqsızdır və 

zəhmət çəkib cəzasını çəksin. Ölümün ən gözəl tərəfi odur ki, hamı ondan istədiyi 

kimi istifadə edə bilər. İnsan özünü öldürə bilər, Allah isə yox. Deməli, insan 

Allahdan da qüdrətlidir. Nə gözlərini bərəldirsən, yalan deyirəm? 

Biz ölüm haqqında bu sayaq tez-tez danışırdıq və qocanın az qala hər cümləsi 

beləcə tənə, tənbehlə bitirdi. 

- Yaxşı, ölüm bu qədər şirindirsə, niyə bu vaxtacan ölməyibsən? 

Mənim sualım Mizarab kişini diksindirdi. Barmaqları siqaret qutusuna sarı əsdi. 

Qutu boş. 

- Mənə siqaret al gətir, deyəcəm. 



Mən getməyinə getdim, di gəl, yuxarı məhəllədəki marketdə, o bol işıqlı marketdə 

elə bir hadisə oldu, hər şeyi yaddan çıxardım. Mizrab kişini də, onun dənizdə batan 

oğlunu da. 

 

* * * 

Mən içəri girəndə hay-küy çoxdan qalxmışdı. Bunu market mühafizəçisinin qolları 

arasında çırpınan uşağın şişən gözlərindən bildim. Bir də doymuş torpaq kimi su 

saxlamayan yaş yanaqlarından. 

- Əmi, Allah haqqı, acam. 

Bu vaxt iki polis özünü içəri təpdi və uşağın səsinə çırpılıb dik dayandılar: 

- Əmi, anam da acdır. 

Mən qabağa yeriliyib uşağa qucaq açdım. Balaca zavallı mənə sığındı, mənə 

sarıldı. Qolları boynumda, ayaqları belimdə kilidləndi. Onun ürəyi, İlahi, onun 

ürəyi necə çırpınırdı. Bu çırpıntıya yerə-göyə sığmayan qışqırıq qarışdı: cavan 

leytenant onu məndən alıb aparmaq istəyirdi. 

- Uşağı yerə qoy, aparmalıyıq, - leytenant dedi. 

- Uşaq heç yerə getməyəcək. 

Bu dəfə mühafizəçilər də irəli durdular və uşağı məndən ayırmaq istəyəndə 

balacanın çığırtısı yenidən qulağımın dibindən qopdu. O, bu dəfə təkcə çığırmırdı, 

həm də əsirdi, titrəyirdi, dəhşətli səslə yalvarırdı. 

- Qorxma, səni heç kimə verməyəcəm,  

- Sən hardan biləsən çörək oğurlamaq nə deməkdi, ay alçaq. 

Qadın səsi idi. Elə bil qeybdən eşidildi. Və mənə elə gəldi, bu səsə səs verən 

minlərlə adamın uğultusu sel kimi, zəlzələ kimi o işıqlı marketi ağuşuna aldı. O 

işıqlı marketə birdəncə qaranlıq çökdü, uğultu rəflərə düzülən çörəyi, çayı, qəndi, 

yağ butulkalarını, çaxır şüşələrini, şirni-şirniyyatı, konserva qablarını yerə-göyə 

səpələdi. Mən qabaqda, bir dəstə arxamda, uğultudan ayrılıb marketin yuxarı 

başından asılan şəkillərə sarı axışdıq.  Bu işıqlı yerdən nə vaxtsa çörək, çay, qənd, 

düyü oğurlayan adamların şəkillərini cırıb tapdaq-tapdaq edəndən sonra elə bil 

ortalığa su ələndi, qəzəbdən qan tutan gözlərin qırmızısı çəkildi. Elə bu vaxt səsi 



qeybdən eşidilən qadın uşağı mənim qucağımdan aldı və göz qırpımında yoxa 

çıxdı. 


Deyəsən, arzuma çatmışdım. Çox güman, sabah hamı məndən danışacaqdı. Çox 

güman nədi, danışdılar, dost-tanış zəng edib alqış elədilər, hətta tanımadığım 

adamlar yolda saxlayıb razılıqlarını bildirirdilər. Çörək oğurlayan ac uşağın 

xilaskarı kimi mənimlə bircə telekanallar maraqlanmadı. İlahi, bir sən bilirsən 

xəbərlərdə danışmağı, verilişlərə qəhrəman simasında çıxmağı qəlbimin 

dərinliyində nə qədər həsrətlə arzu edirdim.  



 

*** 

Həmin o küləkli günlərdə yaddaqalan heç nə olmadı. Bircə Firəngiz xala xəstələnib 

yatağa düşdü. Mən aftafanın qulpunu qayırtdırıb arvadın başının üstündə 

dayananda yamanca sevindi Firəngiz xala. Elə bu sevinc onu ayağa qaldırdı. Payız 

yağışına bel bağlamayıb pəncərə boyu sıralanan dibçək güllərini suvardı, balkonda 

siqaret tüstüldən Mizrab kişini salamladı. Mən ilk dəfə görürdüm ki, qoca bizim 

arvadı oğrun ehtirasla süzür. Yoxsa səhv edirdim? 

 

*** 

Yaxasında külək oynadıqca boy-boya verən küknarlar yaydan qalan tozunu çırpıb 

gözəlləşirlər. Adam o təmizə çıxan küknarları, yarpaq tökən çinarları doğması kimi 

bağrına sıxmaq istəyir. 

Bax, bu da mənəm: telefon köşkündə büzüşüb ağaclar haqqında axmaq-axmaq 

düşünürəm. Hələ birinə yaxınlaşıb üzümü gövdəsinə söykəyirəm. Görəsən, küləyin 

əzizlədiyi bu ağacların hamısının gövdəsi belə coddur? Görəsən, bizim kənddəki 

ağaclar da bu küknarlar, bu yarpağını tökən çinarlar kimi gecənin qaranlığına 

qəzəblə dartınırlar? Yol qırağındakı lampanın öləziyən işığında qaraltı 

görünməsəydi, hələ kəndimiz haqqında çox-çox xəyal edəcəkdim. Axsaq itdir. 

Qulaqları sallaq. Deyəsən, lampanın öləziyən işığında qabırğalarını da seçirəm. 

Hardansa qulağıma kəndimizdəki itlərin səsi gəlir. Ham-ham! Vau-vauu! Lap 

astaca hürürəm. Görünür, külək səsimi itə aparır. Sallaq qulağını şəkləyir. Şikəst 

kölgəsini qabağına qatıb şöngüyür yanımda. Küçə lampasının işığında güclə 

seçirəm ki, itin bəbəkləri küləkdən nəm çəkib. Bir ağız o hürür, bir ağız mən. 

Sonra köpək dənizə sarı axsayıb qaranlığa qarışır. 



Yeraltı keçidin pilləkənlərinə düşəndə hardansa müdirimi xatırlayıram. Görəsən, 

çöl göyərçinləri yenə o üstü qırmızı kirəmitli evin səmtinə qanad çalırlarmı? Yenə 

məni xəyal aparır, yenə qəhrəmana çevrilmək arzum qanıma-canıma yerikləyir. 

Təsəvvür edirəm ki, uşaq bağçası yanır. Hamıdan birinci mən köməyə çatıram, 

özümü oda atıb içəridə alovun istisindən, tüstünün acısından qışqırışan uşaqları 

çölə çıxarıram. Hər əlimdə iki uşaq. Biri də ağzımda. Lap heyvan balasını xilas 

edən kimi. Lap pələng kimi. Canavar kimi. İt kimi. Üzümdə dəhşət. Ağrı. Vahimə. 

Gözlərimdə yaş. Bəbəklərim qan rəngində. Hadisə yerinə hamıdan tez yetən 

fotoqraf özünün şedevrini yaradır. Və həmin foto uzaq-uzaq məmləkətlərdə də 

məni qəhrəmana çevirir. 

- Aauu! Uuuu! 

Axsaq köpəyin gözdən itdiyi ağaclıqdan ulartı gətirir. Pilləkənləri geri qayıdıb 

özümü qaranlığa vuranda dəniz tərəfdən kiminsə qışqırığı eşidilir. Səs gələn səmti 

tutub qaçanda köpəyin hansısa skamyanın arxasından iki ağız hürdüyünü eşidirəm. 

Hər addımımda xilaskar qəhrəman ədası. 

- Dünən bulvar ərazisində dənizdə batan şəxs qəhrəmancasına xilas edilib. 

Çığırtı get-gedə daha aydın eşidilir. Mən dəmir barmaqlığı aşıb irəli atılanda 

bayaqkı çığırtı iniltiyə çevrilir. Dizimi yerə qoyub əl uzadıram. Çatmır. Suya 

atılmağa cəsarətim yoxdur, içimə dolan dəhşətli qorxudan amanım kəsilir. Və... 

suya nə vaxt atıldığımı bilmədim. Boğulan hər kimdisə, ona qışqıra-qışqıra ürək-

dirək verirəm. Zavallının heyi-hərəkəti çəkilib, bir az da çabalasa meyiti 

qucağımda qalacaq. Əlim dəmirə çatanda elə bil göylər köməyimə gəldi. 

Qollarımda, dizlərimdə yenilməz güc hiss elədim. Kənara nə vaxt çıxdığımı da 

xatırlamıram. Bircə o yadımdadır ki, biz qucaqlaşıb dəmir barmaqlığın dibində 

öskürüşəndə hardansa uzaqlardan: bəlkə hansısa ağacın arxasından, bəlkə hansısa 

küçə fənərinin yanından köpək zingiltisi gəldi. Elə o zingiltinin altında sinəsindən 

ölüm xırıltısı eşidilən adamın səsini üstümə qaynar qazan kimi əndərdilər: 

- Üzüb gedə bilmədim Süleyman batan yerə...   



 

 

 

Yüklə 285,65 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə