5
Avto
Stop
Babək Yusifoğlu
HAŞİYƏ: bir müddət əvvəl yaxın bir dostumun
dayısı gildəki yas məclisinə getmişdim. Dayısının
universitetin sonuncu kursunda oxuyan, yenicə
nişanlanmış gənc qızını səkidə durduğu zaman
bir yük maşını vuraraq öldürmüşdü. Sonradan
məlum olmuşdu ki, sürücü yüklərini apardığı
yerdə boşaltıqdan sonra tanışlarıyla – bizim “yaxşı
yeyib-içmək” adlandırdığımız “masada” oturub
və araqdan vurub. Sonra isə “əşi, heç nə olmaz”
deyərək gənc bir qızın taleyinə son qoymaq,
ardınca da özünün, ailəsinin həyatını cəhənnəmə
çevirmək üçün yol alıb. Hər kəs etiraf edər ki, bu
çox tükürpədici bir vəziyyətdi... Yəqin ki, kimsədə
təəccüb yaratmaz, faciəli şəkildə həlak olan həmin
qızın atasında bir maddət sonra psixi pozğunluq
yarandı.
Təsəvvür edin, bir neçə insan sadəcə “əşi, heç nə
olmaz”ın ardınca orqanizmə daxil olan spirtli içkinin
qurbanına çevrilir. Həytalar qırılır, talelər səmtini
dəyişir...
Əlbəttə, hər kəsin bildiyi, gördüyü, şahidi olduğu bu
cür faciəli hadisələr vardır. Dindirsən, hətta içkidən
imtina edə bilməyən avtomobil sahibləri belə normal
halda onun gətirdiyi fəsadlardan söhbət açar. Amma...
Təəssüf ki, bu qədər deyilməsinə, yazılmasına,
xəbərdarlıq edilməsinə, nəhayət tətbiq olunan
cərimələrə, cəzalara baxmayaraq alkaqolun təsiri
ilə yol-nəqliyyat hadisələrinin, bunun nəticəsində
də yaralanma və ölüm hallarının artması müşahidə
olunur. Ürək ağrıdan haldı, deyimi? Maraqlıdı, Qərb
mütəxəssilərinin elmi-praktik araşdırmalarından
aydın olub ki, sürücülər tərəfindən mövcud qanun-
qaydalara tam şəkildə əməl edildikdə avtomobil
qəzaları ən minumum həddə düşür. Hadisələr 100-
dən 15-18 -ə enir.
Bununla bağlı daha bir qorxunc məqama diqqəti
yönəltməyi vacib sayıram. Və bəziləri məni
qınamasınlar. Hazırda bir tendensiya istənmədən də
bu faciələri “bəsləməkdədir”. Təəccüblənməyin. Belə
hadisələrdən sonra çox zaman qəribə mühakimələr
səsləndirilir: “olacağa çarə yoxdu”, “qəzadı”, “əcəli
çatıbmış”... və s. Əstəğfürullah, mən də inanclı bir
müsəlman kimi hər şeyin Allahın əmrində olduğuna
əminəm. Çox şükür ki, Onun varlığına inamım
tamdır. Amma mən inanmıram ki, kimlərinsə spirtli
içki içməsi, sərxoşluq etməsi, araq içərək hansısa
insanı öldürməsi, uşaqları valideynsiz, valideynləri
övladsız qoyması Tanrının bəndəsi üçün bir alın yazısı
olsun. Allah canlıların əşrəfi kimi yaratdığı insana
əməllərində, seçimində muxtariyyət verib. Yəni, hər
kəs yoluna, əməlinə, seçiminə özü cavabdehdi.
Bəzilərinin səhv “məntiq”inə görə, belə çıxır ki,
insanlar hər cür pis əməllərlə, hər cür oyunlarla
məşğul olub adını da Allahın yazısı qoymalıdı??? Xeyr.
Yoxdur belə şey. Onun göndərdiyi bütün kitablarda
buyurulur ki, insanlar şərə-şeytana uymasınlar. Pis
əməllərdən uzaq dursunlar... İnsan araq içəcək, həm
özünü, həm başaqlarını dəhşətlərə düçar edəcək və
bütün bunların təsəllisini “alın yazısında” taparaq
yoluna davam edəcək... Belə bir şey ola bilərmi?!.
Bəzi ölkələrdə spirtli içki qəbul edən sürücülərə
qarşı çox sərt qanunlar mövcuddur. Bəzi hallarda
belələri çox, özü də çox yüksək məbləğdə cərimələrə
cəlb olunurlar. Elə dövlətlər də var ki, alkoqollu
halda sükan arxasında oturanlar hətta ömürlük
sürücülük hüququndan məhrum edilirlər. Yəni,
sadə dillə desək, qanunlar başqalarının həyatını
belələrindən qorumuş olur. Qəribədi ki, bizdə belə
sərt tədbirləri bəyənməyənlər də mövcuddur.
Belələri (unutmasınlar, bəhs etdiyimiz dəhşətlər
hər an onların özü, ailəsi, doğmalarıyla da baş verə
bilər) demokratiya, insan hüquqları tostlarıyla
maskalanıb humanist obrazı yaratmağa cəhddə
bulanmasınlar. Bəli, mədəsinə, nəfsinə hakim olmağı
bacarmayan şəxslərin sükan arxasında oturmasına
icazə verilməmələdi. Belələri narazı qalacaqsa
qanunların sərtliyindən deyil, nəfslərinə hakim ola
bilmədiklərindən incisinlər...
Bizdə də içkili vəziyyətdə avtomobili idarə edənlərlə
bağlı cəzaların sərtləşdirilməsinə ciddi ehtiyac var.
Düzdü, hazırda ölkəmizdəki cərimələr 500 manata
qaldırılaraq bir qədər ciddiləşdirilsə də, bu rəqəmin
daha da yüksəldiləcəyi ehtimalı gözlənilsə də faktlar
göstərir ki, bunlar yetərli deyil. Ən yaxşısı belələri
ümumiyyətlə sürücülük hüququndan məhrum
edilməlidir. Çünki söhbət insan həyatından, insan
sağlamlığından gedir. Və bütün qanunlar da ilk
növbədə cəmiyyətin, insanların təhlükəsizlini,
hüquqlarını (yaşamaq), mal güvənliyini, asayişini...
qorumağa xidmət etməlidir.