Qrup: 197-1 Tələbə: Əzimov Elmar Sərbəst



Yüklə 10,92 Kb.
tarix31.12.2021
ölçüsü10,92 Kb.
#81843
ana dili1

Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti

Fakultə: İqsadiyyat Kurs: I

Qrup: 197-1

Tələbə: Əzimov Elmar Sərbəst iş No:1

Fənn: Azərbaycan dili və nitq mədəniyyəti

Mövzu: Azərbaycan dili müstəqillik illərində. Azərbaycan dilinin inkişafına dövlət qayğısı



Hər bir xalqın milli mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Dil hər bir xalqın varlığının ən əsas təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dilimiz xalqımızın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş, onun taleyini yaşamışdır. Əsrlər, qərinələrdir ki, xalqımızın əbədiyaşarlığına xidmət edən ana dilimiz qədim tarixə malik olan, min illərin burulğanlarından alnıaçıq, üzüağ çıxaraq müasir dövrə gəlib çatmış ən böyük mənəvi sərvətimizdir. Ana dilimiz dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir.
Azərbaycan dilinin ölkənin dövlət dili elan edilməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin çox böyük xidmətləri olmuşdur.
Bəlli olduğu kimi, dövlət dili sahəsindəki fəaliyyətə Heydər Əliyev Azərbaycanda rəhbərliyə gəldiyi ilk günlərdən başlamışdır.
Azərbaycan ədəbi və xalq danışıq dilini dərindən bilən, bu dilin zəngin lüğət tərkibinə yaxşı bələd olan və qrammatik imkanlarından fitri istedadı sahəsində səmərəli istifadə etməyi bacaran Heydər Əliyev yüksək səviyyəli yığıncaqlarda, məsələn, BDU-nun 50 illiyinə həsr olunmuş yubiley toplantısında, yüksək dövlət səviyyəsində aparılan başqa müşavirələrdə ana dilində parlaq çıxışlar edərək, özünə böyük hörmət və məhəbbət qazanmışdır. O çox yaxşı bilirdi ki, onun qazandığı bu böyük hörmət və məhəbbət, eyni zamanda, onun istifadə etdiyi, danışdığı dilə - Azərbaycan dilinə çox böyük hörmət və məhəbbət yaradır.
1970-ci illərin ortalarından başlayaraq SSRİ-yə daxil olan respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirilmişdir. Rus dilinin hüquqlarının genişləndirilməsi ilə əlaqədar “vahid dil” siyasəti daha geniş şəkildə təbliğ olunurdu. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq çox riskli və qorxulu idi. Dil məsələsini qabardanlar Sibirə sürgün olunurdu. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Çünki bu, onlardan ötrü tale məsələsi ola bilərdi. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycan Respublikasının rəhbəri olan Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdi. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulamışdır ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Bu, əslində ana dilinin dövlət dili statusunu qorumaq məqsədi güdürdü.
1977-1978-ci illər respublika rəhbərini çətinliklər qarşısında qoydu. Məlum olduğu kimi, 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası təsdiq edildi. Həmin Konstitusiya bütün respublikalarda hazırlanan yeni konstitusiyalar üçün

baza rolunu oynamalı idi və faktiki olaraq oynayırdı. Həmin Konstitusiyada isə elə əvvəldən dövlət dili haqqında maddə yox idi. Ayrı-ayrı respublikalarda qəbul edilmiş konstitusiyaların heç birində həmin maddə öz əksini tapmamışdı.


Azərbaycanda isə vəziyyət başqa cür idi. Heydər Əliyev ana dilinin dövlət dili olması uğrunda mübarizəsini davam etdirirdi. De-fakto dövlət dili uğrunda ardıcıl mübarizə aparan respublika rəhbəri həmin dilin Konstitusiyada qeyd olunmamasına dözə bilməzdi. Respublikanın rəhbəri ziyalıları, bütün xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvəsi ilə mübarizə aparmış, bütün çətinliklərə və maneələrə böyük hünərlə sinə gərmişdi.
1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının (Əsas Qanununun) layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.”
1978-ci il Konstitusiyası həqiqətən Heydər Əliyevin öz xalqı, öz vətəni qarşısında göstərdiyi böyük xidmət idi. Nəticədə Azərbaycan Konstitusiyası böyük tarixi şəxsiyyət Heydər Əliyevin təklif etdiyi şəkildə qəbul olundu və Azərbaycan dili dövlət dili statusu aldı. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi ümummilli lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu öndər bununla gələcək müstəqil dövlətçiliyin milli atributlarından birini məharətlə qorumuşdur. Bundan sonra isə ana dilimizin inkişafı və qorunması sahəsində mühüm əhəmiyyətli tədbirlərin həyata keçirilməsinə nail olmuşdur.
Ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində müxtəlif vasitələrdən istifadə edirdi. Azərbaycanda dilçi alimlərə yüksək diqqət və qayğı göstərilməsi, milli dildə nəşr edilən kitabların tirajlarının artırılması və digər tədbirlər ana dilinin daha da inkişaf etdirilməsi məqsədi daşıyırdı.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra hakimiyyətə gələn naşı və səriştəsiz şəxslərin idarəetmədəki təcrübəsizliyi müstəqilliyimizi uçuruma aparır, ölkəni məhvə sürükləyirdi. AXC-Müsavat hakimiyyəti dövründə bu uçurum özünü daha qabarıq şəkildə büruzə vermişdir. Onlar heç bir məntiqi əsasa söykənmədən dövlət dilinin adının dəyişdirilməsini və “türk dili” adlandırılmasını təklif edirdilər.
Uzun mübahisələrdən sonra AXC-Müsavat hakimiyyəti xalqın rəyini nəzərə almadan, referendum keçirmədən 1992-ci ilin dekabrında “Dövlət dili

haqqında” Qanunu “müzakirə” edərək Azərbaycanda dövlət dilinin “Türk dili” olması barədə qərar qəbul etmişdir. Hətta təcili olaraq ana dili dərsliklərini “Türk dili” adlı dərsliklərlə əvəzləyərək çapını da həyata keçirmişdir.


Dövlət idarəçiliyində zəngin təcrübəsi olan ulu öndər Heydər Əliyev sonralar bu məsələyə münasibət bildirərkən Milli Məclisin qəbul etdiyi bu qərarı kəskin pisləyərək demişdi: “Bu böyüklükdə tarixi bir qərar Azərbaycan xalqının iradəsi nəzərə alınmadan 26 nəfər tərəfindən qəbul olunubdur. Burada da böyük bir səhv buraxılıbdır”.
Xalqın təkidli tələbi və xahişi ilə 1993-cü ildə yenidən siyasi hakimiyyətə gələn Heydər Əliyev digər sahələrdə olduğu kimi, milli mənəvi dəyərlərimizin qorunması, adət-ənələrimizin, milliliyimizin inkişafı məsələsini diqqətdə saxlamışdır. Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsi məsələsinə xüsusi önəm yetirən ümummilli lider ana dilimizin - Azərbaycan dilinin adını özümüzə qaytarmışdır.
1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Bu təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilmişdir. Bir-birinin ardınca fərmanlar imzalanmış, qanunlar qəbul edilmişdir.
Ana dilinə həmişə xüsusi diqqətlə yanaşan, dilimizin dərin bilicisi ulu öndər Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdır.
Fərmanda dilimizin öz tarixi inkişafı boyu əldə etdiyi uğurlarla yanaşı, yaşadığımız dövrdə dövlət dili sahəsində yaranmış problemlər də geniş təhlil edilmiş və həmin problemlərin həlli yolları göstərilmişdir. Tarixi əhəmiyyət kəsb edən bu sənəd dilimizin inkişafı və tətbiqi sahəsində meydana çıxan problemlərin həllində mühüm rol oynamışdır. Həmin Fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır. Dünyanın heç bir dövlətində analoqu olmayan belə bir qurumun yaradılması ana dilimizin tətbiqi işinin təkmilləşdirilməsinə daha səmərəli şəkildə nəzarət etmək və bu prosesi ümummilli maraqlar kontekstində tənzimləmək məqsədi daşıyırdı.
Müstəqilliyimizin ilk ilində - 1991-ci ildə latın qrafikalı Azərbaycan əlifbası qəbul olunsa da, bu qərar kağız üzərində qalmışdı. Yalnız ümummilli

liderimiz Heydər Əliyevin müvafiq Fərmanından sonra ana dilimizin tətbiqi işinin daha mükəmməl səviyyədə həyata keçirilməsinə başlanmışdır. Məhz bundan sonra respublikada bütün yazılı sənədləşmə işləri latın qrafikası ilə aparılmışdır.


Bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasəti ilə bağlıdır. Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirilir.
Ulu öndərin “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” müdrik kəlamı ana dilimizə olan məhəbbət və hər bir soydaşımız üçün örnəkdir.
Yüklə 10,92 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə