Qadın düz Ravikin üstünə gəlirdi. O, iri addımlarla yeriyir və qəribə tərzdə səndələyirdi. Ravik onu lap çatanda gördü. Gördü ki, rəngi avazıyıb, almacıq sümükləri çıxıb, gözləri az qalır hədəqəsindən çıxsın



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə1/114
tarix29.09.2018
ölçüsü1,93 Mb.
#71271
  1   2   3   4   5   6   7   8   9   ...   114


 
1
www.kitabxana.net
 
 
Milli Virtual Kitabxananın təqdimatında 
 
 
 
 
 
Erix Mariya Remark 
 
(Avstriya) 
 
 
 
“Zəfər Tağı” 
 
(roman) 
 
 
E-nəşr N 15 
 
 
YYSQ-nin rəqəmsal elektron kitabı 
 
 
 
 
 
Alman dilindən tərcümə edəni: 
 
Vilayət Hacıyev 
 
 
 


 
2

 
Qadın düz Ravikin üstünə gəlirdi. O, iri addımlarla yeriyir və qəribə tərzdə 
səndələyirdi. Ravik onu lap çatanda gördü. Gördü ki, rəngi avazıyıb, almacıq 
sümükləri çıxıb, gözləri az qalır hədəqəsindən çıxsın. İfadəsiz üzündə qəribə bir 
məchulluq var idi. Adama elə gəlirdi ki, orada heç bir həyat əlaməti yoxdur və 
gözlərindəki ümidsiz parıltı Raviki istər-istəməz dayanmağa məcbur etdi. 
Qadın elə yaxından keçirdi ki, az qalırdı, ona toxunsun. Əlini uzadıb qadının 
qolundan yapışdı. Qadın səndələdi, Ravik tutmamış olsaydı, yıxılardı. Qolundan 
möhkəm yapışmışdı... 
– Hara belə? 
Qadın gözlərini döydü, pıçıldadı: 
– Buraxın. 
Ravik dinmədi. Hələ də onun buraxmamışdı. 
– Buraxın deyirəm! Bu nə deməkdir? – dodaqları güclə tərpənirdi. 
Ravikə elə gəldi ki, qadın onu heç görmür. Gözlərini ona dikərək, harayasa 
uzaqlara baxır. Sanki, nəsə ayaqlarını qandallamışdı, etirazı da elə buna idi: 
– Buraxın deyirəm məni! 
Ravik gördü ki, o, küçə qadını deyil. Heç sərxoşa da oxşamır. Əli boşaldı. Qadın 
istəsəydi, asanca əlindən çıxardı. Ancaq o, bunu hiss eləmədi. Ravik bir az da 
gözlədi. 
– Doğrudan, gecənin bu vaxtında, özü də Parisdə hara gedirsiniz? – deyib qadının 
qolunu tamam buraxdı.  
Qadın susurdu. Tərpənmək isətmirdi. Elə bil, onu bir dəfə dayandırdıqları üçün 
yeriyə bilmirdi. Ravik körpünün sürahisinə söykəndi. Göz-göz olmuş nəm daşlar 
əllərini üşütdü. 
– Bəlkə, ora? – Başı ilə aşağını, tutqun parıltılı Sena çayının «de Alma» 
körpüsünün kölgəsinə çırpıldığı yeri göstərdi. Qadın cavab vermədi. 
Ravik dedi: 
– Hələ çox tezdir, çox tezdir. Özü də noyabrın bu soyuğunda... 
O, bir qutu siqaret çıxarıb, ciblərində kibrit axtardı. Tapanda gördü ki, qutuda ikicə 
dənəsi qalıb və onu çay tərəfdən əsən küləkdən qorumaq üçün aşağı əyildi. 
– Birini də mənə verin, – qadın güclə eşidiləcək səslə dilləndi. 
Ravik dikəlib, qutunu ona göstərdi: 
– Əlcəzairdir, – dedi, – qara tənbəkidir. Sizin üçün çox sərt olar. Başqası 
yoxumdur. 
Qadın başını bulayaraq siqaret götürdü. Ravik hələ də yanan kibriti ona tərəf tutdu.  
O, tez-tez, özü də dərin qullabla çəkirdi. Ravik kibrit çöpünü suya atdı. Çöp 
qaranlıqda axan ulduz kimi parıldadı və yalnız suya çatanda söndü.  
Körpünün üstü ilə bir taksi asta-asta gəlirdi. Sürücü maşını saxlayıb, onlara baxdı, 
bir az gözlədi. Sonra qaz verib, qaranlıqda parıldayan yaş V Georq prospekti ilə 
sürətlə üzüyuxarı qalxdı.  
Ravik birdən hiss etdi ki, yaman yorulub. Bütün günü işləyib əldən düşmüş, 
axşamsa gözünə yuxu getməmişdi. Buna görə də çıxmışdı ki, bir az boğazını 
yaşlasın. İndi birdən-birə ona elə gəldi ki, nəmişlik yağan bu gecədən başına 


 
3
yorğunluq ələnir. Qadına baxdı. Onu niyə saxladı axı? Məlum şeydir ki, ona nəsə 
olub. Ancaq bunun Ravikə nə dəxli? Başına iş gələn azmı qadın görmüşdü? 
Xüsusilə gecələr, özü də Parisdə... İndi isə onun üçün fərqi yox idi, bir-iki saat 
yatmaq istəyirdi. 
– Gedin evə! Gecənin bu vaxtı Parisin küçələrində nə axtarırsınız? Onsuz da yaxşı 
heç nə tapmayacaqsınız. 
Ravik paltosunun yaxalığını qaldırıb, getmək istədi. Qadın elə baxdı ki, elə bil, onu 
başa düşməmişdi: 
– Evə? – deyə təkrar etdi. 
Ravik çiyinlərini çəkdi: 
– Evə, qaldığınız yerə, mehmanxanaya, nə bilim hara... Hara oldu. Yoxsa polisə 
düşmək istəyirsiniz? 
– Mehmanxanaya? Pərvərdigara... 
Ravik dayandı. «Yenə hara gedəcəyini bilməyən bir adam», – deyə fikirləşdi. Bunu 
əvvəlcədən götür-qoy etmək lazım idi. Eyni şeylər idi, təkrar olunurdu. Axşam 
olanda hara gedəcəklərini bilmirlər, ancaq səhər açılanda nə vaxt durub 
getdiklərindən xəbərin olmur. Sonra hara gedəcəklərini bilirlər. Çoxdankı ötəri 
qaranlıq qorxusu idi, onunla gəlib, onunla da gedirdi. Siqareti atdı. Özü belə 
günlərə azmı düşmüşdü?! 
– Gedək, bir yer tapıb araq içək, – bunu Ravik dedi. Ən asan yolu bu idi. Pulu 
verən kimi çıxıb gedər, o da başına bir çarə qılardı. Qadın qəribə bir hərəkətlə 
səndələdi, Ravik onun qolundan yapışdı. 
– Yorulmusunuz? – deyə soruşdu. 
– Bilmirəm. Deyəsən... 
– O qədər yorulmusunuz ki, yata da bilmirsiniz? 
Qadın başını tərpətdi. 
– Belə şeylər olur. Gedək, mən tutmuşam. 
Onlar Marse prospekti ilə üzüyuxarı qalxdılar. Ravik görürdü ki, qadın ona sığınır. 
Elə sığınırdı ki, deyərdin,yıxılacaq, ondan tutub durur. I Pyer de Serp prospektini 
keçdilər. Şalo küçəsinin tinindən ayrı bir küçə uzanıb gedirdi və uzaqda, tutqun, 
yağışlı səmada «Zəfər tağı»nın kölgəsi görünürdü... 
Ravik balaca zirzəmiyə açılan ensiz qapını göstərdi: 
– Bura girək. Hər halda, bir şey tapılar. 
Bura, adətən, sürücülərin yığışdıqları meyxana idi. İçəridə iki-üç taksi sürücüsü və 
bir neçə fahişə oturmuşdu. Sürücülər kart oynayır, fahişələr isə «Absent» içirdilər. 
Onlar qadına ani nəzər salıb, laqeydliklə baxışlarını çəkdilər. Bir az yaşlı görünəni 
əsnədi, o biri isə tənbəl-tənbəl dodaqlarına boya çəkdi. Zalın o biri başında, üzdən 
tələyə düşmüş siçovula oxşayan cavan xidmətçi daş döşəməyə neftli kəpək səpib 
silməyə başladı. Onlar qapının ağzındakı boş stol arxasında oturdular. Bura yaxşı 
idi, qurtaran kimi çıxıb gedərdi. O heç paltosunu da çıxarmadı. 
– Nə içəcəksiniz? – deyə soruşdu. 
– Bilmirəm... Nə olur, olsun... 
– İki qədəh kalvados, – Ravik xidmətçiyə tərəf döndü. Onun əynində jilet var idi
köynəyinin qolunu da çırmalamışdı. – Bir qutu da «Çesterfled» siqareti.  
– Yoxumuzdur. Təkcə fransız siqaretləri var. 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə