Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə1/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
  1   2   3   4   5   6   7   8   9   ...   151


EROUSMİT 
 
 
 
Sinkler Luis 
 
I FƏSİL 
 
 
 
Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd 
yaşlı cırıq paltarlı bir qız əyləşmişdi. Onun anasını Mononqaxila yaxınlığında dəfn etmişdilər – gözəl adı 
olan bir çayın sahilində qəbrin üstünü qızın özü torpaqlamışdı. Atası furqonun döşəməsində qızdırma 
içində yatırdı, qızın hisli-paslı, cır-cındır geyinmiş bacı-qardaşları onun ətrafında oynaşırdılar. 
Yolayrıcında, ot basmış yolun düz ortasında qız furqonu dayandırdı və xəstə qırıq-qırıq danışmağa 
başladı: 
– Emmi, yaxşı olardı ki, furqonun ağzını düz Sinsinnatiyə döndərəydin. Ed əmini tapa bilsək, məncə, o bizi 
evinə qəbul edər.   
– Heç kim bizi qəbul etmək istəməz,  – qız dedi,  – nə qədər ki gedə bilirik, irəli gedək. Qərbə doğru! 
Orada çox şey görəcəyəm!  
Qız axşama yemək hazırladı, uşaqları yatırtdı və uzun müddət ocağın kənarında oturdu. 
Bu qızcığaz Martin Erousmitin ulu nənəsi idi. 
 

 
Həkim Vikersonun kabinetindəki müayinə kreslosunda ayağını ayağının üstünə aşıraraq bir oğlan 
oturmuşdu və Qryein "Anatomiya"sını oxuyurdu. O, Uinnemak ştatından, Elk-Milzli  Martin Erousmit idi. 
Elk-Milzdə ( o zaman, 1897-ci ilə ildə bu, qırmızı kərpicli  və alma qoxulu evlərlə dolu yöndəmsiz bir kənd 
idi) danışırdılar ki, həkim Vikersonun kiçik cərrahiyyə əməliyyatları apardığı, bəzən diş çıxardığı, əksər 


hallarda isə mürgülədiyi qəhvəyi rəngli açma kreslo öz həyatını dəlləkxanada başlayıb. Söyləyirdilər ki, 
vaxtilə onun sahibinə "doktor Vikerson" deyirmişlər, amma illər keçdikcə yavaş-yavaş sadəcə, "dok"a 
çevrilib; "dok" həm yaşlı, həm də öz açma kreslosundan da tərs idi.   
Martin "Nyu-York Hazır Paltarların Hərracı"nda müdir işləyən C.C.Erousmitin oğlu idi. Bu dəliqanlı və tərs 
oğlan on dörd yaşında "dok"un qeyri-rəsmi və təbii ki, həm də pulsuz assistenti ola bilmişdi: o, şəhər 
ətrafındakı xəstələrə baş çəkməyə gedərkən "dok"u əvəz edirdi, hərçənd ki, "dok"u nəylə əvəz etmək 
mümkün olduğunu kimsə izah edə bilməzdi. Martin o qədər hündür olmasa da, boy-buxunlu oğlan idi: 
saçları, narahat gözləri qara rəngdəydi, dərisi isə ağappaq görünürdü; adama elə gəlirdi ki, bu ziddiyyət 
onun ehtiraslı dəyişkənliyinə işarə vurur. Hər halda, dördkünc başı və olduqca enli çiyinləri sayəsində 
qadın kimi zərif görünməkdən xilas olmuşdu. Onda gözəl həyat tərzi keçirən centlmenlərin "həssaslıq" 
adlandırdıqları iyrənc qorxaqlıq da yox idi. Dinləyərkən başını tez-tez tərpətməsi, sol qaşından hündürdə 
yerləşən sağ qaşının onun üçün xarakterik olan enerjili və sərbəst ifadə ilə yuxarı dartılması bu oğlanın 
özünü müdafiə edə bildiyinə işarə idi. Simasında hər şeyi bilmək istəyi kimi elə bir iddia oxunurdu ki, 
buna görə müəllimlər və məktəb direktoru onu qətiyyən sevməzdilər.  
Elk-Milzin bir çox sakinləri tək Martin də slavyan-italyan mühacirətinə qədər xalis amerikalı anqlosaks idi 
– başqa sözlə, onun damarlarında alman və fransız, şotland və irland, ola bilər ki, bir az da ispan, yəqin ki, 
müəyyən dərəcədə "yəhudi qanı" adlandırılan qarışıq, böyük miqdarda isə qədim ingilis, kelt, finikiyalı, 
roman, alman, daniyalı və isveç qanlarının qarışığından törəyən ingilis qanı axırdı. 
Martin "dok" Vikersonun yanında köməkçi işləməyə başlarkən Dahi Şəfaverici olmaq istəyinin ona hakim 
kəsildiyini tam əminliklə söyləmək olmazdı.  Düzdür, sıyrılmış yerləri sarıyanda, gözə sarğı qoyanda insan 
fiziologiyasında nə qədər valehedici və qeyri-adi şeylər gizləndiyini həmyaşıdlarına danışaraq onları 
qorxudurdu: bununla belə, öz yoldaşları arasında şöhrət qazanmaq istəyi heç də ona yad deyildi. Siqareti 
axıra qədər çəkib ürəkbulanma belə hiss etməyən keşiş oğlunu belə bir istək yerindən oynada bilərdi. 
Amma bu gün ciddi cəhdlə limfatik  sistem fəslini oxuyur, uzun və qarışıq sözləri ucadan  tələffüz edirdi; 
tozlu otaqda öz-özünə donquldanması isə insana daha çox  yuxu gətirirdi.  
Bu otaq "dok" Vikersonun tutduğu üç otaq arasında ən babatı idi; o baş küçəyə baxan pəncərələri ilə düz 
"Nyu-York Hazır Paltarların Hərracı"nın üstündə yerləşirdi. Otağın bir tərəfində üfunət iyi verən qəbul 
otağı, digər tərəfində isə Vikersonun yataq otağı vardı.  
"Dok" çoxdanın dulu idi. İstehza ilə "qadın səliqəsi" adlandırdığı şey haqqında qətiyyən fikirləşməzdi. 
Laxlayan şifoner və çirkli odeyalla örtülü açma çarpayısının qoyulduğu yataq otağını hərdənbir təmizlik 
həvəsi coşan Martindən başqa heç kim yığışdırmırdı.  
Bu otaq, eyni zamanda, həm kontor, həm həkim kabineti, həm cərrahiyyə otağı idi, həm qonaq və poker 
oyunu üçün nəzərdə tutulmuşdu, həm də ov və balıqçılıq ləvazimatlarının saxlandığı anbar rolunu 
oynayırdı. Qonur rəngdə malalanmış divarın yanında zooloji kolleksiya və tibbə aid qeyri-adi əşyaların 
yığıldığı şüşə şkaf, yanında isə Elk-Milz oğlanlarının tanıdığı əşyalar arasında ən qorxulu və ən cazibədar 
olan qızıl dişli skelet dururdu.  


Axşamlar, "dok" harasa gedəndə, Martin lovğalanmaq üçün oğlanları bu qaranlıq otağa gətirər və kibriti 
skeletin çənəsinə çəkərək yandırardı. 
 "Dok"un öz əli ilə hazırladığı və cilalanmış lövhəyə bərkitdiyi durnabalığının müqəvvası divardan 
asılmışdı. Pas atmış balaca sobanın yanındakı, tüpürcəyə bulaşmış və bomboz bozarmış linoleumun 
üstündəki yonqarla doldurulmuş qutu isə tüpürcəkqabını əvəz edirdi. Köhnə çürük stolun üstündə 
borcların qeyd edildiyi bir qalaq kağız vardı, "dok" adətən "haramzadələrdən borcları yığacağına" and 
içir, amma heç vaxt, heç bir şəraitdə heç bir borcludan pul tələb etmirdi. İldən ilə, onillikdən onilliyə, 
əsrdən əsrə adlayan arı pətəyi kimi çalışqan şəhərcikdə çox şey baş verirdi, ancaq həkimin həyatında heç 
nə dəyişmirdi.  
Ən natəmiz yeri alətlərin sterilləşdirilməsindən daha çox, səhər yeməyində yumurtaya bulaşan qabların 
yuyulması üçün istifadə olunan çuqun çanaq tuturdu. Onun kənarları boyunca qırıq sınaq şüşələri, balıq 
tutmaq üçün sınıq qarmaq, naməlum həblərlə dolu yarlıksız dərman şüşələri, mismarlarla kirpiyə 
döndərilmiş ayaqqabı dabanı, çeynənmiş siqaret kötükləri və  pas atmış cərrah bıçağına sancılmış 
kartoflar düzülmüşdü. 
Bu natəmiz, baxımsız otaq lap "dok" Vikersonun ruhuna bənzəyirdi, onun simvolu idi. Amma o, "Nyu-
York Hazır Paltarların Hərracı"nda bir-birinə oxşayan ayaqqabı qutuları yığınından daha çox maraq 
oyadır,  Martin Erousmiti tədqiqata və macəralara səsləyirdi. 
 

 
Oğlan başını qaldırdı, hər şeylə maraqlandığını göstərən qaşı yuxarı dartılmışdı. Pilləkənlərdən "dok" 
Vikersonun ağır addım səsləri eşidilirdi. "Dok" sərxoş deyil! Onu yatağına uzandırmaq lazım 
gəlməyəcəkdi. Amma "dok"un yataq otağına dəhlizdən keçib getməsi yaxşı əlamət deyildi. Oğlan 
diqqətlə qulaqlarını şəklədi və "dok"un içində əlüzyuyanın altındakı yamay romu saxlanan  kiçik şkafı 
açdığını eşitdi. Qurultu səsi gəldi. Sonra "dok" şüşəni yerinə qoydu və ayağı ilə qapını çırpdı. Hələ ki 
qorxulu bir şey yox idi. Şüşəni cəmi bircə dəfə ağzına yaxınlaşdırmışdı. İndi o birbaşa kabinetə keçsə, hər 
şey rahatca sovuşacaqdı. Amma "dok" hələ də yataq otağında dayanmışdı. Sonra əlüzyuyanın qapısı 
yenidən tələsik açılanda, "qurt-qurt" səsi eşidiləndə, bu  səs üçüncü dəfə təkrarlananda Martin içini 
çəkdi.  
Adətən "dok" bomboz şotka bığları ilə bir anlıq insan cildinə girmiş böyük, müəmmalı və xəyali bulud 
kimi otağa soxulanda onun yerişi daha gümrah olurdu. İndi isə o dəqiqə hücuma keçərək – bu, öz günahı 
barədə açılacaq söhbətin qarşısını almaq üçün adi vasitə idi – "dok" yazı stoluna yaxınlaşdı və gur-gur 
guruldamağa başladı: 
– Siz burada neyləyirsiniz, cavan oğlan? Burada neyləyirsiniz? Bilirdim ki, qapını bağlamasam, lənətə 
gəlmiş pişik içəri nəsə sürüyüb gətirəcək, – sonra o astadan hıçqırdı,  zarafat etdiyini göstərmək üçün 
gülümsədi, çünki insanlar "dok"un hansı əhval-ruhiyyədə olduğunu hər zaman başa düşə bilmirdilər.  


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə