Qadınların enerjisi, bacarığı və gücü bəşəriyyətin faydalanmadığı ən dəyərli təbii sərvətdir



Yüklə 23,44 Kb.
tarix16.11.2017
ölçüsü23,44 Kb.
#10440
növüYazı

Elektron hökumətin gender problemləri
(Bu məqalə “Elektron hökumət” lə bağlı ən yaxşı yazı müsabiqəsində iştirak üçün hazırlanmışdır)

Elektron hökumət, İnformasiya texnologiyalarından səmərəli istifadə etməklə hökumətin vətəndaşlıarla qarşılıqlı əlaqəsini şəffaf, məsuliyyətli təmin edən bir strukdurdur. Elektron hökumətin formalaşmasının əsas mərhələlərindən biri, hökumətin təqdim etdiyi xidmətlərini vətəndaşların onlayn rejimində istifadə etməsidır. Hökümətlə vətəndaşlar arasında informasiya mübadiləsinin mobil və simsiz, eləcə də digər informasiya texnologiyaları vasitələri ilə aparılması modeli - Government-to-Citizens (G2C) və ya Citizens-to-Government (C2G) artıq dünyanın bir sıra ölkələrində çox uğurla tətbiq olunur.

Hazırda Azərbaycanda yaradılan e-hökumət portalı dövlət orqanları ilə vətəndaşlar arasında qarşılıqlı əlaqəni təmin edir. Elektron hökumət portalında qeydiyyatdan keçən hər bir vətəndaşa qlobal informasiya resurslarına çıxış, elektron poçtdan istifadə imkanı verilir. Vətəndaş onlayn rejimində hər hansı dövlət müəssisə və yaxud məmurla birbaşa əlaqə saxlaya bilir, bu da ona öz vaxtına qənaət etməyə kömək edir. Bu xidmətlərdən əhalinin bütün təbəqələri - əlillər, işsizlər, immiqrantlar, məcburi köçkünlər, təqaüdçülər, yaşlılar, məktəblilər, dövlət orqan işçiləri bəhrələnə bilər.

Elektron hökumətin normal işləməsi üçün hər iki tərəf - məmur və vətəndaşların İKT üzrə bilik səviyyələri kifayət qədər olmalıdır.

Elektron hökumətin təqdim etdiyi xidmətlərdən yalnız elektron vətəndaş bəhrələnə bilər. Hökumətin təqdim etdiyi elektron xidmətlərdən, on-line kommunikasiyasından istifadə edə bilən elektron vətəndaş adlanır. Vətəndaşların informasiya resurslarından istifadəsini təmin etmək üçün bir çox ölkələrin hökuməti və beynəlxalq təşkilatlar texniki infrastrukturu genişləndirir, dövlət xidmətlərini və idarələrini avtomatlaşdırır və elektron sənəd dövriyyəsini tətbiq edir, vətəndaşlarla qarşılıqlı əlaqə sistemi yaradır. Lakin vətəndaşlar ona verilən imkanlardan istifadə edə bilmir, informasiya və kommunikasiya texnologiyalarını necə qəbul etməyi başa düşmür. Əgər dövlət orqanlarının rəsmi saytlarına nəzər yetirsək görərik ki, dövlət orqanının uyğun strukturu istifadəçidən yüksək səviyyədə bacarıq və xüsusi spesifik bilik tələb edir.

Azərbaycanda yaradılan elektron hökumət xidmətlərindən bir neçə nümunəyə nəzər yetirək (www.e-gov.az):

Rabitə və İnformasiya texnologiyaları nazirliyinin altı növ təqdim etdiyi xidmətlərdən: bir nümunə - rabitə və kommunal xidmətlərin internet vasitəsilə ödənilməsi nəticəsində saatlarla məntəqələrdə növbələrin yaranmasının qarşısını alaraq, insanların vaxta qənaət etməsinə səbəb olur.

TQDK-nın təqdim etdiyi doqquz xidmətdən iki nümunə - virtual ödəmə kartlarının onlayn və SMS vasitəsilə satışı və imtahana buraxılış vərəqələrinin İnternet vasitəsilə verilməsi, imtahan nəticələrinin SMS vasitəsilə əldə edilməsi, abituriyentlərin işini xeyli asanlaşırdı.

Səhiyyə Nazirliyinin təqdim etdiyi dörd xidmətdən iki nümunə - dərman vasitələri haqqında məlumat əldə edilməsi insanların, sağlamlığında böyük əhəmiyyət kəsb edir. Bundan başqa profilaktik peyvəndlərin SMS vasitəsilə gənc analara çatdırılması körpə uşaqların sağlamlığında böyük rol oynayır.

Elektron hökumət xidmətlərinin inkişafı prosesində informasiyanı əldə etmək, təkmilləşdirmək və təhlil etməkdən ibarət olan “bilik işçiləri” getdikcə çoxalır. Mütəxəssislərin fikrincə, son illər açılan iş yerlərinin 60 faizindən çoxu yalnız informasiya ilə çalışmaqla daha çox iş sahələri və ixtisaslar isə kompyuterlə çalışmaqla bağlıdır. ABŞ futuroloqları C.Hesbet və P.Eburdinin qeyd edirlər ki, əgər tipik sənaye işçisi kişilərdirsə, informasiya işçiləri qadınlardır. Belə nəticəyə gəlmək olar ki, elektron hökumət xidmətlərinin inkişafında qadınların xüsusi yeri var.

BMT-nin baş katibi Pan Gi-Mun öz çıxışlarının birində vurğulamışdır ki, “Qadınların enerjisi, bacarığı və gücü bəşəriyyətin faydalanmadığı ən dəyərli təbii sərvətdir” .

İT bacarıqlarına və rəqəmli texnologiyalardan istifadəyə görə qadınlar kişilərdən heç də geridə qalmırlar. 10 il əvvəlki statistikaya nəzər yetirsək, informasiya texnologiyaları sahəsində işləyən qadınların olduqca az sayda olduğunu görərik. Son vaxtlar qadınların kompyuter və rəqəmli texnologiyalara marağı çox artmışdır. Lakin, bu gün əfsuslar olsun ki, rəhbər işçilərin böyük əksəriyyəti İT üzrə təcrübəli qadın mütəxəsislərini makinaçı kimi işlərə cəlb edirlər.

Hazırda beynəlxalq səviyyədə Qadın şəbəkələri mövcuddur. Belə ki, 2010-cu ilin oktyabr ayında BMT-nin Beynəlxalq Telekommunikasiya Birliyinin rəhbərliyi ilə Meksikanın Guadalaxara şəhərində keçirilən konfransda İKT üzrə Qlobal Qadın Mütəxəssislər Şəbəkəsinin yaradılması haqqında qərar qəbul edildi. Burada əsas məqsəd gender bərabərliyini genişləndirməkdən ibarətdir. İKT üzrə Qlobal Qadın Mütəxəssislər Şəbəkəsinin əsas missiyası İT əsasında qadınların imkanlarının artırılması, qadınların texnika sahəsi üzrə karyeralarını genişləndirmək üçün maarifləndirilməsinə kömək etməkdir. Bu qlobal şəbəkə dövlət və özəl sektor, akademik dairədə çalişan İKT üzrə mütəxəssis qadınları birləşdirir.

Niderlandın Tvente Universitetində aparılan tədqiqatlar göstərir ki, qadınların kişilərə nisbətən İnternet bacarıqlarının olmaması üzündən çox vaxt itirilir. Bundan başqa onlar göstərirlər ki, qadınların İKT bacarıqlarının lazımi səviyyədə olmaması iqtisadiyyatın bütün sahələrinin inkişafını ləngidir.

“Ctrl Alt Delete” tədqiqatçılarının hesablamalarına görə iş yerlərində kişilərə 16% - qadınara 20% kömək, kişilərə 50% - qadınlara 52% texniki dəstək göstərilir, sərbəst işləməyə görə kişilər 33%, qadınlar 25% təşkil edir.

BMT-nin Beynəlxalq Telekommunikasiya Birliyin 8 aprel 2011-ci ildən başlayaraq İKT üzrə beynəlxalq qadınlar günü hər il aprel ayının 4-cü həftəsinin 4-cü gününün qeyd edilməsi haqqında qərar qəbul etdi.

Ölkəmizdə də 2012-ci ildən etibarən İKT qadınlar günü qeyd olunmağa başladı. Burada əsas məqsəd gənc qadınların İT sahəsində ixtisas seçimi, texnika sahəsinə maraqlarını artırmaq üçün maarifləndirici, psixoloji təlimlərə maraqlarını artırmaqdır.

Son zamanlar qadınlarla bağlı veb-səhifələrin sayı sürətlə artır. Bu saytların içərisində qadın və uşaq hüquqları haqqındakı saytların sayı 9 dəfə artmışdır. Azərbaycan dilli Google.az axtarış sistemində “qadınlar” açar sözü sorğusuna cavab olaraq 2012-ci ildə 3 760 000 veb səhifə açılırdısa, hazırda bu rəqəm 5 760 000- çatıb.

Bu onu göstərir ki, “Qadınlar və cəmiyyət” mövzusuna maraq daima artır. Belə ki, Azərbaycanda Gender İnformasiya Mərkəzi fəaliyyət göstərir. Mərkəz Azərbaycanda İKT-nin gender aspektinin inkişafi, İnformasiya cəmiyyətində gender bərabərliyi və digər mövzular ətrafında seminarlar keçirir. Gender İnformasiya Mərkəzinin saytında qadınlarımız daha çox Avropa Qadın Tezaurusu, Gender direktoriyası bölmələrindən faydalanır. Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.

Ölkəmizdə dövlət hakimiyyət strukturlarında çalışan qadınların sayı xeyli artıb. Qadınlar biznes sahəsində çox böyük nüfuza malikdirlər. İnternetlə, media ilə maraqlanan qadınlar üçün kommersiya məqsədli olmayan çox sayda təşkilatlar fəaliyyət göstərir ki, onlar qadınlara müxtəlif təlimlər təklif edir, karyeralarını qurmağa kömək edir. İnformasiya əsrinin sənaye senarisindən keçid mərhələsi kompyuter və rəqəmli texnika sahəsi geniş imkanlar yaradır. Bu gün qadınların İKT üzrə səlahiyyətlərinin artırılması prosesi bütün dünyada uğurla inkişaf edir.

Məlumdur ki, sənayenin elə bir sahəsi yoxdur ki, orada qadınlar çalışmasın. Qadın müəllimdir, həkimdir, mühəndisdir, proqramçıdır və nəhayət anadır. İstər evdar qadının, istərsə də iş yerlərində çalışan qadınların bütün öhdəliklərində informasiya texnologiyalarından geniş istifadə olunur. elektron hökumət xidmətlərindən istifadə qadınların işini asanlaşdıra bilər. Burada qadınların İT bacarıqlarına yiyələnməsi vacibliyi, elektron hökumət xidmətlərinin inkişafına təkan verən hərəkətverici qüvvəyə çevrilə bilər.

Azərbaycanda yaradılan elektron hökumət portalında yerləşdirilən bütün xidmət növləri qadınlarının ümumi maraq dairəsini daha da genişləndirəcək və hüquqlarının müdafiəsi istiqamətində böyük rol oynayacaq.



Məlumdur ki, İnternet ümumdünya gender bərabərliyi hərəkatına imkan yaratdı. İnternetin yaranması ilə bütün dünya informasiyanın necə yığılması, saxlanması, mübadiləsinın şahidi oldu. Elektron hökumət xidmətlərinin inkişafı isə gender bərabərsizliyinin tamamilə aradan qaldırılmasına səbəb olacaq və elektron hökumət portalı bəşər tarixində daim parlayan üfüqə çevriləcək.
Ofelya İdris qızı Mazanova

Azərbaycan Dövlət Iqtisad Universiteti

Texnoloji innovasiya və telekommunikasiya şöbəsi

Aparıcı proqramlaşdırıcı

Ofelyaofelya@mail.ru





Yüklə 23,44 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə