«Qanun». 2011.№2(202). S. 26-34. DÖVLƏTİn mahiYYƏTİ VƏ İNKİŞaf qanunauyğunluqlari quliyev Aqşin İsabala oğlu



Yüklə 226,14 Kb.
Pdf görüntüsü
tarix19.10.2018
ölçüsü226,14 Kb.
#74616


«Qanun».-2011.-№2(202).-S.26-34.

DÖVLƏTİN MAHİYYƏTİ VƏ İNKİŞAF QANUNAUYĞUNLUQLARI

Quliyev Aqşin İsabala oğlu,

hüquq elmləri üzrə fəlsəfə doktoru

Dövlət,  onun  anlayışı,  mahiyyəti,  cəmiyyətdə  rolu  və  inkişaf  qanunauyğunluqları haqqında  məsələlər  müasir

dövlətşünaslıqda  kəskin  diskussiyalara  səbəb  olan  problemlərdir.  Bunun  da  müəyyən  səbəbləri  vardır.  Əvvələn,

yuxarıda  adları  çəkilən  məsələlər  cəmiyyətin  müxtəlif  təbəqələrinin,  siniflərinin,  siyasi  partiyaların  və  ictimai

birliklərin maraqlarına birbaşa və bilavasitə toxunan problemlərdir. İkincisi, çoxşaxəli vəzifələrin və funksiyaların

yerinə  yetirilməsində  heç  bir  başqa  təşkilat  dövlətlə  rəqabət  apara,  cəmiyyətin  taleyinə  təsir  göstərə  bilməz.

Üçüncüsü, dövlət son dərəcə mürəkkəb və daxili ziddiyyətli sosial hadisədir.

Cəmiyyətdə meydana gələn və onun ziddiyyətləri içərisində təşəkkül tapan dövlətin özünün ziddiyyətli olması

labüddür. Dövlətin fəaliyyəti və sosial rolu da ziddiyyətlərsiz ötüşə bilmir. Cəmiyyətin təşkilati forması olan, onun

bütövlüyünün  və  idarə  olunmasının  təmin  edilməsinə  xidmət  edən  dövlət,  cəmiyyətin  tələbatları  ilə  şərtləşən

funksiyaları yerinə yetirir və deməli, onun maraqlarına xidmət edir. K. Marksın fikrincə, dövlət  sinifli cəmiyyəti

inteqrasiya edir, vətəndaş  cəmiyyəti forması olur, bütövlükdə həmin cəmiyyəti rəsmi olaraq ifadə və təmsil edir.

Bundan  başqa,  bütün  cəmiyyət  işlərini  idarə  edən  bu  təşkilat  cəmiyyətin  təbiətindən  doğan  bütün  ümumi  işləri

yerinə yetirir (8, s. 422).

Dövlət  bütün  ölkə  əhalisinin  siyasi  təşkilatı,  onun  ümumi  malı  və  işidir.  Sosial  tərəqqi,  sivilizasiyalı

cəmiyyətin  varlığı  və  inkişafı  dövlətsiz  qeyri-mümkündür.  Lakin  sinfi-antaqonist  cəmiyyətdə  ümum-sosial

funksiyaları yerinə yetirən dövlət öz fəaliyyətini daha çox iqtisadi cəhətdən qüdrətli olan sinfin mənafelərinə tabe

edir,  onun  sinfi  diktaturasının  silahına  çevrilir  və  aşkar  surətdə  ifadə  olunan  sinfi  xarakter  əldə  edir.  Dövlətin

ziddiyyətli təbiəti və sosial rolu da məhz bunda təzahür edir.

Dövlətin mənşəyinə, dövlət hakimiyyətinin təbiətinə, onun məqsəd və vəzifələrinə, eləcə də dövlətlərin inkişaf

yollarına  dair  müxtəlif  çoxsaylı nəzəriyyələr  mövcuddur.  Belə  nəzəriyyələrin  çoxluğu  nəinki  dövlətin  mürəkkəb

və son dərəcə ziddiyyətli sosial hadisə olması, keçmişdə və indi onun formalarının müxtəlifliyi, həm də dövlətin

siyasi hakimiyyəti həyata keçirməsi, fəaliyyətinin cəmiyyətin müxtəlif  təbəqə və qruplarının  maraqlarına birbaşa

toxunması  ilə  izah  olunur.  Bu  eyni  zamanda  da  dövlətin  mənşəyinə  və  mahiyyətinə,  onun  inkişaf

qanunauyğunluqlarına yanaşmaların və mövqelərin müxtəlifliyi ilə bağlıdır.

Dövlət haqqında mövcud olan nəzəriyyələr hüquq ədəbiyyatında şərti olaraq aşağıdakı qruplara bölünür:

1)

dövlətin mahiyyətinə dair nəzəriyyələr;



2)

dövlətin məqsəd və vəzifələrinə dair nəzəriyyələr;

3)

dövlətin fəaliyyətinin vasitə və metodlarına dair nəzəriyyələr;



4)

dövlətin inkişaf yolları və perspektivlərinə dair nəzəriyyələr (11, s. 273).

Elit,  texnokratiya  və  plüralist  demokratiya  nəzəriyyələrinə  dövlətin  mahiyyətinə  dair  nəzəriyyələr  aid  edilir.

Həmin  nəzəriyyələr  XX  yüzillikdə  meydana  gəlmişdir.  "Ümumrifah  dövləti"  nəzəriyyəsi  və  "hüquqi  dövlət"

nəzəriyyəsi dövlətin məqsəd və vəzifələrinə dair nəzəriyyələr qrupuna daxildir. "Texnokratik dövlət" nəzəriyyəsi

və  XX  yüzilliyin  50-60-cı  illərində  təşəkkül  tapmış  konvengersiya  nəzəıiyyəsi  dövlətin  fəaliyyətinin  vasitə  və

metodlarından  bəhs  edən  nəzəriyyələrdir.  Qeyd  edilən  nəzəriyyələr  içərisində  xüsusi  yer  tutan  dövlətin

tarixi-materialist konsepsiyası dövlətin inkişaf yolları və perspektivlərinə dair nəzəriyyələr qrupuna aid edilir (11,

s. 274-276).

Dövlətin  tarixi  cəmiyyətin  tarixindən  ayrılmazdır.  Dövlət  cəmiyyətlə  birlikdə  inkişafa  doğru  uzun  tarixi  yol

keçmiş, bu  yolda  yeni  cəhətlər  və  xassələr  əldə  etmişdir.  Dövlət  öz  varlığının  ilk  pilləsində  əsasən  məcburiyyət

aparatını  xatırlatmışdır.  Tədricən  inkişaf  edən  dövlət  sivilizasiyanın  və  demokratiyanın  müəyyən  səviyyəsinə

qalxmış, cəmiyyətin ümumi işlərini idarə edən siyasi təşkilat kimi formalaşmışdır. S. S. Alekseyev yazır: "Dövlət

iqtisadi və mənəvi amillər əsasında ölkədə mütəşəkkilliyi təmin edir və insanlara başlıca olan sivilizasiyanı - xalq

hakimiyyətini,  iqtisadi  azadlığı  və  muxtar  şəxsiyyət  azadlığını  verir"  (1,  s.  12,  13).  Belə  dövlətdə  onun  bütün

institutları  və  strukturu  inkişaf  edir,  onların  sosial  potensialı üzə  çıxır.  Digər  tərəfdən,  dövlət  zaman  keçdikcə

cəmiyyətin  inkişafına  müvafiq  surətdə  dəyişir  və  təkmilləşir.  Dövlətlərin  inkişafı  müxtəlif  dövrlərin  şəraitinə

uyğun  şəkildə  baş  verir.  Ona  görə  də  dövlət  dünya  tarixinin  və  sivilizasiyanın  ən  əhəmiyyətli  nailiyyətlərindən

biridir.

Dövlətin anlayışını, mahiyyətini, çoxcəhətli xassələrini və xarakterik xüsusiyyətlərini aşkar etmək son dərəcə

çətindir.  Bunu  yalnız  dövlətin  bütün  əlamətlərini,  onun  konkret  tarixi  şəraitdə  inkişafını,  iqtisadiyyatla,

cəmiyyətin sosial-siyasi və mənəvi həyatı ilə əlaqəsini dərindən öyrənməklə həll etmək olar.

Antik  dövrdən  başlayaraq  müasir  dövrədək  bütün  mütəfəkkirlər  "dövlət  nədir?"  sualına  cavab  verməyə  səy

götərmişdir. Qədim Romanın siyasi xadimi, məşhur məhkəmə natiqi Mark Tulli Siseron deyirdi ki, dövlət xalqın

malı, ümumi hüquq qaydasıdır. Hüququn normativist nəzəriyyəsinin banisi H. Kelzen, rus iqtisadçısı və filosofu

P. Struve də Siseronun yuxarıdakı fikrinə tərəfdar çıxmışdır.  Görkəmli rus hüquqşünası N. M. Korkunov isə bir




qədər başqa mövqe tutaraq təsdiq edirdi ki, "dövlət azad insanların ictimai ittifaqıdır. O, ancaq dövlət orqanlarına

müstəsna  hüquqlar  verilməsi  vasitəsilə  məcburi  müəyyən  edilmiş  dinc  qaydadır"  (5,  s.  27).  Başqa  sözlə,

tədqiqatçı alimlərin əksəriyyəti dövləti hüquq qaydasını (qaydanı) təşkil edən təşkilat kimi xarakterizə etmiş, ona

cəmiyyətin  siyasi  təşkilatı  kimi  baxmışlar.  Alimlərin  bir  çoxu  dövlətin  başlıca  mahiyyətini  və  təyinatını

cəmiyyətdə  hüquq  qaydasını təmin  etməkdə  görürdü.  Lakin  bu,  dövlət  fenomeninin  ancaq  bir  əlamətidir,  belə

dövlət başqa əlamətlərə də malikdir.

Burjua  münasibətlərinin  formalaşdığı  erkən  dövrlərdə  dövlətin  tərifi  əhali,  əhalinin  tutduğu  ərazi  və

hakimiyyət kimi əlamətlərlə səciyyələndirilirdi. Görkəmli dövlətşünas L. Dügi dövlətin aşağıdakı dörd elementini

fərqləndirirdi:

1)insan fərdlərinin məcmusu;

2)insan fərdlərinin tutduğu müəyyən ərazi;

3)suveren hakimiyyət;

4)hökumət (3, s. 100-101).

G.F. Şerşeneviç  yazırdı:  "Dövlət  dedikdə,  məlum  sərhədlərdə  məskunlaşan  və  bir  hakimiyyətə  tabe  olan

insanların  ittifaqı başa  düşülür"  (13,  s.  18).  Dövlətin  bəzi  cəhətlərini  (əlamətlərini)  düzgün  əks  etdirən  bu  tərif

müxtəlif bəsitləşdirmələrin meydana çıxmasına səbəb olmuşdur.  Həmin tərifə istinad edən müəlliflərin  bir  qismi

dövləti ölkə ilə, digər qismi cəmiyyətlə, üçüncü qismi isə hakimiyyəti həyata keçirən şəxslər dairəsi (hökumətlə)

ilə  eyniləşdirmişlər.  V.İ. Lenin  bu  tərifi  ona  görə  tənqid  edirdi  ki,  onun  bir  çox  tərəfdarları  dövləti  bir  sıra

fərqləndirici  əlamətlər  əsasında  məcburedici  hakimiyyət  adlandırmışlar.  O  yazırdı: "Məcburedici  hakimiyyət  hər

bir insan birliyində, qəbilə quruluşunda və ailədə də olmuşdur, lakin bu birliklərdə dövlət yoxdur" (6, s. 439).

Yuxarıda göstərilən təriflə psixoloji hüquq nəzəriyyəsinin tərəfdarları da razılaşmırdılar. F.F. Kokoşkin təsdiq

edirdi  ki,  "dövlət  müəyyən  növ  insanların  məcmusu  deyil,  onların  arasındakı münasibət,  birgəyaşayış  forması,

məlum psixi əlaqədir" (4, s. 3-4). Lakin "birgəyaşayış forması", cəmiyyətin təşkili forması da bütövlükdə dövlət

deyil, dövlətin yalnız əlamətlərindən biridir.

Dövlət  kimi  mürəkkəb  və  dəyişkən  sosial  hadisənin  definisiyasının  işlənib  hazırlanması  prosesi  böyük

çətinliklər  törətmişdir.  Həmin  şəraitdə,  məsələn,  M. Veber  yazırdı:  "Fəaliyyətinin  məzmununa  əsasən  dövlətə

sosioloji  cəhətdən  tərif  vermək  olmaz.  Siyasi  ittifaqın  öz  əlinə  almadığı  yerinə  yetirilməli  olan  elə  bir  vəzifə

yoxdur" (2, s. 645).

Alman  mütəfəkkirləri  K. Marks  və  F. Engels  dövlət  anlayışının tərifi  məsələsinə  dəfələrlə  müraciət  etmişlər.

Mütəfəkkirlər  belə  hesab  edirdilər  ki,  "hökmran  sinfə  mənsub  olan  fərdlərin  öz  maraqlarını həyata  keçirdikləri

formada  həmin  dövrün  bütün  vətəndaş  cəmiyyəti  öz  səfərbərliyini  tapır"  (9,  s.  63).  İllər  keçdikdən  sonra

F. Engels dövlətin ən qısa tərifini belə müəyyən etmişdir: "Dövlət bir sinfin digər sinfi əzən maşından başqa bir

şey deyildir" (9, s. 200- 201). V. İ. Lenin bu tərifə bəzi dəyişikliklər edərək onu aşağıdakı kimi müəyyən edirdi:

"Dövlət - bu, bir sinfin digər sinif üzərində hökmranlıq maşınıdır" (7, s. 73).

Yuxarıda  göstərilən  hər  iki  tərif  elmdə  və  rəsmi  təbliğatda  geniş  yayılmışdı.  Onlar  keçmiş  marksist-leninçi

dövlət və hüquq nəzəriyyəsində dövlətə verilən ən mükəmməl təriflər kimi qiymətləndirilirdi. Lakin hər iki tərif

ancaq sinfi gərginliyin və siyasi qarşıdurmanın yüksək olduğu dövlətlərə münasibətdə tətbiq edilə bilərdi. Başqa

sözlə,  həmin  təriflər  qəddar  və  diktator  dövlətlər  üçün  əlverişli  hesab  oluna  bilərdi.  Həmin  təriflər  dövlətdə

sivilizasiyanın  qiymətli  fenomenlərini,  mədəniyyəti  və  sosial  qaydanı  görməyə  mane  olurdular.  Məhz  belə

cəhətlərinə görə dövr onları tarixin səhnəsindən çıxarmalı oldu.

Dövlətin  anlayışına  verilən  müasir  təriflər  özündə  onun  mahiyyətini,  yəni  bu  sosial  hadisənin  əsas

müəyyənedici, sabit qanunauyğunluqlarını və sosial təyinatını ehtiva edir.

Beləliklə,  dövlət  -  bu,  cəmiyyətdə  tarixən  təşəkkül  tapan  və  onun  iqtisadi  quruluşu  ilə  şərtləşən  suveren

ümumi  hakimiyyətin,  əsas  istehsal  vasitələrinin  mülkiyyətçilərinin  ümumi  mənafelərini  ifadə  və  müdafiə,

həmçinin cəmiyyətin təbiətindən doğan ümumi işlərin yerinə yetirilməsini təmin edən siyasi təşkilatdır.

Yaxud,  dövlət  -  bu,  cəmiyyətdə  onun  birliyini  və  bütövlüyünü  təmin  edən,  cəmiyyət  işlərinin  idarə

olunmasını dövlət  mexanizmi  vasitəsilə  və  suveren  ümumi  hakimiyyəti  həyata  keçirən,  hüquqa  ümumməcburi

təyinat  verən,  vətəndaşların  hüquqlarını,  azadlıqlarını,  qanunçuluğu  və  hüquq  qaydasını  təmin  edən  siyasi

təşkilatdır.

Verilən  təriflərdən  görünür  ki,  dövlət  bütün  cəmiyyətin,  onun  bütün  vətəndaşlarının  siyasi  təşkilatıdır.  O,

cəmiyyət  üçün zəruri olan funksiyaları yerinə yetirir, birliyini və bütövlüyünü  təmin  edir,  mühüm ictimai  işləri

idarə  edir.  Dövlət  (xüsusən  də  hüquqi  dövlət)  eyni  zamanda  vətəndaşların  hüquq  və  azadlıqlarını,  cəmiyyətdə

etibarlı  və  humanist  hüquq  qaydasını  müdafiə  etməyə  xidmət  edir.  Dövlətin  anlayışına  yanaşmaların

müxtəlifliyinə  baxmayaraq,  o  bu  və  ya  digər  bir  sıra  əlamətlərə  malikdir.  Həmin  əlamətlər  dövləti  mükəmməl

siyasi təşkilat kimi xarakterizə edir.

Dövlətin anlayışı, onun  xarakteristikası onu  cəmiyyətin  qeyri-dövlət  təşkilatlarından  fərqləndirən  əlamətlərin

aydınlaşdırılması zamanı konkretləşdirilir. Dövlətin əsas əlamətləri aşağıdakılardır:

-

cəmiyyətdən ayrılan və ölkə əhalisi ilə üst-üstə düşməyən ümumi hakimiyyətin olması.  Bu ona görə ümumi



adlandırılır  ki,  o,  cəmiyyətlə  üst-üstə  düşməyərək  onun  adından  və  bütün  xalqın  adından  çıxış  edir.  Ümumi

hakimiyyət  və  idarəetmə  aparatından  ibarətdir  və  özündə  cəmiyyətdən  ümumi  hakimiyyətin  bir  sıra




nümayəndələrinə ayrılan insanları ehtiva edir;

-

dövlət  öz  ərazi  sərhədləri  hüdudlarında  vətəndaşlıq  əlamətləri  üzrə  birləşmiş  bütün  əhalinin  yeganə  rəsmi



təmsilçisi qismində çıxış edir;

-

dövlət hüquqi qüvvəyə malik olan və hüquq normaları nəzərdə tutulan qanunlar və qanunqüvvəli aktlar verir;



-

dövlət suverenliyi. Dövlət suverenliyə, yəni bütün vətəndaşlara, bütün qeyri-dövlət təşkilatlarına münasibətdə

dövlət hakimiyyətinin aliliyinə malik olan yeganə təşkilatdır;

-

dövlət  siyasi  sistemdə  qanunun  və  hüquqyaratmanın  keşiyində  duran  hüquq-mühafizə  orqanlarına  malik



yeganə təşkilatdır;

-

dövlət  özünün  müdafiəsini,  ərazi  bütövlüyünü  və  təhlükəsizliyini  təmin  edən  silahlı  qüvvələrə  və



təhlükəsizlik orqanlarına malikdir.

Dövlətin  mahiyyəti  onun  məzmununu,  təyinatını  və  fəaliyyətini  müəyyən  edir.  Dövlətin  mahiyyətinin  ən

başlıca  xüsusiyyəti  hakimiyyət  (dövlət  hakimiyyəti),  onun  cəmiyyətdə  mənsubiyyəti,  təyinatı  və  fəaliyyətidir.

Başqa  sözlə,  dövlətin  mahiyyəti  haqqında  məsələ  -  bu,  dövlət  hakimiyyətinin  kimə  məxsus  olması,  bu

hakimiyyəti kimin və kimlərin maraqları naminə həyata keçirməsi barədə olan məsələdir.

Məlumdur  ki,  siyasi  və  ya  onun  eyni  olan  dövlət  hakimiyyəti  ictimai  hakimiyyətin  yeganə  növü  deyildir.

Hakimiyyət  istənilən  mütəşəkkil,  az  və  ya  çox  dərəcədə  sabit  olan  və  məqsədəyönlü  insan  birliyinə  xasdır.

Hakimiyyət həm sinifli, həm sinifsiz, həm də bütövlükdə cəmiyyət üçün, eləcə də onun müxtəlif daxili təsisatları

üçün  xarakterikdir.  Müvafiq  surətdə  qəbilə-tayfa  hakimiyyəti,  siyasi  (dövlət  hakimiyyəti)  hakimiyyət,  iqtisadi

hakimiyyət və müxtəlif ictimai birliklərin hakimiyyəti, valideyn hakimiyyəti, kilsə hakimiyyəti fərqləndirilir (13,

s. 43).

Elit nəzəriyyəsinin tərəfdarları iddia edirlər ki, xalq kütlələri dövlət hakimiyyətini həyata keçirmək, cəmiyyət



işlərini  idarə  etmək  iqtidarında  deyildir.  Dövlət  hakimiyyəti  cəmiyyətin  yuxarı  təbəqəsinə  -  elitaya  məxsus

olmalı, onu hakimiyyəti həyata keçirən digər elita əvəz etməlidir.

Elit  nəzəriyyəsi  ilə  bir  cəhətlərinə  görə  səsləşən  digər  nəzəriyyə  texnokratiya  nəzəriyyəsidir.  Bu  nəzəriyyə

nümayəndələrinin  fıkrincə,  hakimiyyətin  başında  və  cəmiyyəti  idarəetmə  işlərinin  əsasında  peşəkar  idarə

edənlər,  menecerlər  durmalıdır.  Yalnız  bunlar  cəmiyyətin  həqiqi  tələbatlarını  müəyyən  edə,  cəmiyyətin

inkişafının optimal yollarını tapa bilərlər.

Yuxarıda  adları  çəkilən  hər  iki  nəzəriyyə  müəyyən  müsbət  cəhətlərə  malik  olsalar  da,  onlar  demokratik

ideallardan  məhrumdurlar.  Həmin  nəzəriyyələr  dövlət  hakimiyyətini  xalqdan  nəinki  ayırır,  onu  hətta  xalqdan

tamamilə qoparırlar. Ona görə də həmin nəzəriyyələrin mahiyyətinə antidemokratik ruh hakimdir.

Çoxsaylı  müxtəlif  demokratik  doktrinaların  qabaqcıl  mövqeli  tərəfdarları  belə  hesab  edirlər  ki,  hər  bir

demokratik,  inkişaf  etmiş  cəmiyyətdə  dövlət  hakimiyyətinin  mənbəyi  və  ilk  daşıyıcısı  xalqdır.  Dövlət

hakimiyyəti  öz  təbiətinə  görə  və  mahiyyəti  etibarilə  əsil  xalq  hakimiyyəti  olmalı,  hakimiyyət  xalqın  mənafeyi

naminə və bilavasitə onun nəzarəti altında həyata keçirilməlidir.

Dövlətə dair marksist nəzəriyyə sübut edir ki, siyasi hakimiyyət iqtisadi cəhətdən hökmran olan sinfə məxsus

olur və onun mənafeləri naminə həyata keçirilir. Cəbr aparatı, əzən maşın və hökmranlıq aləti kimi, dövlətin sinfi

mahiyyəti də məhz buradan meydana çıxır. İqtisadi cəhətdən qüdrətli olan sinif siyasi cəhətdən də hökmran olur.

Bu  sinif  öz  diktaturasını  yaradır.  Həmin  diktaturanın  hakimiyyəti  qanunla  məhdudlaşdırılmır.  O,  gücə  və

məcburiyyətə arxalanır. Belə cəmiyyətdə, adətən, birpartiyalı sistem mövcud olur.

Görkəmli  fransız  dövlət  və  hüquq  nəzəriyyəçisi  M. Oriu  dövlət  suverenliyinin  özünü  məhdudlaşdırması

faktını nəzərdən keçirərək qeyd edirdi ki, dövlət hakimiyyəti hüquqa tabe edilməli, hüquq çərçivəsində fəaliyyət

göstərməlidir  (10,  s.  980).  Göstərmək  lazımdır  ki,  dövlət  suverenliyi  ilə  yanaşı, xalqın  suverenliyi  və  millətin

suverenliyi də mövcuddur. Xalqın suverenliyi xalqın tam hakimiyyəti deməkdir.

Millətin suverenliyi dedikdə, millətin tam hakimiyyəti, onun öz həyat xarakterini müəyyən etmək imkanı və

qabiliyyəti, öz hüquqlarını realizə etmək və müstəqil dövlət yaratmaq imkanı başa düşülür (10, s. 99).

Dövlətin  fəaliyyətinin  sinfi  xarakteri  dövlətin  mahiyyət  tərəfi,  onun  əsas  başlanğıcıdır.  Lakin  sinfi

ziddiyyətlərlə  şərtləşən  dövlət  fəaliyyəti  yalnız  qeyri-demokratik,  diktator  dövlətlərdə  mövcuddur.  Belə

dövlətlərdə cəmiyyətin bir hissəsi (şübhəsiz ki, hökmran təbəqə) onun digər hissəsini amansızcasına istismar edir,

iqtisadiyyatda  qanuni  rəqabət  deyil,  xüsusi  inhisarçılıq  hökmranlıq  edir.  Lakin  kəskin  sinfi  münaqişələrin

meydana çıxdığı hallarda dövlət sinifləri qarşılıqlı məhv olmaq təhlükəsindən saxlayır, tərəflər üçün faydasız olan

siyasi  mübarizənin  qarşısı  alınır  və  beləliklə,  cəmiyyət  dağılmaq  təhlükəsindən  xilas  edilir  və  onun  bütövlüyü

qorunub  saxlanılır.  Belə  hallarda  da  dövlət  bütün  cəmiyyətin  mənafeyi  naminə  müəyyən  funksiyanı  yerinə

yetirməli olur.

İnkişaf  etmiş  demokratik  dövlətlərdə  sosial  ziddiyyətlər  və  baş  qaldıran  münaqişələr  zorakılıq  deyil,  dini

vasitələrlə aradan  qaldırılır,  ictimai  kompromisə  səmərəli  mexanizmlərin  köməyilə  nail  olunur.  Hazırda  mövcud

olan  dövlətlər  sinfi  mübarizədən  daha  çox  sosial  tələbatlar  və  maraqlarla  bağlıdır.  Belə  ki,  inkişaf  etmiş

dövlətlərdə  başlıca  diqqət  ən  zəruri  sosial  və  digər  tələbatların  həllinə  yönəldilmişdir.  Bu  isə  öz  növbəsində

müxtəlif, o cümlədən aralarında ziddiyyətlər olan qüvvələrin qarşılıqlı əməkdaşlığını nəzərdə tutur. Lakin bu heç

də o demək deyildir ki, müasir dövlət öz sinfi xarakterini tamamilə itirmişdir. Sinfi xarakter sadəcə olaraq ikinci

plana  keçmişdir  və  o,  artıq  tünlüyə  malik  deyildir.  Birinci  yerə  dövlətin  ümum-sosial  xarakteri  keçmişdir.  Belə



dövlət öz fəaliyyətini sosial kompromisin, cəmiyyət işlərinin idarə olunmasının təmin edilməsinə səfərbər edir.

Başqa sözlə, demokratik dövlətdə birinci ilə müqayisədə  ikinci,  həm də  daha  əhəmiyyətli  yeri  ümum-sosial

tərəf  tutur.  Deməli,  dövlətin  mahiyyətinin  təhlili  hər  iki  başlanğıcın  (sinfiliyin  və  ümum-sosiallığın)  nəzərə

alınmasını tələb edir. Bu başlanğıclardan hər hansı birinin təcrid edilməsi dövlətin mahiyyətinin xarakteristikasını

birtərəfli edir.

Ümumsosial və sinfi başlanğıcla yanaşı, dövlətə və onun mahiyyətinə bəzən milli və hətta millətçi amillər də

güclü təsir göstərirlər. Dövlət hakimiyyəti bir sıra hallarda məhdud qrupların, klanın və ya ayrı-ayrı şəxslərin əlinə

keçir, onların mənafelərini ifadə edir. Lakin belə dövlət hakimiyyəti. adətən, öz maraqlarını kamuflyaj (həqarətli)

edir, əsas mənafelər ümum-sosial və ümummilli mənafe hüdudlarından kənara çıxır.

İqtisadi  təməl,  bazis  olmadan  dövlət  mövcud  ola,  normal  fəaliyyət  göstərə  və  tərəqqi  edə  bilməz.  İqtisadi

bazis  müvafiq  cəmiyyətdə  iqtisadi  (istehsal  münasibətlərinin)  münasibətlərin  sistemini  təşkil  edir.  Bu  isə

cəmiyyətdə  mövcud  olan  mülkiyyət  formaları  ilə  sıx  surətdə  bağlıdır.  Dövlətin  maliyyə-iqtisadi  əsası  (dövlət

büdcəsi) bazisdən çox asılıdır. Dünya tarixi şəhadət verir ki, dövlətin müxtəlif inkişaf  mərhələlərində o, müxtəlif

iqtisadi varlığa malik olmuş və iqtisadiyyata fərqli münasibət nümayiş etdirilmişdir.

Belə  ki,  erkən  kapitalist  dövləti  azad  bazar  iqtisadiyyatına  arxalanmışdır  ki,  bu  da  dövlətin  müdaxilə  edə

bilmədiyi xüsusi mülkiyyətin inkişafına  əhəmiyyətli  dərəcədə  təsir  göstərmişdir.  Lakin  bu,  mənfi  amillərsiz  də

ötüşməmişdir.  Xüsusi  mülkiyyətin  cəmiyyətdə  qeyri-sabitlik  yaratması  sinfi  mübarizənin  kəskinləşməsilə

müşayiət olunmuşdur. Xüsusi mülkiyyət özünün tarixi rəqibini - proletariatı doğurmuş, əməklə kapital arasında

siyasi  mübarizə  daha  da  kəskinləşmişdir.  Şübhəsiz  ki,  bütün  bunlar  bir  sıra  hallarda  fəhlə  sinfinin  inqilabi

çıxışlarına  səbəb olmuşdur. Sinfi mübarizənin ilkin mərhələlərində əsasən iqtisadi tələb və şüarlarla çıxış edən

proletariat,  illər  ötdükcə  siyasi  tələblər  də  irəli  sürmüş,  proletariatın  siyasi  hakimiyyəti  ələ  alması  uğrunda

mübarizəyə qalxmışdır. Bütün bunlar bəzən dağıdıcı böhranlarla müşayiət olunmuşdu.

XX  yüzilliyin  birinci  yarısında  iri  siyasi  və  iqtisadi  gərginliklərdən  sonra  zəhmətkeşlərin  təzyiqi  altında

iqtisadi sferada dövlət-hüquqi tənzimləmə xeyli güclənmişdir ki, bu da həmin sahədə köklü dəyişikliklərə səbəb

olmuşdur. Xüsusi kapitalla yanaşı, dövlət və kooperativ kapitalı və xüsusilə də səhm mülkiyyəti meydana gəlmiş,

inkişaf  etməyə başlamışdı.  Dövlət idarəetmənin planlaşdırma  və proqnozlaşdırma kimi metodlarım irəli sürmüş,

dərin  maliyyə-vergi  və  kredit  siyasəti  yeritməyə  başlamışdı.  Bütün  bunlar  dövlətdə  yeni  əsas  funksiyanın  -

cəmiyyətin inkişafı naminə antiböhran məqsədli iqtisadiyyatın hüquqi tənzimi funksiyasının meydana gəlməsini

şərtləşdirmişdir.  Dövlət  iqtisadiyyatla  yanaşı, sosial  funksiyanı -  pensiya  qanunvericiliyinin  qəbulunu,  işsizlərə

müavinətlər  verilməsini,  minimum  əmək  haqqının  müəyyən  olunmasını  yerinə  yetirməyə  başlamışdır.

Dövlət-hüquqi  tənzimləmənin  təsiri  altında  cəmiyyət  sanki  ikinci  həyat  əldə  etmişdir.  Belə  cəmiyyət  və  dövlət

tam əsasla postkapitalist cəmiyyət və dövlət kimi xarakterizə edilmişdir.

Keçmiş  Sovet  İttifaqında  məsələ  başqa  cür  idi.  Dövlət  planlı  iqtisadiyyata  arxalanırdı.  Ümumxalq  dövlət

mülkiyyəti  aparıcı rol  oynayırdı.  Ümumxalq  dövləti  mülkiyyəti  tədricən  heçə  çevril  di,  təsərrüfatsızlıq  elə  bir

həddə  çatdı ki,  bu  da  dərin  iqtisadı böhranla  nəticələndi.  Bu,  belə  bir  nəticəyə  gəlməyə  imkan  verir  ki,  xüsusi

mülkiyyət  və  dövlət  ümumxalq  (ictimai  mülkiyyət)  mülkiyyəti  öz  təbiətinə  görə  bəzi  müsbət  cəhətlərlə  yanaşı,

xeyli çatışmazlıqlara da malik olmuşdur. Tarixi təcrübə göstərir ki, müasir dövlətin optimal iqtisadi əsasına sosial

cəhətdən  düzgün  istiqamətləndirilən  bazar  iqtisadiyyatı xidmət  edə  bilər.  Məhz  bazar  iqtisadiyyatı mülkiyyətin

müxtəlif  formalarına  (qarışıq  iqtisadiyyat)  arxalanır.  Belə  şəraitdə  azad  və  qanuni  rəqabət  öz  üstünlüklərini

nümayiş etdirir.

Dövlətin  sosial  əsasını cəmiyyətin  bunda  maraqlı olan  və  onu  müdafiə  edən  təbəqələri,  sinifləri  və  qrupları

təşkil edirlər. Dövlət öz fəaliyyətində məhz onlara arxalanır. Deməli, dövlətin gücü və qüdrəti, qarşısında duran

vəzifələri həll etmək qabiliyyəti onun sosial bazasının genişliyindən və cəmiyyətin fəallığından xeyli asılıdır. Bu

da, öz növbəsində, cəmiyyətdə sosial sabitliyin qorunmasını təmin edir.

Məhdud  sosial  əsasa,  sosial  qeyri-sabitliyə  malik  olan  dövlət,  adətən,  zorakılığa  və  yalana  arxalanır.  Belə

dövlətdə müxtəlif, o cümlədən yuxarıdan çevrilişlər mümkündür. İstənilən dövlətə, istənilən dövlət hakimiyyətinə

cəmiyyətin dəstəyi, onun qüdrətinə və ədalətinə xalqın inamı zəruridir. Dövlət hakimiyyətinin nüfuzu ona xalqın

etibarı ilə ölçülür. Dövlət hakimiyyətinə hörmət, inam və etibar onun sosial-psixoloji mahiyyətini təşkil edir.

Dövlətin,  dövlət  hakimiyyətinin  xalq  tərəfindən  dəstəklənməsi  şüurlu  və  şüursuz  ola  bilər.  Şüursuz  dəstək,

adətən, populist siyasətdən irəli gələn, dövlət xadimlərinin yalan və saxta vədlərindən doğan miflərə, emosiyalara

söykənir.  Şüurlu  və  ya  dərk  edilən  dövlətin  və  onun  orqanlarının  fəaliyyətinin  nəticələrinin  hərtərəfli

qiymətləndirilməsinin məntiqi yekunudur.

Müasir dövlət uzun sürən tarixin məhsulu, insanlığın ən nəhəng yaradıcılıq nəticələrindən biridir. Dövlət  öz

fəaliyyətində  səhvlərə,  yaxud  ehtimallara  söykənə  bilməz.  O,  dürüst  müəyyən  edilmiş  metodlar  əsasında

fəaliyyət  göstərir  və  deməli,  onun  üçün  etibarlı  elmi  təməlin,  özülün  olması  zəruridir.  Məlumdur  ki,  hüquqi

dövlət,  vətəndaş  cəmiyyəti,  hakimiyyətlərin  bölgüsü,  xalq  suverenliyi  və  s.  haqqında  elmi  konsepsiyalar

dövlətçiliyin inkişafına böyük təsir göstərmişdir.

Dünya  təcrübəsi  şəhadət  verir  ki,  dövlət  quruculuğu  üzrə  hər  cür  əhəmiyyətli  qərar  və  fəaliyyət  dərin  və

hərtərəfli  təhlil,  elmi  ekspertizalar  tələb  edir.  Bu  ondan  ötrü  vacibdir  ki,  hər  hansı  qərar  vasitəsilə  görüləcək

tədbirlərdən  ən  optimal  olanı seçilsin,  mümkün  variantların  ən  yaxşısı tətbiq  edilsin.  Keçmiş  sovet  dövlətinin




kədərli təcrübəsindən ağıllı nəticələr çıxarmaq və tarixin ibrət dərslərini unutmamaq zəruridir.

Müasir  Azərbaycan  dövlətinin  elmi  əsaslarının  yaradılması  üçün  hazırda  geniş  sosial-iqtisadi,  siyasi  və

elmi-mədəni imkanlar açılmışdır. Həmin imkanlar nəinki hüquq elminin, eləcə də bütün digər humanitar elmlərin

ən yeni nailiyyətlərindən səmərəli istifadə olunmasını zəruri və labüd edir.

Dövlətin  inkişaf  qanunauyğunluqlar  hər  bir  tarixi  dövrün  şəraitinə  müvafiq  surətdə  təzahür  edir.  Dövlətin

inkişafının  gedişini  müəyyən  edən  qanunauyğunluqların  aşkar  və  təhlil  edilməsi  dövlət  fenomeninin  nəinki

hazırkı, eləcə də onun gələcək vəziyyətinə diqqət yetirmək imkanı verir.

Nisbi  müstəqil  sosial  hadisə  kimi,  dövlətin  özünəməxsus  inkişaf  qanunauyğunluqları  vardır.  Həmin

qanunauyğunluqlar  cəmiyyətin  ümumi  inkişaf  qanunauyğunluqlarından  ayrılmazdır.  Belə  paralel  hərəkətə

müxtəlif amillər təkan verirlər. Həmin amillər bir-birilə qarşılıqlı əlaqədə təzahür edir.

Dövlətin təkamülünün əsas qanunauyğunluqlarından biri ondan ibarətdir ki, sivilizasiyanın təkmilləşməsi və

demokratiyanın inkişafı ilə dövlət primitiv "barbar" təsisatdan cəmiyyətin siyasi təşkilatına çevrilir. Məhz həmin

siyasi  təşkilatda  dövlət  institutlarının  bütöv  bir  kompleksi  tam  gücü  ilə  fəaliyyət  göstərir.  İnkişaf  etmiş

demokratik dövlətlərdə belə fəaliyyət hakimiyyətlərin bölgüsü prinsipinə əsaslanır.

Demokratik  cəhətdən  inkişaf  edən  cəmiyyətin  öz  müxtəlifcəhətli  tələbatlarının  dövlətin  diqqət  mərkəzində

olmasına  ehtiyacı  vardır.  Bunlara,  adətən,  obyektiv  tələbatlar  aid  edilir.  Cəmiyyət  dövlətin  ümum-sosial

funksiyalarını  stimullaşdırır.  Burada,  müasir  dövlətin  yeni  qanunauyğunluğunun  rüşeymi  qismində  dövlətin

cəmiyyət  həyatında rolunun artması çıxış edir. Dövlətin bu  yeni  inkişaf  qanunauyğunluğu XX  yüzilliyin  ikinci

yarısında  meydana  gəlmişdir.  Bundan  sonra  dövlət  özünün  təşkilati  və  istiqamətləndirici  fəaliyyətini  yeni

yaradılan  orqanlar  -  iqtisadiyyat  nazirliyi,  əmək  nazirliyi,  mədəniyyət  nazirliyi,  təhsil  nazirliyi  və  s.  vasitəsilə

cəmiyyət həyatının iqtisadi, sosial və mədəniyyət sferasına yönəltməyə başlamışdır.

Bununla əlaqədar S. S. Alekseyev haqlı olaraq qeyd edir ki, "dövlətin inkişafı digər ənənələrlə də qeyd oluna

bilər.  Həmin  ənənələr  dövlətin  iqtisadiyyatdan  getməsi,  təsərrüfat  həyatından  və  mülkiyyətçinin  funksiyalarını

yerinə yetirməkdən ayrılması aid edilə bilər" (1, s. 20). Praktika göstərir ki, məhz müasir şəraitdə bir sıra səbəblərə

görə  dövlət  iqtisadiyyata  "gəlmiş"  və  bununla  yanaşı  iqtisadi  həyatı sabitləşdirmiş,  dünyanın  bir  çox  ölkələrində

iqtisadiyyatı tənəzzüldən xilas etmişdir. Bunun nəticəsində inkişaf etməkdə olan cəmiyyətlər irəliyə doğru daha bir

addım  atmışdır.  Əksinə,  iqtisadiyyata  lazımi  diqqət  yetirməyən  dövlətlərdə  cəmiyyət  həmişə  geriləməyə

məhkumdur.  Cəmiyyətin  iqtisadi  həyatında  dövlətin  rolunun  azalması,  minimuma  enməsi  həmişə  iqtisadi

qeyri-sabitliyə səbəb olmuşdur.

Elmi-texniki  tərəqqinin  və  başlanmış  dünya  inteqrasiyası  prosesinin  təsiri  altında  dünya  bazarının

yaradılması ilə dövlətlərin inkişafında yeni qanunauyğunluq - müxtəlif dövlətlərin bir-birinə yaxınlaşması, qarşılıqlı

fəaliyyət nəticəsində qarşılıqlı zənginləşmə qanunauyğunluğu təşəkkül tapmışdır.

Azərbaycan  Respublikası  bu  gün  Qərbi  Avropa  dövlətlərindən  hakimiyyətlərin  bölgüsü,  parlament

mədəniyyəti  və  hüquqi  dövlət  quruculuğu  təcrübəsini  öyrənir.  Həmin  qanunauyğunluğun  təsiri  altında  kəskin

konfrontasiya, ideoloji müharibə, inamsızlıq və şübhəlilik keçmişdə qalır.

Doğrudur, yuxarıda adları çəkilən inkişaf qanunauyğunluqları ümumi ənənələrdir. Həmin qanunauyğunluqlar

planetin  bütün  dövlətlərinin  təkamülünün  başlıca  xəttidir.  Konkret  dövlətin  inkişafı bəzən  son  dərəcə  ziddiyyətli

məqamlarla  müşayiət  olunur.  Dolanbaclar,  bir  sıra  hallarda  geriyə  dönüşlər,  zərurətlərdən  kənara  çəkilmələr,

xüsusən də dövlət hakimiyyətindən şəxsi, qrup və klan maraqları üçün istifadə edildiyi zaman səndələmələr və s. bu

kimi hallar dövlətlərin inkişaf qanunauyğunluqlarında ziddiyyətlər yaradır.



İstifadə edilmiş mənbələr:

1)

Алексеев С.С. Государство и право. М., 1993



2)

Вебер М. Избранные произведения. М., 1990

3) Дюги Л.  Конституционное право. Общая теория государство. М., 1908

4) Кокошкин Ф.Ф. Русское государственное право. М., 1908

5) Коркунов Н.М. Русское государственное право. Т. 1. СПб., 1904

6) Ленин В.И. Полн. собр. соч. Т. 1

7) Ленин В.И. Полн. собр. соч. Т. 39

8) Маркс К., Энгельс Ф.  соч. Т. 25, ч. 1

9) Маркс К., Энгельс Ф.  соч. Т.22

10) Общая теория государства и права: В 2-х томах, Т.1 / Отв. ред. М.Н. Марченко. М.: Зерцало, 1998

11) Общая теория права и государства /Под ред. В.В. Лазарева. М.: Юристь, 1996

12) Теория государства и права /Под ред. Н.И. Матузова, А.В. Малько. М.: Юристь, 1999.



13) Шершеневич Г.Ф. Общее учение о праве и государстве. М.. 1911

Rəyçi: h.e.d.,prof. M. Ə. Cəfərquliyev

Yüklə 226,14 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə