Q.Ə. Pirquliyeva bdu-nun dosenti, t.ü. f d



Yüklə 44,8 Kb.
tarix02.01.2018
ölçüsü44,8 Kb.
#19445

Q.Ə.Pirquliyeva

BDU-nun dosenti, t.ü.f.d.

Azərbaycan adının tarixi barədə mülahizələr və faktlar (I məq.)

Dövlətimizin və xalqımızın tarixinin son yarım əsrində araşdırdığımız məsələ kifayət qədər aktuallaşmış və zaman-zaman bu mövzuya məxsusi olaraq yanaşılmasa da, müəyyən qədər ciddi elmi araşdırmalarda rast gəlmək mümkündür.Ümumiyyətlə, dünya tarix elminin son 200 ildə apardığı araşdırmalara görə dövlətlərin adlarının yaranma tarixində ümumi, bütün xalqlar tərəfindən qəbul edilmiş standartlar olmamışdı. Etnik kökün mənşəyindən, ayrı-ayrı görkəmli şəxsiyyətlərin adlarından, yerləşdikləri yerin adlarından, etnosların öz adlarından və digər uyğunluqlara görə dövlətlərin adları da qəbul edilmişdi. Konkret, “Azərbaycanda qədim çağlardan başlayaraq, ərəb işğalına qədər zaman-zaman kiçik-böyük dövlətlər yaranıb dağılmış, bölgə bəylikləri şəklində daha böyük siyasi qurumların tərkibinə daxil olmuşlar.Yazılı qaynaqlar bunların hamısından deyil, yalnız müəyyən qismindən bəhs edir.Azərbaycanda görünən Subar, Aratta, Qut, Turuk, Mana, Saqa-Qəmər, Mada, Atropaten və Alban-Aran kimi dövlətlərlə yanaşı, vaxtaşırı türk boylarının çoxlu siyasi qurumları ortaya çıxmışdı” ( 1, 61). Bu dövlət və dövlət qurumlarının bəzi atributları barədə elmdə müəyyən qədər araşdırmalar var. Yerləşdikləri cöğrafiya vaxtaşırı dəyişdirilməsinə və yaxud da müəyyən tarixi, obyektiv və təbiət hadisələrinə görə, işğallara və işğal etdikləri ərazilər hesabına kiçilən və ya böyüyən sərhədlər çərçivəsində cürbəcür xalqlar yaşasa da, əsas qurucu tayfa və tayfa birlikləri, etnoslar burada türklər olmuşlar.Atropaten və Albaniyanın zamanından dövlətçilik atributu hesab edilən pul və pul işi vacib mexanizm kimi işə düşmüşdü.



Dövlətlərin, vilayətlərin, yaxud zərbxananın fəaliyyət göstərdiyi şəhərlərin adlarının qorunub saxlanıldığı maddi-mədəniyyət nümunələrindən ən dəqiqi məhz numizmatik faktlar hesab olunur. Amma sikkələr üzərində zərb edilmədən öncə bu adlar müəyyən tarixi inkişaf keçmiş və yalnız yetkinlik cağında belə bir status almışlar.

Aradırmalara görə, Azərbaycan adının mənbələrdə qorunduğu ən qədim yazılı ölkənin etnik əraziləri çərçivəsində olan, indiki Kərkük şəhəri yaxınlığından tapılan və elmə “Karka de bet Selox” adı ilə daxil olan , Suriya abidəsi kimi tanınan və VI əsrə aid edilən əfsanənin yazılı nümunəsidir. Araşdırmalara görə, bu əfsanənin yaranma tarixi e.ə. VIII əsrə aiddir. Həmin zamanlar hələ ki, dünya miqyasında pul dəyər vahidi kimi bütün mədəniyyətlərdə qəbul edilməmişdi.Bu səbəbdən hələ vaxt etibarilə Manna çarlığı zamanına təsadüf edən bu əfsanədə sikkələr və onların yazıları deyil, vilayət kimi bu ad çəkilir. Mərhum tarixçi-alimimiz S.Əliyarlının araşdırmalarında Azərbaycan yer adının orta əsrlər tarixində-konkret olaraq, ərəbdilli mənbələrdə qeyd olunması barədə olan fikirlər bundan ibarətdir: “Ərəb tarixçisi əl-Yakubiyə görə Arran ölkəsindən yuxarı Azərbaycandır(Azərbaycan-əl Ulya). İbn Həvqəl Xəzər dənizin xəritəsini hazırlamış , sahil ərazisini Dərbənd şəhərinə qədər bütünlükdə Azərbaycan adlandırmışdı.Bundan başqa digər orta əsrlərə aid olan bəzi xəritələrdə bu ərazi eynilə Azərbaycan adlanır və böyük bir məmləkət kimi təsvir edilir.Bu ölkənin birinci hərfi olan A Zab çayı sahilində başlayır (yəni,müasir İranda, Cənubi Azərbaycanın son sərhəd hissəsində), sonuncu N hərfi isə şimalda Dərbənd şəhəri yerləşmiş nöqtə üzərində yazılmışdır.İbn-Əl Fakih və Yakut Azərbaycan sərhədlərinin Bərdə şəhərindən başlayaraq, cənub –şərqdə Zəncanvə cənub-qərbdə Ərzincana qədər olduğunu göstərirlər.IX əsrin sonlarında yaşamış olan Kudama bin Cəfər Bərdə şəhərini Azərbaycanın paytaxtı kimi qələmə vermişdi.Əbu Cəfər Məhəmməd ət-Təbəri belə yazır-709-710-cu illərdə baş verən döyüşlərdə ərəb sərkərdəsi Məsləmə bin Əbdülməlik Azərbaycan vilayətində yerləşən Əl-Bab (Dərbənd) qalasına daxil oldu.Azərbaycan sərhədlərinin əvvəli Əhər və Zəncan daxil olmaqla Həmədan şəhəri, sonuncu məkanı Xəzər Dərbəndidir.Bu aralıqda yaşayanlar iki şəhər Azərbaycan adını daşıyır” ( 2 , 115 ).Beləliklə tarixi yazılı mənbələrdə Azərbaycan yer və vilayət, həmçinin şəhər adı e.ə. VIII əsrdə, sonra eyni şəkildə ərəb işğalları zamanı məlum olmuşdu. Amma zaman- zaman yazılı mənbələrdə bu adın yazılışında müəyyən fərqlər də olmuşdu. Sasanilər dövründə ölkəmizin adı Dərbənd qala divarında pəhləvi əlifbası ilə orta fars dilində Adurbayqan kimi yazılmışdı. Gürcüdilli mənbələrdən “Kartlis tsoxreba” adlı mənbədə Adarbadaqan adının sasanilər dövründə hökmdar Viştaspın zamanında ortaya çıxdığı göstərilir (6, 19). Sözsüz ki, bu şəkildə yazılış göstərilən dilin qrammatik qaydalarına uyğun olaraq yazıldığından, transkripsiyada da bu cür forma almışdı. Mahiyyət etbarilə, eyni məna daşıyan bu yer adlarının ən dəqiq izahə fikrimizcə elə dilçi alimlərimizin araşdırmalarında verildiyi kimi, “as ərlərinin yaşadığı yer” mənasını daşıyır. Sözün düzgün semantikasını araşdıran və özünün elmi mülahizəsini irəli sürən F.Ağasoylunun fikrinə görə”müxtəlif dilli qaynaqlarda azərbaycan adı Azərbiqan və Aturpatakan variantlarına uyğun deyimlər üzrə qeyd olunmuşdur. Qaynaqlarda əksər dillərdəki örnəklər Azərbigan adının müxtəlif yazılış formalarıdır, yalnız keçmiş fars və hay dillərində Atrupatakan adının variantları görünür ki, bunlardan da Azərbaycan adının yaranması dilçilik baxımından mümkün deyil.Ərəb istilasından sonra adın sonluğuna məkan bildirən qan//kan şəkilçisi ərəb deyiminə (q-c)uyğun olaraq, -can forması almış, yalnız bir-iki fars-hay yazısında az işlənən Aturpatkan variantı aradan çıxmış, onun yerini Azərbaycan variantı tutmuşdu”(1, 107). Beləliklə, Azərbaycan adı etnotoponimdir. Göründüyü kimi, vətəndaşı olduğumuz ölkənin adı ərəblərin dövründən indiki şəkildədir. Zaman zaman dəyişilən yalnız yerli sülalələr olmuşdu. Azərbaycan dövlətinin adını dəyişib sülalələrlə vermək sözsüz ki, düzgün deyildir. Azərbaycan adının sikkələrdə zərbindən əvvəl dövlətçilik tariximizn şanlı səhifələrindən Atropatena və Albaniya kimi güclü dövlətlərin zamanında ilk dəfə yerli sikkələr zərb edilərək ən azından köhnə qitənin monetar sisteminə daxil olmuşlar.Bu fakt özü bizlərə çox şeyi dəyir.Bir müqayisə ilə bunu belə izah etmək olare.Əgər Makedoniyalı İsgəndərin ölümündən sonra onun işğal etdiyi yerlərdə oxşatma sikkələr kütləvi şəkildə zərb edilmişsə, niyə belə sikkələrdən yalnız 3 ədədi indiki Orta asiyadan tapılmışdır? Yaxud məşhur Amudərya dəfinəsindəki oxşatma sikkələr harada zərb edilmişdi və niyə uzun onillərdir bu sikkələrin zərb tarixi məsləsi elmdə problem olaraq qalmaqdadır? Amma ölkəmizdə keçən əsrdə 3 böyük dəfinənin tərkibində( Xınıslı, Qəbələ , Ağsu, Lənkəran) xeyli miqdarda yerli oxşatma sikkələr vardır. Bunlarda başqa demək olar ki, vaxtaşırı arxeoloji qazıntılardan bu cür sikkələr tək-tək tapılmaqdadır. baxmayaraq ki, makedoniyalı İsgəndər yaşadığı zaman Orta Asiya ərzilərinə böyük önəm vermiş, orada şəhərlər,qalalar tikdirmişdi. Suallar bu sahədə əlbəttə hələ də açıqdır.Bundan başqa 100 ildən artıqdır ki, dünya numizmatika elmində varvar oxşatmalar mövzusu ən aktual hesab edilir və müzakirələr cürbəcür kontektdən davam edir.

Əvvəla Albaniyanın, yaxud da daha dəqiq ifadə etsək Qafqaz deyil, Azərbaycan Albaniyasının ərazisində sikkə zərbinin başlanması və davam etməsi səbəblərini, özəlliklərini araşdırdıqda maraqlı faktlar üzə çıxdığını qeyd etmək lazımdır.2009-cu ildə rus alimi V.Qladkiy tərəfindən çap olunan “Numizmatın lüğəti” adlı kitabda varvar, oxşatma, bənzətmə sikkələrin tərifi belə yazılır: “Antik dövrün sikkələrinin kobud şəkildə zərb edilmiş oxşarlarıdır.Əsasən Yunan-Roma təsiri və işğalı altında olan ölkələrdə qonşu xalqlar tərəfindən hazırlanaraq dövriyyədə olmuşlar”(7,32). Demək söhbət varvar, barbar xalqlardan gedir. Əslində bu düzgün ifadədir. Belə ki, yunanlar işğal etdikləri yerlərin əhalisini tanımadıqlarına görə barbarlar adlandırmışlar. Numizmat alimlər də ilk dəfə aşkar edilən belə sikkələri varvar və yaxud barbar oxşatmaları adlandırmışlar. İkinci səbəb kimi sikkələrin hər iki tərəfində zərb işinin əvvəlində, yəni e.ə. III əsrdə həqiqətən də İsgəndərin üz quruluşu-epikantus, saç düzümü( yaxud düzümsüz saç), göz quruluşu və s. Bizim ən azından Səmərqənd şəhər yerində divarda qalan makedoniyalı İsgəndərə heç oxşamır. Bu böyük ölçülü, iri və kobud üz cizgiləri olan insanın baş quruluşudur. Hakimiyət rəmzi hesab olunan diadema və yaxud tiara-yəni tac formaları burada yoxdur. Ən azında başın arxa tərəfindən bağlanan lent belə görünmür. Ola bilər ki, yerli hökmdarın üz quruluşuna oxşadılmışdı bu portret. Elmi ədəbiyyatda bizim yerli hökmdar obrazı adlandırdığımız obrazı”naməlum çar” adı ilə təqdim edirlər. Halbuki Albaniyanın hökmdar adları tam da olmasa elmdə müəyyən qədər vardır. İlk belə sikkələrin reversindəki obrazda omfaldaoturmuş fiqur(Apollon?), sağ əlində ox, sol əlində yay, sağda anlaşılmayan hərflər vardır, kimi təsvir edilir(3, 35). Albaniyanın yerli əhalisinin müəyyən müddət ellin təsiri altında olması kifayət qədər elmdə öz əksini tapmışdı. Amma Apollona sitayiş məsləsi yoxdur. Həm də İsgəndərin sikkələrində əsas tanrı obrazı zevsdir. Niyə burada Apollon olmalıydı ? Demək hörmətli numizmatımız Ə.Rəcəbli düzgün olaraq bu sözün qarşısında sual işarəsi yazmışdı. Bu yüzillikdə Azərbaycana həm etnik kök, həm də coğrafi baxımdan yaxın olan tür parn-yaxud part tayfaları tərəfindən Parfiya-Ərsakilər dövləti yaranmışdı. Bu dövlətin sikkələrinin aversində hakimiyyətdə olan hökmdarın sinədənyuxarı portreti, əks tərəfdə eyni quruluşda omfalada-taxtda oturan, üzü sağa tərəf baxan, əlində ox və yay tutan hökmdar obrazı və ətrafında yunan əlifbasında, erkən dönəmdə isə türk-runi əlifbasında olan yazılar vardır. Ümumiyyətlə, əlində ox və yay tutan insan obrazına ilk dəfə Qobustan qaya rəsmlərində tunc dövrünə aid olan qayaüstü rəsmlərdə rast gəlirik.Eyni obrazlar Gəmiqaya abidəsində də çoxluq təşkil edir. Demək bu obraz bizim xalqımıza yad deyidi.Obrazın əsas atributu olan ox və yayın kəşfi mezolitdən başlasa da uzun minilliklər güc, hakimiyyət rəmzi kimi başa düşülmüşdü.Bu cür obrazların sikkələr üzərində ilk zərbi Əhəmənilər dönəminin sonuna doğru özünə yer tapmışdır.Demək, bu tanrı obrazı deyil, simvolik olaraq güclü hakimiyyət rəmzidir.

Elmi ədəbiyyatda mövcud olan Azərbaycan Albaniyasının sikkələrinin fotolarında maraqlı faktlardan biri e.ə. III yüzillikdən –I yüzilliyə qədərki 300 illik vaxtda hökmdar, yəni oxşatma hökmdar obrazlarında olan kəskin fərqi görmək mümkündür.Fərq yalnız insan –kişi obrazlarında deyil, yəni üz quruluşunda və s.fərqi daha çox təxminən e.ə.II yüzillikdə zərb edilən sikkələrdə daha aydın görmək mümkündür. Belə ki, artıq başı açıq, yəni tacsız hökmdar obrazı deyil, taclı insan obrazları meydana gəlir.Bu fərqi daha çox tetradraxmalarda görmək olur. Portretin baş geyimindəki dəbilqə yəqin ki, metaldan tökmə üsuslu ilə, mükəmməl şəkildə hazırlanmış , alın hissəsinin ortasında üzü yuxarı başı yüksəyə tərəf qatlanmış ilan obrazı aydın seçilir. Dəbilqə, yaxud döyüş geyimin bir hissəsi başın alnından üzü aşağı qulaqları da örtsədə, ənsə hissə açıqdır və oradan insanın güclü, qıvrım saç quruluşunu görmək mümkündür.Saçlar sanki hörülmüşdür.İlan bir çox dünya xalqlarında ümumiyyətlə güclü ruh, hakimiyyət, sirli qüvvə simvolu kimi qəbul olunmuşdur.İsgəndərin baş geyimi-dəbilqələrində öküz başı forması, buynuzları ilə sikkələrdə göstərilmişdi. İlan obrazı onun yaşadığı dövrdə zərb etdiyi sikkələrdə demək olar ki, bizə rast gəlməmişdir. Öküz obrazı dünyada güclü dövlət rəmzi kimi qəbul edilmişdir. Hər iki obrazı-ilan və öküz şəkillərinin hakimiyyət rəmzi kimi Misir ehramlarının divar bəzəyi vaxtından deyil, elə neolit dövrü Qobustan, tunc dövrü Gəmiqaya obrazlarından götürsək, xronoloji çərçivənin kəskin fərqini öz abidələrimiz xeyrinə olduğunu görərik. Təxminən 100 il sonra , yəni e.ə. I- e.I əsrinə aid edilən gümüş tetradraxmaların aversində artıq hökmdar obrazı girdəsifət deyil, uzunsov baş quruluşuna malikdir, dəbilqə formasında eyni başın orta hissəsində alın nahiyəsində qurd obrazını görmək mümkündür.Üzü yuxarı duran qurdun ağız və baş hissəsi hökmdarın qoruyucusu və hakimiyyət rəmzidir.saç düzümü iki yan-yana hörülmüş, çiynindən sinəsinə tərəf göstərilmişdir. Yuxarıda göstərilən hər üç tip insan obrazları olan sikkələrin reversində təxmin edilən tanrı (yaxud sülalə başçısı-hökmdar-Q.P.)obrazlarının arxa hissəsində stilizə edilmiş və oxunmayan hansısa işarələr-hərflər vardır. Əgər həqiqətən burada yunan mifologiyasının tanrıları olsaydı, onların adları yunan əlifbasında yazılardı ki, bu ellin dünyasında zərb edilən sikkələrdə tam olaraq oxunur. Albaniyada bu cür bənzətmə, barbar –varvar sikkələrin 10-larla cürbəcür ştempel-möhürləri sikkələrdə izlənilir. Amma oxşatma sikkələrdə adətən dünya da eyi dövr zərbetmə təcrübəsinə diqqət yetirdikdə yalnız 1-2 ştempelin olduğunu və bir-birini əvəz etdiyini izləmək mümkündür. Azərbaycan Albaniyasında 300 ildə təxmini hesablamalarımıza görə, apardığımız ikonoqrafik analizlərə hər 25-30 ildən bir ştempel-möhür dəyişilir.İnsan portretləri bir-birini bu vaxt aralıqlarında bir-birini təkrar etmir, yazılarda stilizə məsləsi get gedə geclənsə də 4-5 hərfin yazılışı ən azı say hesabına görə qalmaqdadır.Ən birinci draxma və tetradraxmalarda olan insan obrazı sonrakı yüzilliklərdə ümumiyyətlə təkrarlanmır. Bizim araşdırmalarımıza görə e.ə. III əsrdə sikkə zərbi işini başlayan yerli Albaniya hökmdarları qısa bir müddətdə çəki nisbətini və digər mütroloji məsələləri o qədər də dəyişməslər də, ikinci partiyada, təxminən artıq öz pobrazları olan yerli sikkələri dövriyyəyə buraxmışlar.Zaman-zaman hakimiyyət dəyişikliyi baş verdikcə ənənə saxlanılsa da, real hökmdar obrazları sikkələrdə yer tapmaqdadır.Antropoloji quruluşa görə bunlar dolokokefal olaraq, əsasən uzunsov baş quruluşuna malik olan və bütün elementləri ilə yerli türk tayfalarının nümayəndələridir. Bu sikkələr ən azından e.ə.III əsrin ikinci yarısından varvar oxşatma deyil, yerli sikkə zərbidir.Sikkələrin zərb işində Parfiya dövlətinin sikkə zərbi işinin də müəyyən təsiri izlənilir.

Tərəfimizdən IV tip adlandırılan nadir sikkə nümunəsinin tetradraxmanın aversində sola tərəf hərəkət edən şir obrazı, reversində yunan mifologiyasında n tanrı obrazı –Apollon, əlində əsa( simvolizə edilmiş ilan obrazı)-hakimiyyət simvolu vardır.Sikkə e.ə.III əsrə aid edilir (3, 45). Şir obrazı- sağa və ya sola yönəlmiş şəkildə hərəkətdə olaraq sikkələrdə zərb tarixi xanlıqlar dövrünün sonuna qədər davam etmişdir.Bu gün Bakının –İçəri Şəhərin loqotipi Şamaxı qapıları üzərindəki-ortada öküz başı və həriki tərəfdə şir obrazları yaşamaqdadır. Bizim xalqın mifologiyasında şir ən güclü heyvan, qoruyucu qüvvəyə malikm olan canlıdır.Bu yaxınlara qədər döyüşlərdə vuruşan qəhrəmanları belə şirə bənzətmişik. Yunan Apollon tanrısının qoruyucu qüvvələrindən biri də onun yanında duran şir obrazı olmuşdur.

Başqa bir məsələni də xüsusi qeyd etmək lazımdır. Azərbaycan Albaniyası termini ən son əsrlərində dəqiqliklə istifadə edən hörmətli arxeoloq alimiz H.Ramazanlıdır. Biz onunla tam razıyıq və bu sadəcə əsassız mövqe yazınlığı deyildir. Bu dövlətdə zərb edilən sikkələrin yalnız öz ərazilərində dövriyyədə olduğunu, daxili əmtəə-pul münasibətlərində istifadə edildiyini biz də bəzən əsərlərimizdə yazmışıq. Amma son illərin əcnəbi alimlərin bəzilərinin araşdırmalarında bu məsləyə başqa cür yanaşılır. Dünya şöhrətli numizmat-arxeoloq alim E.V.Rtveladze ümumiyyətlə İsgəndərin ölümündən sonra periferiyaları belə oxşatma sikkələrlə təmin edən ölkənin Albaniya olduğunu qeyd edir ( məqalə Bakıda keçiriləcək Beynəlxalq konfrans materiallarında çapdadır-Q.P.).Bunun əsas səbəbi kimi, gümüş yataqlarının zənginliyi ilə əlaqələndirir. Başqa bir məslə şamaxı-Xınıslıdan tapılan dəfinədə xeyli miqdarda Baktriya sikkələri vardır. Bu dəfinədəki sikkələri baktriyanın oxşatma sikkələri kimi elm tanımır. Ehtimal etmək olmazmı ki, bu bizə e.ə. III əsrdə qısa müddətdə Azərbaycan Albaniyasının baktriya ərazisinin təsiri altında olması, yaxud xüsusi ticarət əməliyyatının həyata keçirilməsi ilə baktriyanın sikkələri bura, bizim sikkələrimiz isə baktriyada istifadə edilmişdi. Bəlkə elə bu səbəbdən Amudərya dəfinəsindəki sikkələrin Albaniyaya aid olmasını hələ də elm qəbul etmək istəmir? Əlbəttə bu sualların cavablandırlması üçün ən azı həmin dəfinənin sikkələri ilə birbaşa çalışmaq lazımdır. Amma dəfinənin xronoloji çərçivəsi və Xınıslı dəfinəsinin Baktriya sikkələrinin zərb tarixi bu fikri hələlik təsdiq edir.

Mülahizəmizi təsdiq edən digər bir arqument Azərbaycan Albaniyasının eranın əvvəllərinə aid olan tarixində Roma sikkələrinin oxşatmaları elməməlumdur.Bu sikkələr qızıldandır.Aversdə iki təkərli arabaya 2 at qoşulmuş şəkildədir.Arabanın üstündə əlində qamçı tutan insan obrazı vardır.Eyni oxşar obraz Atropatenanın şərq əyalətinin satrapı olmu. Androqorun (e.ə.247-ci il)dından zərb edilmiş qızıl staterlərin üzərində də vardır.Burada atların sayı 4-dür.Arabada ayaq üstdə duran qadın –ilahə obrazı və onun arxasında digər bir tanrı , yaxud hökmdar kişi obrazı vardır.

Bu maraqlı obrazın aşağı hissəsində aydın olaraq yunan əlifbasında hökmdar Androqorun adı oxunur( 3,46). Dövr eynidir-e.ə.III əsr. Maraqlıdır ki, Atropatenada yerli sikkələrlə, Albaniyanın anonim Roma qızıl sikkələrinin obrazları –insan obrazları istisna olmaqla eynidir. Demək, eyni yüzillikdə , yəni həm Azərbaycan Albaniyası və Atropatenası dövlətinin hakimiyyətinin ilk illərində əmtəə-pul münasibətlərində hər iki dövlətin həm bənzətmə ( Roma sikkələri kimi) həm də yerli sikkə zərbi olmuşdu. Həriki dövlət arasında kifayət qədər güclü iqtisadi əlaqələr mövcud olmuşdu.lazım gəldikdə bu sikkələrlə həm daxili, həm də dövlətlər arası ticarət münasibətlərində istifadə edilmişdi.Burada tarixi sərhədlər məsələsi tam olaraq dəqiq deyildi. Belə ki, obyektiv və subyektiv səbəblərdən bzən hər iki dövlətin sərhədləri dəyişmiş, kiçilmiş və ya bir –birinin torpaqları hesabına böyümüşdür. Bunu xüsusilə Azərbaycanın cənub bölgələrindən aşkar edilən albaniyaya aid sikkələr və indiki gürcüstan, Ermənistan ərazisindən tapılan Atropatena sikkələri və dəfinələri sübut edir.

Nəticəyə keçməmişdən əvvəl bir daha keçən əsrdə azərbaycanlı alimlərin bu sahədə çoxcildli əsərinin birinci hissəsində Albaniyanın sikkə zərbi işi ilə bağlı yazmış olduqları elmi nəticəyə nəzər yetirək.Burada belə yekun yazılır-Albaniyanın pul dövriyyəsiin əsas xüsusiyyətlərini bu cür izah etmək olar-e.ə.III-II əsrlərdə dövlətin ərazisində hələ də e.ə.IV əsrin sonlarından -III əsrin əvvəllərinə qədər Kiçik Asiyada Makedoniyalı İsgəndərin və Lisimaxın adından zərb edilən draxma və tetradraxmalar dövriyyədə olmuşlar. Tetrdraxmalar Kiçik Asiyanın qərb hissəsində, draxmalar isə Babildə zərb edilmişdi.II dövr e.ə. II əsrin 80-20 illərini əhatə edir və dövriyyədə IV Selevkin( 187-179) adından zərb edilən sikkələrdir(5,17). Bəs dəfinələrdən tapılan və eyni alimlər tərəfindən elmə qəbul edilən yerli sikkələr hardadır? Bu sikkələr hər halda bəzək üçün zərb edilməmişdir.Əgər dövriyyədə belə sikkələr olmamışdısa niyə onları birlikdə dəfinələrdə insanlar saxlayırdılar? Bu fikrin məntici yozumu başqa cürdür. Yuxarıda yazdıqlarımızı və elmi ədəbiyyatda təsvir edilən materiallara əsasən demək olar ki, e. ə. III əsrdə Azərbaycan Albaniyası öz iqtisadi potensialının güclənməsi ilə əlaqədar, ticarət münasibətlərinin ən azı keçmiş əhəməni, sonrakı makedoniyalı İsgəndərin yartdığı sərhədlər çərçivəsində inkişaf etdirərək, pul ehtiyacını tam ödəmək üçün yerli zərbxanalarını işə salmışdı. Ehtimal ki, bu zaman iki zərbxaa-şamaxı və Qəbələ zərbxanaları intensiv şəkildə işləmişlər. Şirvanın xeyli miqdarda gümüş yataqları həmişə olmuşdu.metalişləmənin də tarixi Azərbaycanda eneolit dövründən vüsət almışdı. Zərbetmə işi də metalişləmənin bir sahəsi olaraq yerli ustalar təərfindən müvəffəqiyyətlə həyata keiçirlimişdi. Azərbaycan Albaniyasının yerli sikkələri dağılmış İsgəndər imperiyasının ona yaxın əraziləində indiki İran ( konkret Atrioatena-Q.P.) və Orta Asiyada lazımi qədər istifadə edilmişdi.Artıq III əsrin ikinci yarısından hörmətli alimlərimizin yazdığı kimi xarici ticarət münasibətlərində hələ də klassik tetradraxmalardan az da olsa istifadəı edilsə də , yerli sikkələrdə kifayət qədər yararlanmışlar. Dəfinələrdə və tək-tək tapılan bu sikkələin pozulma səviyyəsi onların uzun illər istifadəsini daha aydın sübut edir.Bu sikkələr ilk dövrdə varvar oxşatmalar sikkə silsiləsinə aid edilsə də, qəsa müddətdə yerli hökmdarların baş quruluşu və inanc sistemi obrazları ilə tamhüquqlu tədavül vasitəsi olmauşlar.Bu faktı sübut edən bir məsləni də qeyd etmək lazımdır. Belə ki, bütün alban dövrü sikkələr üzərində cürbəcür istiqamətlərdə dövlətin ilk baş hərfi -A –vardır. Bu hərfə görə və tapıldıqları ərazinin yazılı mənbələrdə adına görə alim-numizmatlarımız bunu Albaniyaya aid edirlər.

Ədəbiyyat siyahısı



  1. Ağasıoğlu F. Azərbaycan türklərinin islamaqədər tarixi. Doqquz bitik. III bitik.Bakı, 2014

  2. Əliyarlı S.Tariximiz açılmamış mövzuları ilə.Bakı, 2012

  3. Rəcəbli Ə. Azərbaycan sikkələri. Bakı, 2013

  4. Pirquliyeva Q. Numizmatikanın əsasları. Bakı, 2009

  5. Нумизматика Азербайджана. Редколлегия. Баку, 1998

  6. Картлис Цховреба.История Грузии.Тбилиси, 2008

  7. Гладкий В. Словарь нумизмата. М.,2009




Yüklə 44,8 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə