Redaktor: Muxtar kazimoğlu (İmanov)



Yüklə 0,91 Mb.
səhifə1/11
tarix12.03.2018
ölçüsü0,91 Mb.
#31300
  1   2   3   4   5   6   7   8   9   10   11

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

FOLKLOR İNSTİTUTU

ƏZİZXAN TANRIVERDİ

ÇAL QILINCINI, XAN QAZAN!

(“Dədə Qorqud kitabı”nda silah adları)


Dədə Qorqud” eposunun elm aləminə bəlli olmasının 200 illiyinə həsr olunur

BAKI - 2015


Redaktor: Muxtar KAZIMOĞLU (İmanov)

filologiya üzrə elmlər doktoru

AMEA-nın müxbir üzvü;
Rəyçilər: Ramazan QAFARLI

filologiya üzrə elmlər doktoru, professor;

Məhərrəm MƏMMƏDLİ

filologiya üzrə elmlər doktoru, professor;

Kamil BƏŞİROV

filologiya üzrə elmlər doktoru;

Seyfəddin RZASOY

filologiya üzrə elmlər doktoru;

İlham ABBASOV
Əzizxan Tanrıverdi. Çal qılıncını, xan Qazan! (“Dədə Qorqud kitabı”nda silah adları). Bakı, “Elm və təhsil”, 2015, 191 səh.
Çal qılıncını, xan Qazan! filologiya üzrə elmlər doktoru, professor Əzizxan Tanrıverdinin “Dədə Qorqud” dastanının dilinə həsr etdiyi on birinci kitabdır. Monoqrafiyada silah, silah hissələri və döyüş geyimlərinin adları tarixi-linqvistik müstəvidə araşdırılır. Eyni zamanda bu tip vahidlərə istinad olunmaqla qədim türk etnoqrafiyası və hərb sənətinin bir sıra səciyyəvi cəhətləri işıqlandırılır.
T─────Qrifli nəşr

© Folklor İnstitutu, 2015

© Əzizxan Tanrıverdi, 2015

M Ü Ə L L İ F D Ə N
“Çal qılıncını, xan Qazan!” Bu ad (ideonim) “Dədə Qorqud kitabı”na dərin məhəbbətimizi əks etdirir. “Kitab”ın poetik strukturundan süzülüb gələn bu ad ulu babalarımızın, dədələrimizin ruhunu yaşadır, bu günümüzlə səsləşir, xalqımızı erməni işğalçıları üzərində qələbəyə çağırır, sirli gələcəyimizə işıq salır...

Oğuz igidlərinin silahları “Kitab”da elə canlandırılıb, elə təqdim olunub ki, onlardan yan keçmək olmur: “Yay çəkmədüη, ox atmadıη//Baş kəsmədiη, qan dökmədiη...” Bu mənada “Kitab”dakı silah adları ilə bağlı “Çal qılıncını, xan Qazan!” adlı əsərin yazılması təsadüfi deyil. Onu da vurğulayaq ki, 2002-ci ildə çap etdirdiyimiz “Kitabi-Dədə Qorqud” və qərb ləhcəsi” adlı monoqrafiyada “Kitab” və Azərbaycan dili şivələri üçün səciyyəvi olan sapand, taraqa, yaraq kimi hərbi terminləri tarixi-linqvistik müstəvidə şərh etmişdik. Bu isə o deməkdir ki, “Çal qılıncını, xan Qazan!” monoqrafiyasının təməli ən azı 2002-ci ildə qoyulub.

“Kitab”ın dilində qılınc, yay, ox, cida, sapan kimi silah adları üstün mövqedə çıxış edir. Hətta bütövlükdə hərbi terminlər əsasında qurulmuş cümlə modellərinə də təsadüf olunur: “Qılıc və sügü və çomaq və sair cəng alətin geydirüb tonatdılar”. Bu tip cümlələrdə qədim hərb tariximizin bir parçası yaşayır ki, bu da “Çal qılıncını, xan Qazan!” kitabının ərsəyə gəlməsinə təkan verdi.

“Kitab”dakı hərbi terminlərin, xüsusən də silah adlarının semantikasını struktur-semiotik müstəvidə, həm də kompleks və sistemli şəkildə araşdırmaq barədə çoxdan düşünürdüm. Açığını deyim ki, Qazaxıstan respublikasının Qızılorda şəhərində “Qorqud Ata”ya həsr edilmiş Beynəlxalq konfransda iştirak etməyim, (7-10 oktyabr 2014-cü il), qorqudşünaslarla fikir mübadiləsi aparmağım bu istəyi bir az da tezləşdirdi...

Dəyərli oxucular! Bu kitaba qiymət vermək Sizin işinizdir. Biz isə Dədəmiz Qorqudun dili ilə Sizə xeyir-dua veririk: “Vuruşanda iti polad qılıncınız gödəlməsin!”.

DƏDƏ QORQUD KİTABI”



AZƏRBAYCAN DİLİNDƏDİR
Qorqudşünaslıqda “Kitab”ın hansı dildə yazılması mübahisə obyekti olaraq qalmaqdadır. Elə buna görə də bu məsələ ilə bağlı mövcud fikirləri saf-çürük etmək, problemin həlli yollarını, onun görünən və görünməyən tərəflərini müəy­yənləşdirmək zərurəti yaranır. İlk olaraq qorqudşünaslıqdakı fikirlərə diqqət yetirək:

− V.V.Bartold “Dastan”ın coğrafi koordinatlarını məhz Qafqaz mühiti ilə əlaqələndirir və belə qənaətə gəlir ki, Dədə Qorqud adı ilə bağlı olan “Dastan”ın Qafqaz mühitindən kə-narda yaranması qeyri-mümkündür (“Турецкий эпос и Кавказ”. Книга моего Деда Коркута. М.-Л., 1962, səh.19-129);

− O.Ş.Gökyay “Kitab”ın dilindən bəhs edərkən əsası olmayan, qeyri-dəqiq fikirlər irəli sürür: XIV əsrdə Azərbaycan dili müstəqil bir dil kimi ortada yoxdur; “Dastan”ın dili Azərbaycan və qədim Anadolu dillərinin parçalanmadığı müştə­rək “səlcuq dili” hesab olunmalıdır... (Dedem Korkudun kitabı. İstanbul, 2000, səh.CXCIV). Burada bir cəhəti də qeyd etmək yerinə düşür: O.Ş.Gökyay “Kitab”ın Azərbaycan dilində yazıldığını tutarlı faktlarla arqumentləşdirən türk alimlərinin mövqeyini də qəbul etmir. Bu hadisəyə münasibət bildirən F.Zeynalov və S.Əlizadə yazır: “O.Şaiq dastanların Azərbaycan dilində yazıldığını iddia edən M.Ergini tənqid edir. O, M.Erginin əlin qurusun, qulluq etmək, incimək, daşa dön­mək, əylənmək (durmaq), beşikkərtmə və s. söz və ifadələri Azərbaycan dilinə aid etməsinə etiraz edir. Bizcə, burada O.Şaiq haqlı deyil...” (Tükənməz xəzinə. Kitabi-Dədə Qorqud. Bakı, 1988, səh.13);

− Azərbaycan qorqudşünaslığının təməlini qoyan Əmin Abid “Əşirət dövründəki Azərbaycan ədəbiyyatı haqqında vəsiqələr” adlı məqaləsində “Dədə Qorqud” dastanını Azərbay-canda və Şimali İranda yaşayan türklərin ədəbiyyatına aid ən qədim vəsiqə adlandırır” (Azərbaycanı öyrənmə yolu. 1930, N 3);

− B.Çobanzadə “Dədə Qorqud” dastanının tədqiqi ilə məşğul olan ilk alimlərdən biri kimi dəyərləndirilir. Burada A.Babayevin dəqiqləşdirdiyi iki faktı eynilə təqdim edirik: “...Alimin Azərbaycan Milli Elmlər Akademiyasının arxivində 153-1957 şifri ilə saxlanan şəxsi işindən öyrənirik ki,alim 1933-cü ilə aid elmi-tədqiqat hesabatında yazır: “Kitabi-Dədə Qorqud”dastanlarının dili” adlı elmi-tədqiqat işini tamamlamı-şam”. Bu cür faktlar onu deməyə əsas verir ki, Azərbaycan qorqudşünaslığının əsası heç də H.Araslı yox, Bəkir Çoban­zadə, Əmin Abid kimi alimlər tərəfindən qoyulub (hər iki alim repressiya qurbanı olub – 1937-ci ildə öldürülüb); B.Çobanzadə yazır: “Türk sistemli dillərdə bulunan epik mahiyyətli və “Şahnamə” ilə, bizə görə, daha konkret və sıx əlaqə saxlayan əsərlərdən də qədim Azərbaycan türk dilində yazılmış olan “Dədə Qorqud” kitabıdır. Əvvələn, “Şahnamə” adının da göstərdiyi kimi, əsas etibarilə İran şahlarının dastanı olduğu halda, “Dədə Qorqud” oğuz xanlarının dastanıdır” (Şahnamə və dünya epik ədəbiyyatı. İnqilab və mədəniyyət, 1934, N 9-10; səh.27-29) (Adil Babayev. Bəkir Çobanzadə və “Dədə Qorqud” dastanları. “Dede Korkut ve Geçmişten Geleceğe Türk Des­tanları”. Uluslararası Sempozyumu. Bildiriler kitabı. Ankara, 2011, səh.151-153). B.Çobanzadə fikirlərini elə dəqiq ifadə edib ki, əlavə izahlara ehtiyac qalmır: “... qədim Azərbaycan türk dilində yazılmış olan “Dədə Qorqud” kitabıdır”.

− Ə.Dəmirçizadə “Kitab”ın Azərbaycan dilində yazıl-dığını bir neçə prizmadan təsdiqləyir: a) “Kitab”a türk dastan yaradıcılığı kontekstində yanaşaraq onun Azərbaycan türklərinə məxsus olduğunu əsaslandırır: “Alpamış özbək­lərin, “Alpamıs” qazaxlarındır. İçərisində Alp-Bamsı, yəni Bamsı Beyrəyə aid xüsusi boy olan “Kitabi-Dədə Qorqud” dastanları isə azərbay-canlılarındır”; b) “Dastan”ın yaranma, formalaşma tarixi ilə bağlı maraqlı mülahizələr irəli sürür: “Buna görə də biz deyə bilərik ki, “Dədə Qorqud” dastanlarını IX-XII əsrlər arasında Azərbaycanda ümumxalq Azərbaycan dilində azər­baycanlı dədələr, ozanlar yaratmış və yaymışlar; çox güman ki, təqribən bu dövrdə də həmin dastanlar toplanıb yazıya köçürülüb “Kitabi-Dədə Qorqud” düzəldilmişdir”; c) “Dastan”dakı qram-matik şəkilçilərə istinad etməklə onun Azərbaycan dilində olduğunu xüsusi olaraq vurğulayır: “-andə, -əndə (Hər atanda on iki batman taş atardı). Bu şəkilçi indi də Azərbaycan dilində canlıdır və digər türk dillərindən Azərbaycan dilini fərqləndirici bir əlamət kimi işlənməkdədir (“Kitabi-Dədə Qorqud” dastan-larının dili. Bakı, 1959, səh.11, 13, 110). Müəllifin hər üç tezisi bütün parametrlərinə görə elmi və inandırıcıdır;

− M.Ergin “Kitab”ın dilindəki çoxsaylı antroponim və toponimlərin Azərbaycanla bağlılığını qeyd etməklə kifayət-lənmir, eyni zamanda “Kitab”ın leksikası, frazeo­logiyası, morfo­logiyası və sintaksisinin daha çox Azərbaycan dili üçün səciyyəvi olduğunu göstərir (“Dedə Korkut Kitabı”. II, Ankara, 1963, səh.352). Burada o da vurğulanmalıdır ki, müəllifin bu cür fikirləri qorqudşünaslıqda xüsusi olaraq dəyərləndirilir;

− X.Koroğlu “Oğuz qəhrəmanlıq eposu” əsərində (Bakı, 1999) “Dədə Qorqud kitabı”nı təkcə Azərbaycan yox, həm də türk, türkmən oğuznaməsi kimi səciyyələndirir: “Qorqud Kitabı”nda yalnız müasir türk dilində rast gəlinən leksik-qrammatik elementlər də az deyil, onda belə bir qənaətə gələrik: “Qorqud Kitabı” müasir türkmən, azərbay­canlı və türklərin əcdadları – oğuzlar tərəfindən yaradılmış mədəniyyət abidəsidir. Ancaq abidənin əsas formalaşma prosesi Qafqazda, xüsusilə Azərbaycanda keçmişdir. Onda Azərbaycan element­lərinin, o cümlədən də dilində, üstünlük təşkil etməsinin səbəbi də elə budur...” (səh.211). Müəllifin bu fikirləri ilə razılaşmaq olar. Digər fikirləri isə ziddiyyətli və qeyri-elmidir. X.Koroğlu yazır: “Konsonontların təhlili isə əksər halda müasir türkmən dilinin xeyrinə olan material verir. Məsələn, “t” və “p” samitlərinin Azərbaycan dilində cingiltili “d”, “b” variantlarının olduğu sözlərdə, məsələn, “tayı” – “ananın qardaşı” (azərbaycanca “dayı”), “parmak” – “barmaq” (azərbaycanca) və s.” (səh.210). Bu fikirlə razılaşmaq olmaz. Belə ki, bir sıra sözlərin əvvəlində “t” və “p” samitlərinin işlənməsi Azər­baycan dili şivələrində eynilə mühafizə olunur: tüş (düş-düşmək), tiş (diş), tevşan (dovşan)...; piçin (biçin), putax (budaq), pıçax (bıçaq)... Digər tərəfdən, müəllifin fikri təsdiq üçün gətirdiyi “parmak” sözü “Kitab”ın dilində təkcə “parmak” (parmaq – Ə.T.) şəklində yox, həm də “barmaq” şəklində işlənib: “...barmaqları nigarlı məhbub kafər qızları Qalın Oğuz bəglə-rinə sağraq sürüb içərlərdi” (D-36). X.Koroğlunun başqa bir fikrinə diqqət yetirək: “Türkmən ədəbi dilində saxlanmış “η” (sağır nun) daha sabitdir. Azərbaycan dilində ona yalnız dialekt-lərdə rast gəlinir” (səh.210). Müəllifin bu fikri, ümumiyyətlə, yerinə düşmür: birincisi, ona görə ki, velyar η (sağır nun) dilimizin əlifbasından 1940-cı ildə çıxarılıb. Bu, o deməkdir ki, velyar “η” 1940-cı ilə qədər Azərbaycan yazılı abidələrinin dilində işlənib; ikincisi, bir sıra şəkilçi morfemlərindəki “η” səsi müasir Azərbaycan ədəbi tələffüz normaları baxımından tam məqbul hesab edilir. Burada morfoloji şəraitdə tələffüz məsələ-lərini sistemli şəkildə araşdırmış Ə.Dəmir­çizadənin bir fikrini xatırlatmaq lazım gəlir: “II tək və cəm şəxsi bildirən nisbət şəkilçilərindəki “n” samiti sağır “η” çalar­lığında tələffüz olun-malıdır: sənin atan – ataη, əlin - əliη...” (Müasir Azərbaycan dili. Bakı, 1972, səh.240); üçüncüsü, “Kitab”ın dilində müxtəlif məqamlarda işlənmiş velyar “η” Azərbaycan dilinin qərb şivələrində eynilə saxlanılır. Bu, aşağıdakı cədvəldə daha aydın görünür:



velyar “η”

“Kitab”ın dilində

Azərbaycan dilinin

qərb şivələrində



söz ortasında
söz sonunda
yiyəlik hal şəkilçisi daxilində
yönlük hal şəkilçi-sindən əvvəl
mənsubiyyət şəkilçisi daxilində
şəxs sonluqları da-xilində

bəηzər, dəηiz, qo-ηur

taη, soη, biη

sən oğlıη, dəvə-

nburnı

maηa, saηa
babaη, oğluηız

öldürüη, gətüriη




bəηzər, dəηiz, qo­ηur

daη, soη, miη

sən oğluη, uşa-ğıη atası

maηa, saηa


babaη, oğluηuz

öldürüη, gətiriη



X.Koroğlunun “Kitab”la bağlı düzgün olmayan fikirləri qorqudşünas H.Məmmədlinin də diqqətindən yayınmayıb. Burada müəllifin qarşılaşdırmalar kontekstində təqdim etdiyi bir fikrini xatırlatmaqla kifayətlənmək olar: “...X.Koroğlu hətta belə bir yanlış fikir də ortaya atır ki, “Kitabi-Dədə Qorqud” sak - sarmat mühitində yaranmış və onlardan türklərə keçmişdir. Koroğlu həm də sakları irandilli qrupa daxil edir. Görkəmli tarixçi M.İsmayılov haqlı olaraq yazır ki, X.Koroğlunun bu mülahizəsinin heç bir elmi əsası yoxdur. Əgər Koroğlu dediyi kimi olsa idi, onda heç olmazsa abidənin bircə boyu irandillilər arasında qorunub saxlanardı. Bu türkdilli abidə yalnız türk-dillilərin mühitində yarana bilərdi (Dünyanı düşündürən “Dədə Qorqud”. Bakı, 1999, səh.45). Amma bu da var ki, X.Koroğlu “Dastan”ın dilinin daha çox türkmən dilinə yaxın olduğunu iddia etsə də, bir sıra hökmlərində “Dastan”ın məhz Azərbaycan dilində yazılması açıq-aydın şəkildə görünür: “...Vatikan əlyazmasında Qorqud ata yalnız bir dəfə Müqəd­dimədə rast gəlinir, mətndə, görünür adət edilmədiyindən “ata” sözü artıq işlənmir. Əvəzində 29 dəfə Dədə Qorqud, 21 dəfə Dədəm Qorqud, 18 dəfə yalnız Dədə və bir dəfə Dədə Sultan adı çəkilir. Bu müraciət forması Azərbaycan türklərinin şivələri üçün xarakterikdir: Molla Nəsrəddin, Aşıq Ələsgər, Dədə Qasım, Usta Həsən və b. ...” (Oğuz qəhrəmanlıq eposu. Bakı, 1999, səh.209);

− “Kitab”ın məhz Azərbaycan dilində yazıldığı F.Zey­nal­ov və S.Əlizadə tərəfindən tutarlı faktlarla əsaslandırılıb. Burada yalnız bir faktı xatırladırıq: “...Eyni sözü “Sallaqxana” sözü haqqında da demək olar. O.Şaiq bu sözün selx (ərəb) və xana (fars) sözlərinin birləşməsindən ibarət olduğu­nu, Azərbaycan dilinə qətiyyən aid olmadığını söyləyir. Bizcə, bu, Nəsimidə işlənən sallax (dəri soyan) sözü ilə xana sözünün birləşməsindən ibarətdir. Məsələn: Soyun, ey murdar sallaxlar Nəsiminin tənini. Bu söz ancaq Azərbaycan dilində “heyvan kəsilən yer” mənasında işlənir” (Tükənməz xəzinə. Kitabi-Dədə Qorqud. Bakı, 1988, səh.13).

− Ş.Cəmşidov “Kitab”ın dilindəki Bərdə, Gəncə, Əlincə kimi toponimlərin müasir Azərbaycan toponimləri sistemində eynilə işlənməsini göstərməklə yanaşı, müasir Azərbaycan onomastikası üçün səciyyəvi olan Alpan kəndi, Bayındurlu kəndi, Dondarlı kəndi, Bayındır çayı, Qazangöl düzü, Qaraçuq dağı və s. toponimlərin “Kitab”ın dili ilə səsləşdiyini də əsas­landırmağa çalışır. Bu, müəllifin təqdim etdiyi cədvəllərdə də aydın şəkildə görünür. Bir məqamı da qeyd edək ki, Ş.Cəmşidov “Kitab”ı türkmən eposu hesab edən B.A.Karrıyevin əsərlərini təhlil süzgəcindən keçirir, onun birtərəfli mövqe tutduğunu faktlarla sübut edir: “B.A.Karrıyev müxtəlif vaxtlarda yazdığı bu məqalələrdə “Kitabi-Dədə Qorqud”u bütünlüklə türkmən eposu elan edir və hətta Drezden nüsxəsinin guya türkməncə yazılmış ilk orijinaldan “azərbaycancalaşdırılaraq köçürülmüş nüsxə” kimi qələmə verir... Əlbəttə, bu fikir tama­milə səhvdir. Bütün ədəbi, etnik xüsusiyyətləri, dili, hadisələrin coğrafi yeri və s. əlamətlərindən aşkar göründüyü üzrə, “Kitabi-Dədə Qorqud” tanıdığımız şəkildə, Azərbaycanda formalaşıb qələmə alınmışdır...” (Kitabi-Dədə Qorqud. Bakı, 1977, səh.18, s.57-64);

− T.Hacıyev “Kitab”ı Oğuzların tarixi coğrafiyası koor-dinatları kontekstində izah etsə də, onu Azərbaycan Oğuz-naməsi hesab edir: “Şübhəsiz, dastan konkret zaman kəsiyində yaranmadığı kimi, onu mütləq coğrafi koordinata yerləşdirmək zorakılıq sayılardı. Bu, oğuznamədir: oğuzlar tarixən müxtəlif ərazilərdə dövlətlər yaratdığından burada oğuzların tarixi coğrafiyasının izləri görünməkdədir. Oğuzların tarixi coğrafi-yası, Sibiri çıxmaqla, təxminən bugünkü türk dövlətlərini əhatə edir. Həmin coğrafiyada çoxlu oğuznamələr yaranmışdır. Əlimizdə olan əsər, deyildiyi kimi, məhz Azər­baycan oğuz­naməsidir”. (Dədə Qorqud: dilimiz, düşüncə­miz. Bakı, 1999, səh.7);

− A.Hacıyev qeyd edir ki, Türkiyə və Türkmənistan respublikalarında “Kitab”ın məhz onlara məxsus olduğu fikri də geniş yayılmışdır. Müəllif bu cür fikirlərin qeyri-dəqiqliyini, bir tərəfdən, xalqımızın bəxti ilə əlaqələndirirsə, digər tərəfdən, konkret faktlarla əsaslandırır: “...Xalqımızın bəxti onda gətir­mişdir ki, yaranışca bütün oğuz etnosunu əhatə edən bu epos Azərbaycan ərazisində yeni variantda formalaşmaqla bərabər, yazıya alınaraq kitablaşdırılmışdır. Elm aləmində “Dədə Qorqud kitabı” kimi məşhurlaşan Drezden nüsxəsi məhz qədim oğuz eposunun Azərbaycan variantıdır”. (“Dədə Qorqud kitabı”nın şərhli oxunuşu. I, Bakı, 2014, səh.4);

− A.Axundov “Kitabi-Dədə Qorqud” dastanını Azərbay-can xalqının və onun dilinin abidəsi adlandırarkən yazır: “Fonetik səviyyədə “Kitabi-Dədə Qorqud”da bəzi səslərin, məsələn, b və m samitlərinin söz başında (anlautda) müvazi işlənməsi ümumdanışıq dilinin hələ tam formalaşmadığını, yəni oğuz və qıpçaq dilləri ünsürlərinin “mübarizəsinin” hələ başa çatmadığını göstərir; misallar: Xan qızı səbəbi nədir, degil maηa (35) (Misallar F.Zeynalov və S.Əlizadənin nəşr etdikləri “Kitabi-Dədə Qorqud” (Bakı, Yazıçı, 1988) kitabından seçil-mişdir). “Hay Dirsə xan, baηa qəzəb etmə (yenə orada). Bu m//b müvaziliyinin ər-arvad arasında özünü göstərməsi onlardan birincisinin qıpçaq, ikincisinin isə oğuz tayfalarına mənsub-luğuna dəlalət edir və dastanın qədimliyinə, oğuz və qıpçaqların bir “dövlət daxilində”mi deyək, hələ bərabər mövcud olduqları dövrünə aid olmasını göstərir” (Azərbaycan dilinin qədim abidəsi. “Dede Korkut ve Geçmişten Geleceğe Türk Destanları”. Uluslararası Sempozyumu. Bildiriler kitabı. Ankara, 2011, səh.163). Burada bir məsələni dəqiqləşdirmək lazım gəlir: prob-lemə təkcə tarixi-linqvistik yox, həm də sosiolinqvistika prizmasından aydınlıq gətirməyə çalışan A.Axundova görə, söz başında “m” samitinin işlənməsi (maηa forması) qıpçaq əsilli Dirsə xana, “b” samitinin işlənməsi (baηa forması) isə Dirsə xanın Oğuz əsilli xatununa aiddir. “Kitab”ın Drezden nüsxəsi, eləcə də Zeynalov – Əlizadə nəşri (Bakı, 1988) müəllifin fikir-lərinin düzgün olmadığını göstərir. Belə ki, həm Dirsə xanın, həm də onun xatununun dilində hər iki formanın işlənməsi müşahidə olunur: Dirsə xanın dilində - “Bu qara eyib baηa ya bəndəndür, ya xatundandur” (D-12); “Xan qızı, səbəbi nədir, degil maηa!” (D-13); Dirsə xanın xatununun dilində: “Hay Dirsə xan, baηa qəzəb etmə!” (D-14); “Aslanla qaplana bir oğul yedirdiηsə, degil maηa!” (D-25). Yeri gəlmişkən, “maηa” forması təkcə Dirsə xan və onun xatunu­nun dili deyil, ümumən “Kitab”ın dilində üstün mövqedədir, “baηa” forma­sına isə az rast gəlinir... Bu cəhət “mən” və “bən” formalarında da özünü göstərir. Belə ki, “Kitab”ın dilində 403 dəfə mən, 54 dəfə bən forması işlənib.

“Kitab”ın Azərbaycan dilində yazıldığını arqument-ləşdirən yuxarıdakı çoxsaylı faktların sırasına aşağıdakıları da əlavə etmək lazım gəlir:

− “Kitab”ın antroponimlər sisteminə daxil olub, müasir Azərbaycan antroponimləri sistemində işlənməyən adların bir hissəsi 1723-28-ci illərdə Osmanlı məmurları tərəfindən tərtib edilmiş “Dəftəri-müfəssəli-əyaləti Tiflis” adlı topluda eynilə işlənmişdir: Qorqud Mirzə oğlu, Nəbi Dondar oğlu, Nəbi Xızır oğlu, Məhəmməd Uruz oğlu, Bədirxan Qazan oğlu, Bamsı Çayam oğlu, Pirməhəmməd Qaragünə oğlu və s. (Tiflis əyalətinin müfəssəl dəftəri. Borçalı və Qazax (1728-ci il). Bakı, Pedaqogika, 2001)... Müasir Azərbaycan antroponimləri sistemində işlənməyən Bamsı, Qazan, Qaragünə, Dondar, Uruz kimi şəxs adlarının 1723-28-ci illərə aid sənədlərdə işlənməsi “Kitabi-Dədə Qorqud” motivlərinin ən azı XVIII əsrə qədər xalqımızın folklor yaddaşında yaşamasından xəbər verir (Əzizxan Tanrıverdi. “Kitabi-Dədə Qorqud” və qərb ləhcəsi. Bakı, 2002, səh.7). Qeyd edək ki, bu cür faktlara Türkiyə və Türkmənistan tarixində rast gəlinmir;

− “Kitab”ın dilində işlənmiş Buηlu qoca, Duxa qoca, Qaηlı qoca, İlək qoca kimi antroponimik modellərdəki “qoca” sözü fonetik tərkibcə daha çox Azərbaycan dilinə uyğundur. Maraqlıdır ki, X.Koroğlu bu cür adlara da başqa bucaqdan yanaşır: “Qorqud Kitab”ı adlarının əksəriyyəti oğuz mənşəli və qədim vətənlərində yaranmış oğuz haqqında əfsanələrlə bağlı olsa da, yeni məskunlaşdıqları ərazilərdə onlar başqa cür səslənməyə başlamışlar. Məsələn, qədim adlara azərbaycanlılar arasında qəbul olunmuş “qoca” əlavəsi (Qanlı qoca, Qazılıq qoca və b.) və yeni yerli adlar (Rüstəm, Şir Şəmsəddin) artı-rılmışdır” (Oğuz qəhrəmanlıq eposu. Bakı, 1999, səh.209);

− Drezden nüsxəsinin 266-cı səhifəsindəki “درلﺼﻴﺶ” yazılış şəklini M.Ergin derlemiş, F.Zeynalov və S.Əlizadə isə dərləmiş kimi oxumuşlar. Həmin yazılış formasını M.Ergin Türkiyə türkcəsinə uyğunlaşdıraraq transkripsiya etsə belə, yenə də hər iki oxunuş formasını düzgün hesab edirik. Çünki həmin yazılış şəklinin birinci hərfi ٺ” və ya ﻄ” hərfləri yox, məhz د” hərfidir. “Dərləmiş” sözünün kök morfemi olan “dər” isminin arxetipi “dər” yox, “tər”dir. “Kitabi-Dədə Qorqud”a qədərki mənbələrdə, konkret desək, Orxon-Yenisey abidələrində “tər” şəklindədir... Deməli, “tər” sözü “Kitabi-Dədə Qorqud”da tələffüz olunduğu kimi (t>d fonetik hadisəsi) yazıya alınmışdır. “Tər” sözü müasir ədəbi dilimizin orfoqrafiyası və hətta orfoepiyasında “Kitabi-Dədə Qorqud”dakı yox, Orxon-Yenisey abidələrindəki formasına uyğun işlənir. “Kitabi-Dədə Qorqud”da işlənən “dərləmiş” (Bir məhbub, ala gözlü gənc yigit burcuq-burcuq dərləmiş uyur) sözü isə Azərbaycan dilinin qərb şivələrində eynilə mühafizə olunur: dərrəməx` (tərləmək). Uşax yaman dərriyif...(Əzizxan Tanrıverdi. “Kitabi-Dədə Qorqud” və qərb ləhcəsi. Bakı, 2002, səh.39). Burada o da vurğulanmalıdır ki, “Kitab” və Azərbaycan dilinin qərb şivələri üçün səciyyəvi olan “dərrəməx” formasına digər türk dillərində rast gəlinmir;

− ıb4 şəkilçili nəqli keçmiş zaman forması “Kitab”ın dilində intensivliyi ilə fərqlənir: Qurıyıbdır suyu gəlməz...; Baş kəsübdir, qan dökibdir//Çöldi alubdır, ad qazanıbdır... Bu şəkilçi müasir Azərbaycan dilində də üstün mövqedə çıxış edir: alıb, gəlib, görüb, qurub... Türkiyə türkcəsində işlənmir: “Bugün artık Osmanlı sahasında bu şekil kullanılmamakdadır” (M.Ergin. Türk dil bilgisi. İstanbul,1962, səh.285). Türkmən dilində isə -ıb4 yox, -ıp4 forması aktivliyi ilə seçilir: qışqalıp, emele qəlip (M.Xıdırov. Türkmen dilinin tarıxından materiallar. Aşqabat, 1958, səh.28);

−”Kitab”ın dilindəki –ır4 indiki zaman forması (Oğul, oğul, ay oğul! Bilürmisin nələr oldu? Mərə, Əzrayil dedüginiz nə kişidir kim, adamıη canın alur?..) müasir Azərbaycan ədəbi dilində eynilə işlənir (alır, gəlir, görür, qurur...). Burada xüsusi olaraq qeyd edək ki, indiki zamanın morfoloji göstəriciləri Oğuz qrupuna daxil olan digər türk dillərində tam başqa formalar-dadır. Konkret desək, belədir: Türkiyə türkcəsində: -yor; türkmən dilində: -yar, -yər4; qaqauz dilində: -er, -yer. Haşiyə: Görəsən, O.Ş.Gökyay, B.Karrıyev, X.Koroğlu kimi görkəmli alimlər bu detalı – “Kitab” və müasir Azərbaycan ədəbi dili üçün səciyyəvi olan –ır indiki zaman formasını nə üçün nəzərə almayıblar? “Kitab”da görməyiblər, yoxsa görmək istəmə­yiblər? Fikrimizcə, görüblər, ancaq Azərbaycan dilinə aid olduğu üçün qabartmayıblar, məqsədli şəkildə üstündən keçib-lər. Əgər belə olmasa idi, “XIV əsrdə Azərbaycan dili müstəqil bir dil kimi ortada yoxdur” hökmünü verən O.Ş.Gökyay kimi görkəmli qorqudşünas “Kitab”ın Drezden və Vatikan nüsxələrini transkripsiya edərkən –ır4 indiki zaman formasını olduğu kimi saxlamazdı: “Begüm oğul, gözüm oğul, Bilür-müsün neler oldu? Mere Azrail dedügünüz ne kişidür kim adamuη canuη alur?..” (Dedem Korkudun kitabı. İstanbul, 2000, səh.24, 75). Təqdim etdiyimiz hər iki nümunə Azərbaycan dilindədir. Bu isə o deməkdir ki, O.Şaiq fakt qarşısında qaldığı üçün “-yor indiki zaman formasından (bil+-yor, al+-yor) istifadə edə bilməyib”. Burada bir atalar sözünü xatırlatmaq yerinə düşür: “Bərəkət ondur, onu da düzlük”;

− “Kitab”da gələcək zaman məzmunlu –ası2 şəkilçisinə - lazım şəklinin formasına az təsadüf olunur: “Bəli xanım bulasıyam ...yatacaq yerim genə bu xərab olasıydı...”. Türkologiyaya dair tədqiqatlarda göstərilir: “...lazım forma göstəricisi –ası, -əsi indi yalnız Azərbaycan dilində aktiv surətdə bu funksiyanı icra edir. Ona görə digər Oğuz qrupuna aid dillərdə bu formadan, demək olar ki, bəhs edilmir” (K.Bəşirov. Oğuz qrupu türk dillərində qrammatik morfemlər. Bakı, 2009, səh.161);

− “Kitab”ın poetik strukturundakı “...Aydan arı, gündən görkli qız qardaşıη Banıçiçəgi//Bamsı Beyrəgə diləməgə gəlmişəm” misraları ilə bitən sintaktik bütöv Oğuz elində elçiliyin (qız istəmənin) poetik dillə ifadəsidir.Həmin sintaktik bütöv müasir Azərbaycan etnoqrafiyasında nisbətən dəyişik-liyə uğramış şəkildə mühafizə olunur: “...Gəlin aparmağa gəlmişik! Dirəyinizi qoparmağa gəlmişik// Ürəyinizi qoparmağa gəlmişik”. Forma və semantikasına görə “Kitab”la səsləşən bu tip parçalara türk, türkmən və qaqauz ədəbiyyatında, demək olar ki, rast gəlinmir.

Göründüyü kimi, bu faktlar “Kitab”ın məhz Azərbaycan dilində yazıldığını müxtəlif bucaqlardan təsdiqləyir.

DƏDƏ QORQUD KİTABI”NDA SİLAH ADLARININ TƏDQİQİ TARİXİ
Araşdırmalarda türk qəhrəmanlıq eposları sırasında birinci yerdə duran “Dədə Qorqud kitabı”ndakı silah adlarından sistemli şəkildə bəhs olunmasa da, bir sıra əsərlərdə problemə müxtəlif bucaqlardan yanaşılıb. Bu mənada aşağıdakılara diqqət yetirək:

O.Ş.Gökyay “Dedem Korkudun kitabı” (İstanbul, 2000) əsərinin “Savaş yarakları!” bölməsində qılınc, yay-ox, cida, süngü, köndər kimi silahların hər birinin yaranma tarixini dəqiqləşdirməyə çalışır. Bu silahların nədən hazır­lanması, necə istehsal olunması, forması, növləri barədə məlumatlar verir. Burada müəllifin müxtəlif mənbələrə istinadən söylədiyi bir neçə fikrini eynilə təqdim edirik: “savaş aletlerinin çoğunun demirden yapıldığı bilinmektedir”; “kılıcın bölümleri olarak onun tutulacak yeri olan kabza ağaçtandır”; “Dede Korkut destanlarında, okların kayın ağacından yapıldığı, hemen her defasında söylenmektedir”; “okları koymak için kullanılan “oktorbası” için Dede Korkut kitabında üç ayrı ad verilmiştir: bilük, sadak, terkeş...” Bu fikirlərin hər biri ilə müəyyən mənada razılaşmaq olar. Müəllifin başqa bir fikrinə nəzər salaq: “Dede Korkut Destanlarında alplar kılıçlarını ögerken kara polat öz kılıç demektedirler. “Kara” kuvvetin ifadesi olduğu gibi, polat ta onların çelikten yapıldığını göstermektedir. “Öz” de, kılıcın sağlamlığını, kılıcın ta kentdisi olduğunu anlatan bir nite­lemedir” (CCCLVIII). Bu fikirləri eynilə qəbul etmək olmaz. Burada təkcə onu qeyd edək ki, “öz kılıc” birləşməsindəki “öz”, əslində, “uz” şəklində transkripsiya olun­malıdır. Bu da “uzun” mənasına uyğun gəlir. Amma bir sıra tədqiqatlarda “iti” anlamlı söz kimi izah olunur;

O.Ş.Gökyayın tədqiqatlarından bəlli olur ki, o, türk alimi Arslan Erküçün “Dede Korkut Kitabında silah” adlı məqaləsini də (Türk Kültürü. Ankara, 1966, sayı 46, s.884-8897) saf-çürük edib. O.Ş.Gökyayın qəbul etmədiyi fikirləri belə ümumi-ləşdirmək olar: 1) O.Ş.Gökyay yazır: “Bir silahın, bir aletin ucu, keskin yanı” anlamına gələn yalman kelimesi “yalmak” diye alınmıştır (s.887). Onu bu yanlışa sürükleyen, şüphesiz, Muharrem Erginin yayınladığı metne dayanmış olmasıdır”. O.Ş.Gökyayın mövqeyini düzgün hesab etmək olmaz. Çünki həmin söz “yalman” deyil, “yılmaq” (yılmağı düşmək – tiyəsi korşalmaq) şəklində oxuna bilir; 2) O.Ş.Gökyay göstərir: “okla nemlenmek deye bir deyim yoktur. Bu yazmada ... bir okla neylerdüm kelmesinin noktasız yazılmasından gelen bir yanlış okumadır”. Burada nə O.Ş.Gökyaya, nə də Arslan Erküçə haqq qazandırmaq olmur. Belə ki, bu izahlardan heç biri mətnin semantik yükünə uyğun gəlmir (sonrakı səhifələrə bax); 3) “Çatmakaş deyimine verilen anlam da yanlıştır (s.891). Burada çatma kaş, deyimi kurulmuş yay gibi kavisleri fazla ve bir birine yaklaşık kaş degil, “hıdad” denilen boya ile ayrık olan kaşları birleştirmek yoluyla yapılan çatık kaştır”. Arslan Erküç haqlıdır: “çatma qaş” məhz ucları bir-birinə çatan, bitişik, çatıq qaş mənasındadır. Başqa bir yozuma ehtiyac yoxdur; 4) O.Ş.Gökyay qeyd edir: “...boğramak deye bir kelime bilmi-yoruz, fakat metne bakınca bunun yoğurtmak kelimesinden yapılmış yoğurdayım olduğunu görürüz...”. O.Ş.Gökyay haqlı-dır: mətnin semantik yükünə “yoğradayım” (yoğradım) sözü daha çox uyğun gəlir; 5) O.Ş.Gökyayın fikrincə, “süglük ise bir silah degil, bir kebab şişidir”. Müəllifin mövqeyi düzgündür.

Ə.Dəmirçizadə “Kitabi-Dədə Qorqud” dastanlarının dili” (Bakı, 1959) kitabında silah adlarını “yaraq - əsləhə və alət adları” başlığı altında təqdim edir: “dəyənək, çomaq, çökən, köndər, sapan, gürz, yay, ox... üzəngi, cilov, duşaq... yorğan, döşək, yasdıq və s.” Bu təqdimatda hansı sözün məhz silah adı kimi işlənməsi konkret olaraq göstərilməyib. Burada onu da qeyd edək ki, Ə.Dəmirçizadə “Kitab”dakı silah adlarından geniş şəkildə bəhs etmir, daha doğrusu, “yaraq” sözünü “Kitab” və müasir Azərbaycan dili müstəvisində izah etməklə kifayətlənir: “Yaraq – “Kitabi-Dədə Qorqud”da ümumən hər cür “əhtac-gərək-alət” mənasında işləndiyi halda, müasir Azərbaycan dilində bu məna daralmış, yəni müasir dildə ancaq “silah” mənasını ifadə edən bir söz kimi işlənir” (səh.145).

F.Zeynalov və S.Əlizadə “Kitab”dakı silah adlarından ümumi şəkildə, həm də cəmi bir neçə detala münasibət bildirməklə kifayətlənib: “Öküz dərisindən beşik örtüyü və bəzi silahların (sapand, yay) hissələri kimi istifadə olunur. Basatın yayı təkə buynuzundandır. Silahlar içində ox-yay, nizə və qılınc xüsusi yer tutur; lakin nizələrin ən tipiki yoğun qamış gövdəsindəndir; dəmir ucluqlu ox, polad qılınc o dövr üçün ən kəsərli, seçmə silah növləri kimi təqdim olunur” (Tükənməz xəzinə. “Kitabi-Dədə Qorqud”. Bakı, 1988, səh.16). Araşdır-malar göstərir ki, bir sıra tədqiqatçılar F.Zeynalov və S.Əlizadənin bu fikirlərinə, eyni zamanda mətnin müasir şəklinə (Bakı, 1988) istinad edərək “Kitab”da “nizə” sözünün işlən­məsindən bəhs edib. Məsələn, Y.Məmmədli yazır: “KDQ-dəki hərbi terminləri əski türk yazılı abidələrinin dilindəki hərbi terminlərlə və M.Kaşğari “Divan”ındakı hərbi leksika ilə müqayisə etdikdə məlum olur ki, burada fərq yalnız KDQ-dəki hərbi leksikanın “casus”, “cəng”, “nişan”, “mizraq”, “sadak”, “nizə”, “ləşkər”, “çəvşən”, “ələm” və s. kimi ərəb və fars mənşəli hərbi terminlərlə genişlənməsidir” (Azərbaycan dilində hərbi terminlərin tarixi-müqayisəli təhlili. NDA, Bakı, 1996, səh.12). Yaxud M.N.Çobanov və M.M.Çobanlı göstərir: “Kitabi-Dədə Qor­qud” dastanının ayrı-ayrı boylarında qəhrə­manlar döyüş meydanlarında həmçinin “qılınc, nizə, gürz və s. silahlardan da istifadə etmişlər” (Dədə Qorqud dünyasına səyahətdən parçalar. Bakı, 1998, səh.8). Halbuki “Kitab”da “nizə” yox, məhz “cida”, “sügü” kimi sözlər işlənmişdir;

N.Cəfərov “Dədə Qorqud” eposunda təsvir olunan Oğuz igidlərinin silaha (qılınc, cida, yay-ox) sevgisindən bəhs edərkən Beyrəyin dilindən verilmiş “...Ayğır verib aldığım tozlu qatı yayım//Buğa verib aldığım boğma kirişim!” misralarını (müraciəti) təqdim edir. Eyni zamanda bu cür müraciətləri dünya eposları kontekstində səciyyələndirir: “Silaha sevginin bu cür ifadəsi yalnız “Dədə Qorqud”a aid deyil, orta əsrlər dünya eposlarının, demək olar ki, hamısı üçün xarakterikdir” (Xanım, hey! “Dədə Qorqud” eposunda müraciətlər. Bakı, 1999, səh.53);

Ə.Əsgər və M.Qıpçağın birlikdə yazdığı “Türk savaş sənəti” (Bakı, 1996) kitabının X bölməsi belə adlanır: “Silah”. Burada yay-ox, sivri qılınc kimi silahların ilk dəfə qədim türklər tərəfindən istehsal edilməsi bir sıra sanballı mənbələr kontekstində araşdırılır. “Yay-ox”un istər hunların, istərsə də qədim türklərin ən çox işlətdikləri silah növü olması tutarlı faktlarla arqumentləşdirilir. Məsələn, bizim eradan əvvəl II əsrə aid Çin qaynağına istinadən göstərilir: “Yay və ox işlətməkdə təcrübə və hünərləri çoxdur. Hər atdıqlarının hədəfə dəyəcəyinə əmindirlər... Hunlar at üstündə dördnala çaparkən belə,ox ata və yay çəkə bilirlər” (səh.103). Elə buradaca qeyd edək ki, bu fikirlər “Kitab”dakı “Ağ yeləklü ötkün oxıη maηa vergil//Ərdən ərə keçirəyim səniη içün!” misralarının, eyni zamanda “Sağına-soluna eki qoşa yay çəkərdi” cümləsinin ümumi semantik yükü ilə səsləşir.

Ə.Əsgər zirehli paltarla bağlı maraqlı bir açıqlama verir: “Altay qayaüstü təsvirlərində ağır silahlarla silahlanmış türk süvariləri (bozqurdlar) verilmişdir. Burada süvarilərin özləri və atları bütövlükdə zirehlidir. Zirehli paltarı göytürklərdən öncə hunların da geyməsi tarixə məlumdur...” (səh.102). Burada assosiativ olaraq “Kitab”dakı dəmir don, dəmir tonlu, yaqa (dəmir yaxa) kimi ifadələr, Oğuz igidlərinin dəmir donu, zirehli paltarı yada düşür.

Ə.Əsgər yeri gəldikcə “Kitab”a da müraciət edib. Məsələn, qədim türklərin and içmələrindən bəhs edərkən göstərir: “Türklər and içərkən qılınclarına and içirdilər. Bu zaman əyilib qılınclarından öpürdülər. İnanırdılar ki, and pozulsa, qılınc sahibini kəsəcək. “Dədə Qorqud” qəhrəman-larının “qılıncıma doğranım, oxuma sancılım kimi andları bu mədəni hadisənin əksidir” (səh.108). Bu qeydlər onu deməyə əsas verir ki, “Türk savaş sənəti” (Bakı, 1996) adlı əsərdə “Kitab”dakı silah və geyim adlarının transkripsiyası və semantikası tarixi-linqvistik baxımdan araşdırılmayıb. Bu da təbiidir. Çünki həmin əsər tam başqa problemə həsr olunub.

Y.Məmmədli “Azərbaycan dilində hərbi terminlərin tarixi-müqayisəli təhlili” adlı namizədlik dissertasiyasında (Bakı, 1996) “Dədə Qorqud” eposundakı silah adlarına da yer ayırıb. Bu, özünü, əsasən, iki istiqamətdə göstərir: M.Kaşğarinin “Divan”ı və “Kitab”dakı silah adlarının tarixi-linqvistik müstəvidə izahı; “Kitab”da təsvir olunan silahların ən səciyyəvi cəhətlərinin müxtəlif mənbələrə istinadən müəyyənləşdirilməsi (altmış batman gürz – ağırlığı altmış batman gələn gürz; ağ tozlıca qatı yay – dəstəyinə ağcaqayın qabığı sarınmış bərk, tarım çəkilmiş yay...). Hər iki istiqamət barədə dolğun fikirlər söyləyən müəllif haqlı olaraq göstərir ki, “dastanın dilində hərbi terminlərin çoxluğu hərb işinin kifayət qədər yüksək inkişafını sübut edir” (səh.11);

M.N.Çobanov və M.M.Çobanlı “Dastan”ın yaranma tari­xi, hərb sənəti, döyüş taktikası, hərbi marşlar, eləcə də döyüş silahları barədə maraqlı və dolğun fikirlər irəli sürürlər. Amma burada onu da qeyd etmək lazım gəlir ki, M.N.Çobanov və M.M.Çobanlının “Kitab”dakı döyüş silahları ilə bağlı bəzi fikirləri ziddiyyətli görünür: “Kitabi-Dədə Qorqud” dastan-larının mətnində isə ulu babalarımızın döyüşlərdə işlətdiyi fərdi silahlar, əsas etibarı ilə, qopuz, cida, sapand, yay, ox və s. olmuşdur. Bu mülahizəni dastandan götürdüyümüz nümunələr də təsdiq edir. Məsələn, “Buğac bəg yerinən uru turdı... Ağ tozlıca qatı yayını əlinə aldı”... “Əlində qopuz var”...” (Dədə Qorqud dünyasına səyahətdən parçalar... Bakı, 1998, səh.8). Fikrimizcə, “Kitab”dan leytmotiv kimi keçən “qopuz”un konkret olaraq döyüş silahı kimi, həm də məhz “Əlində qopuz var” cümləsinin ümumi semantik yükünə istinadən səciy-yələndirilməsi yerinə düşmür;

İ.Qasımov “Müasir Azərbaycan dilində hərbi termin-lərin yaranma yolları” monoqrafiyasında (Bakı, 2000) Azərbaycan mənşəli hərbi terminlərə müxtəlif bucaqlardan yanaşıb. Konkret desək, hərbi leksik qatın Azərbaycan dilinin daxili imkanları hesabına zənginləşməsi (semantik üsul, morfoloji üsul, sintaktik üsul, kalka üsulu...), hərbi leksikoloji qatda alınma və beynəlmiləl hərbi terminlərin yeri (ərəb və fars mənşəli hərbi terminlər, rus mənşəli hərbi terminlər), hərbi termin və termin-söz birləşmələrinin semantik qrupları (qoşun növləri və hərbi hissə adları, hərbi texnika, silah və sursat adları, hərbi geyim və döyüşçü ləvazimatlarının adları...) kimi məsələləri tarixi-linqvistik müstəvidə təhlil süzgəcindən keçirib. Müəllif “Azərbaycan dilində hərbi terminoloji leksikanın təşəkkülü və inkişafı” (Bakı, 2001) kitabında isə qədim türk mənbələrindəki, o cümlədən “Kitabi-Dədə Qorqud” das-tanındakı ox, altun cida, çərik, ordı və s. kimi hərbi terminlərin leksik-semantik və struktur-qrammatik xüsusiyyətlərini sistemli şəkildə tədqiq edib. Burada o da vurğulanmalıdır ki, İ.Qasımov Azərbaycan dili hərbi termi­noloji leksikasının təşəkkülündə Orxon-Yenisey abidələrinin yerini dəqiqləşdirib, “Kitabi-Dədə Qorqud” dastanından başlayaraq Azərbaycan dili hərbi-terminoloji sistemində sabitləşmənin müşahidə edilməsini konkret dil faktları ilə əsaslandırıb;

A.Hacıyev “Dədə Qorqud kitabı”: oxunuşlar, açımlar” kitabında (Bakı, 2007) silah adlarının izahına da yer ayırıb. Dəqiq desək, kitabdakı üç bölmə (Yelək-oxqabı; Yayını əlinə alıb ögdü; Döyüşə yarar yaraqlar) məhz silah adları ilə bağlıdır. Bu bölmələrdə yelək, gəz, say cida, sadaq və s. kimi silah adları çoxsaylı mənbələr kontekstində, həm də tarixi-linqvistik prizmadan şərh olunur. A.Hacıyev bir sıra silah adlarına ilkin arxaizmlər kontekstində yanaşır ki, bu da qorqudşünaslıqdakı bəzi mübahisəli məqamlara aydınlıq gətirmək baxımından əhəmiyyətlidir. Bir cəhəti də qeyd edək ki, A.Hacıyevin tənqidi fikirləri heç bir qorqudşünası incik salmır, əksinə, qorqud-şünaslığın inkişafına təkan verir. Məsələn, “...etiraf edək ki, bu yozumda şərhçi təxəyyülü real faktlara əsaslanan dilçi təxəy­yülünü üstələyir” (yuxarıda göstərilən kitab: səh.126);

A.Məmmədova “Dədə Qorqud kitabı”nın leksikası” (Bakı, 2009) monoqrafiyasında qılınc, cida, sapan, işıq (dəbilqə) və s. kimi hərbi terminləri tarixi-linqvistik baxımdan şərh edərkən bir sıra məsələlərə aydınlıq gətirir: “Sapand” lekse­minin Azərbaycan dili şivələrinin hamısında mühafizə olun­duğunu əsaslandırır; qədim türk abidələrinin dili baxımından səciyyəvi olan “çəri”(əsgər, qoşun) sözünün Naxçıvan qrupu dialekt və şivələrində “qoçaq, igid, cəsarətli” mənasında işləndiyini müəyyənləşdirir; aqın-cəng-ğəza-qırım-qovqa-qırğun savaş kimi sözlərin sinonimliyini “Kitab” və digər mənbələr müstəvisində şərh edir. Burada bir detala da diqqət yetirmək lazım gəlir: müəllif “Dədə Qorqud kitabı”ndakı 213 leksemin müxtəlif fonetik formalarının mövcud olmasından bəhs edərkən qılınc sözünün 173 dəfə “qılıc”, 1 dəfə “qılınc” şəklində işləndiyini göstərir (səh.18). Halbuki “Kitab”ın dilində “qılınc” yazılış şəklinə rast gəlinmir (sonrakı səhifələrə bax);

Ə.Tanrıverdi sadaq, sapand, taraqa kimi silah adlarının Azərbaycan dilinin qərb şivələrində “Kitab”dakı forma və semantikasına uyğun olaraq işləndiyini göstərir (“Kitabi-Dədə Qorqud” və qərb ləhcəsi. Bakı, 2002).

Bütün bunlar onu deməyə əsas verir ki, “Kitab”dakı silah adlarına müxtəlif prizmalardan münasibət bildirilsə də, kompleks və sistemli şəkildə tədqiq olunmayıb.



DƏDƏ QORQUD KİTABI”NDA SİLAHLA

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə