SəMƏRƏLİ İŞ HƏyatimüsbət yüklə yüklənmək



Yüklə 0,52 Mb.
səhifə3/7
tarix17.09.2017
ölçüsü0,52 Mb.
#572
1   2   3   4   5   6   7

Öz-özümlə baş-başa


           

“Elmlə məşğul olanlara məlumdur ki, ilk inkişaf etmiş elm sahəsi astronomiya, inkişaf yoluna ən son qədəm qoymuş elm isə psixologiyadır. Elə buna görədir ki, insanlar başqa aləmləri öyrənməyə daha meyllidirlər, nəinki özlərini tanısınlar və ya öz mənlərini, mənlik şüurlarını kəşf etsinlər”, – deyə İbrahim Rəfiq çox incə məqamı qeyd edir.

İnsan ruhla bağlı təcrübələrə məruz qalan bioloji bir varlıq deyil; əslində bioloji tərəfləri olan ruh əsaslı bir varlıqdır. Son araşdırmalar insanın yalnız ətdən və sümükdən ibarət bir canlı olmadığını açıq-aşkar sübut etmişdir. Belə ki, bu mürəkkəb varlığın özündə psixoloji, bioloji, sosial, ruhi və əqli cəhətləri birləşdirdiyi artıq danılmaz bir faktdır.

Sabah daha fərqli tərzdə yataqdan qalxmalı və daha fərqli bir şəkildə güzgüdə özümə tamaşa etməliyəm! Və kresloma yastılanaraq indiyə qədər ünsiyyət zamanı çəkdiyim və çəkdirdiyim bütün problemləri fikirləşməliyəm. Ünsiyyət qura bildiklərimlə qura bilmədiklərimi zərgər dəqiqliyi ilə xəyali tərəzimdə ölçməliyəm.  

“Sizinlə ünsiyyət qura bilmişikmi?!” – deyə soruşmalıyam hər söhbət etdiyim adamdan. Və yarı yolda qalmış ünsiyyət karvanında özümün nə qədər günahkar olduğumu araşdırmalıyam bir sarban kimi. Araşdırma zamanı bəhanə xəzinəmə müraciət etməyib obyektivliyi qorumalıyam. Özümlə əyri oturub, düz danışmalıyam! Lazım gələrsə, elə düz oturub, düz də danışmalıyam öz-özümlə!

Pozulmuş ünsiyyətlərdə əsas səhvi özümdə gördükcə narahatlığım aradan qalxacaq və həlli mümkün olmayan xroniki problemləri bu sehrli üsulla həll edərək, həyatdan zövq almağa başlayacağam.

Bəzən lazımsız məsələlərə həddindən çox əhəmiyyət verdiyimi görüb, bəlkə də, təəccüblənəcəyəm. İşimə yönəltdiyim diqqət və ciddiyyəti özümə və ətrafımdakılara də tətbiq etdikcə meydana çıxmış sinergetik bir güclə özümü daha da inamlı və etibarlı hiss edəcəyəm.

Əslində həyatın çox gözəl olduğuna inanmalıyam! İnsanların çox qiymətli və şərəfli olduqlarına inanmalıyam. Görmə və eşitmə qabiliyyətim məhdud olduğu üçün lap yanımda olan elə gözəlliklər var ki, onlardan xəbərsizəm. Belə gözəlliklərdən xəbərdar olmaq üçün əvvəlcə... inanmalıyam.

“İnanırsansa, deməli üstünsən!” sözlərinə uyğun olaraq, inanmalıyam və artıq bu gündən özümlə ünsiyyətə girərək, özüm özümə – özüm öz üzümə gülümsəməliyəm. Hətta indiyə kimi dağıtdığım südləri, nəfsimdəki bütləri, qırdığım şüşələri acı qəhqəhələrə boğmalıyam. Qırdığım ürəklər üçün isə yalnız peşimanlıq duyğusu ilə göz yaşı tökməliyəm; ümid edirəm ki, hamının mütləq qalib və ya məğlub olduğu bir gün qələbə qazananların düşərgəsində qərarlaşa biləcəyəm.

Sizdən bir sual soruşmaq istəyirəm: “Sizinlə ünsiyyət qurmuşuq, yoxsa ünsiyyəti qırmışıq?” Bu suala verdiyiniz cavabları düzgün qiymətləndirmək üçün əvvəlcə gərək öz-özümə bir sualı səmimi cavablandırım: “Öz-özümlə ünsiyyət qura bilirəmmi?”



Daxili intizam

Ağlı başında olan hər bir adamda uğur qazanmaq üçün potensial güc və imkan var. Amma təəssüf ki, hamımız bu potensialdan istifadə edə bilmirik.

Uğur qazanmaq potensialını evin damına bənzətsək, onda bu damı öz üzərilərində saxlayan iki əsas sütun lazımi məlumatlar və əhval-ruhiyyədir. Bu amillərdən biri olmazsa, uğur sözünün sonuna “suz” şəkilçisinin artırılmasının qarşısını ala bilməyəcəyik. Xəyali evimizin bünövrəsini isə daxili intizam təşkil edir. Daxili nizam-intizamı təkmilləşdirmək və bununla da, evin bünövrəsini bərkitmək istəyiriksə, müəyyən məqamlara fikir verməliyik.

***


İstədiyiniz bir şeydən imtina etməyin, onu müəyyən müddətə ertələyin; çünki ondan imtina etsəniz belə, o sizin ağlınızdan çıxmayacaqdır.

Özünüzə tam sərbəstlik verməyin, özünüzü bəzi işləri həyata keçirməyə məcbur edin; sırtılmaq, sərbəst olmaq rahatlaşmağa, rahatlıq isə ölümə gətirib çıxarır.

Hadisələrə yalnız müsbət yanaşmaqla ruhunuzu həmişə müsbət mövqedə saxlayın; maqnitin əks qütbləri bir-birini çəkdiyi kimi, mənfi amilləri də müsbət mövqeyə çəkərək onları zərərsizləşdirməyə çalışın.

Şüar və kredolardan istifadə edin; dərin və mənalı fikirlərin icmalı olan faydalı şüarlar həyat yolunuzu tənzimləyən işıqfor rolunu oynayacaq.

Sahilə çıxan kimi geri dönməmək üçün gəmiləri yandırın; Adı Cəbəlüttariqdə əbədiləşmiş Tariq ibn Ziyad kimi: “Qarşımızda dərya kimi bir düşmən, arxamızda isə düşmən kimi bir dərya var”, – deyərək ancaq qələbəyə köklənin.

***


Daxili intizamınızı pozan amillərdən uzaq durmağa çalışın; “yox” deməyi bacarın, bəzi hallarda ən yaxın adamlarınızdan belə sizə ziyan dəyə biləcəyini nəzərə alın.

Hər şeyin beyində başladığını və qurtardığını yaddan çıxartmayın; orqanizmin kilo yarımlıq bir hissəsinin əslində super “bio-kompyuter” olduğunu anlayın.

Daxili intizamı təmin etmək üçün bir standart seçin; probelmlərlə aşıb-daşan həyatımızı, eləcə də daxili dünyamızı nizamlamaq üçün ən etibarlı vasitə inamdır.

Lazımi qədər güc-qüvvət toplamadıqca mübarizəyə girişməyin; gözləmə mövqeyində dayanmaq ağılsız hərəkətlərdən daha faydalı olur.

Xəyal etməkdən qorxmayın; qorxmayın, çünki xəyal dənizində gəmi batmır.

***


Əzmkar və məqsədyönlü olun; ümidsizlik elə bataqlıqdır ki, oraya düşən çətin qurtular. Oradan sağ-salamat çıxmaq üçün əzmkar olmaq lazımdır.

Konsentrasiyanızı artırın; “uğursuzluq filminin baş rolunu diqqətsizlik ifa edir”.

Özünüz üçün bir neçə maddəlik daxili nizam-intizam qaydaları tərtib edin; bu qaydalara riayət etmədiyiniz halda özünüzü cəzalandırın.

Bir işi görmək üçün zəruri və kafi şərtlər təmin olunubsa, gecikmədən o işi yerinə yetirin; çünki həyata keçiriləcək bir sıra işlər sizi gözləyir.

Bir işi çətinlik çəkmədən görmək istəyirsinizsə, qırx gün fasiləsiz o işi təkrar edin; Çünki az və davamlı bir iş çox sıx, amma fasilələrlə görülən bir işdən daha faydalıdır.

***


Bəli, dostlar, hərəkət etmək, fəal olmaq zəmanəsidir. Hərəkətdə bərəkət var. Adicə su belə hərəkətsiz qaldıqda iy verir. Bəs siz – bədəninin 70%-i sudan ibarət olan insanlar, hələ də hərəkətsiz qalmaqda israr edirsiniz?!

Sürəkli inkişaf

Uğura aparan yol həm uzun, həm də qısadır, həm çətindir, həm də asan. Böyük şəhərlərdə olduğu kimi, çoxlu maşınların şütüdüyü bu yolda da yol-hərəkət qaydalarına fikir verməsəniz, mənzil başına çata bilməzsiniz. Bu qaydalar arasında ən çox rastlananlara inkişaf və müsbət dinamika, işə yaxşı bələd olmaq, ümid, xəyal, çalışqanlıq, səbr, daxili inam və özünüqiymətləndirmə, təcrübə, məqsədyönlülük kimi keyfiyyətləri aid edə bilərik.

Müsbət dinamika, başqa sözlə müsbət istiqamətə yönəlmək çətin bir işdir. Bunun üçün iradəli və çalışqan olmaq lazımdır. Narahatlıq və əlavə başağrısı verdiyi üçün əksər insanlar dəyişməyə meylli olmurlar.

Uğur qazanmaq üçün dəyişmək lazımdırmı? Uğursuz olmaq üçün, əlbəttə ki, lazım deyil. Müsbət yöndə dəyişmək bizim uğurumuzu zəmanət altına almasa da, uğurlu yoldan çıxmamaq üçün bizə kömək edir. Son mənzilə çatıb-çatmayacağımız isə həmin yolda maşınımızı necə sürəcəyimizdən asılıdır.

Dəyişkənliyə müqavimət göstərməkdənsə, onunla necə rəftar etməyi öyrənmək daha məntiqli addımdır. Bunun üçün vərdiş və gərdişi-dövranımızı dəyişməyi bacarmalıyıq. “Ən böyük axmaqlıq işi həmişə eyni tərzdə görərək ondan fərqli nəticələr gözləməkdir”. Əməli fəaliyyət görmədən işlərin dəyişəcəyini gözləyiriksə, deməli artıq gecikmişik. Digər tərəfdən hər çalınan havaya oynasaq, enerjimizi lazımsız yerə xərcləmiş və israf etmiş olarıq.

***


Yaponların “kaizen” düşüncəsi daimi, sürəkli inkişaf deməkdir. Sürəkli inkişafı sürətli inkişafdan fərqləndirmək lazımdır. Sürəkli inkişaf dedikdə yavaş, amma fasiləsiz inkişaf başa düşülür. İnkişaf yolunu tutan birisi mütləq bir gün uğur əldə edəcəkdir. Onlar müvəqqəti uğursuzluqlarını düzgün qiymətləndirərək daim daha yaxşı vəziyyətə doğru irəliləyirlər. Bob Dilan: “doğumla məşğul olmayan ölümlə məşğuldur”, – deyərək uğurlu olmaq istəyənlərə düzgün yol göstərməyə çalışır.

Ani dəyişikliklərə insanlar sərt reaksiya ilə cavab verirlər. Ani dəyişkənliyə misal olaraq, qurbağa üzərində aparılmış təcrübəni göstərə bilərik. Bir ləyənin içində qaynar sobanın üstünə qoyulan qurbağa elə o saniyə tullanaraq ləyəndən çıxır. Amma ləyən sobanın üstünə qoyulduqdan sonra sobanı yandırdıqda və soba tədricən isindikdə qurbağa istilikdən həzz alır və ölüm anında belə kənara tullanmağa cəhd eləmir.

Sürətlə dəyişən müasir dünyamızın inkişaf tezliyi gələcəkdə daha da artacaqdır. Qarşıda bizi hansı dəyişikliklərin gözləməsindən asılı olmayaraq, birinci növbədə öz-özümüzlə mübarizə aparmalıyıq. Təcrübələr də sübut edir ki, uğur qazanmaq üçün əsas təkanverici qüvvəni rəqiblərlə mübarizədə yox, özümüzü müsbət yöndə dəyişdirmək üçün etdiyimiz cəhdlərdə axtarmalıyıq.

***


“Heç nədən qorxma! Gəmini yüklə və yola çıx. Gəminin sağ-salamat limana çatıb-çatmayacağını heç kim bilmir. Dəryalar aşmağa cəsarət etməyən tacirlər kimi olma. Bu, pul qazanmaq və ya itirməkdən daha əhəmiyyətlidir”, – deyən Mövlana hələ orta əsrlərdən bəşər övladını cəsarətli olmağa çağırmışdır.

Fərdi inkişaf

“Fərdi inkişaf nə deməkdir və ya nələr fərdi inkişafa aid deyil?” sualı üzərində fikirləşməyə dəyər. Fərdi inkişaf eqonun yox, qabiliyyətin və bacarığın inkişaf etdirilməsi deməkdir! Fərdi inkişaf “nə oldum yox, nə olacağam?” sualını şüar edərək, cavabı yaşayaraq tapmaqdır! Fərdi inkişaf özümüzə nəhəng bir güzgüdə baxmaq əvəzinə daxilimizdəki keyfiyyətləri real dünyada əks etdirmək bacarığıdır! Fərdi inkişaf nə hər şey deməkdir, nə də heç nə! Fərdi inkişaf dünyaya meydan oxumaq aləti yox, həyatı yaxşı oxumaq vasitəsidir.



Fərdi inkişafa dair suallar

Fərdi inkişafa dair yazılmış bütün kitablarda və ya bu sahədə ixtisaslaşmış mütəxəssislərdə kifayət qədər məlumat varmı? Xeyr. Texnoloji yeniliklər insanların informasiyanı əldə etmək imkanlarını asanlaşdırsa da, istənilən mövzu haqqında səthi məlumat toplayıb onu kitab kimi oxuculara təqdim etmək düzgün deyil. Yalnız başa salmaq və yazmaq yetərli deyil... Dediklərini həyatda tətbiq etməyənlərin nəsihətləri su üzərində yazılmış yazılar kimidir.

Fərdi inkişafa dair yazılmış bütün kitablarda yazılanlar və ya bu sahədə ixtisaslaşmış mütəxəssislərin dedikləri düzdürmü? Xeyr. Müxtəlif ideologiyalara xidmət edən mənbələrdən yayılmış informasiya mütləq yoxlanılmalıdır. Müəllifin fikirləri səhv olmaqla bərabər, tərcümə edilmiş kitablarda da tərcüməçinin yol verdiyi xətalar oxucunun da yanlış informasiya qəbul etməsinə səbəb ola bilər.

Fərdi inkişaf adı altında bizim oxuculara təqdim edilən müxtəlif mədəniyyət və ideologiyaların mənfi təsiri varmı? Bəli. Uzaq Şərq və Qərbdən olan bəzi cərəyanlar öz mənəvi dəyərlərini (!) bizə şirin, cəlbedici formada təlqin edərək milli dəyərlərimizin unutdurulmasına çalışırlar. Bu lap susamış adama duzlu ayran verilməsinə oxşayır.

“İnsanlara aid edilən sonsuz güc-qüvvət” ifadəsi özü boyda böyük bir yalandırmı? Bəli. İnsanın potensialı böyükdür, amma sonsuz deyildir. Bəzən pərdəarxası hadisələri müşahidə edən birisi elə olur ki, burnunun ucundakı təhlükəni görə bilmir. Yeganə Sonsuz Güc Sahibi insanı və onun yaşadığı kainatı heçdən yaradandır. “Onu tapan nə itirmişdir?! Onu itirən nə tapmışdır?!”

Fərdi inkişafa dair keçirilmiş bir seminardan sonra bu mövzuda olan bütün problemlərimizi həll edə bilərikmi? Xeyr. Müasir dövrün adamları artıq çox funksional olublar və həmişə hazıra nazir olmaq istəyirlər. Biz bir neçə saatlıq seminar və ya kurslarla dərdimizə dərman tapacağımızı düşünürük və bununla da, özümüz özümüzü aldadırıq. Halbuki fantaziyalara, xülyalara qapılmaqdansa həyatımızı həqiqi məlumatlar əsasında qurmaq daha düzgün olardı.

Şəxsiyyətin inkişafına dair keçirilmiş bir seminarda məsələ haqqında hərtərəfli informasiya verilirmi? Xeyr. Belə seminarlarda əsas məqsəd insanın bu yöndəki çatışmazlıqlarını üzə çıxartmaq və onu problemin həllinə təşviq etməkdir. Bu tədbir çərçivəsində iştirakçılara yalnız müəyyən açar-həllər təqdim edilir.

Fərdi inkişafda əsas məqsəd digər fərdlərlə rəqabətə girməkdir? Xeyr. Başqasını özünə rəqib seçən adam hərisliyin, bəd niyyətinin əsiri olur. Hərislik adama nəinki yeni uğur gətirmir, hətta onun özündə olan məziyyətlərdən də məhrum olmasına gətirib çıxarır. İnsanın rəqibi yalnız özü, nəfsi olmalıdır. Şəxsiyyət ancaq xarakterdəki mənfi cəhətlər aradan qaldırılmaqla təkmilləşdirilə bilər. Bu mənada, dünyaya göz açarkən Allahın insanlara verdiyi fitri xüsusiyyətlərdən “imtina etməkdənsə”, ailədə, məktəbdə və ya məhəllə həyətindəki mühitimiz vasitəsilə canımıza hopmuş çirkabdan – mənfi xüsusiyyətlərdən təmizlənməliyik. Anadangəlmə inadkar olan birisinin tərsliyindən əl çəkməsi mümkün deyil. Bəs nə etməli? Bu xüsusiyyətimizi müsbət yöndə, məsələn, elm öyrənmək yolunda, Azərbaycan xalqına xidmət yolunda istifadə etməliyik. Amma sonradan vərdiş etdiyimiz yalan danışmaq, qeybət etmək kimi mənfiliklər özünütərbiyə yolu ilə tərk edilməlidir. Qərb ədəbiyyatına nəzər saldıqda bu istiqamətdə oxucuları çaşdıran bəzi məqamların yer aldığını görürük. Fitri xüsusiyyətlərə məhəl qoymadan xarakterin dəyişdirilməsini aşılayan belə kitablarda şəxsi mənfəət naminə istənilən tip insan olmaq “məsləhət görülür”. Əslində isə müasir dünyaya, o cümlədən bütün türk dünyasına iradəli, sağlam şəxsiyyətə malik və cəmiyyət üçün faydalı olan bir insan lazımdır.



Faydalı insana ehtiyac var!

Müasir dünyamızda milyardlarla insan, milyonlarla iş adamı, minlərlə vəzifə sahibi, yüzlərlə uğurlu adam var. Amma təəssüf ki, faydalı insanların sayı çox azdır. Faydalı insan dedikdə cəmiyyət üçün lazımlı, xeyirli olanlar nəzərdə tutulur.

Faydalı insan olmaq üçün ilk əvvəl adam öz-özlüyündə bu suallara cavab tapmalıdır: Mən kiməm? Haradan gəlmişəm? Haraya gedirəm? Həyatda əsas məqsədim nədir? Məqsədimə çatmaq üçün hansı vasitələrdən istifadə etməliyəm? Vaxtdan səmərəli istifadə edə bilirəmmi? Əgər biz bu suallara cavab tapa bilsəydik...

“Bilikli insan çoxdur, amma bildiyini təmsil edən çox azdır. Əsas mənfi cəhətimiz bildiklərimizi həyatda tətbiq etməməyimizdir”. Yunus Əmrə: “Elm elm bilməkdir, elm özünü bilməkdir. Sən özünü bilməzsən, bu necə oxumaqdır”, – misraları ilə fərdi inkişaf məsələsində ən vacib məqama diqqət çəkmişdir.

İnam və uğur

“Ümid insanın özünü tanımasıdır” – bu sözlər ümidin çox dəqiq və konkret tərifidir. Çünki saatlarla müzakirə ediləcək mövzu dörd sözlə ifadə edilmişdir.

Özünü tanıyan insan heç vaxt ümidsizliyə qapılmaz. Əgər ümidsizliyə düşübsə, deməli o özünü tanımır, daxilindəki gücə bələd deyil. İnsan daxilindəki müsbət xarakterləri kəşf etdikcə özünü təkmilləşdirir, mənfi cəhətlərini aradan qaldırmaq üçün daha çox çalışmağa başlayır. Ömür boyu özü ilə birlikdə yaşayan, amma özünü tanımayan insan isə hər bir uğursuz cəhddən sonra özünə olan inamını və ümidini itirir. Ümidini itirən insanın isə artıq itirəcək başqa bir şeyi qalmır.

***


Daxili inam

İnsanın özünə olan inamını daxili inam adlandırmaq olar. Daxili inam insanın öz gücünə inanmasıdır, başqa sözlə, özündə olan müsbət xüsusiyyətləri həyata keçirmək üçün inamlı olmasıdır.



Özünəhörmət

Özünəhörmət insanın müsbət və mənfi cəhətlərini qəbul etməsidir. Yəni özünü olduğu kimi görməsi, həddini bilməsidir. Məşhur şəxsiyyətlərdən biri deyir ki, “xoşbəxt olmaq istəyirsənsə, öz sərhədini bil və qəbul et”.

Daxili inam fərdi və kollektiv surətdə çalışanlara müəyyən mənada kifayət etsə də, uğurlarımızı ard-arda sıralamaq və qəlbən rahat yaşamamız üçün özünəhörmət vacib şərtlərdən biridir.

***


Öyrəşdiyimiz ümidsizlik

Bəzi şəxslər gündəlik həyatda və ya işlərində baş vermiş hər hansı uğursuzluğa aid pessimist düşüncələrini digər fəaliyyətlərinə də “yoluxduraraq”, uğur qazana biləcəkləri bir yerdə passivləşir və depressiyaya düşürlər.

Canımıza hopmuş ümidsizlik xofundan qurtulmaq, gələcəkdə uğur qazanmaq üçün daim gərgin və səmərəli işləmək lazımdır. Bu isə fərdin əzmi ilə bağlıdır. O, iradəsini yoxlamaq üçün özünü məcbur etməlidir ki, əvvəlki uğursuzluqları yenidən yaşamasın, qarşıdakı problemləri müvəffəqiyyətlə həll etsin. Çünki o yalnız qətiyyəti ilə ümidsizlik bəlasından qurtula bilər.

Problemsiz bir həyat absurddur. İş olan yerdə mütləq problem vardır. Problemin olmadığı yerdə ya ümumiyyətlə iş görülmür, ya da problemlər ört-basdır edilir. Problemi həyatın gerçəkliyi kimi qəbul edən insan gözlənilməz hadisələrə qarşı da həmişə hazır olur və ümidsizliyə qapılmır.

Ümidsizlik, bədbinlik və ya pessimizm çox təhlükəli bir xəstəlik olub, insanın məruz qala biləcəyi ən dəhşətli müsibət kimi qəbul edilməlidir.

***


Həyatı iztirabla keçən istiqlal şairi Mehmet Akif Ərsoy Türkiyənin çox çətin vəziyyətdə olduğu anda belə ümidsizliyə üsyan etmişdir:

Ümidsizlik elə bataqlıqdır ki, düşsən, boğularsan,

İradəndən möhkəm yapış, bax gör nə olarsan!

Uğur və imic

Uğur qazanmağa, uğurlu olmağa qoşulmuş hekayə və rəvayətlər hazırda ən aktual mövzulardandır. Bu haqda kitablar yazılır, konfranslar təşkil edilir, seminarlar veririlir. Amma nədənsə heç cür uğur qazanmaq uğrunda uğurlu ola bilmirik. Bəs nə etməli, nəyə fikir verməliyik?

Bu mənada, uğur əldə etmək istəyən birisi ilk növbədə imicinə fikir verməlidir. İmic fərdin və ya bir təşkilatın özünü ictimaiyyətə təqdim etmə formasıdır, onun görünüşüdür.

Mal əvəzinə markaların satıldığı, adamların əvəzinə isə adların, soyadların ön planda gəldiyi müasir dünyada uğur qazanmaq uğrunda daha səmərəli çalışmaq lazımdır.

Molla Nəsrəddinin xalq arasında məşhur olan “ye, kürküm, ye” məsəlində özünü daha bariz şəkildə əks etdirən imic məsələsi artıq həyati əhəmiyyət kəsb edir. Çünki ilk təəssürat formalaşdırmaq üçün bizə ikinci bir şans verilmir. İmic və cəlbedicilik artıq onların altında yatan bacarığı tamamilə kölgədə qoymuşdur. Amerikan alimi U. Ceymsin də dediyi kimi “xarici görünüş dilsiz təqdim vasitəsidir”.

Uğur qazanmaq üçün imic lazımdır, amma əlbəttə ki, çılpaq imic də heç nəyə yaramır: imicimiz fikirlərimizlə, düşüncə tərzimizlə qüvvətləndirilməlidir. Xarici görünüşümüzə görə qarşılansaq da, unutmayaq ki, daxili aləmimizə görə yola salınacağıq. Zahiri görkəmimiz ilə qarşı tərəfdə formalaşdırdığımız müsbət imic şəxsiyyətimizlə ahəng təşkil etdiyi zaman bizi onun gözündə daha da ucaldır və qarşılıqlı səmimi, səmərəli münasibət yaranır. Bu mənada, Mövlananın “ya olduğun kimi görün, ya da göründüyün kimi ol” sözləri bizim həyat devizimizə çevrilməlidir.

Əgər uğur qazanmaq istəmirsinizsə və yalnız uğursuzluq uğrunda can qoymaq fikrindəsinzsə, onda bu yolu seçməlisiniz: uğursuzluq açarının kimdə, ya da nədə olduğunu, onu necə ələ keçirə biləcəyinizi öyrənin; əziyyət verib özünüzü tanımağa cəhd etməyin, əlinizdə olan imkanları görməməyə çalışın; həyatda heç bir məqsəd seçməyin və özünüzü, işlərinizi, ümumilikdə həyatınızı əsən küləyin ixtiyarına buraxın, qoy haraya istəyirsə, aparsın sizi; birdən çaşıb strategiya-zad seçmək istəyərsiniz ha – plan, proqram tərtib etməklə vaxt itirməyin; hərəkət etməyin; nəticə özü ayağınıza gəlməyincə işə müdaxilə eləməyin; əldə etdiyiniz nəticələri qiymətləndirməyin; nəhayət, yaşamaq üçün daha rahat bir planet axtarıb tapın! Çünki bu qədər çətin uğursuzluğu əldə etmiş birisi kimi sizə Yerdə layiqli yer tapmaq çox çətindir. Gedin başqa planetlərə, imkanınız varsa, qalaktikanı dəyişin və yenə də imkanınız olsa, “uğursuzluğa aparan uğurlu yollar” adlı seminarlar təşkil edin.

Daimi, əbədi uğursuzluq varmı bu dünyada? Xeyr. Çünki hər bir insanın həyatında əzab-əziyyətdən sonra dincəlmə və daha sonra növbəti bir əzab-əziyyət mərhələsi vardır. Ümumiyyətlə, insanın həyat yolu yalnız uğur və ya uğursuzluq xətti üzrə gedə bilməz. V. Lombardini: “Yerə yıxılıb-yıxılmamağın əhəmiyyətli deyil, əsas olan yenidən ayağa qalxıb-qalxmayacağındır”, – deyir. Üzərimizə düşən vəzifə nəticəyə elə də çox fikir vermədən lazım olan işləri həyata keçirməkdir. Nəticə tam olaraq əvvəlcədən müəyyənləşdirilə bilinmədiyi üçün gözləmədiyimiz bir sonuc bizi ümidsizliyə sala bilər. Ona görə də insan əsasən nəticəyə yox, işin özünə fikir verməlidir.

Çox keşməkeşli bir həyat yolu olan Uinston Çörçill uğura belə bir tərif verir: “Hədəfinizə doğru irəliləyərkən bir uğursuzluqdan qurtulub, növbəti uğursuzluğa düçar olmağa uğur deyilir”. Belə bir uğurlu tərifdən sonra bu mövzuda artıq nəsə yazmağın uğursuz olacağını fikirləşdiyim üçün yazını elə buradaca kəsirəm.


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə