Qızıl şəfəq
Qızıl şəfəq əkir yerə
Gün keçəndə günortadan.
Vaxtı bölür iki yerə -
Alma kimi; tən ortadan.
Bacaları yelə verir,
Çırpır hisi, qurumları.
Sonsuzlara bala verir,
Doyurdur ac qarınları.
Bərəkəti o gətirir;
Quzulara yemlik pencər...
Susuyana su gətirir,
Yetimlərə məxmər pencək.
Bu dünyanın nəyi kəmdi, -
Ac gözünü doyur görüm!
Ağa kimdi, nökər kimdi?
Gücün çatır ayır görüm!
Suya düşür qızıl üzük;
Bəxti gülür aşiqlərin.
Yazla gələn vəfa, düzlük
Yırğalayır beşikləri.
Yaz qüdrətli bir dövlətdi,
Yer boydadı ərazisi.
Ona haqdan əmanətdi
Haqq-ədalət tərəzisi.
Qızıl şəfəq : şeir // Azərbaycan xalq bayramı Novruz. – Bakı : Təhsil, 2011. –
S.12-13.