Roman Əməlləri ilə qiyamət gününü yaxınlaşdıranlar bu dünyanın ən bədbəxt məxluqlarıdırlar



Yüklə 2,96 Mb.
səhifə1/13
tarix21.10.2017
ölçüsü2,96 Mb.
#6296
  1   2   3   4   5   6   7   8   9   ...   13

Rasim GƏNZƏLİ
QIYAMƏT QOPANDA…
Roman

Əməlləri ilə qiyamət gününü yaxınlaşdıranlar bu dünyanın ən bədbəxt məxluqlarıdırlar.

Yanından yeddi dərə keçən, ətəyində oğru adamlar və heyvanlar gizlənən, başı şimşəklər görmüş qoca dağın dibindən torpaq yığıb kisəyə dolduran, evə gətirən, su ilə qarışdırıb çiməndə bədəninin hər yerinə yaxan, quruyandan sonra yuyunub təmizlənən, qüsl verib, sonradan təzə aldığı alt və üst paltarlarını geyinən Nazənin elə bildi ki, tərtəmiz olub, daha onun keçmişindən əsər-əlamət qalmayıb.

O gündən qapısından içəri bir erkək pişiyi də buraxmadı. Güzgünün qabağında dayanıb özünə diqqətlə baxanda birdən hönkürüb ağladı. Boğazının altında xırda qırışlar aydınca sezilirdi. Necə olmuşdu o qırışları heç görməmişdi?

- «Sən necə də gözəlsən, ay Nazənin».

- «Dərin, elə bil mərmərdən yoğrulub».

- «Sinən cənnət bağçasıdır, sulu narlar qoşa-qoşa».

Hardansa o sözlər gəlib beyninə dəyir, qulaqlarında əks-səda verir, rahatlığını, dincliyini əlindən alırdı.

Anası da həmin dağın dibindən gətirdiyi torpağın palçığında yuyunmuşdu. Onda onun əlli, əlli-beş yaşı olardı. Ancaq Nazəninin hələ heç qırx beş yaşı da olmamışdı. Boynuna, boğazına xırdaca qırışlar düşsə də, canı hələ çox şux idi və azı on il də kişiləri yatağında məst edib, ağıllarını başlarından ala bilərdi.

Amma… Dayandı artıq. Quranı göydən asıb, keçdi altından. «Bəsdi, yetər daha… Əuzi billahi minnəl şeytanil rəcim».

Göydən sallanıb qalan Quranın elə bil, nəfəsi daraldı. Yaxşı ki, bunu Nazənin hiss elədi və tez onu götürüb öpdü, gözləri üstünə qoydu. Əvvəl kişiləri sıxdığı sinəsinə sıxdı, aparıb divanın üstünə qoyandan sonra dizləri üstə təzim eləyib Allahla danışmağa başladı.

- Ey yeri-göyü yaradan, özün bilirsən ki, mən pis adam olmamışam… (İçindən gələn ikinci səs: Heç yaxşı adam olmağıma da zəmanət verən yoxdur). Heç kəsə paxıllıq eləməmişəm… (İçindən gələn ikinci səs: Yaxşı dolanan, pullu, sərvətli adam görəndə ürəyim qubar eləyib.) Pis yola düşməyim də, məcburiyyətdən olub… (İçindən gələn ikinci səs: Kefdən qala bilməmişəm).

Həyətdə hənirti duyub, özünü yığışdırdı, Quranı götürüb yerinə qoydu. Gələn qızı Dərya idi. Sarı çantasını masanın üstünə atıb anasının boynuna sarıldı, üz-gözünü öpüşlərə qərq elədi.

- Ah, mənim gözəl anam, mehriban anam…

- Yaxşı, yaltaqlıq eləmə, de görüm, indiyəcən harada ölüb qalmısan? Bilirsən saat neçədi?

- On ikinin yarısı… Oy… Neçədi?

- Dördə qalır… on yeddi dəqiqə.

- Deməli, on ikinin yarısından məktəbdən qaçmısan, hə?

- Yox, məktəbdəydim… (Oxuyuram ki, məktəbdə olum) Əlavə dərs salmışdılar. (Kimdi dərs salan, heç öz dərslərini düz-əməlli keçirlər ki?!).

- Eybi yox, mən bu saat sinif rəhbərinə zəng edib hər şeyi öyrənərəm. Sənin yaşında olanda mən bir saat dərs buraxmazdım.

Nazənin əsəbi halda telefona tərəf yeridi. Dəstəyi götürüb nömrəni yığdı.

- Alo, Şükufə müəllimə, necəsiniz… Hə, Nazənindir… Çox sağ olun… Bilirsiniz sizi niyə narahat edirəm? Bilmək istəyirəm görüm, Dərya bu gün dərsdən qaçmayıb?.. Yox, axıracan dinməz-söyləməz dərslərində oturub? Mən də elə bildirdim… Yox, qızımı tanıyıram, amma… Yaxşı sağ olun, narahat elədim.

Nazənin dəstəyi yerinə qoyub qızına tərəf gəldi, boynunu qucaqladı.

- Gördün, ana?! (Ay gördün ha, Şükufəyə buna görə bir yaxşı ətir almışdım).

- Ay mənim ağıllı qızım, adam dərrakəli olar. İndi sənin elə vaxtındır ki, oğlanlar ağlını başından ala bilərlər. Gərək, anan kimi möhkəm olasan. (Mənim kimi möhkəm olsan tez əriyərsən).

- Qorxma, mən sənin qızınam… Ana, atam gəlməyib?

- Yox, bəlkə sabah gəldi.

Nazəninin əri dənizdə işləyirdi. Neçə illər idi könlünü dənizə salmışdı. Dəniz sakit olanda da, coşub-çağlayanda da dənizdən usanmırdı. Hələ desən, dənizə olan sevgisi gündən-günə çoxalıb elə dəniz boyda olurdu. On beş gündən bir evə gəlməliydi. On beş gün istirahət eləməli, sonra bir röya kimi yenə çəkilib getməliydi. Amma son zamanlar bir az da qəribə olmuşdu… Evdə otura bilmir, arvadının, uşaqlarının üzünə yalandan gülür, elə hey saata baxır, gedəcəyi vaxtın gəlib çatmasını gözləyirdi. Əslində bu soyuqluq üç-dörd günün soyuqluğu deyildi. Nazənini sevib alsa da, bir müddətdən sonra bilmişdi ki, bu qismət ona xoşbəxtlik gətirəsi deyil…

- Ana, atam zəng edib.

- Nə deyir?

- Deyir, gələ bilməyəcəm, yoldaşım xəstələnib, on beş gün onu əvəz edəcəm.

- Cəhənnəmə gəlsin. Dəstəyi at üstünə!

- Ana…


- Sənə dedim, dəstəyi at üstünə… Mənim günümə bax. Səni dənizdə boğulasan.

Dərya day heç nə demədi. O birisi otağa keçib, əl telefonunu götürdü, kiməsə ismarıc yazmağa başladı. İsmarıcın cavabını alıb, yenisini yazdı. Xırda-xırda güldü, yanaqları allandı.

- Ay qız, harda qaldın?

Anasının heybətli səsindən diksinib telefonu çarpayının altına atdı.

- Dərs oxuyuram, axı, sabaha çətin dərslərimiz var.

- Oxuyub bədbəxt atan kimi ya dənizçi olacaqsan, ya da…

Dərya anasının dediyi sözlərin ardını eşitmədi. Yenə telefonunu tapıb qurdalamağa başladı. Yazdıqca gülümsəyir, üzünün rəngi haldan-hala düşürdü. Birdən nəsə oldu elə bil, üzünün ifadəsi dəyişdi, çənəsini çarpayının qırağına söykəyib düşünməyə başladı. Nə olmuşdu anasına? Elə bil həmənki qadın deyildi; deyən, gülən, şənlənən, şadlığından ev-eşiyə, həyət-bacaya sığmayan… Ancaq son iki-üç ayda çox dəyişmişdi. Nə olmuşdu axı, nə baş vermişdi görəsən? Bu cavabsız suallar hələ qəlbi bərkiməmiş qızcığazı üzür, öz xəyal dalğalarının sularına atırdı.

Telefonun zəif ismarıc səsi qızı xəyallardan ayırdı. Acgözlüklə yazılanları gözlərinə yığdı, yenə gülümsədi, yenə çöhrəsi allandı. Durub pəncəsi üstə qapıya tərəf gəldi, qapının açarını astaca burub güzgünün qabağında dayandı. Gözucu pəncərəyə nəzər yetirdi. Pəncərənin qalın pərdəsi kip örtülmüşdü. Güzgüdə bir xeyli özünə baxdı, yan-yörəsini oynatdı, bir neçə pozada özünə baxıb xoşhallandı. Dodağını güzgüdəki dodağına yapışdırıb hərarətlə öpdü. Sonra köynəyini astaca sinəsindən aşağı çəkdi. Lifçiyini sürüşdürüb göbəyinin yanında saxladı. Hər döşünü bir əlinə alıb sıxdı. Döşlərində elə qəribə hərarət vardı ki... Gilələr bərkiyib başqa cür olmuşdu. Elə bil döşlərin ətrafında od qalamışdın. Heç özünü bu halda görməmişdi.

Bir əliylə sağ döşünün giləsindən tutdu, o biri əliylə telefonu götürdü. Nəsə yazdı, gözlədi, cavab alıb, beləcə, bir müddət lal-dinməz dayandı. Gözlərini yumub, bu gün ilk dəfə əllənmiş döşlərini bir-birinə sıxdı. Özünə də tanış olmayan qəribə hisslərin əlindən xilas olmaq istəməsə də, könülsüz-könülsüz lifçiyini, sonra da köynəyini yuxarı çəkdi. Qapıya sarı gəlib açarı tərsinə burdu.

Anasının mətbəxdən hələ də səsi gəlirdi…

* **
Qaranlıq hələ tam qovuşmamışdı. Birdən başlanan külək adamları qovub indidən evə salmışdı. Lap vacib işi olan, harasa tələsən, bir də evindən bezən adamlardan başqa gözə bir kimsə dəymirdi. Hər halda, Ziyada belə gəlirdi.

Köhnə dəmir qapının qarşısında dayanıb, dərindən nəfəs aldı. Qapını döydü, gözlədi, bir də döydü, xeyli müddət gözləyib pərişan halda geri dönmək istədi. Bu vaxt həyətin o başından, külək vıyıltısının arasından onun kişi səsinə oxşar səsini eşitdi:

- Kimdi? Kimdi gələn?

- Allah qonağı.

- Allaha qurban olum, qonaq göndərməyə ayrı vaxt tapmayıb?

Ziyad dinməyib gözlədi. Arvad gəlib qapıya çatana qədər çox uzun göründü. Qapını bir də döymək istəyəndə köhnə dəmir qapı ləng halda aralandı. Zəif işığın fonunda arvadın çəlimsiz sifəti göründü.

- Bay, Ziyad, sənsən? Axı hələ sənin vaxtın deyil. Bir hadisə-zad olub?

- Yox, əşi… Öldüm, gəlirəm…

Ziyad əlindəki qara bağlamanı düz qapının ağzına qoyub, ayaq yoluna tərəf qaçdı.

Qayıdanda qara bağlama hələ də yerindəydi. Onu götürüb evə girdi.

- Ay Ziyad, yetim qalasan səni, indi sənin yeməyinə nə hazırlayım? Bir az sosiska var idi, onu da özüm yemişəm. Canın çıxar, ac yatarsan.

Ziyad Nadir şahdan qalma, köhnə mətbəxə girib, qara bağlamanı onun qabağına qoydu.

- Ac niyə yatıram? Budur, hər şey almışam. Bir şey hazırla, bir ləzzətlə axşam yeməyi yeyək. Sənin üçün «İvanovka» çaxırı da almışam.

Arvad bir söz demədi. Astaca bağlamanı götürüb eşələdi. Sanki bir anda alınanların nə olduğunu bilmək istəyirdi. Dözə bilməyib, kolbasanın qırağından kəsdi, dişsiz ağzına atıb tez-tez çeynəməyə başladı. Buna görməmişlik demək olmazdı. Arvad bir həftə olardı ki, adam balası kimi bir şey tapıb yeməmişdi.

Ziyad kövrəldi, ürəyi əsdi, özünü saxlaya bilməyib otağa keçdi. Səssiz-səmirsiz bir-iki dəqiqə ağladı, ürəyini boşaldıb çirkli əl-üz dəsmalı ilə gözlərini, burnunu sildi. Ötkəm səslə arvad olan tərəfə səsləndi:

- Mənim çirkin gözəlim, əlli ol görək.

Elə bu vaxt əl telefonuna zəng gəldi. Qızı idi. İstədi telefonu açmasın, qoy elə bilsinlər iş başındadır, telefonu götürməyə imkanı yoxdur. Nə düşündüsə telefonun cavab düyməsini basdı.

- Nədi, qızım, bir nigarançılıq…

- Ata, anam deyir…

- Anan özü niyə danışmır? Mənnən danışmağı qüruruna sığışdırmır?

Telefonun o başında qızı bir anlıq duruxub qaldı. Deyəsən, telefonun səs ötürən nöqtəsini barmağı ilə qapatmışdı ki, deyilənləri atası eşitməsin. Ancaq uzaqdan-uzağa qırıq-qırıq nəsə səslər gəlib qulağına çatırdı. Özü də, deyəsən, ələkçinin qıl verəni də var idi. Yəqin bacısıydı, ya da bir başqası.

- Ata, anam deyir, Tuqay dünəndən evə gəlməyib.

- Dünəndən evə gəlməyib? Harada veyillənir görəsən?

Ziyad telefonu qapadıb, Tuqayın nömrəsini yığdı. Telefon söndürülmüşdü. O da telefonunu söndürüb hirslə stolun üstünə atdı.

Mətbəxdən yaxşı iy gəlirdi. İydən Ziyadın ağzı sulandı. Arvad kimi özü də möhkəm acmışdı. Bir azdan arvad əlində padnos otaqda göründü.

- Allah səni saxlasın, acından az qalırdım mayallaq aşam.

- Niyə, bir şey almağa pulun yoxdur?

- Pulum var ey, heyim yoxdu ki, gedib bir şey alam… Allah öldürsün onu, necə ki, öldürdü. Ayağımı yerə vuranda dağlar lərzəyə gələrdi. İndi beş addım getməyə can çəkirəm. Gəlib çıxmasaydın, iki gündən sonra gəlib meyidimi görəcəkdin.

- Yaxşı, yaxşı, hələ ölməkdən danışma, qoy yeməyimizi yeyək. Ölməyə hələ vaxt var.

Arvad qızardıb gətirdiklərini stolun üstünə düzdü. Qalan şeyləri gətirmək üçün arvadı gözləməyib, Ziyadın özü mətbəxə keçdi.

Şirin-şirin yeyirdilər. Heç elə bil qızardılan kolbasa, sosiska deyildi, əmlik quzu ətindən hazırlanmış yemək idi. Arada bir süzüb araqdan, çaxırdan da içirdilər.

Bir xeyli beləcə dinib-danışmadılar. Yedilər, içdilər, köks ötürə-ötürə bir-birinə baxdılar.

Ziyad niyə belə acmışdı? Hə, yadına düşdü. Səhər yediyi bir tikə çörəyin üstündəydi. Günorta verilən yemək payından xırda həşarat çıxmışdı, o da yeməyini qoyub bayıra getmişdi. Hirsindən iki siqareti dalbadal çəkib, deyinə-deyinə işinin dalınca yollanmışdı. Sonra da evə getmək üçün hazırlığa başlamışdılar. Hamı sevinirdi, üzlərdə, baxışlarda bir sevinc haləsi dolanırdı. Asan iş deyildi, on beş gün idi ki, evlərindən-eşiklərindən aralı düşmüşdülər. Qarşıdakı işlər, görüşəcəkləri adamlar yadlarına düşdükcə, xoş söhbətləri, zarafatları andıqca sinələri qabarır, üzlərinə təbəssüm qonurdu.

Nə yaxşı ki, bu dəli külək bir az gec başlanmışdı. Yoxsa bütün işləri pozulacaq, arzuları qeyri-müəyyən vaxta qədər təxirə salınacaqdı. Axı güclü külək olanda vertalyot havaya qalxa bilmirdi. Belə də vertalyot küsmüş uşaqlar kimi bir qıraqda dayanıb boynunu bükəcək, dənizçilər həsrətlə bir göylərə, görünməyən küləyə, bir də uzaqda qalan tənha sahilə baxa-baxa küləyin səngiməsini gözləyəcəkdilər...

Ziyadın halı yaxşılaşmışdı. Arvad da pis deyildi. Gülmək üçün bəhanə gəzir, yarımçıq, duzsuz lətifələri bir-birinin yanına düzürdülər.

- O, çukçanın lətifəsi var, arvadını bir şələ oduna dəyişir, o necəydi?

- Mən nə bilim, ay Ziyad… Siqaretin nədir?

- Nazik, filtirli.

- Yox, onlar sinəmə düşmür, durum görüm şkafda nə var.

Ağır-ağır ayağa qalxıb rəngi getmiş, köhnə şkafa tərəf gəldi, siyirməni açıb eşələdi. Bir qutu fıltirsiz siqaret tapdı, yerinə qayıtdı. Damağına qoyub alışdırdı, acgözlüklə tüstünü sinəsinə çəkdi.

- Doğrudan, Ziyad, niyə gəlmisən?

- Gəlmək olmaz?

- Olar, niyə olmur, ancaq bu dəfə bir az tez gəlmisən. Heç gözləmirdim… Evə getməmisən?

- Yox.


- Niyə?

- Gedəcəm.

- Nə vaxt?

- Qoy bir səni görüm.

Ayağa qalxıb arvada tərəf gəldi, qarnının yan tərəflərindən qıdıqlayıb, arvadı əsəbiləşdirdi.

- Yaxşı, yaxşı, rədd ol, heyvanlıq eləmə.

Ziyad pəncərənin qarşısına gəldi, açıb həyətə baxdı. Külək elə vıyıldayırdı ki… Şeytanın taxta çıxdığı gün idi elə bil.

- Ziyad, sən Allah, evindən niyə belə soyumusan?

- Soyumamışam.

- De, sən öl.

- İblis ölsün.

Ziyad pəncərəni bağlayıb yerinə qayıtdı. Təzə siqaret alışdırdı. Qızının sözləri təkrar-təkrar yadına düşdü. Tuqay hara getmiş olar? Bəlkə yolunu azıb? Bəlkə pis uşaqlara qoşulub? Bəlkə... O, elə uşaq deyildi axı. Həmişə məktəbdə ata-anaların toplantısı olanda müəllimlər onu tərifləyirdilər. Deyirdilər, sakit oğlandır. Heç dəcəl, cüvəllağı uşaqlara qoşulmaqla arası yox idi. Bütün bunları ona Nazənin danışırdı. Çünki özünün belə toplantılara getməyə həvəsi çatmırdı. Və bunun üstündə tez-tez arvadı ilə sözləşirdilər. Deyirdi, bir sən də get belə iclaslara, qoy camaat görsün ki, Tuqayın da atası var. Elə bil uşaq yetimdir. «Yaxşı-yaxşı, bayquş ağzını açma, gələn dəfə özüm gedəcəyəm» - deyir, ancaq yenə toplantının vaxtı çatanda bir bəhanə ilə aradan çıxıb, yenə Nazənini göndərirdi. Məktəbə getmək, valideynlərlə bir sırada dayanmaq, nəyi, nələrisə müzakirə mövzusuna çevirmək, birini tənqid, birini tərif atəşinə tutmaq heç ləzzət eləmirdi ona. Təsadüfi hallarda belə vəziyyətə düşəndə sıxılırdı, elə bil, köynəyi əyninə dar gəlirdi, nəfəsi darıxırdı. Niyə beləyidi, orada dayanan ataların nəyi ondan üstün idi, kəsdirə bilmirdi. Bəlkə də qəlbinin lap gizli dolaylarında bunun səbəbini tapmışdı. Ancaq bu səbəbi dilinə gətirmir, o fikirləri qorxulu yuxu kimi ürəyindən qovmağa çalışırdı. Bunu bacarırdımı, buna gücü çatırdımı? Onun özünə də burası aydın deyildi. Bir orası aydın idi ki, bulanıq, kölgəli hisslər qəlbinə hakim kəsilmişdi və onu dünyanın elə qərib adamlarından birinə döndərmişdi ki. Hərdən hissə qapılırdı, özünü tənha, yazıq, köməksiz hesab edir, baş götürüb haralarasa getmək istəyirdi.

Amma o zamanlar belə düşünmürdü. Ağ xalatlı tibb bacısı ona yaxınlaşıb, oğlunun dünyaya gəldiyini xəbər verəndə elə sevinib, qürurlanmışdı ki, hisslərinə hakim kəsilə bilməyib, hətta, tibb bacısını qucaqlamış, üzündən öpmüşdü.

Adını da özü qoymuşdu. Tuqay adından yaman xoşu gəlirdi. Elə bilirdi ki, bu adda olan oğlanlar böyüyüb kişi olanda adlarına naxələf çıxa bilməzlər, ölənəcən bu adı mərdi-mərdanə daşıyarlar. Daha doğrusu, bu ad özü onu götürüb uzaqlara, lap uzaqlara, yüksəkliklərə, natəmizlik olmayan yerlərə aparar.

Tuqay ağappaq, toppuş bir uşaq idi. Gözləri elə maviydi ki, lap dənizə oxşayırdı. Bir dəniz coşqunluğu, dəniz şəffaflığı vardı o gözlərdə. Onu qucağına götürüb gəzdirdikcə, yaşıllıqlar, gül-çiçəklər arasına aldıqca dənizin qoxusunu duyurdu. Sanki dəniz gəlib Tuqay olmuşdu, ya da Tuqay dənizə dönmüşdü. İlk sözlərini deyəndə, ata kəlməsini dilinə gətirəndə Ziyad özünü bəxtəvər, xoşbəxt sanırdı.

Bir müddət ikinci uşaqları olmadı. Hara getdilər, hansı həkimi dindirdilər, müsbət cavab eşitmədilər. Beş-altı ildən sonra…

Ziyad işdən yenicə qayıtmışdı. Tuqay evdə yox idi, xalası götürüb harasa aparmışdı. Salamlaşıb hal-əhval tutandan sonra, Nazənin qəribə-qəribə ona baxdı, sonra gülümsədi, Ziyadın əlini götürüb paltarının altından göbəyinin üstünə qoydu. Nazlanıb gözlərini süzdürdü.

- Orda nə var?

Ziyad başını buladı.

- Bir şey hiss eləmirsən?

Ziyad key-key arvadının üzünə baxdı.

- Döyüntünü duymursan?

Ziyad gözləri ilə «yox» dedi.

- Uşağımız olacaq.

- Doğrudan? – Ziyad bu gözlənilməz xəbəri çox soyuq qarşıladı.

- Eşidirsən, Ziyad, uşağımız olacaq?

- Nə yaxşı, təbrik edirəm.

Ziyad könülsüz əyilib Nazəninin dodaqlarından öpdü.

Nazənin pərt olsa da, daha üzə vurmadı. Ayağa qalxıb əri üçün yemək tədarükünə başladı.

Dərya qız olsa da, Tuqay kimi yaraşıqlı deyildi. Tərsinə dünyaya gəlmişdilər elə bil; Tuqay göyçək və sakit, Dərya çirkin və şıltaq.

Yaşının üstünə yaş gəldikcə Dərya da gözəlləşirdi. Körpə vaxtı ilə indini heç müqayisə etmək olmazdı. Qızlar bulağından su içməyə başlayanda isə yoldaşları, tay-tuşları arasında bəlkə heç onun qədər gözəgəlimlisi yox idi.

Bunlar qəribə deyildi. Heç gözlənilməz də demək olmazdı. Ən qəribəsi və ən gözlənilməzi o idi ki, Ziyad qızını başqa atalar qızlarını sevdiyi qədər sevə bilmirdi. İşdən gələn kimi onun çiyinlərinə atılır, belinə minir, qarnının üstündə oturur, hoppanıb düşürdü. Ata bütün bunlardan zövq alırdı, əylənirdi, gülürdü. Ancaq… Ata kimi qızına qarşı məhəbbətində nəsə çatışmırdı. Bütün bunları Nazənin duyurdu. Amma heç üzə vurmurdu. Tez-tez Tuqayın özünə, Dəryanınsa atasına oxşadığını deyir, ciddi-ciddi bunu sübut etməyə çalışırdı.

- Bir bax, burnu sənin burnun, ağzı sənin ağzın, gözləridə ki…

Ziyad artırmaya keçir, siqaretini odlayırdı…

Ziyad xəyaldan ayrılıb, arvadın oturduğu yerə baxanda onu görmədi. Mətbəxə baxdı, orada da yox idi. Xarab olacaq şeyləri stolun üstündən götürüb soyuducuya qoydu. İşıqları söndürüb yataq otağına gəldi. Arvad yarıçılpaq vəziyyətdə qoşa çarpayının bir tərəfində uzanıb yatmışdı. Sərxoş olduğuna görə yaman da xoruldayırdı. Ziyad köhnə və çirkli adyalı onun üstünə atıb soyundu. Üzü arvada sarı uzanıb, onun qırış-qırış olmuş üz-gözünə baxdı. O qırışlar ömür yolunun cığırları idi. Ki, o cığırlardan keçib bu günə çatmışdı. Ziyad onun həyat yolunu tam bilmirdi; haradan gəlmişdi, haralardan keçmişdi, haraya gedirdi, necə yaşamışdı, nəşəli günləri kədərli günlərindən azmı olmuşdu, çoxmu olmuşdu, oralarını yaxşı bilmirdi. Hərdən keflənəndə keçmiş həyatından bəzi anonslar verirdi, bir az ağlayırdı, bir az gülürdü, kişi söyüşləri ilə kimlərisə söyürdü, vəssalam. Ziyada qəribə gəlirdi, bu qəribə arvadın taleyi haqqında bilgilər almaq istəyirdi. Ona görə bəzi vaxtlar arvadı daha çox içirirdi. Lakin arvad danışmırdı. Yəni, onun istədiklərini demirdi. Bu da Ziyadın marağını daha da artırır, bir gün onu dinləmək, kitab kimi oxumaq həvəsiylə alışıb-yanırdı.

Arvad yerində qurcalandı. Adyalı yana atdı, başını lap Ziyadın başına yaxınlaşdırıb, yenə xoruldadı.

Sərxoş olsa da, ilk vaxtlar tanış olduğu bu qadına qarşı etdiyi hərəkətə görə indi də utandı…

…Beləcə yan-yana uzanmışdılar. Onda da sərxoş idilər. Ancaq arvad yatmamışdı. Gözlərini tavana zilləyib, dərin xəyallara dalmışdı. Ziyad ona bir xeyli baxdı, baxdı, birdən qanı qaynadı. Əlini astaca aparıb arvadın döşünün üstünə qoydu. Xırda-xırda sıxmağa başladı. Arvad dinmədi, danışmadı, heç tərpənmədi də. Bir az belə gözləyib asta və quru səslə:

- Hə, nə olsun, xoşuna gəldim? – dedi.

- Çox qəşəngsən. Döşlərin…

- Məndə heç nə yoxdu, qurumuş odun kimiyəm… Çön o tərəfə, yat!

Ziyad elə bil bir anda sərxoşluqdan ayıldı. Əmrə tabe olmuş əsgər kimi əlini arvadın döşünün üstündən götürdü. Yan böyrü üstə çevrilib adyalı başına çəkdi. Çox gec yuxuya getdi. Arada, hətta, durub elə gecənin bu vədəsi evdən uzaqlaşmaq, bir daha geriyə, arvadın yanına qayıtmamaq istədi…

Səhər yuxudan ayılanda arvadın üzünə baxa bilmirdi. Arvad elə bil, axşam olanları tamam unutmuşdu. Yenə süfrə açıb Ziyadı yeməyə çağırdı. Ziyad bir istədi üzrxahlıq eləsin, qarşısında diz çöküb onu bağışlamasını istəsin, amma arvad hərəkətləri ilə buna imkan yaratmadı.

Və Ziyad yeməyini yeyib, arvadın üzünə baxmadan çıxıb getdi.

***
Falçı qadın elə əsəbiləşmişdi ki, əlləri əsirdi, gözlərində ildırım çaxırdı.

- Rədd eləyin bunu! Əgər mən deyənə şəkk gətirəcəksənsə, burada nə qələt eləyirsən?! Sən qancığa dedim ki, səndən əməlli müğənni çıxmayacaq.

- Təhqir etməyin…

- Yaxşı eləyirəm! Ağzımda deyirəm, düşdüyün yol səni qaranlığa aparır, mənim üçün moizə oxuyursan. Dur, rədd ol gözümdən!

Ortayaşlı, yaraşıqlı, bər-bəzəkli xanım əlini sinəsinə apardı, oradan bir xeyli pul çıxarıb ovcunda tutdu və gözlərini döyə-döyə falçı qadına baxdı.

- Yox, yox, pul hər şeyi həll eləmir. Mən işimi bilən adamam. Durum sənin pullarına aldanım, gözlərim qamaşsın, yalandan deyim, səndən adam olacaq? Yox, yox, dedim, dur itil gözümdən!

Falçı qadın elə qışqırdı ki, xanım pulları döşlərinin arasına basıb bayıra çıxdı.

- Ay qız, bir kofe gətir, ürəyim, ciyərim yandı… Qəhbənin sözünə bax, deyir, bir dua yaz o biri oxuyan qadınların səsi batsın. Buna mənim gücüm çatar? Nə var, nə var bunun adını it dəftərinə yazmırlar... Orda kim var, buraxın gəlsin.

Falçı qadın üz-gözünü düzəldib, sınıq güzgüdə sifətinə baxdı.

Müştəri gəlib oturmuşdu. Sakit-sakit falçıya baxır, ona nə deyəcəyini beynində götür-qoy eləyirdi.

Bir xeyli beləcə güzgüyə baxandan sonra güzgünü yanına qoydu. Elə bil indi müştərinin dayanıb ona baxdığını hiss elədi. Kofeni birnəfəsə başına çəkib, yenə müştərini süzdü.

- Kimsən?

- Başa düşmədim.

- Urusca danışmıram ki?! Sənə müsəlman dilində deyirəm, yəni ismin nədir?

- Yəni adım?

- Bəli, adın.

- Adım Nazənindir.

- Ananın adı?

- Məhluqə.

- Məhluqənin anasının adı?

- Sona.

- Sonanın anasının adı?



Nazənin fikrə getdi.

- Bilmirsən?

- Yox, onu bilmirəm.

- Fikirləş.

- Necə?

- Deyirəm, fikirləş. Sonanın anasının adını tapmağa çalış, məni əsəbiləşdirmə, onsuz da cinlər təpəmdə nağara çalır.



- Hə, yadıma düşdü. Nazənin. Onun adını mənə qoyublar.

Falçı qadın yan otağa baxıb çay sifariş elədi. Gözlədi, çay gəlib qarşısına qoyulandan sonra özünü ələ almağa çalışıb, Nazəninin düz gözlərinə baxdı.

- Şikayətin nədəndir? Sən də oxumaq istəyirsən?

- Yox, əstağfürullah, gəldim taleyimə baxasan.

- Lap yaxşı. Onda de görüm, taleyində nə olub, nə olacaq, hamısını deyim?

Nazənin gözlərini süzdürüb, tavana zillədi.

- Hə… Əlbəttə... Əgər bir qaranlıq yoxsa…

- Bu işin bilirsən xərci çoxdu?

- Yəni, nə qədər?

- Azı min manat.

- Min manat? Çox deyil?

- Yox, yox, yox, azdır ki, çox deyil. Bil ki, min manata sənin həyatında olan qaranlıqları da qovacağam. Sənin işin çətin olar yoxsa.

Nazənin tərəddüd içində bir falçıya, bir sınıq güzgüyə, bir də bəzəkli cama tökülmüş qara kofeyə baxdı.

- Mən Allah adamıyam. İnsafı-mürvəti əldən vermərəm. Görürəm, müsbət auralı xanımsan. Mələklər də yan-yörəndə dolanır. Ona görə səndən səkkiz yüz manat alacağam. Özü də xırda-xırda. Müasir dillə desək, yəni, kreditlə.

Nazənin astadan «eybi yox» pıçıldayıb, yerini rahatladı.

Falçı qadın camı qabağına çəkdi. Xırda daşları kofenin içinə atdı. Balaca taxta qaşıqla qarışdırıb gözlərini yumdu. Bir müddət beləcə dayandı. Gözünü açmadan:

- O qara çərçivə nədir?- dedi.

Nazənin çiyinlərini çəkdi.

- Qarın-qarsağını bir adama göstərmisən?

- Kimə?


- Həkimə.

- Yox.


- Yaxşı eləmisən. Həkimdənsə molla yaxşıdır.

Nazənin nigaran-nigaran gözləri örtülü falçıya baxdı.

- Deyirsən, yəni bir xəstəliyim var?

- Bəli, xəstəliyin var. Özü də bir yox, bir neçə… Ancaq mənə sual vermə. Fikrimi dağıdırsan.

Yenə camı qarışdırıb dodaqlarının ucunda anlaşılmayan sözlər pıçıldadı.

- Gecələr yaxşı yata bilirsən?

- Yox.

- Niyə?.. Ərin ölüb?



- Yox.

- Bəs niyə gözümə kəfən görünür?

Nazənin yenə çiyinlərini çəkdi.

Falçı qadın gözlərini açıb, diqqətlə Nazənini süzdü.

- Həyatında başqası var?

Nazənin özünü itirib, gözlərini falçının gözlərindən yayındırmağa çalışdı.

- Hə, aydındır… Uşağınız niyə olmur?

- Uşağımız var… Düzdü, birinci ilə ikincinin arasında xeyli fasilə oldu, amma…

- Elə bilirsən, hər olan uşaq sənindir? Uşaq o zaman sənin olur ki, onun bəhrəsini dadırsan. Belə getsə… Yaxşı rəngin ağarmasın. Hər işin çarəsi var. O uşaqları səndən uzaqlaşdıran yolları sənin getdiyin cığırlara salarıq. O zaman onlar səndən qaça bilməzlər, sən də doyunca onların bəhrəsini dadarsan… Əlbəttə, qadir Allahın mərhəməti və rəhmi sayəsində.


Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə