Quranın təhrİfİnə daİr İttİhamlara cavab



Yüklə 482,06 Kb.
səhifə1/7
tarix29.09.2017
ölçüsü482,06 Kb.
#2362
  1   2   3   4   5   6   7



Quranın təhrİfİnə daİr

İttİhamlara cavab

Vüsal Hüseynzadə

“Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu qoruyub saxlayacağıq!” (Hicr/9)

“O, şübhəsiz ki, yenilməz (qiymətli) bir kitabdır. Nə öncə, nə də sonra batil ona yol tapa bilməz”. (Fussilət/41-42)



Giriş

İslamın Əhli-sünnə və Şiə firqələri Quranın təhrif olunmadığına dair həmfikirdirlər. Bəzi istisna, ittiham və anlaşılmazlıqları çıxmaq şərtilə bunu onların özləri də qəbul etmiş və edirlər. Hələ hicrətin dördüncü əsrində Əbülhəsən Əşəri (873-935) yazırdı ki, imamət və etizala bağlı olan, yəni ağlı bilik mənbəyi kimi qəbul edən və ya ədaləti üsuli-dinə daxil edən şiələrə görə, Quran nə azalıb, nə ona bir şey əlavə olunub, nə də dəyişikliyə məruz qalıb. (Əşəri Ə. “Məqalat əl-islamiyyin”, 1/47) İmam Rəhmətullah Hindi (1818-1891) yazırdı ki, on iki imamçı şiə alimlərə görə, Quran təhrif olunmamışdır və Quranın azaldığını bildirənlərin sözləri məqbul deyildir. (Rəhmətullah Hindi M. “İzhar əl-Həqq”, 3/928. Təəssüf ki, onun bu cümləsi, həmçinin Quranın təhrif edilmədiyinə dair Şiə alimlərindən gətirdiyi sitatlar Səudiyyə Ərəbistanına aid olan bu çapdan çıxarılmış, lakin onlayn kitabxana tərəfindən faylların haşiyəsinə yerləşdirilmişdir)

Misirin tanınmış Əhli-sünnə alimlərindən olmuş Əbu Zöhrə (1898-1974) özünün “İmam Sadiq” kitabında yazır: “Müsəlmanların yekdil rəyinə görə, Quran İslamın ilk mənbəyi, məxəzlər məxəzi və şəriətinin möhrüdür. Mövcud Quran kitabında onun hamısı var və Allah-Taala onu bu günə qədər qorumuşdur... Aralarındakı elmi əsas fərqlərinə rəğmən, on iki imamçı şiə qardaşlarımızın Qurana baxışı da bütün möminlərin baxışı ilə eynidir”. (Əbu Zöhrə M. “Əl-İmam əs-Sadiq”, 296)

Lakin sonradan meydana çıxıb müsəlmanlar arasında parçalanma yaratmağı qarşılarına məqsəd qoymuş bəzi vəhhabi sələfiləri hansısa uydurma hədislərdən və ya özləri kimi hədispərəst Əxbari alimlərindən bəhanə taparaq Əhli-beyt məzhəbinə iftiralar atmağa başlamış, bu mövzuda əsassız kitablar yazmışlar. Onlar Allah evinin ziyarətindən sui-istifadə edərək yalan və iftira dolu bu kitabları hacılar arasında pulsuz paylayır, şantajla məşğul olur, həmişə olduğu kimi, dini məlumatı zəif olan müsəlmanları sıralarına qatmağa çalışırlar.



Mövzunun əhəmiyyəti


Bu mövzu bəlkə də vəhhabilərin müsəlman firqələrinə yağdırdıqları tükənməz ittihamlardan yalnız biri kimi də görünə bilər. Lakin təəssüf ki, heç də sıradan bir ittiham deyil. Əvvəla, söhbət Quranın etibarından gedir. Əgər müsəlmanlar bir-birlərini onun təhrifində günahlandırsalar, bu müqəddəs kitab nəinki qeyri-müsəlmanların, hətta müsəlmanların da yanında hörmətdən düşər, ona inam azalar. İkinci məsələ isə Quranın təhrif olunduğunu düşünənlərin təkfir edilməsi ilə bağlıdır. Sələfilər belə bir düşüncəyə malik müsəlmanları kafir və mürtəd hesab edir, qətlini vacib sayırlar. Və şiələri belə bir etiqadda günahlandırmaq onların antişiə hərəkətlərinə, həmçinin qlobal güclərin İslam dünyasında iğtişaş və müsəlmanlar arasında təfriqə törətmə planlarına əlverişli şərait yaratmış olur.

Dövrümüzdə Əhli-beyt davamçılarını kafir sayan vəhhabi alimlərinin əsas dəlillərindən biri məhz bu qondarma iddia olmuşdur. Tanınmış vəhhabi müftisi İbn Cibrindən (1933-2009) yoxsul şiələrə zəkat verməyin hökmünü soruşduqda belə cavab vermişdi: “Kafirə zəkat verilməz. Şiələr də dörd dəlilə əsasən, kafirdirlər: 1. Onlar Quranın təhrif olunduğunu düşünürlər...” (İbn Cibrin A. “Əl-Lölö əl-məkin” fətvaları. Etiqadi suallar. Sual: 43. www.ibn-jebreen.com)

Bu ittihamı səsləndirən sələfi və vəhhabilərin sayı-hesabı yoxdur. Nümunə üçün deyək ki, Ehsan İlahi Zəhir (1941-1987) bu mövzuda “Şiə və Quran”, Məhəmməd Malullah (1957-2002) “Şiə və Quran təhrifi”, Nasir Qəfari (1956-) “Şiə məzhəbinin etiqadları”, Məhəmməd Əs-Seyf “On iki imamçı şiəlik və Quran təhrifi”, Osman əl-Xəmis (1962-) “Şiə və Quran” adlı əsərlər yazmış və bununla bütün dünyada Əhli-beyt davamçılarına qarşı terror əməliyyatlarının mental əsaslarını təmin etmişlər. Paralel olaraq, bəzi tanınmış terrorçular videomüraciətlərində şiələri təhrif düşüncəsində günahlandıraraq vəhhabiləri onlara qarşı döyüşə çağırmışlar. Milli vəhhabilərimiz də öz məsləkdaşlarından geri qalmayaraq sayt, forum və sosial şəbəkələrdə, həmçinin Youtube portalına yerləşdirdikləri dırnaqarası dərslərində “Şiə məzhəbinin ən böyük alimləri kafirdir”, “Bu məzhəbi kafirlər qurmuşlar”, “İslam düşmənlərini tanıyaq” kimi əxlaq və mədəniyyətdən kənar fikirlər səsləndirirlər.

Təəssüf ki, Əhli-beyt məzhəbinin əsasən Əxbari qoluna mənsub olan bəzi alimlər təhrif ittihamçılarını daha da cürətləndirmiş, öz əsassız fikirləri ilə onlara böyük fürsət açmışlar. Nemətullah Cəzairinin (1640-1701) bir neçə kitabda toxunduğu bu mövzu Hüseyn Nuri Təbrisinin (1838-1902) Quranın təhrifinə dair yazdığı bədnam kitabı ilə kulminasiya nöqtəsinə çatdı və bu günədək dartışılmaqda davam edir.



İftira və ittihamlar


Qabaqcadan qeyd edək ki, biz nə Şiə, nə Əhli-sünnə, nə də hətta Sələfi firqələrinin Quranın təhrifinə inandığını düşünmürük. Bütün firqələrdən bəzi alimlər bu fikirdə olmuşlar, lakin bu onların mənsub olduqları firqənin deyil, yalnız özlərinin subyektiv fikri sayılır.

Yeri gəlmişkən deyək ki, firqələri təhrif düşüncəsində ittiham etməmək fikri 2004-cü ildə əl-Müstəqillə telekanalında İmam Sadiqə həsr olunmuş silsilə diskussiyaların sonunda iştirakçılar tərəfindən də dəstəkləndi. Bu diskussiyada sələfilər tərəfindən küveytli əl-Xəmis, ərəbistanlı Dusəri və Riyazdan telefon bağlantısı quran Məhəmməd Nüceymi, şiələr tərəfindən isə iranlı Musəvi, iraqlı Əsədi və Qumdan telefon bağlantısı quran livanlı Əli Kurani iştirak edirdi. Tanınmış aparıcı Məhəmməd Haşiminin səylərinə baxmayaraq, vəhhabilərin “diskussiyalar aslanı” Osman əl-Xəmisin sayəsində vahid bəyanat qəbul olunmadı. Çünki o, təhrif düşüncəsində olanların kafir elan edilməsinin bəyanata salınmasını da israrla tələb edirdi. Bununla yanaşı, iştirakçıların hamısı hər hansı firqəni təhrifdə günahlandırmağa son qoyulmasını və belə bir fikrin yalnız uyğun iddiaçıların özlərinə aid edilməsini dəstəkləyirdi. (Bax: www.youtube.com/watch?v=refWdNIPX_M) Lakin təəssüf ki, Osman əl-Xəmis bir qədər sonra yazdığı “Şiə və Quran” yazısı ilə bir daha bütün Əhli-beyt məzhəbini ittiham etməyə başladı. Biz burada yeri düşdükcə onun fikirlərini yada salacağıq.

Bu yazıda məqsədimiz kiməsə qarşı iddia qaldırmaq yox, Şiə firqəsinə atılan uyğun böhtanları cavablandırmaqdır. Bu gün Şiə dünyasında vəhdət çağırışları o qədər güclüdür ki, - təbii ki, bu çox yaxşı haldır - əksər ruhani və ilahiyyatçılar məzhəb mövzularına maraq göstərmir, bundan çəkinirlər. Bu amil, həmçinin “dini ədavət və düşmənçilik yaratmaq”, “insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği” haqqındakı müvafiq qanunlarımızın işləməməsi normal ictimai varlıq kimi dinc birgəyaşayış mədəniyyətindən məhrum ünsürlərin və dini iğtişaşlara meylli radikal qrupların daha cəsarətlə meydan sulamasına səbəb olmuşdur.

Biz aşağıdakı qruplara bölünən iftira və iddiaların hər biri haqda ayrı-ayrılıqda danışacağıq:



  1. Şiə kitablarında təhrifə dair 2000 səhih hədis var;

  2. Şeyx Səduqdan qabaq heç bir Şiə imamı və ya alimi Quranın təhrif olunmadığını deməyib;

  3. Şiələrdə fərqli bir Quran var;

  4. Əksər Şiə alimləri Quranın təhrif olunduğunu söyləyiblər;

  5. Quranın təhrif edildiyini düşünən hər kəs təkfir olunmalıdır, lakin Şiə alimləri bunu etmirlər;

  6. Şiə etiqadları Qurana zidd olduğuna görə bu firqənin alimləri onun təhrif olunduğunu düşünürlər.




Yüklə 482,06 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə