«Region plus». 2015.№5 (261). S. 58-61. RƏHMƏT, ÖZBƏKİstan! Bu ölkəyə səfər etdikdən sonra Səmərqənd möcüzələri və özbək qonaqpərvərliyini unutmaq mümkün deyil



Yüklə 29,14 Kb.
Pdf görüntüsü
tarix29.01.2018
ölçüsü29,14 Kb.
#22916


«Region plus».-2015.-№5 (261).-S.58-61. 

 

RƏHMƏT, ÖZBƏKİSTAN! 

Bu ölkəyə səfər etdikdən sonra Səmərqənd möcüzələri və özbək 

qonaqpərvərliyini unutmaq mümkün deyil 

 

Ayaz Mirzəyev 

 

"Rəhmət Əkə" ifadəsi özbəklərin ən çox istifadə olunan etiket sözüdür - "Sağ ol, qardaş" deməkdir. 



"Rəhmət" sözü bizim dilə "sağ ol", "əkə" isə "böyük qardaş" anlamına gəlir. Bu, müraciət forması ilk dəfə özbək 

dili eşidən adamın ən çox yadında qalan bir ifadədir. 

Səmimi desəm, bu ölkəyə səfər etməmişdən əvvəl elə düşünürdüm ki, bu ölkədə həyat tərzi sovetlər 

dövründən bəri çox da dəyişməyib. Amma paytaxt Daşkəndi görəndən sonra anladım ki, yanılmışam. Uzun və 

işıqlı küçələr, yeni tikilmiş və tikilməkdə olan müasir binalar, gülərüz özbək gəncləri... 

 

Axı, onların da kökü türkdür! 

Daşkənd hava limanına ayaq basar-basmaz bizi müşayiət edəcək Özbəkistan mətbuatının təmsilçisi 

mənə zarafatyana bir etirazını bildirdi: "Axı, siz niyə bir millət iki dövlət deyirsiniz ?!" Sözün doğrusu,  əvvəl 

onun nədən narazı olduğunu başa düşmədim. Lakin qısa arayışından sonra anladım ki, o, Azərbaycanla Türkiyə 

münasibətləri  haqqında  deyilən  bu  fikrin  niyə  Özbəkistana  da  aid  edilmədiyini  soruşur.  Şükrətcan  ortaq  türk 

köklərimizdən  danışır,  dilimiz,  adət-ənənələrimiz,  xasiyyətimiz,  musiqimiz,  mətbəximiz  və  memarlığımızdakı 

oxşarlıqları  vurğulayırdı.  Beləliklə,  mən  və  Azərbaycandan  gələn  həmkarım  İlqar  Vəlizadə  ilk  dəfə  səfər 

etdiyimiz Özbəkistanı kəşf eləməyə başladıq. Başlanğıc nöqtəmiz isə, təbii ki, paytaxt Daşkənd oldu. 

 

Abidələrə ehtiram 

Özbəklərin  bir  xüsusiyyəti  çox  xoşuma  gəldi.  Bu  xalq  öz  tarixi  abidələrinə  göstərdiyi  münasibətə 

görə, bəlkə də, dünyada ilk sıralarda yer almalıdır. Dostumuz Şükratcan deyir ki, Daşkənd nə qədər yenilənirsə 

mədəni abidələrə olan qayğı da ikiqat artır. Orta əsrlərdən etibarən Özbəkistan həmişə bölgənin əsas beynəlxalq 

nəqliyyat mərkəzi olub. Hələ nəzərə alaq ki, 1917-ci il inqilabı zamanı baş vermiş vandalizmdən və 1966-cı il 

zəlzələsindən sonra şəhərdə mövcud olan bənzərsiz memarlıq abidələrinin çox hissəsi məhv olub, bununla belə, 

Özbəkistanda hər addım başı tarixi abidə var. 

Özbəkistan  paytaxtının  dini  mərkəzi  sayılan  qərb  hissəsinə,  Qəst-İmam  meydanına  yola  düşdük. 

Burada  islam  mədəniyyətinə  aid  qədim  bina  və  abidələrdən  ibarət  bir  ansamblla  tanış  olmaq  mümkündür. 

Maraqlı  binalardan  biri  XVI  əsrdə  inşa  olunmuş  Kukeldaş  mədrəsəsidir.  Bu  tikili  Əbu  Bəkrin  Kaffali  Şaş 

mavzoleyi kimi də tanınır və ondan muzey kimi istifadə olunur. Elə buradaca nadir Şərq əlyazmaları- 

[səh.58-

59] 


nın,  o  cümlədən  xəlifə  Osmana  məxsus  məşhur  Quranının  qorunduğu  kitabxana  yerləşir.  Görünür,  bu 

tikililərdə qorunan maddi və mədəni irs bu qədər əhəmiyyətli olduğuna görə ziyarətçilər giriş üçün əvvəlcədən 

icazə  almalıdırlar.  Hesab  eləyək  ki,  bizim  bəxtimiz  gətirdi.  Abidəyə  baxmaq  üçün  heç  kəsdən  icazə  almağa 

ehtiyat olmadı. 

Bu  əsrarəngiz  tarixi  abidə  kompleksini  ziyarət  etdikdən  sonra  yollandıq  özbəklərin  qürur  mənbəyi 

olan, deyilənə görə cəmi səkkiz aya tikilən Əmir Teymurun və ümumilikdə, Teymurilərin şəhərdəki ən böyük 

muzey kompleksinə. Burada məşhur sərkərdənin həyat və fəaliyyəti, bütün hərbi səfərləri, geyimlə- 

[səh.59-60] 

rindən tutmuş oxuduğu kitablara qədər hər şey qorunub saxlanılır. Yalnız onun qəbrindən savayı. Bunun üçün 

"Şərqin mirvarisi" kimi tanınan Səmərqənd şəhərinə səfər etmək lazımdır ki, biz düşünmədən yola düzəldik. 

 

"Şərqin mirvarisi" 

Onun yaşı Babil və Roma şəhərlərinin yaşı ilə müqayisə olunur və hətta bəzi mənbələr Səmərqəndin 

yaşının  2500  il  olduğunu  göstərir.  "İslam  Şərqinin  mirvarisi"  sayılan  Səmərqəndi  müxtəlif  tarixi  mənbələrdə 

həm  də  "Şərqin  Roması",  "Göylər  altında  olan  ən  gözəl  şəhər"  adlandırırlar.  Şəhərin  tarixi,  gözəlliyi  və 

əhəmiyyətini nəzərə alsaq, şübhəsiz, onu, ümumiyyətlə, "Mərkəzi Asiyanın paytaxtı" da adlandırmaq olar. Bu 



sirli-sehrli  şəhər  Özbəkistana  gəlmiş  hər  bir  turistin  ən  çox  görmək  istədiyi  məkandır.  Bunu  nəzərə  alan 

özbəklər turistlərin işini asanlaşdırmaq üçün qət edəcəkləri yolu xeyli qısaldıblar. 

Daşkənddən maşınla hərəkət etməli olsaq, 5- 6 saatlıq  məsafədə yerləşən Səmərqəndə indi cəmi 2 

saata  çatmaq  olur.  Bu  da  regionda  ilk  dəfə  istismara  verilən  sürət  qatarı  sayəsində  mümkündür.  Özbəklərin 

"Afrasiyob"  adlandırdıqları  bu  qatar,  adətən,  Avropa  ölkələrində  rast  gəldiyimiz  analoqlarından  heç  də  geri 

qalmır. Beləliklə, "Afrasiyob" bizi Özbəkistanın ən görməli yerinə çatdırdı. 

Özbəkistan  müstəqillik  əldə  etdikdən  sonra  370  min  əhalisi  olan  Səmərqənd  ölkənin  ən  böyük 

mədəni  və  iqtisadi  mərkəzlərindən  birinə  çevrilib.  Hətta  Bakıda  olarkən  mənə  məsləhət  vermişdilər  ki,  əgər 

yolun Səmərqənddən düşsə, şəhərin ən möhtəşəm memarlıq abidələri - Bibi Xanım Məscidi, Registan meydanı 

və Qur-Əmir mavzoleyini mütləq ziyarət elə. İlk dayanacağımız Bibi Xanım məscidi oldu. 

 

Səmərqənd möcüzələri 

Deyilənə  görə,  bu  məscid  təkcə  Səmərqəndin  və  Özbəkistanın  deyil,  bütün  Türk  dünyasının  ən 

tanınmış tarixi məscididir. Məscidin tikintisinə 1399-cu ildə, Əmir Teymur Hindistan yürüşündən qayıtdıqdan 

sonra başlanılıb və o, 5 il ərzində inşa olunub. Məscid-sarayın həyətində mərmərdən hazırlanmış böyük "Quran" 

yerləşir.  Səmərqəndin  digər  möcüzəsi  olan  Registan kompleksi  isə şəhərin  ürəyi  sayılır. 

[səh.60-61]

  Hələ orta 

əsrlərdən etibarən islam dininə və elmə daha yaxşı yiyələnmək üçün alimlər və tələbələr məhz bu kompleksdə 

yerləşən mədrəsələrə üz tuturdular. İyirminci  əsrin bir çox məhşur din xadimləri, o cümlədən Bütün Qafqazın 

Şeyxi Hacı Allahşükür Paşazadə də məhz Səmərqənddə dini təhsil alıb. Uluq Bəy, Şer-Dor Bəy və Tilya-Kori 

Bəy mədrəsələri bu təhsil ocaqları arasında ən məhşurlarıdır. 

Maraqlı ziyarətlərimizdən biri də Danyal peyğəmbərin uzunluğu 10 metr olan məzarının yerləşdiyi 

sərdabəyə oldu. Bütün gördüklərimiz kifayət elədi ki, hər küçəsində tarixin bir izi olan Səmərqəndin UNESCO-

nun ümumdünya irsi siyahısına daxil edilməsinin təsadüfi olmadığına əmin olaq. 

Sözsüz turistləri və xarici qonaqları Səmərqənddə ən çox cəzb edən Əmir Teymur və onun nəslinin 

uyuduğu Qur-Əmir Mavzoleyidir. Bu həmin Mavzoleydir ki, xüsusilə İkinci Dünya müharibəsindən sonra onun 

haqqında çoxlu müzakirələr və mübahisələr getdi. Hər şey 1941-ci ilin martında Stalinin şəxsi icazəsi ilə elmi 

ekspedisiyanın  təşkil  olunması  ilə  başladı.  Əsas  məqsəd  Əmir  Teymurun  qəbrini  tapmaq  idi.  Əmir  Teymur 

Teymurilər  dövlətinin  banisi,  türk  dünyasının  ən  böyük  sərkərdələrindən  biridir.  Düzdür,  ona  qarşı  münasibət 

heç də hər yerdə birmənalı deyil. Misal üçün, özbək xalqı üçün o qəhrəmandırsa, ordusunun işğal etdiyi İran, 

Qafqaz, Hindistan, Kiçik Asiya və digər dövlətlərdə isə Əmir Teymuru istilaçı kimi qəbul edirlər. Əsas kimi isə 

onu göstərirlər ki, onun səfərləri, adətən, bir çox şəhərlərin dağıdılması və Teymurilər dövlətinin sərhədlərinin 

genişlənməsi  ilə  nəticələnib.  Amma  dünya  alimlərinin  yekdil  rəyi  belədir  ki,  hər  şeyə  rəğmən  Əmir  Teymur 

tarixi  şəxsiyyət  və  görkəmli  dövlət  xadimidir.  Tarix  isə  heç  vaxt  mühakimə  olunmur.  Bu  məhşur  sərkərdənin 

ətrafında  sirr  pərdəsinin  yaranmasına  səbəb  isə  onun  1405-ci  ildə  hərbi  yürüş  zamanı  müəmmalı  şəkildə 

dünyasını  dəyişməsi  olub.  Bütün  tarixi  dəlillər  onun  məzarının  məhz  Səmərqənddə  olduğuna  işarə  edir. 

Şəhərdəki sərdabələri qarış-qarış araşdıran sovet ekspedisiyasının üzvləri, nəhayət, Qur Əmir məqbərəsinə gəlib 

çatırlar.  Axtarışlardan  sonra  üzərinə  qədim  ərəb  yazısı  həkk  edilmiş  mərmər  daşa  rast  gəlinir.  Mərmər  daşın 

üzərində "Özünü digərlərindən üstün sayan və əcdadlarının ruhunu ləkələyənləri dəhşətli bəla gözləyir" ifadəsi 

ilə  bitən  yazı  ekspedisiyanın  üzvlərini  qorxuya  salır.  Bununla  belə,  onlar  işləri  dayandırmırlar  və  Əmir 

Teymurun  basdırıldığı  güman  edilən  məzarı  açırlar.  Vaxt  göstərir  ki,  bununla  onlar  həm  də  obrazlı  desək, 

"Pandoranın  qutusu"nu  açmış  olurlar.  Növbəti  gün  Hitler  Almaniyasının  SSRİ-yə  qarşı  müharibəyə  başladığı 

barədə məlumat radio vasitəsilə verilir. Böyük Vətən müharibəsi başlayır. 

Etiraf  etməliyəm  ki,  mətbuatda  gedən  məlumatlar  və  hekayələr  bizim  əhvalımıza  da  az-çox  təsir 

etmişdi. Sərdabəyə daxil olanda eynilə bizi də bir anda qəribə həyəcan hissi bürüdü. Görünür, məhz buna görə, 

cəsarətimizi toplayıb böyük sərkərdənin qəbrinə yaxınlaşa bilmədik. 

Artıq vaxt yetişmişdi. Biz geri dönməli idik. Daşkəndə yeni dostlaşdığım Şükratcan bizi gözləyirdi. 

Evinə qonaq çağırmışdı. Özbək mətbəxi və qonaqpərvərliyi ilə əyani tanış olmaq üçün əlimizə düşən bu fürsəti 

dəyərləndirməli idik. Həm də burada nahar və ya şam yeməyinə dəvətdən imtina etmək yaxşı hal sayılmır. 

Bir  sözlə,  Özbəkistan  tarixi  ənənələrin,  memarlıq  abidələrinin  toplandığı  xəzinə,  qədim  şəhərlərin 

yerləşdiyi  məkan,  əfsanəvi  İpək  Yolunun  mərkəzlərindən  biridir. Məhz  burada  əsl  Qədim  Şərqin  nə  olduğunu 

canlı görmək, min ildən çox yaşı olan özbək plovunun dadına baxmaq, islam sivilizasiyasının tarixi irsi ilə tanış 



olmaq olar. Bu səbəbdən, əlinizə bu Şərq ölkəsinə səyahət etmək fürsəti düşsə, onu əldən verməyin. 


 

Yüklə 29,14 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə