S. Ə. Şirvani maarifçi şair kimi



Yüklə 25,77 Kb.
səhifə1/4
tarix02.05.2022
ölçüsü25,77 Kb.
#86381
  1   2   3   4
S.E.Sirvani


S. Ə. Şirvani maarifçi şair kimi

XIX əsrdə klassik poeziya ənənələrini yaradıcı şəkildə davam etdirən söz sənətkarlarımızdan biri də Seyid Əzim Şirvanidir. Şair Məhəmməd Füzuli, Saib Təbrizi ənənələrinin layiqli davamçısı kimi tanınıb. Görkəmli şair incə ruhlu, lirik, satirik, əxlaqi-tərbiyəvi məzmunlu əsərlər qələmə alıb, geniş maarifçilik işi aparıb.

Həyatı haqqında. Seyid Əzim Seyid Məhəmməd oğlu Şirvani Şamaxı şəhərində anadan olmuşdur. Yeddi yaşında ikən atasını itirən Seyid Əzim anası ilə birlikdə Dağıstanın Yaqsay kəndində ana babası Molla Hüseynin himayəsində yaşamışdır. Molla Hüseyn on bir il onun təlim və tərbiyəsi ilə məşğul olmuşdur. Seyid Əzim burada ibtidai təhsil almış, fars,  ərəb dillərini öyrənmişdir.

1853-cü ildə anası ilə Şamaxıya qayıdan Seyid Əzim təhsil almaq üçün Şərq ölkələrinə getmiş, Bağdad, Şam, Məkkə, Mədinə, Misir, Suriyanı səyahət etmişdir. Şamaxıya qayıtdıqdan sonra ruhani olmaq fikrindən daşınmış, yeni üsulla mək­təb açaraq müəllimlik etmişdir. Bu məktəbdə o, gələcəyin böyük sənətkarları M.Ə.Sabir, S.M.Qənizadəyə dərs demiş, onların sənətkar kimi formalaşmasında böyük rol oynamışdır. O, böyük demokrat, milli mətbuatımızın banisi H.Zərdabinin “Əkinçi” qəzetini nəşr etdirməsini böyük sevinclə qarşılamış, qəzetdə öz əsərlərini çap etdirərək maarif və mədəniyyətin yaylmasına çalışmışdır.

1877-ci ildən ömrünün sonunadək Seyid Əzim Şamaxı mək­təbində Azərbaycan dili və şəriət müəllimi işləmişdir. Bu dərslər­də o, dilimizin, ədəbiyyatımızın öyrədilməsinə böyük əmək sərf etmiş, yeri gəldikcə öz şeirlərini oxumuş,  şagirdləri Nizami, Sədi, Hafiz, Füzuli kimi sənətkarların əsərləri ilə tanış etmişdir. 1878-ci ildə Şamaxı ruhani məktəbində işləyərkən «Rəbiül-ətfal» (Uşaqların baharı) dərsliyini tamamlayır. XIX əsr ədəbiyyatımızın tədqiqatçısı X.Məmmədov yazır ki, Seyid Əzim Şirvani Azərbaycan ədəbiyyatı tarixində ilk sənətkardır ki, əsrin meydana çıxardığı ehtiyacı –uşaq ədəbiyyatı yaratmaq ideyasının zəruriliyini şüurlu surətdə dərk etmiş, əski yaradıcılıq yolunda kəskin dönüş yaradaraq, ömrünün on dörd yetkin ilini milli məktəblərdə dərs və oxu kitabları yaratmaq işinə həsr etmişdir. Sələflərdən fərqli olaraq S.Ə.Şirvani uşaq ədəbiyyatının spesifikası məsələlərinə dərindən bələd olmuş, onları əməli yaradıcılıq fəaliyyətinə tətbiq etməklə orijinal uşaq əsərləri yarada bilmişdir. Məhz bu keyfiyyətlərə görə, S.Ə.Şirvani milli uşaq ədəbiyyatımızın banisi olmaq hüququnu qazanmışdır. 

Mütərəqqi baxışlarına görə şair hakim dairələr tərəfindən siyasi cəhətdən şübhəli sayılmış, vəzifəsindən azad edilmişdir. S.Ə.Şirvani Tiflisə şikayətə gedib, haqsız qərarın ləğvinə nail olmuş, öz vəzifəsinə bərpa olunmuşdur. Tiflisə səfər zamanı Gəncə yaxınlığında Nizaminin qəbrini ziyarət edən şair məzarın uçuq olduğunu görəndə kədərlə demişdir:

Ey Şeyx Nizami, ey nizamı dağılan,

Ey Gəncədə izzü – ehtişamı dağılan.

Olmuşmu səninlə mən kimi aləmdə,

Beyti, evi, məktəbi, kəlamı dağılan?

Ustad şair kimi tanınan Seyid Əzim Şamaxıda təşkil olunmuş “Beytüs-Səfa” ədəbi məclisinə başçılıq etmişdir. Nadan insanların, fanatiklərin təqiblərindən usanan şair keçirdiyi ağrılı-acılı hisləri aşağıdakı misralarda əks etdirmişdir:

Eylədim ta ki, hər büsata güzər,

Məni gördükdə xalq söylədilər:

Budur gəldi səfanətin kani,

Hacı Seyyid Əzim Şirvani.

O, 1888-cü ildə vəfat etmiş, Şamaxıda Şahxəndan qəbiristanında dəfn edilmişdir. Öz adının qədirbilən oxucuların qəlbində yaşayacağına əmin olan şair yazırdı:

Mövti-cismani ilə sanma mənim ölməyimi

Seyyida, ölmərəm, aləmdə səsim var mənim.




Yüklə 25,77 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə