Qaydaları"nın təsdiq edilməsi haqqında azərbaycan respublikasi naziRLƏr kabinetiNİn qərari "



Yüklə 69,88 Kb.
tarix08.06.2018
ölçüsü69,88 Kb.
#47673
növüQaydalar

Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI



 

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli, 156 nömrəli Fərmanının 1.14-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri   A.Rasi-zadə

 

Bakı şəhəri, 18 mart 2010-cu il



    № 50

 

 



 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2013-cü il 21 noyabr tarixli 330 nömrəli qərarı ilə

yeni redaksiyada təsdiq edilmişdir [1]

 


 

Rezidentura təhsilinin məzmunu və təşkili

 

QAYDALARI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanına əsasən hazırlanmışdır və rezidenturada təhsilin səviyyəsinə ümumi tələbləri müəyyən edir, rezidentlərin attestasiya şərtlərini müəyyən etməklə, həkim-mütəxəssis hazırlığının səmərəliliyinin artırılmasına, təhsilin keyfiyyət səviyyəsinin beynəlxalq tibb təhsili sisteminin prinsiplərinə uyğunlaşdırılması ilə Azərbaycan Respublikasının ali tibb təhsili sisteminin dünya tibb təhsili məkanına inteqrasiyasına və verilmiş tibb təhsili sənədlərinin beynəlxalq məkanda tanınmasına şərait yaradır.



1.2. Bu Qaydalar Azərbaycan Respublikasının bütün ali tibb təhsili, elmi və tibb müəssisələrinə şamil edilir və rezidenturada təhsilin məzmununa, ixtisaslar üzrə müvafiq təhsil proqramlarına, təhsilalanların hazırlıq səviyyəsinə qoyulan tələbləri müəyyənləşdirir.

1.3. Bu Qaydaların məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə edilir:

1.3.1. rezidentura - tibb ixtisasları üzrə baza ali tibb təhsili əsasında həkim-mütəxəssis hazırlığının forması;

1.3.2. rezident - rezidenturada təhsil alan şəxs;

1.3.3. kurator - rezidentin müvafiq ixtisas üzrə zəruri olan nəzəri biliklərə və peşə vərdişlərinə yiyələnməsini təmin edən, elmi dərəcəsi, elmi adı olan və ya elmi dərəcəsi, elmi adı olmayan, praktiki təcrübəsi 10 ildən çox olan mütəxəssis;

1.3.4. klinik baza - müasir maddi-texniki bazası olan, təşkilati-metodiki, tədris, müalicə-diaqnostika və elmi tədqiqat işlərinin müasir metodları əsasında rezidentlərin hazırlığını həyata keçirən səhiyyə müəssisəsi;

1.3.5. stajorluq - rezidentin ixtisası üzrə tibb müəssisəsində ilkin iş təcrübəsi keçməsi;

1.3.6. klinik hal - tibbi praktikada bir və ya bir neçə müştərək patologiya ilə əlaqədar müşahidə olunan konkret kliniki vəziyyət.

1.4. Rezidenturada təhsil dövlət təhsil standartı və proqramlarına uyğun olaraq hazırlanmış tibb təhsili proqramları əsasında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli 95 nömrəli qərarı ilə təsdiq edilmiş "Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı"nda qeyd olunan həkim-mütəxəssis ixtisasları üzrə aparılır.

1.5. Azərbaycan Respublikasının vətəndaşları üçün rezidentura təhsili dövlət sifarişi və ya ödənişli əsaslarla həyata keçirilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər rezidenturaya ödənişli əsaslarla qəbul olunurlar. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrində rezidenturada ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

 

2. Rezidenturaya qəbul

 

2.1. Azərbaycan Respublikası vətəndaşlarının rezidenturaya qəbul planı hər bir ixtisas üzrə həkim-mütəxəssislərə ehtiyac nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təklifləri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin təqdimatı əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən müəyyən edilir.



2.2. Rezidenturaya qəbul Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılır.

2.3. Rezidenturaya qəbulun aparılması qaydaları Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilir.

2.4. Dövlət sifarişi əsasında rezidentura təhsili almış şəxslər rezidenturanı bitirdikdən sonra əmək fəaliyyətlərini 3 (üç) il müddətində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin göndərişinə əsasən dövlət səhiyyə müəssisələrində davam etdirməlidirlər. Dövlət sifarişi əsasında rezidenturaya qəbul olunanların hüquq və öhdəlikləri onlarla Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi arasında bağlanılmış mülki-hüquq müqaviləsi ilə tənzimlənir.

 

3. Rezidenturada təhsilin məzmununa və təşkilinə qoyulan tələblər

 

3.1. Rezidentura təhsili klinik bazaya malik olan ali tibb təhsili və elmi müəssisələrdə və ya Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən rezidentlərin hazırlanması üçün klinik baza kimi müəyyən edilən tibb müəssisələrində (bundan sonra - klinik baza) təşkil edilir.



3.2. Rezidenturada ayrı-ayrı həkim-mütəxəssis ixtisasları üzrə təhsil müddəti 2 ildən 5 ilə qədər olmaqla, bu Qaydaların əlavəsi ilə müəyyən edilir.

3.3. Rezidenturada təhsilin məzmunu və ona qoyulan minimum tələblər həkim-mütəxəssis hazırlığı prosesinin planlaşdırılmasını, onun həyata keçirilməsinin forma və metodlarını, tədris yükünün həcmini, tədris növlərini və ixtisaslar üzrə təhsil proqramlarına qoyulan tələbləri əhatə edir. Rezidenturada təhsil proqramında auditoriya tədris yükü həftədə 6 saatdan çox olmamalıdır.

3.4. Rezidenturada təhsil alanlar nəzəri təlim, həkim hazırlığı, ixtisas və ixtisaslaşma fənlərinin mühazirə, məşğələ, seminar, məsləhət, eləcə də kuratorun rəhbərliyi və nəzarəti altında müalicə-profilaktika işlərinin aparılması, sərbəst stajorluq formasında öyrənilməsi ilə təmin olunurlar.

3.5. Rezidenturada təhsilalanların nəzəri biliklərinin və müalicə-profilaktik işlərinin həcmi ixtisaslar üzrə təhsil proqramlarına uyğun və dövlət təhsil standartlarına əsasən müəyyənləşdirilir.

3.6. Rezidentura təhsil proqramları Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir və bu təhsil proqramları əsasında tədris planları hazırlanır.

3.7. Hər bir rezidentin hazırlığı onun fərdi iş planına müvafiq həyata keçirilir. Fərdi iş planında tədris yükünün həcmi, təsviri, müddəti və növü, habelə müalicə-profilaktik işlərinin həcmi müəyyən edilir. Fərdi iş planları rezidentura hazırlığını həyata keçirən müəssisələrin müvafiq elmi (tibbi) şuralarının iclaslarında təsdiq edilir.

3.8. Rezidentin hazırlığına bilavasitə rəhbərliyin həyata keçirilməsi üçün klinik baza kimi müəyyən edilmiş müəssisələrdə kuratorlar təyin edilirlər. Bir kuratorun ikidən çox rezidentə rəhbərlik etməsinə yol verilmir.

 

4. Rezidenturada hazırlıq

 

4.1. Rezidenturada təhsil əyani formada həyata keçirilir.



4.2. Rezidenturada təhsil dövründə rezident:

4.2.1. fərdi iş planını yerinə yetirir;

4.2.2. fərdi iş planının, kuratorun tövsiyə və tapşırıqlarının yerinə yetirilməsini əks etdirən gündəlik aparır;

4.2.3. fərdi iş planının yerinə yetirilməsi ilə bağlı hər tədris ilinin sonunda kuratorun iştirakı ilə təhsil aldığı müəssisənin elmi (tibbi) şurası qarşısında hesabat verir. Hesabatda il ərzində görülmüş işlər əks etdirilməlidir. Hesabat yazılı təqdim edilir, onun səsləndirilməsi üçün rezidentə 15 dəqiqə vaxt ayrılır. Hesabatı məqbul hesab edilən rezident dövri attestasiyaya buraxılır.

4.3. Dövri attestasiya yazılı test formasında həyata keçirilir və rezident 2 (iki) saat ərzində 50 test sualına cavab verir. Test suallarına hər düzgün cavab 2 (iki) balla qiymətləndirilir. Səhv cavablar və ya sualın cavabsız qoyulması sıfır bala bərabərdir. Testin yekununa görə 60 və ya daha çox bal toplayan rezidentlər dövri attestasiyadan keçmiş hesab olunurlar.

4.4. Dövri attestasiyadan keçə bilməyən rezidentlər 1 (bir) aydan tez olmayaraq, növbəti 2 (iki) ay müddətində təkrar attestasiya edilirlər.

4.5. Fərdi iş planının yerinə yetirilməsi və attestasiyanın nəticələri rezidentin gündəliyində əks etdirilir.

4.6. Rezidenturada hazırlığın son ilində rezidentlər ixtisas üzrə təhsil proqramında müəyyən edilmiş müddətə uyğun olaraq stajorluq keçirlər. Bunun üçün rezident Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müvafiq tibb ixtisası üzrə ölkənin tibb müəssisələrinin birinə stajorluğa göndərilir.

4.7. Təhsil müddəti başa çatdıqda, fərdi iş planını tam həcmdə yerinə yetirmiş rezidentlər yekun attestasiyaya buraxılırlar. Rezidentlərin yekun attestasiyası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təsdiq etdiyi Attestasiya Komissiyası tərəfindən ali tibb təhsili müəssisəsində aparılır.

4.8. Yekun attestasiya iki mərhələdə (yazılı test və praktiki komponent üzrə) həyata keçirilir. Birinci mərhələdə rezident 3 (üç) saat ərzində 50 test sualına cavab verir. Test informasiya texnologiyaları və xüsusi optik cihazlar vasitəsilə oxunan sual vərəqəsi üzrə aparılır. Test suallarına hər düzgün cavab 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar və ya sualın cavabsız qoyulması sıfır bala bərabər tutulur. Testin yekununa görə 40 və ya daha çox bal toplayan rezidentlər yekun attestasiyanın ikinci mərhələsinə buraxılırlar.

4.9. İkinci mərhələdə rezident tərəfindən 5 (beş) müxtəlif klinik hal araşdırılır. Klinik halların araşdırılmasına diaqnostik müayinələrin sərbəst aparılması və təhlili, müalicə tədbirlərinin planlaşdırılması, xəstələrin reabilitasiyası, profilaktik tədbirlərin aparılması, xəstəliyin gedişinin proqnozlaşdırılması kimi aspektlər aiddir. Klinik halların hər biri meyarları ali tibb təhsili müəssisəsində təyin edilən 10 (on) bal çərçivəsində qiymətləndirilir. Bu mərhələnin yekununa görə 30 (otuz) və ya daha çox bal toplamış rezident yekun attestasiyadan müvəffəqiyyətlə keçmiş hesab edilir.

4.10. Yekun attestasiyanın hər hansı mərhələsindən keçə bilməyən rezidentlər həmin mərhələ üzrə növbəti ildə yekun attestasiyadan keçməlidirlər.

4.11. Yekun attestasiyadan müvəffəqiyyətlə keçərək rezidenturanı bitirənlərə Attestasiya Komissiyasının qərarı əsasında müvafiq ixtisas üzrə "həkim-mütəxəssis" ali peşə-ixtisas dərəcəsi və müvafiq dövlət nümunəli diplom verilir.

 

5. Rezidenturada hazırlığın təşkili

 

5.1. Rezidenturada hazırlığın təşkilinə nəzarət və metodik rəhbərlik Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir.



5.2. Rezidentlərə hazırlıq keçdikləri müəssisənin daxili intizam qaydaları şamil edilir.

5.3. Rezidentlərin iş rejimi, habelə növbətçilik qaydası müvafiq təhsil proqramı və əmək qanunvericiliyi ilə tənzimlənir.

5.4. Klinik bazada hazırlığın təşkilinə və rezidentlərin hazırlanmasının keyfiyyətinə, onların sərbəst praktiki fəaliyyətə yararlı olmasına klinik bazanın rəhbəri cavabdehdir.

5.5. Kurator rezidentə gündəlik rəhbərliyi həyata keçirməklə, onun nəzəri biliklərə və peşə vərdişlərinə yiyələnməsini, fərdi iş planını yerinə yetirməsini təşkil edir.

5.6. Sosial məzuniyyət, əmək qabiliyyətini müvəqqəti itirmə və hərbi xidmət üzrə çağırış halları istisna olmaqla rezidenturada təhsil fasiləsizdir. Bu müddətlər rezidenturada təhsil dövrünə aid edilmir.

5.7. Rezidenturada hazırlıq keçən şəxslərlə klinik baza tərəfindən hər təhsil ili müddətinə əmək müqaviləsi bağlanılır.

5.8. Rezidenturada təhsil dövrü həkimin ümumi və ixtisas üzrə əmək stajına daxil edilir və ona dövlət büdcəsinin vəsaiti hesabına ümumi həkim stajına və ixtisas dərəcəsinə uyğun olaraq əməkhaqqı ödənilir.

5.9. Rezidentin nəzəri biliklərə və peşə vərdişlərinə yiyələnməsinə, fərdi iş planlarının yerinə yetirilməsinə görə kuratorun vəzifə maaşına hər bir rezident hazırlığı üçün ayda 20 (iyirmi) manat əlavə haqq ödənilir. Bu vəsait rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar üzrə dövlət sifarişi ilə hər bir təhsilalana dövlət büdcəsindən ayrılan təhsil xərclərinin hesabına həyata keçirilir.

5.10. Rezidentlər Azərbaycan Respublikasının əmək qanunvericiliyinə müvafiq olaraq əmək məzuniyyəti hüququna malikdirlər.

5.11. Bu Qaydaların xüsusiyyətləri nəzərə alınmaqla, rezidentlə klinik baza arasında əmək münasibətləri Azərbaycan Respublikasının əmək qanunvericiliyinə, müalicə-profilaktik işlərin həyata keçirilməsi ilə bağlı yaranan münasibətlər isə "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq tənzimlənir.

5.12. Rezidentlər təhsil aldıqları dövrdə baza ali tibb təhsili əsasında tutulmasına icazə verilən həkim vəzifələrində Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olaraq işləyə bilərlər.

 

6. Rezidentura təhsilinə xitam verilməsi

 

6.1. Aşağıdakı əsaslar olduqda rezidentin təhsilinə xitam verilir:



6.1.1. bu barədə rezident yazılı ərizə verdikdə;

6.1.2. əmək qabiliyyətini fasiləsiz olaraq 6 (altı) aydan çox müddətə tam itirdikdə;

6.1.3. məhkəmə qaydasında məhdud fəaliyyət qabiliyyətli hesab edildikdə;

6.1.4. attestasiyadan təkrarən keçmədikdə;

6.1.5. Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə əmək müqaviləsinə xitam verilməsi üçün müəyyən edilmiş hallarda;

6.1.6. ödənişli əsaslarla təhsilalanlar müqavilə ilə müəyyən edilmiş qaydada ödənişi həyata keçirmədikdə;

6.1.7. həkim andını və sirrini pozduqda.

 

 



İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       22 sentyabr 2011-ci il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 9, maddə 858)



2.       7 mart 2013-cü il tarixli 40 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 16 mart 2013-cü il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 03, maddə 335)

3.       24 oktyabr 2013-cü il tarixli 311 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 oktyabr 2013-cü il, № 237; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 10, maddə 1229)

4.       21 noyabr 2013-cü il tarixli 330 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 08 dekabr 2013-cü il, № 271)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

[1] 24 oktyabr 2013-cü il tarixli 311 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 oktyabr 2013-cü il, № 237; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 10, maddə 1229) ilə "Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları"nın 1.5-ci bəndinə ikinci abzas əlavə edilmişdir.



 

7 mart 2013-cü il tarixli 40 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 16 mart 2013-cü il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 03, maddə 335) ilə təsdiq edilmiş “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nın 2.7-ci bəndində “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyənləşdirilir və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir” sözləri “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyaya təqdim edilir” sözləri ilə əvəz edilmişdir.

 

22 sentyabr 2011-ci il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 9, maddə 858) ilə təsdiq edilmiş “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nın 2.8-ci bəndində “daxil edilir” sözlərindən sonra “və ona dövlət büdcəsinin vəsaiti hesabına ümumi həkim stajına və ixtisas dərəcəsinə uyğun olaraq əməkhaqqı ödənilir” sözləri əlavə edilmişdir.



 

21 noyabr 2013-cü il tarixli 330 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 08 dekabr 2013-cü il, № 271) ilə "Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları" yeni redaksiyada təsdiq edilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2010-cu il 18 mart tarixli, 50 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Rezidentura təhsilinin məzmunu və təşkili

 

QAYDALARI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və rezidenturada hazırlığın səviyyəsinə ümumi tələblər qoymaqla, yüksəkixtisaslı həkim-mütəxəssis hazırlığının səmərəliliyinin artırılmasına təhsilin keyfiyyət səviyyəsinin ümumavropa tibb təhsili sisteminin prinsiplərinə uyğunlaşdırılması şərtilə respublikanın ali tibb təhsili sisteminin dünya tibb təhsili məkanına inteqrasiyasına və respublikada verilmiş tibb təhsili sənədlərinin beynəlxalq məkanda tanınmasına şərait yaradır.

1.2. Bu Qaydalar respublikanın bütün ali tibb təhsili və elmi müəssisələrinə şamil edilməklə, rezidenturada təhsilin məzmununa, ixtisaslar üzrə müvafiq təhsil proqramlarına, təhsilalanların hazırlıq səviyyəsinə qoyulan tələbləri müəyyənləşdirir.

1.3. Rezidentura tibb ixtisasları üzrə baza ali tibb təhsili əsasında həkim-mütəxəssis hazırlığı formasıdır və burada təhsil dövlət təhsil standartı və proqramına uyğun hazırlanmış tibb təhsili proqramları əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş həkim-mütəxəssis ixtisasları üzrə aparılır.

1.4. Rezidenturada baza ali təhsili olan Azərbaycan Respublikasının vətəndaşları və əcnəbilər təhsil ala bilərlər.

1.5. Azərbaycan vətəndaşları üçün rezidentura təhsili dövlət hesabına və ya ödənişli əsaslarla aparılır.

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

1.6. Rezidenturada ayrı-ayrı həkim-mütəxəssis ixtisasları üzrə təhsilin müddəti müvafiq təhsil proqramları ilə müəyyənləşdirilir və 2 ildən 5 ilə qədər təşkil edir.

1.7. Rezidenturanı bitirən şəxslərə ixtisası üzrə “həkim-mütəxəssis” ali peşə-ixtisas dərəcəsi verilir.

 

2. Rezidenturada təhsilin məzmununa və təşkilinə qoyulan tələblər



 

2.1. Rezidenturada təhsil əyani formada həyata keçirilir.

2.2. Rezidenturada təhsilin məzmunu və ona qoyulan minimum tələblər həkim-mütəxəssis hazırlığı prosesinin planlaşdırılmasını, onun həyata keçirilməsinin forma və metodlarını, tədris yükünün həcmini, tədris növlərini və ixtisaslar üzrə təhsil proqramlarına qoyulan tələbləri əhatə edir. Rezidenturada təhsil proqramında auditoriya tədris yükü həftədə 6 saatdan çox olmamalıdır.

2.3. Rezidenturada təhsil alanlar nəzəri təlim, həkim hazırlığı, ixtisas və ixtisaslaşma fənlərinin mühazirə, məşğələ, seminar, məsləhət, sərbəst müalicə-profilaktik işlərinin aparılması və sairə formada öyrənilməsi ilə təmin olunur.

2.4. Rezidenturada təhsilalanların nəzəri biliklərinin və müalicə-profilaktik işlərinin həcmi tədris proqramlarına uyğun və dövlət təhsil standartlarına əsasən müəyyənləşdirilir.

2.5. Rezidenturada təhsilin tədris planı təhsil proqramları əsasında hazırlanır və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir.

2.6. Rezidenturada həkim-mütəxəssis hazırlığı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən baza kimi müəyyən edilmiş təhsil, elm müəssisələrində və aparıcı klinikalarda aparılır.

2.7. Azərbaycan Respublikası vətəndaşlarının rezidenturaya qəbul planı hər bir ixtisas üzrə həkim-mütəxəssislərə ehtiyac nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyaya təqdim edilir.

2.8. Rezidenturada təhsil dövrü həkimin ümumi və ixtisas üzrə əmək stajına daxil edilir və ona dövlət büdcəsinin vəsaiti hesabına ümumi həkim stajına və ixtisas dərəcəsinə uyğun olaraq əməkhaqqı ödənilir.

2.9. Həkim-mütəxəssislərin hər ixtisas üzrə hazırlığına müəssisənin rəhbərliyi tərəfindən təyin olunmuş və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş elmi dərəcəsi, elmi adı olan və ya elmi dərəcəsi, elmi adı olmayan yüksəkixtisaslı mütəxəssis (rəhbər-kurator) cavabdehdir. Hər bir kuratora, iki nəfərdən çox həkimə, eyni zamanda rəhbərlik etməyə icazə verilmir.

2.10. Rezidenturada təhsil alan fərdi iş planına müvafiq olaraq təhsil aldığı müəssisənin elmi şurası (tibbi şurası) qarşısında hesabat verir və hər təhsil ilinin sonunda şura tərəfindən attestasiya olunur.

2.11. Rezidenturada təhsil alanlar attestasiyadan keçmədikdə, rezidenturadan xaric edilirlər.

2.12. Təhsil müddəti başa çatdıqda, rezidenturada təhsil alan həkimlərin yekun attestasiyası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təsdiq etdiyi attestasiya komissiyası tərəfindən ali təhsil müəssisəsində aparılır. Rezidenturanı müvəffəqiyyətlə bitirənlərə müvafiq dövlət nümunəli diplom verilir.

 

3. Rezidenturaya qəbul



 

Rezidenturaya qəbul qanunvericiliklə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılır.

 

 
Yüklə 69,88 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə