Say say ümumi qrammatik mənasına görə əşyanın miqdarını və sırasını bildirir, neçə? nə qədər? neçənci?



Yüklə 54,88 Kb.
tarix28.06.2018
ölçüsü54,88 Kb.
#52219

SAY

Say ümumi qrammatik mənasına görə əşyanın miqdarını və sırasını bildirir, neçə? nə qədər? neçənci? suallarından birinə cavab verir. Məsələn: iki (qələm), beş (şagird), birinci (masa) və s. Say əşyaya aid olur və ondan əvvəl işlənir.

Quruluşuna görə saylar üç cür olur: sadə, düzəltmə və mürəkkəb saylar.

Sayların quruluşca növləri



Sadə saylar

Düzəltmə saylar

Mürəkkəb saylar

bir, üç, beş, on, az, çox, xeyli

birinci, üçüncü, beşinci, onuncu, çoxlu, yüzlərlə, onlarca və s.

on bir, üç-beş, beş – on, az-çox, dörddə bir, bir qədər və s.

Sadə saylar bir kökdən ibarət olur. Birdən doqquza qədər olan saylar (1 – 9), onluqlar (10, 20, 30, 40, 50, 60, 70, 80, 90), yüz, min, milyon, milyard, sıfır, az, çox, xeyli sayları sadə saylardır. Bu saylardan sıfır, həştad, milyon, milyard, trilyon sayları alınma, qalan saylar isə ümumtürk mənşəli saylardır.

Düzəltmə saylar leksik şəkilçilərlə düzəlir: birinci, yü-

züncü, minlərcə, coxlu və s. Sıra saylarının hamısı düzəltmə

saylardır.

Mürəkkəb saylar ən az iki sayın birləşməsindən əmələ gəlir: az-çox, üç-dörd və s. Dilimizdə bir neçə sözlə ifadə olunan saylar da vardır: on yeddi, beşdə bir, min doqquz yüz əlli bir. Belə saylar tərkibi saylar adlanır. Tərkibi saylar ayrı yazılır.

Dilimizdə bitişik yazılan mürəkkəb say yoxdur.

Sayların mənaca növləri

Sayın mənaca iki növü var: miqdar sayları, sıra sayları.





  1. Miqdar sayları bütün digər sayların əsasını təşkil edir və mənaca üç yerə bölünür: müəyyən miqdar sayları, qeyri-müəyyən miqdar sayları, kəsr sayları.

Müəyyən miqdar sayları əşyanın konkret miqdarını bildirir və neçə? nə qədər? suallarına cavab olur. Müəyyən miqdar saylarından sonra gələn isimlər yalnız təkdə işlənir. Məsələn:beş uşaq, on ağac və s. Miqdar sayları birinci növ təyini söz birləşmələrinin birinci tərəfi kimi işləndikdə heç bir qrammatik şəkilçi qəbul etmir. Miqdat sayları ikinci növ təyini söz birləşmələrinin heç bir tərəfi ola bilmir, üçüncü növ təyini söz birləşməsinin isə hər iki tərəfi ola bilir. Üçüncü növ təyini söz birləşməsinin ikinci tərəfi olduqda isimdən sonra işlənir (Qızların ikisi daha yaxşı oxudu ), mənsubiyyət şəkilçisi qəbul edir və hallanır (Qələmlərin beşinə 1 manat verdik).

Müəyyən miqdar sayları ilə isimlər arasında numerativ sözlər işlənir. Numerativ sözlər saylardan sonra, isimlərdən əvvəl gələrək ya onalrı müxtəlif cəhətdən izah edir, ya kəmiyyət fərqi yaradır, ya da ismi bu və ya digər cəhətdən təyin edir. Dilimizdə ən çox işlənən numerativ sözlər bunlardır: ədəd, nəfər, baş, dəst, dənə, cüt və s.



Nəfər – insan bildirən isimlərlə işlənir: on nəfər nümayəndə. Baş – heyvan bildirən isimlərlə işlənir: iki baş öküz. Ədəd, dənə - cansız əşya bildirən isimlərlə işlənir: beş dənə nar. Cüt, dəst – qoşalıq bildirmək üçün işlənir: bir cüt ayaqqabı, iki dəst paltar.

Göz, tikə, parça, dəstə, top, nüsxə, cild, qətrə, qəlib və s. kimi sözlər də numerativ söz kimi işlənə bilir: bir göz otaq, bir tikə qənd, bir parça çörək, iki dəstə gül, bir top çit, beş nüsxə qəzet, iki cild kitab, bir qətrə göz yaşı, bir qəlib sabun və s.

Dilimizdə olan bəzi sözlər (şüşə, qatar, sətir, səhifə, səbət, damla, ovuc və s.) saylarla isimlər arasında işlənməklə isimlərin ifadə etdikləri boyun, ölçünün, həcmin və s. miqdarını bildirir: bir stəkan su, iki qaşıq yağ, üç vaqon taxta, bir şələ odun və s.



Qeyri-müəyyən miqdar sayları əşyanın dəqiq olmayan miqdarını bildirir və nə qədər? sualına cavab verir. Məsələn: beş – altı ( uşaq), üç - dörd (qələm) və s. Azərbaycan dilində işlənən qeyri-müəyyən miqdar sayları bunlardır: az, çox, xeyli, bir qədər, bir az, bir sıra, az-çox, çoxlu, onlarla, yüzlərlə, minlərlə, bir-iki və s. Az və çox qeyri-müəyyən miqdar sayları ən, lap, daha ədatları ilə də işlənə bilir: lap az, daha çox və s.

Az sayından sonra gələn isim təkdə (az adam, az uşaq), bir çox, bir sıra saylarından sonra gələn isimlər isə cəmdə ( bir çox alimlər, bir sıra ziyalılar) işlənir. Çox, onlarla, yüzlərlə, minlərlə saylarından sonra gələn isimlər həm təkdə, həm də cəmdə işlənə bilir: çox (fikirlər səsləndi), onlarla (nümayəndə), yüzlərlə (tələbə), minlərlə (oxucular) və s. Digər qeyri-müəyyən miqdar saylarından sonra gələn isimlər təkdə işlənir: bir qədər duz, xeyli alıcı və s.

Bəzi qeyri-müəyyən miqdar sayları ilə isimlər arasında

numerativ sözlər işlənir: bir neçə nəfər nümayəndə, bir-iki

dənə qənd, bir-iki qaşıq yağ və s.

Kəsr sayları ya tamın hissəsini, ya da tam və hissəni bildirir. Kəsr sayları nə qədər? neçə hissə? suallarına cavab olur. Kəsr sayları müəyyən miqdar sayları və -da, -də şəkilçisinin köməyi ilə yaranır. Məsələn: ikidə bir, dörddə üç, beş tam onda bir və s.


  1. Sıra sayları əşyanın sırasını bildirir, neçənci? sualına cavab olur. Sıra sayları müəyyən miqdar saylarına –ıncı4 şəkilçisini artırmaqla düzəlir: birinci, ikinci, onuncu, yüzüncü və s. Kökü saitlə bitən saylara qoşulduqda bu şəkilçinin ilk saiti düşür: əllinci, altıncı, ikinci və s.

  2. Əvvəl, axır, filan, son sözləri - ıncı, -inci, -uncu, -üncü şəkilçisi ilə işləndikdə sıra sayı məzmununu bildirir: əvvəlinci (sıra), axırıncı (dərs), filanıncı (il) və s.

Sıra sayları bəzən hansı? sualına da cavab olur. Məsələn: birinci (hansı?) mərtəbə, axırıncı (hansı?) dərs, onuncu (hansı?) sinif və s.

Sıra saylarından sonra gələn isimlər bəzən cəm şəkilçisi qəbul edə bilir. Məsələn: beşinci siniflər, 60-cı illər, birinci sıralar və s.



Sayların yazılışı

  • Sıra sayları həm ərəb rəqəmləri ilə, həm Roma rəqəmləri ilə, həm də sözlə yazıla bilər.

  • Sıra sayları rəqəmlə yazıldıqda saydan sonra, şəkilçidən əvvəl defis (-) işarəsi qoyulur.

  • Sıra sayları həm ərəb rəqəmləri ilə yazıldıqda onlardan sonra

-ıncı, -inci, -uncu, -üncü şəkilçisinin ixtisar forması olan -cı,

-ci, -cu, -cü şəkilçisi ilə işlənir: 5-ci, 9-cu, 33-cü və s.



  • Sıra saylarını ərəb rəqəmləri ilə yazıb, onlardan sonra nöqtə və ya yarımmötərizə (nöqtəsiz) işarəsi qoymaqla da göstərmək olar. Məsələn: 1. və ya 1)

  • Sıra saylarını sözlə də yazıla bilər: birinci, üçüncü, onuncu, iyirmi beşinci və s.

  • Sıra sayları Roma rəqəmləri 7 işarə ilə göstərilir: I (1-ci), V (5-ci), X (10-cu), L (50-ci), C (100-cü), D (500-cü), M (1000-ci). Bütün digər rəqəmlər bunların müxtəlif şəkildə birləşməsi ilə yazılır: XIX əsr (19 - cu əsr), VII əsr (7 -ci əsr) və s.

  • Roma rəqəmlərindən sonra heç bir şəkilçi işlədilmir, defis qoyulmur, nöqtə, vergül istifadə edilmir.

  • Gün, ay və il tarixləri rəqəmlə yazılarkən, gün və illər ərəb rəqəmləri, ay isə Roma rəqəmləri ilə ifadə olunur. Bu zaman gün, ay və il tarixləri arasında nöqtə işarəsindən istifadə edilir. Məsələn: 5. V. 2016, 15.VI.2011 və s.

  • İki və daha artıq sözdən ibarət olan miqdar sayları ayrı yazılır: on səkkiz, iyirmi bir, min doqquz yüz əlli beş və s.

  • Müəyyən miqdar sayları rəqəmlə yazıldıqda rəqəmdən sonra, şəkilçidən əvvəl defis (-) işarəsi qoyulur: mayın 15-i, saat 1-də, 3-cü fəsil və s.

  • İki və daha artıq sözdən ibarət olan miqdar sayları ayrı yazılır: on doqquz, iki yüz qırx iki və s.


Sayın isimləşməsi (substantivləşməsi)

Sayların cümlədə əsas vəzifəsi təyin olmaqdır. Lakin bəzən saylar da mübtəda, tamamlıq vəzifəsində çıxış edir. Məsələn, Birincilər (kim?) çıxış edirlər. Bu cümlədə say ismin suallarına cavab vermişdir. Bu, sayın isimləşməsi, substantivləşməsidir. Say substantivləşərkən cümlədə mübtəda, tamamlıq olur, lakin nitq hissəsi kimi morfoloji xüsusiyyətini saxlayır, yəni say kimi götürülür.

Saylar substantivləşdikdə də xəbər ola bilir, xəbər şəkilçisi qəbul edərək də xəbər ola bilir. Say yalnız xəbər şəkilçisi qəbul edib cümlənin xəbəri olduqda isimləşmir. Məsələn, Bu şaqirdin qiyməti beşdir (neçədir?). Bu, beşdir, bi isə on – cümləsində sifət isimləşməmişdir. Bu mənim beşimdir cümləsində isə sifət ismə aid şəkilçi qəbul etdikdən sonra isimləşib. Sıra sayları başqa saylara nisbətən daha çox isimləşir: Onuncular irəlidədir.

Say substantivləşdikdə özünə aid xüsusiyyətlərini itirir (miqdar və sıra bildirmir, sayın suallarına cavab vermir, cümlədə təyin ola bilmir, isimdən əvvəl işlənmir).

Say substantivləşdikdə ismə aid xüsusiyyətlər qazanır:


  • ismin suallarına cavab verir: Dörd də pis (qiymət) deyil.

  • cümlədə mübtəda olur: Səkkiz ən çox sevdiyi rəqəmdir.

  • cümlədə tamamlıq olur: İkini heç kim sevmir.

  • hallanır: İkidən üç çıxmaq olmaz.

  • cəmlənir: Onuncular yarışacaqlar.

  • mənsubiyyətə görə dəyişir: Beşincilərimizə proqramlaşdırma öyrədiləcək.

  • isimsiz işlənir: (Şəkillərin) Dördünü mən işlədim.

Sayların özünün qrammatik şəkilçisi yoxdur. Saylar cümlədə (isimləşdikdə və isimləşmədən) ismi xəbər olur. Say düzəldən leksik şəkilçilərin hamısı türk mənşəlidir.

Sayın morfoloji təhlili

Sayın morfoloji təhlili zamanı aşağıdakılar müəyyən olunmalıdır:



  1. Sayın morfoloji sualı, başlanğıc forması

  1. Mənaca növü

  1. Quruluşca növü

  1. Hansı nitq hissəsi ilə bağlılığı

  1. Cümlədə sintaktik vəzifəsi.

Məsələn: Sərdar üçüncü gün işə çıxacaq.

Üçüncü – neçənci? düzəltmə saydır, sıra sayıdır, cümlədə sintaktik vəzifəsi təyindir.
Yüklə 54,88 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə