“Qanun”.-2009.-№12.-S.3-13.
HÜQUQ FƏLSƏFƏSİNDƏ ELMİ İSTİQAMƏTLƏR
Quliyev Aqşin İsabala oğlu,
hüquq elmləri üzrə fəlsəfə doktoru
Metodoloji dualizmə və relyativizmə əsaslanan hüquq fəlsəfəsi XIX yüzillikdə bu elmin inkişafının labüd
yekunu kimi təzahür etmişdir. Ona görə də hüquq fəlsəfəsində elmi istiqamətlər nəinki mahiyyəti üzrə, daha çox bu
istiqamətlərin metodoloji xüsusiyyətləri nöqteyi-nəzərindən təhlil və tədqiq edilir.
Müasir dövrün hüquq fəlsəfəsi öz məzmununa görə tarixi inkişafın ayrı-ayrı mərhələlərində müxtəlif
səciyyə daşımışdır. Hüquq fəlsəfəsi XIX yüzilliyin başlanğıcınadək özündə təbii hüquq haqqında təlimi ehtiva
etmişdir. Məlum olduğu kimi, təbii hüquq anlayışı öz kökündə bir-birindən fərqlənən hadisələri birləşdirir. Təbii
hüquq fəlsəfi-hüquqi və yuridik təfəkkürün kosmosda, təbiətdə və cəmiyyətdə hökmranlıq edən vahid
normativ-dəyərli prinsiplər ideyasına arxalanır. Həmin prinsiplər dövlət tərəfindən müəyyən olunan qanun
müddəalarının ədalət ölçüsünə xidmət etməyə qadirdirlər. Təbii hüquq normaları universal əhəmiyyətə malikdir və
onlar istisnasız olaraq hüquq qabiliyyətli bütün subyektlərə ünvanlanmışdır.
Təbii hüquq normaları dövlətin və hüququn mövcud olduğu sosial formasiyalarda özünəməxsus əsasa malik
olmuşdur. Şeylərin təbii vəziyyətindən, təbii qaydasından törəmə olan təbii hüquq normaları dincliyin, asayişin
ayrılmaz hissəsi kimi kainatı və insan təbiətini təcəssüm etdirərkən, insanlara öz mövcudluğunu varlığın ümumi və
ilkin prinsipləri ilə əlaqələndirməyə imkan verir.
Təbii hüquq adət hüququnun yazılmamış qaydaları və ənənələri şəklində bəşər sivilizasiyası və
mədəniyyətinin ilk cücərtiləri ilə birlikdə yaranmışdır. Onun tələbləri öz inikasını ən qədim əsatirlərdə, dini
normalarda və əxlaq normalarında tapmışdır. Təbii hüquq yalnız fəlsəfənin meydana gəlməsi ilə özünün ontoloji və
metafizika əsasını əldə etmişdir.
Antik təbii hüququn əsas problemi təbiətlə cəmiyyətin qanunlarına tabeliyin əxlaqi borc olması arasındakı
ziddiyyət olmuşdur. Bu ziddiyyət Orta əsrlərdə ilahi hüquqla dünyəvi hüquq arasında mövcud idi. Yeni dövrün təbii
hüququ isə hüquqi məcburiyyətlə fərdin ağlı arasındakı ziddiyyətlə gücləndirilməsi, yaxud əksinə, pozitiv hüququn
əleyhinə alət kimi istifadə olunur. Lakin təbii hüquq özünün bütün formalarında aşağıdakı mühüm cəhətləri
(şübhəsiz ki, həmin cəhətlər ayrı-ayrı dövrlərdə müxtəlif şəkildə təzahür etmişdir) ilə səciyyələndirilir:
1) təbii hüquq özündə həmişə sərvətlərin hüquqi dəyərini (dəyərlərin qiymətləndirilməsini) ehtiva edir;
2) həmin dəyərli mühakimələr təbii hüququn mənbələrinə - təbiətə, ilahi kəşfə və ağıla uyğundur;
3) dəyərli mühakimələr (məntiqi baxımdan hökmlər) ümumməcburi səciyyə daşıyır, hamılıqla qəbul
olunmuş və dəyişilməzdirlər;
4) onlar dərkediləndirlər (qavranılırlar). Onlar dərkedilən olduqlarına görə özlərinə zidd olan qanunvericilik
qarşısında üstünlüyə malikdirlər. Pozitiv hüquq təbii hüquqa güzəştə getməyə məhkumdur.
Təbii hüququn iradlarının hamılıqla qəbul olunmuş və dəyişməz olan hüquqi norma və prinsiplər üçün əsasa
xidmət etdiyini təsdiqləmək düzgün olmazdı. Ayrı-ayrı dövrlərdə və müxtəlif xalqların hüquqi görüşlərində təbii
hüquqa xas olan empirik yanaşmanı da təkzib etmək olar. Hüquq tarixi və komparavistika deyil, idrak nəzəriyyəsi,
tarixi məktəb deyil, tənqidi fəlsəfə, Savini deyil, məhz Kant təbii hüquqa həlledici zərbə vurdu. Xalis ağılın
Kantcasına tənqidi göstərdi ki. hazır nəzəri biliklərin və artıq formulə edilmiş etik və estetik normaların
cəbbəxanası "ağıl" deyil. O, hər şeydən əvvəl, belə biliklərə nail olmağın yalnız aləti qismində çıxış edir. Məzmunlu
müəyyən biliklər və ya qiymətləndirmələr heç bir halda "xalis" ağılın "məhsulu" olmur. Ona görə də belə
qiymətləndirmələr həmişə konkret olur və ümumiləşdirici xarakter daşıyır.
Tarixi hüquq məktəbi bir-birinə zidd olan nöqteyi-nəzərə tərəfdar çıxır. Həmin nöqteyi-nəzərə uyğun olaraq
pozitiv hüquq təbii hüququ, hüquqi gerçəklik hüquqi dəyəri, hüquq elmi isə hüquq fəlsəfəsini udur. Tarixi hüquq
məktəbi nümayəndələrinin proqram xarakterli bəyanatlarından məhz belə təsəvvür yaranır. Tarixi hüquq məktəbi
təbii-hüquqi mühakimələrlə (hökmlərlə) yanaşı bütün hüquqi və fəlsəfi-hüquqi mühakimələri kənara atır, elmin
pozitiv özünüməhdudluğunu hüququn tarixi reallıqlarının empirik tədqiqatlarına dəyişir. Tarixi hüquq məktəbinin
nümayəndələri sonralar bu ideyaları praktikada da təcəssüm etdirirdilər.
Tarixi hüquq məktəbi bütün pozitiv hüququ yeganə həqiqi hüquq elan edir. Belə ki, pozitiv hüquq özünün
tarixi və milli inkişafının zəruri nəticəsi, eləcə də təbii hüquq dövrünün qanunvericilik fəaliyyətinin nəticəsi
deyildir. Pozitiv hüquq təbii hüquqa hökm çıxarılarkən Maarifçilik, Böyük fransız inqilabı dövrünə dəyərli
yanaşmadan qəti imtina etmək məqsədilə təbii hüquq əleyhinə mübarizə aparırdı. Dövlət və hüquq haqqında üzvü
təsəvvürlərin təsiri altında olan kəs qasırğaların və zəlzələlərin təbiət hadisələrinə mənsub olduqlarını asan və
böyük maraqla unudur. Mühafizəkarlığın nəzəriyyəçisi Fridrix Yulius Ştal hətta belə nəticəyə gəlmişdir ki, tarixi
hüquqi tədqiqatların nəzəri mahiyyəti hüququn təşəkkülünün faktiki deyil, etik cəhətinə əsaslanır. O, bu
mülahizəsinə müvafiq surətdə öz şəxsi nəzəriyyəsini "Tarixi nöqteyi-nəzərdən hüquq fəlsəfəsi" adlandırmışdır (6, s.
29).
Deməli, tarixi prosesin təkamüllülüyü əslində tarixi şüurun beşiyi qismində çıxış edir. Sosial həyat faktı
varislik haqqında şəhadət verdiyi, tarixi proseslə qarşılıqlı əlaqədə olduğu zaman tarixin nailiyyəti olur. Əgər
müasirlərin şüurundakı hər hansı tarixi hadisə bütün tarixi irsin müştərəkliyindən özbaşına qoparılırsa, o, elmi tarixi
təfəkkür üçün geriyə qaytarılmayan itirilmiş hadisə olur. Tarixi nöqteyi-nəzərdən indiki zamanın hadisəsinə ancaq
müəyyən vaxt keçdikdən sonra hadisə kimi baxıla bilər. Xüsusən də söhbətin zərurət haqqında getdiyi zaman
müasirlərə münasibətdə tarix, bir qayda olaraq, susmağa borcludur və o, susur. İndiki zamanın hadisəsi yalnız
müəyyən vaxt keçdikdən sonra tarixin nailiyyəti ola bilər. Xüsusilə də siyasi fəaliyyətə qiymət verilməsi tələb
olunduğu zaman tarix adətən müasirləri tənqid etməyə haqlı deyildir.
İlk baxışdan elə görünür ki, yalnız faktlara istinad etməyə səy göstərən tarixi hüquq məktəbinin metodoloji
monizminə, hər şeydən əvvəl, Hegelin hüquq fəlsəfəsi yaxındır. Hegel hüquq fəlsəfəsinin məşhur devizi isə belədir:
"Ağıllı olan həqiqidir, həqiqi olan isə ağıllıdır" (1, s. 10). Həqiqətən də Hegel tarixi məktəbin təbii hüququn əksi
olan nöqteyi-nəzərinə tərəfdar çıxırdı. O, təbii hüquq haqqında təlimin tərəfdarı kimi fərdi hüquqi təfəkkürü hüquqi
gerçəkliklə qarşı-qarşıya qoymurdu. Hegel, hər şeydən əvvəl, ağıl hüququnu hüququn tarixi gerçəkliyindən təcrid
edirdi: "Ağıllı olan gerçəkdir" (1, s. 9). Hegelin və tarixi hüquq məktəbinin təbii hüququn rəqibi olmasına
baxmayaraq, onların arasındakı prinsipial ziddiyyətlərin mövcudluğu aşkardır. Əgər tarixi məktəb üçün gerçəkliyin
və dəyərlərin eyniliyi Allahın dərkedilməz iradəsinə əsaslanırsa, o, Hegel üçün tarixi prosesin dialektikasına
əsaslanır. Ağılın özünün inkişafı və özünü dərketməsi məhz tarixi prosesin dialektikası çərçivəsində baş verir:
"Gerçək olan ağıllıdır". Ağıl xalq ruhuna, rassionalizm irrasionalizmə və romantizmə qarşı qoyulur. Bu prinsipial
ziddiyyət öz ifadəsini Hegel təliminin tərəfdarları ilə tarixi hüquq məktəbinin nümayəndələri arasındakı kəskin
polemikada tapmışdır. Tamamilə aydın idi ki, Hegelin təlimi inkişafın böyük potensialına malik idi.
Hegel müsbət hüquq adlandırdığı hüququn inkişafında iki aspekti qeyd edirdi: birincisi, hüququn tarixi
əsaslar üzərində inkişafı; ikincisi. hüququn öz anlayışlarından irəli gələn inkişafı (1, s. 9). Hüquqi müəyyənliklərin
yaranmasına aparıb çıxaran vasitələrin, halların, tələbatların və hadisələrin araşdırılmasını nəzərdə tutan prinsip
Hegelin özünün fəlsəfəyə gətirdiyi tarixilik prinsipidir və o özünün bütün fəlsəfi araşdırmalarında olduğu kimi,
hüquqi-fəlsəfi tədqiqatlarında da bu sahədə ardıcıllıq nümayiş etdirir. Bununla belə, Hegel, hüquqi müəyyənliklərin
anlayışların daxili məntiqindən irəli gələn inkişafından kənarda tarixi şərhinin birtərəfli və yetərsiz olduğunu
göstərir. Elə bu nöqteyi-nəzərdən də müsbət hüquqda tarixilik elementi və onun Ş.L. Monteskye tərəfindən verilmiş
şərhini qiymətləndirir. Məlumdur ki, Monteskye, ümumiyyətlə, qanunvericiliyi və qanunvericinin xüsusi qərarlarını
bir-birindən ayrı, mücərrəd halda deyil, bütöv bir tamın bir-birindən asılı olan məqamları kimi, müəyyən bir
millətin və dövrün xarakterini təşkil edən bütün digər xüsusiyyətlərlə əlaqədə şərh etmişdir (2, s. 288).
Hegel hüquqi müəyyənliklərin meydana çıxması və inkişafı prosesinin "zamana" görə bu tərzdə şərhini
düzgün, lakin "xalis" tarixi tədqiqat adlandırır və bu tədqiqatı xidmət hesab etməklə yanaşı, belə yanaşma üsulunun
fəlsəfi yanaşma ilə əlaqəsinin olmadığını qeyd edir, bu anlayışların bu və ya digər məcəllədə necə müəyyən
edilməsini vacib şərt sayır. Lakin burada ümumi hüquqi təriflərdən, empirik müddəalardan, qaydalardan,
qanunlardan və s. başqa heç bir anlayış yoxdur.
Hegel təliminin potensialından K. Marks və F. Engels tarixi materializmi əsaslandırmaq üçün istifadə
etmişlər. Marksistlər tarixi prosesin obyektiv səbəb-nəticə haqqında öz hipotezalarına əsaslanaraq öz nəzəri
nəticələrinin teoloji əsaslandırılması ilə məhdudlaşmır, sosializmə ("utopiyadan elmə doğru") keçidin labüdlüyünü
təsdiq edirdilər. Beləliklə də iki prinsipə üstünlük verilirdi: birinci prinsipə uyğun olaraq hüquq fəlsəfəsi sosial
fəlsəfənin qeyri-müstəqil tərkib hissəsi kimi qiymətləndirilir. İkinci prinsipə görə isə, sosial fəlsəfə də öz
növbəsində empirik sosiologiyanın tərkib hissəsidir.
Lakin hər iki prinsipin məhdudlaşdırıcı təfsirini vermək lazımdır. Tarixi materializmin inkişafının ən erkən
mərhələlərində ideologiyanın və hüququn müstəqil xarakteri hamılıqla qəbul olunurdu. Artıq K. Marks hesab edirdi
ki, ideal olan - bu, insan şüurunda yenidən yaranan, dəyişən maddi olandır. Lakin bu zaman o, maddi olanın
adamların şüurunda hansı formada əks olunduğunu dəqiqləşdirməmişdir. Sonralar F. Engels etiraf etmişdir ki, onlar
məzmuna görə forma məsələsinə toxunmamışlar. Maddi və ideal olanın yenidən yaranması zamanı formanın
oynadığı rol məhz bundan ibarətdir (5, s. 427). Azadlığın və onun həyata keçirilməsinin tələb olunması yetişməkdə
olan burjuaziyanın artan tələbatlarına və mənafelərinə cavab verirdi. Lakin burjuaziyanın nəzərdə tutduğu azadlıq
təkcə ancaq onun özü deyil, hamı üçün zəruri olan azadlıq idi. Məhz buna görə də burjuaziya bu azadlıq uğrunda
şəxsi hüququ uğurundakı kimi mübarizə aparırdı.
Hüquq isə öz mahiyyətinə görə ədalətə nail olunmasına yönəldilmişdi. Ədalət qanunun ümumiliyini,
hamının qanun qarşısında bərabərliyini tələb edirdi, qanun formasında verilən tələb də başqalarının hüquqlarının
tanınması demək idi. Burjuaziya, ona azadlığın verilməsini qanun formasında tələb etdiyi qədər də hamıya azadlıq
verilməsini tələb edirdi. Bu, aşağıdakıları göstərir:
1) iqtisadi mənafelərin (maraqların və qüvvələrin hüquq formasında belə transformasiyası həmin hüquqi
formanın əsasını təşkil edən maddi amillərdən asılı olmayaraq, onun müstəqil (sərbəst) inkişafı deməkdir;
2) sərbəst inkişaf etməkdə olan hüquq iqtisadi münasibətlərə hər cəhətdən təsir göstərmək qabiliyyətinə
malikdir. Bunun nəticəsi isə ondan ibarətdir ki, iqtisadi bazis və siyasi-hüquqi üstqurum bir-biri ilə qarşılıqlı
əlaqədədir.
Fəlsəfənin məşəli istər Hegelcəsinə, istərsə də materialistcəsinə interpretasiyada pozitivizmin əksinə olaraq
tarix elminin inkişaf yollarını həmişə işıqlandırmışdır. Pozitivizm isə, əksinə, bu məşəli daim söndürməyə səy
göstərmişdir. Təəssüf ki, indi həmin məşəl söndürülmüşdür. XXI yüzilliyin ilk onilliyi hüquqi pozitivizmin inkişafı
ilə əlamətdardır. Hüquqi dəyər artıq hüquqi gerçəkliyin kriteriyası qismində çıxış etmir. Hüquq fəlsəfəsinin yerini
"Hüququn ümumi nəzəriyyəsi" tədricən tutmaqdadır. Çünki məhz bu nəzəriyyə pozitiv hüquq elminin ən yuxarı
pilləsinə sahib olmuşdur. "Hüququn ümumi nəzəriyyəsi"nin qarşısında duran bir nömrəli vəzifə ilk növbədə
müxtəlif hüquq fənləri üçün ümumi olan hüquqi anlayışları, hətta ola bilsin milli hüquq qaydası çərçivəsindən
kənara çıxan hüquqi texnikanı öyrənməkdən ibarətdir. Növbəti vəzifə isə müqayisəli planda müxtəlif hüquq
qaydalarının qohum hüquqi anlayışlarını öyrənməkdir. Nəhayət, sonuncu vəzifə hüquq sferası çərçivəsindən kənara
çıxmaqla, mədəniyyətin digər sahələri ilə qarşılıqlı əlaqəsini tədqiq etməkdən ibarətdir.
Əgər hüququn ümumi nəzəriyyəsi ilə demək olar ki, tam yanaşı və onun iradəsinə qarşı fəlsəfi instinkt
oyanmasaydı, hüququn xalis empirik ümumi nəzəriyyəsi hüquq fəlsəfəsinin "evtanaziya" ilə yalnız müstəsna
əlaqəsini xatırlatmağa nail olardı. Hüququn ümumi nəzəriyyəsinin inkişaf etdirdiyi hüquqi anlayışların böyük
əksəriyyəti aparılan hüquqi tədqiqatlar vasitəsi ilə induktiv metodla sübut edilmişdir. Hüququn subyekti və obyekti,
hüquq münasibətləri, hüquqazidd kimi anlayışlar və eləcə də hüququn özünün anlayışı hüquq qaydalarının təsadüfi
anlayışları deyillər. Onlar bu sözün əsl mənasında hüquq qaydasının definisiyası üçün zəruri zəminə xidmət edirlər.
Bu növ anlayışlar empirik ümumi hüquq nəzəriyyəsinin predmeti olmasalar da, yalnız pozitiv hüquq mənasında da
artıq hüquq fəlsəfəsinə ziddirlər.
"Hüququn ümumi nəzəriyyəsi"nin formalaşmasına və inkişafına Rudolf fon İyerinq görkəmli töhfə
vermişdir. Bu töhfə, hətta pozitivizmin hüdudlarını da aşmışdır. Buna görə də İyerinqi hüquqi fikrin ancaq bu
istiqaməti mövqeyindən qiymətləndirmək olmaz. Məhz onun sayəsində hüquqi ideyaların mürəkkəb kütləsi
üzərində hüquq fəlsəfəsi boy atmış və yuridik metodlar yenidən nəzərdən keçirilmişdir.
R.İyerinq tarixi hüquq məktəbinin proqramını realizə edərək daha da irəli getmişdir. O, özünün "Roma
hüququnun ruhu" (əsərin tam adı: "Öz inkişafının müxtəlif pillələrində Roma hüququnun ruhu") əsərində hüququn
"xalq ruhu" ilə əlaqəsini çox məharətlə aşkar etmişdir. Lakin İyerinq daha da uzağa getdi. O, qeyri-müəyyən "səyi"
hüququn inkişafının hərəkətverici qüvvəsi qismində məqsədyönlü "iradə" ilə əvəz etdi: "Hüquq bütövlükdə məqsəd
yaradıcıdır"; "Sən öz hüququnu mübarizədə əldə edirsən" - onun hər iki əsərinin - "Hüquqda məqsəd" və "Hüquq
uğrunda mübarizə" əsərinin leytmotivi budur. İyerinq rasionallığı yenidən tarixi hüquq məktəbinin irrasionallığına
qarşı qoydu (3, s. 199). Lakin o. Hegeldən fərqli olaraq "anlayışın məntiqi dialektikası"nı deyil. "məqsədin praktiki
imperativliyi"ni, fəlsəfi deyil, tarixi-sosioloji təlimi irəli sürürdü. Lakin İyerinq də empirizmin çərçivəsindən
çıxmağa müvəffəq ola bilmədi. Onun "Hüququn yaradıcısı" kimi "məqsəd" məqsədin fövqəl empirik ideyası deyildi
və həmin "məqsəd", hər şeydən əvvəl, real gerçəklikdə hüququn inkişafı üçün tamamilə faydasız idi, lakin eyni
zamanda da onun qiymətləndirilməsi kriteriyasına xidmət edirdi.
R.İyerinq monist metodun kökü üzərində möhkəm dayanırdı. Onun üçün yalnız yeganə elmi yanaşma -
kauzal yanaşma səciyyəvi idi. Bu isə insan davranışında səbəb-nəticə əlaqələrinin aşkar edilməsindən başqa bir şey
deyildi. Bəzən elə təsəvvür yarana bilər ki, İyerinq dövlətin müqavilə nəzəriyyəsinin köməyilə fiksiyalara güvənir
və belə fiksiyaların rüşeymləri qismində (hüququn yaranmasının əsası qismində) fövqəlempirik ilkin səbəblər çıxış
edir (3, s. 200). Guya İyerinq hüquq institutunun teleologizmi dedikdə, mücərrəd məqsəd ideyasını nəzərdə tutur.
Əslində isə İyerinq irəliyə doğru yalnız bir addım atmışdı. Həmin addım sosiologiyadan hüquq fəlsəfəsinə keçid
addımı idi.
Hüquq fəlsəfəsini əsaslandırmağa yeni cəhd Rudolf Ştammler tərəfindən göstərilmişdir. O, öz mövqeyini
sübuta yetirmək üçün Kantın dualist metodundan istifadə edirdi. Dualist metod hüquqi dəyər və hüquqi gerçəklik
prinsiplərinin hüquq bərabərliyi əsasında mövcudluğuna yol verirdi (3, s. 202). Lakin Ştammler, hər şeydən əvvəl,
hüquq fəlsəfəsi problemini qabartmışdı. Həmin problemin həlli isə ona nəsib olmamışdı.
R.Ştammler öz müasirlərinin hüquq düşüncəsinə iki fəlsəfi-hüquqi ideyanı təlqin edirdi: birincisi, pozitiv
hüququn tənqidi ilə yanaşı, "Həqiqi hüquq haqqında təlim" də öz müstəqil inkişafını əldə etməli idi; ikincisi, bu
təlim hüquq fəlsəfəsinin sistemini deyil, yalnız metodunu təşkil edir (3, s. 202). O, ümumməcburiyyət
nöqteyi-nəzərindən həqiqi norma qismində tanına bilən hüquq norması işləyib hazırlamaq iqtidarında deyildi və o
öz anlayışlarına ümumməcburiliyi onların xalis formal xarakterini qurban etmək hesabına verirdi.
Hüquq fəlsəfəsinin inkişafı Ştammler konstruksiyasının məhdud çərçivəsindən çıxmağa səy göstərərək
başqa istiqamət aldı. Ştammler belə hesab edirdi ki, hüquqla hüquq. ideyası arasında əlaqə yoxdur. Buna görə də
hüquq anlayışına hüquq ideyasına müraciət etmədən də yanaşmaq olar.
Hüquq - insan zəkasının məhsuludur və insan zəkasının istənilən məhsulu ancaq şəxsi ideya əsasında
anlanıla bilər. Cinayətin antropologiyasında istifadəsinə səy göstərilən cinayətin təbii-elmi təhlili yalnız o halda
mümkündür ki, hüquqi dəyər kateqoriyasına aid olunan cinayət anlayışından əvvəl təbiət səltənətindəki cinayətin
anlayışı verilsin. Əgər dəyərlər kriteriyasına aid olan hüquq və cinayət kimi anlayışlar təbii-elmi anlayışla üst-üstə
düşsəydilər, kor "təbiət qanunları"ndan irəli gələn və dəyər kriteriyalarından məhrum olan əsl möcüzə baş verərdi.
Deməli, hüquq ancaq dəyərlərə aid olan kriteriyalar çərçivəsində anlaşıla bilər. Hüquq mədəniyyət
elementidir, yəni dəyər kriteriyasına aid olan faktdır. Hüquq anlayışına "varlıqdan" başqa cür tərif vermək olmaz.
Bunun isə mənası hüquq ideyasının realizəsindən ibarətdir. Hüquq ədalətsiz ola bilər. Lakin o, mənası ədalətdən
ibarət olduğuna görə hüquqdur. Hüquq ideyasının özü isə dəyər kriteriyasıdır. Hüquq təfəkkür tərzini
qiymətləndirən element qismində də çıxış edir.
Hüquq tarixinin fəlsəfəsi (və ya hüquqi tarixi fəlsəfəsi) tarixi proses reallığında hüquq anlayışını, ideyasını
və hüququn qüvvəsini açmaq vəzifəsinin həllinə həsr edilmişdir. Ümumi şəkildə isə, tarixin özünün fəlsəfəsi
dedikdə, dəyərlərin realizəsi nöqteyi-nəzərindən tarix nəzərdə tutulur. Bu eyni zamanda da dəyərlərə doğru aparan
və ya dəyərlərdən gələn yolun tarixidir.
"Hüquq" yalnız nəinki istənilən hüquqi təhlildən və təfəkkür tərzindən əvvəl gələn əsas kriteriyadır, o,
həmçinin real mədəniyyət formasıdır. Belə ki, hüquq aləminin hər bir faktı hüquq vasitəsi ilə ifadə olunur və
formalaşır. Yeni hüquqi ideyalar qeyri-hüquqi məkanda deyil, artıq hüquq institutlarındakı başqa bir təfsir
vasitəsilə, yaxud həmin hüquqi sistemə yenilərinin daxil edilməsi yolu ilə tövsiyə olunur.
Yeni ideyalar hər iki halda hüququn "binası"nda qurulurlar. Yeni ideyalar həmin "bina"nın memarlığında
qismən dəyişiklik, ona əlavə edə və ya onun stilini qavraya bilərlər. Hüququn kriteriyalı anlayışı gerçəklik kimi öz
ifadəsini hüququn real mədəniyyət formasında tapır, əldə edir.
Burada, hüququn məzmunu və formalarının qarşılıqlı əlaqəsi haqqında, hüquqyaratmanın reallıqları ilə
qanunvericilik rəsmiləşdirilməsi, hüquqi formanın qüvvəsini və hüquqi materialın müqavimət qüvvəsini
formalaşdıran müxtəlif qiymətləndirmələr arasında tarixi-fəlsəfi məsələ meydana çıxır.
Təbii hüquq doktrinasına uyğun olaraq hüququn məzmunu ideyaya müqavimət göstərmək iqtidarında deyil.
Hüququn məzmunu ideyanı tam əridir və o, illüziyaya çevrilir. Həmin doktrina hüququn ideyasının məzmununa
konkret tarixi şəraitdən kənarda təbii vəziyyət kimi baxır və bu təbii vəziyyəti münasibətlərin sosiologiyası
mənasında deyil, hər şeydən əvvəl, bir-biri ilə eyni sırada olan, lakin bir-biri ilə heç bir əlaqəsi olmayan fərdlərin
məcmusu kimi təsvir edir. Hüququn ideyası da məhz sosial əlaqələr yaradılmasının aləti olmağa xidmət edir. Tarixi
və sosial materialın müqaviməti kimi anlayış təbii hüquq doktrinasına məlum deyil. Buna görə də o, hüququn
ideyasının təkamüllü xarakterini inkar edir. Hüququn ideyasının mənbəyinə isə konkret-substansiyalı təbiət xidmət
edir. Bu, tamamilə xalis ümumi formadır. Hüququn əbədi və dəyişməz idealı da məhz bunda təzahür edir.
Həqiqətən də maddi substansiya amili tamamilə sıfıra endirilə bilməz. Birinci nəticə də məhz buradan
meydana gəlir: hüququn ictimai inkişafla əlaqəsi zəifdir. Hüquq qaydası ancaq ayrıca insana əmr edə bilər. Hüquq
qaydası sosial proseslərə yalnız dolayısı ilə, fərd vasitəsilə təsir edir və buna görə də onlara yalnız məhdud dairədə
təsir göstərir. Hüquq qaydasına kütləvi psixologiya məlum deyil. O, təbiətdəki proseslərə təsir göstərə bilməz.
Özündə texnikanın və iqtisadiyyatın elementlərini ehtiva etməklə təbii-sosial xarakterli fenomen olan xalq
təsərrüfatı bu baxımdan hüququn əhəmiyyətli təsirini hiss etmir, lakin öz növbəsində hüquqa əks təsir göstərməyə
qadirdir.
Belə mülahizələr son həddə hüquqi ideyanın qüdrəti doktrinası ilə onun zəifliyi haqqında nəzəriyyəni
qarşı-qarşıya qoymağa gətirib çıxartdı. Tarixi materializm nəzəriyyəsinə uyğun olaraq hüquq iqtisadi bazisin üst
qurum hadisəsi, hüquqi forma isə hüquqi məzmun təzahürüdür.
Tarixi materializm mədəniyyət sferasına, xüsusən də hüquqi formaya aid müstəqil formanı etiraf etməyə
məcbur olmuşdur. Tarixi materializm nəzəriyyəsində ideal olan maddi olana sadəcə olaraq bərabər tutulmur, ona
həm də maddi olanın yeni formaya transformasiyası və keçidi kimi baxılır. Lakin şübhəsiz ki, bu prosesin formal
cəhətinə kifayət qədər diqqət yetirilmir. Digər tərəfdən isə belə bir müddəa irəli sürülür ki, ədalət forması qanun
vasitəsilə ifadə olunan formadır, yeni bərabərlik və ümumilik formasıdır. Hüququn forma və məzmununun
qarşılıqlı əlaqəsi haqqında fəlsəfi suala da məhz o mənada cavab lazımdır ki, qüvvədə olan hüquq forma və
məzmunun "yetirməsidir". Hüquq məhz bu nüvədə gah formanın, gah da məzmunun elementlərini əldə edir.
Azərbaycan hüququ üçün roman-german hüququnun inkişafının bu dinamik prosesində həm forma, həm də məzmun
tərəfində iştirak etmək səciyyəvidir.
Hüquqi formada məzmunun rolunun müəyyənləşdirilməsi haqqında nəzəriyyə ilə yanaşı, onunla sıx əlaqədə
olan digər marksist tarixi-fəlsəfi təlim - "hüququn ölgünləşməsi haqqında" təlim də mövcuddur. Bu təlimə uyğun
olaraq hüququn nəinki məzmunu, forması da keçicidir. "Hüququn ölgünləşməsi haqqında" marksist təlim hüquqi
dünyagörüşü "burjuaziyanın klassik dünyagörüşü" (F. Engels) (5, s. 427) elan edir. Marksist nəzəriyyəyə görə,
həmin dünyagörüşü feodalizm cəmiyyətinin teoloji dünyagörüşünü əvəz etmişdir. Proletar dövlətinin keçid
dövründə burjua hüququnun yerini hüquq ideyasını inkar edən proletar hüququ tutur. Hüquq ideyasının inkarı sinifli
cəmiyyətdən ictimai özünüidarədən ibarət olan sinifsiz cəmiyyətə - kommunizmə keçidlə əlaqələndirilir. Ədalət
yalnız bazar ideologiyasının ifadəsi ("nəyisə verirəm ki, sən də bir şey verəsən") kimi çıxış edir. Şübhəsiz ki, belə
ədalət bazar iqtisadiyyatının ölgünləşməsi nəticəsində yox olur.
Təbii olaraq burada söhbət xüsusi-hüquqi, bərabərləşdirici ədalət haqqında gedir. "Burjua hüququnun dar
üfüqləri" və bərabərləşdirici ədalət üzərindən addımlayıb keçən (K. Marks) (5, s. 428) cəmiyyət tamamilə başqa -
bölüşdürücü, ümumi-hüquqi ədaləti rəhbər tutacaqdı. Başqa sözlə, bütün hüququn ümumiliyi, xüsusi hüququn
sosial hüququ udacağı dövr başlanırdı. Sosialist dövləti də hüquqi dövlət olurdu. Lakin sosialist hüquqi dövləti
bərabərləşdirici deyil, bölüşdürücü ədaləti rəhbər tutacaqdı. İnsanların cəmiyyətlə birgə yaşaması hüququn ideyası
olmadan sadəcə olaraq mənasız idi.
Hüququn ideyasının tarixdə təcəssümü haqqında məsələ ola bilsin ki, ikili tərzdə qoyulmuşdur. Fərdi
hüquqi ideyalara və müvafiq siyasi partiyanın dünyagörüşünə tarixin onlardan hər birinin həyata keçirilməsi üçün
zəmin yaratdığı dərəcədə əsaslanmaq olar. O vaxt dövlət-hüquqi görüşlərin hər bir növü onun spesifikliyini əks
etdirən öz fəlsəfi-tarixi konstruksiyasına cavab vermək iqtidarında olur.
Tarixi-fəlsəfi nöqteyi-nəzərdən diqqət yetirilməli məsələlərdən biri də hüququn qüvvəsi problemidir.
Hüququn qüvvəsinə dair hüquqi təlimlər çərçivəsində nəinki müəyyən hüquq qaydasının müxtəlif normalarının,
məsələn, konstitusiya haqqında qanunun qarşılıqlı əlaqəsinin, həm də tarixi inkişaf prosesində bir-birini əvəz etmiş
hüquq qaydasının qarşılıqlı əlaqəsinin öyrənilməsinə istisnasız olaraq yol verilir. Tarixi aspektdə hüququn
qüvvəsinə dair hüquqi təlimin legitimlik prinsipinə, yeni hüquq qaydasının hüquqauyğun şəkildə öz sələfi əsasında
inkişaf etməsi tələbinə, eləcə də qüvvədə olmasına haqq qazandırılmayan hüquq qaydasından irəli gələn
qanunçuluğun inkar edilməsi tələbinə tətbiqi mümkündür. Hüququn hüquq olaraq qalmasını nəzərə almaq zəruridir.
Ancaq "müasir bəşəriyyətin hüquqa aid etdiyi şey hüququn formalizmi əleyhinə həyata keçirilir" (Fixte) (3,
s. 204). "Hazırkı siyasi reallıqlardan hansınınsa öz kökləri ilə inqilabi zəminə getməyənləri mövcuddurmu?"
(Bismark) (3, s. 186). Yalnız yeganə qanuni yenilməz minillik ənənə qalmışdır. Bu ənənə dindarları, məscid və kilsə
müqəddəsləri ilə birləşdirən xətdir.
Legitimlik nəzəriyyəsi tarixin fəlsəfəsi problemlərinin həlli üçün az yararlı olduğu qədər, hüququn
qüvvəsinə dair hüquq nəzəriyyəsi də hüquq fəlsəfəsi problemlərinin həlli üçün az yararlı ola bilər. Hüquq hüquqdan
doğmaya da bilər. Xüsusilə də yeni hüququn yaranması "yabanı köklərlə" bağlı ola bilər. Bu nöqteyi-nəzərdən
hüququn ilkin yaranma aktı gerçəklik hesab olunur. Hüquq hüququn qüvvəsinin xitamı vasitəsilə də bərqərar olur.
Köhnə hüquq qaydasının qalıqları üzərində yeni hüququn yaranması da mümkündür.
Bütün hüquqi "qəzalar" üzərində həmişə dəyişməz bir prinsip yüksəlir: hüququ yaratmaya hər dəfə hüququ
həyata keçirmək iqtidarında olan kəs çağırılır. Sosial inqilablar həmişə yaratdıqları yeni hüquq normaları vasitəsilə
sosial qüvvələri əvəz edir və bunun nəticəsində hakimiyyətin zirvəsinə qalxırlar. Lakin bütün belə dəyişikliklər
üzərində yenilməz şəkildə əsas normanın özü hökmranlıq edir. Məhz bunun sayəsində yeni inqilabi hökumətlər
köhnə legitim hökumətin hüquqi varisi qismində çıxış edirlər. XX yüzilliyin 90-cı illərinin başlanğıcında Sovet
imperiyasının çökməsi nəticəsində Rusiya Federasiyası özünü keçmiş ittifaqın hüquqi varisi elan etdi. Elə indinin
özündə də bir çox xalqların və millətlərin federativ birləşməsindən ibarət olan Rusiya Federasiyası keçmiş Sovet
imperiyasını xatırladır. Keçmiş Sovet Sosialist Respublikaları İttifaqı, yaxud Rusiya Federasiyası demək olar ki,
eyni dövlət, eləcə də hüquq eyni hüquqdur.
Hüquq ideyası hüquqi sabitlik anlayışında da hüququn qüvvəsi problemi ilə toqquşur. Hüququn qüvvəsi
məsələsi - bu, "faktiki olanın normativliyi" məsələsidir (H. Ellinek) (3, s. 200). Faktdan normanın, hüquqi iradədən
isə dövlətin və ya cəmiyyətin necə çıxarılması artıq hüquqi borcdur. Ona görə də, əgər iradə hakimiyyətdən gəlirsə,
deməli o, məcburi vəzifə mənasında zəruri olanı doğurmağa qadirdir. Zoyme deyirdi: "Sən, mən istədiyimə görə
borclusan!" - bu, mənasızdır. Lakin: "Sən, mən borclu olduğuma görə borclusan!" - bu, düzgün qərardır və
hüququn əsasıdır" (2, s. 33).
Görünür, obyektiv qərar qəbul etmək üçün "məna" aləmindən "varlıq" aləminə sıçrayış zəruridir. Yalnız öz
fəaliyyəti üçün faktiki mühit yaratmağı bacaran hüquq qaydası qüvvədə, fəaliyyətdə olur. Hüquq qaydasının hər bir
ayrıca halda fəaliyyət göstərməsinə zərurət yaranmır. Orta göstəricilərə yönüm onun tətbiqi üçün kifayətdir.
Hüququn qüvvəsinin tarixi-sosioloji nəzəriyyəsi iki istiqamətdə inkişafa nail olmuşdur: hakimiyyət
nəzəriyyəsi və tanıma nəzəriyyəsi. Hakimiyyət nəzəriyyəsinə uyğun olaraq hüquq hakimiyyətin mümkün hesab
etdiyi qədər qüvvədə olur, çünki hüququn qüvvəsinin həyata keçirilməsini hakimiyyət təmin edir. Lakin əmr və
hakimiyyət yalnız iradə və imkan deməkdir. İradə və imkan ən yaxşı halda vəzifələrin həvalə edildiyi şəxsi məcbur
əldə edə bilər. Nə iradə, nə də imkan vəzifə daşıyan şəxsdə heç bir halda borc hissi doğura bilməz. Belə şəxsi itaətə
məcbur etmək olar, lakin onda itaət etməyə könüllü vəzifəsi oyatmaq heç vaxt mümkün deyil. Deməli, hüquq, onun
arxasında hakimiyyətin dayandığı qədər qüvvədə olur. Hakimiyyətin fəaliyyətdə olmadığı vaxt hüquq qüvvədə ola
bilməz.
Hakimiyyət anlayışının təhlili hakimiyyət nəzəriyyəsi çərçivəsindən kənara çıxır. Hakimiyyət məcburiyyətlə
məhdudlaşmır. Napoleon Bonapart Rusiyaya hər bir yürüşündən sonra deyirdi: "Hakimiyyət - bu, ruhdur.
Bilirsinizmi məni bu dünyada daha çox təəccübləndirən nədir? Fiziki qüvvələrin zəifliyi. Dünyada cəmi iki şey var:
qılınc və ruh. Son nəticədə həmişə ruh qalib gəlir". Şillerin mülahizəsinə görə, "hökmdarı itaət yetirir. İstənilən
hakimiyyətin mahiyyəti son nəticədə ruhlar üzərində hakimiyyətdə olmaqdır. Hökm edəni yalnız itaət edənlər
böyük edirlər". Ali hakimiyyət - bu, hüquqdur. "Hətta güclü şəxs belə, əgər qüvvəsini hüquqa, itaəti vəzifəyə
çevirmirsə, o, kifayət qədər güclü deyildir" (J.J.Russo) (2, s. 286). Elə buna görə də hüquq ən yaxşı "qüvvə
siyasətidir" (İyerinq) (3, s. 200).
Tanıma nəzəriyyəsi hüququn qüvvəsini qanuna itaətli vətəndaşların razılığından asılı vəziyyətə salır. Bu
ona gətirib çıxarmışdır ki, tətbiqinə haqq qazandırılan yerdə hüquq qüvvədə olmur, fəaliyyət göstərmirdi. Məsələn,
qanunu pozan cinayətkara münasibətdə o, birmənalı şəkildə onu öz dəstəyindən məhrum edirdi. Lakin belə irad heç
də düzgün ola bilməzdi, çünki həmin halda tanımanın iradənin deyil, hisslərin funksiyası olduğu nəzərə alınmışdır.
Yəni nəyin düzgün, nəyin isə düzgün olmadığını biz öz mülahizəmizə görə müəyyən edə bilmərik. Hüquqi hisslər
fərdi müəyyən normanı pozması faktına bağlayır. Cinayətkar törətdiyi sosial təhlükəli əməllə özgə hüquqlarını
pozduğunu yaxşı dərk edir. Özgə əmlakını qarət edən oğru prinsip etibarilə mülkiyyətə qəsd etdiyini hiss edir.
Sənədləri saxtalaşdıran şəxs etibardan sui-istifadə etdiyini və eyni zamanda həmin etibarı pozduğunu anlayır.
Saxtalaşdırma faktının özü hüquqi rifaha qəsd etmənin tanınmasına xidmət edir.
Yuxarıdakılar onu göstərir ki, tanıma nəzəriyyəsi faktiki tanımanın psixoloji sferasına mənsub deyil və o,
hər şeydən əvvəl, insanın tanıya bilməməsi (etiraf edə bilməməsi) faktına xidmət edir. İctimai müqavilə
nəzəriyyəsində olduğu kimi, tanıma nəzəriyyəsində də söhbət fərd tərəfindən uydurulan "həqiqi maraq" haqqında
gedir.
Bütövlükdə sosial həyatın tənzimi müvafiq cəmiyyətin fərdlərinin və ayrı-ayrı üzvlərinin görüşlərindən asılı
vəziyyətə salına bilməz. Çünki cəmiyyətin ayrı-ayrılıqda hər bir üzvünün müxtəlif və bir-birinə zidd olan göstərişlər
verməsi istisna olunmur. Ona görə də bu qayda eyni tərzdə hansısa "fərdüstü mərkəz"dən tənzim edilməlidir.
S.Şmitt hüququn məhz bu qüvvəsinin nəzəriyyəsini "desionizm - "qərar" sözündən götürülmüşdür" adlandırmışdır.
Həmin nəzəriyyə T.Hobbsun siyasi-hüquqi doktrinasında daha müfəssəl şəkildə ifadə edilmişdir (həqiqət deyil,
hakimiyyət qanun yaradır) (2, s. 300).
Lakin relyativist görüşlərə uyğun olaraq elm və ağıl bu vəzifəni yerinə yetirmək iqtidarında deyil. Bunu
iradə və hakimiyyət öz üzərinə götürməlidir. Əgər nəyin ədalətli olduğunu heç kəs müəyyən edə bilmirsə, nəyin
ədalətli olmalı olduğunu kimsə qərara almalıdır. Əgər qüvvədə olan hüquq hakimiyyətin nüfuzu ilə təsbit edilmiş
qərar vasitəsilə bir-birinə zidd hüquqi görüşlərin münaqişəsini aradan qaldırmaq vəzifəsinə cavab verirsə, hüququn
həyata keçirilməsi iradəyə əməl etməlidir. Çünki iradə də öz gücü ilə hüquqi görüşlərdən hər birinin müqavimətini
aradan qaldırır. Hüququ həyata keçirmək iqtidarında olan hər kəs həmçinin də hüququ həyata keçirməyə xidmət
etdiyini sübut etmiş olur. Yaxud, əksinə, fərdləri başqalarının qəsdlərindən müdafiə etmək üçün kifayət qədər
hakimiyyəti və gücü olmayan kəsin əmr etmək hüququ da yoxdur (İ.Kant) (4, s. 338).
Hakimiyyət və hüququn əlaqəsi, hüququn onun pozulması yolu ilə müəyyən edilməsi, törədilmiş faktın
beynəlxalq-hüquqi nəzəriyyəsi, faktiki olanın normativliyi - bütün bunlar özünəməxsus fəlsəfi əsaslandırmaya
malikdirlər. Lakin deyilənlər bizi hüququn qüvvəsinin sosioloji nəzəriyyəsinə qaytarmır. Hüquq ona görə qüvvədə
deyildir ki, o, səmərəli surətdə həyata keçirilə bilər. Hüquq səmərəli surətdə həyata keçirildikdə qüvvədə olur. Belə
ki, hüquq yalnız səmərəli surətdə həyata keçirildiyi halda hüquqi sabitliyi (təhlükəsizliyi) realizə etməyə qadir olur.
Pozitiv hüququn da qüvvəsi sabitliyə (təhlükəsizliyə) əsaslanır.
Pozitiv hüquq fikirlərin mübarizəsi, filosofların müharibəsi zamanı sülhü bərqərar etməlidir (A.Feyerbax).
Ədalət hüququn ikinci mühüm vəzifəsidir. Hüququn birinci vəzifəsi isə sabitlik, sülh və qaydadır. İ.V.Gete deyirdi:
"Qaydanın olmamasına dözməkdənsə, mənə ədalətsizliyin üz verməsi daha yaxşıdır. Sənə qarşı ədalətsizlik
törədilməsi dünyanın qanunsuz qalmasından daha yaxşıdır".
Şübhəsiz ki, bu hüququn qüvvəsi ilə bağlı məsələyə dair hüquq fəlsəfəsinin son sözü deyildir. Yalnız o
sübut edildi ki, hüquqi sabitlik də dəyərdir və pozitiv hüquq tərəfindən verilən hüquqi sabitlik ədalətsiz və məqsədə
uyğun olmayan hüquq üçün bəraətə xidmət edə bilər. Lakin ədalət və məqsədəuyğunluq prinsipləri qarşısında
pozitiv hüquq tərəfindən həyata keçirilən hüquqi sabitlik prinsipinin prioriteti sübut olunmadı. Hüquq ideyasının üç
elementi bərabər dəyərə malikdir və onların arasında münaqişə baş verdiyi halda bu münaqişənin birmənalı həlli
qeyri-mümkündür. Pozitiv hüquq hər bir fərdə münasibətdə tam həcmdə şamil oluna bilməz. Real olaraq mövcud
olan nəyinsə tam həcmdə dəyərə və qüvvəyə malik olması möcüzə olardı. Burada hər hansı istisnalıq mövcud deyil.
İ.Kant deyirdi: "Əlbəttə ki, hər bir hüquqşünas üçün hazırda qüvvədə olan hüquqi quruluş daha yaxşıdır".
Qanunların xidmətində olan və onları təfsir edən hakim qüvvənin yalnız hüquqi nəzəriyyəsini bilməlidir. Hakimin
peşə borcu ondan ibarətdir ki, qanunda təsbit edilmiş "qüvvə iradəsini" hərəkətə gətirsin, qanunun yüksək nüfuzu
naminə öz şəxsi hüquqi hisslərini qurban versin. Vicdanlı hakim bütün pozitiv hüququ qüvvədə olan hüquq kimi
nəzərdən keçirməyə borcludur. Hüquq hakimə öz hakimiyyətini nümayiş etdirsə də, lakin bəzən öz qüvvəsini sübut
etməyə bilər. Bu o deməkdir ki, "öz əqidəsini dəyişən insan" həqiqətən də qərarı olmadığına görə faciəli vəziyyətdə
qalır (4, s. 240).
İstifadə olunmuş mənbələr:
1. Hegel. Hüquq fəlsəfəsi / Mütərcim. Arif Tağıyev. Bakı, 2004
2. История политических и правовых учении / Под ред. В.Г.Графского. М., 2005
3. История политических учений. Часть II. М., 1978
4. Кант И. Сочинение. М., 1990
5. Маркс К., Энгельс Ф. Сочинение., Т. 4, М., 1982
6. Радбурх Густав. Философия права. М., 2004
Dostları ilə paylaş: |