«Qarapapaqlar». 2014. №3. S. 14 22. Naxçıvanın “Şahtaxtı” sirri: “Taxt” sahibi “Şah” kim olub?! Elxan Şükürlü



Yüklə 239,97 Kb.
Pdf görüntüsü
tarix01.07.2018
ölçüsü239,97 Kb.
#52669


«Qarapapaqlar». - 2014. - №3.-S.-14 - 22.

Naxçıvanın “Şahtaxtı” sirri: “Taxt” sahibi “Şah” kim olub?!

Elxan Şükürlü, 

araşdırmaçı  yazar

Azərbaycanın ayrılmaz,  füsunkar  guşələrindən  olan,  “Böyük  İpək  Yolu”nun  üzərində  strateji  mövqeyə

malik  qədim  türk  yurdu  Naxçivan  təkcə  zəngin  keçmişi  və  mədəniyyəti  ilə  deyil,  həm  də  tarixin  ayrı    ayrı

dönəmlərində  öz  fərdi  keyfiyyətləri,  nüfuzu  sayəsində  bütövlükdə  hadisələrin  axarını,  istiqamətini  dəyişəcək

şəxsiyyətlər    sərkərdələr,  ictimai    siyasi  xadimlər,  övliya  və  ruhanilər,  elm,  sənət  adamları  yetişdirməsiylə

fərqlənib, diqqət çəkib. Heç uzağa getmədən, ən yaxın və müasir tariximizdə Naxçivan bölgəsində doğulan bir çox

insanın  Azərbaycanın  ictimai    siyasi  və  elmi    mədəni  həyatında  oynadıqları  fəal  rola,  idarəetmədə  tutduqları

üstün  və  təsirli  mövqeyə  ötəri  baxmaq  kifayətdir  ki,  deyilənlərin  faktların  diliylə  gerçəkliyi  nə  dərəcədə  əks

etdirdiyi aydınlaşsın.

Əlbəttə,  Azərbaycanın  bölgələrində  olan  fərqlilik  və  oxşarlığa  böyük  sərvət,  milli  dəyər,  gözəl  bir

tabloya ahəng gətirərək onu tamamlayan çalarlar kimi yanaşır, bununla qürur duyuruq. Ancaq danılmaz həqiqətdir

ki,  əslən  Naxçıvandan  olan  insanların  rassionarlığı,  ictimai    siyasi  həyatda  aktivliyi,  xüsusən  də  konfliktli

situasiyalarda  mübarizliyi  artıq  əksəriyyətin  şüurunda  fomalaşmış  ümumi  bir  fikir  və  qənaət  halındadır.İnsan

xarakterinin formalaşmasında təbiətin rolunu əhəmiyyətli sayan alimlər bu halı daha çox təbii  coğrafi amillərlə 

xüsusən  Naxçıvanın  malik  olduğu  iqlim  şəraiti  ilə  izah  edirlər.  Naxçıvanın  kəskin  kontinental  iqlim  tipinə  malik

olması,  üstəlik,  yerləşdiyi  coğrafiya    daim  xarici  təhdidlərlə  üz    üzə  qalması  və  bu  şəraitin  doğurduğu

özünümüdafiə  instinktinin  güclülüyü,  istər    istəməz,  burada  doğulan  və  yaşayan  insanların  həyat  tərzinə  təsir

göstərərək,  mütləq  şəkildə  xarakterlərində  öz  əksini  tapır.  Xarakter  isə  insan  taleyini  müəyyənləşdirən  ən  əsas

şərtlərdən biri və bəlkə də, birincisi sayılır...

Təbii    coğrafi  amillərə  paralel  olaraq,  başqa  bir  önəmli  xüsusiyyət  odur  ki,  Naxçivan  həm  də  qədim

ənənələri  olan  və  uzun  müddət  bu  ənənələri  qoruyub  saxlayan,  ən  qiymətli  sərvət  kimi  birindən  digərinə  ötürən

tayfa və nəsilllərin yaşadığı, məskunlaşdığı bir məmləkətdir. Onlar həm öz qan təmizliyini, gen bağlılığını qoruyub

saxlayıb, həm də о dövrlərin yaddaşına çevrilərək, öz adət və ənənələri, məişətləriylə tarixi yaşadıb canlı salnaməyə

çevriliblər.

Bəlkə  də  elə  ənənələrinə,  dəyərlərinə  ifrat  sadiqliyindən  və  onların  uğrunda  sonadək  çarpışmaq

xüsusiyyətinə malik olmasındandır ki, Naxçivan bölgəsi həm də dünyanın ən böyük və sonuncu dini sayılan İslamın

çox  dərin  kök  atdığı,  ümumlikdə  İslam  ideyalarının  geniş  yayıldığı  və  xüsusən  də  Məhəmməd  Peyğəmbərin  (s.)

əmisi oğlu və kürəkəni Həzrəti Əlinin tərəfdarlarının six məskunlaşdığı, sığındığı məkan olub. Mistikaya inananlar

hətta  bunu  Naxçıvanın«müqəddəs  torpaq»,«svilizasiyanın  ilk  məskəni»  olmasıyla  da  izahlayır,  bölgəni  «ilahi

enerjidən qidalanan müqəddəs məkan»lardan biri kimi xarakterizə edirlər. Son vaxtlar Nuh peyğəmbərin gəmisinin

qalıqlarının  və  məzarının  məhz  Naxçıvanda  tapılması  faktı  isə  bölgəni  «seçilmiş  müqəddəs  məkan»lar

kateqoriyasına  daxil  edən  tədqiqatçıların  fikir  və  mülahizələrini  bir  qədər  də  möhkəmləndirib,  onları  öz

qənaətlərində daha da israrlı olmağa stimullaşdırıb.

Elə  aşağıda  yazacaqlarımız  da  bu  Müqəddəs  Diyarın  sayılıb    seçilən,  qoca  tarixin  amansız

dönəmlərində  itib    batmayan,  öz  adət  və  ənənələrini  qoruyub  saxlayaraq  günümüzədək  gətirib  çıxaran,  maraqlı

hadisələrə şahidlik etməklə Naxçıvanın İslam dəyərlərinin təbliğində tutduğu çox önəmli rola işıq salan və həm də

Azərbaycana  bir  neçə  tanınmış,  nüfuzlu  şəxsiyyət  bəxş  edən  böyük  bir  yurd  yeri    Naxçıvandakı  Kəngərli

rayonunun Şahtaxtı kəndi haqda olacaq.

«Şahtaxtı» nə deməkdir?

Şahtaxtı  kəndi  tarixən  Naxçıvandan  İrana,  İrandan  Naxçıvana  gedib    gələn  qədim  karvan  yolunun

üzərində yerləşən əsas məntəqələrdən sayılıb.  Üzərində taxta və dəmir körpülər tikilənədək, at və dəvə  karvanları

Araz çayının məhz bu hissəsindən  indiki Şahtaxtı kəndinin cənubundan suyu rahat şəkildə adlayar, о tay  bu taya

keçərmişlər. Kəndin yaşlı nəsil nümayəndələrinin söylədiklərinə görə, Türkiyənin Bingöl dağlarından, təxminən, 3



min  metr  yüksəklikdən  başlayan  Araz  çayının  suyu  Şahtaxtının cənubundan  keçən  hissəsində  aramlaşar,  xüsusən

yay və payızın ilk ayında isə heç atların dizlərinə də çatmazmış.

Şahtaxtının  ibtidai  insanların  məskən  saldığı  ən  qədim  yaşayış  məntəqələrindən  biri  olması  ehtimalı

1936  cı ildə arxeoloq Ələsgər Ələkbərov, 1979  1989  cu illərdə isə tanınmış arxeoloq, fəlsəfə elmləri doktoru

Qəhrəman Ağayev tərəfindən aparılan arxeoloji qazıntılar zamanı (2006  cı ildən qazıntılar yenidən bərpa olunub)

konkret dəlil  sübutlarla təsdiqlənib. Aparılan bu tədqiqat işləri barədə elmi ədəbiyyatda geniş bəhs edildiyindən,

təkrarçılığa  yol  verməmək  məqsədiylə  bu  haqda  danışmayacağıq.  Bizim  üzərində  dayanmaq  istədiyimiz  məsələ

daha  çox  «Şahtaxtı»  adının  mənşəyi  və  bu  kəndin  əsasını qoyan  tayfalarla  bağlıdır.  Çünki  vaxtilə  bir  ucu  Araz

çayına  gəlib  dirənən  və  «Qarahasar»  deyilən  böyük  qala  divarlarının  əhatəsində  yerləşmiş  bu  qədim  yaşayış

məskəninin  sonralar  niyə  «Şahtaxtı»adlandırılması haqda  о  qədər  də  səhih  olmayan  məlumatlar  yayılır  ki,  bu  da

mühüm tarixi hadisələrin üzə çıxmasına imkan vermir.

Hazırda yerli əhali arasında “Şahtaxtı”  adının meydana çıxması ilə bağlı bir neçə maraqlı rəvayət, elm

adamlarının,  ərazidən  keçmiş  məşhur  səyyah  və  tədqiqatçıların  əsərlərində  isə  konkret  fikir  və  mülahizələr  var.

Məsələn,  Şahtaxtıda  daha  çox  yayılmış  rəvayətlərdən  birində  deyildiyinə  görə,  bu  ad  kəndə  Azərbaycan  Səfəvi

dövlətinin banisi Şah İsmayıl Xətainin 1501  ci ildə Təbrizdə taxta çıxmasından sonra verilib. Bildirilir ki, Şirvanı

ələ  keçirən  İsmayıl,  Ağqoyunlu  hökmdarı  Əlvənd  Mirzənin  Naxçıvana  30  min  nəfərlik  qoşunla  yürüş  etdiyi

xəbərini  alır  və  dərhal  özünün  7  minlik  seçmə  qızılbaş  süvarisiylə  Naxçivan  istiqamətinə  hərəkət  edir.  İndiki

Şahtaxtıya yaxın yerdə  «Şərur düzü»ndə qarşılaşan Səfəvilər özlərindən 4 dəfə artıq ağqoyunlulara qalib gəlirlər

və  bununla  da  qızılbaşların  Təbrizə  yolu  açılır.  1501    ci  ilin  payızında  Arazı keçərək  Təbrizi  tutan  qızılbaşlar

İsmayılı taxta çıxararaq, onu şah elan edirlər və bununla da Azərbaycan Səfəvi dövlətinin əsasını qoyurlar.

Şahtaxtıda  əsrlərdir  dildən    dilə  keçən  bir  rəvayətə  görə,  İsmayıl  Şirvandan  Naxçıvana  gələndə  və

«Şərur  düzü»ndəki  qələbəsindən  sonra  Şahtaxtının  kənarında  indi  «İydəli  Pir»  adlandırılan,  əsasən  iydə

ağaclarından ibarət meşəlikdə düşərgə salmış və buna görə də kənd sonralar «Şahı taxta çıxaran yer» - «Şahtaxtı»

adlandmlmışdır...

Başqa  rəvayətlər  isə  Şah  Abbasın,  Nadir  Şah  Əfşarın  və  Ağa  Məhəmməd  Şah  Qacarın  Azərbaycanın

cənubunu Arazın məhz bu hissəsindən keçərək şimal istiqamətində hərəkət etmələri və müvəqqəti dayanacaq kimi

Şahtaxtı  ərazisini  seçmələri  ilə  bağlıdır.  Demək  olar  ki,  hər  üç  şahla  bağlı  rəvayətlər  mahiyyət  etibarilə  eyni

məzmunu ifadə edir və kəndin adı da “şah taxtlarının müvəqqəti olaraq bu ərazidə qurulması” ilə izah olunur.

Tədqiqatçılar   Naxçivan ərazisinin toponimlər sistemini araşdıran  AMEA   nın  Naxçivan bölməsinin

İncəsənət, Dil və Ədəbiyyat Institutunun «Onomastika» şöbəsinin müdiri, filologiya elmləri  doktoru Adil Bağırov

«Naxçıvanın oykonimləri» adlı kitabında  Şahtaxtı kəndinin həm xalq, həm də  elmi  etimologiyasını verib.  O,  xalq

etimologiyasında «Şahtaxtı» sözünün «şahın taxtı», «şahın oturduğu yer» mənasında işləndiyini, elmi etimologiyada

isə «hündür, uca yer» anlamını verdiyini yazıb. Tanınmış alim Q.Qeybullayevin «Şahtaxtı» sözünün farsca «şah» və

Azərbaycanca «taxt» sözlərinin birləşməsindən əmələ gələrək «dağ döşündə çıxıntı», «dağ döşündə düzənlik» kimi

işləndiyi  fikrinə  istinad  edən  Adil  Bağırov  yekunda  özünün  «hündür  yerdə  olan  taxt,  düzənlik»  variantı üzərində

dayandığını qeyd edib. O, fikrini belə əsaslandırıb ki, «Əlincəqala»nın zirvəsindəki düzənliyə də «Şahtaxtı» deyilir

(aşağıda “Əlincəqala”dakı yerlə bağlı məqama da aydınlıq gətirəcəyik  E.Ş.).

Digər tanınmış alim - akademik Hacı Qadir Qadirzadə isə Babək rayonunun Cəhri kəndində «Şahtaxtı»

adlı yerin olduğunu və Cəhridəki yerin daha çox Nadir şahın burada daş üzərinə çıxıb qoşununa müraciət etməsiylə

bağlı rəvayətə əsaslandığını yazıb.

Azərbaycandakı yer və tayfa adlarının mənşəyindən bəhs edən üçcildlik topluda da «Şahtaxtı»nın izahı

«dağ döşündə  düzənlik»  kimi  verilib    baxmayaraq  ki,  ərazini  yaxşı tanıyanlar  Şahtaxtının heç  də  dağlıq  ərazidə

yerləşmədiyini, daha çox maili təpəlik üzərində qərarlaşdığını bilirlər.

Bəlkə də elə ziddiyyətli məqamların çoxluğundandır ki, nə «Şahtaxtı»nın «dağ döşündə düzənlik» kimi

izahını verən  tədqiqatçılar  yazdıqlarının  həqiqət  olduğunda  israr  ediblər,  nə  də  xalq  etimologiyasına  əsaslanaraq

«Şahtaxtı»nın «Şah taxtının qurulduğu yer» mənasında işləndiyi arqumenti üzərində

 duranlar  söhbətin  hansı

şahdan getdiyini dəqiqləşdiriblər. Halbuki, elmi mənbələrdə adları çəkilən şahların Qafqaz istiqamətindəki yürüşləri

və  düşərgə  yerləri  haqda  kifayət  qədər  geniş  məlumatlar,  hətta  xəritələr  olsa  da,  hələlik  onların  sırasından  yalnız

Səfəvi Şahı İsmayılın «Şərur düzü»ndəki döyüş öncəsi Şahtaxtı kəndinə yaxın ərazidə düşərgə qurması faktı qeydə

alınıb.

«Şahtaxtı» adının  mənşəyi  və  tarixi  haqda  daha  əsaslı,  fundamental  araşdırmalara  aparıb çıxaracaq  və



indiyə qədərki rəvayətlərdən fərqli məlumata isə xüsusən İran tarixinin mükəmməl  araşdırıcısı sayılan məşhur rus


hərbi  tədqiqatçısı  Konstantin  Nikolayeviç  Smirnovun  1934    cü  ildə  yazılmış  «Naxçivan  diyarının  tarixi  və

etnoqrafiyasına dair materiallar» kitabında  rast gəlinir. Sonralar hərbi kəşfiyyatçı olduğu üzə çıxan  K.N.  Smirnov

bu kitabında «Şahtaxtı» adının Şah Ismayıldan daha əvvələ   əsası XIV əsrdə qoyulmuş  «Nemətullahi» təriqətinə

mənsub  dərvişlərə  gedib  çıxdığını və  kəndin  adının  da  məhz  özünü  «Şah»  adlandıran  dərvişin  təkyəsinin  burada

yerləşməsi ilə bağlı olduğunu göstərib. O, həmçinin kəndin yanında «Şah bağı» adlı yerin və Arpaçayından Böyük

  Düz  istiqamətində  «Şah  arxı»  adlı köhnə  kanalın  olduğunu  da  yazıb  və  bütün  bunların  hamısının  eyni  kökdən

qaynaqlandığı fikri üzərində durub.

Təəssüf  ki,  rus  tədqiqatçının,  daha  doğrusu,  nəyi  qeydə  almağın  vacibliyini  çox  yaxşı  bilən  bu  hərbi

kəşfiyyatçının  gözəl  bir  elmi  tədqiqat  mövzusu  olacaq  qiymətli  fikirləri  müstəqillik  dövründə  belə,  hansısa

səbəblərdən  Azərbaycan  alimlərinin  diqqətindən  kənarda  qalıb  və  əslində,  Naxçıvanın  və  Şahtaxtının  orta  əsrlər

dövründə  Islam  dəyərlərinin  təbliğində  tutduğu  çox  vacib  əhəmiyyətə  işıq  salan  olduqca  mühüm  bir  faktın

üzərindən sükutla keçilib.

Qeyd edək ki, biz də elə Şahtaxtının adının mənşəyi ilə bağlı daha çox məhz K.N. Smirnovun üzərində

durduğu  və  indiyədək  araşdırılmamış  variant  istiqamətində  axtarışlar  aparmaq  qərarına  gəldik  və  xeyli  maraqlı

tarixi faktlarla rastlaşdıq.

«Şah» kimdir?

Məlumat  üçün  bildirək  ki,  orta  əsrlərdə  el  arasında  dərviş  kimi  tanınan  şəxslər,  əslindəsə  sufi

təriqətlərinin  təmsilçiləri  öz  ideyalarını  yaymaq  üçün  mühüm  ticarət  və  karvan  yollarının  üzərini  seçər,  orada

özlərinin  təkyə,  xanəgah  adlandırdıqları  məntəqələri  qurardılar.  Əsas  yaşayış  məntəqələrindən  nisbətən  aralıda

qurulan  bu  təkyə  və  xanəgahlar  sufi  dərvişlərinin  fövqəladə  qabiliyyətləri  və  mükəmməl  dini    dünyəvi  bilgiləri

sayəsində tez bir zamanda insanların toplaşdıqları, inam, ümid yeri kimi baxdıqları ünvanlara, onların ölümlərindən

sonra isə pirlərə çevrilərdi.Yuxarıda qeyd etdiyimiz kimi, indiki Şahtaxtı kəndi orta əsrlərdə Şimal  Cənub və Şərq

  Qərb  istiqamətində  ən  çox  istifadə  olunan  karvan  yolunun  üzərində  yerləşib.  Kənd  elə  bir  coğrafi  nöqtədə

qərarlaşıb ki, cənubdan Araz çayını keçib  şimal istiqamətində  hərəkət  edən  karvan  Şərqdən  Qərbə  gedən  “Qədim

İpəkYolu”na çıxmaq üçün mütləq şəkildə buradan keçməlidir.

Eyni  zamanda,  elmi  mənbələr  vasitəsilə  tam  sübuta  yetirilib  ki,  Naxçivan  sufizmin  geniş  yayıldığı,

məşhur  sufi  şeyxlərinin  yaşadığı  və  dəfn  olunduğu  əsas  məkanlardan  olub.  Bu  haqda  AMEA    nın  Naxçivan

bölməsinin  Tarix  və  Etnoqrafiya  Institutunun  direktoru,  professor  Hacı Fəxrəddin  Səfərli  özünün  «Orta  Əsrlərdə

Naxçıvanın  sosial    siyasi  həyatında  dini  mərkəzlərin  rolu»  monoqrafiyasında  ətraflı  bəhs  edərək,  Naxçıvanda

«Səfəvilik»,  «Hürufilik»,  «Bəktaşilik»,  «Şeyxilik»,  «Nöqtəviyyə»,  «Qələndəriyyə»  və  s.  kimi  sufi  təriqət  və

qardaşlıqlarının  geniş  yayıldığını,  hətta  bir  çox  sufi  şeyxlərinin  Naxçivan  ərazisində  dəfn  olunduqlarını faktlarla

göstərib.

Sonuncu  səmavi  kitab  olan  «Qurani    Kərim»in  həm  zahiri,  həm  də  batini  mahiyyətinin,  о  cümlədən

şəriət hökmlərinin kamil biliciləri və izahediciləri sayılan sufilər müxtəlif dərviş ordenlərində, ayrı  ayrı qardaşlıq

və  birliklərdə  cəmləşsələr  də,  ümumən  İslam  ideyalarının,  mədəniyyət  və  dünyagörüşünün  daha  geniş  arealda

yayılmasında  müstəsna rol oynayıblar. Xüsusən də Məhəmməd Peyğəmbərin (s.)* əmisi oğlu və  kürəkəni  Əli  ibn

Əbu  Talibə,  həmçinin  onun  övladlarına    nəvə  və  nəticələrinə,  12  nəfərlik  imamətə  məhəbbətləriylə  və  orijinal

yanaşma  tərzləriylə  seçilən  sufilər  bu  xəttin  qorunmasında  və  həm  elmi,  həm  də  siyasi  baxımdan  tərəqqisində

əvəzsiz  xidmət  sahibləri  kimi  qəbul  edilirlər.  Təsadüfi  deyil  ki,  bəzi  sufi  birliklərinin  yaranmasının əsas  məqsədi

Əməvi  (661    750)  və  Abbasi  (750    1258)  xəlifələrinin  təqiblərinə  məruz  qalan  Həzrəti  Əli  övladlarının

ideyalarının  qorunması və  onların  haqq  mübarizəsinin  qələbə  çalması  istiqamətində  təşkilatlanma  və  təbliğetmə

olub.Sonradan  get    gedə  bu  birlik  və  qardaşlıqlar  konkret  ideya  və  şəriət  məsələləri  üzərində  six  birləşən,

özünəməxsus həyat tərzi sürən təriqətlərə, hətta elmi  siyasi cərəyanlara, məktəb və mərkəzlərə çevriliblər...

Elmi  qaynaqlarda  K.N.  Smirnovun  Şahtaxtı  kəndində  məskunlaşdıqlarını  yazdığı  «Nemətullahi»

təriqətinin  yaradıcısı məşhur  sufi  Əmir  Nurəddin  Nemətullah  ibn  Mir  Abdulla  sayılır  və  onun  nəsil  şəcərəsinin

Həzrəti  Əlinin  oğlu  İmam  Hüseynin  nəvəsi  İmam  Məhəmməd  Baqirə  gedib  çıxdığı  bildirilir.  Elə  bu  mənbələrdə

Əmir  Nurəddin  Nemətullahın  1330    cu  ildə  Suriyanın  Hələb  şəhərində  doğulması,  atası  Mir  Abdullanın  sufi

mürşidi,  anasının  isə  məşhur  fars  zadəganlarından  olması,  Nemətullahın  hələ  gənc  yaşlarında  İslam  ölkələrinə

səyahətə çıxması, Мəkkə ziyarətinə gedərkən Şeyx Abdulla əl  Yəfi ilə tanışlığı və 7 il ona müridlik etməsi haqda




da  məlumatlar  var.  Nemətullahın  Məkkə  ziyarətindən  sonra  yenidən  Şərq  ölkələrinə  səyahətə  çıxdığı,  İraqda,

Qahirədə, о cümlədən də Azərbaycanda olduğu və ömrünün son 25 ilini İranda  Kirman şəhərinin Mahan kəndində

keçirdiyi qeyd olunur. О da bildirilir ki, 1431  ci ildə  101 yaşında dünyasını dəyişən Nemətullah fitri istedadı və

İslami  bilikləri  sayəsində  ətrafına  xeyli  mürid  toplamağa  və  öz  təriqətini  yaratmağa  müvəffəq  olub,  ona  «Vəli»

deyilib. Eyni zamanda, Nemətullah Vəli  sufizmdə  ən  yüksək mərtəbəyə    təriqət  başçısı səviyyəsinə  çatdığından,

sufi qaydalarına uygun olaraq, ona həm də «Şah» titulu verilib. Təsəvvüf fəlsəfəsi ilə tanış olanlar yaxşı bilirlər ki,

sufilərdə«Şah» titulu Həzrət  Əlinin ünvanına  işlədildiyindən, əksər sufi təriqətlərinin başçılarına  da onun şərəfinə

«Şah» deyə müraciət olunması о dövr artıq qayda halını alıbmış. Elə indinin özündə də xüsusən «Ələvilər» arasında

Həzrəti  Əliyə  «Şahım»  deyə  müraciət  olunur,  onun  İslamın  yayılmasındakı xidməti,  qabiliyyət  və  istedadı  geniş

şəkildə vəsf edilir...

Yazılı mənbələrin məlumatına görə, XIV əsrdə yaradılan «Nemətullahiyyə» qardaşlığı XVIII əsrdə tam

şəkildə  «Səfəviyyə» təriqətinin  təsiri  altına  keçib  və  xeyli  zəifləyib.  “Nemətullahiyyə”  təriqəti  yalnız  məşhur  sufi

Məsum  Əli  Şahın  Hindistandan  İrana  köçməsilə  yenidən  dirçəlib.  Artıq bu  təriqətə  Məsum  Əli  Şah  yeniliklər  də

gətırib:  o,  hər  bir  təriqət  üzvünün  adının  sonuna  «Əli  Şah»  titulunun  əlavə  edilməsini  zəruri  bilib.  Bu,  həm  də

Peyğəmbərimizdən  sonra  xilafətə  rəhbərliyin    imamlığın  və  şahlığın  Həzrəti  Əliyə  çatmasını  ifadə  edən  sufi

simvolunun ictimailəşdirilməsi olub.

Ümumiyyətlə,  araşdırmalar  göstərir  ki,  əksər  sufi  təriqətlərində  simvollaşdırılmış  söz  və  ifadələrlə,

rəqəmlərlə danışığa və hərəkətlərə çox böyük üstünlük verilib. Hər bir simvol - hərf, söz, anlayış və ya rəqəm Islam

tarixində  böyük  bir  hadisəni,  fikir  və  ya  ideyanı  ifadə  edib.  Bu  səbəbdən  də  məşhur  sufi  şair  və  yazıçılarının

əsərlərinin  zahiri  əlamətlərə  görə  şərhi  bir  çox  hallarda  doğru  anlaşılmır,  yanlış  istiqamətlərə  yozulur.  Məsələn,

«nemətullahi»lərdə  «Əli  Şah»  Həzrəti  Əlinin  ilk  xəlifə  və  imam  olması  haqqının  tanınmasını  ifadə  edirdisə,  bu

təriqətin digər görkəmli siması Nur Əli Şahın 12 nəsr və 12 nəzm əsəri yazması təriqət üzvlərinin 12 imamı, onların

haqq işini bu rəqəmdə simvollaşdırılması anlamındadır. Elə ətrafında «12» kəhrizin yerləşdiyi bir «Pir»in mövcud

olduğu  «Şahtaxtı» adına  sufi  simvolları və  deyimləri  ilə  yanaşılsa,  bu,  təriqət  başçısının    «Şah»ın «taxt,  məkan,

xanəgah, sığınacaq qurduğu yer» mənasına gəlir.

Böyük  ehtimalla,  K.N.Smirnovun  yazdığı  kimi,  «nemətullahi»  təriqətinin  banisi  Nemətullah  Vəli  və

yaxud  da  onun  «Şah»  titullu  müridlərindən  hansısa  biri  Azərbaycana  məhz  Araz  çayının  indiki  Şahtaxtı  kəndi

ərazisinə yaxın hissəsindən keçərək gəliblər və təbliğat  üçün olduqca əlverişli mövqe tutan bu qədim karvan yolu

üzərində  bir  neçə  bulaqla  əhatələnmiş  iydəlikdə    indi  «Iydəli  Pir»  adlandırılan  yerdə  məskunlaşaraq,  öz

xanəgahlarını qurublar. Elə əvvəllər iydəlik olan bu yerin sonradan pirə çevrilərək «İydəli Pir», yaxınlıqdakı yaşayış

məskəninin isə «Şahtaxtı» adlandırılması da məhz burada sufi «Şah»ın xanəgahının qurulmasıyla bağlı olub.

Mümkün ehtimallardan biri isə budur ki, səfalı yer olan bu iydəliyi sufi dərvişləri «Şah», «Şahım» deyə

müraciət  etdikləri,  adını  daim  yaşatmağa  çalışdıqları  Həzrəti  Əlinin  şərəfinə  «Şahtaxtı»  adlandırıblar  və  bu  ad

sonradan dindar əhali tərəfindən bütövlükdə yaşayış məskəninə şamil edilib.

“Şahtaxtı”  toponiminin sufizmlə bağlı olduğunu təsdiqləyən daha bir fakt isə,  yuxarıda  vurğuladığımız

kimi,  Naxçıvanın  Culfa  rayonunda  yerləşən  və  sufilərin  əsas  toplanış  və  yaşayış  məntəqəsi  kimi  qəbul  edilən

“Əlincəqala”da da eyni ada  “Şahtaxtı”na rast gəlinməsidir.

«İydəli Pir» - sufi xanəgahı, seyid məkanı

Qeyd edək ki, Naxçıvanın tarixi abidələrindən bəhs edən kitabda Şahtaxtı kəndinin yaxınlığında yerləşən

«İydəli  Pir»  qısaca  olaraq,  b.e.ə.  II    I  minilliyə  aid  olan  və  əhalinin  daş  və  su  inanclarına  bağlı  abidə  kimi

göstərilib. «İydəli Pir» barəsində yazılı mənbələrdə çox az məlumatlar yer alsa da, bu möcüzəli məkan haqda yerli

əhali  və  ətraf  kəndlərin  camaatı  arasında  hələ  heç  yerdə  dərc  olunmamış  xeyli  əfsanələr,  rəvayətlər  indi  də

dolaşmaqdadır. Məsələn, deyilənə görə, elə 1501  ci ildə Şah İsmayılın «Şərur düzü»ndəki döyüş öncəsi düşərgə

kimi «İydəli Pir» ərazisini seçməsi də təsadüfi deyilmiş, məhz bu yerin qədim tarixi, müsbət aurası və düşərliliyi 

Həzrəti  Əli  adına  bağlanan  sufi  xanəgahı  olmasıyla  bağlıymış.  Hətta  belə  rəvayətlər  var  ki,  Ismayılın  7  minlik

qoşunla 30 minlik qoşun üzərinə əmin şəkildə hücum çəkməsinin kökündə də məhz öncədən qələbə əldə edəcəyinə

yüksək inamı olub və bu inamı, əhval  ruhiyyəni də onda «İydəli Pir»də gecələməsi yaradıb...

Doğrudur, elmi mənbələrdə Şah İsmayılın «İydəli Pir»də gecələdiyi haqda yazılı olaraq konkret dəlil 

sübut  yoxdur  və  bu,  ancaq  rəvayət  şəklindədir.  Ancaq  ərazini  yaxşı  tanıyanların,  həmçinin  orta  əsr  dövrünün

döyüşlərinin tədqiqatçılarının söylədiklərinə görə, «Şərur düzü» adlandırılan ərazini müşahidə etmək, eyni zamanda



fövqəladə situasiyada özünümüdafiə, yaxud geri çəkilmək üçün ən münasib məkan məhz «İydəli Pir»dir.

«İydəli Pir»lə bağlı araşdırmalarımız zamanı ortaya çıxan həqiqətlərdən biri budur ki, bu yer illər uzunu

yerli  əhalinin  xüsusi  inam,  məhəbbət  bəslədiyi  müqəddəs  ziyarətgah  olub.  Hətta  məşhur  «Əshabi    Kəhf»

ziyarətgahında olduğu kimi, işləri dolaşığa  düşən, qəlbində hansısa niyyətin həyata keçməsini tutan kəslər bu уегə

gələr, qurban kəsər, yerdən xırda daşları götürərək qayalığa vurarlarmış. Daş qayalığa yapışarmışsa, həmin adamda

niyyətinin qəbul olunacağına böyük inam yaranarmış. Sonralar bu «daş yapışdırma» adəti «şam yandırma» ilə əvəz

olunub  və  bu,  indi  də  davam  edir.  Kənd  ağsaqqallarının  və  ağbirçəklərinin  dediklərinə  görə,  dəfələrlə  sınaqdan

çıxarıldığından, «İydəli Pir»in müqəddəs yer olduğuna artıq heç kimdə şübhə yaranmazmış.

Xatırladaq  ki,  indiki  Şahtaxtı  kəndinin  təxminən  2  kilometrliyində  yerləşən  bu  ziyarətgah  ətrafi

qayalıqlardan ibarət  təpənin Araz çayına baxan hissəsində qərarlaşıb. Qayalığın çıxıntısının altındakı mağara tipli

yerdə indi də bir neçə nəfər rahat şəkildə yağışdan, külək və qardan qoruna, gecələyə bilər. Təpənin üstü hər hansı

düşərgənin təhlükəsiz yerləşməsi üçün ideal şəraitə malik olmaqla bərabər, həm də gözəl mənzərəyə açılır: buradan

dörd bir tərəf, о cümlədən Araz çayının hər iki sahilində yerləşmiş  yaşayış məntəqələri, əkin yerləri ovuc içindəki

kimi aydınca görünür. Təpənin üstündə üç qədim məzar (!), əhatəsində isə Islamda mühüm rəqəm sayılan «12» ədəd

kəhrizin yeri qalıb və bir neçəsindən hələ də Araz çayı istiqamətinə su axır.

Qeyd  edək  ki,  kəndin  «Şahtaxtı»,  iydəliyin  də  pirə  çevrilərək  «İydəli  Pir»  adlandırılmasının  məhz  bu

məkanda sufi xanəgahının yerləşməsiylə əlaqəli olduğu haqda K.N. Smirnovun yazdıqlarını sonradan baş verən bir

sıra mühüm hadisələr  nəsil şəcərəsi Həzrəti Əlinin nəvəsi İmam Zeynəlabidinə gedib bağlanan və Hicaz – Məkkə

və  Mədinə  bölgəsindən  əvvəlcə  İraqa,  oradan  Irana    Xorasana,  oradan  Mərənd  yaxınlığındakı  Hərzən  deyilən

bölgəyə, oradan da Naxçıvanadək gəlib çıxmış böyük bir seyid ocağının bu torpaqları uzun əsrlər özlərinin daimi

yurd yerləri seçmələri də təsdiqləyir.

Seyidlər  kimlərdir,  haradan  və  hansı  səbəbdən  Azərbaycana,  о  cümlədən  Naxçıvana    Şahtaxtıya

gəliblər və niyə məhz bu məkanlarda yerləşiblər  bu haqda ayrıca  geniş araşdırmamız mövcuddur. Qısaca olaraq

onu deyək ki, Peyğəmbər soyunun davamçıları sayılan seyidlərin Şahtaxtı kəndinin ikinci dövr məskunlaşmasında

(niyə  “ikinci  məskunlaşma”  deyilir,  bu  haqda  da  aşağıda  geniş  bəhs  edilib    E.Ş.)  və  kəndə  rəhbərliyin  həyata

keçirilməsində  çox  əhəmiyyətli  rolları  olub  və  bu  fakt  hazırda  Azərbaycan  Milli  Arxiv  İdarəsində  saxlanan

sənədlərdə  də  öz  əksini  tapıb.  Həmin  sənədlərdə  Şahtaxtı  kəndindəki  üç  nüfuzlu  tayfa  başçısından    Yüzbaşı

Məhəmməd Rza bəydən, I İsa Sultandan və «Böyük Seyid» ləqəbli Mir Abdulla Ağadan bəhs edilir.

Rus  çarının  fərmanına  uyğun  olaraq,  Naxçivan  ərazisində  olan  bəy,  sultan,  axund,  molla,  seyid  və

keşişlərin 1842  ci ildə ayrıca  qeydiyyatının aparıldığı siyahıda da о dövrdə Şahtaxtıda bir nəfər bəyin  Hüseyn

bəy Məmməd Rza bəy oğlunun, bir nəfər seyidin  Mir Abdulla Ağa Mir Məhəmməd oğlunun və bir nəfər sultanm

 Məşədi Tağı Sultan Hacı Isa Sultan oğlunun adları qeyd olunub.

Arxiv sənədlərindən məlum olur ki, Şahtaxtı kəndinin sonrakı inkişafında bu üç şəxsin, eləcə də onların

başçılıq etdiyi tayfaların özünəməxsus rolu olmaqla yanaşı, həm də hər biri Azərbaycana neçə  neçə tanınmış sima

bəxş edib.

Məsələn, 1831  ci ilin siyahısında Məşədi Tağı Sultanın atası kimi adı çəkilən Hacı İsa Sultan sonradan

«Şahtaxtinski»  soyadını  daşıyan  məşhur  nəslin  başçısı  sayılır.  İsa  Sultanın  nəslinin  davamçıları    övladları  və

nəvələri  Naxçıvanın  Rusiyaya  ilhaq  edilməsindən  sonra  Çar  Rusiyasının  «yeni  zadəganlıq  sinfi  yaratmaq»

siyasətinə  uyğun olaraq,  XIX  əsrin  ortalarında  «Şahtaxtinski»soyadını alıblar  və  elə  son  170  ildə  də  daha  çox  bu

soyadla  tanınıblar.  Bu  tayfa  Məmmədağa  Şahtaxtinski,  Behbudağa  Şahtaxtinski,  Əbülfət  Ağa  Şahtaxtinski,  II  İsa

Sultan Şahtaxtinski, Adilə Şahtaxtinskaya, Elmira Şahtaxtinskaya, Leyli Şahtaxtinskaya, Zəhra Şahtaxtinskaya kimi

məşhur  simaları  Azərbaycana  bəxş  edib  və  onların  xidmətləri  barəsində  elmi  ədəbiyyatda  kifayət  qədər  geniş

materiallar var...

1831    ci  ilin  siyahıya  alınmasında  “Böyük  Seyid”  ləqəbiylə  göstərilən  Mir  Abdulla  Ağa  isə

Şahtaxtıdakı ilk seyidlər sülaləsinin əsasını qoymuş şəxsdir. Sonradan bu ocaqdan bütün Naxçivan, İrəvan, Maku,

Xoy  və  Mərənd  istiqamətində  məşhur  olan  Hacı  Seyid  Mir  Mehdi  Ağa  çıxıb  ki,  onun  bütün  mahalda  nüfuzlu,

sülhpərvər,  barışdırıcı  şəxs  kimi  tanınması  faktını  tanınmış  Cənubi  Azərbaycan  yazıçısı  Pənahi  Makulu  Şeyx

Məhəmməd  Xiyabanidən  bəhs  edən  «Xiyabani»  romanında  da  qeydə  alıb.  Məlumat  üçün  bildirək  ki,  Pənahi

Makulu  bu  tarixi  romanında  Hacı Seyid  Mir  Mehdi  Ağanı erməni    müsəlman  davasının  qarşısının  alınmasında

kömək  üçün  üz  tutulan  “Şahtaxtılı ağsaqqal”  kimi  təqdim  edib  (Bax.  P.Makulu,  «Xiyabani»,  səh,196).  1842    ci

ildə  Şahtaxtıda  doğulan  Hacı Seyid  Mir  Mehdi  Ağanın  özü  və  övladları,  eləcə  də  qardaşı  Seyid  Abbasın  özü  və



övladları, onların fəaliyyətləri barədə də ayrıca geniş araşdırmamız var. Qısaca olaraq, bildirək ki, həm Hacı Seyid

Mir  Mehdi  Ağanın,  həm  də  Seyid  Abbasın  nəslindən  nəinki  Naxçivan  və  Azərbaycan,  eləcə  də  keçmiş  SSRİ

məkanında kifayət qədər yaxşı tanınan bir neçə nüfuzlu şəxs çıxıb...

1831    ci  ilin  kameral  siyahıya  alınmasında  Şahtaxtıdakı 43  ailədən  19    nun  başçısı kimi  göstərilən

Yüzbaşı Məmməd Rza bəy İmamqulu bəy oğlunun isə Kəngərli tayfasının «Cəmşidli» qoluna aidliyi qeyd edilib ki,

Kəngərlilər  haqda  da  elmi    tarixi  ədəbiyyatlarda  kifayət  qədər  geniş  və  olduqca  maraqlı,qürurverici  məlumatlar

var...

«Böyük köç» və Şahtaxtıda ikinci məskunlaşma dövrü

Qeyd edək ki,  1828    ci  ildə  imzalanan  «Türkmənçay» müqaviləsiylə  Rusiyaya  birləşdirilən  Naxçivan

ərazisində  1831    ci  ildən  başlayaraq,  hər  10  ildən  bir  keçirilən  əhali  siyahıya  alınmalarında  Şahtaxtı  kəndi

əhalisinin say tərkibi haqda kifayət qədər maraqlı, həm də ciddi araşdırmalara rəvac verən məlumatlara rast gəlinir.

Məsələn, 1831  ci ildə Şahtaxtıda 43 evdə 171 nəfərin yaşadığı və onların da 91  nin kişi, 80  nin qadın olduğu

göstərilib. l873  cü il siyahıyaalınmasında isə Şahtaxtıda 83 ailənin (731) yaşadığı, onların 371 nəfərinin kişi, 360

nəfərin  qadın  olduğu  göstərilib.  Diqqət  yetirsək,  görərik  ki,  42  ildə  fərq  40  ailə  və  560  nəfərdir!  Deməli,  bu

rəqəmlər  onu  təsdiqləyir  ki,  Şahtaxtıda  sürətli  məskunlaşma  XIX  əsrin  ortalarından  sonrakı  dövrə  təsadüf  edir.

Belədə isə haqlı olaraq ortaya sual çıxır: görəsən, e.ə. VI  IV minilliklərdən başlayaraq, intensiv istifadə olunan,

е.ə.  II  minillikdə  isə  ətrafi  qala  divarlarıyla  möhkəmləndirilmiş  bu  qədim  yaşayış  məskənində  XIX  əsrin

əvvəllərində nədən bu qədər az adam yaşayıb?!

Araşdırmalarımız zamanı biz bu sualın da cavabını tapdıq. Məlum oldu ki, Şahtaxtının tarixində əslində

iki məskunlaşma dövrü olub: birinci mərhələ 1605  ci ilə qədərki dövrü, ikinci mərhələ isə XVII əsrin ortalarından

ta  XIX  əsrin  sonlarınadək  olan  dövrü  əhatə  edir.Tarixdən  məlumdur  ki,  1605    ci  ildə  Səfəvi  şahı  Şah  Abbas

Osmanlı imperatorluğunun  hücumundan  narahat  olaraq,  Arazın  sol  sahilinin  tamamilə  yandırılması,  dağıdılması,

ərzağın  və  əhalinin  bölgədən  çıxarılması haqda  fərman  imzalamışdı və  bu,  Azərbaycan  tarixinə  «Böyük  sürgün»

kimi düşüb. Elmi mənbələrdə yer alan məlumatlarda bildirilir ki, həmin vaxt Naxçivan ərazisindən 70 minə qədər

adam İranın cənub və şərq vilayətlərinə, о cümlədən Xorasana köçürülüb. Elə sərhəddə yerləşən Şahtaxtı kəndi də

Səfəvi    Osmanlı müharibələrində  mühüm  rol  oynayan  məntəqələrdən  biri  kimi,  1605    ci  ilin  məşhur  «Böyük

sürgün»ündən ən çox ziyan çəkən və tamamilə dağıdılan, əhalisi isə bütünlüklə köçürülən yaşayış məskənlərindən

olub.

Maraqlıdır  ki,  Şahtaxtı  kəndinin  tarixindən  bəhs  edən  rəvayətlərdə  də  daha  çox  hansısa  «köç



hadisəsi»ndən  geniş  bəhs  olunur.  Həmin  rəvayətdə  deyilir  ki,  bu  kəndin  sakinləri  əsas  etibarilə  qan  düşmənçiliyi

əsasında  İrandan  köçüb  gələnlər  olub,  ancaq  onların  qan  düşmənləri  olan  «Zavallar»  tayfası hücum  edərək,  kənd

əhalisini tamamilə qırıb, sərvətini də talan edərək gediblər. Guya, hücum zamanı kənddən yalnız çöldə cüt sürən iki

nəfər    ata  və  oğul  sağ  qalıblar  ki,  onlar  da  qorxularından  öküzlərini  də  götürərək,  Məkkəyə  qaçıblar.  Həmin

rəvayətə görə, Məkkədə məskunlaşan bu ata  oğul bir gün ziyarətə gələnlər arasında həmvətənləri İsa Sultan adlı

şəxsi görürlər və hətta ona şahtaxtılıların toplayıb gizlətdikləri qənimətin yerini də deyirlər. Şərtləri də bu olur ki,

İsa  Sultan  həmin  qənimətin  hesabına  sağlamlıq  rəmzi  sayılan  hamamlar  tikdirməlidir.  İsa  Sultan  Məkkədən

qayıtdıqdan  sonra  qəniməti  tapır  və  sözünə  əməl  edərək,  təkcə  Şahtaxtıda  yox,  hətta  Naxçıvanda,  Cəhri  və

Yengicədə də hamam tikdirir.

Qeyd edək ki, bu rəvayətdə kəndin tarixi ilə bağlı müəyyən həqiqətlər olsa da, tam reallığı əks etdirmir

və  qismən  təhrif  olunmuş  şəkildə  çatdırılır.  Əsl  həqiqətdə  isə  rəvayətdə  bəhs  edilən  köç  və  talançılıq  məhz  tarixi

sənədlərdə  yer  almış  1605    ci  ildəki  «Böyük  sürgün»  hadisəsi    Səfəvilərin  Osmanlılara  qarşı  tez    tez  tətbiq

etdikləri  «yandırılmış  torpaq»  taktikası  olub.  Orta  əsrlər  dövründə  rəqib  ölkələrin  bir    birlərinə  qarşı  istifadə

etdikləri bu taktikanın əsas özəlliyi о idi ki, hücum edən qoşunun ac  susuz qalması, yerli əhalinin onları ərzaqla

təmin  etməməsi  və  əsir  alınmaması  üçün  qoşunların  keçdiyi  istiqamət  boyu  bütün  əhali  köçürülür,  ot    ələf

yandırılır,  sığınacaqlar,  qalalar  dağıdılır,  hətta  quyu  suları  da  zəhərlənirdi.  Və  tarixi  mənbələr  göstərir  ki,  I  Şah

Abbasın Araz  boyu  Osmanlılara  qarşı tətbiq  etdiyi  bu  taktika  özünü  doğruldub    Naxçıvana  yürüş  edən  Osmanlı

ordusu xeyli çətinliklərlə üzləşərək, sonda məğlub olaraq geri çəkilib...

Osmanlı  Səfəvi müharibələri zamanı bütün Naxçivan ərazisində sabitlik yalnız 17may 1639  cu ildə 

«Qəsri  Şirin»də imzalanmış sülh müqaviləsindən sonra mümkün olub. Bu müqaviləyə görə, Naxçivan Səfəvilərin




nəzarətinə keçib, dağıdılmış ərazilərdə, о cümlədən Arazboyu bölgələrdə təkrar məskunlaşma, quruculuq işləri isə

müqavilədən  sonrakı  illərdə  olub.  Keçid  məntəqəsi  kimi  ən  çox  dağıntıya  məruz  qalan  Şahtaxtıdan  da  İranın

müxtəlif  bölgələrinə  köçənlərin  tədricən  öz  yerlərinə  qayıtması, təkrar  məskunlaşma  və  quruculuq  işləri  məhz  bu

dövrə  təsadüf  edib,  1747    ci  ildə  İran  şahı Nadirin  ölümündən  və  Kəngərli  tayfasının  başçısı Heydərqulu  xanın

rəhbərliyi ilə Naxçivan xanlığının yaranmasından sonra isə proses daha sürətlə aparılıb.

Xatırladaq ki, Şahtaxtı kəndi də Naxçıvanın digər əraziləri kimi, о vaxt bölgənin əsas hakim tayfası olan

Kəngərli  xanlarına  və  bəylərinə  məxsus  torpaqlar  sayılırdı.  Ümumiyyətlə,  1603    cü  ildən  etibarən,  istər  Iran

şahlarının,  istərsə  də  Osmanlıların  işğalı dövründə  Naxçivan  əldən    ələ  keçsə  də,  bölgənin  idarəçiliyi  həmişə  о

dövrün  ən  cəsur  və  igid  tayfası  sayılan  Kəngərlilərə  tapşırılırdı.  Tarixi  qaynaqlar  göstərir  ki,  istər  Səfəvilərin,

istərsə də Əfşarların və Qacarların dövründə Kəngərlilər şah sarayında ən önəmli postları tutublar, sədaqətlərinə və

igidliklərinə  görə,  süvari  qoşunun özəyini  təşkil ediblər.  Bu  səbəbdən  də,  Naxçıvanın idarəçiliyi  həmişə  Kəngərli

tayfasının  öhdəsində  olub.Öz  növbəsində,  Kəngərlilər  də  bölgənin  idarəçiliyini  Iran  şahlarıyla  razılaşdırmaqla,

onların sədaqətlərinə güvəndikləri nüfuzlu tayfa başçılarının vasitəsi ilə həyata keçirirdilər ki, şahtaxtılı I İsa Sultan

da belələrindən sayılırdı.  Onun özünün və babalarının İran şahının qoşununda xidmət keçdikləri və buna görə şah

sarayında yüksək nüfuza malik olduqları, «Sultan» titulunun da onlara məhz şah tərəfindən verildiyi söylənilir.İsa

Sultanın  doğum  tarixi  hələlik  bizə  bəlli  olmasa  da,  Naxçivan  Dövlət  Arxivində  saxlanılan  sənədlərdə  onun  ölüm

tarixi  kimi,  1839    cu  il  göstərilib.  Şahtaxtinskilərin  nəsil  şəcərəsini  hazırlayan  Naxçivan  Dövlət  Universitetinin

rektoru,  akademik  İsa  Həbibbəyli  və  AMEA    nın  Naxçivan  Bölməsinin  əməkdaşı,  yorulmaz  tədqiqatçı  Musa

Quliyev I İsa Sultanın atasının adının Şahsultan olduğunu yazıblar. Ancaq təəssüf ki, Şahsultanın ata  babalarının

kimliyi haqda hələlik tədqiqatçılar qəti söz deməyə çətinlik çəkirlər. Hazırda Naxçıvanda Isa Sultanın tayfasını yerli

Kəngərlilərin bir qolunun törəməsi kimi qəbul edənlər də var, əslən Cənubi Azərbaycandan gəldiyini iddia edənlər

də...


İki tayfa başçıs ının dostluğunun açılmayan sirri...

Onu da qeyd edək ki, Şahtaxtıdakı tayfa başçılarından iksinin  «Şahtaxtinski»lərin əcdadı İsa Sultanla

“Böyük Seyid” Mir Abdulla Ağa arasında həm də uzun illər dillərdə dolaşan six dostluq münasibətləri olub və bu

dostluq  hər  iki  şəxsin  övladları arasında  da  davam  etdirilib.  I  İsa  Sultanın  «Böyük  Seyid»  Mir  Abdulla  Ağa  və

qardaşları  ilə  (1831    ci  ilin  arxiv  sənədlərində  «Böyük  Seyid»in  qardaşları  Mir  Əsəd  və  Mir  Fətulla  olaraq

göstərilib) six dostluq münasibətlərində olması daha çox onun Peyğəmbər nəslinə, Həzrəti Əli övladlarına hörməti

ilə izah edilsə də, əslində bunun daha dərin  ciddi araşdırmaya ehtiyacı olan kökləri, səbəbləri var. Daha doğrusu,

Naxçıvanda orta əsrlər dövründə mövcud olan dini   siyasi cərəyanları araşdıran  bəzi  tədqiqatçıların  fikrincə,  Isa

Sultanın babalarıyla «Böyük Seyid»in babaları vaxtilə eyni dini təriqətin  «səfəviyyə»nin təmsilçiləri olublar və bu

ideoloji  yaxınlıq  sonradan  onların  övladlarını  da  birləşdirib.  Hətta  K.N.Smirnova  istinad  edən  bəzi  tədqiqatçılar

XIX  əsrin  əvvəllərində  Naxçıvanda  mütərəqqi  dini  cərəyan  sayılan  «şeyxilik»in  geniş  yayıldığını  və  Kəngərli

xanlarından Ehsan xanın və onun oğlu İsmayıl xanın, həmçinin əksər Kəngərli bəylərinin bu təriqətin davamçıları

olması  haqda  fikirləri  əsas  gətirərək,  Şahtaxtıdakı iki  tayfa  başçısını birləşdirən  xətt  kimi,  «şeyxilik»in  üzərində

dururlar...

İsa  Sultanla  «Böyük  Seyid»  arasındakı dostluğun  səbəbləriylə  bağlı söylənən  daha  bir  ehtimal  isə  hər

ikisinin  əcdadlarının  Cənubi  Azərbaycanın  Hərzən  deyilən  ərazisindən  gəlməsi  və  yaxud  aralarında  hansısa

qohumçuluq münasibətlərinin mövcudluğu ilə bağlıdır.

Daha ciddi və bizim də yaşlı nəsllərin söylədiklərinə əsasən üzərində dayandığım ehtimal odur ki, həm

İsa  Sultanın,  həm  də  “Böyük  Seyid”in  babaları  1605    ci  ilin  «Böyük  Sürgün»ü  vaxtı  Naxçıvandan  Hərzənə

köçüblər,  ikinci  məskunlaşma  dövrü  isə  yenidən  birgə  Naxçıvana    Şahtaxtıya  qayıdıblar.  Çünki  Hərzən

tanınnmışları  kimi,  İsa  Sultanın  da  Şahtaxtıda  və  digər  yerlərdə  hamam  tikdirməsi,  Şahtaxtı  əhalisinin  isə

məşğuliyyətində və yaşayış tərzlərində daha çox hərzənlilərsayaq davranmaları və xüsusən də Isa Sultanla hərzənli

«Böyük Seyid» Mir Abdulla və eləcə də onların sonrakı nəsilləri övladları arasında qorunub saxlanan olduqca xoş,

ilıq münasibətlər az şey demir. Tarixi qaynaqlar şahidlik edir ki, Mir Abdulla Ağanın özü və övladları ilə Hacı Isa

Sultanın  özü  və  övladları arasında  çox  möhkəm  dostluq,  bağlılıq  olub.  Bu  haqda  Naxçivan  Dövlət  Arxivində  о

dövrün əmlak mübahisələri, məhkəmələrlə bağlı saxlanan sənədlərdə kifayət qədər geniş məlumatlar var.

Eyni  zamanda,  tədqiqatlar  göstərir  ki,  1828    ci  il  Türkmənçay  müqaviləsindən  sonra  hər  iki  şəxsin



nəinki  Şahtaxtıda,  ümumiyyətlə,  Mərənd    Maku    İrəvan    Naxçıvan bölgəsində  yüksək  nüfuzları Çar  Rusiyası

tərəfindən də nəzərə alınaraq, kəndin siyasi idarəçiliyinin İsa Sultanda, dini işlərə rəhbərliyin isə “Böyük Seyid”də

qalmasına  razılıq  verilərək,  onları  Rusiya  təbəəçiliyinə  keçiriblər  və  bütün  əmlaklarının  toxunulmazlığına  da

təminat veriblər.

Şahtaxtı əhalisinin  bir  hissəsinin  Hərzəndən  gəlməsi  ehtimalını gücləndirən  daha  bir  fakt  isə  1842  və

1852  ci illərin kameral siyahıyaalınmalarında Şahtaxtıya köçən sakinlərin bəzilərinin adının qarşısında gəliş  yeri

kimi  «Çay  Hərzən»,  «Daş  Hərzən»,  «Mərənd»  və  «Persiya»  sözlərinin  yazılmasıdır.  Təəssüf  ki,  Şahtaxtının

tədqiqatçıları indiyədək bu faktları nəzərə almayıb, Hərzəndən bu qədər insanın niyə məhz Şahtaxtıya köçməsinin

səbəblərini izah etməyiblər. Halbuki, həm İsa Sultanın və Şahtaxtıda «hərzənli» kimi qeydə alınan adamların, həm

də  “Böyük  Seyid”  Mir  Abdulla  Ağanın  babalarının  elə  1605    ci  ildə  Naxçıvandan  İranın  içlərinə  doğru,  о

cümlədən  Hərzənə  köçürülən  ailələrdən  olduqları  və  sonradan    sabitlik  yarandıqdan  sonra  təkrarən  öz  doğma

torpaqlarına  Şahtaxtıya qayıtmağa qərar verdikləri daha çox ağlabatandır.



Cənubi Azərbaycanm «Qədim Hərzən»i...

Məlumat üçün bildirək ki, həm Daş Hərzən, həm də Çay Hərzən hazırda Cənubi Azərbaycanın Mərənd

bölgəsində  bir    birinə  yaxın  ərazidə  yerləşən  kəndlərdir.  Hər  iki  kəndin  əhalisi  vaxtilə  «Hərzəni    ətiq»,  yəni

«Qədim Hərzən» deyilən yerdən köçüb məskunlaşanlardır. Bəzi mənbələrdə «Qədim Hərzən»in 5, bəzilərində isə 7

min  ilə  yaxın yaşının olduğu iddia  edilir.  Hazırda  Hərzəndə  əhali  eynilə  Şahtaxtının qədim  sakinləri  kimi,  palçıq

evlərdə  yaşayır,  əsasən  heyvandarlıq  və  əkinçiliklə  məşğuldurlar.  Adətlərin  çoxu  isə,  demək  olar  ki,  eynidir.

Məsələn, orada da, Şahtaxtıda olduğu kimi, sürüyə qoçqatma adəti böyük şadyanalıqla qeyd olunur... Eyni zamanda

Hərzən ətrafındakı bir neçə yerin adına eynilə Şahtaxtıda və ona yaxın ərazilərdə rast gəlinir: məsələn, «Iydəli Pir»

Şahtaxtıda  da var, Hərzəndə də;  hazırda  Şahtaxtının üst hissəsində «Gavurqa- la» deyilən yer olduğu kimi, eynilə

Hərzənin də üst hissəsində «Gavurqala» mövcuddur...

Yeri gəlmişkən, uzun müddət ermənilər bu qalanın adındakı «Gavur» sözünün onlara xitabən deyildiyini

iddia  etsələr  də,  Hərzəndəki  araşdırmalarımız  zamanı  öyrəndik  ki,  bu  söz  daha  çox  ərazinin

müsəlmanlaşdırılmasından  sonra  dağlarda  məskunlaşmağa  məcbur  olmuş  «zərdüştilər»lə  bağlıdır.  Ümumiyyətlə,

tarixi sənədlər Şahtaxtının istər birinci, istərsə də ikinci məskunlaşma  dövründə bir nəfər  də  olsun  burada  erməni

millətindən  olan  şəxsin  yaşamadığını  sübut  edir.  Şahtaxtı  kənd  əhalisinin  1831    ci  il  siyahısındakı  43  ailədən

yalnız ikisi kürd mənşəli olub ki, onların da qarşısında xüsusi qeyd - «ömərilər» yazılıb.

Beləliklə,  bizim  araşdırmalarımız  zamanı üzə  çıxan  faktlar  göstərir  ki,  ən  azı iki  məskunlaşma  dövrü

keçən  Şahtaxtı  kəndinin  əsas  tayfaları  İsa  Sultanın  törəmələri  «Şahtaxtinskilər»,  “Böyük  Seyid”  Mir  Abdulla

Ağanın törəmələri olan seyidlər və Məhəmməd Rza bəyin başçılıq etdiyi Kəngərlilərin «Cəmşidli» qolu olub.

Daha bir maraqlı fakt isə hələ 1831  ci ildə kənddə yaşayan əksər ailə başçılarının və onların atalarının

adlarının qarşısında «Məşədi» və «Kərbəlayi» sözlərinin yazılmasıdır. Bu faktın özü də bir daha onu təsdiqləyir ki,

Şahtaxtı kəndinin ilk əhalisi Həzrəti Əli və onun övladlarına xüsusi ehtiramla, hörmətlə yanaşan kəsim olub...



Yüklə 239,97 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə