Şah ismayila sahib çixmaq



Yüklə 27,83 Kb.
tarix08.03.2018
ölçüsü27,83 Kb.
#30973




ŞAH İSMAYILA

SAHIB ÇIXMAQ

06.12.2012, 15:09




Elman Cəfərli

Bu, Güney Azərbaycana yiyə durmaq anlamına gəlir

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin bu günlərdə qələmə aldığı və ölkə mətbuatında dərc olunmuş «Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi» məqaləsi geniş diskussiyalara səbəb olub. Məqalədə hiss olunur ki, akademik bu məqaləni son zamanlar Azərbaycanın tarixi şəxsiyyətləri ilə bağlı  yazılmış və çoxu subyektiv mülahizələrə əsaslanan, elmi əsaslara söykənməyən yazılardan narahatlıqla qələmə alıb. Elm, publisistika, ədəbiyyat sahəsində tez tanınmaq, daha populyar olmaq istəyən bir sıra müəlliflər tarixə müraciət edir, tarixi şəxsiyyətlər haqqında subyektivizmə əsaslanan fikirlər irəli sürürlər. Onların əsaslandığı tarixi mənbələr isə zamanında ayrı-ayrı hökmdarlara müxalif mövqeləri müəlliflərin  əsərləri olur. Məsələn, son zamanlar əsasən Səudiyyə Ərəbistanı vəhabilərinin, Türkiyə nurçularının təsiri altında olan müəlliflər (onların arasında səviyyəli ziyalılar da var) Azərbaycanın tarixi qəhrəmanı, Abbasi xilafətinə qarşı xalq üsyanının rəhbəri Babək Xürrəmi əleyhinə ağlasığmaz ittihamlarla çıxış edirlər. Diqqətlə araşdıranda aydın olur ki, onların əsaslandığı mənbələr xilafət sarayına yaxın olan xəlifə məddahı səlnaməçilərdir. Xəlifə sarayına yaxın olan tarixçilər təbii ki, Babəki ədəbsiz, qaniçən, qəddar, xürrəmiləri isə əxlaqsızlar toplumu kimi qələmə verəcəkdilər. Günümüzün Rusiyasında milli azadlıq hərəkatına qalxmış çeçen xalqı “terrorçu” kimi qələmə verilirdi. O ki qaldı uzaq VIII əsr ola.

 Diltenant tarixçilərin əsas hədəflərindən biri də Azərbaycan Səfəvilər dövlətinin banisi, böyük hökmdar, sərkərdə, şair Şah İsmayıl Xətaidir. Bir zamanlar, istər Sovet dövründə, istərsə də Milli Azadlıq Hərəkatı dövründə Şah İsmayıl Xətai olduqca populyar idi. Onun adı müstəqil Azərbaycanın paytaxtında rayon, küçə və prospektlərə verildi, xatirəsinə abidə ucaldıldı. Bu gün də azərbaycanlıların postmodernizmin, kosmopolitizmin, qeyri-ənənəvi dini cərəyanların təsirinə məruz qalmayan kəsimində Şah İsmayıla sevgi qalır və Xətaiyə münasibət birmənalıdır: o, türk (Azərbaycan) dilini dövlət dili səviyyəsinə qaldırıb, Azərbaycanı birləşdirib, böyük dövlətə çevirib,  mədəniyyət xadimlərinin, şairlərin, rəssamların hamisi olub, onun zamanında Azərbaycan intibahı başlanıb.



Mararlıdılr ki, onun Azərbaycan üçün elədikləri, yox türk dünyası üçün, islam dünyası üçün etmədikləri nədənsə yada salınır, tənqid olunur. Heç kim onun feodal pərakəndəliyinə məruz qalmış Azərbaycanı necə birləşdirməsindən, “Sizə Gülüstan qalası lazımdır, yoxsa Azərbaycan taxtı” devizi ilə Təbrizi yenidən dünyanın əsas siyasi mərkəzlərindən birinə çevirməsindən danışmır, “dini parçalamasından”, “türkü bölməsindən” danışır.

 Tarixdən məlumdur ki, Şah İsmayılın hakimiyyətə gəlişi indiki siyasi terminlə desək sosial sifarişlə mümkün olmuşdu. Ölkə faktiki olaraq üç yerə bölünmüşdü. Şimalda Şirvanşahlar dövləti mövcud idi. Güneydə zəifləmiş Ağqoyunlu dövləti özü iki yerə parçalanmışdı. Siyasi pərakəndəlik ölkə əhalisini cana yığmışdı. Mərkəzi hakimiyyət zəiflədiyindən quldurluq artmışdı. Ara müharibələri tacirləri, sənətkarları, kəndiləri narazı bezdirmişdi. Onlar güclü dövlət, vahid iqtisadi məkan, təhlükəsiz ticarət yolları arzulayırdılar. Hakim ideyalogiya islam dini (sünni hənəfi) idi. O çağlar üçün hakim siyasi ideyalogiyalara müxalifət rolunda yalnız din çıxış edə bilərdi. Şah İsmayılın mənsub olduğu Səfəvi təriqətinin təlim etdiyi qızılbaş şiləliyi məhz bu missiyanı daşıyırdı. İsmayıl Səfəvinin babası Şeyx Cüneyd, atası Şeyx Heydər də ölkənin birləşdirilməsi ideyasına xidmət etmiş, amma onların ideyası zamana uyğun olmamış və məğlub olmuşdu. İsmayılın dövründə isə artıq zaman yetişmişdi.



Tarix böyük bir ölkənin, Azərbaycanın birləşdirilməsini missiyasını onun çiyninə qoymuşdu. İsmayıl sadiq müridləri ilə qısa müddət ərzində buna nail oldu. Onun uğuru  sərkərdəlik bacarığından, əsgərlərinin qəhrəmanlığndan çox zamanında ortaya çıxması, ictimai sifarişi yerinə yetriməsi ilə bağlı idi.
 
İsmayıl ortaya elə bir birləşdirici ideya qoydu ki, əksəriyyəti birləşdirə bildi. Tarix boyu heç bir lider cəmiyyəti mütləq əksəriyyətini birləşdirməyə nail ola bilməyib. Narazı azlıq həmişə olub, var, bundan sonra da olacaq.  Şirvanın, Şəkinin sünni əhalisi İsmayılın məzhəbini qəbul etmədi, amma onun ölkəni birləşdimək siyasətinə də mane ola bilmədilər. O dövrdə Osmanlı imperiyası hətta islam xəlifəsi adlansa belə, Anadolunu tam sünniləşdirə bilməmişdi, ölkənin şərqində türkmən elləri şiə məzhəbinə mənsubdu və Təbrizə meyli idi.

 Şah İsmayılın tənqidçilərinin digər arqumentləri də var:

O qəddar idi, hətta “adam əti yeyirdi”, dövrün fars institutlarının ortaya atdığı şəxs idi, islam düşməni idi və s. Qəddarlığını Bakıda, Təbrizdə tökdüyü qanla, atasını öldürmüş Şirvan hökmdarının qəbrini açdırıb sümüklərini yandırması ilə izah edirlər. Əvvəla, ölkəni feodal pərakəndəliyindən qurtarmaq, birləşdirmək ağır missiya idi və bu, orta əsrlərdə qansız mümkün deyildi. (Günümüzün bir sıra hadisələri göstərdi ki, bəzən 21-ci əsrdə belə qansız ötüşmək olmur).  Şah İsmayıla qarşı bu iddiaları daha çox Türkiyə nurçularının təsirinə məruz qalan müəlliflər irəli sürürlər. Ona görə də, əks-arqumentləri Türkiyə tarixində baş vermiş faktlara verək. Mustafa Kamal Atatürkün islahatlarından biri xilafəti ləğv etmək idi. Hətta böyük dövlət adamı, islahatçı Kamal Paşa bir ara azanın türkçə verilməsini əmr etmişdi. Məntiqlə Şah İsmayıl islam düşmənidir, yoxsa Atatürk? Qəddarlığa gəlincə, Mustafa Kamal bir neçə kürd üsyanını qanla yatırdı. Doğru da elədi. Dövlət marağı bunu tələb edirdi. Xətainin yaşadığı orta çağların bütün hökmdarları pərakəndəliyi aradan qaldırmaq üçün sərt cəza tədbirlərinə əl atmışdılar. Rusiya tarixində İvan Qroznı, 1-ci Pyotr, Almaniya tarixində Otto Bismark  birliyə qanla nail olmuşdular.

Nəhayət, Şah İsmayılsevər millətçiləri arqumentsiz qoyan “türk dünyasını parçaladı” məsələsinə gələk. Əvvala, Şah İsmayıla qədər Təbrizdə dövlət vardı. Qaraqoyunlu dövlətini, Ağqoyunlular əvəz etmişdi. Və maraqlıdır ki, sünni hənəfi ola-ola Ağqoyunlular Osmanlı dövləti ilə mübarizə aparırdı. Deməli, Osmanlı-Azərbaycan müharibələri məzhəb ayrı-seçkiliyindən daha çox geopolitik maraqlardan qaynaqlanırdı. Məzhəb ayrılığı sadəcə bu mübarizəni daha da alovlandırırdı. İsmayıldan öncə də, Osmanlı ərazisində şiə qızılbaşlar vardı. İsmayıl sadəcə Azrəbaycan, Anadolu və Şirvandakı qızılbaşları topladı və dövlət qurdu. Məzhəb ayrı-seçkiliyinə görə, ayrılan təkcə türk milləti deyildi. İrandilliliər, ərəblər də parçalanmışdı. İrandillilərdən farslar şiə, əfqanlar, kürdlər sünni idi. Dəclə və Fərat bölgəsinin ərəbləri şiə idi, qalanlar sünni.

Deməli, Şah İsmayıl hakimiyyətə gələnə qədər türk dünyasında məzhəb ayrı-seçkiliyi vardı, o olmasa belə, şiəlik mövcud olacaqdı. İsmayılın dini islahatları qılınc gücünə həyata keçirilmirdi. Hakim sünni hənəfiliyi istismarçı kimi görən xalq kütlələri, tacirlər, sənətkarlar şiəliyə xilaskar kimi yanaşırdlar və könüllü qəbul edirdilər. Bir də ki sünni hənəfilik ərəb zehniyyətinə yaxın idisə, qızılbaşlıq öncə məzdəkilik, sonra xürrəmilik şəklində ortaya çıxmış manilyin davamı olaraq türk hadisəsi idi! Ona görə də Azərbaycanın bütün bölgələrində əksəriyyət tərəfindən qəbul olundu. Şah İsmayılın islahatları Azərbaycan türklərinin etnik sərhədlərini bəlli etdi. Bu islahatlar, qızılbaş ideyası Azərbaycan türkünün qoruyucu sipərinə çevrildi. Azərbaycan xalqı ortodoks islamı (anlaşılsın deyə, yazırıq:məsələn, bu günki vəhabiliyi) qəbul etməmişdi. Dördüncü xəlifəyə Əliyə qarşı haqsızlığa etiraz əslində Azərbaycan və İran xalqlarının ərəb xəlifəsinə etirazı idi. İsmayıl və onu siyasi meydana çıxaranlar bunu yaxşı bilirdi.

Qüdrətli Osmanlı imperiyasının yanıbaşında  qurulması, 300 il ayaqda durması, sonra estafetin Əfşarlara və Qacarlara verilməsi də İsmayılın dini islahatı nəticəsində mümkün olmuşdu.

Şah İsmayılın islahatları dünya tarixinə düşəcək addımlar idi. Onun yaşadığı dövr dünyada mərkəzləşmiş dövlətlərin qurulması, dini islahatların aparılması dövrüdür. Heç bir tarixi şəxsiyyət səhvlərdən xali olmur. Şah İsmayıl da xətalardan xali deyildi. Atasının qatillərinə qarşı aşırı sərt olmaqda haqsız olsa da, bunlar yalnız səlnaməçilərin və ədəbiyyat adamlarının işinə yarayacaq xırda məsələlər idi və  böyük dövlət adamının gördüyü nəhəng işlərə kölgə salmaq gücündə deyil. Şah İsmayıldan bir neçə on il sonra dövlətin farslaşması haqqında deyilənlər düz deyil, bu günki İranın Xətainin əsəri olduğunu iddia edənlər yanılırlar və ədalətli deyillər. Şah İsmayıl türk dövləti qurmuşdu: dövlət dili türkçə idi, yüksək çinli 72 məmurdan 69-u türk idi. Şah İsmayıl Qızılbaş imperiyası qurdu və bu imperiya sülalələr dəyişsə də, 1924-cü ilə qədər İran və Azərbaycanda (Quzey Azərbaycan 1813-də Rusiyaya birləşmişdi)  hökmran oldu.



İrandakı hazırkı rejim 1924-cü ildə hakimiyyətə gəlmiş şovinist Pəhləviləri davamıdır

Şah İsmayılın qurduğu dövlətdə türklərin əhəmiyyətinin azalmasının səbəblərini Azərbaycan vilayətlərini viran qoymuş, türkləri qaçqına çevirmiş Osmanlı-Səfəvi müharibələrində axtarmaq daha doğru olardı. Osmanlı qonşuluqda ikinci bir türk xanədanının olmasını istəmirdi. 20-ci əsrdə ruslar və ingilislərin iranda sülalə dəyişikliyi, farsların hakimiyyətə gətirilməsi də təəssüflər olsun ki, İstanbulun ürəyincə idi. Şah İsmayılın Azərbaycan dövlətçilik tarixində mühüm yeri var. Nurçu, sələfi təbliğatının təsiri keçincə, böyük dövlət adamının tarixdəki xidmətləri bir daha aydın görünəcək. Şah İsmayıl türk dünyası üçün xidmətləri görünməyə bilər (hərçənd onun Osmanlı sarayında fars dili işlənən bir zamanda türk dilini dövlət səviyyəsinə qaldırması  bu ittihamı də boşa çıxarır), amma o Azərbaycan üçün yaşadı, Azərbaycanın ucalmasına çalışdı.

 Bu gün Prezident Adminstrasiyası rəhbərinin Şah İsmayıl haqqında məqalə yazması vəhabi-nurçu hücumları qarşısında unudulmaqda olan Xətaini yenidən Azərbaycana qazandırmaq anlamına gəlir. Bundan sonra yəqin ki, elmdə diletantlar, publistikada, ədəbiyyatda tez məhşurlaşmaq istəyən saldırğan yazarlar Xətai mövzusunda diqqətli olacaqlar. Şah İsmayıl Xətaidə haqqında Azərbaycan dövlət rəhbərlərindən birinin, akademikin  məqaləsi, dövlətin Şaha, onun irsinə sahib çıxması  baxımından çox önəmlidir. Bu günlərdə Türkiyə telekanallarındna yayınlanan “Mühteşem yüz yıl” serialında Səfəvi şahlarının təhqir olunmasına İran dövləti etiraz etmişdi. İran şovinist rejimi Səfəvi irsinə sahiblənməyə çalışır. PA rəhbərini məqaləsi, Şah İsmayılı müasir Azərbaycan dövlətinin qurucusu ilə müqayisə etməsi Səfəvi dövlətinin, Əfşar, Qacar dövləti kimi Azərbaycan türklərinin tarixi keçmişi, irsi olduğunu nümayiş etdirir. Şah İsmayıla sahiblənmək, Güney Azərbaycana sahib çıxmaq anlamına gəlir. Şah İsmayılın gördüyü işləri təqdir etmək, onun irsinə sahib çıxmaq, onun Azərbaycanı bütövləşdirmək siyasətinə, ideyasına sahib çıxmaqdır. Akademik Ramiz Mehdiyevin bu məqaləsi dünyaya “Azərbaycan parçalanmış vəziyyətdədir, Azərbaycan tarixi torpaqlarını, Güney Azərbaycanı unutmayıb” mesajını verdi.

 Sirr deyil ki, bölgədə mühüm tarixi hadisələr cərəyan edir, bölgənin xəritəsi yenidən cızılır. İran adlanan dövlətin perspektivi artıq bəllidir. İranın parçalanacağı labüd tarixi prosesdir. Azərbaycan Respublikası böyük oyunçu olmasa da, bölgədə əhəmiyyətli söz sahibi olan dövlətdir. Azərbaycan Səfəvi irsinə sahib çıxmalı, İran bölünəndən sonra öz tarixi ərazilərinə yiyə durmalıdır. Dövlətin Şah İsmayıla, onun irsin, bütövlük amalına sahib çıxması  İranı yenidən qurmaq istəyən supergüclərə mesajdır. Ümid edək ki, Azərbaycan dövlətinin Güney Azərbaycan məsələsində mövqeyi, siyasəti sistemli, ardıcıl olacaq, tarixi ədalətin bərpasına yardımçı olacaq.






Yüklə 27,83 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə